Seks ayıbdır, yoxsa susmaq?

Ayxan Eyvaz

-

Gördüm ki, bu qız da digər dostları kimi cılız düşüncə tərzindən uzaqdır. Kitab oxuyur, filmlərə baxır, tamaşalara gedir, yanında “seks” sözünü işlədəndə diksinmir...


Ayxan Ayvaz


SEKS AYIBDIR, YOXSA SUSMAQ?

Beş-altı ay öncə, “Nida”çı bir xanımla söhbətləşdim. Telefon mağazasında satıcı işləyən bu qızın davranışları, həyata baxışı, geyim-kecimi məndə xeyli xoş təəssürat oyatdı. Nə vaxtsa, bu MOTALitet cəmiyyətin dəyişməsinə olan ümidlərimi artırdı.

Bu hərəkatın üzvləri ilə tez-tez rastlaşıram; müxtəlif tədbirlərdə, görüşlərdə, tamaşalarda və.s. Videolarında, fotolarında cəmiyyətə ciddi mesajlar ötürən bu gənclərin kütləyə təsir edə biləcək gücdə olduğuna inamım böyükdür. Ağızlarına su alıb oturmuş gənclərimizin arasında belə qorxusuz, cəsarətli fərdlərin çıxması bizi sevindirməsin, neyləsin? Onların hər aksiyasını, hər proyektini gördükcə ürəkdən sevinirəm, bu gənclərin timsalında irəliyə gedəcəyimizi düşünürəm...

Onlar hər yerdə var: küçədə, teatrda, kitab təqdimatında, yataq otağında, kafedə... Onların qarşısını kəsmək çox çətindir. “Nida”çıları həbsə atırlar, döyürlər, təhqir edirlər, mane olurlar, sıxırlar, təqib edirlər, susdurmaq istəyirlər, ancaq bu gənclər qəfil peyda olur və yenə öz sözlərini deyirlər.

Onların digər hacı-məşədi partiya gənclərindən ciddi bir fərqi var: bütün çərçivələri yıxıb dağıtmaqları və adət-ənənəni görməzdən gəlməkləri. Qapalı düşüncə onlara yaddır və məncə, əsl müxalifətçilikdə elə budur.

Nə isə, sözüm onda yox, məqsədim, son illər Azərbaycanın istiqlal və demokratiya tarixinə adını qızıl hərflərlə yazmış dostlarımızı tərif yağışına tutmaq deyil, mən başqa bir məsələyə diqqət çəkmək istəyirəm: yazımızın əvvəlində barəsində danışdığımız qızla bağlı məqama...

Mən onu qiyabi tanıyırdım, əyani tanış olduqdan sonra isə statuslarını, yazılarını oxudum. Gördüm ki, bu qız da digər dostları kimi cılız düşüncə tərzindən uzaqdır. Kitab oxuyur, filmlərə baxır, tamaşalara gedir, yanında “seks” sözünü işlədəndə diksinmir.

Bu günlərdə onunla bir az söhbətləşmək, dərdimi dağıtmaq üçün həmin dükana getdim. Orda işləyən bir oğlan qızın işdən çıxdığını dedi.

Çox təəssüfləndim:

-Heyif, o, çox maraqlı qız idi...

-Nə danışırsan ala, o, “quşbala”nın biridir!

Susdum. Ona nə isə başa salmağa həvəsim olmadı. Zatən, heç faydası da yox idi.

Budur günün sualı: Nədir ayıb olan? Torpağının düşmən əsarətində olmasına göz yummaq, ədalətsizliklərin, haqsızlıqların, saxtakarlıqların qarşısında susqun qalıb, beş-altı manat tula payına hər gün müdirin qabağında alçalmaqmı, yoxsa istədiyini geyinmək, istədiyini yeyib-içmək, aksiyalarda mübarizə yoldaşlarıyla çiyin-çiyinə mübarizə aparmaq? Azad sekslə məşğul olmaq?

Qafqazinfo