"Kim ki "podxalimlik" edir, kino çəkmək imkanını da ona yaradırlar"

soldan sağa: Hüseyn Mehdiyev və Əlisa Cabbarov

-

Müşfiq Hətəmov:

- Mən səni yalançılıqda ittiham etmirəm. Deyirəm, bəlkə sənin bu faktlardan xəbərin yoxdur...

Əlisa Cabbarov:

- Orda çoxlu faktlar var. Mənə deyiblər ki, Əlisa, sən kinoittifaqın üzvü olduğuna görə, “Bu meydan, bu ekran”ın qalibi olan filmi sənə çəkməyə verməyəcəyik...



2 avqust - Milli Kino Günü ərəfəsində Azadlıq Radiosunun “Pen klub” proqramında belə bir suala cavab axtardıq: Təxminən 1 il əvvəl yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu müddət ərzində nə işlər gördü?

Debata sözügedən qurumdan - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, hökuməti tənqid edən, dövlət strukturlarının dəstəyini itirmiş R.İbrahimbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqından – “Dərviş” Prodüser Mərkəzinin direktoru Əlisa Cabbarov, Peşəkar Kinorejissorlar Gildiyasının Büro sədri Hüseyn Mehdiyev və kinotənqidçi Aygün Aslanlı qatıldılar.


“NAZİRLİYİN RƏSMİSİ AÇIQ BİLDİRDİ Kİ, KİNOİTTİFAQIN ÜZVÜ OLDUĞUN ÜÇÜN FİLMİ SƏNƏ VERƏ BİLMƏRİK”

Şahnaz Bəylərqızı:

- Yeni kinoittifaq Azərbaycan kinosuna yeni nəfəs gətirə bildimi?

Əlisa Cabbarov:

- Mənə elə gəlir ki, heç bir ictimai təşkilatın üzvü başqa ictimai təşkilatın işini təftiş etməməlidir. Bir halda təftiş etmək olar ki, həmin təşkilat dövlət tərəfindən maliyyələşir və o pul vergi ödəyicilərinin puludur. Burda da elə ciddi maliyyələşmə yoxdur. Bu təşkilatın yaranma məqsədi Kinematoqrafçılar İttifaqını dağıtmaq idi. Bu plan da baş tutmadı. Amma bizim təşkilat təəssüf ki, dövlət orqanları tərəfindən dəhşətli boykot olunduğuna görə geniş fəaliyyət apara bilmir. Biz təşkilat olaraq dayanmışıq və müdafiə olunuruq. Müdafiə olunmaq və hücuma keçmək əzmindəyik.

Ş.Bəylərqızı:

- Son bir ildə siz hansı işləri görə bildiz?

Ə.Cabbarov:

- Kino günü gəlir. Biz rəsmi olaraq Mədəniyyət Nazirliyindən üzvlərimiz üçün dəvətnamə xahiş etdik. Nazirliyin məsul məmuru bildirdi ki, biz sizə dəvətnamə verə bilmərik. Mən öz layihələrimlə müraciət edirəm, cavab verirlər ki, sən nə qədər ki ittifaqın üzvüsən biz səni maliyyələşdirə bilmərik. Yəni biz dövlət orqanları tərəfindən total boykotdayıq. Ona görə ciddi fəaliyyətdən söhbət gedə bilməz. Biz sadəcə müşahidə edirik, analiz edirik, üzvlərimizdən hüquqlarını müdafiə etmək üçün müraciət edən olsa ona kömək edirik. Şəkidə yaradıcılıq evimiz fəaliyyət göstərir, üzvlərimiz orda istirahət edir, hətta yeni ittifaqın üzvlərindən də orda istirahət edən var. Amma yenə deyirəm, biz Mədəniyyət Nazirliyi tərəfindən çox ciddi, aqressiv boykotdayıq. Bir fakt deyim. “Bu meydan, bu ekran” çərçivəsində mənim rəhbər olduğum başqa bir ictimai təşkilat bir il qabaq qalib gəlib. Amma o qısametrajlı filmi bizə vermirlər. Bizə görə müsabiqəni udan başqa iki nəfərə də vermirlər. Onların heç Kinematoqrafçılar İttifaqına dəxli yoxdur. Mədəniyyət Nazirliyinin rəsmisi açıq şəkildə mənə bildirdi ki, sən kinoittifaqın üzvü olduğuna görə bu filmi sənə verə bilmərik.

Hüseyn Mehdiyev və Əlisa Cabbarov



“ONLAR BİZDƏN GEDƏRKƏN İTTİFAQ ÜZVLÜYÜNDƏN ÇIXMAQ ƏRİZƏSİNİN SURƏTİNİ İSTƏDİLƏR”

Ş.Bəylərqızı:

- Bu cür yanaşma ona gətirə bilərmi ki, ittifaqdan yeni qopmalar olsun?

Ə.Cabbarov:

- Təbii ki, bu öz nəticəsini göstərir. Konkret olaraq şərt qoyurlar, film istəyirsənsə, ittifaqdan çıx. Və təşkilatdan gedən son 10 nəfər məhz istehsalata buraxılan rejissorlardır. Onlar bizdən gedərkən ittifaq üzvlüyündən çıxmaq ərizəsinin surətini istədilər. Nazirliyə aparırlar ki, baxın, mən çıxdım.

MÜŞFİQ HƏTƏMOV: “ƏLİSA BƏYİN DEDİYİ BU İNFORMASİYALARA İNANMIRAM”

Ş.Bəylərqızı:

- Yeni ittifaqdan olan Müşfiq Hətəmovdan soruşaq, onlar bu 1 ildə nə yeniliklər edə bildilər? Şəfiqə Məmmədovanın dediyi kimi kino mühitinə yeni nəfəs gətirə bildimi? Yeni sədr kimi o, kinoya gəncləri cəlb etmək istədiklərini, məqsədlərinin yeniliklər etmək, bədii filmlərin səviyyəsini artırmaq olduğunu demişdi.

Müşfiq Hətəmov:

- Yeni ittifaqın məsələsini siyasiləşdirmək o qədər də düzgün deyil. Yaradıcı ittifaqlar istədikləri vaxt ayrıla, istədikləri vaxt birləşə bilər. Ola bilər gələcəkdə yeni ittifaqdan da kimlərsə gedib təzəsini yaratsın. Yeni ittifaq bir sıra addımlar atıb, gənclərlə iş prosesini gücləndirib, gənc ssenaristlər üçün müsabiqə elan olunub, kadrların hazırlığı ilə bağlı bir neçə tədbirlər həyata keçiririk.

Ş.Bəylərqızı:

- Bir qədər əvvəl Əlisa Cabbarov dedi ki, Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun başçılıq etdiyi qurumun üzvlərini film çəkməyə qoymur, onlara qarşı boykot var. Bir təşkilata bu qədər təzyiq edilməsinə siz necə baxırsız?

M.Hətəmov:

- Məndə elə faktlar yoxdur. Həqiqiliyinə də inanmıram. Köhnə ittifaqdan da gedənlər olmuşdu. Təbii prosesdir, bu gün də davam edir. Əlisa bəyin dediyi bu informasiyalara inanmıram.

Ə.Cabbarov:

- Müşfiq müəllimə hörmətim var. Üzvlükdən çıxmaq ola bilər məxfi məsələdir... Amma Müşfiq bəy Mədəniyyət Nazirliyinin məmuru kimi bilər, “Bu meydan, bu ekran” müsabiqəsinin nəticələrinin reallaşması bir ildən çoxdur gecikir. Niyə müsabiqədə udanlara filmi vermirlər?

M.Hətəmov:

- Düzü, bu məsələni o qədər dəqiqliyi ilə bilmirəm.

Ş.Bəylərqızı:

- Layihənin gecikməsinə səbəb kimi köhnə ittifaq üzvlərinə qarşı ayrı-seçkiliyin olması və siyasi məqsədlər göstərilir.

M.Hətəmov:

- Vallah mən bilən, köhnə ittifaqın katiblərindən Şamil Nəcəfzadə “Yaddaş” studiyasında filmini tamamlamaq üzrədir. Əlisa bəyin dediyi doğru olardısa...

Ə.Cabbarov:

- Müşfiq bəy, mənim sizə qarşı iradım və tənqidim olmadı. Amma siz məni yalançılıqda ittiham etdiz.

M.Hətəmov:

- Mən səni yalançılıqda günahlandırmıram. Sənin buraxdığın kino jurnalını yüksək qiymətləndirirəm. Ancaq faktla danışırıqsa, mən də cavab verirəm ki, Şamil Nəcəfzadə film çəkir.

Ə.Cabbarov:

- Belə hal var. Sənədli filmdir, azbüdcəli. Bir fakt da deyim, bizim katib Cəmil Fərəcov da film çəkir. Mən üzvlükdən filmə görə çıxanların adlarını açıqlamaq istəmirəm, amma siz mənə ehtiyatla yalançı dediyinizə görə deyə bilərəm ki...

M.Hətəmov:

- Mən səni yalançılıqda ittiham etmirəm. Deyirəm, bəlkə sənin bu faktlardan xəbərin yoxdur. O ki qaldı büdcəyə, Əlisa, mən bilən Şamil Nəcəfzadənin film büdcəsi “Bu meydan, bu ekran”ın büdcəsindən böyükdür.

Ə.Cabbarov:

- Orda çoxlu faktlar var. Mənə deyiblər ki, Əlisa, sən kinoittifaqın üzvü olduğuna görə, “Bu meydan, bu ekran”ın qalibi olan filmi sənə çəkməyə verməyəcəyik. Məncə, bunu deyən məmurun adını açıqlamağa ehtiyac yoxdur, Müşfiq müəllim. Ona görə gəlin bu məsələni uzatmayaq.

M.Hətəmov:

- Yaxşı. Uzatmayaq. Mən bu məsələni bilmirəm.

Şahnaz Bəylərqızı



"CENTLMEN RAZILAŞMASI: KATİBLƏRİ ƏZƏK, AMMA SIRAVİLƏRƏ DƏYMƏYƏK”

Ə.Cabbarov:

- Səlahiyyəti kinostudiyanın direktorundan daha da çox olan adam kimi sizin fikirlərinizə yeni ittifaqda və nazirlikdə qulaq asırlar. İttifaqın aktiv katibini kino istehsalatına buraxmaq üçün qarşısında şərt qoymağa normal baxıram. Məsələn, vəzifə adamıdır, camaatın gözünə girə bilər, prezident aparatına məlumat verilə bilər. Ancaq əlil olan animasiya ustası Arif Məhərrəmovun qarşısında da şərt qoydular ki, ittifaqdan çıx. Belə bir centlmen saziş əldə olunsun ki, barı sıravi üzvlərə, əlil insana toxunmayın. Biz katiblər eybi yoxdur, bu seçimi etmişik, işsiz qala bilərik.

M.Hətəmov:

- Əlisa, bilirsən ki, Arif Məhərrəmovun həmişə kinoda intriqaları olub. İncəsənət intriqa aləmidir... Sən dediyin faktlar bəlkə də olub. Ancaq belə şey olubsa, Arif Məhərrəmova müraciət etmək lazımdır.

Ə.Cabbarov:

- O artıq kinoittifaqdan çıxıb. Gəlin fərdin üzərində durmayaq. Sadəcə, centlmen sazişi təklif edirəm ki, sizin ağsaqqallar şurası yığışanda deyin: “Eybi yoxdur, katibləri əzək, amma sıravi üzvlərə dəyməyək”.

M.Hətəmov:

- Məmnuniyyətlə, bu fikri çatdıraram.

Ə.Cabbarov:

- Çox sağ olun.

Ş.Bəylərqızı:

- Hüseyn müəllim, siz kino mühitində gedən bu prosesi necə dəyərləndirirsiz? Siyasi baxışlarına görə kiməsə film çəkməyə qadağa qoyulmasına, ittifaqdan getməyə vadar edilməsinə...

HÜSEYN MEHDİYEV: “KİM KİMƏSƏ QULLUQ EDİRSƏ, “PODXALİMLİK” EDİR, BAŞ ƏYİRSƏ, O DA FİLM ÇƏKİR”

Hüseyn Mehdiyev:

- Belə proses varsa, pis qiymətləndirirəm. Normal insan başqa cür qiymətləndirə bilməz. Əlbəttə düz deyil. Sənətçi öz sənəti ilə məşğul olmalıdır və hamıya o imkanı yaratmalıdırlar. İkincisi, məsələnin qoyuluşu düz deyil: “Yeni kinoittifaqın yaradılmasından bir il keçib və nə dəyişib?” Bu birisi ittifaq məni maraqlandırmır o qədər də. Mənim öz dərdim başımdan aşır. Amma nə ittifaq, nə gildiya, heç bir ictimai təşkilat Azərbaycan kinosunun inkişafına təkan verə bilməz. Bu illüziyadır. Bu gün Azərbaycan kinosunun inkişafının birinci vacib qüvvəsi hökumətdir. Hökumət gərək üzünü kinoya çevirsin. Kinonun cəmiyyət, dövlət və mədəniyyət üçün vacibliyini hiss etsin və ona münasibəti dəyişsin. Bu münasibət dəyişməsə heç nə dəyişməyəcək. İstəyirsiz yüz dənə ittifaq olsun, ya gildiya olsun. Ona görə də qoyulan sual bir qədər düz deyil.

Ş.Bəylərqızı:

- Bu sualı biz niyə belə qoyduq. Yeni kinoittifaq yarananda belə bəyanatla çıxış etdi ki, kino mühitinə yeni nəfəs gətirmək istəyirik, gəncləri cəlb etmək, filmlərdə keyfiyyəti artırmaq istəyirik və s... Əslində, bu bir kinoittifaqın həll edəcəyi məsələydimi? Ona görə də bu gün bu məsələni bu şəkildə müzakirəyə çıxardıq.

H.Mehdiyev:

- Deməli, məsələni düz qoymamışdılar. İttifaqın öz funksiyası var. İttifaqın birinci vəzifəsi üzvlərin sosial vəziyyəti, yaradıcılıq məsələləri ətrafında birləşməkdir, ittifaq da bununla məşğul olmalıdır. Ay, kim çəkir, kimə verirlər, kimə vermirlər, hamısı məmurların əlindədir, kimin kefi kimə istəyir verir, kimə də istəyir vermir, vəssalam, qurtardı getdi. Nə obyektiv mexanizm var, nə layihələrin qəbulu ilə bağlı normal mexanizm. Son nəticədə bunu bir adam həll edir.

Ş.Bəylərqızı:

- Kimdir o adam?

H.Mehdiyev:

- Yəqin nazirdir. Kim həll edə bilər? Mən bu gün elə bir mexanizm görməmişəm ki, bir yaradıcı adam çıxıb layihəsinə obyektiv qiymət alsın. Məmur kimə istəyir ona verir. Kim kimə qulluq edirsə, kim kimə “podxalimlik” edir, baş əyirsə, o da film çəkir. Başqa cür mümkün deyil. Mən bu sözləri Əlisadan fərqli olaraq açıq deyirəm. Məmurun Məmməddən xoşu gəlmirsə, heç nə vermir, gözləyir ki, ona baş əysin, onu tərifləsin... Axırıncı dəfə mən filmi 2004-cü ildə çəkmişəm. Əlisa deyir ki, ittifaqın üzvlərinə vermirlər. Soruşmaq istəyirəm bəs mənə niyə vermirlər?

Ə.Cabbarov:

- Çünki Hüseyn müəllim mətbuatda kino siyasətini ciddi tənqid etmişdi. Ondan sonra düşdü qara siyahıya. Ona görə də film vermirlər.

Rüstəm İbrahimbəyov və Şəfiqə Məmmədova


H.Mehdiyev:

- İnanmıram buna görə olsun. Səbəb məncə daha dərin və qəlizdir. Amma səbəbi mən də bilmirəm.

“MÜŞFİQ MÜƏLLİM, PREZİDENTİN FƏRMANI İLƏ NƏ QƏDƏR SPEKULYASİYA ETMƏK OLAR?”

M.Hətəmov:

- Hüseyn müəllim bizim hörmət etdiyimiz, sevdiyimiz rejissorlardandır. Mədəniyyət Nazirliyi haqda deyim. Nazirlikdə ekspert şurası var, ssenarilər ora təqdim olunur. Orda da ssenarilər seçilir.

H.Mehdiyev:

- Orda olanlar da məmurlardır. Çox tez hiss edirlər hansı ssenari keçməlidir, hansı yox.

M.Hətəmov:

- Orda Ramiz Fətəliyev, İntiqam Qasımzadə, bir çox tanınmış rejissorlarımız, ssenaristlərimiz var. Siz dediyiniz ola bilər... Mən mexanizmi sizə deyirəm. İkincisi, Hüseyn müəllim çox düzgün deyir ki, kinoya dövlət qayğısı artırılmalıdır. Sizi məlumatlandırım ki, cənab prezident tərəfindən kinonun inkişafına dair dövlət proqramı imzalanıb. Azərbaycan kino industriyasının qurulması yönündə böyük işlər aparılır. Böyük kino kompleksinin tikilməsi ilə bağlı layihəni fransızlar başa çatdırmaq üzrədirlər. Yaxın bir-iki ayda kinostudiyanın təmiri başlamalıdır. Hörmətli nazirimiz ekspert şurasının gələcəkdə nazirlikdə yox, studiyaların özündə olması məsələsini qaldırıb... Həqiqətən də Hüseyn müəllim film çəkməlidir. Bir neçə ay əvvəl mən özündən də soruşdum ki, nə vaxt ssenari verəcəksiz? Dedi: “Birini vermişdim, nə oldu ki, indi də birini verim”. Bu düz fikirdir. Yəqin biz “Azərbaycanfilm” olaraq Hüseyn müəllimlə əməkdaşlıq edəcəyik. Ssenari təqdim olunarsa, buna baxarıq.

H.Mehdiyev:

- Mütləq.

M.Hətəmov:

- İttifaq haqda deyim. Şəfiqə Məmmədova hər hansı problemin arxasınca həvəslə gedir. Təhsil naziri Mikayıl Cabbarovla görüş planlaşdırılır. Bəzi məsələləri efirdə elan etmək istəmirəm. Köhnə, təzə ittifaq bunlar hamısı bir ailənin üzvləridir, 30-40 il bir yerdə işləyiblər. Azərbaycan kinosunun hüquqlarının qorunması yönündə Rejissorlar Gildiyasının gördüyü işi heç bir ittifaq, yəni o vaxt köhnə ittifaq da görə bilməyib. Çalışaq sənətkarlar arasında münasibətləri siyasiləşdirməyək.

H.Mehdiyev:

- Çox sağ olun, xoş sözlərə görə. Ancaq Müşfiq müəllim, prezidentin fərmanı ilə nə qədər spekulyasiya etmək olar? Prezidentin fərmanı gör neçə ildir yerinə yetirilmir. Kinematoqrafda bu qədər problem ola-ola məmurların ağıllarına da gəlmir camaatı yığıb desinlər dərdiniz nədir, nə var, nə yox? Azərbaycan kinosunun böyük problemləri var, bu gün təcili həll olunmasa böyük faciələr gözləyir onu. Biz çox daldayıq, necə qaçıb çatdıracağıq bilmirəm.

Ə.Cabbarov:

- Ekspert Şurası haqda əlavə etmək istəyirdim, ordakı ekspertlərin çoxu məmurlardır. Bu komandanın özünü doğrultmamasında iki fakt var. Ekspert Şurasının təsdiq etdiyi iki ssenari istehsalata buraxılıb, 1 milyon manata yaxın vəsait xərclənib. Amma sonradan bu filmin birini nəyə görəsə bəyənməyib qoyublar qırağa, o birinəsə yenidən vəsait ayırıblar, yenidən çəkiblər. Mən filmlərin adını çəkməyəcəm. Qaldı dövlət proqramına, “Azərbaycanfilm”in texniki bazasının təmiri və s. 2012-də başa çatmalıydı, çatmayıb. Bu kinostudiyada təsərrüfat hesablı film istehsalı mərkəzi 2011-də yaradılmalı idi, yaradılmayıb. Avropa İttifaqının kino fonduna 2009-da üzv olunmalıydı, olunmayıb. Azərbaycan kino ensiklopediyası 2009-da yaradılmalı idi, yaradılmayıb... Yəni belə çoxlu yerinə yetirilməmiş bəndlər var. Festivalların keçirilməsi də var. İki mühüm festivalın keçirilməsinin maliyyələşməsi dayanıb...

M.Hətəmov:

- Avropa Kino İnkişafı Fonduna üzv olunmaq üçün artıq müraciət edilib. Sentyabrın 20-də baxılmalıdır buna. Texniki bazanın hazırlanmasında gecikmələr olub. Amma yüksək səviyyəli kino şəhərciyinin tikilməsi ilə bağlı layihə payızda başa çatmalıdır. Hüseyn müəllim gildiya rəhbəridir, siz də bir ittifaqın katibisiz. Nə vaxt sizin rəhbərlik etdiyiniz ittifaq kinoindustriyanın problemini qaldırdı? Axı sən bilirsən ki, köhnə dövrdə qəbullarda – ad çəkmək istəmirəm - əksəriyyət bağ, ev, maşın problemini həll edirdi. Bu kino problemlərin həllinin gecikməsində məmurların günahı neçə faizdirsə, əksər günah kino xadimlərinindir.

Ə.Cabbarov:

- Belə də absurd olmaz, Müşfiq müəllim.

Aygün Aslanlı



“SİZ BAYRAQ GÖTÜRÜB NAZİRLİYİN QABAĞINA GETMƏYİ DEYİRSİZSƏ...”

H.Mehdiyev:

- Sadəcə olaraq vəzifəyə təzə gəlmisən, elə şey var bilmirsən. Rejissorlar Gildiyası dəfələrlə bildirib ki, Azərbaycan kinosunun problemi kompleks həll olunmalıdır. Təcili olaraq struktur dəyişikliyi edilməlidir! Hələ indiyədək Azərbaycan kinosu struktur olaraq bu qədər aşağı səviyyəyə salınmamışdı. Kino Komitəsi olub, İstehsalat Birliyi olub, Mədəniyyət Nazirliyinin tərkibində olub. Amma onu nazirlikdə şöbə səviyyəsinə salmaq onu məhv etməkdir. Bunu dəfələrlə demişik. Bizi ittiham etmək düz deyil. Siz bayraq götürüb nazirliyin qabağına getməyi deyirsizsə, o başqa məsələ. Amma iradları, məsləhətləri həmişə demişik. Kinonun problemini kim həll etməlidir? Mədəniyyət Nazirliyi dövlətdən tələb etməlidir. Bizi eşitmirlər. İndi deyinirik. Sonrası nə olacaq, Allah bilir. Uzaqbaşı bir il də kino çəkmərik.

Ə.Cabbarov:

- Teatrın büdcəsi kinodan az olmalıdır. Amma Azərbaycanda teatrın büdcəsi 9 milyondur, kinonun illik büdcəsi 6 milyon. Bu bir məmur oliqarxın villasının qiymətidir, bəlkə də ondan da az. Dövlət rəhbərləri kino premyeralarında iştirak etmir. Ermənistanın kinosu daha kreativ, zəngindir, festivalları var və dünyada da tanınır. Bizə lazımdır bu səviyyəyə gəlmək.

H.Mehdiyev:

- Ermənistan, Gürcüstan bizim kimi sovetdənqalma ölkədir. Onlarda kinematoqraf Milli Kino Mərkəzidir. Bizi isə şöbə səviyyəsinə soxublar. Yox ey, problem nazirlik tərkibində olmaqda deyil. Söhbət onun statusunda, səviyyəsindədir. Kinoya sərbəstlik verilməlidir. Kino məmurun iş prosesi ilə həll olunmur. Gərək bunu dərk etsinlər. Daha necə deyim ki, bunlar bunu baş düşsünlər?

AYGÜN ASLANLI: “HÖKUMƏT PUL AYIRSA DA, NƏTİCƏ YOXDUR”

Aygün Aslanlı:

- İran bu gün həm siyasi, həm iqtisadi baxımdan veto qoyulmuş ölkədir. Ancaq İran kinosu dünyada ən öndə gedir. İran qapalı ölkədir, senzuralar var. Bununla belə bu ölkənin rejissorları dünya səviyyəsinə çıxa bilir. İran hökuməti istəsəydi bunun qarşısını ala bilməzdi? Əsgər Fərhadinin “Boşanma” filmi ciddi sosial problemlərə toxunurdu. Filmin qəhrəmanı İrandan köçmək istəyir. Bu filmlərin çəkilməsinin qabağını ala bilərdi də hökumət. Amma onlar bilir ki, bu filmlər dünyada İrana münasibəti formalaşdırırlar. Bir tərəfdə siyasətçilər dünyaya nüvə istehsal etmək istəyən ölkə təqdim edirlər, amma kino başqa İranı göstərir. Kinonun əhəmiyyəti budur. Bizdəsə kinoya quş qoyublar.

H.Mehdiyev:

- Yetim qoyublar.

A.Aslanlı:

- Keyfiyyətə fikir vermirlər. Keyfiyyət də qalıb rejissorun insafına. O çalışacaq ki, normal film çəksin, nə mümkündürsə onu edəcək. Yoxsa sıradan film olacaq “Sübhün səfiri” və ya “Cavid ömrü” kimi. Heç kim də onu görməyəcək.

M.Hətəmov:

- Azərbaycan keçmiş dörd-beş sovet respublikasından biridir ki, hökumət kinoya pul ayırır. Azərbaycanda son illər gənc rejissorlar sınaqdan keçdi, mükafat qazandılar, ancaq bizim gözləntimiz bundan çoxdur. Bu bir gündə olmur. Ortaya uğurlu iş qoyan rejissor dəstəklənir, yeni layihələr verilir.

A.Aslanlı:

- Hökumət pul ayırsa da, nəticə yoxdur. Son illər dövlət büdcəsindən çəkilən tammetrajlı filmlərdən hansı Azərbaycanı xaricdə təmsil etməyə layiqdir? Yerli bazar üçün çəkilib.

“BU GÜN DÖVLƏT ÜÇÜN KİNO QANUNDANKƏNAR ÖVLADDIR”

H.Mehdiyev:

- Müşfiq bəy, kim sizə deyibsə yalan deyib. Pribaltika respublikalarından başqa bütün keçmiş sovet respublikalarında kino dövlətdən maliyyələşir. Rusiyada Putin müstəqil studiyalara birdəfəlik böyük maliyyə vəsaİti ayırdı. Bax ona deyirəm dövlət dəstəyi! Bu yerdə prodüser mexanizmi inkişaf edə bilər. Bizdə bazar iqtisadiyyatı yoxdur, müstəqillik yox, heç kim pul verə bilmir, vermək istəmir. Dövlət pul ayırmalıdır.

Ə.Cabbarov:

- Bu gün dövlət üçün kino ögey övladdır. Qanundankənar övladdır. Bu onun maliyyələşməsində də özünü göstərir, gülməli maliyyələşmədir. Dövlət idmançı qarşısında vəzifə qoyur ki, qızıl medal gətirin, kino qarşısında belə məqsəd yoxdur. Məmurlar da prosesi yola verirlər, prezidentin qərarlarını yerinə yetirmirlər.

izlə