Cəmil Həsənli: «Hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil»

Cəmil Həsənli

-
Tarixçi-alim Cəmil Həsənli 1952-ci ildə anadan olub. O, 1970-ci ildə Cəlilabadın Alar kəndində orta məktəbi bitirib və indiki BDU-nun tarix fakültəsinə daxil olub.

Müsahibələrinin birində Əbülfəz Elçibəylə tanışlığını tələbəlik illərinin ən maraqlı olayı sayan Cəmil Həsənli onun dərslərini səbirsizliklə gözlədiyini deyir.

O, universiteti bitirəndən sonra bir müddət Cəlilabad rayonunda tarix müəllimi çalışıb. Daha sonra – 1977-ci ildə aspiranturaya qəbul olunub. Namizədlik dissertasiyasını 1984-cü ildə, doktorluq dissertasiyasını 1992-ci ildə müdafiə edən Cəmil Həsənli tarix elmləri doktoru və Bakı Dövlət Universitetinin professorudur.

Öz sahəsində tanınmış mütəxəssis sayılan Cəmil Həsənli 10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin, bütövlükdə 20-dən çox kitabın müəllifidir.

O, Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.

Rus və ingilis dillərini bilir.

1993-cü ildə (aprel-sentyabr) Azərbaycan prezidentinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2005-ci ildə AXCP sıralarını tərk edib. Ziyalılar Forumunun üzvüdür. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.

«HAKİMİYYƏT MƏSƏLƏSİ KİTAB YAZMAQ QƏDƏR ASAN DEYİL»

Cəmil Həsənli həmin sözləri avqustun 23-də Milli Şurada ehtiyat vahid namizədliyi qəbul olunarkən dilə gətirib.

O, bu ilin martında AzadlıqRadiosuna verdiyi müsahibəsində Azərbaycanda xalqın hakimiyyəti formalaşdırmaq hüququnun sözdə deyil, əməldə həyata keçirilməsini vurğulayıb:

Eldar İsmayılov


«Seçki barədə bizdə olan təsəvvürlər dünya üçün bir cür, Azərbaycan üçün başqa cürdür. Azərbaycanın öz seçki qanunları var, bu seçki qanunları dəyişməsə, nələrinsə dəyişəcəyinə ümidim yoxdur. Ölkədə hansısa problemlər varsa, bu problemlər ilk öncə seçkiylə həll olunmalıdır. Seçkiylə dəyişmirsə, başqa yollara əl atılır».

PROF. E.İSMAYILOV: «ƏN ƏSASI, ƏDALƏTLİ ADAMDIR»

«Milli Şuranın ehtiyat vahid namizəd kimi Cəmil Həsənlinin namizədliyin qəbul etməsi çox uğurlu seçimdir. Mən Cəmil müəllimi 40 ildir tanıyıram. Elə bir adam tanımıram ki, Cəmil Həsənli ilə rəqabət apara bilsin» – Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəzin direktoru, tanınmış tarixçi-professor Eldar İsmayılov belə deyir. Onun fikrincə, Cəmil Həsənli demokratik və seçicilərə çox yaxın adamdır:

«Ən əsası, ədalətli adamdır. Əsl vətəndaşdır, böyük alimdir».

MÜBARİZ QURBANLI: «NƏ BİLMƏK OLAR...»

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Mediaforum saytına müxalif Milli Şuranın professor Cəmil Həsənlini ehtiyat namizəd müəyyənləşdirməsinə münasibət bildirib:

Mübariz Qurbanlı


«Milli Şuranın namizədi ehtiyat olsun, qeyri-ehtiyat olsun, nə bilim – hansı ad qoyurlar qoysunlar – bu bizi narahat etmir. Milli Şura Rüstəm İbrahimbəyovun da namizədliyini irəli sürüb və hazırda MSK bu məsələyə baxır. Nə bilmək olar, bəlkə Rüstəm İbrahimbəyov üç gün ərzində pasport məsələsini həll edəcək? Bəlkə Rüstəm bəy gəlir – bunu heç kim bilmir».

RÜSTƏM İBRAHİMBƏYOVUN PREZİDENTLİYƏ İDDİASI QALMAYACAQ?

Ehtiyat namizədin müəyyənləşdirilməsi Milli Şuranın əsas namizədinin – Rüstəm İbrahimbəyovun prezidentliyə iddiasının qalıb-qalmayacağı ilə bağlı sualı aktuallaşdırır. Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həmin sualı cavablarkən AzadlıqRadiosuna bunları söyləyib:

«Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmasını gözləməklə yanaşı, Cəmil Həsənlinin seçki kampaniyasına start vermişik. Əgər Rüstəm İbrahimbəyovun namizəd kimi qeydə alınmasında problem olmazsa, onda Cəmil Həsənli onun xeyrinə namizədliyini geri götürəcək. İndiki halda reallıq budur ki, Milli Şura daha çox Cəmil Həsənlinin vahid namizədliyi ilə seçkiyə qatılacaq».