Xaricdə oxumaq istəyənlərin rüşvət iddiası

Arxiv foto.

-

Xaricdə oxumaq istəyən bir qrup tələbədən Azadlıq Radiosuna şikayət daxil olub. Şikayəti yazan adının anonim saxlanmasını istəyir.

Məktub müəllifi yazır ki, o xaricdə təhsil üçün “Təhsil üzrə Məsləhətçi Beynəlxlaq Qrup”unun Azərbaycan nümayəndəliyinə əvvəlcə 10 000, daha sonra isə 10 min manat ödəniş edib.

Xaricə təhsil məsələsinin alınmadığını qeyd edən məktub müəllifi yazır ki, indiyə qədər adı çəkilən qurumdan pulunu geri ala bilmir, müxtəlif yollarla onunla görüşdən yayınırlar.

Məktuba daha 7 nəfərin adı və mobil telefonları da əlavə edilib. Məktubda adları qeyd olunan şəxslərdən ikisi bu barədə yazılanların doğru olduğunu bildirir.

Onlardan biri 9, digəri isə 8 min manat pul ödədiyini iddia edir və verdikləri məbləği ala bilmədiklərini deyirlər. Bir valideyn 1000 manat ödədiyini və bununla bağlı da əlində qəbz olduğunu bildirir. Bir nəfər isə bu barədə məlumatların doğru olmadığını söyləyir.
Adı çəkilən qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Ülviyyə Cəlilzadə bu barədə yayılan məktubdan xəbərdar olduğunu bildirir.

Yazılanların böhtan olduğunu deyən nümayəndəlik rəhbəri həmin məktubu yazan xanımın bir neçə gün əvvəl işdən qovulduğunu və məsələ ilə bağlı Yasamal rayon polis idarəsinə müraciət edildiyini söyləyir.

“Aliyə Əliyeva adlı həmin xanımın kompüterini yoxladım gördüm ki, bizim haqqımızda xeyli mənfi şeylər yazıb. Hamısını sürətini çıxarıb saxlayıram. Siz də görürsünüz ki, o əvvəlcə güya özünün bu pulu ödədiyini demişdir, halbuki o bizim işçimiz olub; sonra da sizə verdiyi ifadəsini dəyişib. Əslində onun bu cür davranmasının səbəbi, onu işdən qovmağımdır. Şirkətimizin müştərilərindən əlavə pul aldığını müəyyən etdiyimiz üçün onu işdən qovdum. Bu mənə qarşı kampaniyadır. Mən sübut da edəcəm ki, belə bir şey yoxdur. Onun dediklərini təsdiqləyən iki nəfərsə onun yaxın adamlarıdır. Bu xanımın məktublarını Yasamal polisinə vermişəm və polis bu işləri araşdırmaqla məşğuldur. Onun böhtan və mənimsəmə cinayətlərndən dolayı məsuliyyətə cəlb olunması üçün şikayət ərizəsi vermişəm”.

Yasamal rayon polis idarəsinin 27-ci bölməsindən AzadlıqRadiosuna belə bir müraciət aldıqlarını təsdiqləyiblər.

Aliyə Əliyevə bu məsələdə günahsız olduğunu deyir.

“Tələbələrlə mən danışmışam, onlar öz məsuliyyətlərini başa düşürlər. Ülviyyə xanımdan narazılıq etməyimin səbəbi də tələbələrlə bağlıdır. Yəqin ki, tələbələr özləri lazım gələn yerə müraciət edəcəklər. Çünki mən marketinq meneceri olmuşam və o tələbələrin əksəriyyətini mən gətirmişəm. Onların aldadılmasına göz yuma bilməmişəm”.

Digər tərəfdən Ülviyə Cəlilzadə qeyd edir ki, xaricdə təhsil almaq istəyənlərdən alınan pulun məbləği, viza və digər xidmətlər daxil olmaqla, 2 min manat təşkil edir ki, bunun da hamısı sənədlərdə öz əksini tapıb.

«Mən çox gözəl anlayıram ki, əyər mən insanları aldadaraq iş qursaydım, öz reputasiyamı və biznesimi qoruya bilməzdim, hətta cinayət məsuliyyətinə də cəlb olunardım. Bu səbəbdən beynəlxalq IGEC şirkətin Bakı nümayəndəliyinin belə qanunsuz addımlar atması, öz prestijini riskə atma ehtimalı absurddur. Şikayətim müstəntiq Müşfiq Cəbrayılov tərəfindən araşdırılır və məsələyə lazımi qiymət veriləcəkdir» deyə Ülviyə Cəlilzadə bildirir.