İmişli Elektrik Şəbəkəsini keçmiş işçiləri məhkəməyə verib...

«İmişli Regional Elektrik Şəbəkəsi» (REŞ) MMC

-
«İmişli Regional Elektrik Şəbəkəsi» (REŞ) MMC-ni bir qrup keçmiş işçisi məhkəməyə verib. Onlar işdən çıxarılmalarını qanunsuz hesab edir və barələrində işəgötürənin verdiyi əmrlərin ləğvini tələb edir.

«ƏRİZƏNİ BİZ, TARİXİNİ İSƏ ÖZLƏRİ YAZIB»

Enerji nəzarətçisi vəzifəsini daşımış Vəkil Fərzəliyev bildirir ki, iyun ayında şəbəkəyə yeni rəis təyin olunan kimi bütün işçilərdən ərizə alınıb:

«Rəisin tələbi ilə süpürgəçidən tutmuş müavinədək hamı işdən çıxarılması üçün ərizə yazmağa məcbur edildi. Bizi hədələdi ki, kim bunu etməsə, «işdə yol verdiyi nöqsanlara görə» qovulacaq. Ərizələrdə, müraciətin yazılma tarixinin yeri boş saxlanıb. Buna görə istənilən vaxt hər kəs bu ərizələrlə işdən kənarlaşdırıla bilir. Ekspertizaya verilsə, tarixlərin başqa şəxslər tərəfindən qoyulduğu aşkar olunar. Əmr verilənədək mən peşmançılıq ərizəsi də yazmışam. Qanunvericiliyə görə, bu halda əvvəlki ərizə öz hüquqi qüvvəsini itirir».

SEÇKİ KOMİSSİYASININ ÜZVÜ ƏSAS İŞ YERİNİ İTİRİB

Başqa bir enerji nəzarətçisi - Xudaməli Qənbərov bildirir ki, yeni rəis əvvəllər də bu vəzifəni tutub və ondan qərəzli olub:

«Rəis vaxtilə də barəmdə təqdimat vermişdi. Amma iş elə gətirdi ki, onun özünü şəbəkədən kənarlaşdırdılar. Yenidən bu vəzifəyə qayıdan kimi dedi səni burada görmək istəmirəm. Onun tapşırığı ilə tabelə qol çəkməyimə belə imkan vermirdilər. Gözümün qabağında tabel kitabında imzamı pozurdular. İdarəyə buraxılmadığımdan bir müddət xidməti məlumatları poçtla göndərməyə məcbur oldum.

Foto: Arxiv

Əmək hüquqlarımın pozulması ilə bağlı həm regional idarəyə, həm də «Azərenerji»yə məktub və teleqramlar göndərmişəm. Mən məntəqə seçki komissiyasının üzvüyəm və avqustun 9-dan əsas iş yerimdə əməkhaqqım saxlanmaqla komissiyanın işində iştirak etməyə başlamışam. Dairə komissiyasının arayışını alan kimi, həm də Əmək Müfəttişliyi şikayətimi araşdırmağa başlayan gün tələm-tələsik əmr tərtib edilib».

İmişli Elektrik Şəbəkəsinin rəisi Məmmədəli Kazımov mütəmadi etdiyimiz zənglərə cavab vermədiyindən deyilənlərlə bağlı mövqeyini öyrənmək mümkün olmadı.

«BİZDƏ ZORLA ƏRİZƏ ALINMASI İLƏ BAĞLI MƏLUMAT OLMAYIB»

«İmişli REŞ» MMC-nin hüquqşünası Rövşən Əliyev isə şəbəkədə qanunsuzluqlara yol verildiyi ilə bağlı deyilənləri əsassız hesab edir:

«Şikayətçilərin hamısına əsaslandırılmış cavab verilib. O ki qaldı işçilərdən kütləvi olaraq ərizə alınmağına, bizdə bu barədə məlumat yoxdur».

Dövlət Əmək Müfəttişliyinin 14 saylı ərazi idarəsinin rəisi Mürşüd Abduləzimov isə «İmişli REŞ»dən işdən çıxarılanlarla bağlı sənədlərdə Əmək Məcəlləsinin tələblərinin pozulmadığını bildirir:

Sədrəddin Əhmədov


«İşçilərin ərizəsi olub, bir ay müddət gözlənilib və əmr verilib. İşdən çıxarılanadək bu adamlar əmək hüquqlarının pozulması, onlardan ərizə yazmaq tələb olunması, yaxud hədə-qorxu gəlməklə belə müraciətlərin alınması ilə bağlı bizə şikayət etməyiblər. Digər orqanlara etdikləri müraciətlərə cavab verilməməsini araşdırmaq Müfəttişliyin səlahiyyətinə aid deyil, bununla bağlı məhkəmədə ayrıca iddia qaldırıla bilər».

«YƏQİN, O NƏZARƏTÇİLƏRİN RƏİSLƏRİ DƏ KİMƏSƏ BELƏ ƏRİZƏ TƏQDİM EDİBLƏR»

Hüquqşünas Sədrəddin Əhmədov bildirir ki, işəgötürən tərəfindən işdənçıxma üçün ərizə yazılması tələbi Azərbaycanda geniş yayılmış və az qala hər yerdə tətbiq olunan üsuldur:

«Bir çox müəssisədə belə ərizələr işə götürülən şəxslərə işlə təmin olunmaları barədə ərizə ilə eyni vaxtda alınır. Məqsəd də aydındır: arzuolunmaz işçini istənilən vaxt işdən kənarlaşdırmaq. Yəqin ki, o nəzarətçilərin rəisləri də kiməsə belə ərizə təqdim ediblər. Təyinatlı vəzifələr tutan hər kəs istənilən vaxt iş yerini itirə bilər. Ərizəsi olmasa belə, onun işində nöqsan aşkarlamaq da çətin deyil. Dünyanın bir çox ölkələrində işçi hüquqlarının pozulmasına görə həmkarlar təşkilatları dərhal reaksiya verir, onlar hətta hökumətin siyasətinə qarşı etiraz təşkil edirlər. Bizim ölkədə isə həmkarlar təşkilatı rəhbərlərinin özü öz hüquqlarını qorumaq iqtidarında deyil».