Rəsul Quliyevin Rüstəm İbrahimbəyovla bağlı narahatlığı

Rəsul Quliyev

-
Azərbaycan parlamentinin Amerikada mühacirətdə olan sabiq spikeri Rəsul Quliyev öz «Facebook» profilində Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı müraciət paylaşıb.

Sabiq spiker hesab edir ki, Rüstəm İbrahimbəyov Bakıya gəlməzdən əvvəl hansısa bir ölkədə Milli Şuranın bir sıra üzvləri ilə görüşməli və səfəri dərindən müzakirə etməlidir. Əks halda o, Rüstəm İbrahimbəyovun həbs olunaraq xalqdan təcrid oluna biləcəyini deyir:

«Azərbaycan hakimiyyəti indiyə qədər heç vaxt güclü rəqibini seçkilərə buraxmayıb. Qorxduqları rəqiblərini seçkilərə buraxmamaq üçün onlara qarşı müxtəlif çeşidli cinayət işləri açıb, ən yaxşı variant kimi ölkədən didərgin salıblar».

R.Quliyev Rüstəm İbrahimbəyova cinayət işi açılacağı və onun həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib:

«Haqq-ədalətin olmadığı bir ölkədə bu işləri görməyin nə dərəcədə asan bir şey olduğunu hər birimiz bilirik. Bu hazırlıq işindən sonra məqsəd tez bir zamanda onun üzərində məhkəmə prosesi başlamaq və cinayətkar kimi bir neçə illiyə həbs etməkdir. Başqa sözlə, seçkidə iştirakına icazə verməməkdir».

Rəsul Quliyev hesab edir ki, Rüstəm İbrahimbəyovun müdafiəsi real təşkil olunduqdan sonra o, Bakıya dönməlidir.