«Sirli bənövşə» sirrini nə vaxt açacaq?

Sara Oğuz Nəzirova

-
«Bizim yaradıcı qrup Məhsətini belə gördü. Gələcəkdə başqaları yəqin fərqli görəcək».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Məhsəti Gəncəvinin həyatına həsr olunmuş «Sirli bənövşə» filminin ssenari müəllifi yazıçı Sara Oğuz Nəzirova səsləndirdi. Filmin təqdimatı sentyabrın 27-də BMM-də olub.

DAHİLƏRİN ZAMANA EHTİYACI VAR...

Onun fikrincə, 900 yaşı qeyd olunan Məhsəti Gəncəvini nə qədər çox öyrənsələr, o qədər yaxşıdır:

«Ümumiyyətlə yaradıcı şəxsiyyətlər barədə zamanından daha çox gələcəkdə bilirlər. Bütün xalqlarda belə olub. Məsələn, İtaliyada Leonardo Da Vinçinin ölümündən 50-60 il sonra xəbər tutublar ki, belə dühaları olub. Puşkin də həmçinin. İndi öz dövründən daha çox oxuyur, sevirlər. Məhsəti, Nizami də eləcə. Get-gedə daha çox öyrənəcəklər».

DÜNYA DURDUQCA, ONLAR DURACAQ

Sara xanım təkcə 50 ildə Azərbaycan alimlərinin Məhsəti haqqında araşdırmalarını oxuyanda təəccüblənib:

«Gördüm ki, böyük işlər görülüb. 50 il öncə Məhsəti haqqında, Nizami haqqında nə bilirdilər? Bir mif, mücərrəd bir anlayış idi. Öyrəndikcə həmin dahilər yaxınlaşır, sanki maddiləşir. Onlar bizim mədəni irsimizdir. Dünya durduqca onlar duracaq».

BİR QADIN BU QƏDƏR İŞLƏR GÖRÜB!

Yazıçı filmin ssenarisini yazarkən qürur duyduğunu da dilə gətirdi:

«Görün a, o boyda planetdə, kommunikasiyanın inkişaf etmədiyi bir şəraitdə bir qadın bu qədər işlər görə bilib. Öz duyğularını cəmiyyətə sərbəst söyləyə bilib, duyğularını verə bilib. Bəziləri istəsələr də bu duyğuları çatdıra bilməyiblər... Məhsəti böyük dühadır!».

Məhsətinin 900 illiyinə həsr edilmiş film dövlət sifarişi ilə çəkilib.

Təqdimat «Aydınlığa doğru» milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin «Ziyalı ünsiyyəti» layihəsi çərçivəsində keçirilirdi.

Filmin rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbasdır.

«Yaddaş» studiyasında çəkilən film rus və ingilis dillərinə də çevrilib.

Çəkilişlərin bir qismi Gəncədə, eləcə də ölkədə qədim məkan qıtlığı üzündən Özbəkistanın Xivə şəhərində gerçəkləşdirilib.

Ötən il bu yaradıcı qrupun (Sara Nəzirova, Şamil Nəcəfzadə, Nizami Abbas) Azərbaycanın 5 avanqard rəssamı haqqında çəkdiyi «Üfüqü ötənlər» filmi UNESCO-nun «Dünya mədəniyyətinə verdiyi töhfəyə görə» medalını alıb.