ANS-i başqa kanallardan çox yoxlayıblarmış (Monitorinqi aparan dilçidən etiraf)

Təranə Şükürova

-

Təranə Şükürova:

-
ANS-i çox izlədiyimiz üçün orda nöqsan da çox tapılıb,

Anar Mahmudoğlu:

- Niyə ANS çox izlənməlidir, başqası az? Bu axı, hesabata yarımçıqlıq gətirir.

Zülfüqar Rüfətoğlu:

- Britaniyada nə ciddi, nə əyləncəli proqramlarda aparıcıların ləhcəsi yoxdur.



Azərbaycan televiziyalarında dövlət dilinin qaydalarına necə əməl olunur? Jurnalistin nitqində ləhcə əlamətlərinin olması problemdirmi? Dövlət orqanları buna qarışmalıdırmı?

AzadlıqRadiosunun “Pen klub” proqramının qonaqları - Azərbaycan Dil Qurumu ictimai birliyinin icraçı direktoru Anar Mahmudoğlu, Milli Teleradio Şurasının sifarişi ilə TV-ləri monitorinq etmiş qrupdan AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürova və Londondan BBC-nin keçmiş əməkdaşı Zülfüqar Rüfətoğlu bu haqda danışdılar.


“APARICININ EFİRDƏ ƏDƏBİ DİLDƏ DANIŞMAMAQ KİMİ SƏRBƏSTLİYİ YOXDUR”

Şahnaz Bəylərqızı:

- Təranə xanım, monitorinqi aparanlar hansı nəticəyə gəldilər?

Təranə Şükürova:

- Biz bu monitorinqi may-iyun aylarında 6 kanal üzərində apardıq. Bunun nəticəsində də biz hesabat hazırladıq. Mən bu gün burda heç bir aparıcını tənqid etmək istəmirəm. Canlı efirdə qüsurların olması təbiidir. Ancaq bir var bu qüsurlar təsadüfi halda baş verə, biri də var sən bunun genetik daşıyıcısısan. Yəni bu, qeyri-peşəkarlıq kimi diqqət çəkir. Bu gün telekanallarda gənclər çoxdur, sağ olsun rəhbərlik, onları irəli çəkir. Ancaq onlar da bundan sui-istifadə etməməlidirlər, öz üzərlərində işləməlidirlər. Biz monitorinq zamanı ədəbi dilin normalarını izlədik. Həmin normaları fonetik, leksik və qrammatik səviyyədə apardıq. Fonetik formada, yəni səs, tələffüz, orfoqrafik, orfoepik normalar nəzərə alınırdı. Leksik formaya gəlincə, dilə alınma sözlər gəlir, dilçilərdən bunu qəbul edənlər də var, etməyənlər də. Bu gün teleaparıcıların dilində daha çox türk sözlərinə rast gəldik.

Ş.Bəylərqızı:

- Hesabatda deyilir ki, bəzi aparıcılar ləhcəylə danışır, sözləri təhrif edirlər. Daha çox hansı kanalda rast gəldiniz buna?

T.Şükürova:

- Sırf dialektdə danışan “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğludur. Bakı dialektində çox danışır. Hər kəs öz dialektinin daşıyıcısıdır. Ancaq sırf ədəbi dildən kənara çıxıb dialektdə danışmaq aparıcıya xas xüsusiyyət olmamalıdır. Ədəbi dil nədir? Xalq dilinin ciddi normalara salınmış formasıdır. Ədəbi dil demək olar ki, xalqın tarixi bir kateqoriyasıdır.

Ş.Bəylərqızı:

- ANS-dən Mirşahin Ağayev bu hesabatla bağlı danışanda deyib ki, televiziya aparıcıları ədəbi dildə deyil, təmiz ana dilində danışmalıdır. Bunlar ayrı-ayrı anlayışlardımı?

T.Şükürova:

- Mirşahin müəllim deyir ki, ədəbi dil sahə dilidir. Xeyr, ədəbi dil əsl qaynaq, mənbə dildir. Sahə dili televiziya dilidir. Aparıcının efirdə ədəbi dildə danışmamaq kimi sərbəstliyi yoxdur.

Anar Mahmudoğlu



“NİYƏ MONİTORİNQ İKİ AY DAVAM EDİB?..”

Anar Mahmudoğlu:

- Əvvəla, monitorinq təşəbbüsünü alqışlayıram. Amma bu monitorinqlə bağlı mənim konkret iradlarım var. Maraqlıdır, niyə monitorinq iki ay davam edib? Monitorinqi bildiyimə görə, iki nəfər aparıb. Monitorinqi aparan MTRŞ da, Dilçilik İnstitutu da bir az mötəbər qurumdular. Mən çox istərdim ki, onların apardıqları monitorinq ciddiliyi ilə fərqlənsin. Dilçi mütəxəssislərimiz ora cəlb olunsaydı daha yaxşı olardı. Mənim üçün maraqlıdır, monitorinq qrupundakı iki nəfər o qədər çoxşaxəli verilişləri – xəbərlər, səhər və şou verilişlərini doğrudanmı, izləyə bilib?

T.Şükürova:

- Belə monitorinqin aparılması iki qurumun birgə layihəsidir, buna görə də iki ay çəkib. Davamı payızda olacaq. Monitorinqi iki nəfər aparıb: mən və institutun böyük elmi işçisi Aytən Bəylərova. MTRŞ institutdan iki nəfər istədiyi üçün onlara iki adam təqdim edilib. Yəni bu, Dilçilik İnstitutunun problemi deyil.

Ş.Bəylərqızı:

- Monitorinqin öhdəsindən tam gələ bildinizmi?

T.Şükürova:

- Gələ bildik. Anar müəllim soruşdu ki, bütün verilişlər izlənildimi? Mən deyim ki, izlədiyimiz bütün verilişlərin, aparıcıların adları hesabatda var. İzləmədiyimiz verilişin, aparıcının adını çəkməmişik. Hətta hesabatda hansısa kanaldan az nümunələr verilibsə, bu o demək deyil ki, onlar yaxşıdır, orda nöqsanlar yoxdur, ona görə də adlar az çəkilib. Xeyr, sadəcə imkanımız nəyə çatıb onu izləmişik. ANS-i çox izlədiyimiz üçün orda nöqsan da çox tapılıb, ancaq bu o demək deyil ki, bu kanal başdan-ayağa nöqsandır.

Ş.Bəylərqızı:

- Hesabatda ANS-lə bağlı qüsurlara çox yer ayrıldığından müəlliflərinin bu kanala qarşı qərəzli olduğunu düşünənlər də var...

T.Şükürova:

- Monitorinqi aparanın elmi tədqiqatının bir qolu ANS-lə bağlıdırsa, təbii ki, bu telekanalı çox izləyib. Bu o demək deyil ki, telekanala qarşı qərəzimiz var. Qətiyyən belə deyil.

“HESABATIN ARXASINDAN BELƏ SƏMİMİ ETİRAFLAR OLMAMALIYDI”

A.Mahmudoğlu:

- Təranə xanım çox səmimiyyətlə deyir ki, ANS-ə qarşı qərəzləri yoxdur. Ancaq məsələ bundadır ki, bu iki rəsmi qurumun hazırladığı hesabatın arxasından belə səmimi etiraflar olmamalıydı. Yaxşı olardı ki, bütün televiziyalar eyni saatda, monitorinq qrupunun üzvü olan ayrı-ayrı mütəxəssislər tərəfindən aparılaydı. Onda müəyyənləşərdi ki, ANS-də çox nöqsan görməyin səbəbi qərəz deyil. Niyə ANS çox izlənməlidir, başqası az? Bu axı, hesabata yarımçıqlıq gətirir. Biz də dil qurumu olaraq monitorinq keçiririk. Əvvəlcədən qrupun üzvlərini elan edirik, cəmiyyətdə tanınan dilçilər, jurnalistlər, ziyalılar burda iştirak edir. Bundan başqa, monitorinq aparılacaq günü, vaxtı, hətta saatı elan edirik. İki ay müddətində monitorinq keçirilə bilməz! Hesabatda göstərilməliydi ki, hansı verilişin hansı dəqiqəsində ədəbi dil normaları pozulub... Bu cür qeydlər aparılsaydı, bütün televiziyalar günün eyni saatında izlənilsəydi başqa çür olardı. İki nəfərin isə fiziki baxımdan buna gücü çatmayıb. ANS o biri kanallardan daha baxımlıdır, ona görə də fürsətdən istifadə edib bu kanala baxıblar. Belə monitorinq olmur! Həvəskar yanaşmadır bu. Dilçilik İnstitutu mötəbər qurumdur. Təranə xanımın savadına da şübhəm yoxdur. Sadəcə, istərdim ki, Dilçilik İnstitutunun ayda-ildə bir dəfə keçirdiyi monitorinq etibarlı olsun, ictimaiyyətdə əks reaksiyalar doğurmasın. Bu isə əsaslandırılmamış monitorinqdir, ona görə də hansısa kanal etiraz edir... Monitorinq konkret bir sahə üzrə aparılmalıdır.

T.Şükürova:

- Bu, Dilçilik İnstitutunun layihəsi deyil. Elektron Mediaya Yardım Fondunun layihəsidir. Onlar MTRŞ ilə birgə mütəxəssis üçün Dilçilik İnstitutuna müraciət ediblər.

Ş.Bəylərqızı:

- Bəs monitorinq qaydalarını kim müəyyən etmişdi?

T.Şükürova:

- Bilmirəm. Bir də, Anar bəy, mən monitorinq aparanda fonetik səhvə rast gələndə leksik və ya qrammatik səhvə göz yummalıyam? Biz hər üç səviyyədə nöqsan axtarmışıq. Ədəbi dilin normaları hələ lap çoxdur, biz üçü üzərində dayanmışıq. Sonra verilişlərin baxım saatına toxunduz. MTRŞ-da həmin verilişlərin hamısının diskləri var, get, hansı günü, saatı istəyirsən aç bax. Biz xeyli verilişə baxdıq. Qaldı ki, Dilçilik İnstitutunun mütəxəssislərinə, onları institut tanıyır və onlar ali məktəblərdə dərs deyirlər.

A.Mahmudoğlu:

- Mən sizin səviyyənizə şübhə etmirəm. Sadəcə, demək istəyirəm ki, bu iki aylıq monitorinq iki nəfərin fiziki imkanları xaricindədir.

T.Şükürova:

- Axı bu, dissertasiya deyil ki, 130 səhifə olsun. Mən bu sahədə olan dissertasiyalara baxmışam, heç orda bizim göstərdiyimiz qədər nümunələr yox idi.

A.Mahmudoğlu:

- Hansı ümumiləşdirmələr var? Hansı nəticələrə gəlmisiz? Göstərmisizmi o nöqsanlar xarakterikdir, ya yox? Onların aradan qaldırılması üçün təklifləriniz nədir? Mən sizə şübhəylə yanaşmıram. Ancaq sadaladığınız o sahələr üzrə iki nəfərin monitorinq aparması, nəticələrin hazırlaması mümkün deyil.

T. Şükürova:

- Axı, bu bizim problem deyil. Bunu layihə rəhbəri müəyyən etməlidir. Nöqsanları da qeyd etmişik, mətbuat konfransında da demişik. Ümumiləşdirmələr payızda olacaq. Sentyabrda monitorinq davam edəcək.

“BRİTANİYADA NƏ CİDDİ, NƏ ƏYLƏNCƏLİ PROQRAMLARDA APARICILARIN LƏHCƏSİ YOXDUR”

Zülfüqar Rüfətoğlu:

- Mən əvvəlcə Britaniyada bu məsələyə münasibətdən danışım. Britaniyada 5 əsas kanal var, ondan əlavə də 20 çoxbaxılan kanal var ki, bu televiziyalara bağlıdır. Onların heç birində, nə ciddi, nə əyləncəli proqramlarda aparıcıların ləhcəsi yoxdur. Ola da bilməz. Çünki həmin adamları işə götürəndə buna baxırlar. Mənə elə gəlir, Azərbaycanda problemi doğuran odur ki, aparıcıları işə götürəndə buna baxmırlar, araşdırmırlar. Aparıcı ədəbi normalar daxilində danışa bilməlidir. Məsələn, Mirşahin var, Qulu Məhərrəmli var, Xoşqədəm Hidayətqızı var, Saleh Bağırov var, bunların danışığında ləhcə yoxdur. Aparıcının danışığında ləhcə olmamalıdır. Nəyə görə olmamalıdır? Televiziya və radio dil müəllimidir, dil məktəbidir. Buna uşaqlar, tələbələr baxır. Onlar həftədə bir-iki saat dil dərsi keçirlər, qalan vaxtlarda bunların qeyri-ixtiyari dil müəllimi televiziya və radiodur. Məhz buna görə də ləhcənin kökü televiziyadan da, radiodan da kəsilməlidir.

“BU MONİTORİNQDƏ HÖKUMƏT ORQANLARI BƏLKƏ DƏ APARICI ROL OYNAMALIYDILAR”

Ş.Bəylərqızı:

- Hesabatla bağlı söhbəti dinlədiz. Hansı qənaətə gəldiz?

Z.Rüfətoğlu:

- Bizdə o normalar, televiziyanın danışıq qaydaları gözlənilsəydi, bu monitorinqə ehtiyac olmazdı. Digər tərəfdən, mən monitorinqin iştirakçılarını da tanımıram, onların dil baxımdan savadlarının hansı keyfiyyətdə olmasını da bilmirəm. Amma razıyam ki, daha uzunmüddətli monitorinq keçirmək olardı, daha geniş ictimaiyyəti bu işə cəlb etmək olardı. Ən maraqlısı budur ki, bu monitorinqdə hökumət orqanları bəlkə də aparıcı rol oynamalıydılar, çünki televiziyalar üzərində onların nəzarəti var. Yəni onlar bu problemi direktiv qaydada həll edəcək yeganə qüvvədir, yeganə vasitədir.

Ş.Bəylərqızı:

- Siz beynəlxalq təcrübədən danışdız. Orda bu məsələyə dövlət qurumları qarışırmı, yoxsa televiziyalar özləri tənzimləyir?

Z.Rüfətoğlu:

- Televiziyalar özləri bunu tənzimləyirlər. İkincisi də, Azərbaycanda, Türkiyədə olduğu kimi İngiltərədə də linqvistik cəmiyyət var, onlar mətbuatda öz tənqidlərini bildirirlər. Ancaq onların direktiv gücü yoxdur ki, hansısa proqramda ləhcəylə danışmağın yolverilməz olduğuna görə texniki baxımdan nəsə etsinlər. Bununla belə, problemin yaranmasına rəvac vermirlər. Əyləncəli, şou proqramlarını götürək, orda proqramın xarakteri fərqlidir, zarafat ola bilər, lap şit zarafat ola bilər, bəzən hətta yolverilməz halda təhqiramiz zarafat da ola bilər, amma təsəvvür edin ki, bütün bunlar da ədəbi dil normaları çərçivəsində edilir.

Ş.Bəylərqızı:

- Zülfüqar bəy, Azərbaycan televiziyalarını izləyirsizmi və sizin qənaətiniz?

Z.Rüfətoğlu:

- Mənim dostum olan Mirşahinin imkanı var ki, onun nəzarətində olan televiziyada problemləri özü həll etsin. Onun çox gözəl dili var, ədəbi dildə yüksək danışıq səviyyəsi var, bunu redaktorlar özləri həll etməlidirlər.

Ş.Bəylərqızı:

- Yəni monitorinqlərə ehtiyac qalmamalıdır?

Z.Rüfətoğlu:

- Azərbaycanda vəziyyət elədir ki, monitorinqə görünür ehtiyac var. Biz çoxlu sayda ləhcəli insanları meydana buraxmışıq. Ona görə də monitorinq lazımdır. Ancaq görəsən, bu monitorinqdə deyilən tənqidlərdən kim nəticə çıxarıb ona əməl edəcək? Bu monitorinqə baxıb hökumət hansısa qərar qəbul edəcəkmi? Bunu bilmirəm.

T.Şükürova:

- Bizim üçün də maraqlıdır ki, görəsən, bizim teleaparıcılar göstərilən nöqsanlara baxıb nitqlərinə düzəliş edəcəklərmi? Biz bunu payızda monitorinq zamanı izləyəcəyik. Ümidvaram ki, həmin nəticələr budəfəkindən daha yaxşı olacaq. Amma MTRŞ-nın bununla bağlı hansı iş görəcəyi, müzakirə aparması haqda məlumatım yoxdur.

izlə