Azərbaycan prezidenti yeni yolda maşın sürdü...

İlham Əliyev İsmayıllıda

-
Avqustun 14-də İsmayıllı rayonuna səfərə çıxan prezident İlham Əliyev yeni açılan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolunda avtomobili özü sürdü. İçməli su sisteminin işə salınması mərasimində çıxış edən prezident məmurların, zaman-zaman, nalayiq davranışlara yol verdiyini də diqqətə yetirdi:

«Bəzi hallarda məmurlar özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda, əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcəkdir».

Prezident söylədiklərinə daha sonra bu sözləri də əlavə etdi:

«Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır».

İlham Əliyev insanları narahat edən problemləri çözməyin başlıca vəzifə olduğunu vurğulayaraq, onlara diqqət və qayğı göstərilməsini daim tələb etdiyini xatırlatdı:

«Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir. Onların qayğıları ilə yaşamalıdır. İnsanların rahat yaşaması üçün əlindən gələni etməlidir».

PREZİDENTİN İSMAYILLIYA GƏLMƏSİNDƏN BİR HƏFTƏ ƏVVƏL...

Bu ilin yanvarında İsmayıllıda baş verən hadisələrə görə həbs olunanların yaxınları deyir ki, onları ən çox narahat edən doğmalarının aylardır həbsdə saxlanılmasıdır.

İlham Əliyev İsmayıllıda yeni avtovağzalın açılışında

İki qardaşı həmin hadisələrə görə tutulmuş Heydər Ağamalıyev prezident İsmayıllıya gəlməzdən bir həftə əvvəl icra başçısı Mirdaməd Sadıqovun onlarla görüşdüyünü bildirir. İcra başçısı həbsdə olanlar barədə prezidentə məlumat verəcəyinə, onlara yardım göstərəcəyinə söz verib:

«Biz bilirdik ki, prezidentlə görüş məsələsi çətin məsələdir. Ona görə icra başçısı ilə görüşdük. İcra başçısı dedi ki, hər şey qanun çərçivəsində həll olunacaq. Yəqin ki, prezidentə çatdırıb. Çünki o adamda yalan söhbət yoxdur».

Qardaşı həbsdə olan Elçin İsmayıllı icra başçısının vədinə inanmaq istədiklərini söylədi:

«İcra başçısı dedi ki, bu məsələ ilə bağlı prezidentə öz fikrimi bildirəcəyəm. Söz verdi ki, həbsdə olanların buraxılması istiqamətində iş aparılır. Ancaq bütün bunlar hamısı əhalinin başının altına yastıq qoymaq kimi bir şeydir. Rayonda su xəttinin açılışı oldu. Bunlar formal xarakter daşıyır. Deyilir ki, su xətti tam hazırdır, ancaq o xəttin heç 50 faizi tikilmədən lentini kəsdirdilər. Yeni avtovağzalın açılışı ilə bağlı Bakıdan avtobuslar gətirilmişdi. Görüş qurtaran kimi avtobuslar yenidən Bakıya qaytarıldı. Hamısı görüntü üçün idi, real bir şey yoxdur».

Həbsdə olan Cəfər Cəfərovun atası Pənah Cəfərov deyir ki, icra başçısının vədindən sonra hələ onunla görüşən olmayıb:

«Hələ görüb soruşan olmayıb ki, bir nəticə varmı?».

İsmayıllıda iğtişaşlar - 25 yanvar 2013

İCRA HAKİMİYYƏTİ: «İCRA BAŞÇISI HEÇ KİMƏ ELƏ BİR SÖZ VERMƏYİB»

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin dediyinə görə, həbsdə olanların yaxınlarına vəd verilməyib:

«İcra başçısı heç kimə elə bir söz verməyib, hamıya da izah edib ki, bu məsələyə qanun çərçivəsində baxılacaq. Həmin vətəndaşlara izah etmişik ki, burda cinayət məsuliyyəti varsa, ona qanun çərçivəsində baxıla bilər. İcra hakimiyyətinin də buna heç bir müdaxilə etmək səlahiyyəti yoxdur».

Bu ilin yanvarında İsmayıllıda «Çıraq» otelinin meneceri yol qəzası törədərək yerli sakinləri təhqir etdikdən sonra rayonda yerli sakinlərin etirazları baş qaldırmışdı. Qeyri-rəsmi məlumatlara görə, həmin hadisədə əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun oğlu iştirak edib. Sosial şəbəkələrdə «Çıraq» otelinin ona məxsus olmasını təsdiqləyən sənədlər yayılıb. Camaat həmin oteli yandırmışdı. Bu hadisədən bir ay sonra İlham Əliyev bir müşavirədə məmurlara və onların övladlarına xəbərdarlıq etmiş, camaatı qıcıqlandıran hərəkətlərə yol verməməyə çağırmışdı. Həmin müşavirədən sonra prezident icra hakimiyyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovu işdən azad etmişdi.
İsmayıllı hadisələrinə görə, hazırda 18 nəfər həbsdədir. Onlar kütləvi iğtişaşlara qatılmaqda, polisə müqavimətdə, əmlakı məhv etməkdə ittiham olunurlar.