«İçək Stalinin şərəfinə... Bir də Qorbaçovun!..»

-
MEA Folklor İnstitutunun Qazaxıstan səfərindən qayıtmış şöbə müdiri Əli Şamil və xanımı Qazaxıstan azərbaycanlılarının sürgün edildikləri üçün Stalinə, varlandıqları üçün Qorbaçova rəğbət bəslədiklərini söyləyirlər
«Sıxışdırılan, təqib olunan, əzilən insan və xalqlara həmişə hədsiz marağım olub». Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına MEA Folklor İnstitutunun Qazaxıstan səfərindən qayıtmış şöbə müdiri Əli Şamil söyləyir.
Onun sözlərinə görə, Qazaxıstan səfərini seçməkləri təsadüfi olmayıb: «Bilirdim ki, orada Azərbaycandan sürgün olunan çoxlu adam yaşayır. Məşəqqətlər çəkmiş o adamların övladlarının necə yaşadığını, nə düşündüyünü bilmək və görmək istədim. Elə bu səbəbdən də həyat yoldaşım Əzizə xanımla bu ilin iyununda Almatıya yola düşdük».
«AHISKALI XƏSTƏ HASAN...»

«Ahıskalı Xəstə Hasan» adlı kitabı

Əli Şamil səfər müddətində «Ahıskalı Xəstə Hasan» adlı kitabının Qazaxıstanda təqdimatının keçirildiyini də bildirdi: «Ahıska türklərinin aşığı Xəstə Hasanla bağlı kitabım ötən il Bakıda çap olundu, sonra Almatıda. Ahıska Cəmiyyəti həmin kitabı burada olduğundan da böyük tirajla, nəfis tərtibatla, qalın cilddə çap edib hamıya pulsuz paylamışdı. Maraqlıdır ki, Xəstə Hasanın nəvə-nəticələrindən biri – Abbasəli bəy bütün xərcləri öz üzərinə götürmüşdü. Kitaba Xəstə Hasanın nəslindən olan adamların şəkillərini də əlavə etmişdilər. Ahıska Cəmiyyətinin qəzeti də
«Ahıska» adlanır. Qəzetdə Rövşən adlı bacarıqlı bir jurnalist çalışır. Onun təşkilatçılığına heyran qaldım. Hər nömrəsində kitabdan parçalar verirmiş ki, ahıskalılara belə nəhəng aşıq yetirdiklərinə görə qürur yaşatsın».
XƏSTƏ HASANIN QOHUMLARI NECƏ TAPILDI?
Əli Şamil «Ahıskalı Xəstə Hasan» kitabı üzərində çalışarkən bir fikrə gəldiyini deyir: «Araşdırma zamanı gördüm ki, Ahıska türklərini yalnız sürgün etməyiblər, onların mədəniyyətlərinə də ağır zərbə vurulub. Aşıqların şeirləri toplanmayıb, tədqiq olunmayıb. Xəstə Hasanın bir şeirini axtara-axtara, Ağbabalı Aşıq İskəndərin izinə düşdüm və öyrəndim ki, Xəstə Hasanın qohumları Almatının yaxınlığındakı bir şəhərdə yaşayırlar. Bilirdim ki, Qazaxıstanın o tərəflərində Azərbaycandan da çoxlu sürgün olunmuşlar var. Həmişə də onlarla görüşməyə can atırdım. Yeri gəlmişkən, Ağbabalı Aşıq İskəndər uzun illər Qazaxıstanda yaşayan ahıskalıların toy məclislərini aparıb».
«SÜRGÜN OLUNMUŞLARIN SİYAHISINI GƏTİRDİM»
Əli Şamil bu səfərdə Azərbaycandan Qazaxıstana sürgün olunanların siyahısını gətirdiyini söyləyir: «Bizdə, təəssüf ki, bu məsələ çox zəif öyrənilib. Orada siyahı da var, sürgün olunanların adı-soyadı, hansı kənddə yerləşdikləri də... Di gəl, Azərbaycanın hansı bölgəsindən gəldikləri yazılmayıb. Bizdə də – sözsüz ki, DİN-in arxivində, sürgün olunmuşların siyahısı var. O da çap olunsa, biz onları tutuşdurub, hətta yolda kimlərin öldüyünü də müəyyən edə bilərik. Nə yazıq ki, o siyahı bizdə çap olunmayıb. Qazaxıstan siyahısı isə bizə istiqamət verir. Hansı kəndlərdə yaşayıblarsa, onların izini tapmaq, övladları ilə görüşmək mümkündür».
«AHISKA TÜRKLƏRİNİN DƏRNƏKLƏRİ DAHA GÜCLÜDÜR!»
Əli Şamil maraqlı bir müşahidəsini dilə gətirdi:
«Azərbaycan dərnəklərini orada çox zəif gördüm. Ahıska türklərinin dərnəkləri daha güclüdür. Düzdür, biz ah-uf edirik ki, sürgün olunmuşlar çox məşəqqət görüblər. Doğrudan da belədir, amma onların övladları bizim kimi düşünmürlər. İşadamı olanlar, pul qazananlar məclislərdə yeyib-içəndə Azərbaycana qayıtmaq bir yana, Vətən haqqında xoş bir fikir də söyləmirlər. Stalinin sağlığına badə qaldırırlar. Deyirlər ki, yaxşı ki, Stalin babalarımızı sürgün edib. Əgər biz də Azərbaycanda doğulsaydıq, oradakı qohumlarımız kimi pis gündə olardıq...Və yaxud Qorbaçovun şərəfinə badə qaldırırlar. Yaxşı ki, SSRİ-ni dağıtdı, biz də mal-mülk, var-dövlət sahibi olduq».
«HÖRMƏT ELƏ! HÖRMƏT ELƏ!»
Əli Şamil Azərbaycanın bu sözlərlə anıldığına diqqət çəkdi:

Əli Şamilin "Türkçülüyün qurbanları (Qazaxıstan)" kitabı

«Deyirlər, Azərbaycana gedəndə, polis işçisindən də, gömrükçüdən də. müxtəlif idarələrdən də elə hey «hörmət elə», «hörmət elə» sözünü eşidirlər... Hətta bizdə lətifəyə çevrilmiş hadisəni bir ziyalı öz başına gəlmiş kimi danışdı. Mən də üstünü vurmadım. Deyir, öz maşınımla gedirdim. Yol polisi məni saxladı. Dedi, ayıb deyilmi, sənin kimi yaraşıqlı, imkanlı adam 5 manata görə özünü boğub kəmər taxıb? Mən 5 manat verib kəməri açdım. Heç 200 metr getməmişdim, qarşıdakı yol polisi məni saxladı. Ratsiya ilə xəbər almışdı. Dedi, kəməri bağlamadığına görə cərimə verməlisən... Yəni açığını deyim ki, Azərbaycan haqqında onlar bu cür düşünürlər. Mən bir neçəsinə təklif etdim ki, bəlkə gəlib Azərbaycanda iş qurasınız. Hamısı «haşa!» söylədi, dedilər, orada yatırım yapmaq, iş qurmaq çox çətindir».
GƏNCLƏR FƏRQLİ DÜŞÜNÜRLƏR
Əzizə Şamilin fikrincə, yeniliklər hər şeyə təsir göstərir:
«Onlar mentalitetimizə uyğun adət-ənənələri hələ də saxlayırlar. Mətbəx mədəniyyətimizi qoruyub yaşadırlar. Toy-nişanlarında da eləcə. Hətta Azərbaycanda dəbə düşən şeylərdən də xəbər tuturlar. Bizdən xahiş etdilər ki, nişanda şirniyyat paylamaq üçün xüsusi qablar gətirək. Məsələn, azərbaycanlılar toy nişanlarına uyğur, Ahıska türklərinin ansambllarını dəvət etmişdilər, amma onlar Azərbaycan mahnıları oxuyurdular... İmkanlı gənclər də gəzmək üçün mütləq Bakıya gələcəklərini deyirdilər. Yəni Azərbaycanın inkişafının onlara təsiri var. Amma ortayaşlı adamların baxışları dəyişməyib. Gələcəkdə onlarla iş aparılsa, Azərbaycan dərnəkləri də güclənsə, bunun insanlara böyük təsiri olar».
«QAZAX DİLİNİ ÖYRƏNMƏK İSTƏMİRLƏR!»

Əli Şamil

Əli Şamilin düşünür ki, oradakı azərbaycanlılar rus mədəniyyətinin basqısını yaşadıqlarından qazaxlara yuxarıdan-aşağı baxırlar: “Qazax dilini öyrənmək istəmirlər. O üzdən də çoxu işdən çıxarılıb. Onlar bir-iki aya qazax dilini öyrənə biləcəkləri halda, bunu etmirlər. İstefaya çıxmış bir polkovniklə söhbətləşdim. Deyir, bizi burada çox sıxışdırırlar. Deyirəm, bizi, yəni kimi? Siz kimsiniz? Deyir, biz rusları...Axı, sən rus deyilsən? Yəni Bakıda «bakinets» deyilən bir təbəqə var ey, deyirlər ki, kəndçilər gəlib Bakını korladılar, Qazaxıstandakı rusdilli azərbaycanlılar da qazax dilinin dövlət dilinə çevrilməsinə, şəhərdə qazaxca danışmalarına pis baxırlar».
- Qazaxıstana köç nə zamandan başlayıb?
- Qazaxıstanda nə qədər azərbaycanlı yaşayır?
- Ölkədə milli məsələ nə yerdədir? Qazaxlar ana dillərini necə yaşadırlar?
- Qazaxıstan səfərində hansı unudulmaz və qibtədoğurası məqamlar oldu?

Söhbəti elə buradan dinləyin.

http://www.azadliq.org/externalaudio-FLRM/Audio/969615.html