-
Britaniyada çıxan “The Daily Mail” qəzetinin televiziya verilişləri üzrə müxbiri Alasdair Glennie yazır ki, hazırda Azərbaycanın bu mahnı yarışında səsləri qazanmaq üçün rüşvət verdiyi barədə iddialar təhqiq olunur.
O yazır ki, təhqiqatı aparanlar Azərbaycan və daha dörd ölkənin səsləri əldə etmək üçün səhnəarxası əməliyyatlar həyata keçirdiyini güman edirlər.
İddialara görə Azərbaycan nümayəndə heyəti ayrı-ayrı adamlara onların bir illik xərcləri qədər rüşvət ödəyirmiş.
Məqalədə deyilir ki, illərdir Britaniya Eurovision Mahnı Yarışının saxtakarlığı barədə şiklayətlər edir, lakin hər dəfə bu ittihamlar təkzib olunur. Lakin indi belə görünür ki, London bu məsələdə, deyəsən, haqlı imiş.
Maltanın Azərbaycan sevgisi
Yarış təşkilatıçıları builki müsabiqədə bir neçə ölkənin nümayəndələrinin başqa ölkələrdəki səsləri pulla alması barədə iddiaları araşdırırlar.
Alasdair Glennie yazır ki, məsələn, Malta dörd ildir, dalbadal Azərbaycana 12 xal verir və indi Azərbaycan nümayəndələrinin Litva tələbələrinə dəfələrlə səs vermələri üçün rüşvət ödədiyi iddia olunub.
Məqalədə deyilir ki, Makedoniya da yarışda yüksək yer qazanmaq üçün başqa ölkələrlə səs mübadiləsi sövdələşmələrinə daxil olub.
“The Daily Mail” yazır ki, sözügedən iddialar adı çəkilməyən rəsmi şəxs tərəfindən bu il İsveçin Malmö şəhərində keçirilən yarış barədə qaldırılıb.
Xəbər verilir ki, yarışları keçirən rəsmi heyətin üzvü olduğu güman edilən bu şəxs İsveçin “Skanska Dagbladet”qəzetinə bildirib ki, bir neçə nümayəndə heyəti səsverməni saxtalaşdırmaq təklifləri ilə ona yaxınlaşıblar.
Adı çəkilməyən nümayəndə heyətlərindən birinin rəhbəri Azərbaycan nümayəndələri tərəfindən ona külli miqdarda pul təklif edildiyini bildirib.
O deyib ki, “şəxsən mənə yaxınlaşmasalar da, ən azı başqa üç nümayəndə heyəti bu sayaq səhnəarxası əməllərdə bulunub”.
Səsin biri 20 avrodan
Qəzet yazır ki, ötən may ayında Azərbaycan nümayəndə heyəti onların təmsilçisinə səs verilməsi üçün Litva tələbələrinə SİM kartlar paylamaqda ittiham edilmişdi.
O zaman Litvanın “15min” saytı bir rusdilli azərbaycanlının dəstək səsləri üçün tələbələrə adambaşına 20 avro təklif etdiyini göstərən kadrları yerləşdirmişdi.
Britaniya qəzeti yazır ki, ötən ilin Eurovision yarışını qonaqlayan və 2011-ci ilin yarışında qalib olmuş bu ölkə hər yarışda Litva, Malta, Bolqarıstan və İsrail kimi ölkələrdən müntəzəm olaraq yüksək ballar qazanır.
Müxbir yada salır ki, bu il keçirilən müsabiqədə Azərbaycan nümayəndəsi Fərid Məmmədov “Hold me” mahnısı ilə Danimarkadan sonra ikinci yeri tutub.
Şən nəğmə tədbiri necə kirləndi?
Yarışda Birləşmiş Krallığı təmsil edən Bonnie Tyler ötən iyun ayında bildirmişdi ki, rusların azərbaycanlılarla mübahisəsinin şahidi olub. Guya ruslar deyirmişlər ki, “siz bizdən pul alsanız da, bizə 10 xal verməməsiniz”.
Başqa bir mənbə isə buna təəccüblənmədiyini bildirib. O deyir ki, Bonnie səhnədə əla çıxış etsə də 26 yerdən 19-cu yeri tutub.
Eurovision Mahnı Müsabiqəsinin rəhbərlərindən Sietse Bakker bildirib ki, korrupsiya iddiaları hazırda Avropa Yayın İttifaqı tərəfindən araşdırılır.
1981-ci ildə Eurovision yarışını Britaniyaya qazandırmış Cheryl Baker deyir ki, “qonşular həmişə bir-birlərinə xal verirlər. Lakin buna görə rüşvət ödəmək şən bir tədbiri çirkin və iyrənc bir şeyə çevirir”.
Sayta hazırladı: Zülfüqar Rüfətoğlu
Sayta hazırladı: Zülfüqar Rüfətoğlu