ATƏT-in seçkiqabağı missiyası Azərbaycandakı vəziyyətə qiymət verdi

ATƏT

-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) iyunun 17-21-i Bakıda səfərdə olmuş seçkiqabağı qiymətləndirmə missiyası rəy açıqlayıb.

QÜDRƏTLİ PREZİDENTLİK SEÇKİYƏ ETİMADI SARSIDIR

Hesabatın «ümumi qeydlər» hissəsində bildirilir ki, Azərbaycan güclü prezidentlik təsisatına malik ölkədir, prezident hakimiyyətin başqa qolları ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir.

Qeyd olunur ki, Azərbaycan parlamentində yerlərin çoxu hakim YAP-a aiddir. Müstəqil adlanan deputatlar qrupu adətən bu partiya ilə eyni mövqedən çıxış edir.

Missiyanın hesabatında bildirilir ki, hazırkı formul praktikada hakimiyyətpərəst qüvvələrə seçki komissiyaları üzərində tam nəzarət verir və seçki administrasiyasına etimadı sarsıdır.

Hesabatda, həmçinin, seçkiqabağı təşviqat müddətinin 23 günədək qısaldılmasından və şikayətlərə ayrılan vaxtın ixtisar olunmasından da söz açılır.

Habelə bildirilir ki, Konstitusiyaya 2009-cu ildəki dəyişiklik hazırkı prezidentə öz namizədliyini üçüncü dəfə irəli sürmək imkanı yaradıb.

Yerli müşahidəçilərin məlumatına əsaslanan missiya seçki kampaniyası dövründə təməl insan azadlıqlarının məhdudlaşdırılması təhlükəsinin mövcudluğunu vurğulayır.

Bu da qeyd olunur ki, prezidentliyə namizədlərdən biri – İlqar Məmmədov yanvar ayından həbsdədir, digəri isə - Əli Kərimli ona pasport verilmədiyi üçün 2005-ci ildən xaricə səfər edə bilmir.

ƏVVƏLKİ SEÇKİLƏRDƏ OLAN TƏHLÜKƏLƏR QALIR

ATƏT/DTİHB yenə də yerli müşahidəçilərin məlumatı əsasında bildirir ki, ölkədə bir neçə televiziya kanalının fəaliyyət göstərməsinə baxmayaraq, vətəndaşlar fərqli siyasi baxışlarla tanış ola bilmirlər. Müxalif mətbuatın dövriyyəsi isə son dərəcə məhduddur.

İfadə azadlığı məsələsinə toxunan ATƏT/DTİHB qeyd edir ki, həbslər, böhtan iddiaları ilə keçirilən məhkəmələr və təzyiqin başqa formaları azad seçkinin keçirilməsi üçün münbit zəmin yaratmır.

Sənəddə qeyd olunur ki, yerli müşahidəçilər ATƏT/DTİHB-nin müşahidə missiyasının seçkiləri monitorinq etməsinin arzuedilən olduğunu deyirlər. Rəsmilər isə bildirirlər ki, seçki prosesi şəffaf olacaq və ATƏT/DTİHB-nin müşahidə missiyasının işi üçün heç bir maneə yoxdur.

Sənəddə ATƏT/DTİHB-yə tövsiyə edilir ki, Azərbaycanda 2013-cü il prezident seçkisinə 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi ezam edilsin.

Missiyanın hesabatında bir daha ATƏT/DTİHB-nin 2010-cu il parlament seçkiləri barədə hesabatı xatırladılır. Bildirilir ki, o vaxt fundamental insan haqları – sərbəst toplaşma və ifadə azadlıqları son dərəcə məhdudlaşdırılmışdı:

«Bütünlükdə o seçkilər ATƏT-in demokratik seçki tələblərinə və Azərbaycanın öz qanunlarına uyğun olmamışdı».

Bu da qeyd olunur ki, Azərbaycanda Seçki Məcəlləsinə 2010 və 2013-cü ildə əlavələr edilib. Bu düzəlişlər nəticəsində prezidentliyə namizədlər seçki kampaniyası üçün dövlət tərəfindən maliyyələşmək imkanını itiriblər.

Sənəddə, həmçinin, seçki gününün prosedurları, o cümlədən səslərin sayılması ilə bağlı narahatlıq ifadə olunur.