Qardaşım Elçibəy haqqında xatirələrim (Kitabı oxu)

-

Qardaşı Murad Əliyevin eks-prezident Əbülfəz Elçibəy haqda bu kitabında elə fikirlər yer alıb ki, uzun müddət onun çapı gerçəkləşməyib (Ətraflı burda).

Murad Əliyev xatirələrini 2001-ci ildə - Elçibəyin ölümündən az sonra yazmağa başlayıb, amma özü kitabın çapını görə bilməyib. Dünyasını dəyişən Murad Əliyevin kitabını qızı ötən il çap etdirib, amma cəmi 200 tirajla.

Kitaba olan marağı nəzərə alıb, Murad Əliyevin ailəsinin icazəsi ilə onu saytımızda tam şəkildə çap edirik.


Murad Əliyev


QARDAŞIM ELÇİBƏY HAQQINDA XATİRƏLƏRİM


1937-ci ildə mənim 10 yaşım var idi.

Biz qarabağlılar həmişə olduğu kimi yaylağa may ayının axırı köç tədarükü görürdük.

Kələkidə yaşayanlar bir neçə ailə və Əylisdə yaşayan qarabağlıların 60 faizi bir yerdə dədə-baba yurdları olan Pirdavdan yaylaqlarına köçərdilər. Bu yaylaqlar Qapıçıq dağının ətəklərində,

Sakkarsu və Göy-gölün ətrafında (bu gölə Şabadın gölü deyərdilər) yerləşirdilər.

Bu yaylaqlara gedənlərin qoyunu, mal-qarası çox olanlar idi, yerdə qalan qarabağlılar yaxın yaylaqlara gedərdilər (Alçalığa, Ağyurda, Yağlı Dərəyə, Urmusun yanına).

Bunların hamısı Ordubad bölgəsində yerləşirdi. Yuxarıdakı yaylaqlar Qafan bölgəsinə baxırdı. Yol tədarükünü və mal-qaranı götürüb qardaşım İbrahimlə axşam Əylisə getdik. Anamı, Almuradı dayım sabahısı gətirdi. İki atımız var idi, biri yük, biri minik atı idi. Biz Nüs-nüs kəndindən yuxarı düşərgədə atamız Qədirqulu kişinin verəcəyi qoyunları ora gətirməliydik. Yolda əylislilərə (onların hamısı bizim qohumlar idi) qoşulub böyük bir bölük mal-qara sürüsü oldu. İnəklərin, buzovların mələşməsi qulaq batırırdı. Axşama Ələngəz dağının ətəyində Güllü zəmiyə çatdıq. Hərə öz alaçığını qurub arvad-uşağını yerləşdirdi. Yerli camaat bizə elatlılar deyirdilər. Yaylağa gedib çatmaq üçün bizə 20 gün vaxt lazım olurdu. Güllü zəmidə 2 gün qaldıq. Anamı, Almuradı dayım gətirib biz oğlanlarına təhvil verdi. Bizimlə görüşüb hamımızı bir-bir öpüb bərk-bərk tapşırdı ki, ananızdan muğayat olun, qayıdıb getdi. Dayım erməni-müsəlman davasında bacılarını, qardaşlarını itirmişdi. Bir bacı, bir qardaş qalmışdılar. Ona görə də bacısını çox istəyirdi. Heç ayrılmaq istəmirdi. Ancaq o kolxoz sədri işləyirdi, tez qayıtmalı idi. Qardaşım İbrahimə dedi ki, yaylağa çatan kimi yerbəyer elə. Dağdan aş gəl, ona kimi dağın qarı əriyib yol açılacaq.

Dağ yolu çox yaxın idi. İki gün qalandan sonra (Güllü zəmidə) elat yoluna davam etdi. Qardaşım anamı, Almuradı apardı, mən isə mal-qaranı sürürdüm. Mal-qara sürən uşaqlarla bir yaşda olardıq. 10-11 yaşda mən Murad, Novruz, İsrafil, Nuru, Hüseyn və b. Bizə rəhbərlik edən bizdən 3-4 yaş böyük olan Əli idi. Şamı əminin böyük oğlu nə desəydi, biz də tez yerinə yetirərdik. İkinci düşərgəmiz Ələngəz aşırımını aşıb Mehri bölgəsinin Buğukər meşəsində olacaqdıq. Bu düşərgə Buğukər pirinin yanında Qaranlıq dərənin sağ tərəfində idi. Biz ora axşam üstü çatdıq. Alaçıqlar qurulurdu. Mən anamın yanına qaçdım. Almuradla qucaqlaşdıq. Anamdan soruşdum ki, İbrahim hanı? Dedi ki, gedib meşədən alaçıq çubuğu gətirsin. Almuradın 5 yaşı var idi. Anamın yanından heç bir yana getmirdi. İbrahim çubuqları gətirdi. Atamız da gəlib çıxdı. Tez köməkli alaçığı qurduq. Hava qaranlıqlaşırdı. Meşədən odun yığmağa qaçdım. Hər tərəf odunla dolu idi. Gətirib ocağı yandırdıq. Anam tez çay qoydu. Çay, süd, pendir, sacda bişmiş lavaşla yedik. Anaları heç bir yana getməsinlər deyə buzovları mıxa bağladıq. Qoyun itlərimizə südlə qarışıq yal verdik. Rahat olub ocağın başında mürgüləyirdik. Anam dedi ki, ocağın başında az mürgü vurun, durun yatın, yerinizi düzəltmişəm. Axşamdan xeyli vaxt keçməsinə baxmayaraq, alaçıqların qabaqlarında ocaqlar yanırdı. Kimisi xörək bişirir, kimisi sac qoyub sabahı üçün çörək (lavaş) bişirirdi, arabir itlər hürüşürdü. Mən yorğun olduğum üçün yatdım, heç bilmədim sabah necə açıldı. Elat burda 10 gün qalacaqdı. Dedilər burdan bir-bir yaylağa getmək olmaz. Mal-qara, qoyunlar xəstələnə bilər. Havasına uyğunlaşa-uyğunlaşa getməliyik. Tezdən ayılıb paltarımızı, çarığımızı geyib mal-qaranı örüşə ötürüb qayıdıb, buzovları da başqa səmtə ötürdük. Bu minvalla 10 gün qalmalı olduq. 2-ci gün anam biz oğlanlarını götürüb yaxındakı Buğukər pirinə apardı. O çox uzaq deyildi.

Biz pirin həyətinə çatanda anam dedi ki, ayaqlarınızı soyunun. Biz soyunduq. Əlimizdən tutub içəri apardı. Qəbiri dövrə vurduq. Anam dua oxuyub fatihə verdi. Bizi həyətə ötürdü. O içəridə qalıb namazını qaldı. Ziyarət edib gəldi. Orda qaldığımız müddət bütün orda olanlar pirə gedib qurban kəsir, nəzir verib gəlirdilər. Ziyarətə gedər, «Allah qəbul eləsin» - deyərdik. Mehrinin yaxın kəndləri eşidəndə Pirdavdanlıların köçü burdadır, anamı görmək üçün görüşə gələrdilər. Təcəmirdən, Buğukərdən, Lehvazdan, Maralzəmidən. Çünki anamın anası bu bölgədən idi. Xala uşaqları, dayı, dayı uşaqları biz nə qədər orada olduq, hamısı gəlib görüşürdü. Anam gələnləri boş qaytarmazdı. Pendir, yağ, şor yığıb verərdi aparmağa. Onlar da bizə çörək, un, gilas və başqa yetişmiş meyvələr gətirərdilər.

Artıq köçün, elatın tərpənmək vaxtı gəlib çatdı. İndi üçüncü düşərgə ata-baba yurdu, torpağı olan Qızğınlı meşəsi olan Daş-başı yatağıdı. Meşənin baş tərəfində idi. Gündoğan tərəfdə Dübək deyilən aşırım idi ki, oradan Pirdavdan, ata-baba kəndi görünürdü. Dediklərinə görə, bu düşərgədə 8 gün qalacaqdıq. Yenə də həmişəki kimi hamı üçüncü düşərgəyə yola çıxdı. Gəlib yatağa çatdıq. İbrahim Almuradı, anamı götürdü, mən də inəkləri, buzovları qabağıma qatıb yenə də uşaqlarla bir yerdə erməni kəndlərinin yanından keçirdik. Erməni uşaqları yolun kənarına çıxıb bizə tamaşa edirdilər. Əli bizdən pul yığıb kənddə olan dükanlardan peçenye, konfet və başqa şirniyyat alıb gətirib bizə paylayırdı. Əli bir neçə il gəlib-gedib hər yeri tanıyırdı. Oralar ona tanış idi. Üçüncü düşərgəyə gəlib Daşbaşına çatdıq. Axşam oldu. Hərə öz alaçığının qabağında ocaq qaladı. Uşaqlar ocağın başında dövrə vurub isinirdilər. Gün batandan sonra dağ yerləri soyuq olurdu. Yayın girməsinə 10 gün qalırdı. 10 gündən sonra hamı öz yurd yerində olacaqdı. Ona görə də kişilər, yaşlılar gedib ermənilərin yaşadığı Azərbaycan kəndlərinin dükanlarından yaylaq üçün azuqə - çay, qənd, un və başqa ərzalqlar alırdılar. Atamız da qardaşım İbrahimlə atlara minib Lehvaz, Maralzəmidə yaşayan qohumları ilə görüşür, həm də dükanlardan ərzaq alıb gətirirdilər. Onlar 2 günlüyə getmişdilər. Mən, anam, Almurad onların yolunu gözləyirdik. Atam və qardaşım axşam düşəndə gəlib çıxdılar. Gətirdikləri ərzaqları - qənd, çay, un, düyü, duz və başqa şeyləri Almurad və mən tez alaçığa daşıyıb yığdıq. Hərəmizə bir dəst paltar və ayaqqabı da almışdılar. Anamla bir yerdə konfet və şəkər çörəyi payladıq. Atları örüşə buraxıb bağladıq. 2 günə kimi bu yurddan yaylağa gedəcəkdik. Dördüncü düşərgəmiz yaylaq olacaqdı. Sabahısı gün 4 nəfər cavan və 1 nəfər yaşlı əmi ilə atlanıb yaylağı yoxlamaq üçün yola düşdülər. Onlar gedib Qacaranın kolxoz sədri ilə görüşmək, həm də yollara baxıb gəlməliydilər. Çünki elat getdiyi yolun kənarları biçənək-taxıl zəmiləri idi. Bu yerlər isə Qacaran kolxozuna baxırdı.

Kolxoz sədri bizim adamları yaxşı qarşılamışdı. Köhnə, keçmiş qonşular olduğu üçün kef-əhval tutub, tanıdığı adamları soruşub. Deyib ki, kirvə, elə pis adamlara Allah lənət eləsin. Gəlin-gedin, heç bir adam sizə söz deyə bilməz, nə çətinliyiniz olsa, mənə deyin. Buralar sizin ata-baba yurdlarınızdı, sizlərə halaldır. O görüşüb onları yola salıb. Atlılar gedib yaylaq yollarını yoxlayıb axşama qayıdıb gəldilər. Camaat maraqlanır, xəbər gətirənləri dövrəyə alıb soruşurdular ki, oğlan gəldiniz, qız? «Cüt oğlan» dedliər. Ağsaqqallar soruşub kolxoz sədrinin adını, atasının adını öyrəndilər. Sədrin atasının adını tanıdılar. Sabah hamı burdan köçməyə hazırlaşsın. Çobanlara da tapşırıqlar verdilər ki, qoyun-quzunu dağdan kəsmə yolla aparsınlar ki, otlaqlara, taxıl zəmilərinə ziyan verilməsin. Biz də hazırlıq işlərini görüb səhərin açılmasını gözlədik. Sabah açıldı. Gözəl bir hava idi. Yaznan yayın arası idi. Yaz çıxırdı, yay gəlməkdə idi. Hamı atları, qatırları yükləməkdəydi. Biz də atlaramızı alaçığın yanında hazır vəziyyətdə saxlayırdıq. Qardaşım İbrahim və atam alaçığı söküb yükləri hazırlayırdılar. Bu köçdə atların yükü bir az da artdı.

Ona görə ki, alaçığın çubuqlarını da götürmək lazım gəlirdi. Bir də yeni ərzaq alınmışdı, yüklər ağırlaşmışdı, inəklərin üstünə geçələri, palazları atıb sarıdılar, atların yükü xeyli yüngülləşdi, atları da yükləyib qurtardıq. Atamız dedi ki, mən sizi yaylaqda gözləyirəm. Sağ-salamat gəlin çıxın, özü isə xeyli aralıda qoyunları, quzuları aparmağa köməkçi gözləyirdi. Köç artıq düzülüb yola çıxmışdı. Bu dəfəki köçdə hamı bir yerdə mal-qarasıynan gedirdi. Hər tərəf otlaq, taxıl zəmiləri idi. Bəzi yerlərə kartof əkilmişdi. Hər ailə öz köçünün, mal-qarasının yanıyla gedirdi ki, otlaqlara-zəmilərə ziyan dəyməsin. Pirdavdan görünən yerə gəlib çıxdıq. Bura Dübək deyirlər. Anam öz köhnə kəndinin xarabalarını görüb qəhərləndi. Bu bayatıları oxudu: Əziziyəm dağınan El dağ, bu dağınan Necə qəbirə qoyarlar Mən ölsəm bu dağınan. Yatmışam oyan dağlar Al yaşıl boyan dağlar Bura zülmətxanadır Necədir, oyan dağlar. Əzizinəm belə yaz Qələm götür belə yaz Nakam qəlblər şad olmaz Yüz il gəlsə belə yaz. Hamımız qəhərləndik. Yoxuşu enib Sakkarsu çayına çatdıq. Çay bir elə böyük deyildi. Anam axar sudan bir ovuc götürüb içdi, «ox Vətən» deyib qəhərləndi. Hamımıza dedi ki, siz də bu sudan için, bu su dərmandır, qüvvədir, saflıqdır. Biz (oğlanları) bir yerdə gəlirdik. Suyu-çayı adlayıb yerə oturub hamımız bu sudan içdik. Sanki elə bil şərbət içirsən. Amma çox soyuq idi, çox içə bilmədik. Artıq kəndin - Pirdavdanın çəmənləri ilə irəliləyirdik. Çox geniş çəmənliklər var idi. Hər tərəf yazda açılan güllərlə dolu idi. Bu mənzərədən doymaq, ayrılmaq istəmirdik. Qabaqda atları İbrahim çəkirdi. Biz də inəkləri, buzovları sürürdük. Anam Almuradın əlindən tutub gəlirdi. Kəndin girəcəyinə çatmışdıq. Qabaqda gedənlər hərə öz evinin xərabasına baxır, dörd tərəfi dolanırdı. Anam da bizi gətirib Qasımlılar məhləsinə, öz ev damlarının yanında qəhərlənib ağladı. Biz də anamıza baxıb ağlayırdıq. Ağlayıb qurtarandan sonra yolumuza davam etdik. Kəndin kənarında təpənin güney tərəfində qəbristanlığa çatdıq. Qəbristanlıq dağılmışdı. Bəzi-bəzi qəbir daşları görünürdü.
Qəbristanlığın yuxarısında pirin günbəzi görünürdü. Divarlarını uçurmuşdular. Gəlib-gedənlər daşları kənara yığmışdılar. Qəbirlərin üstü görünürdü. Bizim də köçümüz ora çatanda anam Almuradın əlindən tutub bizimlə bir yerdə qəbrin başına fırlanıb ordan bir az narın torpaq götürüb hərəmizə verib dedi: «Duz kimi yalayın». Biz də o torpağı yaladıq, udduq. Anam dedi ki, bu imam Rzanın nəvələrindən birinin qəbridir. «İmam sizə yar olsun» deyib duasını oxudu, fatihə verib qəbri bir daha öpüb yola düşdük. Pirin təpəsindən aşdıq. Böyük bir çayın sol tərəfində böyük bir kənd görünürdü. Bu kənd Qacaran erməni kəndi idi. Anam bizə göstərib dedi ki, bu aşağıda görünən xarabalar Oxçudur, kəndin aşağı hissəsində Sakkarsu Qapuçuq, Yağlı dərənin çayları qovuşan yerdə kəndin yuxarısı genişlik bir düzənliklə qovuşan yer - Şabadın kəndidir. Bunların hər ikisi müsəlman kəndləri idi. Bizim kəndi dağıdanda bunları da ermənilər dağıdıblar. Yolumuzu davam edib çayın kənarına endik. Çay çox gur gəlirdi. Çaydan keçmək mümkün olmazdı. Odur ki, çayın üstündən ağacdan - palıd tirlərindən böyük bir körpü salmışdılar. Qabaqda da bir dəyirman var idi. Anam oranı tanıyırdı. Dəyirmanın yanındakı ev atamızın keçmiş dostunun evi idi. Körpünün üstü çox rahat idi. Bütün köç körpünün üstündən keçdi. Qabaqda gedənlərdən köhnə dostumuzun qarısı bizim gəlməyimizi soruşub, deyiblər daldan gəlirlər. Biz evin yanına çatanda qarı nəvələri ilə bizi gözləyirdi. Biz yaxınlaşanda qarı Mernisə deyib gəlib anamızla görüşdü. Biz uşaqlarla da görüşüb, başımızı sığalladı, öpdü, ağladı. Anam hal-əhval tutdu. Bucüs kirvəni soruşdu, Qarı dedi ki, Bucüs kirvə ölüb. Oğlanlar da Qafana gediblər. Bunlar da nəvələrimdir. Allah pis adama lənət eləsin. Biz iki qonşuları bir-birimizdən ayırdılar. Yolumuza davam edəndə bir xırda səbətdə yumurta, bir torba da kartof verdi. Anam almırdı, çox yalvar-yapış edib dedi ki, bilirəm siz erməni xörəkləri, çayı içmirsiniz, ona görə sizə yumurta ilə kartof gətirmişəm. Uşaqlar üçün sən allah götür. Anam razı olandan sonra qardaşım alıb, atın üstünə bərkitdi. Qarı bizi kəndin yarısına kimi yola salıb qayıtdı və dedi ki, nə lazım olsa, uşağı yolla gəlib aparsın. Anam da yaylağa çatandan sonra qarının qoyduğu payın əvəzini çıxdı, pendir, yağ yolladı. Yaylağa çatmaq üçün hələ çox məsafə var idi. Kəndin döngələri dar olduğu üçün xeyli vaxt lazım oldu. Günorta olardı ki, kənddən çıxıb Qapuçuq çayını keçib Yağlı dərə vadisinə daxil olduq. Yurd yerlərinə çatmaq üçün 6-7 km yol qalırdı. Daha taxıl zəmiləri, biçənəkləri geridə qoymuşduq. Mal-qaranı, atları çayın kənarına buraxıb biz də camaatla birlikdə günorta dincəlmək üçün çaydan kənar çəmənlikdə süfrə açıb çörək yedik. Anam bişirdiyi südlə yoğrulmuş isti daş üzərində bişirilmiş fətiri, pendir, yağ, şor ilə yedik. Yaşlı atalar, analar çayın suyundan dəstəmaz alıb çaydan aralı ibadətə başladılar. Dağın döşündə meşəlik var idi. Mən də tay-tuşlarım olan uşaqlarla birlikdə ora gedib quru odun yığıb gətirdim. Yaylaqda odun yox idi. Hər uşaq bir qucaq odun gətirib öz yük atları üstünə bağlayırdılar. Dincələndən sonra yolumuza davam etdik. Artıq yurd yerlərimiz görünürdü. Hələ günün batmağına çox var idi. Yurd yerinə qoyun-quzu gəlib çatmışdı. Köç karvanı da gəlib çatdı. Hərə öz alaçıq yerinə yükləri düşürürdülər. Anamız tez gəlib alaçıq çubuqlarını götürüb ağacdan hazırlanmış mıxla alaçığın yerini otdan, xırda daşlardan təmizlədi. Baltaynan ağac mıxı yerə vurub 40-50 sm gedəndən sonra çıxarıb yerinə alaçıq çubuğunu taxırdı. Çubuqların sayı dövrə 20-yə yaxın idi. Onları köməkli əyib uclarını bir-birinə bağladıq. Qurtarandan sonra bel (qabırğa) və yan çubuqlarını da bağlayıb keçələri (qəlibləri) üstünə daram çəkib külək atmasın deyə yanlarını qamışdan toxunulmuş çətənləri çəkib üstündən 2 yerdə ipdən toxunmuş (qəzildən) sicimi dartıb bağladıq. Yağış yağanda alaçığın içərisinə su gəlməsin deyə hər tərəfindən balaca xəndək qazdıq. Bu işləri qurtarana kimi anam çay, xörək hazırlamışdı. Oturub yeyib-içdik, alaçığın içinə keçə, palaz salıb yorğan-döşəyi içəri yığdıq. Alaçığın içərisində 2 metrlik yeri pərdə tutub bağladılar. Oraya yeyinti məhsulları - un, düyü, qənd və başqa azuqələri yığdıq. Artıq işləri qurtarmışdıq. Gün batmağa yaxınlaşırdı. Hərə öz buzov, inəklərini alaçıqlarının yan-yörəsinə bağlayırdı. Biz də buzovları çatmaq üçün köhnə alaçığın daşlarını təmizləyib divarlarını hördük. Çöldən isə bir-iki mıx vurub inək, at bağlamaq üçün yer düzəltdik. Yurd yerində birinci gün olduğu üçün çoxlu səs-küylü idi. İnəklərin mələşməsi, itlərin hürüşməsi, çobanların bir-birini səsləməsi sanki bu dərəyə bir canlanma verirdi. Yaylaq həyatı bu cür başladı. İki gündən sonra qardaşım İbrahim atın birini - minik atını götürüb kəndə qayıtdı. Gəldiyimiz yollarda dağın zirvələri qarla örtülü idi. Ordan gəlmək mümkün deyildi. Biz, anam, atam, Almurad, bir də mən yaylaqda qaldıq. Almurad balaca olduğu üçün anam onu yuxudan oyatmırdı. Mən anama kömək edib inəkləri sağırdıq. Sonra onları aparıb örüşə ötürüb gəlirdim. Sonra da buzovları başqa səmtə aparıb ötürüb qayıdırdım. Otlaqlar çox uzaq deyildi. Hər tərəf çəmənlik otlağıdır. Yaxından da çay axırdı. Yağlı dərənin bu yurd yerinə 2 çay arası deyilirdi. Çayın biri Şabadın gölündən, biri isə Yağlı dərədən gəlib burada bir-birinə qovuşurdu. Biz iyun ayının 20-dən sentyabrın 1-ə kimi yaylaq həyatı keçirdik. Mən hər tezdən durub tay-tuşlarımla meşəyə gedib bir bağlama quru odun yığıb gətirirdik. Meşə çox uzaq deyildi, 2 km olardı. Gətirəndən sonra çörək yeyib zuzu oyunu oynayardıq. Bu oyunun qaydası belə idi. Hər uşağın əlində bir ağac olurdu. Ona tulazma, çomaq deyilirdi. Uşaqlar 2 komanda olurdu. Komandanın biri ağacın birini 25-30 metr uzaqda dik basdırardı. O birisi komanda o ağacı yıxmaq üçün tulazmanı atırdı. O çomağı yerə yıxan komanda bir nəfər zuzu deyib bir nəfəsə yığıb gətirsə, udmuş komanda uduzmuş komandanı hərəsi birini minib 100 metr aparıb gətiridi. Bu minvalla uşaqlıq vaxtımızı keçirirdik. Bəzi vaxtlar atların yarışını keçirirdik. Hərə öz atını minib iki-iki çapdırırdıq. O yarışda qocalar, balaca uşaqlar da tamaşaya çıxıb baxırdılar. Uşaqlardan biri atdan yıxılıb qolu çıxdı. Ondan sonra at minib yarış keçirməyi qadağan elədilər. Yaxınlıqda ermənilərin qoyun yamacı var idi. Çoxlu çoban itləri var idi. Çobanlar örüşə gedəndən sonra uşaqlar bir yerdə gedib binada gözətçi itləri boğuşdurur, ləzzət alırdıq. İt boğuşduranda Almuradı da aparırdım. Beləliklə, yaylaqda uşaqlıq həyatımızı başa vururduq. Artıq iyun-iyul ayları geridə qalmışdı. Dağın zirvəsində olan qar əriyib getmişdi. Yağlı dərə yolu açılmışdı. Urmus Yağlı dərəsinə aşırımdan gedib-gələn var idi. Bir dəfə dayım gəlib bizə baş çəkib getmişdi. At ilə Kələkidən ora bir günlük yoldur. Gəldiyimiz yoldan çox yaxın idi. Dayım qayıdanda anam dedi ki, İbrahimi yolla gəlsin. Sentyabr ayı yaxınlaşır, ağır yükləri aparmaq lazımdır (pendir motalları, yağ, şor motalını). İkinci dəfə gələndə Muradı da apar, məktəb açılır. Bir neçə gündən sonra İbrahim atı ilə gəldi, yağ, pendir, şor motallarını iki ata yükləyib apardı. Aşırıma kimi atamız ötürüb qayıtdı. Bir həftədən sonra yenə də gəldi. Avqustun axırı idi. Bu dəfə yenə də ağır olan yükləri atlara yükləyib inəyin birini, altı dənə də erkək toğlu, bir dənə də keçi qabağımıza qatıb sübh tezdən yola düşdük. Anam bizi çayın yuxarısına kimi yola saldı. Almurad yatmışdı, onu yuxudan oyatmadıq. Biz sağ-salamat gəlib saat 8-də Kələkiyə çatdıq. Danışığa görə, sentyabrın axırına kimi atamız qoyunları başqa çobanlara təhvil verib öz qoyunlarımızı ayırıb dağ yolu ilə gəlməli idi. Elə də oldu. Anamgil sentyabrın axırında sağ-salamat gəlib çıxdılar. İki ay dincələndən sonra dayım atamızı kolxozun baş çobanı təyin etdi. Kolxoz qoyunu qışlaqda saxlanırdı. Öz qoyunlarımızı kənd çobanına qoşmuşduq. O otarırdı. Bu qayda ilə 1937-ci ili başa vurduq. Əziz oxucular, mənim yaddaşımda olan, yadımda qalan bunlar idi. Bunu da yaddaş dəftərinə yazıb sizə təqdim edirəm. İndi də 1938-ci ilin yaddaşımı, yadda qalanları yazmağa başlayıram. Allah hamınıza kömək olsun, mənə də. Amin. 1938-ci ilin günlərinin qış aylarını sağ-salamat başa vurduq. Qoyun-malımız da qışı yaxşı çıxardı. Novruz bayramımızı da şənliklə başa vurduq. Baharın bu il tez gəlməsi, qoyun-quzunun qışdan salamat çıxması, maldarçıları - qoyunçuları daha da ruhlandırdı. Eləcə də kolxoz, ferma işçilərini, kolxoz heyət idarəsi atamızı da, fermaçıları da mükafatlandırdı. Baş çobana 50 manat pul mükafat verdilər. O da atamız Qədirqulu kişiydi. May ayı qurtarmaq üzrəydi. İyun ayı addım-addım irəliləyirdi. Maldarçıların yaylağa hazırlıq işləri başlayırdı, biz də bu il ata-baba yaylağına yox, yaxındakı yaylağa Xəlil yurduna köçəcəyik. Atamız kolxozun baş çobanı, dayım da kolxoz sədriydi. İyun ayı girmişdi. Ayın 15-də yaylağa çıxacaqdıq. Bu yaylaq ata-baba yaylağından çox-çox yaxın idi. 4-5 saat yol gedirdin. Ayın 15-də birinci yaylağa ferma işçilərinin, sağıcıların, çobanların, naxırçıların ailəsini köçürürdülər. Ona görə də bizim ailə həmişəki kimi birinci getməliydi. Dayım qardaşımı çağırıb atını verib dedi ki, anangili sabah apar yaylağa. Yükləri də bir kolxozçuya tapşırıb dedi ki, bacımgilin yüklərini apar Xəlil yurduna.
Ayın 16-ı oldu (iyun ayının). Yaylağa aparmaq üçün hər şeyi axşamdan hazırladıq. At hazır idi. Qapıda anam atı minib Almuradı da qucağına alıb yola düşdü. Qardaşım İbrahimlə mən də kolxozçu Murad kişi ilə qatırları yükləyib anamgilin arxasınca getdik. Mal-qaramızı kolxozun mal-qarası ilə yola salmışdıq. Günorta vaxtı Xəlil yurduna çatdıq. Bu il baharın tez gəlməyi Xəlil yurdunu dörd bir tərəfdən yaşıllığa qərq etmişdi. Yurd yerindən aşağı hər yer - taxıl zəmiləri göm-göy idi. Yuxarı hissəsi dağların, dərin dərələrin içi qarla örtülü idi. Qoyun-quzu, mal-qara otların içində görünmürdü. Gələn yurdçular, obaçılar, çobanlar «Xəlil yurdunu bu ilki kimi gözəl, göyçək, otlu-çiçəkli görməmişik» deyirdilər. Nə isə. Bu yurdda bu il xeyirli-bərəkətli bir iş baş verəcək. Hər şey var, bolluqdur. Hərə öz köhnə yurduna, yerinə yüklərini düşürdülər. İbrahim tez alaçığın çubuqlarını gətirdi. Kolxozçu Murad kişi gələndə yoldan kənarda kolxoz yerindən çubuqları qırıb qatıra yükləmişdi. Yurd yerinin otunu təmizləyib çubuqları bir-bir yerə taxıb uc-uca bağlayıb keçələri (qəlibləri) üstə atıb, çətənlərin yanlarına çəkib bağladıq. Artıq alaçıq hazır kimi idi. Anam və Almurad su dalınca getmişdilər. Xəlil yurdunun suyu sağ tərəfdəki arxdan gəlir. Arxın suyu 1,5 km Qaşqar deyilən yurd yerindən gəlir. Arx hazır olmadığı üçün arxda su yox idi. Xəlil yurdunun sol tərəfində Vəlinin dərəsi deyilən yerdən gəlir. Anamgil o dərədən su gətirməyə getmişdilər. Suyu gətirib tez çay qoydu. Su gətirdiyi yerdən yığdığı otlardan çay dəmlədi. Alaçığın döşəməsinə palazı açıb üstünə süfrə açıb dəmlədiyi çaydan hərəmizə bir stəkan verib dedi ki, həmişə çay içirsiniz, indi ot çayı için, bu çay həm ətirli, tamlı, həm də dərmandır. Ağzınızın tamını dəyişin. Yeyib-içib durub hərə öz işinə getdi. Qardaşım və Murad kişi atı, qatırları minib kəndə getdilər. Keçən gün gələnlər gəlib bizim alaçığın qabağına salamlaşıb anama sağ-salamat bu alaçıqda can sağlığı arzuladılar. «Xoşbəxt olasan quda» deyib gedirdilər. Mən işimi bildiyim üçün obanın yan tərəflərini (alaçığın) axarını qazıb düzəltdim. Yəni yağış yağsa, su bu axardan (xəndək) axıb getsin. Alaçığın içərisinə su getməsin. Gün batan vaxt inəklərimiz, buzovlarımız, kolxoz mal-qarası ilə bir yerdə gəlib çıxdı. Gedib inəkləri gətirib buzovları ayırıb inəkləri ağıla salıb bağladım ki, alaçığımızı tanıyıb həmişə qapımıza gəlsin. İki-üç gündən sonra inəkləri bağlamayacağıq. Özləri gələcək. Hələ kolxoz qoyun-quzusu yaylağa gəlib çıxmayıb. Bu gün qoyun-quzunu yaylaqdan aşağıda yol enən yerdə saxlayıb sabahısı Xəlil yurduna qalxacaq idik. Ona görə ki, qoyunu birdən-birə gətirmək olmaz. Xəstələnə bilər (qızdırar). Qaranlıq düşdü. Hərə öz mal-qarasını yığıb buzovları ayırıb ağıla buzovxanaya salıb rahatlandılar. Alaçıqlarda zəif işıqlar görünürdü. Çıraqlar yanırdı. Alaçıq qabağında ocaqlar yanırdı, alovlanırdı. Kimi çay qoyur, kimisi xörək bişirirdi. Anam, mən, Almurad ocağın yanan alovunda isinirdik. Tez-tez it hürən tərəfə baxırdıq, birdən atamız gələr. Ancaq qaraltılar başqa adamlar idi. Anam bizə «durun yerinizi düzəltmişəm, yatın, kişi sabah günorta gələcək» dedi. O gedib Almuradla bir yerdə qucaqlaşıb yatdı. Almuradın 5 yaşı var idi. Sabah açıldı, anam durub inəkləri sağıb kolxozun naxırına qoşub naxırçıya tapşırdı. Buzovları mən götürüb başqa səmtə örüşə ötürüb gəldim. Gedib dərədən çaydanları su ilə doldurub gətirdim. Anam ağırlaşmışdı, hər işdə ona kömək edirdim. Çay-çörək yeyib ipi götürüb odun dalınca getdim. Xəlil yurdunda odun yoxdur. Südlü xörəyi bişirmək üçün qurudulmuş qanqal qurusu, gəvən qurusu yığıb gətirdim. Günorta oldu, qoyun-quzu yurd yerinə, qoyun yatağına gəldi. Çobanlar da hazır qurulmuş alaçıqlarına gəlib dincəlmək, çay-çörək yeyib bir az uzanıb yatmaq, yuxularını alıb durub, sağılmış qoyunları yenə də örüşə aparıb qoyun-quzu arxaclarında gecələmək, sabahısı yenə də günorta bəriyə, sağın yerinə, alaçıqların yanına gəlməli idilər. Bu iş hər gün təkrar olunurdu. Bu işləri atamız da hər gün təkrar edirdi. Ayın 20-i oldu. Seçkilər günü yaxınlaşırdı. Yaylağa çıxan bütün maldarlar yaylaqdaydı. Kənddən gəlib təpənin üstünə bir ağac basdırıb üstünə bir lövhə vuruldu. Orada yazılmışdı: «Hamı seçkilərə». Günlər gəlib keçdi, 23-ü oldu. Günortadan sonra maldarlar atla, qalanlar isə piyada kəndə yola düşdülər. Tək-tük qoca arvadlar, bir də yaşı çatmayan uşaqlar qaldılar. Anamın ağrıları başladı. Məni tez qonşu alaçıqda olan Bənövşə qarını çağırmağa göndərdilər. Dedim ki, anam xəstələnib, səni çağırır. Qarı tez başa düşdü: «Gəlirəm, bala, gəlirəm». Yaylaqda bir neçə qadın qalmışdı. Onlar sübh tezdən inəkləri sağıb seçki məntəqəsinə getməli idilər. Bunlar Hacı Xanım, Xanzeynəb, Mənsumə, Güləbətin xala idi. Onlar da eşidib gəldilər. Mənlə Almuradı Hacı Xanım xalanın qızı Mələk öz alaçıqlarına apardı. Orada qaldıq. Yer salıb üstümüzə yorğan örtüb dedi ki, siz yatın. Biz yata bilmirdik. Mələk bacı dedi ki, eşiyə çıxmayın, it sizi tutar. Biz də yorğanı başımıza çəkib yatdıq. Mən tez-tez oyanıb Mələk bacıya, yatmış yerinə baxırdım. O tez-tez çölə çıxıb qayıdırdı. Səhərin açılmasına az qalırdı, ay işığıydı. Hər yer dümağ idi. Torağaylar oxumağa başlayırdı. Gözəl bir səhər açılmışdı. Mələk bacı bir də alaçıqdan çölə çıxdı, tez qayıtdı və dedi ki, mən bərk yatmışam. Üstümüzdə olan yorğanı tərpətdi, yavaşca səslədi: «Murad, Almurad». Mən özümü yuxululuğa vurub dinmədim. O bir də yorğanı çəkib yavaşca səslədi. Yavaş səslə deyirdi ki, yatmış uşaqlar oyanmasın. Pıçıltı ilə «Qardaşın oldu, muştuluğumu ver» dedi. Yerdən dik atıldım, Almurad da oyandı. Mələk bacı dedi ki, indi ora getmək olmaz, bir-iki saatdan sonra sizi evinizə apararam. Özü gedib-gəlirdi. Biz qapıda yatan qara köpəkdən qorxub çölə çıxmırdıq. Səhər açıldı. Sağıcı qadınlar inəkləri sağıb səs verməyə getməyə hazırlaşırdılar. Mal-qaranı örüşə ötürüb getmişdilər. Biz də yuxudan durub paltarlarımızı geyinib oturmuşduq. Mələk bacını gözləyirdik. Mələk bacı gəlib bizə «bir az da gözləyin, sizi alaçığınıza aparacam» dedi. Alaçıqlar bir-birindən çox da uzaq deyildi. Arasındakı məsafələr 150 metr olardı. Sağıcılar səs verməyə yola düşmüşdülər. Gün hər yerə yayılmışdı. Obada bir anam, iki də qoca qarı qalmışdı. Qalan cavan oğlan-qızlar 15-16 yaşlılar idi. Mələk bacı bizi - Almuradın əlindən tutub, mən də yanınca öz alaçığımıza gəldik. Bənövşə qarı bizi qapıda qarşılayıb dedi: «Dayanın». İçəri keçib uşağı, çağanı qucağına alıb bizi içəri çağırdı. Alaçığın yarısında pərdə asılmışdı, Uşağı mənim, sonra da Almuradın qucağına qoydu. Anam yorğan-döşəkdə uzanmışdı. O bizi yanına çağırıb dedi: «Çörək-çay yeyib-içibsiniz, ya yox». Biz də bir ağızdan «Bəli. Mələk bacı verib yemişik» dedik. Anamı hər ikimiz öpüb ayağa durduq. Dedi gedin eşikdə oynayın. Bənövşə qarı vedrəni verib dedi ki, get su gətir. Daha arxa su gəlirdi. Qaçıb arxdan su gətirdim. Saat 10-11 olardı. Uşaqlar gəlib dedilər ki, kənddən adam gəlir. Alaçıqların sol tərəfində bir qaya var idi. Vəlinin dərəsinə baxırdı. Oradakı yola dərədən enən yer deyilirdi. Qayadan baxanda ora görünürdü. Kənddən gələn adamlar görünürdü. Balaca uşaqlar çığırardılar: «Kənddən adam gəlir, kənddən adam gəlir». Birinci axşam - dünən səs verməyə gedən adamlar gəlirdilər. Gələnlər balaca uşaqları təbrik edir, onlara məntəqədən aldıqları konfetləri paylayırdılar. Onlar uşağın anadan olmasını məntəqədə eşitmişdilər. Hamı bir-birini muştuluqlayırdı. Qədirqulu kişiyə, kolxoz sədri dayım Fərrux kişiyə göz aydınlığı verdilər. Seçki komissiyasının sədri tez iki adam ayırıb bir balaca qutu möhürlü iki bülleten ayırıb bu adamlara verib siyahıda adları olan iki nəfərin vərəqəsini də verib dedi: «Tez Xəlil yurduna gedin, səs versinlər, qutunu gətirin». Bunlar Bənövşə qarı, Mehrinisə bacıdır. Onlar da birinci səs verənlərlə bir yerdə gəlib çıxdılar. Bənövşə qarı onları qarşıladı. Gələn adamlar Murad kişi, bir də cavan oğlan Ağaqulu idi. Mələk bacının dayısı və onlar atdan düşüb qutunu özlərində saxlayıb bülletenləri qarıya verib dedilər: «Biri sənin, biri də Mehrinisə xalanın. Bura da qol çəkin». Bənövşə qarının savadı yox idi. Barmağını mürəkkəbə basıb vərəqəyə vurdu. Anam adını yazmağı bacarırdı. Adını yazıb vərəqəni onlara verib bülletenləri isə qutuya saldılar. Uşaqlar alaçığın yanına toplaşan camaatla birlikdə «uçastok, uçastok» deyib qışqırırdılar. Ancaq ağıllarına gətirmirdilər ki, 57 il bundan sonra «uçastok» deyənlər bütün Azərbaycan - böyüklü-kiçikli «Elçibəy, Elçibəy» deyib qışqıracaqlar. Bənövşə qarı qutunu gətirənlərə öz alaçığında çay-çörək verib yola saldı. Biz uşaqlar onların dalınca «uçastok, uçastok» təpəndə onlar gözdən itənəcən qışqırdıq. Artıq səsverməyə gedənlər qayıtmaq üzrə idi. Onlarla Qədirqulu kişi də var idi. Saat 2-3 olardı. Günortanı keçmişdi. Gələnlərdən balacalar muştuluq alırdılar. Qədirqulu kişi xurcundan atın üstündə olan balaca səbətdən uşaqlara gilas paylayırdı. O biri kişilər hərəyə iki-üç konfet verdi. Bənövşə qarı Qədirqulu kişini alaçığın qabağında qarşıladı. Təbrik edib içəri girib uşağı tez götürüb sonra ona içəri girməyə icazə verdi. Uşağı onun qucağına verib xeyir-dua elədi. Sonra uşağı alıb pərdənin dalında yatağında yatmış anama verdi. Qarının icazəsi olmadan alaçığın həndəvərinə kənar adam buraxmırdı. Öz ailəmizdən başqa. Bir neçə gündən sonra kənddən kolxozda təsərrüfatda qalıb işləyən ağsaqqallar öz ailələrini görməyə gəlmişdilər. Onlardan Mirismayıl, Miryəhya, İldırım, Əbdürrəhman, Mədət və başqaları var idi. Onların hamısı Pirdavdandan olan (qaçqınlar) ağsaqqallar idi. Atamızı-anamızı təbrik etdilər. Anam daha durub öz işini görür, inəklərimizi sağır, sağılmış südlərdən məhsullar hazırlayırdı (yağ, pendir, şor, qurud və sair). O günlərdə dayım Fərrux (kolxoz sədri), qardaşım İbrahim gəldilər. Bənövşə qarı onları da təbrik etdi. Uşağı dayıma, sonra da qardaşım İbrahimə verdi. Onlar da uşağı sonra anama verdilər. Hal-əhval tutduqdan sonra anam qardaşına üz tutub dedi: «Qardaş, uşağın adını qoymaq lazımdır. Kötüyə salmaq lazımdır»? Dayım dedi: «Onda ağsaqqalları çağırıb yığın bura, ad qoyarıq». Qoyun gələndə mənə de. Camaatın qoyun sürüsü bərəyə yaxınlaşdı. Hə, budur, qoyun sürüsü gəlir, get öz sürümüzdən keçən ilki qoçu tut gətir. İbrahim üç ililk qoçu alaçığın qabağına gətirdi. Ağsaqqallar hamısı ora yığışmışdılar. Miryəhya ağa duz alıb dua oxuyub üfürdü. Ver, qoç yalasın, dedi. Mirismayıl dayımıza dedi: «İndi qoçu kəs». Qoçu kəsdilər. Obada olanlar, uşaqlı-böyüklü hamı ora yığışmışdı. Ocaqlar, tonqallar alovlanırdı. Orada olan xalalar hamısı çalışırdı. Hərə öz işini görürdü. Ağsaqqallar içəridə döşənmiş döşəklərin üstündə oturmuşdular. Kolxozun sürüsü də gəlib çıxmışdı. Ağsaqqallar bir-bir kişini təbrik edirdilər. Dayım Fərrux ağsaqqallara üzünü tutub dedi: «Uçastokun adını indi qoyaq, yoxsa çörək yeyək sonra?» Miryəhya ağa dedi ki, adını sonra qoyarıq. Üzünü Mirismayıl dayımıza tutub dedi: «Sizin alaçıq yaxındır, dur Quran kitabını gətir bura». Gedib Qurani-Kərimi alaçığa gətirdi. Alaçığa girəndə hamı ayağa durdu. Miryəhya ağaya Qurani-Kərimi verdi. Kitabı aralayıb dedi: «Çox gözəl addır - Əbülfəzil Əbülfəz». Hamı «adı-sanı ilə yaşasın, uzun ömürlü olsun» deyib süfrə başında əyləşdilər. Süfrədə ağartı məhsullarından hamısı var idi. Sonra süfrəyə kabab, soyutma ət yeməkləri gəldi. Kababı atamızın özü bişirirdi. Yeyib-içib hərə öz alaçığına dağılışdılar. Kəndə gedən də yola düşüb getmək istəyirdi. Dayım, İbrahimin gətirdikləri gilas, gilənar, tut vedrələrini orda olan fermaçılara payladı. Yola düşəndə uşaqlar yenə də onlar gözdən itənəcən dalınca «uçastok-uçastok» - deyib qışqırdılar. Günlər-aylar gəlib keçirdi. Avqust ayı girmişdi. Otlar solmağa, taxıl zəmiləri yetişməyə başlayırdı. Yaylaqda hərə öz işinin dalınca gedirdi. Mən də anama kömək edir, hər gün su gətirir, çörək, süd bişirmək üçün odun, çır-çırpı yığıb gətirirdim. Almurad da 6-ya keçirdi. Orada anama kömək edir, anam bir yerə gedəndə uşağın yanında qalırdım. Gündə bir dəfə Mələk bacı gəlir, uşağın paltarını aparıb arxda yuyub gətirir, bu minvalla günləri başa vururduq. Mələk bacı anamın əmisi nəvəsi idi. Yaylaqda yeniyetmə qız o idi. 16-17 yaşa dolmuşdu. Rəfiqələri köçmüşdü. Leyla bacı, Kübra, Zabitə - bu il onlar yaylaqda yox idilər. Yeniyetmə oğlanlar da hazırlaşırdılar. Onlardan Əli, Salman, Mirhaşım, Bəşir, Əliabbas, Ağaqulu və başqaları. Onların hamısı tətildə olduğu üçün taxıl yığımı kampaniyasında kolxozda işləyirdilər. Sentyabr yaxınlaşırdı. Məktəb yaşlı uşaqlar kəndə bacı, qardaşla gedirdilər. Yaylaqda uşaqların səs-küyü azalırdı. Məni anam sentyabrın 10-a kimi yaylaqda saxladı. Mən 2-ci sinifə keçmişdim. Uşaqlar, yaşıdlarım yaylaqdan getdikləri üçün mən də darıxırdım. Məktəbə getmək üçün ayın 10-da dayım yaylağa, fermaya baş çəkmək üçün və bacısını görməyə gəldi. Bacı-qardaş bir-biri ilə görüşəndən sonra soruşdu ki, «uçastok» necədir?» Anam tez uçastoku gətirib dayımın qucağına verdi dedi ki, bu da sənin uçastokun. Uşaq 3 aylıq idi. Artıq gülümsəyir, qığıldayır, əllərini oynadırdı. Dayım uşağın üzündən öpüb anama verdi. Anam dedi ki, gedəndə Muradı da apar, bir həftədir məktəbdən qalır. O da dedi ki, bəs sənə kim kömək edəcək? Anam da dedi ki, indi iş azalıb, özüm hər işi görəcəyəm. Yaxşı, onda hazırlaş. Bir həftədən sonra İbrahimi yollayacağam, gəlsin sizi köçürsün. Anam razılaşıb dedi ki: İbrahimi yolla gəlsin. Axşam üstü kəndə yola düşdük. Sentyabrın 20-i anam yaylaqdan gəldi. Həmişəki kimi kənddə olan qohum-əqrəbalar anamla görüşüb xeyir-dua edib gedirdilər. Kənd əhli qışın gəlişi üçün hazırlıq işləri görür, anbarlara mal-qara üçün ot-saman, xəzəl yığırdılar. Mən də, qardaşım İbrahim də məktəbdən sonra anbarımıza qış üçün odun, çır-çırpı toplayıb bağlayırdıq. Mal-qara tövlələrə yığılırdı. Qoyun sürüləri arandan qışlağa gəlmişdi. Noyabr ayının axırları, dekabrın şaxtalı günləri gəlirdi. 1938-ci ili başa vurmaq üzrəydik. Yaxın günlərdə kolxozun bir illik hesabatı olmalıydı. Dayım hesabatına ciddi hazırlaşırdı. Kənddə söz-söhbət gəzirdi. Bu hesabatda Fərruxu kolxoz sədrliyindən çıxaracaqdılar. Hesabat günü gəlib çatdı. Dekabrın axırı idi. İki kənddən kolxozçular toplaşmışdı. Hər tərəfdə dəstə-dəstə kolxozçular pıçıldaşırdılar. Rayondan gələn ikinci katib bir dəstə sədrlə birlikdə «iclasa başlamaq olar» dedi. Hamı məktəbdəki kluba daxil oldu. İclasın sədri, katibi seçildi. Kolxoz sədrinə söz verildi. O bir illik hesabatını verib qurtaradan sonra kolxozçular danışdılar. Hamı sədrin yaxşı işləməyindən danışdı. Kolxozçular danışdıqdan sonra ikinci katib söz alıb danışdı. O sədrə razılıq edib dedi: «Partiya belə bir məsləhət görüb ki, Fərrux Əhmədovu şəhərdə (Ordubadda) başqa bir işlə təmin edəcək. Partiyanın bu məsləhətindən çıxmaq olmaz. Biz hamımız partiyanın sözünü yerinə yetirməliyik. Bundan sonra 1939-cu ilin yanvarın 1-dən kolxozun sədri sizin tanıdığınız partiya üzvü Yusifov Ağaları məsləhət görüb. Kim razıdır əlini qaldırsın». Kolxozçular əl qaldırıb saldılar. Bununla seçki qurtardı. Xatirələrimi oxuyan əziz oxucular. Mən öz xatirələrimdə qalan yaddaşımı sizin ixtiyarınıza verirəm. Bununla mən qardaşım Elçibəyin (uçastokun) anadan olma tarixini sizə tarixi faktla təqdim edirəm. Hər bir maraqlanan alim, tarixçilər bu tarixi faktlara müraciət etsinlər. Həyatı, doğumu haqqında mən burda xatirəmdə olanı-qalanı heç bir kənar söhbətləri göstərməmişəm. Nə yazmışam düzgün və həqiqətdir. Kənar adamlar heç vaxt ailə üzvlərindən, qardaşlarından artıq bilə bilməz. Ona görə xahiş olunur ki, burada yazılan, göstərilən faktlardan istifadə edin. Burada yazılan hər bir cümlədən, hər bir söhbətdən, siz tarixçilər, şairlər, yazıçılar bir roman, bir poema, şer, bir tarixi kitab yaza bilərsiniz. Mən qardaşı Murad nə jurnalistəm, nə yazıçıyam, nə tarixçi. Ona görə sizdən xahiş edirəm bu cümlələrdə mübtəda, xəbər öz yerində olmasa, bağışlayın. Hələlik bu qədər. Bunlar 1938-ci ilin xatirələri idi. 1939-cu ilin yaddaşda qalan xatirələrini yazmağa başlayıram. Siz oxuculara can sağlığı. Mənə də səbr allah təala əta etsin. Amin. 2004-cü il. Murad M.B. 1939-1940-cı il yanvar ayı keçmişdi. Dayım Fərrux Ordubad rayon şəhər yeməkxanalarının müdiri təyin edilmişdi. Atamız Qədirqulu kolxozun baş çobanı vəzifəsindən azad edilmişdi. Yeni gələn kolxoz sədri kolxozda yer dəyişmə kampaniyası aparırdı. Atamız fermada iştirak edir, həm də öz qoyunlarımızı saxlayırdı. Bahar ayları yaxınlaşırdı. Ətraf kolxozlardan təkliflər gəlirdi. Atamıza kolxoz çobanı olmağa hələ ki razılıq verilmirdi.
Mart ayı gəldi. Bayram oldu. Novruz bayramımızı şənliklə keçirdik. Bütün ailə bir yerdə idi. Aprel ayı Əylisdə yaşayan qarabağlılar Pirdavdanlılardan kəndə gəlib atamızı bu il - yəni 1939-cu ilin yaylaq mövsümü qoyunlarını otarmasını, həm də quzuları otarmaq üçün özü ilə bir quzuçu gətirməsini xahiş etdilər. Atamız dedi ki, bir həftəlik razılıq verin qohumlarla məsləhətləşim, sonra razılıq verərəm. Bu minvalla gedib dayımla razılaşdı. Ondan sonra razılıq verdi. May ayında Əylis kəndinə gedib danışıq aparıb gəldi. Gələndən sonra evdə anama dedi ki: «Hazırlaşın, bu il yaylağa əylisli qohumlarla gedəcəyik. Ata-baba yaylaqlarımıza gedib kəndimizi, el-obamızı ziyarət edib, həm də yaylaqlanıb gələrik. Dünya ölüm-itimdi. Bəlkə bir də o yerlərə gedə bilmədik. May ayının axırına kimi hazırlaşın». Bir neçə gündən sonra atamız hazırlaşıb Əylis kəndinə çobanlıq etməyə getdi. Özü ilə bərabər Mirbabanı da əmisi Miryəhyadan icazə alıb quzuları otarmaq üçün apardı. Beləliklə, may ayı qurtarmaq üzrə idi. Yaylağa qalxmaq vaxtı gəlib çatmışdı. Atamız gəlib kənddən qoyun-quzumuzu yığıb Əylisə apardı. Anama da dedi ki, uşaqlar məktəbi qurtaran kimi yığışın yola düşün. Məktəbdə oxuyan mən, qardaşım İbrahimdir. Almurad hələ məktəbə getmirdi. Onun yaşı çatmırdı məktəbli olmağa, altı yaşının içindəydi. Əbülfəz on bir aylıq idi. Yaşı tamam olmağa bir ay qalırdı. İyun ayı gəlib çatdı. Dayım Ordubaddan gəlib yaylağa getmək üçün yol tədarükün hazırladı. Bizim üçün pal-paltar alıb gətirmişdi. Anama da parça, çit, arşın malı almışdı ki, özü tiksin, geysin. Yol azuqəsi üçün qənd, çay, pul verib İbrahimə dedi ki, gedib atımı tutub dağdan gətirərsən. Anan uşaqla ona minər. Atın yüyənini heç vaxt əlindən buraxmazsan ha. O biri atımızı da yükləyərsən, Almuradı da onun üstündə apararsan, Murad da sənə kömək edər. Bir gündən sonra dayım bizimlə görüşdü, anamla öpüşdü, Əbülfəzi qucağına alıb qolları üstə qaldırıb atıb-tutdu. O üzündən bu üzündən öpüb anama verib dedi ki, uşaqdan muğayat ol, yol uzun yoldu, soyuğa-zada vermə. Xudahafizləşib öz işinə getdi. Biz Əylisdən xəbər gözləyirdik. İyun ayının altısında xəbər gəldi ki, sabah yəni, yeddisində köç Əylisdən tərpənəcək. Bu il bizimlə kənddən İlyas Əligil də gedirdilər. Onların mal-qarasını aparmaq üçün Nüs-Nüsdən qohumları gəlmişdi. Biz də mal-qaramızı, axşamdan onların mallarına qatıb verdik ki, aparsınlar. Biz səhər gələcəyik. Belə də oldu. Səhər açıldı. Anam, mən, Almurad kənddə bir-bir qohumlarla görüşüb qocalarla vidalaşırdıq. Vida vaxtı bəzi qohumlar mənlə, Almuradın cibinə bir manat, üç manat pul qoydular. Dedilər ki, yolda konfetə verərsiniz. Onda bir, üç manat çox pul idi. Səhər-səhər bizi kənd əhli təmtəraqla yola saldılar. Hamı bir ağızdan deyirdi ki, uçastokdan muğayat olun, tezliklə görüşərik. Anam ata minib uçastoku qucağına alıb yola düşdük. Kənd uşaqları bizi kəndin kənarına kimi əl edib salamladılar. Bəzi balacalar uçastok-uçastok deyib qışqırırdılar. Biz öz yolumuza davam etdik. Bir il bundan qabaq getdiyimiz yolla irəliləyirdik. Bu il getdiyimiz yol daha bizə tanış idi. Heç bir əziyyət sorğu-sual olmadan gedirdik. Mal-qara axşamdan getdiyinə görə, yollarda səs-küy yox idi. Günortaya yaxın biz gəlib Nüs-Nüs kəndinə çatdıq. Kəndin ən gözəl vaxtı idi. Bağlarda gilas yetişmişdi. Mal-qaranı gətirən bizdən qabaq gəlib çatmışdılar. Anasına demişdi ki, xalamgil indi gələcəklər. Lala xala tez samovarı qaynadıb hazır qoymuşdu. Süfrə salıb bizi gözləyirdi. Biz gəlib Lala xalagilin evinə çatdıq. Onların evi kəndin lap yuxarı başında idi. Lala xalanın bacısı Tavat xala da bizimlə bu il yol yoldaşı idi. Lala xala bizi qarşıladı. Hamımızı evə dəvət etdi. Hal-əhval tutandan sonra oğluna tapşırdı ki, atlara ot versin. Biz hamımız tökülüşüb çaydan axan təmiz su ilə əl-üzümüzü yuyub balkona keçdik. Anam Əbülfəzi mənə verib, dəstəmaz alıb günorta ibadətinə o biri otağa keçdi. Balkonda qalın döşək, döşəkçələr divar boyu düzülmüşdü. Hərə özünə münasib yerdə oturub çay içməyə başladı. Anam ibadətin qurtarıb gəldi. Uşağı qucağımdan alıb yuxarı döşəkçənin üstündə oturub uşağı da yanında yerə döşəyin üstünə uzatdı. Oxuculara deyim ki, «Uçastok» çox sakit uşaq idi. Harda qoysan, orda sakitcə əlləri ilə oynayırdı. Bu şərtlə ki, mədəsi tox ola, çətin-çətin ağlardı. Çay-çörək yeyib içəndən sonra biz uşaqlar Lala xalanın oğlanları ilə bağda gilas yığmağa getdik. Bağdan gilas yığıb yol üçün balaca səbətləri doldurub gətirdik. Anam üçün də ayrı yığmışdıq. Dincəlib durub yolumuza davam etdik. Axşama kimi yol getməliydik. Düşərgəyə çatmaq üçün Güllü zəmiyə (fəhlə dərəsi) Ələngəz dağının ətəyinə çatmalı idik. Düşərgə orada yerləşirdi. Bir daha oxuculara təkrar deməyimi, yazmağımı məsləhət görmürəm. Ona görə ki, bu yolumuzun düşərgələrini yuxarıda sizə xatırlatmışam. Getdiyimiz yollar, yaylaqlar, çaylar, kəndlər biz köçəri tayfaların - Ağqoyunlu dövlətinin tərkibində olub. Bizimkilər də Ağqoyunlu tayfalarının bir qolu kimi bu yerlərdə yaşayıb kənd salıb. Yarı oturaq, yarı köçəri həyatı keçiriblər babalarımız. Oxucularıma bildirmək istəyirəm ki, bu yerlərdə türk mənşəli xalqlar, tayfalar yaşayıblar. Tarixçilər bunu yaxşı bilərlər. Qərəz Nüs-Nüs kəndindən yola düşəndə Lala xala dedi ki, siz gedin, mal-qara ilə işiniz olmasın. Bu axşam qalarlar, burda dincələrlər. Sabah tezdən verərəm, uşaqlar gətirib Güllü zəmidə sizə verərlər. Arxayın olun, yolunuzu rahat gedin. Biz səs-küysüz yolumuza davam edib axşamüstü gəlib Güllü zəmiyə çatdıq. Hərə öz yerinə, yurd yerinə düşüb alaçığını qurub, rahatlandı. İndi yurd yerində bir canlanma var idi, gəl görəsən. Qoyun-quzunun mələrtisi, mal-qaranın böyürtüsü, biz köçərilərin bir-birini çağırması sanki Ələngəz dağının ətəklərindən axan su insan, heyvan ahənginə qatışıb, böyük bir orkestirin çıxartdığı melodiya səsinə bənzəyirdi. Yuxarıda göstərdiyim düşərgədə bir neçə gün qaldıqdan sonra yolumuza davam edib, Ələngəz aşırımını aşıb «Buğukər» meşəsinə çatdıq. Qaranlıq dərə deyilən yerdə qaldıq. Burda qaldığımız vaxt həmişə olduğu kimi bu dəfə anam uşağı (uçastoku) götürüb, yaxınlıqdakı Buğukər pirinə ziyarət etməyə getdik. Bizlə bərabər bir neçə ailə də gedirdi. Bu dəfə uşaq çox idi, qurbanlıq da aparırdıq. Ağsaqqallar da çox idi. Əylisli qohumlar da bizimlə birlikdə idi. Qurbanlıq aparırdılar. Çox uzaq deyildi, 1 km olardı. Biz uşaqları içəri buraxmadıq. Qadınlar, körpə uşağı olanlar gedib ziyarət edib, çıxandan sonra ağsaqqallar girib ziyarət etdilər. Biz qurbanlıqları pirin başına dolandırdıq, gətirib orada olan, pirə qulluq edən mücavirə verdik. Kəsib hazırladı, öz payını götürəndən sonra kabablıq doğrayıb, verdi pirə gələnlərə. Meşədən odun yığıb biz uşaqlar ocağı çatdıq. Ziyarətə gələnlər hərə öz payını götürüb, şişə düzüb, kabab bişirdilər. Nahar vaxtı idi. İbadətini qurtaran qadınlar, kişilər gətirdikləri yeməklərdən yağ, pendir, şor, qatıq, çörək süfrə açıb, yeyib-içib bir də piri ziyarət edib, çıxırdılar. Bu dəfə anam, mən, Almurad, uşağı da (uçastoku) qardaşım İbrahim qucağına alıb, pirin içərisinə daxil olub, pirin başına fırlanıb, çölə çıxdıq. Hamı hazırlaşırdı getməyə. Anam pirdə ibadət edib, çıxıb gələndən sonra biz də yollandıq alaçığımıza. Bəli, bir neçə gün burda qalandan sonra köçümüz tərpəndi qabaqdakı düşərgə olan ata-baba torpaqları olan «Dübək» dağına. Bu dağdan ata-anamızın ermənilər tərəfindən 1918-ci ildə dağıdılmış kəndi görsənirdi. Yəni Pirdavdan kəndi. Pirdavdandan Şabadın, Oxçu kəndləri örüşləri, çəmənləri, çayları Dübək dağından ayna kimi görsənirdi. Anam hər gün bizi bu təpənin üstünə gətirərdi, oradan baxardıq. Nişan verərdi, ora Sakkarsudur. O dağın üstü qumlu düzdür, çiçəkli yaylaqdır. O qayalıqdan yuxarı məkandır. Pirdavdanın əsas yaylaqları orada yerləşir. Ora həm də Zəngilanın adamlarınındır. Bəyləri də yay vaxtı gəlib bir-iki ay yaylaqlanıb gedərdilər. O uzaqda Qapıçıq dağının ətəklərində Qapıçıq çayı, dağıdılmış Şabadın kəndidir. Ondan aşağı erməni kəndi Gecalandır. Ondan aşağı isə Sakkarsu çayı ilə Qapuçuq çayı birləşən yerdə Oxçu kəndidir. Güney tərəfdə Atqız kəndidir. Bu kəndlərin hamısının xarabalıqları görsənirdi. Bir Atqız kəndində bir-iki yerdən tüstü çıxırdı. Anam deyirdi: «Atqızın sağ qalan adamlarından gəlib dağılmıış evlərində yaşayırlar. Dübəkin gözəl ətirli otlarından, pencərlərindən yığıb gətirərdik. Qırxbuğum, quzuqulağı və başqaları. Onlardan doğrayıb ovub kətə bişirərdik. Yeməklə doymaq olmurdu. Anam deyərdi ki, baharın o vaxtı bütün görsənən otlar bir neçə otları çıxmaq şərti ilə hamısı insan üçün dərman, yeməlidir. Ancaq bu şərtlə düzgün istifadə edəsən. Bəzisini çayda dəmləyib içəsən, bəzisini bişirib xörəkdə yeyəsən. Anam həmişə ot çayı, ot xörəyi hazırlayırdı. Axır zamanlara kimi. İyun ayının 20-də bizim köçümüz Dübəkdən tərpənib Yağlı Dərə yaylağına doğru irəlilədi. Biz də anam, mən, Almurad, qardaşım İbrahim bir yerdə köçlə birlikdə yola düşdük. Anam atın üstündə uşaq qucağında arxada tərkində Almurad oturmuşdu. İbrahim atın yanında gedirdi. Mən də yüklü atın yanınca gedirdim. Dübək aşırımını enib Sakkarsu çayını keçib Pirdavdanın çəmənliklərinə daxil olmuşduq. Anam kəndə yaxınlaşanda yenə də qəhərlənib bayatı deyirdi. Hamımız qəhərlənirdik. Kəndin xaraba divarları görünürdü. Kənddən yuxarı qəbristanlığın kandarında pirin dağıdılmış günbəzi görünürdü. Pirə yaxınlaşan anamgil atdan düşüb piri ziyarət edib yolumuza davam etdik. Çünki eldən dala qalmaq olmaz. Yolboyu qoyun, mal-qara əlindən getmək asan deyildi. Hamı öz atının, ulağının yanında gedirdi ki, geri qalmasın. Gecalan kəndini keçib Qapuçuq çayından Yağlı Dərənin qovuşduğu yerə gəlib çatdıq. Qapuçuq çayını keçmək üçün körpüdən keçməli olduq. Körpü sən deyən yaxşı körpü deyildi. Piyadalar keçmək üçün idi. Ona görə anamı uşaqla atdan endirib körpüdən keçməli olduq. Çay çox gur gəlirdi. Suyu çox idi. Mal-qara, at, ulaq hamısı çaydan keçməli oldu. Axşam üstü gəlib yurd yerinə çatdıq. Artıq qoyun-quzu sürüləri yurd yerində idi. Atamız, Qədirqulu, quzuçu Mirbaba bizi gözləyirdilər. Yurd yerinə çatan kimi yükləri Mirbabanın köməkliyi ilə düşürdülər. Uşaq artıq atasının qucağındaydı. Onu atıb-tuturdu. Köməkli alaçığımızı qurub dörd bir yanını otdan, daşdan təmizləyib, ocaq yerini düzəldib ocağımızı yandırdıq. Anam qab-qacağımızı çıxarıb yemək hazırlamağa başladı. Yurd yerində bir canlanma var idi ki, gəl görəsən. Yağlı Dərədə yeni həyat başlayırdı. İnsanların harayı, qoyun-quzunun mələşməsi yaylağa bir gözəllik verirdi. Bu gündən yaylaq həyatımız zamana uyğun belə başladı. İyun ayının 23-dür. «Uçastok»un 1 yaşı sabah tamam olacaqdı. Ona görə anam uşağın yaşının tamam olması üçün atamıza dedi ki, sabah uşağın 1 yaşı tamam olur, bir qurbanlıq kəsmək lazımdır. Ətini burada olan bütün alaçıqlara paylayaq. İyirmiyə yaxın alaçıq (oba) var idi.
O dövrdə ad günü qeyd etmirdilər. Yaş günü yada düşürdü, o da 1 yaş tamam olanda. Qurbanlıq kəsərdilər, hədik bişirərdilər. Bunları da hamıya paylayardılar. 24 iyunda qurbanlıq kəsildi, hədik bişirildi. Bütün alaçıqlara paylanıldı. Yaylaqda sanki bir toy-bayram şənliyi keçirilirdi. Qadınlar-kişilər gəlib anamı, atamı təbrik edir, uşağa (uçastoka) böyük oğlan - insan olsun deyib gedirdilər. İyun ayı gəlib keçdi. Qardaşımız İbrahim bizi yaylaqda yerbəyer edib kəndə qayıtdı. Onda İbrahimin 15-16 yaşı var idi. Anam İbrahimi yola salanda dedi ki, sağ-salamat get. Dağ yolu açılanda, qar əriyəndə gəl bizi gör. Çünki dağ yolu çox yaxın idi, bir günlük yoldur. Dayına çoxlu salamlar de. Onun da yolunu gözləyirik. Mən 11 yaşdaydım. İbrahim gedəndən sonra yaylaqdakı işlər mənim üzərimə düşdü. Anama kömək etmək, su gətirmək, odun gətirmək, mal-qaranı örüşə ötürmək, anamın işi olanda Almurada, uşağa (uçastoka) baxmaq, saxlamaq və ilaxıra. Almuradın 6 yaşı tamam olub 7-ə keçirdi. O hər gün buzovları, evdə qalan quzuları yaxın örüşə, otlağa yaşıdlarıynan birlikdə ötürüb gələrdi. O çox şuluqçu idi. Obada olan itlərlə dostluq edərdi. Evdən, alaçıqdan şor, çörək, ət, ət sümükləri itlərə paylayardı. Obada olan itlərin hamısı onu tanıyır, onu görəndə gəlib yanında atılıb düşərdilər. Xəlvətə salıb yaxında olan erməni qoyun yatağındakı itlərlə bizim itləri boğuşdururdu. Erməni çobanları gəlib həmişə anama şikayət edərdilər. Anam onlara deyərdi ki, uşaqdır. Siz uşaq olmamısınız? Uşağı bağışlamaq olar. Çobanlar da bir söz deməyib gedərdilər. Beləliklə, günlər gəlib keçirdi. Yaylaqda olanda dağ yolu açılanda gəlib-gedən qonaqlar çox olurdu. Həm Ordubadın dağ ətəyi kəndlərindən, həm də Qafanın dağ ətəyi kəndlərindən. Ordubad tərəfdən gələnlər qoyun, quzu, mal, ətlik alıb aparırdılar. Qafanlılar da öz mal, qoyun-quzu ətliklərini Ordubad bazarına aparıb satırdılar. Bu gedib-gəlmə avqust, sentyabr aylarında olurdu. Ona görə ki, zirvədəki qarlar tamam əriyib yox olurdu. Aşırımdakı piyada yollar açıq olurdu. Özü də çox yaxın (kəsmə). Bu vaxtı Kələkidən, Unusdan, Dırnısdan gələn çox olurdu. Gələnlər bizə meyvə - alma, armud, qoz və başqa meyvələr gətirirdilər. Kənddən də yeni xəbərlər gətirirdilər. Qayıdıb gedəndə bizə dəyib gedirdilər. Anam onların yol çörəklərini, yağ-pendir, şor yığıb verərdi ki, aparın. Qardaşı Fərruxa, oğlu İbrahimə tapşırıq yollayardı, sağ-salamat olmağımızı deyərdi. Avqust ayı girmişdi. Yaxında axan çayın suyu azalmşdı. Su isinmişdi. Günortadan sonra biz uşaqlar hamımız çayın ətrafına toplaşardıq. Kimi suya girər, kimisi soyunub çayda çimərdi. Mən də «Uçastok»u götürüb Almurad da yanımca çayın qırağına gəlib daşın üstündə oturub uşaqlara baxardıq. Almurad çayın qırağında dayaz yerdə suyun içində oynayardı. Təkdən bir də mən də uşağı gətirmədiyim vaxtlar soyunub çayda çimərdim. Beləliklə, avqust ayı qurtarmaq üzrəydi. Sentyabr yaxınlaşırdı. Məktəbə getmək vaxtıdır. Avqust ayının axır 10 günlüyündə kənddən (Kələkidən) dayım Fərrux, qardaşım İbrahim yaylağa gəldilər. Görüşüb-öpüşüb hal-əhval tutandan, dincəlib durandan sonra anam hazırladığı, ətdən bişirdiyi soyutmanı gətirib süfrəyə qoydu. Ev əhli hamımız alaçıqdaydıq. Həm də quzuçu Mirbaba da o günü bizdəydi. Yeyib-içəndən sonra dayım üzünü atamıza, Mirbabaya tutub dedi: «Sizin danışığa görə vaxtınız azalır (Müqaviləyə görə). Bu yaxında quzu qırxını başlayır. Mirbabanın vaxtı qurtarır, səninki də sentyabrın axırına kimidir. Mən sabah İbrahimlə ağırlıqları - motalları, yunları və başqa şeyləri - atlara yükləyib gedəcəyik. Siz də öz işlərinizi, haqq-hesabınızı kəsib gələrsiniz. Gələn həftə İbrahimi yollayacağam gəlsin Muradı, Almuradı aparsın, məktəbə gedəcəklər. Onlar axşamı birlikdə alaçıqda yatıb sübh tezdən atları yükləyib yola düşdülər. Anam onları çayın kənarına kimi yola saldı. Bir neçə gündən sonra quzu qırxını başladı. Qırxım günü belə bir adət var idi. Toy-bayram edərdilər. Bizim yaylaq uzaq olduğu üçün çalğıçı dəstəsi gələ bilməmişdi. Bir qara zurna çalan, bir də çoban tütəyi çalan var idi. Bunlar yığışıb bir ansambl yaratdılar. Qırxım günü çalıb-oxumaq üçün obada olan cavan - qoca o günü səbrsizliklə gözləyirdi. Quzu qırxımı təyin etdikləri gün gəlib çatmışdı. Qoyun-quzu sürüsü gündəkindən tez gəlmişdi. Qoyun-quzu yatağına hamıdan tez toplaşmışdı. Hərə öz quzularını tapıb, tanıyıb, tutub onu sevə-sevə o tərəfinə-bu tərəfinə keçirdilər. Oba əhli toplaşmağa başlayırdı. Quzuçu üçün gətirdikləri hədiyyələri quzuçu Mirbabaya verirdilər. Salamlaşıb onu tərifləyirdəlr. Qadınlar ət xörəyi bişirmək üçün gətirdikləri qazanları ocaq düzəldib hazırlayırdılar. Biz balaca uşaqlar analarımıza kömək edirdik. Qazanların altını yandırmaq üçün odun-su gətirirdik. Qara zurna, balaban çalanlar da gəldilər, qırxın başladı. Çalğıçılar öz işlərinə başladılar. Çobanlar havası çalınmağa başladı. Birinci çobanlar rəqs etməyə başladılar. Biz balaca uşaqlar da onlara qarışdıq, oynadıq. Quzular kəsildi, ətlər doğranıb qazanlara töküldü, ocaqlar yanmağa başladı. Hərə öz quzusunu gətirib qırxmağa başladı. Cavan qadınlar, qızlar, gəlinlər yataqdan bir az kənarda palazları açıb sürfələri düzəldirdilər. Nahar vaxtı gəldi. Xörəklər hazır oldu. Hamını süfrə başına səslədilər. Hərə öz ailəsi ilə oturub bişmiş soyutma ətdən, kababdan yeməyə başladı. Arabir musiqiçilər oyun havası çalırdılar. Biz balaca uşaqlar süfrənin kənarında dövrə vurub oynayırdıq. Beləliklə, quzu qırxınını başa vurduq. Bu ilki yaylaq mövsümünü ayın 1-ə kimi (sentyabrın) hamı öz quzularını seçib aparmalıydı. Danışığa görə, quzuçu vaxtını bilməlidir. Otardığı aylara görə, 3 ay müddəti 10 quzusu olan bir quzu ayırıb quzuçu Mirbabaya verirdilər. 20-yə kimi quzu 3 aylıq əmək haqqı olmuşdu. Bununla quzu otarmaq vaxtı qurtardı. Biz səbrsizliklə İbrahimin kənddən gəlməyini gözləyirdik. Hamıdan çox Almurad tələsirdi. O bu il məktəbə getməliydi. Sentyabrın 2-i də gəldi çıxdı. Anam məni, Almuradı yola salmaq üçün axşamdan hər şeyi hazırladı. Kəndə aparılası toğluları ayırıb Mirbabanın toğluları ilə birlikdə inəyin birini də buzovuyla birlikdə sübh tezdən yola çıxdıq. Anam bizi çayarası deyilən yerə kimi yola saldı. Biz 4 nəfər - 3 qardaş, bir də Mirbaba idi. Yağlı Dərə aşırımını aşıb Ordubad yaylaqlarına enməyə başladıq. Gəlib Urmus Yağlı dərəsində Məmmədhüseyn çeşməsinin üstündə dincəlib nahar edib yolumuza davam etdik. Axşam gəlib kəndə çatdıq. Dayımın yoldaşı Xansənəm bacı bizi qarşıladı. Biz ona bacı deyirdik. Bizim ikinci anamız sayılırdı. Çay-çörək yeyib yatdıq. Səhər durub yuyunub geyinib Almuradın əlindən tutub Unus məktəbinə getdik. Mən ikinci sinifə getdim, Almuradı da birinci sinifə qoydum. Dərsin axırında direktor gəlib dedi ki, Almuradın yaşı hələ çatmır. O gələn il gələr, 7 yaşı olanda. Beləliklə, hərə işində oldu. Mən birinci növbə dərsə məktəbə gedib gələndən sonra Almuradı, dayım oğlu Bahaduru götürüb gətirdiyimiz toğluları aparıb bağda otardıq. Gəviz yığıb uşaqlarla çuxur atma oynayırdıq. Anamla-atamız sentyabrın 20-ə gəlməli idilər. Biz onların gəlməyini gözləyirdik. «Uçastok» üçün çox darıxırdıq. Axır anamgil gəlib çıxdılar. Gələndə yolda bir möcüzə baş vermişdi. Anam möcüzəni belə nəql edirdi. Görüşə gələn qohumlara, cavanlara biz uşaqları yola salandan sonra obamızı Məntəqə deyilən yerə köçürmüşdük. Ora Qapuçuq çayının Yağlı Dərə çayı ilə birləşən yeri idi. Sentyabr ayı oranı fermalar üçün süni mayalanma məntəqəsi edirdilər. Qoyunların süni mayalanması üçün iyirmi gün orada qalandan sonra hərə öz qoyununu ayırıb başqa sürülərə qoşub köçməyə başladılar. Biz də öz qoyunlarımızı Əylisli qohumlarımızın sürülərinə qoşub özümüz də qabağımızda iki inək, iki dana, iki yaşda bir day, bir də kəhər at, mən uşaqla ata minib mallar qabağımızda çay yuxarı gəlirdik. Yol çay qırağı ilə uzanırdı. Payız olduğuna görə, çayın suyu çox azalmışdı. Bir də gördüm çayın o tayından bir bozumtul heyvan gəlir. O da çay yuxarı. Qədirquluya dedim, a kişi, o nədir bizə tərəf gəlir? Ayıya oxşayır. Baxıb güldü. Nə ayı, o dağ təkəsidir, qorxma. Biz getdikcə o da bizimlə bərabər çay yuxarı gəlirdi. Biz gəlib Yastı çeşmənin üstünə çatdıq. Bu çeşmənin suyu çox sərin, həm də çox dadlı idi. Kim gəlsəydi, bu sudan içməmiş getməzdi. Biz ayaq saxlayıb çeşmədən su içib səhər çörəyi yeyib yola düşdük. Dağ təkəsi gəlib çayın o tayından durub bizə baxırdı. Çox yaxına gəlmişdi. Hətta onun neçə yaşar olduğunu saymaq olurdu. Arxasına əyilən buynuzu ilə lap çayın qırağına yendi. Dayanıb bizə baxırdı. Aramız 10 metr ancaq olardı. Kişi dedi ki, bu bizim qismətimizdi. Keçib onu tutalım. Kişi daşların üstündən tullandı ki, onu tutsun. O tullanıb mənim yanıma gəldi. Uşaq mənim qucağımdaydı. Məni gəlib iyləyirdi. Qədirqulu bu tərəfə gələn kimi təkə o taya tullandı. Bu vəziyyət bir neçə dəfə təkrar olundu. Dağ təkəsi aralanıb bizdən kənara getmək istəmirdi. O taya-bu taya tullanmaqdan kişi yoruldu. Axır mən uşağı bir sal daşın üzərinə uzadıb yanında durdum. Təkə bu dəfə də çaydan tullanıb gəldi. Daşın üzərinə uzanmış uşağın başı üzərində durub mənə baxırdı. Uşağın üzünü yalamaq istəyirdi. Mən əlimi uzadıb onun gözünü, başını, ayaqlarını tumarladım. Qədirqulu gələn kimi yenə də atılıb çayın o tayına tullandı. Qədirqulu dedi ki, bu dəfə yanınıza gələndə mən gəlib çatana kimi dal ayaqlarından bərk yapış saxla. Qədirqulu çayın o tayına keçən kimi təkə yenə də bizim yanımıza tullanıb gəldi. Yenə də mən onu tumarladım, üzündən öpdüm. O da uşağın üzünü iylədi. Üzünü qiblə tərəfə tutub baxdı. Mən onun dal qılçalarını əlimin içinə almışdım. Qədirqulunun gəlməyini görüb tullanmaq istədi. Mən bərk-bərk yapışıb ayaqlarımı daşa dirəyib saxladım. Təkənin qabaq ayaqları daşın o tərəfinə düşmüşdü. Ayaqlar boşluqda qalmışdı. Yerə dəymirdi. Buna qədər Qədirqulu özünü yetirdi. Tez buynuzlarından tutub mənə dedi ki, dal ayaqlarını bərk-bərk saxla, qibləyə çevirib bıçağını çıxardı. Baxdım gördüm ki. təkənin gözündən yaş gəlir. Dedim gəl buraxaq. Dedi ki, bu bizim qismətimizdir. Allahtəala bizə qurbanlıq yollayıb, uşaq üçün. İçini-içalatını təmizləyib, yuyub hamısını dayçanın üstünə yığıb buynuzunu da başının üstündə atın bir tərəfinə bağlayıb yola düşdük. Gəlib Xəlil yurdunda gecələyib səhərisi gəlib çıxdılar. Kənddə anam bu söhbəti danışıb qurtarandan sonra gətirdiyimiz təkənin ətini bütün kəndin evlərinə payladıq. O vaxt kəndimizdə cəmi 28 müsəlman ailəsi var idi. Biz qarabağlılar Pirdavdandan gələnlər və 6-7 erməni evi var idi. Ona görə hər ailəyə təkənin ətindən çatdı. Bu möcüzəyə hərə bir söz deyirdi. Hətta ağsaqqallar deyirdilər ki, buna oxşar Allahtəala İsmayıl peyğəmbərə də qurbanlıq göndərmişdi. Bu Allahtəalanın işidir. (Uçastokun) Əbülfəzin yaşı 1 il 3 aylıq idi. Hər şeyi hiss edir, danışır, oynayır, gülür və sair. Evimizin istəkli, sevimli bir uşağı olmuşdu. Artıq payız girmişdi. Oktyabr ayı idi. Hamı kimi bizim ailə də qışa hazırlıq işləri görməyə başlayırdı. Soyuqlar düşməmiş qış üçün odun, ot, saman anbarlarını doldurmaq lazım idi. Qışı yaxşı çıxarmaq üçün keçən ildəkinə nisbətən qanuna görə, hər ailəyə 10 qoyun, 1 inək, 1 at saxlamalı idi. Artıq heyvan, mal-qara, qoyun kolxoza verilməliydi. Artıq mal-qara, heyvan saxlamaq olmazdı. Gəlib tövlələri yoxlayıb artığını yığıb kolxoz fermasına təhvil verirdilər. Bizim də artıq qoyun-quzudan çox az kolxoza verildi. Ona görə ki, dayım bizi təsərrüfat üzvü yazdırmışdı. Mən İbrahim bir təsərrüfat, Qədirqulu anam bir təsərrüfat, dayım Fərrux bir təsərrüfat idi. Anamın dayısı oğlu Bəşir bir təsərrüfat idi. 4 təsərrüfatın malı-qoyunu bir yerdəydi. Ona görə bizə ot-ələf çox lazım olurdu. Atın birini, inəyin birini satıb anamgil ev almışdılar. Dayımgil, biz, anamgil bir yerdə yeməyimizi, içməyimizi, mal-qara tövləmiz bir yerdə olurdu. Evlərimiz bir-birinə çox yaxın idi. Demək olar ki, bitişik idi. 39-cu ilin qışını çıxarmaq çox da pis olmadı. Dayım rayonda işləyirdi. Yeməkxanaların müdiri idi. Hər ay 3-4 tay un kisəsi yollayırdı. Dəyirmana getmək, buğda üyütmək lazım olmurdu. Anam qışda geyinmək üçün bizə yun corablar toxuyardı. Gözəl naxışlı corablar olardı. Kəndin arvadlarının hərəsinin öz naxışı olardı. Corabların üstünə baxanda tez tanınardı ki, bunu hansı nənə toxuyub. Anamın da toxuduğu corablar tez tanınardı. Qız-gəlinlər, yeniyetmələr gəlib anamdan öyrənib onlar da toxuyardılar. Kim toxuyur-toxusun, bu naxışlı corablar Mehrnisə xalanındır deyərdilər. Axır zamanlara kimi bu naxışlı corabları kəndimizdə toxuyardılar. 1940-cı il girmişdi. Qış çıxmaq üzrəydi. Bayram yaxınlaşırdı. Hamı bayramı yaxşı keçirtmək üçün hazırlıq işləri görürdü. Hər şey, hər yer təmiz və təzə olmalı idi. Birinci axır çərşənbəni keçirib sonra Novruz bayramına hazırlaşırdılar. Bizim kənddə belə bir adət var idi. Novruz bayramında bayram axşamı hamı aş, plov bişirərdi. Təzə ət, sarı yağ (inək yağı), zəfəran, kişmişli olardı. Bayram günü səhər-səhər cavanlar, gəlinlər, qızlar bir dəstə kəndin evlərini gəzib qoca, qarı, kişiləri görüb bayramlarını təbrik edirdilər. Süfrəyə düzülmüş yumurta, şəkərbura, paxlava, şirniyyat, meyvə, alma, armud, nar, limon, cəviz, hər şey olardı. Bunlardan xoşladığından ağzını şirin edib, gətirdiyin hədiyyəni süfrəyə qoyub, o birilərini görməyə gedirdin. Beləliklə, bütün kənddəki evləri gəzirdin. İkinci dəstə uşaqlar, balacalar olardı. Onlar ancaq yumurta alardılar. Bayram hədiyyələrini bura yığırdılar. Bu uşaqlar 5-10 yaşına qədər olardı. Bunlardan sonra 20 yaşından yuxarı bir dəstə bütün evləri gəzib bayramı təbrik edirdilər. Axırda da bir evdə oturub süfrə başında yeyib-içib durardılar. Bununla kənddəki görüş qurtarardı. Bayramın ikinci günü yaxın kənddə olan qohumları gedib görərdilər. Onların bayramlarını təbrik edib gələrdilər. Hədiyyəsiz olmazdı. Bu minvalla mart ayı çıxınca uzaqda yaşayan qohum-dostların görüşünə getmək, təbrik etmək olardı. Mart ayı çıxandan sonra təsərrüfat işləri başlayırdı. Kimi bağ-bağçasını belləyir, ağac əkir, yer şumlayır, kimisi də qoyun-quzusunu çölə çıxarır, otarırdı. Quzularını birinci dəfə çölə çıxardıb gəzdirməyə, otarmağa aparırdı. Kolxozumuz iki kənddən ibarət idi. Kələki-Unus kəndləri bir kolxoz idi. Kələki kəndi hamısı fermada işləyirdi. Ona görə Qarabağdan gələnlər ata-babadan qoyunçuluqla məşğul olmuşdular. Qoyun, mal-qara saxlamaqda çox bilgiləri var idi. Unus kəndi isə təsərrüfatla məşğul idilər. Bağ-bağça, kənd təsərrüfatından bilgiləri qarabağlılardan çox idi. Hər kənd kolxozda öz işi ilə məşğul idi. Bu il kolxozda ferma müdiri anamın əmisi oğlu Mədət kişi idi. Atamız Qədirqulu kişiyə yaxın kolxozlardan baş çoban təklif etmişdilər, getməmişdi. Həm də Mədət dayı qoymamışdı, razılıq verməmişdi. Dedi ki, apreldən öz kolxozumuzun fermasında işləyəcəksən. Əmim qızı Mehrnisə də kolxozun emalında may ayından işə başlamalı idi. Beləliklə, Qədirqulu kişini apreldən baş çoban, Mehrnisəni may ayından emalçı götürdü. Qoyun-quzu, mal-qara da bu il qış mövsümündən pis çıxmamışdı, yaxşıydı. Beləliklə, həmişəki kimi yaylaq vaxtı gəlib çatdı. İyun ayının 15-də yaylağa qalxdıq. Birinci kolxoz mal-qarası, qoyun sürüləri qalxırdı. Üç-dörd gündən sonra camaatın qoyun sürüləri Xəlil yurduna qalxırdı. Xəlil yurdunda yeni bir canlanma başlanmışdı. Mənim yaşıdlarım, uşaq yoldaşlarım hamısı gəlib çıxmışdı. Bunlarla birlikdə mal-qaranı örüşə ötürüb yanacaq üçün odun, qurumuş qanqal çöpləri, qurumuş mal gərməsi yığıb yandırmaq üçün gətirirdik. Bu il Almurad da kömək edirdi. Gedib su gətirir, buzovları örüşə aparıb ötürür, xırda işlərdə anama kömək edirdi. İyun ayının 23-ü anam dedi ki, «uçastok»un sabah iki yaşı tamam olur. Onun üçün bir heyvan kəsmək lazımdır. Obada olanlara pay verək. Qalanlarını da öz ailəmizə, kənddə qalan ailə üzvlərinə də yolluyum. Bunu atamıza deyən kimi sabahısı gün sürünü tez gətirib öz erkəklərimizdən 3 illik birini kəsdi. Yenə də ətdən hər alaçığa pay verəndən sonra qalan ətdən doğrayıb qazana töküb soyutma və kabab bişirib hamımızı bir süfrə başına yığıb nahar etdik. Yenə də balacalar - on iki yaşına kimi olanlar dəstə-dəstə «uçastok»un görüşünə gəldilər. Gedəndə də «uçastok»-«uçastok» deyib qışqırırdılar. Mən çox cırnayırdım. Onlara hücum edib qovalayırdım. Anam deyərdi ki, niyə hirslənirsən? Cırnama, cırnadıqca deyəcəklər, sakit ol. Bir neçə gündən sonra uşaqlar bir ağızdan məni çağırdılar. Ay qara Murad, qapqara, biz Qaşqara gedirik. İndi lap hirslənirdim. Anam da dedi ki, gördün, adam cırnayanda belə edirlər. Səbrli ol, heç fikir vermə, qoy desinlər, bir neçə gündən sonra deməyəcəklər. Qaşqar obadan 2 km aralı dağın dibindəydi. Orda yaxşı baldırğan olurdu. Gedib yığıb gətirdik. Sərin bulağı var idi. Apardığımız pendir çörəkdən yeyib su da içib gəlirdik. Bəzi vaxtlar dağa dincəlməyə gələnlər, imkanlı adamlar orada Qaşqarda çadır qurub bir-iki həftə dincəlib gedirdilər. Anam sağılan kolxoz qoyunlarının südünü pendir edir, inəklərin südünü isə qatıq çalıb tuluxlara, nehrələrə töküb çalxalayıb yağ edib iki gündə bir gəlib aparırdılar. Kolxoz anbarına təhvil verirdilər. «Uçastok» getdikcə boy atır, yeriyir, qarğıdan at minib alaçığın yanında oynayırdı. Çox sakit uşaq idi. Heç vaxt anamı incitməzdi. Çox adam onu «uçastok» yox, «uçili» çağırırdı. Beləliklə, get-gedə bir müddət bir neçə il «uçili» çağırdılar. Mənə də təkdən bir Qara Murad deyib çağırırdılar. Daha hirslənməzdim. Beləliklə, uşaqlıq dövrümüzü yaylaqda başa vururduq. Sentyabr ayı yaxınlaşırdı. Xəlil yurdunun yan-yörəsində yerləşən əkilən taxıl zəmiləri yetişməyə başlayırdı. Ot biçini qurtarıb taxıl biçini başlayırdı. Kənddən biçinçilər taxıl biçməyə gəlmişdilər. Hamı biçinə getməliydi. Sağıcılar, mal-qara otaranlar, cavan uşaqlar, yaylaqda olanlar hamı köməyə gedirdi. Obada sakitlik hökm sürürdü. Yaylaqda bir anam qalırdı, bir də bir neçə köməkçisi olan yaşlı qadınlar. Bir həftəyə Xəlil yurduna yaxın olan taxıl zəmilərini biçib qurtardılar. Sonra qoyun-quzu qırxını başladı. Sentyabr ayı girənə kimi qurtardılar. Sentyabr ayı girdi, məktəb açıldı. Bu il Almurad birinci sinifə gedəcək. Mən isə üçüncü sinifə. Qardaşım İbrahim altıncı sinifdə oxuyacaq. Anam bizi, mənimlə Almuradı, məktəbə yola saldı. Kəndə gedənlərə qoşulub axşam üstü kəndə çatdıq. Dayım arvadı Xansənəm bacı (biz ona bacı deyirdik) bizi qarşıladı. O üzümüzdən, bu üzümüzdən öpüb xoş gəldiniz deyib əlimizdə olan çantaları alıb içəri qoydu. Pal-paltar verib sabun-dəsmal götürüb isitdiyi isti su ilə bizi çimdirdi. Sabah məktəbə təmiz getmək üçün. Dayımın da iki uşağı var idi. Biri oğlan, biri qız. Bahadur da Almuradla birinci sinifə gedəcəkdi. Sabah açılanda hamımız əl-ələ verib Unus kəndindəki məktəbə yola düşdük. Bizi müəllimlər gülərüzlə qarşıladı. Hansı sinifdə oxuyacağıq, oranı göstərdilər. Başladıq birinci dərsi oxumağa, tanış olmağa. Bu dərs ilində birinci sinifdə oxuyanlara rəngli şəkilləri çox olan əlifba kitabları paylamışdılar. Almurad kitabı alıb çox sevinclə gətirib mənə göstərdi. Bax, gör nə qəşəng uşaqların şəkilləri var. Mən də deyirdim ki, kitabı təmiz saxla, cırıb etmə. Anamgil yaylaqdan sentyabrın axırına kimi gələcəydilər. Biz gündə məktəbə gedir, məktəbdən sonra bağa gedib tut, cəviz ağaclarının dibində oturub həm dərs oxuyur, həm də ki uşaqlar gəlib yığmasınlar deyə qoz ağaclarını gözləyirdik. Anamın gələcəyi günləri sayırdıq. Gəlmək vaxtı getdikcə qısalırdı. Həftədə bir dəfə dayım Ordubaddan atı ilə gəlirdi. Onda kənddə maşın yolu yox idi. At onun işlədiyi kantorun atı idi. Bir-iki gün qalıb gedərdi. Uşaqların hamısına geyim, paltar alıb gətirərdi. Ayın axırında anamgilin dağdan köçü gəlib çıxdı. Hamımız sevinirdik. Yenə də həmişəki kimi dayımgilnən bir yerdə yeyib-içib bir ailə kimi yaşayırdıq. Sentyabr ayının əvvəlində Sıxbac deyilən yerdə kolxozun ot tayasını yandırmışdılar. Kəndə gəlib-gedən çox olurdu. Rayondan orqan işçiləri tutmağa, sürgün etməyə adam axtarırdılar. Axır bir fağırın üstünə yıxıb tutub apardılar. Hələ indiyə kimi ondan bir xəbər olmadı. O gedən getdi. Kolxoz sədri Ağalar Yusifovu çıxartmaq istəyirdilər. Kənd əhli yenə də dayım Fərrux kişini tələb edirdilər. Yeni il 1941-ci il hesabat dövrü Ağaları çıxardıb Fərruxu kolxoz sədri seçdilər. Ağalar kişini də rayonda maliyyə işində işləməyə yolladılar. Əziz oxucular. 1939-40-cı illəri yaddaşımda olanları sizə çatdırdım. Qabaqda 41-ci il gəlir. Hələ heç kim bilmir ki, xalqımızın ən dəhşətli ili olacaq. Neçə-neçə gəlinlər dul qalacaq, nə qədər uşaqlar yetim qalacaq, neçə qapılar bağlı qalacaq. O cümlədən anamın yoldaşı müharibəyə gedəcək. İki yetimin üstünə iki yetim də artacaq. Dörd oğlan uşağı atasız qaldıq. Anamın bu ildən sonra əziyyəti birə-ikiqat artdı. Oğlanlarının qayğısına qalmaq, gecə-gündüz fermada işləyib biz qardaşları böyüdüb ərsəyə çatdırmaq arzusu ilə yaşadı, çalışdı. 1941-ci il başladı. Hələ heç kim qabaqda nə olacaq, nələr baş verəcəyini bilmirdi. Hərə öz işində çalışır, işləyirdi. Fermada olanlar fermada, təsərrüfatda olanlar təsərrüfatlarında çalışırdılar. Bizim də ailə bağ-bağçasını təmizləyib bayramın girməyini gözləyirdi. Yenə də həmişə olduğu kimi axır çərşənbəni keçirmək üçün hazırlıq işləri görülürdü. Kəndimizdə axır çərşənbəni keçirmək üçün belə bir adəti var idi. Cavan uşaqlar dağa çıxıb gəvən gətirərdilər. Hər daşın üstünə yığardıq. Hətta tövlələrin üstünə də. Deyərdik ki, görəsən, kimin tonqalının alovu yüksəkliyə qalxır? Bu il «uçili»ni də dama çıxardıb tonqalın üstündən tullandıracaqdıq. Qoyun-quzunu əmizdirib yerbəyer etdikdən sonra qaranlıq düşəndə tonqallara od vurulardı. Səs-küy bir-birinə qarışırdı. Gəvənləri yan-yana götürüb göyə tullayardıq. Axşam şənliyimizi belə keçirərdik. Gündüzdən qovurğa qovurub, plov bişirib cürbəcür şirniyyatlar alıb, qoz ləpəsi, fındıq, bütün meyvələrdən süfrəyə düzüb hazır vəziyyətdə saxlayırdılar. Oturub plovu yeməkdən sonra qapıları gəzməyə gedərdilər. Ələlxüsus ərgən oğlan-qızlar bir qabda su götürüb qapının dalında durardılar. O günü hamı istəyərdi yaxşı sözlər danışsın. Gözəl sözlər eşidən kimi suyu pəncərəyə vurub qaçardılar. 10 yaşa çatan uşaqlar da evdən 7 cür şirniyyat, meyvə bir qaba yığıb qonşuya aparıb deyərdik ki, anam deyir bunu dəyişsin. Ev yiyəsi də götürüb boşqabı boşaldıb öz süfrəsində olandan 7 ləvin şey yığıb verərdi. Bu minvalla kəndin bütün evlərini gəzərdik. Bunlar qurtarandan sonra hamı yığışırdı bir evə. Ələlxüsus da cavan oğlan-qızlar olardı. Burda bir qab qoyub içərisinə bir-bir əlini salıb suyun içindən bir əşya çıxarardıq. Kiminki çıxdı, o adam oxunan can gülümə uyğun arzusuna çatardı. Beləliklə, saat 2-də hamı dağılıb evlərinə gedib yatardılar.
Səhərin alaqaranlığını gözləyərdilər. Hələ işıqlaşmamış vedrələri götürüb çaya qaçardıq. Çay çox uzaq deyildi. Kəndimizin qırağı ilə axırdı. Hamı can atırdı ki, çayın üzərindən birinci tullansın. «Ağırlığım-azarlığım bu çaya tökülsün» - deyib bir-iki dəfə o tərəfə-bu tərəfə tullanıb əl-qolunu çırmalayıb ayaqlarını soyunub yuyunardı. Bəzi cavanlar soyunub çayda çimərdilər. Vedrələri su ilə doldurub bir xeyli qoz boyda çay daşlarını yığıb gətirərdik. Birinci qoyun-quzu tövləsinin qapısını açıb daşlardan hər bucağa atardıq. Sonra da sudan qoyun-quzunun üstünə, tövləyə çiləyərdik. Bir də vedrələri doldurub evə aparardıq. O suyu evdə qazanlara töküb qızdırıb yuyunardılar. Bununla axır çərşənbəni yola salardıq. 3-4 gündən sonra Novruz Bayramına hazırlıq işləri başlayardı. Bayram adət-ənənəmizi yuxarıda yazmışam. Bir də təkrar etməyə dəyməz. Novruz bayramını həmişəki kimi təm-təraqlı keçirdik. Bu il «uçili»n 2 yaş 9 aylıq idi. Əlindən tutub yaxın qohumlarımızın bayramını təbrik etməyə apardım. Bütün qohumlarımız ancaq rəngli yumurta verirdilər. Onun xeyli rəngli yumurtası var idi. Sevincək gətirib evdə boşqabın içinə düzmüşdü. Bir neçə gün bizə bayramlığa gələn yaşıdları ilə yumurta döyüşdürdü. Udanda atılıb düşərdi, sevinərdi. 41-ci ilin bayramını - çərşənbəsini yola saldıq. Qabaqda bizi, bütün milləti nə gözləyir, heç kəs bilmirdi. Hərə öz işi ilə məşğul idi. Anam öz işində, atamız da öz işində işləyirdi. Anamın işi az idi. Qış olduğuna görə, inəklərdən sağılan süd az idi. Onu iki gündən bir emal edib yağını, şorunu çəkib anbara təhvil verirdi. Süd az olduğu üçün köməkçisi yox idi. Emal işlərini tək görürdü. Aprel-may ayları süd sağımı çoxaldı, artdı. Bu vaxtı anama köməkçi verdilər. Anam öz əmi nəvəsi Mələk bacını yanına köməkçi götürdü. Mələk bacının 16-17 yaşı olardı. Çox zirək, təmizkar qız idi. Biz qardaşlar həmişə onu «bacı» - deyə çağırardıq. Lap indinin özündə də 78 yaşı olmasına baxmayaraq, «Bacı» - deyib çağırırıq. Allah onun canını salamat eləsin. 1 May bayramı yaxınlaşırdı. Hamı - kolxozçular, məktəblilər 1 May bayramını yaxşı keçirmək üçün hazırlıq işləri görürdük. 1 May bayramının nümayişini keçirmək üçün sovetlikdə - yəni Dırnıs orta məktəbinin həyətində dörd kolxozun kolxozçuları, məktəbliləri əllərində yazılı şüarlar, bayraqlar, ora toplaşırdı. Hər məktəb öz idman oyunlarını göstərərdi. Hər kolxoz sədri götürdüyü öhdəlikdən danışırdı. Şüarlar deyib tribunadan düşərdi. Gurultulu alqışlar altında bu il mən də, qardaşım İbrahim də, Almurad da iştirak edirdik. Dayımın çıxışı bütün iştirakçıların, rayondan gələn təhkimçinin də ürəyindən oldu. Çox uzun, gurultulu alqışlar altında tribunadan əl eləyirdi. Biz qardaşların da sevincinə ruh verirdi. Beləliklə, 1 May bayramı qurtardı. May ayını başa vurub həmişəki kimi adət-ənənə üzrə yaylağa - Xəlil yurduna getməyə hazırlaşırdıq. Məktəblilər yay tətilinə buraxılmışdılar. Yuxarı siniflərin imtahanları qalırdı. Məktəbimiz 7 illik idi. 8, 9, 10-cu sinifləri Dırnıs məktəbində oxuyurdular. Təsərrüfatçılar təsərrüfatda işləyirdilər. Biz fermada işləyən qarabağlılara indi «qaçqın» deyil, «qarabağlı» deyirdilər. Biz, yəni qaçqınlara indiyə kimi üç ad vermişdilər. Birinci, 1918-ci ildə qaçqın düşəndə Zəngəzur qaçqınları, 1926-cı ilə kimi tərəkəmələr, 1927-ci ildən sonra 1933-34-cü il tarixindən sonra isə qarabağlılar adlandırırdılar. Bəli, biz belə bir etap keçirdik. İyun ayının 15-də yaylağa qalxmaq vaxtı gəlib çatdı. Kolxoz öz köçünü birinci qaldırmışdı. Qoyun-quzu, mal-qara hamısı yaylaqdaydı. Eləcə də bütün qarabağlıların alaçıqları qurulmuşdu. Bir neçə gün olardı ki. yaylaqda yeni həyat canlanırdı. Səssiz-küysüz bir ay dincini alan bu dağlar, təpələr, dərələr yaylağa gələn insanlara, qoyun-quzulara, mal-qaraya ağuşunu açıb qoynuna alıb onlara lay-lay çalır, salamlayırdı. İyun ayının 20-də hələ heç kim bilmirdi ki, sabah nələr eşidəcəklər? Xeyirmi, yoxsa şərmi? Yaylaqda olan bütün qoca-cavan, uşaqlı-böyüklü deyib-gülür, bir-birilərini səsləyirdilər. İyun ayının 22-i dünyaya dəhşətli bir xəbər yayıldı. Hitler Almaniyası müqaviləni pozaraq Sovetlər Birliyinə hücuma keçib. Bu xəbər biz yaylaqda olanlara bir gün sonra gəlib çatdı. Hamı təşfvişə düşdü. Kəndlə yaylaq arasında gündəlik xəbər aparıb, xəbər gətirmək, əlaqə saxlamaq sürətləndi. Xəbərlərdən biri o idi ki, cavanları səfərbərliyə çağırırlar, bizlərdən də yaşı 18-dən yuxarı cavanlara arayış gəlmişdi müharibəyə aparmağa. İyun ayı çıxmışdı. İyul ayında hamını müharibəyə səfərbərliyə çağırırdılar. Hitler Almaniyası Ukraynanı, Belarusiyanı işğal etmişdi. Bütün Pribaltika ölkələri Alman ordusunun əlindəydi. Almanlar ildırım sürəti ilə irəliləyirdilər. Hər gün bir xəbər gəlirdi ki, yaylaqdan filankəsin oğlunu apardılar. 3 günlüyə kağız veriblər aparacaqlar, filan şəhəri almanlar alıb. Bu cür dəhşətli xəbərlər getdikcə çoxalırdı. Kolxozda olan işçiləri - fermada işləyənləri hələ ki, çağırmırdılar. Dayım kolxoz sədri tez-tez yaylağa çıxır, fermaçılara ciddi tapşırıqlar verib gedərdi. Kolxozda iş rejimi daha da ciddiləşirdi. Bütün məhsullar yığılıb qramına kimi kolxoz anbarına təhvil verilirdi. Arpa, buğda, noxud, lobya, qoz, tut. Təsərrüfatda nə var, hamısı fermada olan məhsullar da - yağ, pendir, yun, şor, ət - bunların toplanışına ciddi nəzarət edilirdi. Hər ay sovetlikdən 10-15 nəfəri müharibəyə aparırdılar. Bu il «uçili»nin yaylaqda 3 yaşı tamam oldu. Bu üç yaşı qeyd edə bilmədik. Müharibə xəbərini yaydıqları üçün (atalar düz deyib ki, 3-13 rəqəmləri nəsdir) yaş gününü keçirə bilmədik. Zaman öz işindəydi. Onun qanunlarını pozmaq olmaz. Həyat isə müharibə olmasına baxmayaraq irəliləyirdi. İşləmək, gecə-gündüz yaşamaq üçün biz ailənin də üzərinə məsuliyyət düşürdü. Heç kimdən geri qalmamaq üçün hər işə gedirdik. Hərəmiz başardığımız işlə məşğul olurduq. İyul-avqust aylarını yaylağa yaxın ot, taxıl biçininə köməyə gedirdik. Yaşımızın az olmasına baxmayaraq, gücümüz çatan işləri görürdük. Ot, taxıl dərzlərini yığıb bir yerə toplayırdıq. Bunların hamısı dəmiyə yerləriydi (susuz yer). Yığılan ot, taxıl dərzlərini (bağlamalarını) ata, ulağa yükləyib Unus kəndinə xırmana aparırdılar. Xırmanda öküzlərlə döyüb taxılı anbara, samanı da başqa anbara yığırdılar. Bu işlərdə 10-12 yaşlı uşaqlar fəal iştirak edirdilər. Məktəb açılana kimi bu il yaylaq mövsümünü belə başa vurub məktəbə hazırlaşırdıq. Sentyabr ayı gəldi. Həmişə olduğu kimi yaylaqdan mən, Almuradla birlikdə gəldik. Dərs başlanmışdı. Dayımın yoldaşı həmişə olduğu kimi bizi geyindirib səhər öz uşaqları ilə, qızı Məleykə, oğlu Bahadurla məktəbə yola saldı. Biz bu il dördümüz də səhər-səhər məktəbə gedirdik. Qardaşımız İbrahim ikinci növbə gedirdi. Hamımız bir yerdə yeyib-içib bir yerdə də yatırdıq. Xansənəm bacı gələn qonağa və bizə qulluq edirdi. Biz də bacımıza kömək edirdik. Hamımız iş görmək qabiliyyətinə çatmışdıq. Anam «uçili» ilə yaylaqda qalmışdı. Onlar sentyabrın axırında gələcəkdilər. Bu il müharibə olmasına baxmayaraq payızda yetişən meyvələri qurudub bir dənəsinə kimi kolxoz anbarına briqadirlərə təhvil verirdilər. Cəviz, tut, alça, alma qaxı, cürbəcür meyvələrin qaxlarını qurumuş halda. Bu meyvələrin yığılmasında biz məktəblilər də fəal iştirak edirdik. Məktəbdən qabaq, məktəbdən sonra briqadirlər hamını işə çağırırdılar. Müharibə gedirdi. Cəbhədən dəhşətli xəbərlər gəlirdi. Gündəlik qəzetlərdən yeni-yeni şəhərlərin alınması, ölənlərin, yaralıların sayı barədə oxuyurduq. Sentyabr çıxdı. Oktyabr gəldi. Soyuqlar düşməyə başladı. Qış üçün sobaları yandırmaq üçün odun, gərmə toplayırdıq. Kolxozun təsərrüfat işləri azalırdı. Bir kartof yığımı qalırdı. Onu da cavanlı-qocalı tökülüb bir-iki həftəyə toplayıb kolxoz anbarına təhvil verirdilər. Kolxoz heyəti tərəfindən çox ciddi nəzarət edirdilər. Kolxozçular da öz həyətyanı torpaqlarında yetişən meyvəni - alma, armud, heyva və başqalarını yığıb anbarlarına qış üçün saxlayırdılar. Saxladıqları, bəslədikləri erkəkləri kəsib qovurub (qovurma) qışda istifadə etmək üçün saxsı küpələrə doldururdular. Bunları bişirdikləri xörəklərin içərisinə töküb yeyirdilər. Bizim ailə hər il qovurmalıq üçün iki-üç erkək bəsləyib kəsərdik. Bunu anam dağdan gələndən sonra edərdi. Adət belə idi. Kəsilən qovurmalıq üçün erkəklər o gününü yaxın qonşu, qohumları çağırıb qonaqlıq verərdilər. Ya da ki, bişmiş ətin suyundan bir qazana bir neçə tikə ət qoyub yollayardılar. Uzaqda kəndin kənarında yaşayan qohumlar, qonşular da yaddan çıxmazdı. Buna qanbozbaş deyərdilər. Yəni bişirəndə əti ət-yağ halına keçməmiş suyundan götürüb hər boşqaba töküb qurumuş lavaş çörək doğrayıb doğranmış baş soğanla yeyərdilər. Bir-iki pörtlənmiş ət tikəsi ilə birlikdə. Bunu yazmaqda məqsədim odur ki, çox bölgələrdə bu cür yemək olmur. Bu ancaq Naxçıvan mahalında yayılmış adət-ənənədir. Müharibə gedirdi. Hər həftə, hər ay adamları müharibəyə yola salırdılar. Oktyabr ayında bizim ailədən anamın dayısı oğlunu da müharibəyə apardılar. Ona Bəşir əmi deyirdik. O, Ordubad-Culfa arasında dəmir yolu tikintisində işləyirdi. Ucaboylu, yaxşı görkəmli bir cavan oğlan idi. 24-25 yaşındaydı. Atasını, anasını erməni-müsəlman savaşında öldürmüşdülər. Dörd yaşında xalasıgil gətirmişdilər. Yetim qalmışdı. Çox diribaş uşaq olduğu üçün uşaq evlərində olmuş, oxuyub 5-ci sinifi qurtarmışdı. Sonra qaçıb gəlib anamın yanına. Bir neçə il bizdə qalandan sonra gedib dəmir yolu tikintisində işləyirdi. Yaxşı işlədiyi üçün bir neçə fəhlənin briqadiri qoymuşdular. Yaxşı maaş alırdı. Hər ay evə gələndə biz uşaqlara təzə paltar alıb gətirərdi. Yaxşı işlədiyi üçün pul mükafatı, bir samovar vermişdilər. Axır zamanlara kimi o samovar qalırdı. Başqaları kimi onu da müharibə uddu. Getdi gəlmədi. Bizim evdə onun bir samovarı qaldı. Onu görəndə, qaynadanda Bəşir əmi yada düşürdü. Kənddən bir neçə cavan onunla getdi, gəlmədilər. Mirhaşım, Ağaqulu, Salman, Abbasəli 41-ci ildə gedib gəlməyənlərdir. Bu qış da çox bərk soyuq oldu. Çoxlu qar yağırdı. Qış sərt keçirdi. Dekabr çıxmaq üzrəydi. 42-ci ilin yanvarı yaxınlaşırdı. Alman ordusu Leninqradı mühasirəyə almış, Moskvaya yaxınlaşmaqda idi. Qorxulu vəziyyət alınmışdı. İndi 45 yaşından yuxarı adamları da müharibəyə yığırdılar. Dayımı bir neçə dəfə aparmağa çağırmışdılar. Kolxoz sədri olduğu üçün raykom aparmağa qoymamışdı. Fevral ayı atamızı Qədirqulu kişini aparmağa çağırdılar. Bir neçə günlük yol çörəyi götürüb yola saldıq. Hamımızla görüşüb öpüşüb dayım aparıb Dırnıs sovetliyindən yola saldı. Kənd soveti orada yerləşirdi. Müharibəyə gedənlər ora yığışır, kənd sovetliyi aparıb rayonda voyenni komissara təhvil verirdi. Oradan da dəmir yolu vağzalında müharibəyə yola salırdılar. İki aydan sonra bayram qurtardı. Bir də gördük gecə qapı döyüldü. Kimsən deyəndə, dedi ki, mənəm. Səsindən tanıdıq. Tez hamımız yuxudan qalxıb qucaqlaşıb görüşüb peçi yandırdıq. Qaçıb dayımgilə xəbər verdik. Muştuluqladıq. Səs-küyə yaxın qonşular da durub gəldilər, gözaydınlığı verdilər. Hamı sakitləşəndən sonra çay içib, çörək yeyib söhbətə başladı. Dedi: «Bizi Ordubad vağzalından yola saldılar. Bir həftəyə kimi yol getdik. Gedib Afçalıya çıxdıq. Tiflis tərəfdə orada bizi töküb baraklara apardılar. Ora yerləşdiriləndən sonra yığılan adamları dəstə-dəstə seçib vaqonlara hərbi paltarla mindirib müharibəyə yola saldılar. Bizi - mənimlə gedən bir neçə nəfəri yeməkxanada işləmək üçün ora apardılar. Kartof gətirmək üçün oradan da vağzala aparıb gələn ərzaqları boşaldıb hərbi yeməkxananın anbarına gətirdik. Gündüzlər işləyib gecə gəlib barakda yatırdıq. Elə vaxt olurdu ki, gəlib görürdük ki, yerimizdə yatıblar, çox vaxt yatmırdıq. 20 gündən sonra komissiyaya apardılar. Həkim yoxlamasında mənə dedilər ki, sən yaşlısan, olmaz. Ağzıma baxıb dedilər ki, dişin tökülüb. İki-üç dişim çıxmışdı. Mənimlə Unusdan gedən İsgəndər kişiyə də dedilər ki, dişi tökülüb. Kağızlarımızı verib bir zabitə tapşırdılar ki, öz Vətənlərinə yola sal. Biz gəlib işlədiyimiz yeməkxanada bir neçə konserva bankası, suxarı çörək, soğan-çörək çantaya yığıb biz tərəfə gələn vaqona mindirib yola saldılar. Gəlib Ordubad vağzalına çıxdıq. Oradan kəndə piyada gəldik. Səhər açılanda hamı gəlib anama, dayıma göz aydınlığı verirdilər. 42-ci ilin aprel ayı girmişdi. Bu il yağan qar çox olduğuna görə, bəzi yerlər qarla örtülmüşdü. Quzeylərin qarı hələ tərpənməmişdi. Müharibədən çoxlu yaralı əsgərlər gəlirdi. Bəzilərinin bir qolu yox, bəzilərinin qılçasının biri yox, əlləri-ayaqları yaralı gəlirdilər. Almanlar Qafqaz dağlarına yaxınlaşırdılar. Vəziyyət çox ciddi idi. Belə bir şüar çıxmışdı: «Hər şey müharibə üçün, hamı müharibəyə!» 16 yaşından 60 yaşına kimi olanları müharibəyə çağırırdılar. Yenə də kolxoz sovetindən atamıza bildiriş gəldi. Onu müharibəyə çağırırdılar. Yenə də ailəmizə, evə qəmginlik düşdü. Bu günlərdə dayımı da çağırmışdılar. Dayım yeznəsi Qədirqulu kişini götürüb rayona getdilər. Gedəndə hamımızla görüşüb-öpüşüb çantalarını çiyinlərinə aşırıb getdilər. Dallarınca baxa-baxa qaldıq. Anam hey deyirdi. Allah kömək elə, ailəmiz başsız qalmasın. Dallarınca su atıb qayıdıb evə gəldik. Dayım Ordubada gedib raykoma deyər ki, məni, yeznəmi müharibəyə aparırlar, kolxoza sədr yolla. Katib durub dayımı götürüb komissarlığa gətirib. Orada komissara deyib ki, biz kiminlə işləyəcəyik? «Mən sədr gedirəm, sən də kolxoza çoban». Çox hirsli-hirsli çığırıb. Komissar görər ki, düzgün iş tutmayıb. Sakit durar, dinməz. Sakitləşəndən sonra komissar deyər ki, ikisini də müharibədən saxlaya bilmərəm. Sədrlərə müharibəyə aparmasınlar deyə bron gəlib. Katib dayımı da, Qədirqulu kişini də götürüb evə gətirir. Çay-çörək yeyəndən sonra deyir: «Fərrux, indi vəziyyət çox çətindir. Şəhərdə qoca-cavan qalmayıb. Belə getsə, hamımız müharibəyə gedəcəyik, ölkə invalidlər, şikəstlər ölkəsi olacaq. Sən get işinin üstünə, mən sənə bron çıxardım. Komissar dedi ki, belə bir qanun çıxıb. Yeznə, sən də Allaha təvəkkül, bu dəfə də get. Görək nə olur? Katib sağollaşıb işinə gedir. Dayım da yeznəsini götürüb komissarlığa, sovetlik katibinə verir. Kolxoz soveti katibi deyir ki, mən sizi gözləyirdim, sənədləri komissara verməmişəm. Dayım deyir ki, mənim adımı oradan çıxart. Məni komissar buraxıb, sənədlərimi özümə qaytar. Sənədlərini alıb dəmir yol vağzalına gedib müharibəyə gedənləri yola salanları gözləyir. Axşam üstü komissarın maşını içi adamla dolu gəlir. Hamı öz qohum-qardaşını götürüb vaqona mindirib yola salırlar. Atam 1942-ci ilin aprel ayından ikinci dəfə müharibəyə gedəndən sonra bir daha heç geri qayıtmadı. Məktub da almadıq. Rayondan onunla gedənlərdən heç biri geri qayıtmamışdı. Bir neçə aydan sonra itkin düşmüş kağızı verdilər. Kənddən bir neçə adamı da müharibəyə apardılar. Bunlardan Hacı, Mirata, Səhlalı, Əşrəf, bir neçə də erməni uşaqları. Kənddən 1943-cü ilə kimi müharibəyə getməyə adam qalmamışdı. Qalanlar yaşı çatmayan yeniyetmələr, bir də qocalar idi. Kolxoz öz təsərrüfat və ferma işlərinə ciddi nəzarət edirdi. «Hər şey müharibəyə» şüarı altında çalışırdıq. 10-12 yaşlı oğlan-qızları işə çağırırdılar. Məktəb qurtaran kimi təsərrüfatda işləmək, ot yığmaq, taxıl zəmilərinə tökülmüş sünbülləri yığmaq, xırmanda işləmək, vəl sürmək və sairəyə çağırırdılar. Fermada işləmək üçün buzovları otarmaq, evdə qalan qoyun-quzzunu otarmaq və başqa işlər. Bizim də ailəyə bu görülən işlərdən düşürdü. Anam yenə də emalda işləyirdi. Mən yaylağa qalxanda kolxozun buzovlarını örüşə aparıb gətirirdim. Almuradla birlikdə qardaşım İbrahimlə təsərrüfatda hərə bir işə gedirdi. Həm də öz təsərrüfatlarımıızda olan işləri kənddə qalan dayımın yoldaşı uşaqları ilə görürdülər. Həm kolxozda işləyir, həm də birlikdə öz təsərrüfatımızda. Belə bir qanun çıxmışdı. Hər bir işi, qüvvəsi çatan kolxozçu minimum əmək haqqını doldurmalıydı. Əmək (zəhmət) haqqı qadınlar üçün 45, kişilər üçün 60-dan yuxarı olmalıydı. Kim bu əmək haqqını doldurmasaydı, əmək haqqına verilən məhsul ona verilmirdi, ya da faizi azaldılırdı. Ona görə də hamı çalışırdı ki, əmək haqqını yerinə yetirsin, işləsin. 1942-ci ilin yaylaq mövsümü gəldi. Yenə də yaylağa qalxmağa başladıq. Hərə öz köçünü Xəlil yurduna qaldırırdı. Dayım kolxozdan at, qatır ayırıb yatağımızı, qab-qacağı, emalın bütün əşyalarını yüklədib yaylağa yola saldı. Bu il dayımın uşaqları da bizimlə yaylağa getdilər. Bahadur, Məleykə Almuradla həmyaşıdlar idi. Yaylağa qalxıb hərə öz işi ilə məşğul olurdu. Bu il «uçili»nin 4 yaşı tamam olurdu. Artıq yaşıdlarına qoşulub yaylaqda olan uşaqlar onu ata mindirib alaçığın dörd tərəfində fırladırdılar. Çox vaxt balaca vedrəni götürüb arxdan su doldurub gətirirdi. Anama kömək edirdi. Kənddən gələnlərin qabağına yüyürüb gəlib kim olduğunu deyirdi. Bu il dayım - kolxoz sədri yaylağa tez-tez gəlirdi. Həm bizi görməyə, həm də kolxoz fermasının işçilərinə tapşırıqlar verib gedərdi. Müharibə lap yaxınlaşmışdı. Qafqaz dağlarının ətəklərində atışmalar gedirdi. Bakı təhlükə altındaydı. Ona görə Bakını hər tərəfdən qoruyurdular. Həm dənizdən, həm də quru tərəfdən. Ölənlərin, yaralıların sayı getdikcə artırdı. Gündə ölən, itkin düşənlərin xəbərini ailələrinə xəbər verirdilər. Bu il yaylağa müharibədən qara xəbərlərin sayı tez-tez gəlirdi. Müharibədən qayıdan yaralıların, şikəstlərin sayı çoxalırdı. Bizim kənddən də Əli yaralanıb gəlmişdi. Onu xarici dillər institutundan aparmışdılar. Alman dili fakültəsində oxuyurdu. İki-üç aydan sonra yenə də apardılar. Yarası sağalmışdı. Getdi, bir də geri qayıtmadı. Hər il olduğu kimi bu il də yaylaq vaxtını başa vurub kəndə gəldik. Məktəbə gedənlər məktəbə gedir. Məktəbdən sonra kolxozun bağlarından cəviz yığmaqda kolxozçulara kömək edirdik. Sentyabr ayında payız məhsulları itkisiz təmiz yığılıb kolxoz anbarına təhvil verilirdi. Kartof, lobya, noxud, taxıl - bütün meyvələr kolxoz anbarına yığılırdı. Dayım bu sahədə çox ciddi idi. İsrafçılığa yol vermirdi. Oktyabr ayı yığılan məhsulun dövlətə çatanını verib tədarükün qalanını bütün əmək haqqına paylayırdı. Taxıldan tutmuş, bal, yağına kimi qramına qədər. Müharibə getməsinə baxmayaraq, yaxşı dolanırdılar. Hətta uzaq yerdə yaşayan qohumlarına qədər düşəndə yardım edirdilər. Fermada işləyənlər daha da yaxşı dolanırdılar. Həm kolxozdan aldığı əmək haqqına görə, həm də öz mal-qarasını, qoyun-quzusunu saxladığına görə. Bizim də o dövrdə inəyimiz, qoyunumuz, keçimiz başqalarına nisbətən çox idi. Üç təsərrüfatın başçısı adına yazılırdı. Keçən ilin qışı kimi bu il də çox tez düşdü. Soyuqlar oktyabrdan başladı. Qar yağmağa başladı. Bu qış mövsümü ailəmiz dayımgillə bir yerdə yaşayırdı. Bir yerdə yatır, bir yerdə yeyib-içirdik. Məktəbə bir yerdə gedib-gəlirldik. Dayım bütün ailəyə rəhbərlik edirdi. Anama tapşırırdı ki, uşaqların yeyib-içməyinə yaxşı fikir ver, qoyma xəstələnsinlər. Anam yaxşı türkəçarə işlərindən bilirdi. Biri xəstələnən kimi yaylaqdan yığıb gətirdiyi otlardan istifadə edirdi. Hətta kimin uşağı xəstələnsə, gəlib anamdan məsələhət alırdılar. Xəstələnmiş uşağı birinci anama göstərirdilər. O məsləhət görsəydi, xəstəni rayona xəstəxanaya həkimə aparardılar. Sovetlikdə bir həkim var idi. O da erməni idi. Kənddən kim onun yanına xəstə uşaq aparsaydı, soruşardı ki, Mehrnisə arvada göstərmisiniz, ya yox? Ondan sonra uşağa dərman yazardı. Allahtəala hər iki tərəfdən insanları imtahana çəkirdi. Həm müharibə, həm də soyuq qar. Hər gün qar yağırdı. Onda evlərin üstündə örtük şifer, dəmir yox idi. Yağan qarı damların üstündən təmizləmək, kürümək üçün bir az çətin idi. Tezdən durub damların üstündən qarları təmizləyib, eləcə də tövlənin üstünü, yan-yörəsini təmizləyib, mal-heyvana ot verirdik. Gəlib çay-çörək yeyib məktəbə gedirdik. Bu işlər mənə və məndən balaca Almurada, Bahadura düşürdü. Soba üçün odun hazırlamaq, bir az ağır işlər İbrahimə düşürdü. Ailəmizdə beləcə iş bölgüsü var idi. «Uçili»nin də. Günorta heyvanları suvarmaq üçün çaya aparanda onu da ata mindirib aparıb gətirirdik. O çox sevinirdi. Atı suvarmaq üçün çaya aparanda çox vaxt özü minib aparıb gəzdirirdi. Bu iş bir vərdiş halına keçmişdi. Bu qış dövründə «uçili» 5 yaşına keçmişdi. Beş yaş, beş ay içindəydi. O hər şeyi başa düşürdü. Əlifba kitabını götürüb hərfləri öyrənirdi. O anamdan namaz qılmağı da öyrənirdi. Hətta orucluq ayında əhya günlərində bir neçə gün oruc da tuturdu. Hər axşam olanda anamı məcbur edib deyərdi ki, nağıl danış. Çay-çörək yeyib qurtaran kimi anam bizə nağıl danışırdı. Folklordan, bayatılardan, ağılardan söyləyərdi. Biz həvəslə yığışıb qulaq asardıq. Anamın yaddaşı çox yaxşı idi. Nə danışsan, yaddaşında saxlayardı. Hamımız öz dərsimizi, kitabımızı anamın yanında oxuyardıq. Sabirin şerlərini, Abdulla Şaiqin «Tülkü Həccə gedir» şerini yaddaşında saxlayıb bizə qayıdıb əzbərdən deyərdi. Anam 3 illik o zaman savadsızlığı ləğv etmək kənd məktəblərində 36, 37, 38-ci illərdə açılmış kursda oxumuşdu. Anam deyərdi ki, əlifbanı öyrənəndən sonra ikinci ili müəllimə şerlər oxuyub. Deyirdi ki, müəllim danışdığı şeri yaddaşımda saxlayıb sabahkı dərsdə müəllimə əzbər danışardım. Mən yaxşı yazmağı, oxumağı bacarmırdım. Amma müəllim söylədiyi dərsləri yaddaşımda saxlayıb özünə söyləyirdim. Sinifə girən kimi müəllim (o erməni dığası) «Kim dərsini bilir?» - soruşanda tez əlimi qaldırardım. Deyirdi ki, xala, sən çox yaxşı bilirsən. Başlayardı dərslərini o biri qadınlardan soruşmağa. Jurnalda həmişə mənə əla qiymət yazardı. Ona görə anamın yaddaşı çox iti idi. O çoxlu xalq nağılları danışardı bizə. Uzun qış gecələri qonşu oğlan-qızlar da bizə gələrdilər. Anamın nağıllarına, dastanlarına qulaq asardılar. Bizim içimizdə yaşca böyük olan Mələk bacının da yaxşı yaddaşı var idi. Anamın bu nağılları, folklorları olan şerlər, bayatılar, deyimlər bizə orta məktəbdə çox kömək edirdi. Əziz oxucular! 41-42-ci illəri bizim ailə başqa ailələr kimi acılı-şirinli yola saldıq. Müharibə gedir, cəbhədən acı xəbərlər gəlirdi. 43-cü ilə qədəm qoyurduq. Həyəcanlı xəbərlər eşidirdik. Minlərlə şəhər-kəndlərin dağılması, insanların qırılması, əsir düşməsi xəbərlərini qəzetlərdən oxuyur və eşidirdik. Şəhərlərdə-kəndlərdə aclıq, dilənçilik getdikcə çoxalırdı. Aclıq-dilənçilik bizim kolxozda, kənddə hələ ki, hiss olunmurdu. Ona görə ki, bütün kolxozçular birlikdə təsərrüfatda, fermada işləyirdi. Məhsulun yığılmasına və bölünməsinə hamı nəzarət edirdi. Kolxoz sədri də hamıdan ciddi idi. Bizim ailədə aclıqdan korluq hiss etmirdik. Ona görə ki, hamımızın iş qüvvəsinə çatan əmək günü alırdıq. Həm də öz inəyimiz, qoyunumuz çox idi. Onlar bizə bəs edirdi. Aclıq çəkməyə qoymurdu. Əmək gününə düşən məhsul artıqlaması ilə bizim ailəmizə bəs edirdi. Ailəmiz dayımgillə bir yerdə 10 nəfər idik. Kənar adamlar bilməzdilər ki, biz ayrı-ayrı ailələrik. O zaman kolxoza rayondan tez-tez yoxlamalar gələrdi. Həm kolxozu yoxlayardılar, həm də kolxozçulara müharibə haqqında məlumat verərdilər. Kolxozçular hamı bir yerə toplaşıb dinləyərdilər. Hətta məktəblilər də qulaq asardılar. Onlar dayımgildə qalardılar. Biz uşaqlarla söhbətlər edərdilər. Dərslərimizi soruşar, yazı dəftərlərimizi alıb baxardılar. Beləliklə, rayon işçiləri bizi tanıyırdılar, «uçili»ni də. Onu yanlarına çağırıb soruşurdular ki, adın nədir, məktəbə nə zaman gedəcəksən? Hətta nə olacaqsan? O həmişə deyərdi ki, mən böyüyəndə əsgər olacam. Qonaqlar da gülüşərdilər. «Uçili» getdikcə böyüyür, boy atır, yaxşı danışır, şerlər deyirdi, onun yazıb-oxumağa həvəsi artırdı. 1942-ci ilin noyabr ayı girmişdi. Cəbhədən yeni-yeni xəbərlər gəlirdi. Stalinqrad hələ mühasirədə idi. Orada ölüm-dirim məsələsi gedirdi. Bütün qüvvələr ora cəmləşmişdi. Sovet qoşunlarının əks hücumu başlamışdı. Sovet qoşunlarının noyabr-dekabr hücumları Stalinqradı azad etdi. Stalinqradın azad edilməsi qələbəsi Böyük Vətən müharibəsində dönüş ilinin başlanğıcı oldu. Bu vuruşmada hər iki tərəfdən ölənlərin, əsir düşənlərin sayı minlyonlarla idi. Düşmənin əsgəri, hərbi texnikası darmadağın edilmiş, əsir alınmışdı. 42-ci ilin dekabrından cəbhədən sevindirici xəbərlər gəlidi. Artıq Sovet Ordusu yeni kəndləri, şəhərləri geri alırdı. Qafqaz cəbhə boyu əks hücuma keçmişdilər. Qoşunlarımızın bu irəliləyişinə hamı sevinirdi. Kənddə kolxozçular üçün məlumatlar verirdilər. Oxumaq üçün qəzetlər paylayırdılar. Məktəb yaşlı uşaqlar da küçədə, damda, həyətdə sürüşür, qar-topu oynayır, atılıb düşürdülər. «Uçili» də onlarla oynayıb vaxtını keçirirdi. Biz məktəbdə oxuyan uşaqlar məktəbə gedir, məktəbdən sonra damların qarını təmizləyirdik. Böyük damların, kolxoz tövlələrinin üstündə aşıq oynayardıq. Qış dövründə uşaqlıq dövrümüzü beləcə başa vururduq. Artıq 43-cü ilə qədəm qoymuşduq. Yaxın kəndlərdən, cəbhədən gələnlər olurdu. Anam onların görüşünə gedərdi. Ailəsinə göz aydınlığı verib gələrdi. Beləliklə, müharibəyə gedənlərdən yaralılardan hospitallardan məktublar gəlir, ölən, itkin düşənlərdən qara xəbər gəlirdi. Əziz oxucular! Mənim 41-42-ci illərdə öz ailəmiz haqqında yadımda qalan və gördüklərimi qısaca da olsa qeyd etdim. Bu illər acılı, əziyyətli illər olsa da, bir-birimizə olan qohumların mehribanlığı getdikcə möhkəmlənirdi. Bir-birilərini soraqlaşıb hal-əhval tuturdular, iqtisadi cəhətdən köməklik edirdilər. Bu müharibə illərində 41-42-ci ildə kəndimizdə nə bir evlənən oldu, nə də bir ərə gedən olmadı. Bizim ailəyə dayım himayədarlıq edirdi. Onun razılığı olmadan bir iş görməzdik. Bu illəri dayımın bir qızı da olmuşdu - Fizzə. Ailəmizin bir üzvü də artmışdı. Beş dayımın ailəsi, beş də bizim ailə - 10 nəfər. Hər bir işimiz, yaşayışımız bir yerdə olurdu. 41-42-ci ili başa vurduq, 43-cü ilə başladıq. 1943-cü il yanvar-fevral ayları müharibənin ən dəhşətli illəri idi. Həm qarın-soyuğun dəhşətli olması, həm də cəbhədən tez-tez ölüm xəbərləri gəlirdi. Kəndlərdən müharibəyə gedənlərin ölüm xəbərləri gəlirdi. Arxa cəbhədə iqtisadi vəziyyət getdikcə pisləşirdi. Çörək tapılmırdı. Şəhərlərdə kartoçka sisteminə keçilmişdi. Kolxozlarda da vəziyyət çətinləşirdi. Yığılan məhsulun çoxunu dövlətə verirdilər. Kolxozçulara vergi günü-gündən artırılırdı. Ət, yun, yumurta, yağ. Təsərrüfatdan gəlir vergisi yığılırdı. Əhalinin vəziyyəti getdikcə ağırlaşırdı. Cəbhədən fevral-mart aylarında sevindirici xəbərlər gəlirdi. Artıq Stalinqrad ətrafı alman ordularından geri alınmışdı. Ordumuz günü-gündən yeni məntəqələr, şəhərlər azad edirdi. İkinci cəbhənin açılmasını xəbər verirdilər. Əhali arasında əhval-ruhiyyə yaxşılaşırdı. Bədbinlik üzlərdən götürülürdü. Kolxozlarda iş rejimi çox ciddi idi. Ələlxüsus da fermada bir inək və ya bir qoyun tələf olanda böyük səs-küyə səbəb olurdu. Ona görə də kolxoz sədri dayım qış mövsümü bütün kolxozun mal-qarasını, qoyununu, atını, öküzünü kolxozçulara bölüşdürüb onları qışdan sağ-salamat çıxarıb apreldə təhvil alardı. Hamı da çalışardı yaxşı bacarıb təhvil versin. Ona görə də ölüm, itki olmurdu. Mal-qara arasında bu işlərdən bizim ailəyə də saxlayıb becərməyə düşərdi. Bu müharibə illərində kəndimizin əhalisi iqtisadi cəhətdən korluq çəkmirdi. Çərşənbəni - bayramı çox da təmtəraqlı keçirmirdik. Aprel ayı girmişdi. Təsərrüfatda işləyən təsərrüfata, fermada işləyən fermaya ayrılmışdı. Hərə öz işi ilə məşğul olurdu. Anam da öz işinə kolxozda emalçı işinə başlamışdı. Biz də vaxtında məktəbə gedir, məktəbdən qayıdandan sonra təsərrüfatda öz mal-heyvanımıza baxır, aparıb ot, su yedirir, bəzi işlərdə anama kömək edirdik. Artıq «uçili»nin bir-iki aydan sonra 6 yaşı tamam olacaq. O da bizimlə bərabər işə gedir, quzuları otarır, atı aparıb çayda suvarıb gətirir, xırda işlərdə ailəyə kömək edirdi. O artıq əlifbanı sərbəst oxuyur, şerlər əzbərləyir, yazı yazır, oxumağa çox həvəsi var idi. Hətta qəzetlərin başlıqlarını tez-tez oxuyardı. Yaz vaxtı bağda-bağçada olardı. Gülləri çox sevərdi. Ələlxüsus bənövşə gülünü. Bənövşə gülünü toplayıb yığıb gətirər, stəkana su töküb pəncərənin qabağına qoyardı. O güllərin hamısını sevərdi. Həmişə əlində gül olardı. Hara getsə əlində görmək olardı. May yaxınlaşırdı. Məktəbimiz 1 May bayramına hazırlaşırdı. Qırmızı parçaların üstünə şüarlar yazılırdı. Bayraqlar açılırdı. Məktəbin, kolxoz idarəsinin qapılarının üstündən asılardı. Bu il 1 May baramının nümayişini kənddə keçirdik. Məktəblilər şer oxudular, hazırladıqları idman oyunlarını da nümayiş etdirdilər. Ordumuzun qələbələrindən danışdılar. «Hər şey müharibəyə kömək üçün!» şüarı altında qurtardı. May ayı kəndin ən gözəl aylarından biri idi. Hər yer yam-yaşıl, ağaclar yarpaqlayır, çiçəkləyirdi. Mayın axırında birinci gilas və tut yetişərdi. İyun ayının 15-ə kimi tam yetişərdilər. Bunların hamısından biz uşaqlar yeməyə can atardıq. Dəstə-dəstə gedib briqadirdən xəlvət kolxoz bağlarından yığıb yeyib gələrdik. Yazda uşaqlıq dövrümüzü belə keçirərdik. İyun ayı girmişdi. Yaylaq vaxtı yaxınlaşırdı. Məktəblilər yay tətilinə çıxmışdı. Bəzi yuxarı siniflərin imtahanları qalırdı. Bu imtahanları da verib yaylağa qalxmağa hazırlaşırdıq. Həmişə olduğu kimi iyun ayının 16-17-də biz qarabağlılar kolxoz ferması ilə birlikdə yaylağa - yəni Xəlil yurduna qalxdıq. Xəlil yurdu ab-havası yam-yaşıl təbiəti ilə öz köhnə yurdçularını - uşaqlı-böyüklü, qocalı-cavanlı, qoyunlu-quzulu qarşılayıb salamlayardı. Ələlxüsus da öz körpəsini - «uçastok»unu - Əbülfəzini ağuşuna alıb sevərdi, nə isə qulağına pıçıldayardı. «Mən səninlə fəxr edəcəm, səni bütün dünya tanıyacaq. Sən mənim yurdumda anadan oldun. Sənin adın mənim yurdumda səslənəcək - ƏBÜLFƏZ». Bunu dilsiz-ağılsız Xəlil yurdu təbiəti Əbülfəzin qulağına pıçıldayırdı. Hər il olduğu kimi yaylaq həyatı başladı. Hərə öz işi ilə məşğul olurdu. 24 iyun idi. «Uçili»nin 6 yaşı tamam idi. Anam bizə bişirdiyi kətədən «uçili»nin yaşıdlarına paylayır, qonşulara da pay göndərirdi. Bənövşə qarını da yaddan çıxarmadı. Onun da payını yolladı. Müharibə getdiyinə görə, vəziyyət ağır keçdiyi üçün mən anamın hazırladığı məhsulları - yağ-pendiri iki gündən bir qatıra, ulağa yükləyib aparıb kənddə dayımın nəzarəti altında anbara təhvil verirdim. Mən 14 yaşındaydım. Hər işə yollayırdılar. Sərbəst iş görə bilirdim. Qatırla yaylağa odun gətirmək, ot daşımaq, xırmana küləş dərzlərini daşımaq və başqa işləri görürdüm. Almurad və dayımın uşaqları da böyüyürdülər. Onlar da yüngül işlərdə anama kömək edirdilər. İbrahim də kənddə olan təsərrüfatımızla məşğul olurdu. Həm də kolxoz təsərrüfatında işləyirdi. Xansənəm bacımla kənddə qalırdılar. Madar düzündəki tut bağlarımızda tutu yığıb qurudur, hətta qış üçün doşab da hazırlayırdılar. Başqa meyvələri də qış üçün yığıb qurudurduq. Müharibə getdikcə Qafqazdan uzaqlaşırdı. Müharibəyə getməyə adam qalmamışdı. Yeniyetmələri siyahıya alırdılar. 17 yaşından yuxarı qardaşım İbrahimi də əsgər aparmağa siyahıya almışdılar. Bakı təhlükədən qurtarmışdı. Bakıya işləmək üçün neft mədənlərindən 14-15 yaşı olanlardan Bakıya fezoya yığıb məcburi aparırdılar.
Hətta 8-9-cu sinifdə oxuyanlardan da aparıb 1-2 ay oxutdurub neft mədənlərində işləyənlərin arasında adlı-sanlı neft ustaları oldu. Kənddə qocalar, qadınlar, bir də kiçik yaşlı uşaqlar qalmışdu. Tək-tük də müharibədən qayıdan yaralılar idi. İşçi qüvvəsi getdikcə azalırdı. İqtisadi cəhətdən əhalinin vəziyyəti ağırlaşırdı. Bu ondan asılı olurdu ki, kənd təsərrüfatı vergilərini günü-gündən, ilbəil artırırdılar. Əhalidə olan malı-qoyunu saxlamaq çətinləşirdi. Öz qoyun, inəklərindən satıb taxıl, pal-paltar alırdılar. 1943-cü ilin yaylaq mövsümünü başa vurub kəndə gəlmişdik. Payız girmişdi. Hamı qış üçün hazırlıq işləri görürdü. Yanacaq üçün odun, ot-ələf toplayırdılar. Həm də kolxozun mal-qarası üçün yem toplayıb anbarlara yığmaq, tövlələri təmir etmək və sair. Bizim ailə də bu işlərdən geri qalmırdıq. Bizim də qoyunumuz, mal-qaramız keçən ildəkinə nisbətən azalmışdı. Dekabr ayı girmişdi. Bərk şaxtalar düşmüş, qar yağmışdı. Anam yenə də həmişəki kimi bizə yun corablar toxuyur, həm də biz oğlanlar üçün yun əlcək toxumuşdu. Müharibə üçün yun corab, əlcək göndərmək də yaddan çıxmırdı. Anamın toxuduğu bu yun corablar bizi qışdan sağ-salamat çıxarırdı. 6 yaşlı «uçili»yə də corab-əlcəklə bir yerdə yun jaket toxumuşdu. İqtisadi cəhətdən bir elə korluğumuz yox idi. Yaxın kəndlərdən gələn imkansızlara da əl tuturduq. 1944-cü il girmək üzrə idi. Tutulan torpaqlar günbəgün geri alınırdı. Cəbhədən fərəhləndirici xəbərlər gəlirdi. Arabir yeniyetmələrdən əsgərliyə aparırdılar. Növbə qardaşım İbrahimə də gəlib çatmışdı. 18 yaşına girmişdi ki, çağırış vərəqəsi gəldi. Anam onun üçün yun corab, əlcək toxuyub hazırlamışdı. Cəbhədən yeni şad xəbər gəldi. Leninqradın blokadası 1944-cü ilin yanvar-fevral aylarında tam götürülmüşdü. Artıq müharibə Pribaltika ölkələrində gedirdi. Əhalinin iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı. Kəndimiz iqtisadi cəhətdən pis deyildi. Hamının inəyi-qoyunu var idi. Onların südü, qatıığı, yağı olduğu üçün çətinlik çəkmirdilər. Mal-qarası, qoyunu olanlara vergilər daha çox gəlirdi. Getdikcə bu heyvanları saxlamaq çətinləşirdi. «Hər şey müharibəyə!» şüarı səslənirdi. Yanvar ayı bizim ailəyə yenə çağırış vərəqəsi gəldi. Qardaşım İbrahimi əsgərliyə apardılar. Onu aparanda kənd camaatı gülə-gülə yola salırdı. Müharibə çox uzzaqda olduğu üçün, bir də camaat vərdiş etmişdi. Əsgərliyə gedənlərin ardınca su atır, xeyir-dua verirdilər. «Tezliklə qayıdacaqsan, müharibə qurtarır» - deyə ürək-dirək verib yola saldılar. İbrahimin getməyi bizim ailənin vəziyyətini bir az da çətinləşdirdi. İndi işin çoxu anamın və mənim üzərimə düşdü. Qalan uşaqlar iş qabiliyyətinə malik deyildilər. 1944-cü ilin qışını yola saldıq. Çərşənbə bayramı çətinliyə baxmayaraq biz uşaqlar od qalayıb üstündən tullanırdıq. Qovurğamız, yumurtamız, təndir kökəsi əskik olmurdu. Sürfələrimizin təm-təraqlı olmasını qeyd edirdilər. Kolxozumuz da rayonda hər cəhətdən hər kolxozdan irəli gedirdi. Kolxozun iş rejimi hərbi rejim kimi işləyirdi. Dayımın sədrliyi altında hamı ciddi işə çıxır, istər təsərrüfatda, istərsə də fermada. Heç kim - kolxozçu, işçi icazəsiz bir yerə gedə bilməzdi. Ailəmizdən bir İbrahimi əsgərliyə apardılar. Dayımın bir qızı da oldu. Say-hesabı ilə ailəmiz yenə də 10 nəfər oldu. 4 biz, 6-ı da onlar. Anamın qız doğan qadından xoşu gəlməzdi. Anama deyəndə ki, niyə belə deyirsən, hər ikisi Allah payıdır, cavab verərdi ki, ay bala, qızın qayğısı çoxdur, onu böyütmək, ölüncə qayğısına qalmaq lazımdır. Anam yaşlananda, ancaq qız-qız deyə-deyə dünyasını dəyişdi. Bir aydan çox olardı ki. Xumara ad qoyulmamışdı. Rayondan kolxoza qonaqlar gəlmişdi. Yay girmişdi. İlin ən yaxşı vaxtı idi. Anamgil, uşaqların hamısı yaylaqda idi. İbrahim əsgərliyə getdiyi üçün kənddə bu il mən qalmışdım. Qonaqları dayım nahara evə gətirdi. Erkək kəsilmişdi. Qonaqlar dayımdan kabab yemək istəmişdilər. Rayonun ən yüksək rütbəli adamları idi. Yemək vaxtı o biri yan otaqdan Xumarın ağlamaq səsi gəldi. Çağa səsinə rayonun baş həkimi dedi: «Bu çağa səsidir, ay Fərrux». Qohumlardan biri tez dilləndi: «Bəs biləsən ki, Fərruxun təzə bir qızı da olub». Qonaqlar hamısı dayımı təbrik etdilər. Baş həkim soruşdu ki, ad qoymusunuz, ya yox. Dedilər ki, hələ adı qoyulmayıb. Baş həkim dedi ki, lap yaxşı, mənim də bir qızım olub, adını da Xumar qoymuşam. Bu uşağın adını mən Xumar qoyuram. O gündən çağanın adı Xumar oldu. Yay idi. Hamı böyüklü-kiçikli işlə məşğul idi. Mən də gah anamın yanına yaylağa gedir, gah da kənddə kolxozun ot, küləş toplanmasında işləyirdim. Bu il «uçili»nin 7 yaşı tamam olur. O sentyabrın 1-də birinci sinifə gedəcəkdi. Mən 7-ci sinifdə, Almuradla Bahadur 4-cü, Məleykə 3-cü, Fizzə isə məktəbli deyildi. Bu il ailədən birlikdə 4 nəfər məktəbə gedəcək. Sentyabrın 1-ini səbrsizliklə gözləyirdim. Mən tez-tez anamın yanına yaylağa gedib-gəlir, nə lazım olsa, aparıb gətirirdim. Qoymurdum anam fikir etsin. Oğlu İbrahimin yazdığı məktubu aparıb oxuyurdum. Təskinlik tapırdı. Anama deyirdim ki, dayımın sözünə görə, İbrahimi çox uzağa aparmayıblar, Bakıdan bir az aralı Qusarda qulluq edir. Orada qulluq edənlərin hamısı azərbaycanlılardır (Azərbaycan diviziyasıdır). İşlər azalsın, qışda gedib İbrahimi görəcəyik, səni də aparacam. Hələ yaylaqdan gəlməyə bir ay var idi. Almurad da mənə qoşulub yaylaqdan kəndə gəldi. Kənddə Almurad yaşıdlarına qoşulub çayda düzəltdiyimiz göldə çimir, bir də yaylağa getməyə fikri yoxdur. Xansənəm bacı ilə tut bağımıza gedib tutları yığıb gətirirdi. Gün isinən kimi gölə qaçırdı. Mən də kolxoz işindən sonra həmyaşıdlarımla gün batınca sərin düşənə kimi gölün kənarında dincəlirdik. Hər il yay mövsümü vaxtımızın çox hissəsi çayın kənarında göldə çimirdik. Suda üzməyi burada öyrənirdik. Uşaqların hamısı yaxşı üzməyi bacarırdılar. Bu suda üzməyi bilməyimiz hərbi təlim vaxtı böyük çayları, gölləri keçəndə kənddən əsgərliyə gedən uşaqların hamısının karına gəlmişdi. Beləliklə, uşaqlıq dövrümüzü yay mövsümündə belə keçirdik. Sentyabr gəlir. Məktəblərin açılmasına az qalır. Mən «uçili»ni, Bahaduru, Məleykəni gətirmək üçün yaylağa getdim. Anam üçün hər meyvədən yığıb apardım. Yaylaqda birinci qabağıma «uçili» gəldi. Atılıb boynumu qucaqladı: «Məni aparacaqsan, ya yox». Alıb qatırın üstünə qoyub dedim: «Sizin hamınızı aparacağam. Məktəb açılır». Məktəb deyəndə sevincindən atılıb düşmək istədi. Anamın alaçığına yaxınlaşdım. Anamla görüşüb öpüşdüm. «Uçili» qatırın üstündə hey çığırırdı: «Ay ana, məktəbə gedəcəm, məktəbə». Qatırdan endirib dedim ki, get hazırlaş, gedəcəyik. Axşam üstü uşaqları götürüb kəndə yola düşdük. Anam xeyir-dua verib bizi yola saldı. Dalımızca su atdı. Əbülfəz atın üstündə hamıya əl edə-edə Xəlil yurdundan aralandıq. Bahadur, Məleykə, mən atın dalınca Zəy dərəsinə endik. Kəndə doğru irəlilədik. Kənddə yenə də uşaqları Xansənəm bacı qarşıladı. Əbülfəzi qucağına alıb o üzündən bu üzündən öpüb «Maşallah, böyük oğlan olmusan» dedi. Öz oğlu, qızı ilə də görüşüb onları hazırladığı isti su ilə çimizdirib otağa gətirdi. Süfrə salıb, çay-çörək verib rahatlandırdı. İki gündən sonra sentyabrın 1-i gəldi. Almurad, Bahadur, Məleykə, Əbülfəz bir-birinə qoşulub Unus məktəbinə getdilər. Mən də onların dalınca məktəbə çatanda məktəbin həyətində müəllimlər gələn şagirdləri qarşılayırdılar, salamlayırdılar. Bütün şagirdlər toplaşandan sonra direktor çıxış etdi: «Xoş gəlmisiniz!» sözləri ilə başlayıb dərslərimizi yaxşı oxumağı tövsiyyə etdi. Birinci sinifdə oxuyanları sıraya düzüb sinif rəhbəri Əsgər müəllimi göstərib «Uşaqlar, sizin müəlliminiz Əsgər müəllimdir» dedi. 1-ci sinifdən 5-ci sinifə kimi oxuyan şagirdlər səhər tezdən 9.00-da gəlməlidirlər, 5-ci sinifdən 7-ci sinifə kimi olan siniflər saat 12.00-da dərsə başlamalıdır. Beləliklə, 1944-45-ci ilin dərs ili başlandı. 7-ci sinifi bitirmişlərə mən də içində olmaq şərti ilə direktor bildirdi ki, siz Dırnıs orta məktəbinə getməlisiniz, sənədlərinizi Dırnıs orta məktəbinə yollamışam. Gedib orada oxuya bilərsiniz. Məktəblilər məktəbdən gələndə Əbülfəzin əlində təzə əlifba kitabı var idi. Kitabı səliqə ilə gətirib üzərinə qəzet çəkib taxçaya qoyub çörək yeyib oynamağa qaçdı. O çox vaxt çaydakı gölün yanına qaçardı. Suda oynamağı, çimməyi çox sevərdi. Sular soyumağa başlayırdı. Çayda uşaqların çimməyi get-gedə azalırdı. Əbülfəz hələ üzməyi bacarmırdı. Gölün kənarında suya girib çıxırdı. Uşaqlar ona təzə-təzə üzməyi öyrədirdilər. Vaxt çox az idi. Soyuqlar düşməyə başlayırdı. Bu yay mövsümü Əbülfəz göldə üzməyi öyrənə bilmədi. Birinci rüb qurtarmışdı. Uşaqlar aldıqları qiymət cədvəlini gətirib dayıma göstərirdilər. Hamıdan çox əla qiymət Əbülfəzinki idi. Hamısı əla idi. Yazı dəftərində əla qiymətlər çox idi. Məktəbin direktoru İsmayıl müəllim dayıma deyib ki, uşağı - Əbülfəzi ikinci sinifdə qoyun oxusun. Çünki birinci sinifin dərsliyini çox yaxşı bilir, yazıb oxuyur. Dayım qoymadı ki, uşağı gərginliyə salmaq olmaz. Mən birinci rüb Dırnıs orta məktəbinə gedə bilmədim. Ona görə ki, budumdan böyük bir çiban çıxmışdı. Müalicəsi çox uzun çəkdi. Həkim deyirdi ki, kəsmək lazımdır. Rayon xəstəxanasına aparmaq lazımdır. Anam aparmağa razı olmadı. Özü türkəçarə ilə müalicə edib sağaltdı. Noyabrda Dırnıs orta məktəbinə 8-ci sinifə getdim. Kənddən orada oxuyan qızlar var idi. İki-üç də erməni uşaqları oxuyurdu. Onlar məktəbin həyətinə girəndə mənə 8-ci sinifi göstərib dedilər: «Burada oxuyacaqsan». Sinif otağını göstərib getdilər. Mən heç bir müəllimi tanımırdım. Qapıda durub içəri girməyə utanırdım. Heç bir tanış yox idi. Dərs başlamışdı. Zalda heç bir adam görünmürdü. Zəng çalındı. Tənəffüsə çıxdılar. Sinif otağından çıxan müəllim mənə baxıb soruşdu: «Burada niyə durmusan? Kimi gözləyirsən?» Mən Unus məktəbindən gəldiyimi dedim. Adımı soruşdu. Dedi ki, jurnalda adın var, keç içəri. Sinif otağına girdim. 4-5-ci partada yer göstərdi. Hamısı qız idi, 2 oğlan var idi. 23 şagird olduq. 20 qız, 3 oğlan. Mən qızların içində utanırdım. Bir neçə həftədən sonra hamısı ilə tanış olmağa başladım. Soyuqlar düşməyə başladı. Gah yağış, gah da sulu qar yağırdı. Səhər-səhər durub inəklərə yem verib məktəbə gedirdim. Məktəb 3 km kənddən uzaqda idi. Almuradgil də Unusa gedirdilər. Hamımız səhər-səhər getdiyimizə görə, işin çoxu anamın üzərinə düşürdü. Ev işləri, təsərrüfat işlərinin öhdəsindən birtəhər gəlirdik. Müharibəyə gedənlərdən 3 nəfər yaralanıb qayıtmışdı. Onların 2 nəfəri azərbaycanlı, 1 nəfəri erməni idi. Səhlalı, M.Əşrəf, Seryoja. Kənddən 20 nəfərdən 3 nəfər qayıtmışdı. Qalanlarının ailələrinin gözü yolda idi. Qardaşım İbrahimin Qusardan məktubu gəlirdi. Gəlin məni görün yazırdı. 1945-ci il girmişdi. Müharibənin səsi uzaqlardan gəlirdi. Sovet torpaqlarından alman ordusu çıxarılmışdı. Müharibə artıq Avropa dövlətlərində gedirdi. Almanların torpaqlarına yaxınlaşırdı. Cəbhədən gündə bir şəhərin alınmasını xəbər verirdilər. İqtisadi cəhətdən vəziyyət getdikcə pisləşirdi. Çörəyin, paltarın, yeyinti mallarının qıtlığı yaranmışdı. Şəhərlərdə kartoçka sistemi davam edirdi. Hələ ki, bu çətinlik bizə az təsir edirdi. Ayaqqabı, paltar, geyim çatışmırdı. Göndən çarıq tikib geyirdik. Dayım parça alıb gətirərdi. Kəndimizdə Ordubaddan olan dərzi var idi. Erməni idi. Parçanı anam ona verib bizə şalvar, pencək, köynək tikdirərdi. Yaxşı dərzi idi. Anam da ona əvəzində yağ, pendir, şor verərdi. Bu müharibə illərində paltarlarımızı Karapet qonşu tikərdi. Bayram günləri hamımız təzə paltar geyərdik. Bir də gedərdi gələn bayrama. Başqa kəndlərə baxmış biz iqtisadi cəhətdən pis dolanmırdıq. Hamımız məktəbə gedib-gəlir, ev işlərində anamıza kömək edir, təsərrüfatımızda işləyir, qoyun-quzumuza qulluq edirdik. Bir sözlə, hər işə gedirdik. Artıq Əbülfəz də bizə kömək edirdi. Artıq qış ayları çıxmaq üzrəydi. Bayram yaxınlaşırdı. Plov bişirmək üçün düyü çatışmırdı. Hamı düyü soraqlıydı. Baha olsa da tapıb plov bişirməliydilər. Bayram üçün saxladıqları cəviz, yağ, fındıq, quru meyvə qaxları və sair çıxardıb hazırlıq işləri görürdülər. 1945-ci ilin bayramını keçirmək üçün yumurtalar rəngbərəng boyanırdı. Bir az keçən ilə nisbətən bayramı keçirtmək üçün bir canlanma var idi. Cəbhədən yaxşı xəbərlər gəlirdi. Danışırdılar ki, müharibə tezliklə qurtaracaq. Əhali arasında ruhlanma var idi. Hamı o günü gözləyirdi. Çərşənbə Novruz bayramını keçirdik. Çox pis də olmadı. Yumurta döyüşdürmək hələ də davam edirdi. Əbülfəz də bunlarda yaşıdlarından geri qalmırdı. O da yumurta oyununu çox sevirdi. Cəbhədən xəbər verirdildər ki, ordumuz Berlinə yaxınlaşır. Bir-iki həftəyə Berlini alacaqlar. Ölüm-dirim vuruşması gedir. Aprel ayı girmişdi. Kolxozçular bağları təmir edir, uçulmuş barıları düzəldir, ağacların diblərini boşaldır, peyin tökür və başqa işlər görürdülər. Yeni ağac tingləri əkir, ağaclarda budama işləri gedirdi. Kəndimizdə nə yol, nə də telefon xətti var idi. O zaman radioqəbuledici yox idi. Qadağan olunmuşdu. Bunların hamısı Dırnısda yerləşirdi. Poçt da orada idi. Mən hər gün dərsə gedəndə məktub, qəzet olanda verirdliər gətirirdim. 9-u aprel idi. Səhər-səhər məktəbə getdim. Saat 10-da Dırnısa xəbər gəldi ki, müharibə qurtarıb, dərs olmayacaq, hamı evə. Rayondan nümayəndə gəlib dedi ki, mitinq olacaq. Mən kitablarımı qoltuğuma vurub kəndə doğru qaçdım. Üzü yoxuşa qaçırdım. Yolumuz çay qırağı ilə gedirdi. Kolxozçular bağlarda işləyirdilər. Dayanıb qışqırırdım. «Muştuluğumu verin, müharibə yatıb!» deyə-deyə kəndə çatdım. Kolxoz idarəsinə gedib dedim ki, muştuluğumu verin, müharibə yatıb. Mühasib o zaman müharibədən təzə gəlmiş Səhlalı kişi idi. Sevincək çölə çıxıb hər tərəfə uşaq yolladı. Müharibənin yatması xəbərini almaq üçün Unus və Pəzməri kəndlərində bağlarda işləyən bütün kolxozçular, məktəblilər idarənin qabağına toplaşdılar. Bu vaxta kimi rayondan da nümayəndə gəldi. Yaxşı bir mitinq oldu. Hamı bir-birini təbrik edir, göz aydınlığı verirdi. «Gedənlərimiz tezliklə qayıdacaq» deyirdilər. Beləliklə, tarixə may ayına bir bayram da əlavə olundu. 9 May Qələbə bayramı. Bu tarixdən sonra hər il bütün ölkədə 9 May bayramı qeyd olundu. Yaz, yay, payız fəsilləri hər il olduğu kimi iş rejimi təkrar olunurdu. Kolxozda indi məqsəd kimi müharibə üçün yox, müharibənin vurduğu yaraları, dağıtdığı fabrik, zavodları, şəhərləri bərpa etmək, quruculq işləri görmək dururdu. Əziz oxucular! Müharibə bütün ailələr kimi bizim ailəyə də ağır yara vurmuşdu. Atamız Qədirqulu, əmi dediyimiz Bəşir müharibə qurbanı oldular. Bir daha onlardan xəbər gəlmədi. Kəndimizdən gedən qohum-qonşular kimi. Uzaq Şərqdə Yaponiyada hələ müharibə gedirdi. O çox uzun çəkmədi. Üç aya qurtardı. Müharibədən qayıdan kəndimizdə bir nəfər oldu. O da Mirata idi. Bu müharibələr yatandan sonra qardaşımız İbrahim də buraxılıb gəldi. O müharibədə iştirak etməmişdi. Qusardan kənara getməmişdi. Əsgərlikdən xəstəliyinə görə, təxris olunmuşdu. Meşəyə odun qırmağa gedəndə ayağına ağac düşüb əzmişdi. Ona görə vaxtından tez buraxılmışdı. 1945-ci ilin yayını, payızını həmişə olduğu kimi başa vurduq. Əbülfəz ikinci sinifə gedirdi. Dərslərindən əla qiymətlər alırdı. Müəllimlər hər rüb onun yazıb-oxumasını, davranışını, məktəb qayda-qanunlarına riayət etməsini valideynlər yığıncağında tərifləyirdilər. Onu məktəb əşyaları ilə mükafatlandırırdılar. 1946-cı il girmişdi. İqtisadi vəziyyət getdikcə çətinləşirdi. Hər yerdə yolçulara rast gəlmək olurdu. Kəndimizə bunlardan çox gələrdilər. Bunların heç birini anam qapıdan boş qaytarmazdı. Onları dindirər, yanındakı balaca uşaqların başını sığallayar, dərdlərinə şərik olardı. Hər axşam qaranlıqda bizi - məni, Almuradı küçəyə yollayırdı. Deyirdi ki, baxın görün çöldə, bayırda yolçu olar, soyuqdan donar, gətirin evə. Biz də gedib küçəni gəzib yolçu olsaydı, götürüb gələrdik evə.Evimiz o zaman çox balacaydı. Ancaq gələn qonağı, yolçunu yerləşdirirdik. Qış sobanı yandırırdıq, isti olurdu. Gələnlər uzanıb yatırdı. Səhər durub çay-çörək yeyib-içib gedərdilər. 1946-cı illər İrandan azərbaycanlıları öz yurd-yuvalarından qovmuşdular. Qış ayları idi. Culfadan köçənlər Ordubadın kəndlərinə dağılmışdılar. Onlar bizim kəndə də gəlib çıxmışdılar. Onlardan bir ailəni dayım bizə gətirib anama təhvil vermişdi. Demişdi ki, bunlardan muğayat ol. Onlarla iki-üç gün bir yerdə yaşadıq. Əbülfəz maraqlanıb hey onlarla sorğu-sual edirdi. Yaşının balaca olmasına baxmayaraq, onlar da vəziyyətləri haqqında nağıl edirdilər. Əbülfəz hey anamdan soruşurdu ki, bunları niyə qovublar? Anam onu başa salırdı. Deyirdi ki, onları farslar, şah qovub. O soruşurdu ki, fars kimdir? Anam da deyirdi ki, onlar başqa millətdirlər, bizim milləti gözləri götürmür. Bunlar da bizim millətdir, bizə qohumdurlar. Hə bala, qohumdurlar, Amma bu millətin bir padşahı yoxdur onlarla dava edə. Sən nağıl deyirsən. Bizim padşah çox güclüdür, bəs niyə onlara kömək etmir. Kömək etmədi də, sözünə yalan çıxdı. Milləti qırğına verdilər. Bunlar da indi bizim kimi qaçqın oldular, ay oğul. Millətin qalanı hərə bir yerə dağıldı. Balaca Əbülfəz üzünü qonaqlara tutub anama deyir: «Mən bu millətə padşah olacam, oxumaq lazımdır». İki gündən sonra qonaqları gəlib apardılar. Dedilər ki, öz adamlarıdı. Bütün kəndlərə dağılanları yığıb Gəncə, Qarabağ zonasına apardılar. Əbülfəz «Bu millətin axırı nə olacaq?» deyə hey düşünməyə başladı. O gündən hər sözünün başında «Millət, Millət» deyərdi. Həmin ildən sonra onu ailədə Millət deyib çağırmağa başladılar, ta son zamanlara kimi. İnstitutu qurtarana qədər. Əziz oxucular! Bu müharibə illərində kəndimizdə heç bir nəfər evlənən, nə də bir nəfər ərə gedən olmamışdı. Bu illərdə tək-tük eşidirdik ki,yaxın kəndlərdən evlənən və ya ərə gedən olurdu.Mələk bacının nişanlısı müharibədən qayıdıb gəlmişdi. O, Zəngilan rayonunun Burünnü kəndindən idi. Əli əmisi oğlu idi. Artıq xəbər gəlmişdi. Elçi gəlmişdilər. Bu payız aparacaqlar. Kəndimizdə ilk toy olacaqdı. Bu müharibə illərində kəndimizin ağsaqqalı Miryəhya ağa, Əbdülrəhman kişi kəndimizin oxumamış ağbirçək qadın həkimi Bənövşə qarı rəhmətə getdilər. Allah onların qəbirlərini nur ilə doldursun. Amin! Payız gəldi. Mələk bacının toyu oldu. Onu at ilə Ordubada aparıb oradan da qatarla Zəngilana yola saldılar. Mələk bacının anama köməkliyi qurtardı. Anama dedik ki, bəs bizim bacımız kim olacaq, Anam dedi: «Bundan sonra dayınızın qızları sizlərə bacı olacaq, hərənizə bir bacı. Məleykə - İbrahim, Almurad - Fizzə, Murad - Xumar, Millət - Tovuz sizin bacılarınız olacaq. Bu bölgü ilə onlar bizə bacı oldular. Sonralar Xumarın xahişi ilə Əbülfəz - Xumar, Murad - Yasəmən oldu. Dayımın 5 qızı var idi. Onlar hamısı bizim bacılarımız oldular. Anamın bu bölgü vəsiyyətini indiyə kimi bacı-qardaş kimi yerinə yetiririk. Çox adamlar bilməzdilər, bunlar bizim dayımız qızlarıdır. Hamı bacı kimi tanıyır. Allah bu mehribançılığı bizim əlimizdən almasın. Amin! 1946-cı ildə vergilər artırdı. Hər ailə üçün yumurta, toyuğun oldu-olmadı, 50 yumurta verməlisən. Yağ, ət, yun, dəri - hər şeyə vergi gəlirdi. Kənddə vergi yığanların sayı getdikcə artırdı. Kolxozda əmək haqqına düşən məhsulun çoxu vergiyə gedirdi. İbrahimin əsgərlikdən gəlməsi bizim ailənin işini bir az sürətləndirdi. Hərəmiz bir işə gedirdik. Həm öz işimizə, təsərrüfatımıza, həm də məktəbdən tətilə çıxan vaxtı kolxoz işinə gedirdik. Kolxozlara ilbəil tədarük planını artırırdılar. Kolxozun vəziyyəti ağırlaşırdı. Fermada da onların təsiri biruzə verirdi. Mal-qoyunu çoxaldırdı. Yem çatışmırdı. Qışı da çıxartmaq üçün baytarlığın yaxşı olmaması, mal-qaranın ölməsinə səbəb olurdu. Kolxozda ölən mal-qoyunun yerinə kolxozçulardan məcburi alıb yerinə qoyurdular. Mal-qoyun saxlamaqdan imtina edirdilər. Kasıbçılıq əhali arasında getdikcə artırdı. Nə etmək olardı? Gecə-gündüz çalışmaq lazım gəlirdi. Həmişəki illərdə olduğu kimi 1946-cü ili də başa vururduq. 1947-ci ili qarşılamağa hazırlaşırdıq. Bütün ölkə müharibə qurtarandan sonra qabağa 5 illik planlar gəlirdi. Bu 5 illik planda əski dağıdılmış şəhərlərin bərpasına, Volqa-Don kanalının çəkilməsinə fikir verilirdi. Bu xəbərlər qəzetlərdə səslənirdi. Kənd təsərrüfat məhsullarının çatışmazlığı əhalini dilənçi halına salmışdı. Şəhər yerlərində vəziyyət çox ağır idi. Mən bunu yazmaqla oxuculara bildirirəm ki, bu ağır dövrdə biz necə yaşamışıq, işləmişik, oxumuşuq? Müharibənin bu ağır illərində bizim ailə iqtisadi cəhətdən heç bir korluğu olmadı. Dayımın kolxoz sədri işləməsi, anamın emalda işləməsi, bizim bir ailə kimi bir yerdə yaşamağımız, mal-qoyunumuzun çox olması, dayımın rəhbərliyi altında bir qazanıb bir yeməyimiz, bir-birimizlə mehriban olmağımız bu ailəni müharibə illərindən çox yaxşı çıxartdı. Atalar düz deyib: «Harada birlik var, orada dirilik var». Bu birlik bizim ailənin 1946-cı ili başa vurmasına çox yardımçı oldu. Yaddaşımda olanı, gördüklərimi bu xatirədə sizə təqdim edirəm. Yazılarımda qüsurlar osla, Siz oxuculardan üzr istəyirəm. Mən burada öz ailəmiz haqqında qısa da olsa, məlumat verirəm. Çox da kənara çıxmadım. Əsas olan hadisələri burada qeyd etmişəm. Ailənin yaşayış tərzi və əsas «millət»in, yəni Əbülfəzin uşaqlıq dövrü birinci, ikinci sinifdə oxumaq dövrünü əhatə edir. Bütün oxuculara, maraqlananlara öz təşəkkürümü bildirirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. 1947-ci ildir. Müharibənin qurtarmasının 2 illiyi 9 Mayda qeyd olundu. Bu illərdə ancaq quruculuq işlərindən danışıldı. Kəndimizə avtomaşın yolunun çəkilməsi haqqında danışıldı. «Bu işdə hamı canı dildən işləməli, 2 km yolu ilin axırına kimi qurtarmalı, avtomaşın Kələkiyə gələndə siz kolxozçuların ixtiyarına verəcəyəm» deyən kolxoz sədri dayımız Fərrux kişi söz verdi. Alqışlarla tədbiri qurtardılar. Bu işi başlamaq üçün hazırlıq işləri görməyə başladılar. Belə bir məsləhət gördülər ki, yaz-yay təsərrüfat işlərini qurtarsınlar. Sentyabr-oktyabr ayı Dırnıs-Kələki arası avtomaşın yolunun çəkilməsi başlansın. Hamı öz işi ilə məşğul olmağa, təsərrüfata gedən təsərrüfata, fermaçılar fermaya çalışmağa getdilər. Bu il 47-48 dərs ilində mən 9-cu, Almurad 7-ci, «Millət» isə 3-cü sinifdə oxuyacaq. «Millət» dərslərini əla qiymətlərlə qurtarır, hətta yuxarı sinif kitablarını oxuyur, mütaliə edirdi. Ailədə heç kim ona dərs oxuyanda, yazı yazanda maneçilik etmirdi. Hər işi özü sərbəst edərdi. Bir işi görəndə də anam onu heç bir işə göndərməzdi. Ancaq özünün könlü istədiyi vaxt anama kömək edərdi. Ev işlərində də, oynamaqda da yaşıdlarından geri qalmazdı. Hər il olduğu kimi, yay mövsümünü yaylaqda olduq. Payız düşmüşdü. Yol tikintisi başlanmışdı. Bütün kolxozçular, hətta məktəblilər də kömək edirdi. Yol qayalıqdan keçməliydi. Ona partlayıcı maddə lazım idi. Bu çox qorxulu və qadağan idi.
Bu partlayıcı maddəni o zamanlar dağ-mədən işləri gedən yerlərdə tapmaq olardı. Rayonda Parağaçay mədəni var idi. Partlayıcı maddə orada işlədilirdi. Bizim kənddən orada işləyən fəhlə və dağ-mədən ustaları var idi. Onların vasitəsi ilə o maddəni əldə edib gətirdilər. Mədənin rəisi deyib ki, elə edin, yuxarı orqanlardan heç kim bilməsin. Bu partlayıcı maddələrlə 500 metr olan qayalığı dağıdıb Dırnıs-Kələki yolunu açdıq. Kolxozçuların köməyi ilə açılış günü kolxozda heyvan kəsib qonaqlıq verildi. Bütün böyüklü-kiçikli burada iştirak etdilər. Kələkiyə bu yolla Dırnıs kolxoz avtomaşının sürücüsü, müharibə veteranı Cəbrayıl kişi gətirdi. Maşın kənddən gələn kimi hamı başına toplandı. Sürücünü alqışladılar. Dayım ona bir erkək bağışladı. Cəbrayıl kişi erkəyi maşina qoyub öz təşəkkürünü bildirib geri qayıtdı. O zaman tək-tük kolxozçularda maşın var idi. Həm də ki rayonda belə maşın az idi. Bir neçə gündən sonra kəndə rayondan maşın gəlib-gedirdi. 1948-ci il girmək üzrə idi. Dayımın illik hesabat dövrü gəlib çatmışdı. Yanvar ayı idi. Kolxozda dedi-qoduluq başlanmışdı. Kolxozçular arasında kolxoz sədrinə qarşı hesabat günü hərə bir cür danışırdı. Sədr haqqında biri müsbət, digəri mənfi cəhətdən danışırdı. Səs çoxluğu ilə dayım yenə kolxoz sədri seçildi. Ancaq bu seçkidən sonra dedi-qodu daha da çoxaldı. Qış çıxdı, yaz gəldi. Kolxozdan anonim məktublar yazılmağa başlandı. O dövrdə rayonun məsul işçiləri dəyişilmişdilər. Başqa kadrolarla təmin edilmişdi. İndi rayonda da dəyişikliklər edilirdi. Növbə bizim də kolxoza gəlib çatdı. Anonim məktublarını əldə əsas tutub dayımı 1948-ci ilin sentyabrında kolxoz sədrliyindən işdən çıxartdılar. Bununla bizim ailə bundan sonra tənəzzülə doğru getdi. 1949-cu il girdi. Yanvar-fevral aylarını geridə buraxıb mart ayında Novruz bayramına hazırlıq işləri görülürdü. İqtisadi cəhətdən vəziyyət bir elə də yaxşı deyildi. Kəndimizdə vəziyyət hər ildəki kimi olmasa da, axır çərşənbəni, Novruz bayramını bir təhər keçirdik. Məni əsgərliyə aparmaq üçün siyahıya aldılar. Dayım haqqında anonim məktublar yazırdılar. Hey rayondan gəlib dayım kolxoz sədr işlədiyi dövrü yoxlayırdılar. Bir cinayət işi tapmayıb gedirdilər. Bu il anam kolxoz emalından çıxmışdı. Anamla Əbülfəz, bir də dayımın azyaşlı qızları Məleykə, Fizzə, Xumar yaylağa öz qoyun-malımızı otarmağa getdilər. Bu il yay sezonu oğlanlar kənddə qaldıq. Öz təsərrüfatımızı becərmək üçün mən atla taxıl-küləşi daşıyırdım. İbrahim təsərrüfatın bütün işlərində işləyirdi. Almuradla Bahadur öz təsərrüfatımızda işləyirdilər. Tut bağlarında Xansənəm bacımızın rəhbərliyi ilə tut ağaclarından tutu çırpıb gətirir, qurudur, bəhməz bişirirdilər. Dayımı da imzasız məktublar əsasında hey rayona çağırırdılar. Avqust ayında məni əsgərliyə aparmağa arayış verdilər. Dayım mənimlə rayon komissarlığına getdi. Komissar görən kimi dayımla salamlaşdı. «Nə var belə gəlmisən? - dedi. O da dedi ki, uşağı aparmağa çağırmısınız. Gəlmişəm ki, onu bu otpravka aparma. Komissar dayımın dostu idi. Adımı, familiyamı yazıb götürdü. Dedi ki, bu saat kəndə çıx get və buralarda görünmə. Dayım atı verib dedi ki, min, buradan çıx get, mən sabah gələcəm. Ata minib şəhərdən çıxdım. Bununla da bu otpravkadan qaldım. Mənimlə çağırılanların hamısını apardılar. Bir aydan sonra onların SSRİ-nin başqa-başqa respublikalarından məktubları gəldi. Ukraynadan, Belarusiyadan, Uzaq Şərqdən və sair. Anamgilin hamısı yaylaqdan köçüb gəlmişdilər. Qış üçün hazırlıq işləri görülürdü. Əriştə, qovurma hazırlamaq da bu işlərin arasında gedirdi. Bu işləri soyuqlar düşməmiş görmək lazım idi. Ona görə də hamımız işlə məşğul olurduq. Gün çıxandan gün batana kimi. Dayımı prokuror hey çağırırdı. Get-gələ salmışdı. Cinayət işi açmaq üçün bir şey tapa bilmirdi. Noyabr ayı girmişdi. Dayımı prokuror yenə də çağırmışdı. Bu dəfə imzasız məktub əsasında deyib ki, sən, Dırnıs-Kələki arası yol çəkdirmisən. Dayım da deyib ki, bəli. «Bəs sən orada partlayıcı maddə işlətmisən, onu haradan almısan?» Dayım demir. Bu iş üstündə savaşırlar. Dayıma deyir ki, gör sənin başına nə iş açacam. Kolxoza dayım işlədiyi dövrü yoxlamağa bir də komissiya yollayır. Bu yoxlama noyabr ayına kimi çəkdi. Noyabrın 23-ə mənə əsgərliyə aparmağa otpravka gəldi. Dayımla Ordubad rayonuna getməli olduq. Evdə anamla, uşaqlarla öpüşüb-görüşüb çantaya bir az çörək qoyub yola saldılar. Əbülfəz hey deyirdi: «Qağa, məktub yaz, şəklini çəkdir, yolla». «Yaxşı yol» deyib dalımca su atdılar. Gəlib komissarlığın həyətinə çatdıq. Komissar görən kimi yenə də gəlib dayımla salamlaşdı və mənə dedi: «Hə qoçaq, gəlmisən?» Üzünü dayıma tutub dedi ki, uşağı uzaq yerə yollamayacağam. Bakıya gedəcək, Azərbaycan diviziyasında qulluq edəcək. Ancaq sənin işin çox pisdir. Bu gün prokuror plenumda çıxış etdi. Səni tutacaqlar. Uşağı yola salaq, sonra sənin işinlə məşğul olaq. Rayondan cəmi 4 nəfər idik. Gətirib vaqona mindirib vağzaldan yola saldılar. Məndən 3-4 gün sonra prokuror dayıma sanksiya verib tutub. Bundan sonra ailəmizin iqtisadi vəziyyəti ağırlaşmağa başlayır. Ailəmizin ağırlığı anamın və İbrahimin üzərinə düşür. 1949-cu ilin qışı çox sərt keçdi. Həmin ildə yağan qar sinoptiklərin dediyinə görə, hələ indiyə kimi olmayıb. Qar əlindən tərpənmək olmurdu. Məni Bakıya yola salandan sonra bizi gətirib Biləcəri məntəqəsinə təhvil verdilər. Bir gün qalandan sonra bölüşdürüb Salyanski kazarma deyilən yerə piyada gətirdilər. Gəlib Salyanski kazarmada Azərbaycan diviziyasında qulluq etməyə başladıq. 1950-ci ilin yanvarında qarların yağması nəqliyyatın işini dayandırdı. Biz əsgərləri hər gün qar kürüməyə aparırdılar. Həftə ilə dəmir yolunda qar kürüyürdük. Moskva-Bakı qatarı sutkalarla yolda dayanmışdı. Güzdəkdən Bakıya gələ bilmirdi. Biz əsgərlər gecə-gündüz qar kürüyürdük. Gecələr Güzdək yolunda vaqonlarda yatırdıq. Bu qar Azərbaycanın bütün rayonlarında müşahidə olunurdu. Yanvar-fevral ayları bütün əhali şəhərdə qar kürüməklə məşğul olurdu. Nəqliyyatın dayanmaması üçün işin çoxu biz əsgərlərin üzərinə düşürdü. Evdən də məktub alırdım. Orada da kənddə də çoxlu qar yağdığını yazırdılar. Bu ilki qış qar ilə mübarizə ili kimi tarixdə yaddaşlarda qaldı. Mən hər həftə evdən məktub alırdım. Vəziyyəti soruşurdum. Anam yazdırıb yolluyurdu ki, evdən nigaran qalma, biz səndən nigaranıq. Evimiz-ailəmiz lap yaxşı dolanırıq. Bu günlərdə dayımı da Bakıya gətirdilər. Məhkəmə oldu, ona 8 il iş verdilər. Anam yazırdı ki, gedib dayını görərsən. Yazırdı ki, uşaqlar da məktəbə gedib gəlirlər. Allah pis adamlara lənət eləsin. Allah kərimdir. Sağlıq olsun. Anam hər çətinlikləri görmüşdü. İki dəfə erməni-müsəlman davası, bir də Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. Bu müharibələrdə 1906-1918-ci ildə qardaşlarını, bacılarını, anasını, atasını itirmişdi. Ona görə də həmişə Allaha şükür edərdi. Çox dindar arvard idi. Həmişə deyərdi ki, Allah bilən yaxşıdır. Allahın işinə qarışmaq olmaz. Həmişə Allaha şükür etmək lazımdır. Ona görə bizə - ailənin üzvlərinə namaz qılmağı, oruc tutmağı məsləhət görərdi. Həm də öyrədərdi. İbrahimlə Əbülfəz («Millət») namaz qılmağı, oruc tutmağı bilir və bu qaydalara əməl edərdilər. «Millət» hər namaz vaxtı anamla durardı. Onunla namaz qılardı. Orucluq vaxtı heç vaxt oruclarını keçirməz, tutardılar. Anamla İbrahim axır vaxtlara kimi davam edib tutardılar. 10 illik məktəbi qurtarana kimi ailəmiz bir yerdə yaşadı. 1949-50-ci illər bizim ailənin vəziyyəti ağır oldu. Kolxozlar birləşdirildi. Hamının qoyunu-malı siyahıya alındı. Hər təsərrüfatda 5 qoyun, keçidən artığını alırdılar. Bir inəkdən artıq saxlamaq olmazdı. Artığını alıb kolxoza təhvil verirdilər. Bizim də qoyun, keçimizin beşdən artığını almışdılar. Bir dənə qatırımızı, atımızı anam verməmişdi. Demişdi ki, bu əsgər olan oğlumuzundu, ondan sonra əl çəkmişdilər. Beləliklə, ailəmizdə qoyunumuzun, inəyimizin, qatırımızın olması ailənin yaşaması üçün iqtisadi cəhətdən yaxşı köməyi olmuşdu. Bu illər - 1950-51-52-ci illər üçün anamın rəhbərliyi ilə ailə birtəhər dolanır, keçinirdi. Qardaşım İbrahimin gündüzlər kolxozda, gecələr kəndə təzə gəlmiş geoloqların yeraltı qazma işlərində çalışması, Almuradın sürücünün yanında köməkçi işləməsi, Bahadurun qatırla geoloqların yüklərini aparıb gətirməsi ailənin iqtisadi cəhətdən vəziyyətini yaxşılaşdırmışdı. Mən 3 illik əsgərliyim dövründə bir neçə əsgəri sahibi oldum - minamyotçu, topçu, zəhərləyici qazların istifadəsi və ona qarşı mübarizə, bir də 6 aylıq siyasi məktəbi oxuyub qurtarmışdım, (DPŞ - Diviziyonnu partiynı şkola). Əsgərlik vaxtımı başa vurub getmək vaxtı gəlib çatanda, mənə siyasi rəhbər dedi ki, gəl səni yollayaq hərbi uçilişə Tiflisə. Get oranı oxu gəl, hərbi hissədə rotada siyasi rəhbər kimi işlə. Razı olmadım. Dedim ailə vəziyyətimiz ağırdır. Anam təkdir, uşaqlar balacadır. Ona ailə vəziyyətimizi təfsilatı ilə danışdım. Dayımın tutulmağını dedim. Ondan sonra mənim işimi, sənədlərimi qaytarıb verdi. Dedi ki, buraxın getsin, özü razı olmur. Mənim sənədlərimi hazırlayıb 1953-cü il noyabrın 23-də bir neçə əsgər yoldaşlarımla bilet alıb gəldiyimiz Bakı - Yerevan qatarına mindirib yola saldılar. Onu da yada salım ki, 3 illik əsgərlik dövründə anam iki dəfə məni və dayımı görməyə gəlmişdi. O zaman gəlib getmək çox da asan deyildi. Mən də hər ay 2-3 dəfə dayımın yanına gedib-gəlirdim. Əsgər olduğum üçün görüşə tez buraxırdılar. Ona papiros, maxorka aparırdım. Əsgər adam idim, başqa şeyə qüvvəm çatmırdı. Mən qatarla səhər tezdən Ordubad stansiyasında yerə düşüb şəhərə avtobusla gedib kənddən gələn-gedən maşını soruşdum. O zaman maşın çox az idi. Dedilər ki, Dırnısa poçtun maşını gedəcək. O maşını tapıb onunla Dırnısa gəlib çatdım. Oradan da piyada çemodan əlimdə Kələkiyə yola düşdüm. Yolda gəlib-gedən rast gəlmədi. Heç kimin xəbəri olmadan evə çatdım. Evdə qızlardan başqa heç kim yox idi. Qızlar görüşüb tez anama muştuluğa qaçdılar. Anam qonşudaydı. Kəndə səs yayıldı. Hamı göz aydınlığına gəldi. Əbülfəz də məktəbdən gəldi. Axşam qardaşlarım da işdən gəldilər. Hamı ilə görüşüb öpüşdük. Bir Almuraddan başqa. Dedilər ki, Almurad dağda Göhündürdə kəşfiyyatda işləyir. Ona sabah Göhündürə gedənlərlə xəbər göndərdilər. Almurad eşidən kimi kəsmə dağ yolu ilə gəldi. Dağdan gələndə tüfəngi də özü ilə götürmüşdü. Yolda dağ keçilərinə rast gələr deyə. Elə yolda dağ keçisinə rast gəlir və onu vurur. Amma çox böyük olduğuna görə gətirə bilmir. Qoyub orada gəlmişdi. Kənddən ora görünürdü. Gəlib görüşüb öpüşəndən sonra dedi ki, qağa, sən gəldin, ruzumuz bollaşacaq: «Bura gələndə Allahtəala qabağıma dağ keçisini çıxartdı. Birini vurub o daşın altına qoymuşam. Gedib gətirsinlər». Anam bir-iki cavana keçinin yerini dedi ki, gedib gətirsinlər. Uşaqlar gedib dağ keçisini gətirdilər. Ətindən bir az pay verdilər. Evimizdə deyib-gülmək, şadlıq ruhu qalxmışdı. Kəndimizin camaatının keçən illərə nisbətən iqtisadi cəhətdən vəziyyəti yaxşılaşırdı. Ona görə ki, geoloji kəşfiyyat idarəsi bizim kənddə yerləşirdi. Kəndin cavan uşaqları orada işləyirdi. Hər evdən bir-iki nəfər işləyirdi. Bizim ailədən də Almurad, İbrahim, Bahadur yay sezonu geoloqların yanında işləyirdilər. Mən də gələndən sonra onlara kömək edirdim. Onların əvəzinə arabir gedib işləyib gəlirdim. 1954-cü il yaxınlaşırdı. Dövlət get-gedə islahatlar edirdi. Vergilər azalırdı. Böyük bir amnistiya verildi. Bu amnistiyada dayımı buraxdılar. 1954-cü ildə ailə vəziyyətimiz get-gedə yaxşılaşırdı. İbrahim evlənmişdi. Bir oğlu da olmuşdu. O, ailəmizdən ayrılıb öz ailəsi ilə birlikdə yaşayırdı. Əbülfəz («Millət») 7-ci sinifdə oxuyurdu. Dərslərini tam hazırlıqlı oxuyurdu. O, səhərə kimi lampa işığında xalçanın üstündə uzanmış halda oxuyardı. Bəzi vaxtlar yuxu tutub o cur də qalardı. Xalçanın üstündə üstünə yorğan örtüb dəyməzdilər. O kitabxanın kitablarını da alıb gətirər, öz dərslik kitablarından əlavə səhərə kimi onları da oxuyub qurtarardı. Anam hey deyərdi ki, bala özünə yazığın gəlsin bir az, o kitabları az oxu, gözlərin zəifləyər. Dayım gələndən sonra evimizin mal-qoyununu artırmağa başladı. Yenə də hər bir işə o rəhbərlik edirdi. O tutulandan sonra bir oğlu da olmuşdu - Seyfəddin. Onun 4 yaşı tamam olmuşdu. Ailənin ən kiçik uşağı o idi. Çox vaxt anamın yanında olardı, ondan əl çəkməzdi. Biz də 1954-cü ildən ayrı yaşadıq. Amma yenə də çox vaxt yemək-içməyimiz bir yerdə olardı. Evlərimiz bir-birinə çox yaxın idi. Anam qardaşını çox istəyirdi. Ondan uzaq olmaq istəmirdi. Həmişə yanında olmasını istəyirdi. Məktəblər bağlanmışdı. Hərəmiz kəşfiyyat idarəsinin bir dəstəsində ayrı-ayrı yerlərdə işləyirdik. Dayım öz mal-qoyunumuzu becərmək, həm də kolxozun sağıcısı kimi işləmək üçün anamı aparıb yaylağa qoymuşdu. Anam 10 inəyə qulluq edirdi. Onları sağıb təhvil verirdi. Biz hamımız kənddə olurduq. İşləyib axşamlar evə gəlirdik. Əbülfəz də kənddə olurdu. Hərdən bir yaylağa gedib anamı görüb gələrdi. Bu il hələ məlum deyildi ki, 8 illik məktəbi harada oxuyacaq? Kəndimizdə oxumaq üçün orta məktəb yox idi. Dırnısa, ya da Ordubada getməli idilər. Avqust ayı idi. Dayımı görmək üçün rayondan köhnə dostlarından bir neçə idarə müdirləri, müəllimlər gəlmişdilər. Dayım onlar üçün bir erkək kəsdi. Qonaqlıq verdi. Onların içində rayon müdiri də var idi. O qadın idi - Tovuz müəllimə. Müəllimlər biz ev uşaqları ilə tanış oldular. Əbülfəzlə olanda ondan soruşdular ki, neçənci sinifdə oxuyursan? Dayım tez dedi ki, 7-ci sinifi bu il qurtarıb. Müəllimlər Əbülfəzi sorğu-sual etdilər. O suallara düzgün cavablar verməklə müəllimlərin xoşuna gəldi. Tovuz müəllimə üzünü 1 nömrəli orta məktəbin direktoruna tutub dedi ki, bu uşağın adını, familiyasını yaz götür, bu gündən sizin tələbinizdir. Sonra dayıma dedi ki, sentyabrın 1-dən yolla gəlsin, Ordubad rayon 1 nömrəli orta məktəbdə oxuyacaq, sənədlərini biz özümüz tələb edəcəyik məktəbdən. Rayonun bütün məktəblərindən əlaçı tələbələri yığırıq ki, şəhər məktəbində oxusunlar. Əbülfəzin sevincinin həddi-hududu yox idi. Sentyabr yaxınlaşırdı. Əbülfəz tez-tez yaylağa qaçır, anama deyirdi ki, mən bu il orta məktəbi Ordubadda oxuyacağam. Anam yaylaqdan sentyabra bir həftə qalmış gəldi. Əbülfəzə («Millətə») təzə paltar, ayaqqabı aldı. Məktəb üçün olan hər şey, dəftər-kitablar aldırıb hazır qoydu. Sentyabrın 1-dən bir-iki gün qabaq Əbülfəzi aparıb Ordubada qohumumuz Gülüş xala, Şamı əmigildə qoyduq. Anam Gülüş xalaya tapşırdı k, Əbülfəzlə öz uşaqları kimi muğayat olsun. Şamı əminin uşaqları çox idi. Beləliklə də, Əbülfəz («Millət») 1954-cü ilin sentyabrından Ordubad rayon 1 nömrəli orta məktəbində 8-ci sinifində oxumağa başladı. 1954-cü il bizim ailənin dönüş ili oldu. Demək olar ki, tənəzzüldən tərəqqiyə doğru qalxdıq. 1954-cü ilin noyabrı idi. Məni anamın təkidi ilə dayım evləndirdi. Anam mənə öz əmisi nəvəsi Firuzəni nişanlayıb, nişan üzüyü verib, 1954-cü ilin noyabrın 23-24-də evləndirib, toy elətdirib, evinə gəlin gətirdi. Anamın öz qohumunu gəlin gətirməsi, oğlanlarına bacı, özünə doğma qız kimi gələcəkdə Əbülfəzə mənəvi-iqtisadi dayaq olması, həm də özü üçün köməkçi, həmişə yanında yaşaması, ailədə mehribançılıq, dostluq, bir-birimizi ayrılmaz, sevimli bir ailəyə çevirmişdi. Əbülfəzin Ordubadda oxuduğu müddət həmişə onun yaxşı oxumasından, tərbiyəsindən müəllimlər dayım şəhərə gedəndə razılıq edirdilər. O, 8-ci sinifi oxuduğu tədris ili Şamı əmigildə qaldı. 9-10-cu sinifləri oxuduğu müddət yataqxana şəraitində (məktəbin yataqxanasında) yaşamalı oldu. Ona görə ki, ev şəraiti ona yazıb-oxumağa imkan vermirdi. 1955-ci ildə 9-cu sinifi oxuyanda Almuradı, Bahaduru əsgərliyə apardılar. Evin işi-ağırlığı anamın, mənim üzərimə düşdü. Mən dağ-mədən kəşfiyyatında işləyir, anam da yenə fermada yay vaxtları sağıcı işləyir, yaylağa gedirdi. Əbülfəzlə Firuzə kənddə qalıb öz təsərrüfatımızla məşğul olurdular. Artıq ailəmizdə bir qız uşağı da üzv olmuşdu. Adını Əbülfəz qoydu - Səadət. Qardaşım İbrahim ayrı yaşayırdı. Dayım da ayrı yaşayırdı. Bu ildən etibarən bir ağsaqqal kimi hər şeyə nəzarət edirdi. Aldığım maaş evin 50 faizini ödəyirdi. Həm də Əbülfəzin həftədə gedib-gəlmək yol pulunu verməli idim. Bundan əlavə, qış gəlirdi, yanacaq da almaq lazım idi. Sobalarda odun yox, daş kömür yandırırdıq. Geoloji idarənin hesabına axşamlar dizel elektrik işığı verilirdi. Kəndimiz rayonda ən müasir kəndlərdən birinə çevrilmişdi. Pekarnı, kino klub, mağaza, hamam, voleybol meydançası və sair. Yay vaxtları çayda göl tikilir, üzguçuluk öyrənmək işləri həyata keçirilirdi. Kəndin balaca olmasına baxmayaraq, kiçik şəhərcik halına düşmüşdü. Sonrakı illərdə yeməkxana və səhiyyə məntəqəsi açıldı. Bunlar son vaxtlara qədər fəaliyyət göstərirdi. Kəndin iqtisadi cəhətdən inkişafı artmışdı. Ailələr özləri üçün evlər tikir, ayrılır. Get-gedə kənd böyüməyə başlayırdı. Müharibədən qabaq 30 yaşayış ev, təsərrüfatı olan kənd indi 70-80 təsərrüfata çatmışdı. Mən də bunların içində olmaq şərti ilə. Əbülfəz 9-10-cu sinifi oxuyanda yataqxana şəraitində yaşayırdı. Maşınlar işləmədiyi aylarda ona çantanı yeməklə doldurub aparıb verib yataqxanada yoldaşları ilə söhbətləşirdim. Onlar da uzaq kəndlərdən gəlmişdilər. Tividən, Biləvdən, Üstüpüdən və başqa kəndlərdən var idi. Hamısı bir-birinə çox mehriban dolanırdılar. Onların kəndləri çox uzaq olduğu üçün ayda bir dəfə gedib gəlirdilər. Əbülfəz ancaq maşın düşəndə gedib-gələrdi. Bəzi vaxtlar havalar yaxşı olanda piyada gələrdi. Beləliklə, məktəb həyatını yataqxanada yaşaması, öz-özünə qulluq etməsi, gələcəkdə institutda oxuyanda və islah-əmək düşərgəsində olduğu zaman onun karına gəlmişdi. O, çoxlu kitab alıb gətirərdi. Nizaminin, Füzulinin kitablarını çox oxuyardı. Ədəbiyyata, tarixə çox meyl edərdi. Harada tarix kitabları görsəydi, alıb gətirər, oxuyardı. Çoxlu əl yazması olan şerlər oxuyardı. Anamdan keçmiş zamanlarda eşitdiklərini, gördüklərini danışmasını xahiş edərdi. Yay vaxtı tələbələrin tətilə çıxdığı vaxtlar Əbülfəz kənddən başqa yerə getməzdi. Kənddə Firüzə ilə bir yerdə qalıb balaca Səadətlə günlərini keçirərdi. İyul-avqust ayları çayda göl tikilirdi. Günlərinin çoxunu yoldaşları ilə gölün kənarında keçirərdi. Mən də istirahət günləri gəlirdim. Anam da yaylaqda olardı. Əbülfəz hərdənbir gedib anamın yanında qalardı. Anam ömrü boyu son günlərinə qədər həmişə yaylaqlarda olardı. Yay vaxtı yaylağa getmək, maldarlıqla məşğul olmaq bizim ata-baba sənətimiz idi. Anam deyərdi ki, qoyunu, mal-qarası olan heç vaxt iqtisadi cəhətdən korluq çəkməz. Bizə həmişə məsləhət verərdi ki, qoyun-mal saxlayın. Evi ağartısız qoymayın. 1956-57-ci dərs ili Əbülfəz 10-cu sinifdə oxuyurdu. Məni geoloji kəşfiyyat idarəsində altı aylıq təkmilləşdirmə kursuna göndərdilər. O zaman AZİ-nin nəzdində açılmış yeraltı-yerüstü dağ mədənlərinin işlənməsi və istismarı üzrə kursa yolladılar. 1957-ci ilin noyabrında Bakı şəhərinə oxumağa gəldim. 150 manat aldığım maaşı almaq şərti ilə. Onun 70 manatını evə verirdilər, 80 manatını isə mənə yollayırdılar. O dövrü bu pul az deyildi. Yaxşı keçinmək olurdu. Bakıda oxuduğum dövr mənim dərslərim çox ağır idi. Ali məktəb proqramı keçirdilər. Mənimlə oxuyanların hamısı ali savadlı, institut qurtarmış insanlar idi. Bu isə mənim inkişafıma, oxumağıma çox böyük təsir etdi. Həm geoloji işdə, həm də dağ-mədən qazma işlərində. Bu dövrdə Əbülfəzdən məktub alırdım. Mən də ona məktub yazırdım. Yazırdım ki, hər həftə kəndə get, anamgildən xəbər tut, qoyma darıxsınlar. Dərslərini yaxşı oxu, hazırlaş, bu il axırıncı ilindi. Fikirləş, hansı fakültəyə girmək istəyirsən, mənə yaz. Bizi iyul ayına kimi buraxmadılar, çünki dərs proqramı çox idi. İyunun axırında ixtisas üzrə 3 dövlət imtahanı olacaqdı. May ayının axırı idi. Əbülfəzdən mənə bir məktub gəldi. Yazmışdı ki, qardaş, mən imtahanları verməyə başlamışam. Sən get universitetə, öyrən gör şərqşünaslıq fakültəsinə hansı imtahanlar düşür. Bu il açılıb ərəb dili üzrə. Universitetə gedib həmin fakültəyə hansı imtahanların düşdüyünü öyrənib yazdım və yolladım ona. Dörd imtahan idi o zaman. Mən də iyun ayının axırı, iyulun 10-a kimi imtahanları verdim. Dedilər ki, vəsiqənizi sonra gəlib alarsınız. İstilər düşmüşdü. Kəndin ən gözəl vaxtı idi. Anam bu il başqa yaylaqda, Ordubad kolxozunun fermasında işləyirdi. Gülüş xalagilin əkin torpağı - çayın mənbəyi olan Qapuçuq dağının ətəyindəydi. Bakıdan mən gələndə Əbülfəz kənddə idi. İmtahanlardan hələ ikisi qalırdı. İmtahanlar arası çox çəkdiyinə görə, həm də kənddə sevdiyi bir qız varmış. Mən bunu sonralar bilmişəm. Yoldaşım dedi ki, artıq gecdir, onu behləyiblər, sözünü alıblar. Bir-iki gün kənddə qalandan sonra yaylağa anamı görməyə getdim. Gedib anamı yaylaqda görüb bir-iki gün də yanında qaldım. Anam Xumar bacını yanınca yaylağa aparmışdı. O da ordaydı. Anama kömək edirdi. Bir yerdə, bir çadırda qalırdılar. Anama söylədim ki, Əbülfəz bu il Bakıda oxuyacaq. Allah qoysa, institutda oxuyacaq. Dedi ki, Allah eləsin, Amin. Əbülfəz imtahanlarını verib qurtarandan sonra sənədlərini yığıb onu Bakıya yola salmağa gəldim. İmtahanlara bir həftə qalmış getdi. Bakıda heç bir tanış, qohum yox idi. Olan da dincəlməyə getmişdi. Mən Bakıda oxuduğum illər Dağlı məhəlləsində bir tanış gəlin var idi. Ona vəziyyəti danışmışdım. Demişdim ki, qardaşım imtahan verməyə gələcək, qalmağa yeri yoxdur. Dedi ki, bəs mən yoldaşımla dincəlməyə gedəcəyik. Ünvanı ver, gəlsin bizə, açarları verim ona. Biz çıxıb gedək dincəlməyə. Dediyi kimi də etdim. Əbülfəzi Bakıya yola salanda ünvanı verdim və dedim ki, həmin ünvana gedərsən. Əbülfəz birinci dəfəydi ki, Bakıya gedirdi. O, heç haranı tanımırdı. Qatardan düşən kimi taksiyə minib ünvanı göstərir. Taksi sürücüsü onu həmin ünvana çatdırır. Qapını döyüb səsləyir. Asya bacı tez qapıya çıxıb Əbülfəzin qabağına yüyürüb çantanı əlindən alıb deyir ki, gəl dalımca. Əbülfəzə deyir ki, mən səni səsindən tanıdım. Səsin Murad qardaşın səsinə oxşadı. Ona tez çay-çörək hazırlayır. Deyir ki, çox yaxşı vaxtında gəldin, biz iki gündən sonra kurorta gedəcəyik, bilet almışıq. Dincəl, səni aparıb gedib-gəlmək üçün universitetin yollarını tanış edim. Burdan çox yaxındır. Asya bacı iki gün Əbülfəzə çox yeri tanıdır. Üzü aşağı enəcəyik ora, gələndə də tramvayla gələrsən. Yoldaşı sürücü işləyirdi, onunla da tanış edir. Evin açarını Əbülfəzə verib kurorta gedirlər. Əbülfəz isə başlayır imtahanlara hazırlaşmağa. Sənədlərini aparıb imtahan komissiyasına verir. Universitetin auditoriyası ilə tanış olur. Vaxtları olanda yoldaşları ilə birlikdə şəhəri gəzib dolanırlar. İmtahanlar başlayır. Birinci imtahanda yaxşı qiymətlə başlayıb yaxşı qiymətlə qurtarır. İmtahanların hamısını verib qəbul vəsiqəsini alır. Universitetin şərqşünaslıq fakültəsinin ərəb bölməsinin 1-ci kurs tələbəsi. Avqust ayının axırıncı həftəsi idi. Kənddə hamı bizi təbrik edir, göz aydınlığı verirdi. Anam hələ yaylaqda idi. Atımız yox idi. Dayımın bir qatırı qalmışdı. Əbülfəz onu minib dağ yolu ilə gedib anamı görüb iki gündə yanında qalıb görüşüb gəldi. Sentyabrın 1-i yaxınlaşırdı. Qəbul olan tələbələr rayondan getmək üzrə idilər. Biz də Əbülfəzi yola salmağa hazırlaşırdıq. Maaşlar verilən vaxt idi. Mağazaya yaxşı bahalı kostyum gəlmişdi. Maaşımı alıb Əbülfəzi aparıb əyninə yaraşan bir kostyum və bir ayaqqabı aldım. Kostyum ona çox yaraşırdı. Alt-üst paltarlığını da almışdıq. Dayım bir erkək qoç kəsib qonaqlıq verdi. Rayondan məsul işçilər, müəllimlər gəlmişdilər. Rayondakı müəllimlərə qabaqcadan xəbər yollamışdıq. Əbülfəzin Ordubaddakı müəllimlərindən bir neçəsi qonaqlıqda iştirak edirdilər. Hətta o zaman erməni dilində çıxan «Kommunist» qəzetinin müxbiri Hartun da qonaqlıqda iştirak edirdi. Hamı təbrik edir, göz aydınlığı verir, dayımı qucaqlayıb öpürdülər. Qonaqlıq qurtarandan sonra axşam üstü Əbülfəzi yola salmaq üçün bizə geoloji idarənin maşınını verdilər. Ordubad dəmir yol vağzalına bir neçə cavan uşaqla gəlib onu Bakıya yola saldıq. 1957-58-ci illər Əbülfəzin institut həyatı başladı. Birinci kursda ərəb dili üzrə oxuyurdu. Əziz oxucular! 1948-57-ci ilə qədər olan ailəmizin, Əbülfəzin qısaca da olsa, tarixi, həyatında olan əsas faktları yazdım. Bununla bildirmək istəyirəm ki, bizim təlim-tərbiyəmizdə anamın böyük rolu olub . O biz qardaşlara ana, həm də ata olub. Anamın bu əməyini biz qardaşlar layiqincə yerinə yetirə bilmədik. Ömür imkan vermədi. Dayımız Fərrux isə biz ailəyə öz ailəsi iə birlikdə rəhbərlik edib, atalıq qayğısı göstərib. Onların qayğısı sayəsində bizə heç bir kənar qohumların qayğısı, yardımı, köməyi lazım olmayıb. Bacardıqca bizim ailə başqa qohumlara yardım, kömək göstərib. Müharibənin ağır illəri dayımın, anamın müdrikliyi, rəhbərliyi sayəsində heç bir korluq çəkməmişik. İstər iqtisadi, istərsə də mənəvi cəhətdən. Xansənəm bacı biz qardaşlara həm bacı, həm də ikinci ana olub. Onun körpə uşaqları olmasına baxmayaraq, həmişə bizə qayğı göstərib. Öz uşaqlarından bizləri seçməyib. Bunu yazmaqda, siz oxuculara bildirmək istəyirəm ki, biz 1958-ci ilə kimi bir ailə kimi yaşamışıq. Ondan sonra hərə öz ailəsi ilə bir olub. Dayım, anam həmişə olduğu kimi yenə də ağsaqqalımız olublar. 1958-ci ilə kimi xatirələr burada bitir. 1957-58-ci ili Əbülfəzin institut həyatı başladı. O artıq Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili üzrə birinci kurs tələbəsi oldu. Birinci ili Əbülfəz üçün çox çətin oldu. Ona görə ki, Bakı mühitinə öyrənmək, kənd həyatından ayrılmaq, qardaş, anadan uzaq düşmək, ümumiyyətlə, ailədən uzaq olmaq onu darıxdırmışdı. Bunu sonralar özü söhbət edirdi. Birinci kursdan sonra istəyirdi ki, sənədlərini alıb hərbi məktəbə versin. Hərbçi olmaq istəyirdi. Müəllimlərinin, bəzi tələbə yoldaşlarının təkidi ilə bu fikirdən daşındı. İkinci kursdan sonra canı dildən ərəb dilini öyrənməyə başladı. Əbülfəz birinci kursda oxuyanda ondan tez-tez məktub alırdıq. Biz də ona tez-tez məktub yazardıq. Onun darıxmaması, çətinlik çəkməməsi üçün Bakıya gedib-gələndən bağlama yollayırdıq. Almurad əsgərlikdə idi. Mən geoloji kəşfiyyat dəstəsində işləyirdim. Anam və yoldaşım qış olduğu üçün kənddə idilər. Evimizə bir qız uşağı da əlavə olundu. Onun adını anam qoymuşdu - Səlimə. Bu körpələri saxlamaqla anam məşğul olurdu. Mənim aldığım maaş bizim ailəni, Əbülfəzi ancaq görürdü. Hər ay Əbülfəzə korluq çəkməsin deyə anamın aldığı təqaüdü 20 manatı və mənim maaşımdan 30 manat da qoyub 50 manat yollayırdıq. Beləliklə, Əbülfəz yaxşı qiymətlərlə birinci kursu qurtarıb kəndə gəldi. Anam yenə də yaylağa getmişdi. Əbülfəzlə Firuzə kənddə qalırdılar. Mən də hələ ki, dağda işləyirdim. Hər istirahət günləri kəndə, anamın yanına gələrdim. 1958-59-cu dərs ili başladı. Əbülfəz həmin il ikinci kursda oxuyurdu. Daha şəhər mühitinə öyrənmişdi. Çoxlu tələbə tanışları var idi. Tələbə-müəllimlər arasında hörmət qazanmışdı. Artıq o ədəbiyyat-tarix dərnəklərinə gedirdi. İdmanla məşğul olurdu. Güləş, üzgüçülük məşğələlərində iştirak edirdi. Həm də qabaqcıl tələbələr təşkilatlarında iştirak edirdi. Heç bir məşğələdən, dərsdən geri qalmırdı. 1959-cu ilin may ayında, məni geoloji idarəyə «kontora» çağırdılar. Dağdan gəldim. Kontora gedib məni nə üçün çağırdıqlarını soruşdum. Rəisin yerinə baş geoloq baxırdı. Dedi ki, bəs sənə Bakıdan, Baş İdarədən radioqramma gəlib. Bakıya getməlisən. Mənə ezamiyyə əmri verib Bakıya yola saldılar. Gəlib evdən Əbülfəz üçün nə lazımdırsa hazırlayıb bir bağlama götürüb yola düşdüm. Səhərisi qatarla Bakıya çatdım. Gedib Əbülfəzi yataqxanada tapdım. İstirahət günü idi. Tələbələrlə görüşdüm. Gətirdiyim sovqatdan Əbülfəz stolun üstünə tökdü. Hamıya payladı. Mən səhərisi Baş İdarəyə getdim. Kadrlar şöbəsində olub özümü təqdim etdim. Mənimlə salamlaşıb yer göstərib söhbətə başladılar. Bildirdilər ki, sənin əmrin verilib, Kəlbəcər rayonuna getməlisən. Dedilər ki, rəis tapşırıb ki, gələndə onun yanında olum. Nazirin otağına daxil olan kimi «Yaxın gəlin» deyib mənimlə səmimi görüşdü. Anamı, dayımı soruşdu. Evdən hal-əhval tutdu. Başladı söhbət etməyə. Kadrlar şöbəsinə bildirdi ki, mən Kələkidə rəis işləyəndə bu ailəni yaxşı tanıyırdım. Mən orada işləyəndə bu oğlan əsgərlikdəydi. Bunun qardaşlarını İbrahimi, Almuradı, Əbülfəzi tanıyıram. Yaylaqda anasının qatığını, südünü, yağını çox yemişik, sərin ayranından içmişik. Tanışlıq verəndən sonra dedi ki, səni cavan kadr olduğun üçün, yeraltı qazma işləri aparmaq üçün, Kəlbəcər rayonuna yollayıram. Təzə obyektdir, səninlə birlikdə rəisin Nəzir müəllimdir. Get hazırlaş, ayın 20-də təzə maşın verəcəm - QAZ-51. Gəlib bir yerdə gedərsiniz. Nazir tanınmış geoloq Mütxət Mustafabəyli idi. Əmrimi alıb çıxdım. Əbülfəzlə görüşüb əhvalatı ona danışdım. Çox razı oldu. Çıxıb kəndə getdim. Kəndə gəlib əhvalatı anama, dayıma, Almurada danışdım. Onlar da mənim Kəlbəcər rayonunda işləməyimə razı oldular. Almurad 6 ay idi ki, əsgərlikdən gəlmişdi. O da işə təzə düzəlmişdi. Dağda mexanizm bölməsində kompressorda işləyirdi. Mustafabəylinin salamını anama dedim. Anam məmnun olub dedi ki, hə bala, onun yoldaşına yaylaqda çox hörmət eləmişəm. Onda o hələ qız idi. Gündüzlər gedib dağda gəzib gəlib mənim yanımda qalardı. Heç kimin çörəyi heç kimdə qalmaz. Həmişə bacardıqca yaxşılıq edin, çörək verin, bir gün o özünüzə qaytarılacaq. Mənim bir nigarançılığım bizə vaxtı ilə qaçqınlıq zamanında yaxşılıq etmiş, yardım yollamış Hacı Zeynalabdin Tağıyevdən qalır. Onun bizə göndərdiyi unu, düyü, yağı, yardımları heç vaxt unuda bilmirəm. Onun qohumlarından, uşaqlarından, nəvələrindən olsa, tapıb hörmət edin. Qismət olsun, edərik, heç nigaran qalma, ana dedik. Mən kənddən Bakıya qayıtdım. Gəlib Nəzir müəllimi tapdım. Salamlaşıb dedi ki, iki gündən sonra çıxacağıq. Gedək bazaya, bizə maşın veriblər, sürücü tapaq. Nə lazımdır, tapaq, yığaq, yükləyək maşına. 20-sində çıxaq. Dediyi kimi də etdik. Təzə maşın, təzə sürücü verdilər. Maşını dolduqca yükləyib gəlib Əbülfəzi də institutda tapıb görüşdüm. Səhər vaxtı çıxacaqdıq. Kəlbəcərə çatan kimi sənə məktub yazacam dedim. Görüşüb ayrıldım. Səhər vaxtlı yola düşdük. Mən, sürücü, Nəzir müəllim üçümüz də birinci dəfəydi ki, Kəlbəcərə gedirdik. Yol bizə çox uzun gəldi. Səhər 6-dan çıxan axşam saat 12-də Kəlbəcərə çatdıq. Orada da geoloji kəşfiyyat dəstəsi var idi. Soruşub onların bazasına getdik. Orada bizə yer verdilər. Maşını qapıdan içəri salıb gözətçiyə tapşırdıq. Çox yorğun idik. Çay içib uzanıb yatdıq. Qaranlıq idi, heç bir yer görünmürdü. O zaman rayonda elektrik işığı yox idi. Lampa işığından istifadə olunurdu. Nadir hallarda dizel elektrik işığı verilirdi. Səhər-səhər yuxudan ayılanda özümü qeyri-bir aləmdə hiss etdim. Hər tərəf hündür dağlarla əhatə olunmuşdu. Yamyaşıl yamacları, aşağı hissəsi meşəliklə örtülü, dağlardan axıb gələn Tər-tər çayının nəriltisi gələn qonaqlara yeni bir aləmdə olmasını göstərirdi. Təbiətin belə bir gözəl guşəsini ancaq şairlər, aşıqlar, alimlər öz şerlərində, nəğmələrində, romanlarında tərənnüm edə bilərlər. Mən təbiətin belə bir füsunkar gözəlliyini birinci dəfəydi ki, görürdüm. Kəlbəcərlə tanış olandan sonra işə başladıq. Bizim iş yerimiz uca dağların arxasında idi. Ora ancaq at ilə getmək lazım idi. Yaxın kəndlərdən bizim yükləri daşımaq üçün atlar kirayə etdilər. Bizim yükləri, lazım olan şeyləri atlara yükləyib atlara minib yola düşdük. Qoç daşını (Qoç dağı da deyilir) aşırımını aşıb Tutxun çay vadisinə endik. Bura Kəlbəcərin ən ecazkar təbiəti olan yeri idi. Bu dərəyə Kəlbəcərin Şiveçaryası deyilirdi. Hətta Avropa alimlərindən biri deyib ki, Şiveçariyanı görməyibsə, getsin Kəlbəcərə Tutxun çayını görsün. Çox gözəl bir yerdir. Yol çox uzun idi. Çoxlu çaylar keçib gəlib düşərgəmizə çatdıq. Bəylik deyilən yerə. Buranın rayonla maşın yolu əlaqəsi yox idi. Ancaq piyada atla rayona gedib-gəlmək olurdu. Burda yerləşəndən sonra Əbülfəzə məktub yazdım. Buranın gözəlliyindən, təbiətindən, suyundan, meşələrindən yazdım. Yazdım ki, tətilə çıxan kimi gəl bura, dincəl. İşləri səhmana salandan sonra verilən marşrutlarda, sahələrdə kəşfiyyat işlərinə başladıq. Buranın geologiyası Ordubaddakı kimi suxurlar aşkar görünmürdü. Buranın üst qatları örtülü idi. Bunun üçün çoxlu xəndək qazmaq lazım gəlirdi. Ona görə buranın geologiyasına örtülü muzey, Ordubadın (Naxçıvanın) geologiyasına isə açıq muzey deyilirdi. Burda hər bir süxur örtülü idi. Ancaq xəndək qazmaqla aşkar etmək olurdu. Çoxlu işçi qüvvəsi lazım gəlirdi. İşləməyə (axtarışa) başladıq. Geoloqlarımızı bir neçə sahəyə bölüşdürdük. Hərə öz sahəsində işləməyə başladı. Gecə-gündüz verilən tapşırıqları - çöl işlərini işləyib qurtardıq. Götürülən nümunələrin laboratoriyadan cavablarını gözləmək və əlavə yardımçı işləri də görmək (yol çəkmək, yataqxana tikmək) lazım gəlirdi və biz də bu işləri də görürdük. 1959-cu ildə gələn nümunələrin cavabları çox yaxşı olduğu üçün əlavə qazma işləri görmək üçün yeraltı və yerüstü quyuların qazılması üçün ağır mexanizmi buraxmışdılar. Bu ilki büdcəmiz keçən ilə nisbətən bir yarım 1,5 dəfə çox idi. Bu işlərin görülməsi üçün baş icraçı kimi mənə tapşırılmışdı. İşlərim çox ağır idi. Yeni yataqların tapılması geoloji nazirliyin, Moskvanın marağına səbəb olmuşdu. 60-cı ilin yayında çoxlu alimlər, qonaqlar, qızıl üzrə mütəxəssislər gəlib gedirdilər. Moskvadan, Azərbaycandan və başqa respublikalardan gəlirdilər. Yeni yataq olduğu üçün Özbəkistandan, Gürcüstandan, Ermənistandan maraqlanırdılar. Əbülfəz söz vermişdi ki, bu il 60-cı ilin yayını mütləq mənim yanımda keçirəcək. Yazdım ki. məktəbdən tətilə çıxan kimi kəndə get, maşın yollayacağam, uşaqları da götür gəl, gözləyirəm. Hələ biz olduğumuz yerə Tutxun dərəsinə maşın yolu yox idi. At ilə Qoç daşdan gedib gəlirdik. Çaykənddə bazamız var idi. Bakıdan gələn materiallar orada anbarda yığılıb at ilə daşınırdı. 20-ə kimi atı kirayə etmişdik. 10-u gedəndə, 10-u da gəlirdi. İş rejimimiz yaxşı idi. Bunların hamısına mən rəhbərlik edirdim. Kolxoz sədrləri ilə dostluq edirdim. Kəlbəcərə gələn partlayıcı maddəni (amonim) daşımaq üçün bir günə 20-30 öküz verirdilər. Oradan tez gətirmək üçün.
Yay girmişdi. Məktəblər bağlanmışdı. Uşaqlar tətilə çıxmışdılar. Mən Əbülfəzin kəndə gəlməsini radioqramla soruşdum. Dedilər ki, gəlib. Bizim hava rabitəmiz var idi. Bütün geoloji idarələrdə o rabitədən var idi. Biri Kələkidə var idi. Həmişə əlaqə saxlayırdıq. Ona görə həmişə evlə əlaqəm olurdu. Xəbər yolladım ki. hazırlaşın, maşın yollayıram, yığışın gəlin. Partiyanın rəisi dedi ki, sabah bizə qonaq gələcək. At yolla Kəlbəcərə, onu gətirsin. Mənim dostumdur, tanış alimdir, bir yerdə oxumuşuq. Gəlib bir müddət burada dincələcək. Sabahısı Xudu müəllim gəldi çıxdı. Onu çox yaxşı qarşıladıq. Dincəlmək üçün ayrıca otaq verdik. Xudu müəllimlə yaxından tanış olduq, Yaxşı insan idi. Çoxlu lətifələr danışırdı. Zarafatcıl alim idi. Çox zaman kitablardan ayrılmazdı. Həmişə əlində kitab olardu. Rəisimiz Nəzir Əliyev hey deyərdi ki, Xudu, bu kitablardan əl çək, gəlmisən dincəlməyə, istirahət elə. Çox vaxt atı minib mənimlə yaxındakı sahəyə gedərdik. Fəhlələr işləyən yerləri gəzib gələrdik. Təbiətin vurğunuydu. Mənə göstərib deyərdi ki, bu elat yolu ki var, mən uşaqlıq dövrümdə bu yolla çox gedib gəlmişəm. Atın, dəvənin üstündə. Buralar mənə tanışdı. Bizim elatımız İsti-su yaylaqlarına bu yolla gedərdik. Bu yol Ağdama yaxın idi. Mənim atımı hamı tanıyır. Bu Tutxun dərəsində Mərizəli Surxay kişi desən, tanıyacaqlar. Bütün yaşlı adamlar tanıyır. Mən bu yerlərin vurğunuyam. Neçə illərdi bu dərəyə gələ bilmirdim. Gəlib İsti-sudan qayıdırdım. Bu ildən sonra həmişə istirahətə bura, sizin yanınıza gələcəm. Gəzdiyi yerlərdən, xarici ölkələrdə olduğu səfərlərdən çoxlu söhbətlər edərdi. Ələlxüsus da London xatirələrindən danışardı. Deyərdi ki, təbiətinə görə ən çox sevdiyi yer buradır - Tutxun çay vadisidir. Heyf ki, hələ bura maşın yolu açılmayıb. Dedik ki, gələn il gələndə maşınla gələrsən. Nəzir müəllim dedi ki, bu ilki layihəmizdə yol çəkmək salacağıq. Buradan üzü aşağı, çay kənarı ilə, oktyabrda çöl işlərini qurtaran kimi, işə başlayacağıq. Sağlıq olsun, onu da görərik. Allah qoysa, Xudu müəllim deyib gülümsədi. «Hə, indi gəl şahmat oynayaq, kim aparsa, qonaqlığı da, o verəcək» deyib gülüşdülər. Kələkidən radioqramma verdilər ki, Əbülfəzgil yola düşüblər. Cermux-İstisu yolu ilə gəlirlər, Kəlbəcərdə qarşıla. Mən atları Kəlbəcərə yolladım ki, uşaqları gətirsinlər. Gələnlər Almurad, Əbülfəz, yoldaşım 3 uşaqla. İki qız - 4-6 yaşında, bir oğlan 1 aylıq idilər. Dağ yolu çox yaxın olduğu üçün axşam Kəlbəcərə gəlib çatmışdılar. Bazada dincəlib, səhər tezdən Tutxuna yola düşmüşdülər. Hərəsi bir at minib, uşaqları da qucaqlarına alıb, dincələ-dincələ, yaylaqları seyr edə-edə. gəlib axşam çağı Tutxuna çatdılar. Yorğun olduqları üçün, çay içib hərə bir çarpayıya uzanıb yatdılar. Evlərin yanından 20 metr aralı Tutxun çay axırdı. Tezdən Əbülfəz durub dəsmalını götürüb, çaya yuyunmağa getdi. Uşaqlar hələ də yatırdılar. Əbülfəz çaydan ayrılmaq istəmirdi. Hey sərin su ilə yuyunurdu. Əgər səsləməsəydik, elə orada qalardı. Yoldaşım samovarı qaynadıb artıq süfrəni açmışdı. Qonşular durmuşdu. Xudu müəllim balkonda var-gəl edirdi. Qonşu geoloq ailələri bir-bir gəlib təzə gələn qonşularla tanış olurdular. Çox ailə yox idi. 6-7 ailə ancaq olardı. Hamısı da cavan ailələr idi. Hərənin bir-iki uşağı var idi. Hamımız bir ailə kimi mehriban yaşayırdıq. Səhər yeməyində Xudu müəllim də bizimlə bir süfrə başında oturub samovar çayı içirdik. Yoldaşım kənddən samovar gətirmişdi. Gələn ailələrdə samovar yox idi, gətirməmişdilər. Ona görə samovar çayı içməyə marağı olanlar çox idi. Elə süfrə başında Xudu müəllimlə Əbülfəz bir-biri ilə söhbətləşib tanış oldular. Xudu müəllim dedi ki, daha bundan sonra darıxmaram, həmsöhbətim var. O gündən sonra onlar hara getsələr birlikdə getdilər, birlikdə çörək yeyib, kitablar oxuyub mütaliə edirdilər, çaya enib balıq tuturdular. Günlərini çox yaxşı keçirirdilər. Hərdən bir, atları minib yaxındakı iş yerlərinə gedib, fəhlələrlə söhbət edib gəlirdilər. Axşamlar hamımız Xudu müəllimin otağına yığışardıq. Hava yaxşı olanda çöldə stol açıb söhbətləşərdik. Xudu müəllimin məzuniyyət vaxtı qurtarmaqdaydı. Dedi, işim olmasaydı, heç getmək, sizdən ayrılmaq istəmirəm. Bir-iki günə getməliyəm. Gələn il gələndə çox qalacam, sağlıq olsun. Əbülfəzə dedi ki, Bakıya gələn kimi gəl görüşək. Sən hələ sentyabrda gələcəksən, qal yaxşı-yaxşı dincəl. Buraların təbiəti ilə tanış ol. Mənim uşaqlıq vaxtım buralarda, at belində gedib-gəlməklə keçib. Bax bu elat yolu çox uzun yoldur. Ağdamdan başlayır, İstisu taxtalarına qədər. Oradan da, Murad təpəsinə, Arpaçay başlanan yerə kimi. Cermuxun üstünə kimi, bizim Qarabağ mahalının yaylaqlarıdır. Çox gözəl yerlərdir. O yaylaqları saymaqla qurtarmaz. Əbülfəz diqqətlə dinləyirdi onu. Müəllim yaylaq həyatından danışdıqca dərin düşüncələrə dalırdı. Bu söhbətləri bir vaxt anam danışardı. Biz də elat olmuşuq. Belə bir uzun yol gedib gələrdik. Mən də atın üstündə, anamın qucağında belə uzun yol gedərdik. Qaşlarını qaldırıb Xudu müəllimə dedi ki, sənin elat yolu yaylaq həyatın, mənimki ilə üst-üstə düşür. Mənim də uşaqlıq dövrüm sizinki kimi olub. Axşam bir yerdə çox söhbət etdilər. Heç yatmaq istəmirdilər. Çünki Xudu müəllim səhər yola düşəcəkdi. Axşamdan xeyli keçmiş gedib yatdılar. Səhər açılan kimi Əbülfəz durub yuyunub, Xudu müəllimi gözləyirdi. Ona kimi də yoldaşım samovarı qaynadıb hazırlamışdı. Xudu müəllim Nəzir müəllimlə birlikdə gəlib Əbülfəzlə bir yerdə çay-çörək yeyib-içib yola düşmək qərarına gəldilər. Əbülfəz dedi ki, aparıb mən yola salıb gələrəm. Nəzir Əliyev razı olmadı. Mən özüm aparıb Kəlbəcərdən yola salacam. Yoldaşımı, uşaqları İstisuya aparacam, bir-iki vanna qəbul etsinlər. Bir həftəyə kimi qayıdıb gələcəm. İşlərlə sən məşğul ol. Mən də Əbülfəzə dedim ki, sən də ayın axırında, mən uşaqları aparanda bir yerdə gedərik. Almurad, sən də mənimlə gedərik Kəlbəcərə. Orada görüləsi işlər var, görərik, qayıdıb gələrik. Xudu müəllimlə öpüşüb-görüşüb yola saldıq. Arxalarınca su atdıq, «yaxşı yol» dedik. Onlar da «salamat qalın» deyib, yola çıxdılar. Günlər bir-bir gəlib keçirdi. İş çox olduğu üçün heç bilmirdik ay nə vaxt gəlib tamam olurdu. Başımız işə elə qarışırdı ki, günün gəlib keçməyini bilmirdik. Əbülfəz bu il 4-cü kursda oxuyacaqdı. Dediyinə görə, dərslər getdikcə ağırlaşırdı. Vaxt gəlib tamam oldu. Əbülfəzi də aparıb Kəlbəcərdən Almurad yola saldı. Mən iş yerimdən ayrıla bilmirdim. İş çox ağır idi. Bu il yolu başlamaq lazım idi. Tunel inşaatçıları tunelin işinə başlamışdılar. Biz də Bəylikdən başlayıb Çərəkdara qədər, bizim idarə görməliydi 28 km-i. İşə çoxlu fəhlə götürdüm. Oktyabrda başladıq. 1961-ci ilin mayına kimi qurtardıq. Yolu işlədiyimiz dövrdə hansı kolxozun sahəsinə çatırdıqsa, fəhlələr üçün 3 dana kəsirdilər. Fəhlələrin çox hissəsini Ordubaddan gətirmişdim. Onlar iş metodunu yaxşı bilirdilər. Hamı həvəslə işləyirdi. Körpü salmaqda kolxozçulardan da kömək edirdilər. Yoldan başqa, yeraltı qazma işləri də aparırdıq. Tutxun dərəsində yeni bir aləm başlamışdı. Dağ yolları ilə avtomaşınları gətirib, traktorların köməyi ilə hazırlanmış yollarda, kəndlər arası işləyirdi. Camaatın gediş-gəliş işləri xeyli yüngülləşmişdi. İnsanların piyada at ilə gedib-gəlməsi üçün tunel balaca ölçüdə açılmışdı. İndi daha dağ yolu ilə gedib gəlmirdik. Tunel yolu gedib gəlirdik. Tunelçilər böyük ölçüdə tunel açırdılar. Onlar yolu bağlamamaq şərti ilə işləyirdilər. Tunelin tez istifadəyə verilməsi ilə hamı maraqlanırdı. Tuneldən yuxarı bütün kəndlərin yolları hazır idi. Bir Başlıbeldən savayı. Biz maşınlarımızı, traktorlarımızı dağ yolu ilə endirmişdik. Hazırlanmış yolları, yanacağı traktorlarla daşıyırdıq. Artıq 1961-ci ildən dağ-mədən işləri mexanizmlə görülürdü. Tuneldən böyük maşınlar gedib-gəlməyə başlamışdı. İndi bütün kolxozlar yüklərini maşınla gətirirdilər. Hətta bəzi kəndlərə avtobuslar da işləyirdi. Bu çəkilmiş yola, indi Kəlbəcər Yol İdarəsi baxırdı. Bəzi yerlərdə piyadaların asan gedib-gəlmələri üçün genişlənmə işləri aparılır, körpülər düzəldilirdi. Geoloqlarımız yeni başqa-başqa sahələrdə axtarışlar aparırdılar. Geoloji dəstənin sahəsi bu il çox böyük sahəni əhatə edirdi. Qızıl üzrə axtarılan yataq yerləri hesablanıb təhvil verilirdi. Bu ildən civə üzrə axtarışlar da başlamışdı. Yeni civə yataqları tapılmışdı (Ağyataq, Şorbulaq). Hesablanıb təhvil vermək üçün yataqlar işlənirdi. Moskvanın Geoloji Nazirliyinin nəzarəti altında işlər çox ciddi gedirdi. Həmin il SSRİ-nin hər yerindən onlarla alimlər gəlib gedirdi. İlin sonuna kimi mədəni təhvil almaq dövlətin marağında idi. Hətta zavod tikmək üçün yer də ayrılmışdı. Hərtərəfli iş gedirdi. Əbülfəz bu yay tətilində, yenə də mənim yanıma gəlmişdi. Maşın yolu hazır olduğu üçün bu dəfə artıq o maşınla gəlmişdi. Çoxlu yük avtomaşınları verilmişdi. Minik üçün bir vilis maşınımız var idi. Ondan rayona gedib-gəlmək üçün istifadə edirdik. İyun ayı idi. Aran camaatının Kəlbəcər yaylaqlarına axını başlamışdı. Yollardan gedib-gəlmək mümkün olmurdu. Mal-qara, qoyun sürülərinin əlindən dağlar, yaylaqlar canlanmışdı. Yeni bir həyat qurulurdu. Deməklə başa gəlməzdi. Mən bunların hamısının içində iştirak edirdim. Öz gözümlə görür, insanlarla söhbətləşir, dostlaşır, gəlib-gedən elat adamları ilə ünsiyyətdə olurdum. Maşın yolu olduğu üçün, dincəlmək və işləmək üçün, Tutxuna çoxlu ailə gəlmişdi. Xudu müəllim də gəlmişdi. Əbülfəzlə yenə də bir yerdə gəzir, söhbətləşir, çaydan farel balığı tuturdular. Günlərini çox yaxşı keçirirdilər. Rəisimiz Nəzir müəllim onları öz maşınına mindirib İstisuya, Kəlbəcərə aparıb gəzdirirdi. Bakı ilə telefonla danışıb, evdən xəbər tutub gələrdilər. Onları darıxmağa, sıxılmağa qoymazdı. Axşamlar voleybol oynayardıq. Xudu müəllim həmişə hakim olardı. Günlərimizin xoş keçməsi üçün, istirahət günləri yaxınlıqdakı Narzan suyuna (El arasında ona Qotur su deyilirdi) bir ailə kimi, uşaqlı-böyüklü yığışıb gedərdik. Qoyun kəsib orada kabab çəkərdik. O suda hamı çimərdi. Suyu ağacla iki hissəyə bölmüşdük. Qadınlar ayrı, kişilər ayrı çimərdi. Su yerdən çox gur çıxardı, qaynayıb qalxardı. Həm də soyuq idi. Kükürdlü olduğu üçün bədəndəki xəstəlikləri müalicə edirdi. Hər yerdən gəlib, o suda çimib gedərdilər. Biz geoloqlar qışda da gedib o suda çimirdik. Əbülfəz bu il - yəni 1961-62-ci ili dərs ili 5-ci kursda oxuyacaqdı. Axırıncı ili idi. Hər il olduğu kimi Xudu müəllim bir ay dincəlib getdi. Əbülfəz də Xudu müəllimdən bir neçə həftə sonra gedəcəkdi. Əbülfəz darıxmasın deyə rəis vilisi vermişdi ki, gedib rayona, kəndlərə, başqa yerlərə gəzsinlər. Sürücü Salyan Əvəz üç qardaş idilər. Üçü də Kəlbəcərdə İstisu tikintisində sürücü işləmişdilər. Kəlbəcərdə də evlənib qalmışdılar. Kəlbəcər camaatı hamısını tanıyırdı. Əvəz, Baba el arasında çox yaxşı hörmət qazanmışdı. Əvəz Əbülfəzlə dostlaşmışdı. Söhbətləri millət, Azərbaycanın ayrı bir dövlət olması haqqında olurdu. Bir gün yenə belə bir söhbət düşmüşdü. Əvəz dedi ki, Əbülfəz bu qədər ki millətdən, müstəqillikdən danışırsan, yaxşı sən dövlət qurdun, dövlət başçısı olanda mənə hansı vəzifəni verəcəksən? Əbülfəz də fikirləşmədən dedi ki, yollar naziri qoyacam səni. Hamı gülüşdü. Ondan sonra Əvəzi aramızda yol naziri çağırardıq. Bu sözü Əvəz yadında saxlamışdı. İllər sonra bu işi Əbülfəzin yadına saldı. Bunları gələcəkdə təfsilatı ilə oxucuların yadına salacam. Əbülfəz artıq 5-ci kursda oxuyurdu. Almurad mənim yanımda işləyirdi. Anam artıq yaylağa getmir, mənim ailəmlə birlikdə kənddə qalırdı. Qışı kənddə olurdular. İqtisadi cəhətdən çox yaxşı dolanırdıq. Evimiz yenə də qonaqlı-qaralı olurdu. Mən, Almurad işləyirdik. Mən baş icraçı, Almurad xəzinədar işləyirdi. Hər cəhətcə dolanışığımız pis keçmirdi. Əbülfəzi də korluq çəkməyə qoymurduq. Almurad hələ evlənməmişdi. Mənim 4 övladım var idi. İki oğlan, ik qız idi. Dayımın qızları, bizim bacılarımız köçmüşdülər. Yeni ailə qurmuşdular. Oğlu da evlənmişdi. Evdə bir oğlu, bir qızı qalmışdı - Seyfəddin, Qumru. Onlar çox balaca idilər. Müharibədən sonra evlənən, ərə gedən çox idi. Kəndimizdə inkişaf var idi. Məktəbli uşaqlar da çoxalmışdı. Bir gün kənddə olanda geoloji idarəyə getmişdim. Həmkarlarımla söhbət zamanı dedilər ki, təzə işçilər gəlib. Onlardan biri də Hacı Zeynalabdin Tağıyevin qız nəvəsidi. Anamın vəsiyyəti tez yadıma düşdü. Vaxtı ilə anam demişdi ki, heç kimin çörəyi heç kimdə qalmır. Mən soraqlaşıb onu tapdım. Dedim gəl tanış olaq. Lev Nikolayeviç - Murad deyib tanış olduq. Söhbətdən sonra onu götürüb anamın yanına apardım. Ona dedim ki, indi arxayın ola bilərsən, dediyin adamın nəvəsini tapıb gətirmişəm. Tanış ol, Hacının nəvəsidir. Anam «Xoş gəldin» deyib yer göstərdi. Oturduq. Anama dedim ki, o da burada işləyəcək. Bir uşağı da var, oğlan uşağıdır. Uşaq körpədir, bacardıqca hörmət elə. Yumurta, süd, qatıq, əlinə nə düşsə ver. Mən də Lovaya nə lazım olsa, gəl apar bu evdən dedim. Həm də dedim ki, burada işlədiyin müddət, mən də Kəlbəcərdə işləyirəm, bizdə sənin sənətin üçün xeyli iş var. Dərin quyular qazmaq üçün. Burada işini qurtaran kimi əmrini al gəl yanıma. Bir ildən sonra o cür də oldu. 1962-ci ilin axırı Lova mənim yanıma işləməyə gəlmişdi. Anamın əhdi yerinə çatmışdı. 1962-ci il başlamışdı. İşlərimiz hələ ki pis getmirdi. Bu ilki planlarımız daha da çoxalmışdı. Sahələr artmışdı. Bir-birndən çox aralı uçastoklar yaradılmışdı. Kəlbəcər rayonunda çoxlu geoloji dəstələr var idi. Onların içərisində ən böyüyü bizim geoloji axtarış dəstəmiz idi. İstər maliyyə, istərsə də sahəsinə qızıl yataqları hesablanıb dövlətə təhvil verilməli idi. Geoloqlar hansı sahədə nə qədər qızıl ehtiyatı olduğu barədə hesabatı yazıb hazırlayırdılar. Başqa sahələrdə qızıl üçün axtarışlar aparılması barədə layihələr, planlar tutulurdu. Əbülfəzin bu il yay tətilində gəlməsi mümkün olmadı. Ona görə ki, buraxılış ili idi. 1962-ci ildə universiteti qurtarırdı. Təyinatını xaricə tərcüməçi kimi verdilər. Yoldaşları ilə birlikdə Moskvaya getdilər. Onları orada tərcüməçi kimi hazırlayıb məşqlər keçirdilər. Sonra bölüşdürüb hərəsini bir yerə yolladılar. Hələ də Əbülfəzdən Moskvadan məktub gəlirdi. O yazırdı ki, mən Moskvadayam, yoldaşlarım isə gediblər. Həmin vaxt nazirimiz Mustafabəyli Tutxuna gəldi. İşlədiyimiz iş yerləri ilə tanış oldu. Yataqları bir-bir gəzdi. 2 gün yanımda qaldı. İşimdən hal-əhval tutdu. Evi, anamgili soruşdu. Əbülfəzi xəbər aldı. Dedim ki, institutu qurtarıb Moskvadadır. Xaricə getməlidir. Yodaşlarını xaricə yollayıblar, o hələ oradadır. Dedim ki, bilmirəm niyə qalıb. Dedi ki, mənə niyə deməmisiniz, Moskvada çoxlu tanışlarım var, maraqlanaram. O da Əbülfəzin institutu qurtarmasına çox sevindi. Mənə dedi ki, sən də sənədlərini hazırla, bu il qiyabiyə ver, institutda oxu. Nazir Mustafabəyli qayıdıb gedəndən sonra Əbülfəzdən mənə məktub gəldi. Yazırdı ki, bir həftəyə kimi xaricə gedəcək. Misirə Asuan bəndində tərcüməçi kimi işləyəcək. Yazırdı ki, çatan kimi sizə məktub göndərəcəm. 1963-cü il idi. Əbülfəz 1963-64-cü illər Misirdə oldu. Beləliklə, Əbülfəzin 5 illik universitet həyatı bitdi. Bu 5 ildə Əbülfəzin həyat yolunu bu yazımda qısaca da olsa, qeyd etməyə çalışdım. 1963-cü ildə xəbər gəldi. Məktub yazmışdı ki, məni yanvar ayında Moskvadan xaricə - Misirə-Qahirəyə yollayırlar. Ora çatan kimi sizə məktub yazacağam, nigaran qalmayın. Bir-iki günə kimi yola düşürəm. Əbülfəz Moskvadan gedəndən sonra məktubu yubandı. Yubanmağın səbəbi bu olmuşdu ki, səfirlikdə saxlayıb iş yerinə yollamamışdılar. Sonralar məktub aldıq. Əbülfəzi Asuan bəndinə baş tərcüməçi yollamışdılar. Bundan sonra məktublaşmağa başladıq. Həmin məktublardan şəxsi arxivimdə şükürlər olsun ki, hələ də qalanı var. O məktubları mən Kəlbəcərdə, Ağyataqda işlədiyim dövrlərdə yazmışdı. Məktubu təfsilatı ilə olduğu kimi siz oxuculara təqdim edirəm. Az SSR Kelbacarskiy rayon Mamedovu Muradu O.A.R. Q. Kair posolstvo SSR QKES QRİR Aliyev Abulfez «İstəkli qradaşım Murad. Birinci sənə öz isti salamlarımı göndərirəm. Öz dost-tanışlarınla birlikdə can sağlığı, gülər üzlü yaşayış diləyirəm. Qardaşım səndən çoxdandır yazı almıram. Deyəsən, işlərin lap çoxalan vaxtıdır. Ancaq işlərin çox olmasına baxma, orda bir əl boydaca bir pitik yazıb yola salsan yaxşıdır. Qardaşım Murad. Yaz görüm işlərin necə gedir. Nə var, nə yox? Yoldaşın, evdəkilər necədirlər? Nəzir müəllim necədir? Birgə işlərin necə keçir? Qardaş uşaqlar, yoldaşlar, tanışlar, daha doğrusu, yaxın adamlar haqqında bir məktub yazsan, pis olmaz. Bir az da özüm haqqında yazım. Özüm yaxşıyam. İşlərim asan, yağ kimi gedir. Arada bir hirslənirəm, acıq edirəm, sonra bir az yaxşı hiss edirəm. Beləliklə, günlərim keçir. Gördüyün Əbülfəzəm. Bir az qocalmışam. Yəni yaşlaşmışam. Arada bir saqqal saxlayıram. 2-3 ay sonra qırxıram. Onu da deyim ki, burada cavanlar saqqal saxlamır, qocalar da ki tək-tək hallarda saqqallı olur. Başımı aparırlar ki, bu saqqal nədir deyirlər. Soruşurlar, mən də deyirəm ki, bu, bizim yerlərdə adətdir. Aldadıram. 5000-dən biri tanıyır ki, Azərbaycan haradadır. Heç bilmirlər ki, Azərbaycan nə olan şeydir. Çox savadsız adamlardırlar. Bir minə kimi adam mənim hesabıma Azərbaycanı tanıyırlar. Biri ilə bir-iki söz danışan kimi soruşuram ki, ə, Azərbaycanı tanıyırsan? Deyir ki, yox. Mən də aydınlaşdırıram ki, Azərbaycan cənnət kimi bir ölkədir. Adamları 100-150 il yaşayır. Çoxusunun gözü bərələ qalır. Deyirəm ki, 100-140 yaşında kişilər at minir. Qocalar köksünü ötürürlər. Nə isə, lağlağı da edirəm, günlərim keçir. Bunlara baxmayaraq, burada çox darıxıram. Mən deyən olsa, 7 aydan sonra vaxtım qurtarır, onda gələcəyəm. İstəyirlər yenə saxlasınlar, ancaq qalmayacağam. Bəlkə tez gəldim, görək nə olur. Ya oktyabr ayında, ya da dekabrın axırlarında gələcəyəm. Nə isə, qardaşım Murad. Bunları yazdım ki, oxuyasan, vaxtın keçsin. Axı söz yoxdur yazmağa. Sənə öz fikrimi yazıram. Gələn kimi Almuradı evləndirərik. Mən də kitab yığıram, gələn kimi aspiranturaya girməyə çalışacağam. Sən də çalış, bəlkə qiyabi geoloji instituta girəsən. Ya da özün bilən yaxşıdır. Ancaq mən hökmən aspiranturaya girəcəm. Necə olur, olsun. Bakıda da olmasa, Moskvada gedib oxumalıyam. Nə isə, bu haqda sonra düşünərik. Gələn kimi iki ay buraxılış dinclik olacaq. Ondan sonra baxarıq. Yaz görüm, nə xoşuna gəlir, alım gətirim. Yaz görüm, anam necədir? Mən onun haqqında lap çox düşünürəm. Ürəyim də çox narahatdır. Bilirəm ki, bir şey yoxdur. Ancaq bilmirəm sağlamlığı necədir? Zəif deyil ki? Nə isə, qardaşım Murad, sənə yazıram. Düzünü bilmirəm, bəlkə 3-4 aydan sonra evə (Kələkiyə) məktub yazdılar. Rusca olacaqdır. Orda mənim şəkillərim də olmalıdır. Alıb hamısını oxuyub saxlayarsınız. İtirməyin, saxlayın mən gələnə. Bilmirəm, bəlkə yazmadılar. Əgər yazsalar, al oxu saxla. Yazmasalar da ki, heç. Onu göndərsələr, Moskvadan göndərəcəklər. Nə isə, boş şeydir. Daha nə yazım. Sənə görkəmimi (şəklimi) göndərirəm. Məndən salam Nəzir, Xəlil, Zülfüqar müəllimə. Xurşud ordadısa Xurşuda, hamısının ailələrinə, uşaqlarına, Sevil bacıya xüsusi salamlar. Əbülfəzlərə - bütün kəlbəcərli dost-tanışlara, bütün iş yoldaşlarına, bu yazını oxuyanlara, qulaq asanlara. Yazan Əbülfəz bəy. (Ərəblər bir adama müraciət edəndə ya «bəy», ya «paşa», ya da «mister», «ağa», «cənab» deyirlər). Nə edək, qoy desinlər. Mənə marka göndər. Bir də Kəlbəcərin meşələrinin şəkli olsa, göndər ərəblərə göstərim. Kəlbəcərlilərə de ki, Kəlbəcər Kəlbəcər deyil, cənnətdir. Ərəbistan da cəhənnəm. Bütün Misiri gəzsən, bir bulaq tapa bilməzsən. Kəlbəcərin bir yaşıl dərəsini bütün Misirdən üstün tuturam. Nə isə, bir belə bəsdir. Yazan qardaşın Əbülfəz. 16 may 1964-cü il. 1963-cü ildə Əbülfəzin bir neçə məktubunu almışdıq. 1964-cü ildə də məktubunu almışdım. Onlardan ancaq yuxarıdakı məktubu əldə qalıb. Onu da yazdığı kimi siz oxuculara təqdim etdim. Heç bir kəlməsini buraxmamaq şərti ilə. Yuxarıda adları göstərilən şəxslər o zaman - 1961-62-ci illərdə Əbülfəzlə yoldaşlıq etmiş geoloqlardır. Əbülfəzlər dedikdə onlar Kələkidən, Unus kəndindən olanlar nəzərdə tutulur. Mənim Əbülfəzə yazdığım məktubların bəzisini alırdı, bəzisi qaytarılıb geri verilirdi. Dönəndə bir bəhanə yazırdılar ki, bu adam Əyzəliyə gedib, burada yoxdur, Vətənə qayıdıb. Məktubların məzmunu çox qısa olanda gedib çatırdı. Əbülfəz də yazırdı ki, bir az geniş məktub yaz. Mən də vəziyyəti bildirmirdim. 3-4 aydan bir məktublarımız bir-birimizə çatırdı. Məktub gələndə zərflər açılmış olurdu. Göndərdiyi şəkillər gəlib çatmırdı. Ona görə də Moskvadan yazdığı məktubları heç almadıq. Sonra da maraqlanmadıq ki, nə oldu məktub bizə gəlib çatmayıb. Əbülfəz 1963-64-cü illər xaricdə olanda mən sahəmizi dəyişib Ağyataq sahəsində işləyirdim. Tutxundan ora köçmüşdük. Civə yataqlarını işləyib həcmini hesablayıb 1965-ci ilə kimi təhvil vermək planlaşdırılmışdı. Geoloji strukturlar dəyişilirdi. İndi geoloji dəstələr baş idarəyə yox, ekspedisiyalara tabe etmişdilər. Bizim partiya da Kiçik Qafqaz Geoloji ekspedisiyasına tabe etdirilmişdi. Bütün təchizat, maliyyə işlərini onlar təmin edirdilər. İndi bütün hesabatları artıq ora verirdik. İstər geoloji, istərsə də maliyyə hesabatlarını onlara təqdim edirdik. Ekspedisiya sənədləri ayda bir dəfə qəbul edirdi. Mənim işim bir qədər də çətinləşmişdi. Hər ayda 2 dəfə ekspedisiyaya gedib-gəlmək, hesabat vermək, işlənilən materiallardan, yanacaqdan tutmuş partlayıcı maddələrə kimi hər bir şeyi alıb gətirirdim. Günümün çoxu yollarda, hesabat verməkdə olurdu. Evə, Kələkiyə 2 aydan bir gedə bilirdim. Ona görə də ailəmi özümlə gəzdirmək ağır idi. Ailə çoxalmışdı. Ailə üzvləri 9 nəfərə çatmışdı. Ailəyə kənddə anam rəhbərlik edirdi. Almurad hələ evlənməmişdi. Balacalar məktəbə gedirdilər. 1964-cü il artıq başlanmışdı. Əbülfəzdən xəbər gəldi ki, gəlir. Bakıdan xəbər vermişdilər. Mən, Almurad, bir də yoldaşım, Bünyad (3 yaşındaydı) Əbülfəzin yanına Bakıya getdik. Uşaqların qalanı anamın yanında Kələkidə idi. Əbülfəzi tələbə yoldaşları qarşılamışdılar. Onlardan Rafiq, Zakir müəllim gedib aeroportda qarşılamışdılar. Biz gəlib Əbülfəzi Bakıda gördük. Bir-iki gün qalandan sonra Əbülfəz Kələkiyə, Ordubada gələ bilmədi. Ona görə ki, o sovet pasportu almamışdı. Moskvada getmədiyi idarə qalmamışdı. Pasportunu almaq üçün Moskvaya «Mərkəzə» qayıtmalı idi. Həm də işlədiyi dövrdə maaşının qalığını almaq üçün. Ona görə bizimlə Ordubada gələ bilmədi. Sərhəd olduğu üçün yerli pasportu olmadığına görə buraxılış vərəqəsi vermədilər. Mən kəndə gedib uşaqları anamın yanına qoyub iş yerimə qayıtdım. Almurad Əbülfəzi Moskvaya yola salmaq üçün Bakıda qaldı. Əbülfəzin Moskvaya gedib gəlməsini gözlədik. Müqaviləyə görə, Əbülfəzin xeyli qabaq xaricdən gəlməsi xeyli adamları düşündürməyə, dedi-qoduya səbəb olmuşdu. Bəziləri dedilər ki, yəqin ki, işləməyi bacarmayıb. Bəziləri isə deyirdilər ki, yəqin Misir dövlətinin əleyhinə təbliğat aparıb, pisləyib, ona görə nə isə tez, vaxtından qabaq geri qaytarıblar. Nəyə görə tez gəlməsinin səbəbini biz sonralar bildik. Əbülfəzin Moskvaya gedib gəlməsi çox çəkmədi. 1964-cü ilin noyabrı haqq-hesabını Moskvadan alıb Bakıya qayıtmışdı. Kəndə getməyə çox tələsirdi. Anam üçün çox darıxırdı. Hər bir sənədini düzəldib kəndə Kələkiyə gəlmişdi. Əbülfəzin Kələkiyə gəlməsini bütün kənd toy-bayram kimi qəbul edirdi. Hamı görüşə gəlirdi. Anama göz aydınlığı verirdilər. Əbülfəzdən Misirdə olduğu vaxtların xatirələrini danışmağı xahiş edirdilər. Əbülfəz də hər bir verilən suala geniş cavab verməyə çalışırdı. Bir müddət evimiz gəlib-gedənlər üçün auditoriya kimi görünürdü. Xaricdən gələnlər o zaman maşınla, dolu çemodanlarla gələrdilər. Ancaq Əbülfəz iki çemodanla kəndə gəlmişdi. Birində öz paltarları, kitabları idi. Digərində isə ailə üzvlərinin hərəsinə bir hədiyyə gətirmişdi. Kostyumluq parça, ayaqqabı, geyim şeyləri və sair. Biz ailə üzvləri Əbülfəzin uzaq ölkədən sağ-salamat gəlməsini arzulayırdıq. O da ki gəlib çıxmışdı. Əbülfəz bir ay kənddə qalıb dincələndən sonra Bakıya qayıtmalı idi. Öz dediyinə görə, aspiranturaya girmək istəyirdi. Ona görə də Bakıya qayıtmağa tələsirdi. Əbülfəz artıq dekabr ayında 1964-cü ildə Bakıydaydı. Əbülfəz Azərbaycan Dövlət Universitetinin əyani şöbəsinə Asiya-Afrika ölkələri tarixi üzrə qəbul oldu. 1965-ci ilin 1 yanvarından oranın aspirantı oldu. Elmi rəhbəri görkəmli alim, tarixçi, Sovet İttifaqı qəhrəmanı, Böyük Vətən Müharibəsinin iştirakçısı Ziya Bünyadov oldu. Əbülfəzin Bakıda qalıb oxuması üçün ayrıca ev şəraiti lazım idi. Ona görə bir müddət Şərq mehmanxanasında qaldı. Sonralar dostlarının təkidi ilə ona dağüstü məhəllədə bir ev aldılar. Orada yaşamalı oldu. Həmin evdə gecə-gündüz Misirdən gətirdiyi, kitabxanadan aldığı kitablarla yazıb oxumağa başladı. Gündüzlər gəlib-gedən yoldaşları ilə söhbətlər, mübahisələr edir, gecələr saat 2-dən sonra oxuyub yazır, öz üzərində çalışırdı. Mən Almuradla Kəlbəcərdə işləyirdik. Ona iqtisadi cəhətdən köməklik edir, yardım əlimiz həmişə onun üstündə olurdu. İki həftədən bir Bakıya onun yanına gedirdik. Artıq onun yaşamaq üçün evi var idi. Apardığımız ərzaqlar onu və gələn qonaqlarını bir müddət görürdü. Yay vaxtları dincəlmək üçün Kəlbəcərə mənim yanıma gəlirdi. Bir həftə qalıb köhnə tanışlarla görüşüb Kəlbəcərin gözəl yerlərini, Tutxun dərəsini, İstisuyu, bütün Kəlbəcəri yaxın dostları rəisimiz Əliyev Nəzir, sürücümüz Əsgərov Əvəzlə gəzib qayıdardı. Kələkidə anamın yanında 10-15 gün qalıb Bakıya qayıdardı. Deyərdi ki, Bakıda mənim işim çoxdur. Bakıda olmaq lazımdır. İmtahanlar başlayır, tanış uşaqlara kömək lazımdır. İmtahan götürən müəllimlərə tapşırmaq lazımdır. Aspirant oxuduğu illəri və müəllimlik dövrünü Əbülfəzin ən məhsuldar dövrü demək olar. Əbülfəzin aspirantura dövründə 1965-68-ci illərdə ailəmizin iqtisadi vəziyyəti çox yaxşı idi. Almurad 1966-cı ildən Kələkidə kənddə işləyirdi. Mən isə Kəlbəcərdə Ağyataqda işləyirdim. İşlədiyim sahələr Ağyataq-Şorbulaq civə üzrə idi. Bu dövrü SSRİ-nin hər yerindən çoxlu alimlər gəlirdilər. İşlər çox ciddi gedirdi. Əbülfəz hər il yay tətilində iki dəfə Ağyatağa gəlib getmişdi. Mənim işimlə maraqlanırdı. Fəhlələrlə söhbətlər edir, onları maraqlandıran suallara cavab verirdi. Millətin tarixindən danışır, əmək haqqından danışır. Hamısına deyərdi ki, oxumaq lazımdır. Hər işi özümüz görməliyik ki, gələcəkdə yadlara möhtac olmayaq. Ona görə hər bir işi öz millətimiz görməlidir. Texnikanı öyrənmək, yiyələnmək lazımdır. Əbülfəzin söhbətləri hamının xoşuna gələrdi. Deyərdilər ki, Əbülfəz müəllim, buralara tez-tez gəl, yaxşı söhbətlər edirsən, səndən ayrılmaq istəmirik. O da deyərdi ki, bacardıqca gələcəm. Kəlbəcərin təbiəti, burada yaşayan insanlar mənim üçün doğmadır. Mən ilk dəfə bura gələndən - 1960-cı ildən bu yerlərin vurğunuyam. Bacardıqca tez-tez gəlib gedəcəm. Almuradın kənddə işləməsi onun evlənməsinə bir zəmin yaratdı. Anamın, dayımın təkidi ilə evlənməyə razılıq verdi. Onu kəndin qızlarından birinə, Qəndaba nişanlamışdılar. Onların ailəsi Culfadan gəlmişdilər. Qonşuluqda ermənidən ev alıb yaşayırdılar. Almurad qızı görüb sevib anama demişdi. Anam da fürsəti bada verməyib tez qıza elçi göndərib sözün alıb nişanlamışdılar. Toyu 1967-ci ilə saxlamışdılar. Mənə, Əbülfəzə də xəbər yollayıb dedilər ki, Almuradı evləndiririk. Toy 1967-ci ildə olacaq. Biz də Almuradın kənddən qız almasına çox sevindik. 1967-ci il idi. Toya hazırlıq işləri görürdük. Çatışmayan şeyləri alırdıq. Payızda sentyabr ayında toy olacaqdı. Əbülfəzin işləri çox idi. Dissertasiyanı müdafiə etmək üçün onu çap etmək, elmi rəhbərindən razılıq almaq, elmi şurada müzakirəyə qoymaq və sair işləri görmək lazım idi. 1967-ci il idi. Almuradın toy mərasimi etmək vaxtı gəlib çatmışdı. Mənə xəbər yolladılar ki, toyu başlamaq lazımdır, gəl. Mən hesabat verib arxayın kəndə yollandım. Özüm maşınımla getdim. Gəncədən Yerevan yolu ilə. Özümlə bərabər bir-iki geoloq yoldaşla birlikdə toy üçün lazım olan hər şey almışdım. O zaman məşhur olan «Göy-göl» konyakı zavoddan yüksək keyfiyyətli açıq şəkildə şüşəsiz palıd boçkada alıb apardım. Toyun hər şeyi hazır idi. Bir qalırdı Əbülfəzin gəlməsi. O da gəlmişdi. Toyu başlamaq olardı. Kənd yeri idi. Hamıya dəvətnamə yollayıb dedilər ki, sabah toy olacaq. Sabahısı toyun səsi eşidildi. O zaman qara zurna hələ dəbdəydi. O çalınanda dağlardan əks-səda gəlib adamları qeyri-adi bir aləmə səsləyirdi. Bütün yaxın kəndlərdən toya dəvət olunmuşdu. Oynayan, gülən, oxuyan uşaqlar, cavanlar bir-birinə qarışmışdı. Oynayır, gülür, yallı gedirdilər. Toyda ailə üzvlərinin bir yerdə oynaması, Əbülfəzin Süleymanini oynaması qonaqların alqışlarına səbəb olmuşdu. İki gün toy oldu. Gəlini gətirdik. Bəy ilə gəlini oynatdılar. Başlarına çoxlu pul şabaş tökdülər. Bununla da toy mərasimi qurtardı. Hamı «Mübarək, xoşbəxt olsun» deyib getdi. Mən də öz işimin üstünə döndüm. Yəni Kəlbəcərə. Artıq həmin dönəmlərdə Əbülfəzi bəzi dotsları, yoldaşları «Bəy» deyə çağırırdılar. Bizim ailədə evdə kənd əhalisinin arasında ona «Müəllim» deyirdilər. Artıq onun keçmiş adları - «uçastok», «uçili», «Millət» - unudulmuşdu. Daha dilə gətirilmirdi. Bu müddət Əbülfəzin Misirdən qayıdıb gəlməsi, aspiranturada oxuması çoxlu tanış ziyalılarla, tələbələrlə, aspirant həmkarları ilə yaxından tanış olmuş, dostlaşmışdı. Onlar Əbülfəzin mənzilinə gəlib uzun-uzadı söhbətlər, mübahisələr edirdilər. Elə olurdu ki, səhər açılana kimi söhbətlər olurdu. Səhər işıqlaşanda hərə durub öz işinə gedirdi. Söhbətlər isə millət və elm haqqında olurdu. Hərə öz ixtisası üzrə söhbətlər edirdi. Mən bunları Bakıya iş üçün Əbülfəzin yanına gələndə görürdüm və bu söhbətlərdə iştirak edirdim. Əbülfəzin o zamanlardan gizli iş aparmasını tək-tək yoldaşları bilirdi. Onların təşkilatlanması, gizli şəkildə təşkilat yaratmaları rüşeymi təzə-təzə yaranırdı. Bunları mən Əbülfəzin universitetdə dərs dediyi vaxtlarda hiss etdim. Əbülfəzin elmi işi Azərbaycanda yeni bir mövzu idi. «Tulunilər dövləti». 868-905-cu illər arasında olan Tulunilər dövlətinin dövlət quruluşu, maarifi, iqtisadi və sair haqqında elmi iş idi. Onun üçün çoxlu tarixi ədəbiyyatlar lazım idi. Onlar haqqında tarixi kitablar tapmaq, oxumaq lazım idi. Bu 4 ildə 1965-70-ci illər arasında o material toplamaq üçün Moskvaya, Leninqrada, Bakı-Tiflis, Özbəkistan arxivlərinə, kitabxanalara müraciət etmiş, dönə-dönə o kitabxanalarda olmuşdu. Həftələrlə o kitabxanalarda araşdırmalar aparmış, ağır zəhmət sayəsində üzərinə götürdüyü dissertasiyanı müdafiəyə hazırlamışdı. Dissertasiyanın elmi rəhbərləri oxuyub müdafiə üçün rəylərini yazmışdılar. Vaxt ayırıb gününü təyin etmişdilər. Mən onda Kəlbəcərdəydim. Öz iş yerimdəydim. Məktub gəldi ki, ayın ….Əbülfəz müdafiə edəcək. Poçtalyon Zülfüqar gətirib Ağyataqda mənə verdi. Mən hazırlaşıb partiya rəisini gözlədim. Bakıdan gəldi. Abdullayev Nazir idi. O çox yaxşı adam idi. Azərbaycan, rus ədəbiyyatını, tarixini yaxşı bilirdi. Məsələni ona danışdım. Dedi ki, mən burada qalaram. Sən hazırlaş, maşını da götür, nə lazımdır al apar. Almurad tapşırıq yollamışdı ki, ət məsələsi sənə baxır, ətsiz gəlmə. Əbülfəzin adına nə desən, tez düzələrdi. Yaxındakı kolxoz sürüləri yanımızda olurdu. Obanı çağırıb dedim ki, mənə ətlik erkək lazımdır. Cavabında «baş üstə» deyib əlavə etdi ki, mənə tapşırıblar. Murad dayıya nə vaxt ət lazım olsa, ver. Öz qoyunlarım da var. Sürünü də gətirəcəm bura. Seç içindən, hansını tutursan-tut. Maşını hazırlayıb sürünün yanına gəldik. Ən seçmə erkəkləri - 50-60 kq 3 dənəsini seçib maşina qoyub yola düşdük. Yolda heç bir yol polisinə rast gəlmədik. Qoyunların arayışı yox idi. O zamanlar ciddi yoxlayırdılar. Axşam üstü gəlib Bakıya çatdıq. Şəhərə girdik. Sürücü hey deyirdi ki, yaxşı gəldik. Bu vaxt «Olimp»in yanından keçəndə yol polisi əl qaldırdı. Mən də əlimi yelləyib salam verib sürücüyə dedim ki, saxlama, sür. Mənzilə az qalmışdı. «Xəzər» kinoteatrını keçib həyətə girdik. Arxamızla gələn polis yox idi. Beləliklə, sağ-salamat Bakıya çatdıq. Mənzilə çatan kimi Almurad bizi qarşıladı. O zaman bir həyətdə yaşayanlar - Rafik müəllim, yoldaşı Xanım bacı, Malik Mahmudov və bir neçə tanışlar da orda idi. Onlar da mənimlə salamlaşıb «Xoş gəldin, yaxşı vaxtında gəlmisən» dedilər. Sabah Əbülfəzin müdafiəsidir. Ziyafətə hazırlıq işləri görmək lazımdır. Kənddən də qohumlar gəlmişdilər. Dayım, dayım uşaqları da gəlmişdilər. Qonaqlıq üçün yeri yaxınlıqdakı Meliorasiya Nazirliyinin yeməkxanasını danışılmışdı. Orada ziyafət veriləcəkdi. Mən bu işlərlə məşğul oldum. Prokatdan qablar almaq, yeməkxananın stol-stullarını səhmana salmaq, çatışmayan şeyləri almaq, stolları bəzəmək, ağ süfrələr almaq, güllər düzmək və sairə işləri gördürüb saat 2.00-də qonaqları qəbul etmək lazım idi. Əbülfəzin müdafiə etdiyi yerə mən gec çatdım, yubandım. Mən ora çatanda Əbülfəzi təbrik edirdilər. Mən də apardığım gülləri verib qucaqlayıb təbrik etdim. Elmi rəhbərlərinə də təşəkkürümü bildirdim. Ora yığılanlara qonaqlığa gəlmələrini xahiş etdim. Beləliklə, qonaqlıq saat 2.00-də başladı. Çoxlu alimlər gəlmişdilər. Ədəbiyyatçılar, tarixçilər, şərqşünaslar, şairlər və başqa sahələr üzrə elm adamları. Birinci Əbülfəzin elmi rəhbəri akademik Ziya Bünyadov çıxış etdi. Onun geniş çıxışına, təbrikinə hamı əl çaldı. Ondan sonra alimlər, tələbə yoldaşları təbrik etdilər. Son sözü dayıma verdilər. Dayım da ailəmiz adından Ziya Bünyadova təşəkkürünü, minnətdarlığını bildirdi. Ziya müəllimlə bir də öpüşüb yanında oturub söhbət etdilər. Yayda Kələkiyə gəlməyi ondan xahiş etdi. Ziya müəllim məmnuniyyətlə razılıq verdi. Mütləq gələrəm, sağlıq olsun dedi. Qonaqlıq saat 9-a kimi davam etdi. Yeməkxananın həyətində kabab bişirən çoxlu alimlər, tələbələr var idi. Özləri bişirdiyi kababı ləzzətlə yeyirdilər.
Özlərini təbiətin gözəl bir guşəsində hiss edirdilər. Ziyafət, qonaqlıq çox yaxşı keçdi. 1964-70-ci ilə kimi yaddaşımda olan Əbülfəzlə bağlı xatirələri, gələcək nəslimizə tarixi faktları siz oxuculara çatdırdım. Bizim 6 illik ailə həyatında (1964-70) yeni dəyişiklik olmuşdu. Bu illəri Almuradı evləndirmişdik. Mənim ailəmdə bir oğlan uşağı olmuşdu. O, Ədalət Məmmədov idi. Ev dəftərçəsinə yazılmışdı. Dayımın oğlu Bahadur evlənmişdi. Qızların hamısı köçmüşdü. Qardaşım İbrahimin iki oğlu, üç qızı var idi. Ailələr ayrı-ayrı yaşayırdı. Mənə də ev tikmək üçün həyət, torpaq almışdılar. Ev tikilib qurtarmaq üzrə idi. Almurad evlənəndən sonra məni də ayırmaq istəyirdilər. Gəlinlər arasında söhbətlər gedirdi. Anam razı olmurdu. Nəvələrinin yanında olmasını istəyirdi. Deyirdi ki, qoy Almuradın bir-iki uşağı olsun, sonra ayrılarsan. Mən də gəlinlərin dediyinə baxmayıb bir-iki il gözləməli oldum. Artıq ev hazır idi. 70-ci ilin axırına kimi bizim ailəni də ayırıb təzə evə köçürmüşdülər. Ancaq bir yerdə yeyib-içir yaşayırdıq. Anam heç razı olmurdu ki, biz qardaşlar ayrı yaşayaq. Nəvələri yanından əl çəkmirdilər. Çox vaxt hamısı yatıb yanında qalardılar. Anamdan uzaqlaşmaq istəmirdilər. Ədalət anamdan ayrı düşəndə hey ağlayırdı. Ona görə 10 illiyi qurtarana, əsgərlik vaxtı çatana kimi anamın yanından başqa heç bir yerdə qalmırdı. Anam da onu çox istəyirdi. Nə qədər ki, gəlinlərin uşaqları yox idi, bizim ailədə mehribançılıq yaxşı, möhkəm idi. Nə isə bu mehribançılığı indiyə kimi qoruyub saxlayırıq. Əziz oxucular, bu yazıda mən ailə vəziyyətinin bu 6 ilində olanları, dəyişikləri müxtəsər də olsa, qeyd etdim. Çox geniş yazmaq da olardı. Qərara gəldim ki, siz oxucuları yormamaq üçün xatirələrimi qısaca çatdırdım. Əbülfəzin bundan sonrakı illərlə bağlı xatirələri isə sonrakı sətirlərdə sizə çatdırıram. Əbülfəz müəllim aspiranturanı bitirib müdafiə etdikdən sonra onu ADU-nun Asiya-Afrika ölkələri tarixi kafedrasının müəllimi götürdülər. Artıq o müəllim işləyirdi. 1970-ci ildən bizim ailəmiz daha onu müəllim deyib çağırırdı. Müəllim yoldaşları isə müəllim yox, bəy deyə çağırırdılar. Tələbələr isə bəy-müəllim deyib soruşurdular. Bununla belə müəllimin istər müəllimlikdə, istərsə də gizli təşkilat işlərində məhsuldar dövrü başlandı. Gizli təşkilat işlərinə görə DTK 1968-69-cu illərdə onun izinə düşmüşdü. Hətta ona xəbərdarlıq da etmişdilər. Buna baxmayaraq, müəllimlik dövründə tələbələr arasında apardığı təbliğatlar açıq, qabarıq şəkilə keçirdi. Həm də tələbələri rayonlarda müəllimlərinin onlara etdiyi söhbətləri, danışdıqlarını, gizli şəkildə yayırdılar. İkibir, üçbir tərəfdaşlar yaradırdılar. Bunları mən müəllimin məhkəməsi zamanı şahidlərin dedikləri vaxt eşitmişəm. Müəllimlik dövründə ADU-nun bütün tələbələri, müəllimləri onu tanıyırdılar. Mən Bakıya az-az gələrdim. Müəllimə baş çəkib bir-iki gün qalıb gedərdim. Semestr imtahanları dövründə yanına çoxlu tələbələr gələrdi. Başqa-başqa institutlardan müəllimlərin onları kəsdiyini, qiymət vermədiklərini deyərdilər. Rayondan kasıb ailələrdən olduqlarını, qiymət yazdırmağı ondan xahiş edərdilər. Müəllim də deyərdi ki, ay bala, rayondan kasıb ailədən gəlmisən, oxuyun da, nə qədər tapşırmaq olar. Amma yenə də yanlarına düşüb gedər, qiymət yazdırardı. Mən belə neçə-neçə halların şahidi olmuşam. Hərdən ona deyirdim ki, qardaş, bu qədər xahiş etmək, qiymət yazdırmaq olar? O da deyərdi ki, bu qapıya gələn tələbələrin hamısı çox kasıb ailələrdəndirlər, kolxozçu balalarıdır. Onların pulları yoxdur, ona görə qiymət vermirlər. Mən bu işləri görüb dözə bilmirəm. Ata-anaları axşama kimi gecə-gündüz kolxozda pulsuz işləsinlər, balalarını da burada şərəfsiz müəllimlər imtahanda kəssinlər. Nə qədər dözmək olar? Müəllim dərs dediyi illərdə istirahət, tətil ayları mənim yanıma Kəlbəcərə iki-üç günlük də olsa, gələrdi. Tez qayıdardı. Deyərdi ki, işim çoxdur. Kəndə gedib qayıdardı. Deyərdi ki, kənddən instituta imtahan verən olacaq, onlara kömək etmək lazımdır. Kənddə çox qalmazdı. İlin çoxunu Bakıda ezamiyyədə olardı. Mən də həmişəki kimi Kəlbəcərdə Ağyataqda işləyirdim. Bu dövrdə yuxarıda qeyd etdiyim kimi Hacının nəvəsi Sarayev Lev Kələkidən mənim yanıma Kəlbəcərə köçürülmüşdü. Bir il də burada buruq-qazma işlərində işlədi. Anamın vəsiyyətini, tapşırığını yerinə yetirirdik. Mən həmişə onun ailəsinə maddi köməklik edirdim. Yaxında işləyən fəhlələrə tapşırmıışdım ki, onun uşaqlarına süd, qatıq, yumurta gətirərdilər. Bir gün rəhmətlik Sara xanım gəldi çıxdı ora. Mən onu qarşıladım. Çox zəif idi. Mənə dedi ki, gəlmişəm nəvələrimi görməyə. Kiçik oğlumu da gətirmişəm ki, qardaşı ilə görüşsün. Çoxdandır görüşmürlər. Adı Dmitridir, Dima çağırırlar. Sara xanım oğlu, gəlini, nəvələri ilə görüşüb bağrına basdı, qəhərləndi. Biz də kənardan baxıb qəhərləndik. Ey qoca dünya, Hacının qızı hara, Kəlbəcərin ucqar dağlarının zirvəsi hara. Rəhmətlik söhbət zamanı mənə dedi ki, mən Bakıya təzə gəlmişəm, atamın keçmiş işlərini toplayıb üzə çıxardım. Atam millət, Azərbaycan üçün nə yaxşılıqlar etməyib? Bir gün qalıb, ikinci gün gəldiyi maşınla geri qayıtdı. Çünki maşın özgəninki idi. Sara xanım müəllimlə tanış olmuşdu. O, Əlyazmalar İnstitutunda işləyəndə müəllim həmişə ona aldığı maaşdan yardım edərdi. Axırlarda o çox qocalmışdı. Gözləri görmürdü. Oğlu mənə rast gələndə soruşardım. Bir gün qızım Səadət mənə dedi ki, ata bəs Sara xanım rəhmətə gedib. Onu sabah Tarix Muzeyindən götürəcəklər. Mən Levaya zəng edib dedim ki, bəs anan rəhmətə gedib. Ona baş sağlığı verdim. Dedim ki, sabah mən də ora gələcəm, qızım Səadət orada işləyir. Mütləq orada iştirak edəcəm. Sara xanımın cənazəsi atasının otağında qoyulmuşdu. İndiki Tarix Muzeyində. Gələn qonaqlar onun qohumlarına baş sağlığı verirdilər. Cənazəni basdırmaq üçün atasının dəfn olunduğu Mərdəkan qəbristanlığında qəbir hazırlanmışdı. Cənazəni götürüb ora apardıq. Mən də Levlə bir yerdə avtomaşınla Mərdəkana getdik. Orada Sara xanımın bacısı, başqa qohumlar da var idi. Sara xanımı dəfn edib, Hacının da qəbrini ziyarət edib dağıldıq. Səhərisi gün ehsan verilib dualar oxunub mərasim qurtardı. Allah rəhmət eləsin, Amin! Bunu yazmaqda anamın dediyi sözləri yerinə yetirmiş olduq. Heç kimin verdiyi çörək, yaxşılıq heç kimdə qalmaz. Bir gün o elədiyi yaxşılıq özünə qayıdacaq. Ona görə də bizim ailə dost olsun, düşmən olsun, fərqi yoxdur, millətə yaxşılıq etmişik. Heç vaxt mərdimazar olmamışıq. Bizi çox adam fərsiz adlandırır. Deyirlər ki, özlərinə bir gün ağlamadılar. Müəllim xaricdən gələndən sonra bir neçə aldığı mənzili tələbə yoldaşlarına Malik Mahmudova, İbrahimə təmənnasız bağışlamışdı. Öz ehtiyacı ola-ola. Onlar təzə ailə qurduqlarına görə onlara vermişdi. Özü yenə də kirayənişin yaşayırdı. Müəllim tez-tez kirayənişin qaldığı evləri dəyişirdi. Onunla birlikdə mənim böyük qızım da qalırdı. İnstituta girmək üçün əmisi müəllimlə birlikdə qalırdı. Onların tez-tez mənzil dəyişmələrinin səbəbi məhkəmədə məlum oldu. DTK-nın təkidi (təzyiqi) ilə olurmuş. Məhkəmə sədri dedi ki, siz bir ildə 8 mənzil dəyişmisiniz. Əbülfəzin 5 illik müəllimlik dövrü çox böyük təhlükələrlə qarşı-qarşıya olub. Eyni zamanda, çox da məhsuldar olub. O özünə yeni həmfikir olan ziyalılarla tanış olub. Yeni-yeni cavan, Vətəni, milləti sevən tələbələrlə tanış olub. Cavan şairlərlə həmfikir olub. Onlarla çayxanalarda, parklarda saatlarla gələcək Azərbaycanın taleyi haqqında öz fikirlərini bölüşər, mübahisələr edər, öz fikirlərini bir-birilərinə danışar, sonra da ayrılıb gedərdilər. Onların danışıqlarının hamısı DTK-nın işçilərinin nəzarəti altındaymış. Bu, məhkəmə dövründə bilindi. DTK həmişə onu izləyirmiş. Kiminlə danışdı, kiminlə çayxanada çay içdi, kiminlə ezamiyyətə getdi və s. Müəllim 1968-ci ildən DTK-nın nəzarəti altında olub. O hara gedib onunla birlikdə gedib gəliblər. Hətta Moskva-Leninqrada ezamiyyətə gedəndə də. Mən rayonların birində olanda o rayonun DTK-nın rayon üzrə şöbə müdiri kababxanada söhbət zamanı bildirdi ki, Azərbaycanda nəzarətdə olanların siyahısında müəllimin adı da var. Ehtiyatla oxuyub papkasına qoydu. Yəqin ki, şöbə müdiri piyan olmuşdu. Asta-asta mızıldaya-mızıldaya oxuyurdu. Bununla bildirmək istəyirəm ki, müəllim başqa-başqa adlar altında (nasionalist, Alik, Aliyarov, Adamov) və s. şəhərin hər yerində izləyiblər. Məhkəmədə aydın oldu ki, bunlar DTK-nın istintaq apardığını təsdiq edən materiallarda, sənədlərdə göstərilmişdi. Müəllimin açıq şəkildə dediyi sözlər, işlətdiyi ifadələr onu uçuruma, DTK-nın padvallarında yatmağa aparırdı. O bilirdi ki, mütləq tutulacaq. Müəllim bir neçə dəfə mənimlə söhbət zamanı tutulmaq haqqında mənə söyləyib ki, sən sonralar biləcəksən. O bu söhbəti həmişə ona evlənmək təklif edəndə edərdi. Siz hamınız ev, ailə mənim tutulmaq vaxtıma hazır olmalısınız. Yəni, təmkinli, səbrli olmalısınız. 1974-cü il idi. O yay tətilində Kələkiyə gəlmişdi. Onunla müəllim yoldaşının ailəsi də dincəlməyə gəlmişdi. Bir neçə həftə qalıb dincəldilər. O vaxt dayım ona bu hərəkətləri haqqında məsləhətlər verirdi. «Tutduğun bu yol çox çətin yoldur, ay oğul. Bu işlər üçün bir neçə adamlarımız sibir çöllərində itib-batıb, heç sorağı da yoxdur. Gəl bu işdən əl çək. Sən danışdığın, tutduğun yol çox çətin yoldur. Görürsən, ailəmiz təzə-təzə özünə gəlir. Atan müharibəyə getdi gəlmədi. Məni tutdular. Allaha şükür, 4 il yatandan sonra qayıtdım. Qardaşların hamısı evlənib ailə qurublar. Gəl səni də evləndirək. Ailə sahibi ol. Görürsən, sənin müəllim yoldaşın evlənib, iki dənə də uşağı var. Allaha şükür, sən də evlənsən, yaxşı olar. Yaxşı vaxtındır, gəl səni də evləndirək. Gəlmisən, de görək məsləhətin nədir?» Müəllim dedi ki, dayı, ana, qardaşlar da burdadı. Mənə evlənmək haqqında söhbət salmayın. Mən tutduğum bu yolu bir yerə çıxarmalıyam. Sonra məni bəlkə də tutdular. Tutacaqlar da. Bu mütləq olacaq. Buna siz də hazır olmalısınız. Heç vaxt dedi-qoduçuların sözünə baxıb əsəbləşməyin. Özünüzdən çıxmayın. Səbrli, təmkinli olun. Mənim haqqımda danışıqlara fikir verməyin. Allah qoysa, evlənməyə vaxt olacaq. Bu barədə bir daha mənə təklif etməyin. Bu söhbətdən sonra bizim ailədə bir daha bu barədə danışıq olmadı və onun işinə qarışılmadı. Bu söhbət Kələkidə ailə bir yerdə olmuşdu. Bakıdan gələn qonaqlar da o söhbətdə iştirak etmişdilər. Dayım daha bir söz demədən «Allah səni qorusun. Sənin üstündə yar olsun» dedi. Bir daha da dedi-qodulara fikir vermədik. Hərə öz işi ilə məşğul oldu. Müəllimin 1972-74-cü illərdə müəllim dostlarının, qohumlarının toy ziyafətlərində, tələbə yoldaşlarının elmi müdafiə ziyafətlərində Bütöv Azərbaycan haqqında və türkçülük barəsində etdiyi çıxışlar DTK-nın nəzərindən qaçmamışdı. Müəllimin türkçülüyü təbliğ etməsi, Bütöv Azərbaycan uğrunda mübarizəsi məhkəmə dövründə şahidlərin dindirilməsi zamanı bir daha səsləndirildi. Müəllimin 1975-ci ilə kimi olan işləri DTK tərəfindən izlənmişdi. Bəzi tələbələr, alimlərdən alınan izahatlar, sənədlər bir yerə toplanaraq müəllimin tutulmaq ərəfəsinə gətirib çıxarmışdı. Müəllimin özünün dediyinə görə, bir neçə dəfə DTK-dan çağırıb xəbərdarlıq etmişdilər. Eləcə də institut daxilində partiya, dekanlıq iclaslarında xəbərdarlıq almışdı. O artıq tutulacağını bilirdi. Amma öz ideyasından dönmək istəmirdi. Mən Azərbaycanı bütöv görmək istəyirəm. Bütün söhbətlərində, yığıncaqlarda, toylarda, çayxanalarda açıq şəkildə o öz sözünü deyirdi. Müəllimi tutmaq üçün DTK hərtərəfli sənədləri, materialları hazırlamışdı. Artıq 1974-cü ilin axır ayları idi. Müəllim bu 5 ildə bir neçə dəfə mənzil dəyişmişdi. İndiki yaşadığı mənzil bizim ailənin yaxın tanışı, geoloq yoldaşımız Vilen Epelbaumun idi. O sonralar Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin sədri Novella Cəfərovanın həyat yoldaşı oldu. O, Balakəndə geoloq ekspedisiyasında işlədiyi üçün mənzillərində heç kim olmurdu. Bəsti Bağırova küçəsində bir otaqlı mənzil idi. Hələlik boş olduğu üçün müvəqqəti olaraq açarlarını vermişdilər ki, o mənzildə yaşasınlar. 1974-cü ilin sentyabrından orada yaşayırdılar. Qızım Səadətlə bu mənzil müəllimin 18-ci kirayənişin qaldığı və sonuncu mənzili oldu. Onu da deyim ki, bu mənzili ona təmənnasız vermişdilər. Müəllimdən kirayə pulu almırdılar. DTK onları da - ev yiyələrini Vileni, Novella Cəfəroğlunu da hərtərəfli yoxlamış, onlardan izahat almışdılar. İzahat da çox yaxşı alınmışdı. Qısaca olaraq yazmışdılar ki, qardaşları, geoloq yoldaşlarıdır, ata-baba tanışlarıdır və dostlarıdır. Bununla da, onlardan əl çəkmişdilər. Amma hərtərəfli yoxlayandan sonra. Bir gün səhər-səhər bu mənzilin qapısı döyülür. Yəni, 1974-cü ilin noyabrın 20-də. Qapını durub açan dayım oğlu Seyfəddin olur. Yuxulu-yuxulu qapını açıb gəlib yerinə girib yatır. O mənzilə kim gəldiyini bilmir. Deyir ki, müəllimdir gələn. Evə daxil olanlar səsləiyrlər ki, kim var, kim yox? Səadət pərdənin dalından kimdir deyə soruşur. Kim olduqlarını deyirlər. Səadət deyir ki, dayanın geyinim durum. Seyfəddin hələ də yerində mızıldanır. Çünki kimlərin gəldiyini hələ də anlamır. Səadət geyinə-geyinə orada olan bir neçə sənədləri, bayraq olur, onları öz bədənində gizlədir. Saçını daraya-daraya pərdəni qaldırıb «Xoş gəlmisiniz» deyir. Onların birinci sözü o olur ki, əmin haradadır? Səadət deyir ki, 2 gündür harasa gedib, hələ gəlməyib. Müəllimin harada olmasını onlar yaxşı bilirdilər. Sadəcə, məlumatı yaxşı almayıblar. Onlara deyiblər ki, müəllim bu axşam evə gəlib. Ancaq müəllim səfərdə olduğu üçün gəlib çıxmamışdı. O Tiflisdə səfərdəymiş. Gələn qonaqlar deyiblər ki, mənzildə axtarış aparacağıq. Səadət də deyib ki, aparın. Nə var ki, top yox, tüfəng yox. Kitab-dəftərdən başqa heç nə yoxdur. Seyfəddini də yuxudan qaldırıb, qonşudan da bir nəfəri çağırıb evi axtarmağa başlayıblar. Evdə olan bütün kitabları, əl yazmalarını bir-bir yoxlayıb bir neçə qeyd etdikləri yazıları götürüb akt yazıb gedəndə deyiblər ki, əmin gələndə deyərsən ki, bu telefona zəng vurub bizimlə danışsın. Sonra isə çıxıb gediblər. Müəllim səhərisi gələn kimi Səadət qəhərlənmiş halda əmisinə əhvalatı danışıb. Müəllim mənzilin hər yerinə, bucaqlara, qapı yanlarına göz gəzdirdi. Hər şeydən arxayın olandan sonra (birdən cihaz qoymuş olarlar) bərkdən danışmağa başlayıb. Mən sizə deməmişəm ki, bu cür vəziyyətdə səbrli olun. Hələ bu başlanğıcdır. Bu axtarışlar çox olacaq. Çay-çörək yeyib işə instituta gedir.
Verilən telefona zəng vurur. Onu DTK-ya çağırırlar. Orada Azərbaycanın müstəqilliyi, turançılıq, Şimal-Cənub Azərbaycanın birləşməsi, müstəqil dövlət olmaq haqqında sorğu-sual edirlər və ona vaxt verirlər. Müəllimin evinin axtarılması və DTK-ya çağırılması bütün instituta yayılır. Tələbələr arasında gizli-gizli danışıqlar başlamağa başlayır. Ehtiyatlı olmağa başlayırlar. Bakıdakı mənzildə axtarış aparılan vaxt Kələkidəki evimizdə də axtarış aparırlar. O zaman mən Kələkidə olmamışam. Almurad da işdə olub. Axtarış qurtarandan sonra gəlib çıxıb. Anam, yoldaşım Firuzə tez samovara od salıb çağırılmamış qonaqlar üçün çay hazırlayıblar. Axtarışdan sonra getmək istəyiblər. Bakıdan gələnlərdən biri deyib ki, ananın hazırladığı çadyan içmək lazımdır. Onunla gələnlər hərə bir çay içib gediblər. Kitabları, əlyazmaları bir-bir yoxlayıb bir şey tapa bilmədikləri üçün anamdan üzr istəyib «Tapşırığı yerinə yetirmək bizim vəzifəmizdir» deyib sağollaşıb gediblər. Almurad dedi ki, mən bir şeydən qorxdum. Partlayıcı maddələri evin bucağına tikmişdim. Hamısı orada idi. Yaxşı ki, ona heç fikir verməyiblər. Onlar gedəndən sonra ürəyim sakitləşdi. O maddələri evdən uzaqlaşdırdım. Bu axtarışlardan, müəllimin DTK-da bir neçə dəfə dindirilməsindən bir aya kimi sakitlik oldu. Amma DTK öz işini görürdü. Müəllim özü bilirdi ki, onu bu gün-sabah tutacaqlar. Həmişə evdə yoldaşlarının yanında özünü çox təmkinli aparırdı. Dərslərini müntəzəm, canı dildən keçir, tələbələrə geniş şəkildə hər şeyi izah edirdi. Bunu müəllim yoldaşları verdikləri izahatlarda bildirirdilər. Artıq 1975-ci ilin yanvar ayı girmişdi. DTK-nın, rektorluğun, partiya təşkilatının tapşırıqlarına, göstərişlərinə məhəl qoymayan müəllim öz işindəydi. Hər yerdə, dərs dediyi tələbələr arasında, istərsə də ictimai yerlərdə öz sözünü yenə də deyir, danışırdı. Bu danışıqlarda DTK-ya yeni izahatlar daxil olurdu. İşini daha da ağırlaşdırırdı. Öz dediyinə görə, həmin müddətdə onu evdən, institutdan, küçədən tutub aparacaqdılar. Bunu o gözləyirdi. Artıq DTK-nın hədələrinə, tapşırıqlarına fikir verməyən müəllim 1975-ci ilin yanvar ayında DTK tərəfindən həbs edildi. Özü bu anları belə xatırlayır: «məni institutdan çağırıb «Sən bu məsələlər üçün həbs olunursan» dedilər. Üst-başımı axtarmaq istəyəndə kənara çəkilib ciblərimi çevirib cib dəsmalımı, 3 manat kağız pul, bir neçə də metal qəpikləri stolun üstünə qoydum. Bir paçka da papiros. Sonra da dedim ki. gəlin hər yerimi, paltarımı, ciblərimi axtarın». Yenə də hər tərəfimi yoxladılar. Qayışı açıb DTK-nın padvalında mənim üçün ayrılmış mənzilimə aparıb saldılar. Həmin mənzildə vaxtı ilə Azərbaycan KP MK-nın birinci katibi Bağırov da yatıbmış. Bunu mənə oranın komendantı demişdi. Nə isə, Əbülfəz oranın bir nömrəli vətəndaşı olur. Mən o zaman iş yerimdəydim. Qazanbulaqda poçtdan xəbər gəldi ki, qızın Səadət səni telefona çağırır, çox vacibdir. Mən poçta gəlib Bakıya telefon açıb Səadətlə danışdım. Səsi boğula-boğula dedi ki, tez gəl, əmim 2 gündür yoxdur. Mən çox tərəddüd etdim. Necə ola bilər ki, o yoxdur. Fikrimə çox şeylər gəldi getdi. Tez axşam çağı Bakıya yola düşdüm. Qatarla getdim. Səhər tezdən müəllimin yaşadığı Bəsti Bağırova küçəsindəki mənzilə çatdım. Qapını döydüm. Qapını dayım oğlu Seyfəddin açdı. Salamlaşıb keçib stulda əyləşdim. Səadət də durub gəldi. Yuyunub gəlib stulun yanında əmisi yatan çarpayının üstündə oturdu. O mənim bərk fikirləşdiyimi, süst olduğumu görüb dedi ki, dədə, çox fikirləşmə, əmimi DTK tərəfindən tutublar. Mən sənə zəng vurub 2 gün yoxdur ona görə dedim ki, telefonda hər şeyi danışmaq olmur. Arxayın ol, sağ-salamatdır. Tutulan gün axşamı zəng vurub dedilər ki, əmin gəlməyəcək, o bizim DTK-nın qonağıdır, nigaran qalmayın. Mən bir az özümə gəldim. Çay-çörək yeyib-içib bir neçə yoldaşlarla görüşmək üçün şəhərə çıxdım. Telefonla danışmağı mümkün saymadım. Telefon o zaman nəzarətdə ola bilərdi. Beləliklə, yaxın dost-tanışla söhbət etdim. Hamı məsləhət gördü ki, təmkinli olmaq lazımdır. Heç bir yerdə başqa sözlər danışmayın. Tanımadığınız adamların yanında telefonla da danışmayın. Hər danışana fikir verməyin. Evə gələn adamlara fikir verin. Hər sözü danışmayın. DTK-nın komendantı zəng edəcək. Müəllim üçün papiros, dəyişək paltar apararsınız. Həftədə bir dəfə 5 kq-dan artıq heç bir şey buraxmırlar. Bir aydan sonra hər şey öz qaydasına düşəcək. Ora - DTK-nın həndəvərinə çox getməyin. Ola bilər ki, istintaq sənədləri hazır olmayınca, ərzaq, dəyişək üçün paltar aparanda gedib-gələrsiniz görüş verməsinlər. Bu məsləhətləri mənə verdilər. Həmin adam o sistemdə işləmişdi. Məsləhət üçün təşəkkür etdim. Bir də söhbət zamanı dedi ki, ola bilər ki, müəllimin istintaqı. 4-5 aya kimi uzun çəkdi. Sizin ailənin xariclə əlaqəsi var, yox. Xaricdə yaşayan qohumlarınız var, ya yox. Atanız müharibədə itkin düşüb. Onun hansı cəbhədə itdiyi-öldüyü müəyyənləşdiriləndən sonra məhkəməyə təhvil veriləcək. O vaxta kimi təmkinli olun. Mən də gəlib evdə qızım Səadətə dedim, bərk-bərk tapşırdım ki, kənddən gələn qohumlara, dayıma, qardaşlarıma tapşır ki, ora-bura şikayət etməsinlər. Sakit olsunlar. Vaxtı gözləyək. Soruşanda deyin ki, müəllimin bu işlərindən bizim ailənin xəbəri yoxdur. Evimizdə o barədə söhbət də olmayıb, vəssalam. Məhkəməyə kimi bu cür də oldu. Mən bir-iki gündən sonra çıxıb işimə getdim. Səadətə də tapşırdım ki, komendant zəng edəndə hər həftə papirosunu apar. Arxayın olub işimə qayıtdım. Ayda iki dəfə Bakıya gəlib müəllimdən xəbər tutub, sağlamlığını, institutdakı havanı öyrənib gedərdim. Tutulandan 2 ay sonra kəndə getmişdim. Anamın adına vəkillər məsləhətxanasından bir məktub gəlmişdi. Kommunist küçəsindəki institutun yanındakı məsləhətxanadan. Anamı götürüb Bakıya gətirdim. Səhərisi o ünvana getdik. Həmin vəkili soruşduq. Orta yaşlı orta boylu dolu bir adam idi. Qarşımıza çıxıb «Bəli, mən çağırmışam» dedi. Tanrıverdiyev. Salamlaşandan sonra bəs «Sizin oğlunuza vəkillik etməyə məni məsləhət görüblər» dedi. Bir ərizə yazın, məni vəkil tutun. Sizi ona görə çağırmışam. Ailənin başçısı sizsiniz, nə deyirsiniz? Anam dedi ki, mənim oğlum özü-özünə vəkildir, ona vəkil lazım deyil. Vəkil dedi ki, bəs mənə deyiblər ki, müəllimə vəkil olum. Anam da dedi ki, kim deyibsə, sən də ol. Amma mən oğlumun özündən soruşmalıyam, özü kimə razılıq versə, o da vəkil olacaq. Tanrıverdiyev dedi ki, siz vəkil tutmasanız, dövlət tərəfindən vəkil tutulacaq. Məhkəmə vəkilsiz iş apara bilməz. Məhkəmənin vaxtı yaxınlaşır, vəkil lazımdır. Anam dedi ki, get oğlumla danış, o nə desə, onunla razılaş. Mən anamı götürüb mənzilə getdik. Anamın gəldiyini eşidən tanışlar, dostlar gəlib görüşürdülər. Söhbətlər edir, təskinlik edib gedirdilər. Məhkəmənin yaxınlaşdığını deyirdilər. Ona görə də bir də anam kəndə qayıtmadı. Məhkəməni gözlədi. Bu müddətdə anam bəzi müəllimlərin məsləhəti ilə Mərkəzi Komitəyə şikayətə getdi. Mərkəzi Komitənin qapısında duran bir nəfər anamı binanın içərisinə aparır. Ondan soruşur ki, şikayətin nədir? Haradan gəlmisən? Anam oğlunun tutulmasını ona danışır. Həmin adam hey gülümsəyir. Yəqin ki, müəllimi tanıdığı üçün. Anamdan soruşur ki. oğlun harada yatır. O deyəndə ki, türmədə, soruşur ki, hansı türmədə? Anam da deyir ki, dəniz kənarı bulvar tərəfdədi. Hə, hə bildim. Şikayət lazım deyil, ora bizim ən yaxşı, düz işləyən idarəmizdir. Yoxlayıb buraxacaqlar. Get ora, oğlunla sənə görüş verərlər, arxayın ol. Anam oradan qayıdıb gəlir. Söhbəti tanışlara danışır. Məsləhət görürlər ki, DTK-nın rəisi ilə görüş. Ona hərtərəfli vəziyyəti danış. Bəlkə də güzəştə getdilər. Mərkəzi Komitədə anamla danışan adam yəqin ki, vəzifəli adamdı ki, DTK-ya getməyi, müəllimlə görüşməyi məsələhət görüb. Yəqin ki, ora tapşırıblar. Onlar indiyə kimi gizli qalıb. Müəllimin istintaq qrupunun rəhbəri polkovnik İ.Səlimzadə xəbər verdi ki, sabah anası gəlsin. Oğlu ilə birlikdə DTK-nın generalı V.Krasilnikov qəbul edəcək. Müəllimin dediyinə görə, Səlimzadə səhər-səhər onunla söhbət edib. Deyib ki, bu gün şefin yanında görüş olacaq. Bir az yumşaq danış, bəlkə də güzəştə getdilər. Əbülfəz paltarını səliqəli geyinib hazırlaşıb. O, Krasilnikovun kabinetində oturub. Bir də görüb ki, anası ilə Səlimzadə içəri girdi. Səlimzadə çəkilib kənarda durub. Anası yaxınlaşıb salam verib yanında oturub. Hal-əhval tutub. Sağlamlığını soruşub. Əbülfəz də kənddə kim ölüb, kim evlənib xəbər alıb. Bu söhbətə hər iki məmur sakitcə qulaq asıb. Səlimzadə dedi ki. bu cür ananın bu cür də balası olar. Mən fikirləşdim ki. ana-bala görüşəndə ağlayacaqlar. Ana durub balasının buraxılması üçün generala yalvaracaq, ağlayacaq. Ondan bağışlanmasını xahiş edəcək. Ana bunları etmədi. Bununla da əsl türk qadınlığını sübut etdi. Görüş qurtardı. Anama vaxt çatdığını dedilər. Ana sağollaşır, qapıdan gözətçi qəbul edib aşağı mərtəbəyə endirib deyir ki, bir çay iç get. Uşaqlar eşikdə gözləyirlər. Anam da deyir ki, çox sağ ol. O adam deyir ki, yox çayımı içməlisiniz, mənə Kələkidə verdiyin çayın əvəzini verirəm, sənə borclu qala bilmərəm. Anam deyir ki, ay bala, mən belə yerlərdə çay içə bilmərəm, axı bilmirəm kim hazırlayır. O adam tez başa düşür və deyir ki, hə, mən sənə borclu qaldım. Anam deyir ki, halal xoşun olsun, halal eləyirəm. Gülüşüb ayrılırlar. Şefin kabinetində müəllim, bir də Səlimzadə qalır. General eynəyini qaldırıb Əbülfəzin üzünə baxır. Qabağındakı qovluqlara baxıb bir-bir ifadələri oxuyub soruşur. Deyir ki, bunlar sənin əleyhinə müəllimlərin verdikləri ifadələrdir. Tarixi faktla danışır, sübut edir. Krasilnikov da qulaq asır. General deyir ki, belə bir məlumat da var ki, sən demisən ki, Azərbaycanda ruslaşma gedir. Bunu nə ilə sübut edərsən? Əbülfəz də deyir ki, Mingəçevir şəhərini götürək. Heç Sumqayıtı demirəm. Bu yaxın illərdə Mingəçevir şəhərinə 500 rus ğız gətirilib. Əvvəlcədən gətirməyinizi demirəm. Bunun özü ruslaşma deyilmi? Çinovnik stoldan dik qalxıb «Bunu haradan bilirsiniz?» deyə soruşur. Əbülfəz də deyir ki, sübut edə bilərəm. Səlimzadə onun qolundan tutub hirslənmə deyir. General «Məhkəmədə cavab verərsiniz» deyir və qaşqabaqlı halda axır sözünüz deyə Əbülfəzdən soruşur. Əbülfəz isə deyir: «məni tutacaqsınız, iş verəcəksiniz. Sizdən xahiş edirəm, mənim üstümdə qohumlarıma, qardaşlarıma toxunmayasınız. Bir də məni partiyadan çıxarmayasınız». Generalın cavabı isə bu olub ki, qohumlarına, qardaşlarına heç kim toxuna bilməz. Hamısı yoxlanılıb. Bizim səninlə işimiz var. Qaldı ki, partiya məsələsi, gülümsəyərək sən olan partiyada mən işləyə bilmərəm, əgər sən mən olduğum partiyada olsan, mən o partiyadan çıxaram, işləmərəm orada. Səlimzadəyə dedi ki, işləri hazırla məhkəməyə ver, hələlik. Əbülfəz də deyib ki, görüşənə kimi. Səlimzadə yolda Əbülfəzə deyir ki, sənə demədimmi öz elmini, biliyini ona göstərəsən, dedim ki, onunla yumşaq danış, işləri mürəkkəbləşdirdin. Generala belə cavab verdiyinə görə, sənə iş verəcəklər. Get mənzilində dincəl, görək axırı necə olacaq. O, Əbülfəzi gözətçiyə təhvil verib aralandı. O, məhkəmənin nə zaman olacağanı gözləyirdi. Bununla da Əbülfəzlə istintaq, dindirilmə qurtarmış oldu. Bu əhvalat Novruz bayramından sonra olmuşdu. Aprelin 10-a kimi DTK-nın idarəsinin yanına gedib-gəlmək mürəkkəb deyildi. Oradakı işçilərin çoxu tanıyırdı. Həftədə bir-iki dəfə «peredaça» qəbul edirdilər. O da ki cüzi halda. Papiros, kolbasa, meyvə - 5 kq-dan artıq olmamaq şərti ilə. Ümumiyyətlə, oranın xofu üstümüzdən götürülmüşdü. Bir dəfə də orada dolaşan vaxt Səlimzadə bizi gördü. Yanına çağırıb dedi ki, buralarda az boşu-boşuna gəzin, gedin sizə öz idarənizdən ev verəcəklər. Evinizlə məşğul olun almaq üçün, qardaşınız kimi o evdə, bu evdə kirayənişin qalmayın. Qardaşınızın məhkəməsi bu yaxınlarda olacaq. Bununla da məhkəmə olana qədər oralara az getdik. Bizim ev məsələmiz çox da pis deyildi. Ev tikilib qurtarmaq üzrəydi. Siyahılar yazılırdı. İki ay əvvəl yəni, mart ayında «Kommunist», «Vışka» qəzetlərində dərc olunan məqalələrdə mənim adıma ev verilməsi göstərilmişdi. Yaxşı qabaqcıl briqada rəhbəri kimi. Mən arxayın idim. Amma yenə də dedi-qodu dolaşırdı. Baş İdarəyə anonim məktublar yazılır, rayonda evimizin olduğu və qardaşımızın tutulduğunu göstərirdilər. Amma qeyd edim ki, belə məktublar o vaxtlar tək bizim deyil, başqaları haqqında da yazılırdı. Ona görə də komissiyalarda yoxlamalar gedirdi. Evlərin verilməsinə az qalırdı. Almuradın sənədlərini kənara qoyub siyahıya salmamışdılar. Bunu bizə çatdırdılar. Almurad nazirliyə gedib sənədlərini istədi. Katibə deyib ki, neyləyirsən? Almurad da deyib ki, dənizin kənarındakı kişi deyib ki, ev verməsələr, sənədlərini al gətir bura. Katibə tez nazirin yanına girib əhvalatı ona danışır. Nazir o zaman Şəkinskiydi. Nazir Almuradın sənədlərini komissiya sədri həmkarlardan tələb edib alıb ev alanların sənədlərinin üstünə qoyur katibəyə deyir ki, siyahını gətir, Almuradın da adını ev alanların siyahısına yaz. Nazir komissiya sədrinin üstünə çığırıb deyir ki, neçə dəfə demişəm ki, bunların işlərinə toxunmayın, mən evi öz işçilərimə verirəm, onların qardaşına yox. Şəkinskinin bu yaxşılığını Bəy prezident olanda əvəzini çıxdım. Bəydən xahiş etdim ki, sən tutulanda o bizə evləri alanda yaxşılıq edib. Dəymə ona, qoy işləsin. Bəy də onu işdən çıxartmadı, rəhmətə gedənə kimi qalıb işlədi. Anam həmişə bizə demişdi ki, yaxşılıq eləyin, heç kimin verdiyi çörək, yaxşılıq heç kimdə qalmaz, bir gün özünə qayıdacaq. Elə helə də oldu. Bu 5 ildə ailəmizdə yeniliklər olmuşdu. Almuradın 3 uşağı olmuşdu. 2 oğlan, 1 qız - Hürrü, Ayturan, Aygün. İkisinin adını bəy qoymuşdu. Dayımız oğlu Seyfəddin Universitetdə şərqşünaslıq fakültəsində oxuyurdu. Qardaşım İbrahimin oğlu Şahvələd texnikumu qurtarmışdı. Kələki geoloji İdarəsində, İbrahim də dağ-məndənində işləyirdilər. Anam da yaşlandığı üçün yaylağa getmir, evdə maldarlıqla məşğul olurdu. Kənddə evdə qalır, nəvələri ilə gününü keçirirdi. Bu 15 ildə, 1960-75-ci llirədə ailəmizdə ailə üzvləri artmış, keçmiş çətinlikləri unutmuş, iqtisadi cəhətdən dolanışığımız yaxşılaşmışdı. Hər dövrdə ailəmizdə bir çatışmazlıqlar olurdu. İndi də müəllimin tutulması ailədə yoxluq yaratmışdı. Şair demişkən: «Atalıydı, analıydı uşaqlar, bizdə isə biri vardı, biri yox». Bəli, indi də aramızda müvəqqəti biri yox idi. Anam müəllimin tutulmasına görə, çox fikir eləyirdi. Həm də o şəhər həyatına öryəşməmişdi. O yaşda adama çox darıxdırıcı gəlirdi. Sutkalarla dörd divar arasında qalıb nə qədər fikirləşmək olar? Evə, mənzilə gələnlərdən soruşardı ki, bu məhkəmə nə zaman olacaq, niyə yubadırlar? Anam şəhərdə olduğu müddətdə onun yanına gəlib-gedən çox olurdu. Əbülfəzin müəllim yoldaşları, tələbə dotsları gəlib anama təskinlik verirdilər. Həm də anamın söhbətlərinə qulaq asar, onu darıxmağa qoymazdılar. Amma anam hey deyərdi ki, kəndə nə vaxt gedəcəyik, şəhər mənim üçün darıxdırıcıdır. Heç bir yana getmək olmur, hər şeyi alıb yemək olmur, şəhərdə yaşamaq mənim üçün çətindir. Məhkəmə olan kimi Allah qoysa, oğlumu götürüb kəndə gedəcəyəm. Anam bilmirdi ki, məhkəmədə oğluna iş verəcəklər. Axı Mərkəzi Komitədə ona demişdilər ki, DTK bizim ən düz, ədalətli işləyən idarəmizdir, oğlunu yoxlayıb buraxacaqlar. Bu söz anamın qulağında qalmışdı. Ümidi var idi ki, buraxacaqlar. O, bu ümidlə də yaşayırdı, gözləyirdi. Aprel ayı girmişdi. Xəbər verirdilər ki, yaxınlarda məhkəmə olacaq. DTK sənədləri məhkəməyə vermişdi. Məhkəmə gününü təyin etmək qalırdı. Ailə üzvləri şəhərə toplaşıb məhkəmənin gününü gözləyirdi. Mənzil darısqallıq edirdi. Palaz salıb yerdə yatırdıq. Səhər-səhər durub hərə bir yerə gedirdi. Mən, Almurad axşama kimi öz nazirliyimizdə Geologiya İdarəsində olurduq. Ev almaq üçün çatışmayan sənədləri düzəldib gətirirdik. Elə olurdu ki, sənəd arxasınca rayona getməli olurduq. Komissiya gündə bir sənəd tələb edirdi. Gedib düzəldib gətirirdik. Məhkəmədən xəbər verdilər ki, proses aprelin 22-ə təyin olunub. Hamı hazırlaşırdı. Həmin gün hamı Ali Məhkəmənin qarşısına toplaşmışdı. Onu DTK-nın bağlı maşınında gətirdilər. İçəri heç kimi buraxmırdılar. Hər tərəf DTK-nın işçiləri ilə əhatə olunmuşdu. Hətta milislər də var idi. Onlara kömək etmək üçün gəlmişdilər. Tələbələrin səs-küyü bir-birinə qarışmışdı. Ali Məhkəmənin qabağına çoxlu adam toplanmışdı. Bunu görən DTK işçiləri universitetə zəng edib tarix fakültəsinin dekanatlığının müəllimlərindən tələb etdilər ki, gəlib tələbələri bir təhər aparsınlar. Əbülfəzi gətirən işçilər hərəsi öz yerini tutdular. Əbülfəzi birinci mərtəbədə mühafizəçilərin arasında oturtmuşdular. Onlara yaxınlaşıb başımla salam verdim. Bir qutu papiros verdim. Məni oradan uzaqlaşdırdılar. Məhkəmə məlumat verdi ki, məhkəmə bayramlardan sonraya - mayın 11-12-ə qaldı. Hamı kor-peşiman dağılışıb getdi. Sonradan məlum oldu ki, aprelin 22-i Leninin anadan olan günü, apredin 28-i respublikanın yaranması günü, 1 May həmrəylik günü, 9 may isə Qələbə bayramı günü idi. Bayramlar bir-birinə yaxın olduğu üçün məhkəməni mayın 11-ə kimi saxlayıblar. Ona görə anamı Bakıda qoyub mən Almuradla iş yerimizə getdik. Bayram olduğu üçün iş yerindən də tez qayıdıb gəldik. Maaşlarımızı da alıb arxayın Bakıya qayıtdıq. Əziz oxucular! Bunlar mənim 1975-ci ilə qədər Əbülfəz Elçibəylə bağlı xatirələrim idi. 1975-ci il may ayının 11-də Bakı şəhərində «Azərbaycan» prospektində Ali Məhkəmənin binasında müəllimin ilk məhkəməsi başlandı. Yenə də bir xeyli tələbə oğlan və qız binanın qapısının ağzına toplanmışdılar. Səhər-səhər bizim ailənin üzvləri anamla birlikdə ora getdik. Məhkəmə prosesinin binanın ikinci mərtəbəsindəki böyük zalında olacağını dedilər. Qapıdan içəri girdik. İlk prosesdə iştirak etmək üçün universitetdən ittihamçı bir-iki professor, müəllimi içəri buraxdılar. Ondan sonra yaxın ailə üzvlərini - məni, anamı, yaxın qohumlardan olan Fəridəni buraxdılar. Biz içəri zala keçdik. Zal adamla dolu idi. Ayaq üstə olanlar da var idi. Müttəhimi qabaqdan gətirib ona ayrılmış xüsusi stulda əyləşdirmişdilər. Yanında isə iki nəfər qeyri-millətdən olan keşikçi dayanmışdı. Məhkəmə kollegiyası zala daxil oldu. Hamı ayağa qalxıb oturdu. Hamı oturduqdan sonra məhkəmənin sədri Əbülfəzin üzünə baxıb «Məhkəməyə başlamaq olar» dedi. Əbülfəz söz alıb dedi ki, anamın burada iştirak etməsinə razı deyiləm, xahiş edirəm onu zaldan çıxarın. Anam getməsə, mən ifadə verməyəcəyəm. Mən anamın qolundan tutub kolidora çıxartdım. Yenə də həmin stulda əyləşdirib qızlardan ikisini də onun yanında qoyub zala qayıtdım. Məhkəmə sədri qabağında qalaqlanmış qovluqların birini vərəqləyib müttəhimə ifadə verməyi xahiş etdi. Müttəhim geniş şəkildə ifadə verdi. Sonra şahidlərin dindirilməsinə başlandı. Bu səpkidə məhkəmə bir neçə gün fasilələrlə davam etdirildi. Getdikcə müəllim və tələbələrin çoxalmasından məhkəmə günlərində zala daxil olmaq üçün xüsusi buraxılış vərəqələrinin verilməsini tətbiq etdilər. O da narazılığa səbəb oldu. Axırda birinci yaxın qohumlar, bir də dəvət olunmuş adamlar iştirak etdilər. Məhkəmə binasının qarşısındakı bağda isə prosesin sonunda nə ilə nətiəcələnəyini gözləyənlər çox idi. Qapıya yaxınlaşanları yaxına buraxmırdılar. Gündə bir neçə şahid ancaq dindirilirdi. Sonra bir neçə gün fasilə verildi. Şahidlərin dindirilməsi vaxtı ilk verilən ifadələrlə məhkəmədəki ifadələr düz gəlmədiyi ortaya çıxırdı. Prokurorun, məhkəmənin hədələrinə baxmayaraq, onlar ilk ifadələrinin düz olmadığını, onlara təzyiqlər edildiyini və ilk ifadələrinin altından qol çəkməyə məcbur edildiklərini söyləyirdilər. Bunlar mənim verdiyim ifadələr deyildilər. Bəziləri də deyirdilər ki, Əbülfəz müəllim bəzi tələbələrə dərsliyimizdən az danışıb, Azərbaycanın tarixindən danışıb. Məhkəmənin sədri deyirdi ki, ay bala, pis iş tutmayıb ki, öz tariximizi başa salırmış da. Zalda gülüşmə qopub. Şahid pərt halda çıxıb gedib. Bir şahid də Qubadlıdan idi. Müəllim idi. O məhkəməyə dedi ki, bir gün hərbi müəllim mənə qiymət verməmişdi. Üstəlik bir az da Azərbaycan millətini təhqir etmişdi. Mən gəlib Əbülfəz müəllimə şikayət etdim. Əbülfəz müəllim də dedi ki, gedin yaxşı oxuyun, bir İvana da cavab verənmirsiniz. Yoldaş məhkəmə, o müəllimin adı İvan idi. Zalda gülüşmə qopdu. Bəziləri yalan ifadələr verirdi. Əbülfəz müəllimlə bir yerdə gəzən, bir yerdə çayxanalarda çay içən, təşkilat işində fəal çalışan bir hərbçi də şahid qismində ifadə vrdi. O Əbülfəz müəllimin hansı işlər haqqında düşündüklərini, həyata keçirdiklərini, tələbələrin içərisində təbliğat apardığını, Azərbaycanı müstəqil bir dövlət kimi qurmaq, Şimalı Cənubla birləşdirmək barədə arzularını, yeni bir Turan dövlətini yaratmaq, SSRİ-dən ayrılmaq və sair barədə ifadə verdi. Məhkəmə dedi ki, siz yəqin ki, yaratdağınız dövlətin hərbi naziri olacaqsınız. Yenə də zalda gülüşmə qopdu. O çıxıb getdi və bir də oralarda görünmədi. Uzaqda hərbi hissədə qulluq etdiyi üçün məhkəməyə məktub göndərmişdi. Məktubda bəzi şəxslərin adlarını yazmışdı. Məhkəmə və prokuror müttəhimdən bu ifadələr barədə nə deyə biləcəyini soruşdu. Əbülfəz müəllim isə «hər şey düzdür, deyilənlərə heç bir etirazım yoxdur» cavabını vermişdi. Şahidlərin ifadələri prokuroru hövsələdən çıxarırdı. Şahidlərin bəziləri deyirdi ki, bizi bərk döyüblər. Bəziləri isə deyirdi ki, barmaqlarımı qapının arasında qoyub sındırıblar, qanını dəsmalımla silmişəm, Onlar qanlı dəsmalı məhkəməyə göstərdilər. Şahidlərin bir-bir dindirilməsi, bəyin haqqında söylədikləri ifadələri məhkəmə sualsız buraxmırdı. Şahidlər yalan, böhtan danışanda deyirdi ki, Əbülfəz müəllim sizə dərs dediyi vaxtlar verdiyiniz sualları cavabsız qoyurdu? Cavab verirdilər ki, xeyr, Əbülfəz müəllim ən savadlı müəllimdir. O bizim verdiyimiz suallara geniş izahat verərdi. Amma eyni zamanda, dərsin arasında türkçülüyün mədəniyyətindən, dövlətçilikdən danışırdı. Deyərdi ki, biz biz hamımız türkük, türk millətiyik. Azərbaycan milləti yoxdur. Məhkəmə də deyirdi ki, müəllimin düz deyibdir də, biz türkdilli millətik də. Şahidlərin bəziləri ifadələrini yazıb yollamışdılar. Özlərini xəstəliyə vurub gəlməmişdilər. Onların izahatlarını məhkəmə oxuyurdu. Birinin verdiyi ifadə belə idi. Mən xəstələndiyim üçün gələ bilmirəm, sizə ifadəmi olduğu kimi yazıb yollayıram: «Mən dostumuz Abbasəli Sarovlunun qızının toy məclisindəydim. Əbülfəz müəllim dövlətimizə qarşı kəskin çıxış etdi. Azərbaycan xalqının taleyindən, onun SSRİ-nin tərkibindən çıxmasından, müstəqil Azərbaycan dövlətinin qurulmasından, şimallı-Cənublu Azərbaycanın birləşməsindən və sair danışaraq partiya rəhbərlərini tənqid etdi. O zamankı rəhbər Brejnevi. Mən onunla dalaşdım. O mənə hücum etdi. Toy yiyəsi bizi dalaşmağa qoymadı». Sonra toy yiyəsi Abbasəli Sarovlu şahid qismində çıxış etdi. O, Əbülfəz müəllimi yaxşı bir müəllim kimi təriflədi, həm də dedi ki, millətini sevən adamdır. Mən Əbülfəz müəllimdən qəbahət bir iş görməmişəm. O yazdığı sözləri mən eşitməmişəm. Mənim başım qonaqlarla qarışmışdı. Savaşmanın axırında gəlib çıxdım. Məhkəmə çox gərgin keçirdi. Şahidlərin DTK-ya verdikləri izahatları, ifadələri məhkəmədə danışdıqları ifadələrlə düz gəlmirdi. Tək-tək şahidlərin ifadələri bir qədər uyğun gəlirdi. Onları da ifadə verdikdən sonra DTK-nın nəzarəti altında çıxarılıb yola salırdılar. Bir də oralarda görünmürdülər. Gəlməyən şahidlərin DTK-ya verdiyi ifadələrlə məhkəmə kifayətlənib şahidlərin qurtardığını elan etdi. 30-a qədər olan şahidlərin 10-15-i dindirildi. Qalanını yazılı şəkildə ifadələr yollamışdılar. Birinci danışan şahid hərbçi idi. Uzaqda olduğu üçün geniş bir izahat yazıb yollamışdı. Məhkəməyə göndərilən məktubları ayrı bir qovluğa qoymuşdular. Məhkəmə gələn məktubları ayrı-ayrı seçib katibəyə verirdi. Məhkəmə qovluğun birini aralayıb bir arayışı bizə çatdırdı. Bu arayış SSRİ Müdafiə Nazirliyinin arxivindən alınmış arayış idi. Onu oxumağa başladı. «Aliev Qadirqulu Mərdan oqlu. 1943-cü ildə Azərbaycan Respublikası Ordubad rayonundan müharibəyə hərbi xidmətə çağırılıb. 1943-cü ildə Ukrayna cəbhəsində Vətən borcunu yerinə yetirəndə həlak olub». Sonra dedi ki, xaricdə qohumları yoxdur. Bunu şifahi dedi. Orada ailəmiz bildi ki, evin kişisi Böyük Vətən Müharibəsində itkin yox, müharibədə həlak olub. Bu barədə DTK işçilərinə çox sağ ol dedik. Sonrakı gün Əbülfəzin müdafiəçisi Tanrıverdiyev geniş, hərtərəfli müdafiə xarakterli çıxış etdi. Axırda üzünü iştirakçılara tutdu və dedi: «Mirzə Cəlilin, Sabirin. Cavidin davamçısı bu gün məhkəmə qarşısındadır. Məhkəmədən xahiş edirəm ki, öz ədalətli hökmünü versin. Atasının Vətən Müharibəsində həlak olmasını, anasının qoca və yaşlı olmasını nəzərə alıb onu buraxın». Sonra da qovluğunu yığışdırıb zaldan çıxdı. Ondan sonra bir də onu zalda görmədik. Söz institutun ittihamçısı, professor Aslan Aslanova verildi. Professor xeyli danışdı. O dedi ki, bizim müəllim kollektivimiz Əbülfəzi öz ixtisası üzrə universitetin ən qabaqcıl, savadlı alimi kimi, tanıyırıq. ADU 5-10 ildə ancaq belə bir alim yetirir. Məhkəmədən xahiş edirəm ədalətli hökm çıxarsın, onu öz kollektivinə qaytarsın, biz müəllim-professor heyəti onunla bir yerdə işləyək. Onunla universitetin özü və partiya təşkilatı məşğul olar. Müəllimin universitetə qayıtması müəllim heyətinin, həm də tələbələr kollektivinin ürəyincə olar. Sonrakı gün dövlət ittihamçısı prokuror Yəmən Yusifov danışdı. Uzun danışdıqdan sonra Azərbaycan SSRİ-nin Cinayət Məcəlləsinin 67-ci və 1881-ci maddələri üzrə müqəssir bilinib 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istədi. 15 dəqiqə fasilə elan olundu. Köməkçiləri ilə hakim məsləhətləşmə otağına getdi. Qısa fasilədən sonra məhkəmə yanındakılarla zala daxil oldu. Hamı ayağa qalxdı. Hökm oxundu. Məhkəmə, Ali Məhkəmənin o dövrdəki müavini Həsən Əliyev idi. İşi o aparırdı. Məhkəmə başını yuxarı qaldırmadan rəngi qaralmış halda qərarı oxudu. Yuxarıda göstərilən maddələri əsas tutularaq Əbülfəz Qədirqulu oğlu Əliyev 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Zalda ağlaşma, sızlaşma səsi eşidildi. Əbülfəzə son söz verdilər. O, Səməd Vurğunun şerinin bir beytini deyib yerində oturdu. Sədr məhkəməni bağlı elan etdi. Prokuror Əbülfəzin yanından keçəndə yavaş səslə «mən də əsgərəm, incimə» dedi. Məndən Əbülfəzin dediyi şerə cavab oldu. Hökm oxunub qurtaran kimi hamı ayaq üstdə idi. Yaxın tanışlardan Seyid (Miryəhya Səməndərov geologiyada partiya rəisimiz işləyirdi) hündür, canlı bir adam idi. O məhkəmənin bütün gedişində iştirak etmişdi. Mənə yaxınlaşıb əlinin birini kürəyimə qoyub, birini də sinəmə dayayıb üstümə çığırdı. Özünü düzəlt, şax dur, mən kənardan baxırdım, hökm oxunanda sənin belin əyildi. Əli ilə sinəmdən basıb bir-iki dəfə üstümə çığırdı. Dost var, düşmən var, toxtax saxla özünü. Doğrudan da, özümdən asılı olmayaraq, özüm hiss etmədən belim əyilirmiş. Bir-iki gün kənardan baxanlar hiss edirlərmiş. Mənə deməyiblər ancaq. Əbülfəzin yan-yörəsində olan gözətçilər onun yaxınına buraxmırdılar. Polkovnik Səlimzadə dedi ki, ailənizin hamısı gəlsin, görüş veriləcək. O günü bir-iki paçka papiros verdik. O da polkovnikin köməyi ilə. Hamı dağılışıb evinə getdi. Artıq saat 5 idi. Hamı işdən çıxırdı. Səhərisi anamla bərabər qohumlarımızın Bakıda olanlardan bir bölüyü DTK-nın binasına getdik. Bizim ailənin üzvlərini bir geniş otağa aparıb dedilər ki, burada gözləyin. Nə qədər söhbət edirsiniz, edin. Yəni 2-3 saat. Əbülfəz yan otaqdan gülə-gülə gəlib hamımızla görüşüb anamla yanaşı stulda oturub hamı ilə söhbətləşdi. Hərə bir söhbət edirdi. Apardığımız yeməklərdən yeyib-içib (çayı onlar verdilər) dərdləşdik. Əbülfəzin hara, hansı cəza düşərgəsinə yollanacağını Səlimzadədən soruşduq. O dedi ki, bir həftəyə kimi Qaradağ Daş Karxanasına yollanacaq. Əlaqə saxlayın, deyəcəm sizə. Ya da telefonla özü sizə evə zəng edib deyər. Vaxt qurtardı. Görüşüb sağollaıb oradan çıxdıq. May ayının axırı 20-i olardı. Hava da çox yaxşı idi. Şəhərin gəzməli vaxtı idi. Mən anamı götürüb mənzilə gətirdim. Qalanı da şəhəri gəzə-gəzə axşam gəlib evə çıxdı. Anam dedi ki, istilər düşüb, məni kəndə aparın, daha arxayın oldum. Allaha çox şükür yaxşı qurtardı. Bu axşam rahat yataram. Qorxurdum ki, uşağı uzaqlara apararlar. Üzünü də görə bilmərəm. Ona görə də Allaha şükür edirəm. Bununla müəllimin DTK-da uzun müddətli «qonaqlıq» dövrü qurtarmaq üzrə idi. Qaradağ Daş Karxanasına xəbər gedib çatmışdı. Orada yatanların, cəza çəkənlərin bəziləri müəllimi tanıyırdılar. Biri vaxtı ilə dağüstü məhəllədə yaşayanda qonşusu Seyid deyib çağırdığımız uşaq idi. O, 20-22 yaşında olardı. Müəllimin ora aparılacağını eşitmişdilər. Onun üçün yoldaşları ayrıca yer hazırlamışdılar. Onlar müəllimin gəlməsini gözləyirdilər. Çox keçmədi ki, müəllim Qaradağ Daş Karxanasına aparıldı. Beləliklə də, o, uzun müddətli oranın sakini oldu. Artıq Əbülfəz mayın axırı Qaradağ Daş Karxanasında idi. Əbülfəzin danışdığına, söhbətinə görə, həbsxanadan cəza yerinə gələndən sonra bir-iki gün başqa mənzildə saxlayıblar. Tanış uşaqlar onu öz yanlarında hazırlanmış mənzilə aparıblar. Mənzil çox da pis olmayıb. Dustaqlıq şəraitində stul, tumboçka, səliqə ilə örtülmüş təmiz yorğan, döşək, qrafin və stəkan və sair. Onu 2 gün işə buraxmayıblar. Orada olan uşaqlar, dustaqlar Əbülfəzlə söhbət ediblər. Dustaqlar Əbülfəzin nə üstə tutulduğunu ondan yaxşı əvvəlcədən bilirdilər. Dustaqlar türmə həyatının qayda-qanunlarını ona danışıblar. Ona bir dustaq ayrılıb ki, qulluq etsin, yatdığı yeri həmişə təmiz saxlasın, suyunu gətirsin, əl-üz dəsmalını təmiz saxlasın və s. Əbülfəz buna razı olmayıb. Ancaq dustaqlar buna etiraz edib deyiblər ki, sən bizim qanunları pozursan.
Onda Əbülfəz deyib ki, mənim üçün ayırdığınız adam qeyri-millətdən olsun. Dustaqlar razılaşıblar. Ondan sonra Əbülfəzə hörmət ediblər. Ən çətin məsələlərdə ondan məsləhət alıblar. Əbülfəz həmişə bir-biri ilə savaşanları ayırıb, barışdırıb. Hər bir dustağın çatışmayan cəhətlərinə kömək edib, öyüd-nəsihət verib. Bir-iki gündən sonra onu iş yerinə aparıblar. İş yerləri çox da uzaqda olmayıb. Qaldığı yerdən daş karxanası 2 km olardı. - «Sıraya düzüb bölük-bölük briqada halında piyada hər tərəfimizdə rus millətindən olan hərbçilər avtomatlı çəpərli, tikanlı məftillə əhatə olunmuş zonaya bir-bir sayıb qapıdan buraxırdılar. Orada özümüzü azad hiss edirdik. Orada maşınla kəsilən daşları kubikləri kənara, ya da maşınlara yükləyirdik. Hər bir dustaq 600-700-1000 dənəyə kimi daş kubik yığmalı idi. Mən birinci gün daş toplamağa başladım. Hər kubik daşın ağırlığı 25-30 kq idi. İş ağır idi. Yoldaşlar mənə kömək edirdilər. Bir neçə gündən sonra orada yaxınlıqda işləyən fəhlələr mənə işləməyə icazə vermədilər. Havalar istiləşirdi. Gün adamı yandırırdı. Orada işləyən qruppalar kölgəliklər düzəldib günorta vaxtı çörək-çay yeyib-içib dincəlirdilər. Bizim də dəstəmiz 4-5 nəfər, dərin qazma şəklində bir yer düzəltmişdi. Dəmir betonla bərkidilmiş qapı da salmışdılar. Gətirdiyimiz yeməkləri, çayı, qəndi, suyu, tapdığımız yeməkləri, azuqələri orada saxlayırdıq və dincəlirdik. Nərd, şahmat, domino oynayardıq. Bizimlə bərabər orada işləyən dustaqlar qruppa-qruppa bu cür yer düzəldib dincəlirdilər. Bir müddət - 1975-ci ilin yayı-qışı yoldaşlarımla zonda belə yaşadıq. 1976-cı ilin yaz vaxtı belə bir əmr verildi ki, zonanın daxilində düzəldilmiş qazmalar dağıdılsın, sökülsün. Buna rəhbərlik edən bir zabit idi. Bir neçə rus əsgərləri ilə birgə. Sökülmək vaxtı bizim düzəltdiyimiz qazmaya, yəni yeraltı evimizə gəlib çatdı. Zabit ukraynalı idi. Zabitlə qazmaya girdik. O baxıb gördü ki, çox təmiz, səliqəli yerdir. Nərd, şahmat taxtasını görüb soruşdu ki, burada şahmat oynayan var? Dedim ki, bəli var. Zabit dedi ki, gəl bir şahmat oynayaq, hələ ki, evinizi sökməyiblər. Dedim oynayaq, bu şərtlə ki, əgər sən udsan evi sök, mən udsam evimizi sökmə. Baxıb gülümsədi. Bir andan sonra razılaşdı. Stola oturduq. Şahmatı çox yaxşı oynayırdı. Oynamağa başladıq. Xeyli vaxt çəkəndən sonra çətinliklə mən o zabiti uddum. Əl-ələ verib məğlub olduğunu bildirdi. Uşaqlar hazırladığı çaya, xörəyə qonaq etdilər. Çətinliklə razılaşıb yeyib-içib gedəndə dedi ki, sizin qazma mən burada olunca yaşayacaq. O biri qazmalar bir yandan sökülürdü. Bir yandan da tikirdilər. Zonda 2500-3000-ə kimi dustaq işləyirdi». Yuxarıda yazılanlar Əbülfəz müəllimin birinci il işlədiyi vaxtın bizə danışdığı xatirələridir. O, daş karxanasının 2 yay, 1 qış məcburi sakini, qonağı olub. Artıq biz Qaradağ Daş Karxanasına gedib-gəlirdik. Birinci aylar bizim üçün çox çətin idi. Gedib-gəlmək üçün yolları tanımaq, görüş nə zaman verəcəklər, nə qədər azuqə götürəcəklər, ayda neçə dəfə yanına gəlmək olar, hansı azuqəni, qida məhsulunu gətirməyə icazə verəcəklər və s. Məhbusla görüşmək üçün hansı sənədlər lazımdır, nə cür ərizə yazmaq lazımdır, görüşə kimlər buraxılır - bu kimi qaydaların hamısı görüşə gəlib gözləyən yerə vurulmuşdu. Qaydalarla tanış olandan sonra gedib-gəlmək bizim üçün asanlaşdı. O dövrdə hər bir apardığın ərzağa çox ciddi baxırdılar. Çəkidən artıq olanda danışırdılar. Bir neçə aydan sonra öyrəndik ki, bunların hamısı pulun başındadır. Pulun var, hər şey düzəlir. Divara vurulan siyahıya fikir vermirdilər. Birinci ay Almurad, yaxın qohumlardan Seyfəddin, qızım Səadət gedib görüşmüşdülər. Sonra görüş üçün gedib-gəlmək mənim boynuma düşmüşdü. Almuradgil anamla birlikdə kəndə çıxıb getdilər. Almurad anamı kəndə qoyub qayıtmalı idi. Ona görə ki, bizə ev verməli idilər. Evlər hazır idi. Mən də iş yerimə gedib qayıtmalı idim. İyun ayının 10-15 arası olardı. İş yerlərimizə radioqramma gəldi ki, kim ev alacaq, Bakıda olsun. Ev alan adamların siyahısı yazılıb göstərilmişdi. Hamımız Bakıya toplaşmışdıq. Dedilər ki, sabah Baş İdarədə nazirlikdə keçiriləcək təntənəli yığıncaqda evlərin orderləri veriləcək. Bir çox rayonlarda geoloji iş aparan ev alanların hamısı bura toplaşmışdı. 170 nəfərə mənzil verilirdi. Sevinən kim, gülən kim. İş yoldaşları bir-birini təbrik edirdi. Bəziləri də deyirdi ki, qoyun order alaq, sonra təbrik edin. İşçilərin bu neçə ildə gözləri qorxmuşdu. Ev ala bilməmişdilər. Bəzilərinin isə ev alan vaxt adları siyahıdan çıxarılmışdı. Bu hallar indiyə kimi olmuşdu. Evlərin verilməsində mənzil ala bilməyənlərə sonra alarsan demişdilər. Ona görə də işçilər evlərin orderlərini əllərinə almayınca inanmırdılar. Nə isə, tədbir başlandı. Həmkarların sədri çıxış etdi. Orderlərin verilməsi başlandı. Bir-bir adları çağırıb orderləri təqdim edirdilər. Təbrik edib əl çalırdılar. Növbə mənə də gəldi. Mən də səhnəyə çıxdım. Sədr bir əlində sənəd, bir əlini də uzadıb mənə verdi. Mən də öz növbəmdə razılığımı bildirdim. Zalda uşaqların içinə qarışdım. Almurad da orderin alıb çölə çıxanda ev aldığımız üçün tanış geoloq yoldaşlar bir-bir təbrik edir, sevinirdilər. Saat 4, 5 olardı. Oradan birbaşa Rafik-Xanım bacı gilə getdik. Rəhmətlik Malik müəllim də onların qonşusu idi. Onları muştuluqladıq. Onlar da orderlərə baxıb bizi təbrik etdilər. Axşam çaya-çörəyə dəvət etdilər. Bir balaca süfrə açıb söhbət etdilər. Qonşular da təbrikə gəlmişdi. Xanım bacının stola qoyduğu şüşələrdən töküb içib söhbət etdilər. Razılaşdıq ki, sabah Əbülfəzin yanına gedib orada da yeyib içəcəyik. Həftənin 6-cı günü idi. Getmək olardı. O günləri görüş verilirdi. Sabahısı Rafik, Xanım, Almurad, bir də mən Rafikin volqası ilə Qaradağa yola düşdük. Görüş istirahət günlərindən başqa həmişə saat 5-dən sonra olardı. Gedib müəllim olduğu yerə çatdıq. Rəisə ərizə yazıb verdik. Xeyli yoxlamadan sonra görüş kağızını gətirdilər. Rafiklə Xanımı görüşə buraxmaq istəmədilər. Axır birtəhər Xanım bacı rəisdən icazə aldı. Görüşə getdik. Əbülfəzlə görüşdük. Onu da evləri almağımız münasibəti ilə təbrik etdik. Soruşdu ki, neçə otaqlıdır? Dedik ki, Almurad 4, mən isə 5 otaqlı ev almışıq. Allah qoysa, sən gəlincə, evləri səhmana salarıq. Gələrsən, hansında yaşamaq istəsən, yaşayarsan. Daha kriayənişinlikdən qurtardıq. Görüşü 15 gündən bir verirdilər. Vaxtından tez görüşə gələnlərə min bəhanə qoyurdular. Əbülfəzlə görüşəndən sonra bir gün orderlə gedib evləri təhvil aldıq. Ev Yasamalda verilmişdi. Talıblı küçəsi, 3/8. Doqquz mərtəbəli, 8 bloklu idi. Evlərin gözətçisi orderə baxıb mənzilin nömrəsinin açarlarını verirdi. Özü də bizimlə bərabər gəlib mənzili açıb hər şeyin yerində olmasını göstərib (qaz plitəsini, vanna, unitazın, pəncərə və qapıların) təhvil verib, bir şirinlik alıb xeyir-dua verib gedirdi. Evləri təhvil alandan sonra Bəsti Bağırova küçəsindəki mənzildə Əbülfəzin əşyaları - kitabları və digər avadanlıqlarını yığışdırıb gətirdik. Kitabları kardon karobkalarda evin birinə töküb qapını bağladıq. Bir də özü gəlincə oranı açmadıq. Açarlar isə dayımız oğlu Seyfəddində qaldı. Yay olduğu üçün bir neçə mənzilin açarlarını Seyfəddinə verib getmişdilər. Bütün geoloqlar rayonda idi. Bir də sentyabrda gələcəkdilər. İmkanlı adamlar mənzillərini təmir etdirirdilər. Suyun, qazın, işığın verilməsini gözləyirdilər. Sentyabra kimi gözləməli olduq. İşıq yox idi. Lampa yandırırdıq. Suyu yaxındakı qonşu evlərdən gətirirdik. Bunların hamısı avqustun axırında verildi. Sentyabrda şəhərdə qalan bir Seyfəddin, bir də Səadət idi. Mən də iş yerimə yaxın olduğu üçün hər beşinci gün Goranboydan, Qazanbulaqdan işdən çıxıb təzə elektriçka ilə Bakıya gəlirdim. Bakı-Kirovabad. Çox əlverişli idi. Saat 5-dən Goran stansiyasından minib axşam saat 10-a işləmiş Bakıda olurdum. İlk vaxtlar olduğu üçün sürətli gedirdi. Mənzil başına vaxtında çatırdıq. Bakıdan da səhər-səhər yola düşürdü. İş yerinə 12-də çatırdıq. Bizim işçilər üçün çox əlverişli nəqliyyat idi. Kollektivliklə şəhərə gedib gəlirdik. Mən həmişə bu nəqliyyatdan istifadə edirdim. Əbülfəzin Qaradağ Daş Karxanasına gəlməsindən 2 ay keçirdi. Bir-iki dəfə gedib-gəlməklə oranın ab-havasına bələd olmuşdum. Bəzi azərbaycanlı gözətçilər artıq məni tanıyırdılar. Orada işləyən DTK-nın işçisi də məni tanıyırdı. Mən ora gedən kimi idarədən çıxıb gözündə qara eynək gəlib həndəvəri gəzib gəldiyim maşının nömrəsinə baxar, kim ilə gəlmişəm, kim ilə danışıram, göz gəzdirib gedərdi. Mən də heç ona fikir verməzdim. Görüşə gələnlərlə deyib gülərdim. Artıq söz-söhbət etməzdim. Çoxu mənim yanımda ucadan danışardı ki, burada yatanların çoxu gunahsız adamlardır, mən də deyərdim ki, günahları olmasa tutmazlar. Yəqin ki, günahları var ki, bunları tutublar. Bəzi vaxtlarda isə heç dinməzdim. Mən iki-üç aydan sonra hər həftə Əbülfəzin yanına yüngülvarı çanta ilə papiros, bir də yemək götürüb gedərdim. Artıq sentyabr girmişdi. Mən ailəmlə birlikdə Bakıya köçmüşdüm. Uşaqlar Bakıda məktəbə gedirdi. Almuradın ailəsi isə anamla birlikdə kənddə qalmışdı. Orada işlədiyinə görə, kənd ona yaşamaq üçün yaxşı idi. Əbülfəzin isə həftəlik yanına gedib gəlmək lazım idi. Başqa adamları görüşə buraxmırdılar. Ona görə də görüşə həmişə mən getməliydim. Bir-iki həftədən bir gedə bilirdim. Əbülfəzin Qaradağda yatdığı müddətdə kim getmək istəsə, məni gözləyərdi. Mənimlə gedərdik. Görüşə isə çətinliklə buraxdırardıq. Tanışlardan Rafik müəllimin həyat yoldaşı Xanım bacını aparmışdım. Onu da bayram qabaqları. Bir dəfə də qızlarımı yoldaşımla birlikdə apardım. Görüş vermək istəmirdilər. Dedilər ki, 2 gün əvvəl 4 qız gəlmişdi. Dedilər ki, xalası qızlarıyıq, görüş vermişdik, olmaz. And-amandan sonra görüşə buraxdılar. Əbülfəzdən soruşduq ki, yanına kim gəlmişdi ki, bizi buraxmırdılar? Dedi ki, tələbələrimdən idi. Rəisi aldadıblar ki, bəs rayondan gəlmişik, xalası qızlarıyıq, buraxıblar. O görüşdən sonra mən gedəndə sənədləri ciddi yoxlayırdılar. Soyuqlar düşürdü. Gedib gəlmək nəqliyyat cəhətdən çətinləşirdi. Axır ki, bir tanış tapdım. Geoloq yoldaşımın bacanağı idi. O vaxtı ilə iş alıb. Yüngülvarı cəza üçün yollayıblar. Daş karxanasında icraçı kimi işləyirdi. Axşam işdən çıxanda maşınla evə qayıdırdı. Xırdalanda olurdu. Yük maşınları ilə daş daşıyan axşam-səhər bizim evin yaxınlığından gedərdi. Onunla tanış olandan sonra evdə hazırlanan xörəkləri gündəlik səhər-səhər verərdik o iş yerinə aparardı. Əbülfəzgil günorta dincəldikləri qazmanın qapısını açıb qoyrmuşlar ora. Hələ ora heç kim nə hərbçilər, nə də işçilər gəlməmiş. Bu minvalla Əbülfəz nə tapşırsaydı, hansı yeməkləri istəsəydi, Səadət, Səlimə onu hazırlayıb deyilən vaxt yolda durub o adama verərmişlər. Bundan sonra mən görüşə yüngülvarı gedərdim. Bir-iki paçka papiros, göy-göyərti, qənd-çay götürüb gedərdim. Saat 4-də dustaqları mühafizəçilərin əhatəsində işdən gətirirdilər. Görüşə gələnləri giriş qapısından bir az kənarlaşdırıb bir-bir adlarını oxuyub içəri buraxardılar. Orada gediş çox ləng gedirdi. Kənardan görüşə gələn öz qohumu, qardaşı, əri, oğlu ilə astadan danışırdı. Elə vaxt olub ki, şahidi olmuşam balaca uşaq ata deyib yüyürüb atasının üstünə, gözətçilər tutub verib anasına. Mən də bu zaman Əbülfəzlə danışırdım. Onunla astadan söhbətləşərdim. Ərizə yazıb görüş alıb görüşərdik. Mən tez-tez getdiyimə görə, bir gün də yenə də işdən gələn zaman Əbülfəzlə qapıda söhbətləşdik. Dedim ərizə yazıb vermişəm görüşəcəyik. Görüş vaxtı hamını çağırdılar. Mənim ərizəmin üstünə isə «olmaz» yazmışdılar. Hamı içəri görüşə getdi, mən isə bayırda qaldım. Başı aşağı fikirləşirdim. Bir adam gəldi ki, rəis səni çağırır. Rəisin idarəsi çöldə idi. Getdim rəisin kabinetinə. İsti vaxt idi. Qapı, pəncərə açıq idi. Qapıdan içəri girdim. Mənə dedi dayan. Əlimi cibimə salmışdım. Fikirləşdi ki, pul verəcəm. Ərizəni katibədən alıb aparıb verdim ona. Üstünü yazdı. Dedi ki, qardaşın içəridə haray salıb. Nə tez-tez gəlirsən, ona görə buraxmırıq. Nə gətirmisən? Mən də əlimdə siqaret karobkasını göstərib dedim ki, elə budur. Çox vaxt gətirdiyim azuqəni buraxmırlar. Dedi ki, bundan sonra gətir, onlar sizin əlinizə baxır, bizim vəzifəmizdi deyək olmaz. Ərizəni üstümə atdı ki, get görüşə. Getdim içəri. Əbülfəz içəridə məni gözləyirdi. Görüşüb söhbətləşdik. Əhvalatı ona danışdım. Dedi ki, burada qardaşımı niyə görüşə buraxmırsınız soruşub, əks halda kalonu ayağa qaldıracağımı söylədim. Tez rəisə çatdırıblar. Ona görə də ərizənin üstünü yazıb sənə görüş veriblər. Müəllim 14 ay Qaradağ Daş Karxanasında qaldı. Orada işlədi. Orada olduğu zaman özünə yaxın dostlar tapdı. Onlardan Bakı şəhərində yaşayan Muxtarı göstərmək olar. Onlar həmişə Əbülfəzlə bir yerdə olub, bir-birilərinə həyan olublar. Qaradağ Daş Karxanasında onlardan biri müəllimdən ərəb əlifbasını yazmağı və oxumağı öyrənib. Ordan çıxanda artıq ərəb əlifbasında quran surələrini oxuyurmuş. Dustaqların arasında hər cəhətdən müəllimin hörməti çox yaxşı imiş. Müəllim Qaradağ Daş Karxanasında olduğu müddət DTK-nın Qaradağ Rayon şöbəsi həmişə onun davranışını, vəziyyətini, dustaqlar arasında olan söhbətlərini izləyib, hər ay şefinə məlumat verirmiş. Məlumatlar da çox pis olmurmuş. Həmişə yaxşı cəhətləri göstərilirmiş. Ona görə tapdığımız tanışımızı sayğılı olmağa, sürücülərin yanında Əbülfəzin haqqında bir söz danışmamağı xahiş edirdik. Ona aparılan xörəkləri qızlarım yol kənarında deyilən yerdə verirdilər. Heç kim hiss etməsin deyə. Sürücü soruşanda da deyirmişlər ki, xalam qızlarıdır. O dövrdə belə bir əhalvat oldu. Almurad Əbülfəzi görmək üçün kənddən hazır vəziyyətdə gəlmişdi. Yəni hər şey gətirmişdi. Xeyli azuqə gətirmişdi. Onları necə verməyi düşünürdük. Bu məsələni Oruca danışdıq. Oruc dedi ki. bu asan məsələdir. Səhər hər şeyi yığın çantalara məni yolun kənarında qızlar gözləyən yerdə gözləyin. Elə də etdik. Bir qazan da aş bişirmişdik. Onu da götürüb qızların dediyi yerdə gözlədik. O vaxtından tez gəlmişdi. Almuradın apardığı şeyləri götürüb daş karxanasına yollanırlar. Maşını zonanın içinə sürüb Əbülfəzgil yaşadığı qazmaya aparır. Almuradı içəri qoyub qapını eşikdən qıfıllayıb deyir ki, səssiz qalarsan. Uzan yat, uşaqlar gələnə kimi nəfəsin də çıxmasın. Çıxıb gedir. Kənarda maşında oturur. Başqa maşınlar da gəlir. İş vaxtı bir-birilərinə qarışırlar. Dustaqların gəlməsinə az qalmış birinci əsgərlər itlə gəlib zonanı yoxlayırlar. Sonra dustaqlara icazə verirlər zonanın içərisinə daxil olmağa. Axtarış vaxtı itin biri gəlib Almurad olduğu daxmanın pəncərəsinə hürməyə, cırmaqlamağa başlayır. Əsgərin biri qapını əlləşsə də, aça bilmir. Zabit gəlib soruşur ki. nə olub? Əsgər də deyir ki, it pəncərənin qabağını cırmaqlayır, hürür. Zabit pəncərədən baxıb deyir ki, yuyulmamış qabları ora yığıblar, onun iyinə elə edir. Haydı deyib oradan uzaqlaşırlar. Almurad deyir ki, çox həyəcan keçirirdim. Onlar gedəndən sonra özümə gəldim. Dustaqlar zonaya daxil olurlar. Hərə öz işinə, öz yerinə gedir. İşləri ilə məşğul olurlar. Əbülfəz yoldaşları ilə qapını açırlar. Almuradla görüşüb öpüşürlər. Orucun bu işinə minnətdarlıqlarını bildirirlər. Almuradın apardığı azuqələrdən yeyib-içib işin axırına kimi söhbətləşirlər. Qalan azuqəni də orada qoyub sabahkı günlərinə saxlayırlar. Almuradın oradan çıxması üçün yenə də hamı gedəndən sonra çıxıb gəlir maşın gözlədiyi yerə. Maşina minib gəlir. Orucun bu yaxşılığını yada salıb danışardıq. Allah ona rəhmət eləsin. Beləliklə, günlər bir-birini ötüb ayları, illəri geri qoyurdu. Əbülfəzin işinin müddətinin qurtmasına az vaxt qalırdı. Biz də səbrsizliklə o vaxtı gözləyirdik. Artıq 1976-cı ilin qış ayları qurtarmışdı. Hərə öz işləri ilə məşğul olurdu. Müəllimin yanına gedib-gəlmək işi isə mənim üzərimdə idi. Novruz bayramı yaxınlaşırdı. Əbülfəz üçün bayram sovqatı ayrıca hazırlanırdı. Bayramdan bir gün qabaq bayram sovqatını Rafik müəllimin volqası ilə aparıb verdik. O günü dustaqları işə çıxarmamışdılar. Görüşə gələnlər çox idi. Görüşə hissə-hissə buraxırdılar. 5-6 saat orada gözləməli olduq. Mənə görüş verdilər. Rafik müəllim məni gözləməli oldu. Əbülfəzlə hərtərəfli söhbət etdik. Çoxlu adam var idi. Səs-səsə qarışmışdı. Kənardan elə bir nəzarət yox idi. Cəza müddətinin azalmasından danışırdıq. Mən 3 ayda özünü ehtiyatlı aparmağı, davranışında, söhbətlərində daha diqqətli olmasını ona tövsiyyə elədim. Dedim ki, bu gündən sonra hər həftə yanına gəlib gedəcəm, özünə fikir ver. Ayrıldıq. Əbülfəz dedi ki, gələndə siqaret, qəzet gətir, başqa şeylər lazım deyil, mümkün olanda isə yeməkləri, azuqələri Orucla yollayın. O cür də elədim. O yaz-yay dövründə Xanım bacı xahiş etdi ki, görüşə gedəndə onu da mütləq aparım. Onu mayın axırı aparmalı oldum. Onda bazarda təzə meyvələr çıxmışdı. Təzə bazara gedib əylisli qohumlarımdan Xanım bacı ilə bazarlıq etdik. Əbülfəzdən də xəbər varmı soruşdular. Dedim ki, elə onun yanına gedirəm. Bu xəbəri eşidən kimi hərəsi bir tərəfdən çantamı əlimdən alıb satdıqları meyvələrlə çantaları doldurub bizə verdilər. Gətirib bizi maşına da qoydular. Mən onların hamısına təşəkkürümü bildirdim. Qohumlarımız dedilər ki, Əbülfəzə bizdən xüsusi salamlarımızı yetirərsiniz. Xanım bacı da bir dəstə cürbəcür güllər alıb yola düşdük. Xanım bacı yolda maşında Rafik müəllimə deyirdi ki, bilirsən, Muradgilin necə yaxşı qohumları var. Bu çantada olan meyvələrin hamısını, göy-göyərtiləri onlar aldılar. Murad qardaş nə qədər elədi, pulunu da almadılar, çox sağ olsunlar. Ərizə yazıb görüş aldım. Yenə də Rafik müəllimi buraxmadılar. Xanım bacının apardığı gülləri buraxılış məntəqəsində alıb stolun üstünə qoydular. İçəri buraxmadılar. Əbülfəz bizi gözləmə zalında qarşıladı. Görüşüb salamlaşdıq. Söhbətləşdik. Keçmiş işlərdən danışıb gülüşürdük. Xanım bacının qonşusu Seyid bizimlə görüşüb gətirdiyimiz çantaları götürüb apardı. Biz də xeyli söhbətdən sonra görüşüb ayrıldıq. Bu görüşdən sonra mən hər həftə gəlib görüşüb iş yerimə gedərdim. İyun ayı başlamışdı. Havalar getdikcə istiləşməyə başlayırdı. Tətilə çıxanlar rayonlara, kəndlərə səfalı kurortlara gedirdilər. Bizim uşaqlar da anaları ilə kəndə getmişdilər. Şəhərdə Səadət və Səlimə qalmışdı. Onlar Əbülfəzin çıxmasını gözləyirdilər. Onlar həftədə 2-3 gün Oruc dedikləri dayı ilə Əbülfəzə isti xörək yollayırdılar. Mən də həftədə bir dəfə gəlib gedərdim. İyul ayının 10-da görüşə getmişdim. Əbülfəzlə görüşdə o dedi ki, artıq mənim sənədlərimi hazırlayırlar, gələn həftə gələndə ayın 18-də mənim üçün paltar, kostyum, qalstuk, saroçka və ayaqqabı gətir, inşaallah buraxılacam. Mən evə gəlib qızlara Əbülfəzin buraxılması xəbərini verdim. Tapşırdım ki, Əbülfəzin paltarlarını alıb hazırlayın. Hamısı təzə olsun. Çox da səs-küy salmayın. Əminizi soruşan olsa, deyin hələ ki bilmirik. Siz öz işinizdə olun, qarşılamaq üçün hazırlıq işlərini görün. Mən də ət məsələsinə baxacam, təzə ət olmalıdır. Heyvan alıb gətirəcəm. Gələndə ayağının altında qurban kəsməliyik. Tapşırıqları verib öz işimin dalınca Goranboya, Qazanbulağa getdim. Günləri bir-bir sayırdım. Vaxt gəlib çatmışdı. Ayın 16-da hazırlıq vəziyyətində rəisdən vilisi, QAZ-69-u alıb lazım olan şeyləri maşina yığıb erkək qoyunu da maşina qoyub yola düşdüm. Saat 2-də gecə gəlib evə çatdım. Mən gələndə qızlar hələ yatmamışdılar. Dərs kitablarını oxuyurdular. Dedilər ki, əmim üçün hər şeyi hazırlamışıq. Qızlarım mənə dədə deyirdilər. Bizim ailədə papa, ata, qağa, lələ deyə çağırmırdılar. Yuyunub çay içib yatdıq. Səhərisi Rafik müəllimin yanına gedib dedim ki, maşını saz elə, Əbülfəzi gətirməyə gedirik. Xanım bacı uşaqları da götürüb bizə Yasamala getsin. Qızlarla hazırlıq işləri görsünlər. Çatışmayan şeyləri alsınlar. Bazardan göy-göyərti alınacaq, qalan hər şey alınıb. Tanış müəllimlər axşam bizə yığışmışdılar. Vasif və Hüseyn müəllim ailəlikcə bizdə idilər. Hamısı sevinirdilər. Keçmiş qələbə illərindən danışıb gülürdülər. Hamının üzündən sevinc yağırdı. Məsləhət oldu ki, ora çox maşın, adam getməsin. Mən Rafik müəllimlə səhər-səhər qarşılamağa getdik. Saat 11-12 olardı. Çemodanda paltarlarını verdik. Yoxlayıb verdilər. Əbülfəzi biz çöldə maşında gözlədik. İş vaxtı olduğu üçün o həndəvərdə adam yox idi. Bir-bir hərbi geyimdə adamlar gəlib gedirdilər. Biz saat 2-yə kimi bayırda gözlədik. Saat 2-də Əbülfəz müəllimin darvazada bir neçə adamla vidalaşdığını gördük. Sağollaşıb qapıdan çölə buraxdılar. Biz tez qabağına yüyürüb çemodanını əlindən aldıq. Rafik müəllimlə qucaqlaşıb öpüşürdülər. Mən maşının yanında durub onların ayrılmağınıi gözləyirdim. Aralananda Əbülfəz əli ilə «Əlvida, Qaradağ Daş Karxanası» deyib gəlib maşında oturdu və gedək dedi. Maşın şəhərə doğru şütüyürdü. Bir ara hamımız sakit, dinməz olduq. Qızıldaş qəsəbəsini keçəndən sonra Rafik müəllim sükutu pozdu: «Hə, indi haradan gedək şəhərə. Qurd qapısından, yoxsa Bayıldan» dedi. Əbülfəz dedi ki, Bayıldan getsək yaxşı olar. Rafik müəllim Lökbatandan yol ayrıcında maşını şəhərə Bayıl tərəfə sürməyə başladı. Şıxov çimərliyini keçib Bayıl qəsəbəsinə daxil olduq. Neft buruqlarının arası ilə maşın irəliləyirdi. Neft iyi Əbülfəzə dəydikcə, o «belə bir sərvəti olan ölkənin əhalisi bu cür yaşamamalıdır» dedi. Rafik müəllim dedi ki, hələ bu cür sözləri danışmaq vaxtı deyil. Maşınımız Az.Neft meydanında burulub Bakı Sovetinə doğru qalxdı. Yol ayrıcında həmişə durub maşınlara yol göstərən polisi Əbülfəz əli ilə salamladı və dedi ki, mən bu yol polisini çoxdan tanıyıram. Adını da dedi. Bu şəhərin yol polisləri arasında bir nömrəli dirijordur. Maşın artıq Yasamalda 3/8 evin qabağında idi. Əbülfəz birinci dəfə idi bu evi görürdü. Bina Əbülfəz tutulandan sonra tikilmişdi. Blokun qabağında bizi qarşıladılar. Gətirdiyim erkəyi ayağının altında kəsdilər. Ora yığılan qohumlar, tanışlar görüşdülər. Sonra piyada 6-cı mərtəbəyə qalxıdq. 3-cü blok, 6-cı mərtəbə, ev 57. O günü Əbülfəzin görüşünə gələnlərə yaxşı ziyafət verdik. Bu ziyafət bir neçə gün davam etdi. Bəzi tanışlar, qohumlar evlərinə getmirdilər. Yıxılıb açılmış palazın üstündə yatırdılar. Bir həftə belə davam etdi. Əbülfəz sənədlərini düzəltmək, pasport almaqla məşğul olurdu. Mən də öz iş yerimə getdim. Kəndə xəbər yolladıq ki, Əbülfəz pasport alıb kəndə gələcək. Arxayın olun. Siz orada onu gözləyin. Gəlməyin. Əbülfəz sənədlərini düzəldəndən sonra bir neçə müəllim dostları ilə Kələkiyə getdilər. Kələkidə hamı onun görüşünə gəlir. Bütün qohumlar verilən ziyafətdə iştirak edirdi. Kənd əhli Əbülfəzin gəlişini toy-bayram kimi keçirirlər. Mən iş yerim uzaq olduğu üçün həmin vaxt Kələkidə olmamışam. Avqust ayının axırlarında kəndə getdim. Mən kəndə gedən zaman Əbülfəz Bakıya qayıtmağa hazırlaşırdı. Sentyabr yaxınlaşırdı. Məktəblər açılırdı. Əbülfəzin hələ iş yeri məlum deyildi. Ona görə tez qayıdırdı ki, iş yeri tapsın. Əbülfəzi bir neçə tanışı ilə Bakıya yola saldıq. Əziz oxucular! Bu sətirlər müəllimin 18 ay həbsxanada keçirdiyi həyatı ilə bağlı xatirələr idi. Bu 2 ildə ailəmizdə heç bir dəyişiklik olmamışdı. Almuradın bir qızı olub - Aygün. Anam evdə oturaq həyat sürüb evin xırda, gücü çatan işləri ilə məşğul olub, əsasən nəvələrini saxlamaq, onlarla başını qatırdı. Dayım da ara-bərə işlərlə məşğul olurdu. İbrahim də böyük qardaşımız dağ-mədən işlərində işləyirdi. Almurad geoloji idarədə baş icraçı işləyirdi. Mən də həmişəki yerimdə Kiçik Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında dağ mədənlər üzrə rəis müavini işləyirdim. Bununla da 2 illik xatirələrimə yekun vururam. 1976-cı il sentyabrından Əbülfəz işləmək üçün Bakıya qayıtdı. Birinci köhnə iş yerinə universitetə müraciət etdi. O zaman universitetin rektoru Faiq müəllim idi. O Əbülfəzlə görüşündən sonra bildirib ki, bizdə bütün yerlər tutulub. Bu əlbəttə ki, bir bəhanə idi. Sizin üçün işim yoxdur. Əbülfəz ikinci dəfə lazım olan yerə müraciət etdi. Oradan məsləhət veriblər ki, sizi Azərbaycan Elmlər Akademiyasının prezidenti 1976-cı ilin dekabr ayında Respublika Əlyazmalar Fonduna işə götürmək üçün sərəncam verib. Əbülfəz Əlyazmalar Fondunda işləməyə başladı. O tez bir zamanda orada işləyən kollektivin böyüklü-kiçikli hörmətini qazanmışdı. İllər keçdikcə Əbülfəzin vəzifəsini artırırdılar. Axır illər şöbə müdiri işləyirdi. Burda işlədiyi müddət onu ailəmiz evlənməyə təkid edirdi. Ələlxüsus o yay vaxtlarında məzuniyyətdə kəndə Kələkiyə gələndə onu buna təkid edirdik. Beləliklə, iki il keçdi. İki il də onun evlənməyi yubandı. Bu 2 ildə Əbülfəz Əlyazmalar Fondunda qədim alimlərimizin əlyazmaları ilə tanış olur, onların üzərində araşdırmalar aparır, tariximizin lap dərin qatlarını öyrənir, yeni məqalələri ilə xalqa çatdırırdı. Öz növbəsində yenə də öz ideologiyasıını, millətçiliyini davam etdirirdi. Hər şeyi xalqa düzgün, elmi sübutlarla çatdırmaq istəyirdi. O, Əlyazmalar İnstitutunda (Artıq Əlyazmalar Fondu institut adlanır) işlədiyi 8-9 ildə siyasi fəaliyyətini gizli şəkildə aparırdı. Köhnə tələbələrindən həmfikir ziyalılarla görüşlər keçirir, işdən sonra, istirahət günləri axşamdan səhərə kimi Yasamaldakı evimiz dolu olurdu. Evdə daim Azərbaycanın gələcəyi haqqında söhbətlər gedirdi. Azərbaycanın birləşməsi haqqında çox düşünərdilər. Azərbaycan haqqında gizli yazılmış şerləri, məqalələri çap etdirib xalqın arasında yaymaq və sair işlərdən danışır, söhbətlər olurdu. Əbülfəz Əlyazmalar İnstitutunda işlədiyi dövrdə yəni, 1979-cu ildə yay məzuniyyətində kəndə Kələkiyə gəlmişdi. Mən o dövrdə kənddə olmamışam, iş yerimdəydim. Anamın təkidi ilə axır ki, onu evləndirmək haqqında özünün razılığı alınır. Anam deyir ki, hansı qzı istəyirsən, elçi gedim. Əbülfəz də deyir ki, kimi məsləhət görürsünüz, ona da elçi gedin. Anam tez Almuradı çağırır. Əbülfəzin ən yaxın dostu Abbas Musayev də bizdə imiş. Onunla Əbülfəz həmişə bir yerdə olardılar. İstər şəhərdə, istərsə də kənddə. Anam, Almurad, bir də Abbas məsləhətləşirlər, kənddə olan qızları bir-bir sayırlar. Anam axırda deyir ki, durun gedin Miryəhya ağanın nəvəsi Mirbabanın qızı Həliməyə elçi. Həm də əmiuşağısınız, hamının da ürəyincə olar. Abbasla Almurad Mirbaba kişigilə elçi gedirlər. Abbas məsələni açıb Mirbabaya deyir. O da deyir ki, nə deyirəm, bir qız bir oğlanındır. Mən razı, anası Fatmadan da, qızdan da razılıq almaq lazımdır. Onlara da məsələni açırlar. Bir xeyli saatdan sonra razılığa gəlirlər. Evin və yaxın qohumların razılığı ilə söz vermişlər. Elçilər gələndən sonra razılıq xəbərini gətirirlər. Anam deyir ki, sabahdan nişan üzüyünü aparmaq lazımdır. Bu işləri qadınların üzərinə qoyurlar. Beləliklə, toyun nə vaxt olacağı gününü təyin edirlər. Bu işləri toydan qabaq görüb qurtarmışdılar. Toyun vaxtını təyin etmişdilər. 28 sentyabr 1979-cu il. Toy müddətinə kimi Əbülfəz Bakıya gəlib iş yerində bütün iş yoldaşlarını, dostlarını, silahdaşlarını toya dəvət etmişdi. Bütün ailə qısa bir müddətdə toy üçün hazırlıq işləri ilə məşğul olurdu. Toy üçün lazım olan hər bir şeyi alıb hazırlamışdıq. Toy ziyafəti üçün qonaqlara, hətta uzaqda yaşayan qohumlara və tanışlara belə dəvətnamə göndərmişdik. Toy gününü gözləyirdik. Toy üçün ayrılmış yeri, bağı sahmana salıb stol, stulları düzüb hazırlamışdıq. Toyun yeri çayın kənarında tut, qoz (cəviz) ağaclarının altında geniş bir sahədə yerləşirdi. Bura kəndin ən səfalı yeri idi. Həmişə qonaqlı-qaralı olardı. Qasımovlar ailəsinin, anamın əmisi uşaqlarının, mənim qaynatamın, qaynım Əhmədin bağı idi. Bütün xeyirli işlərimizi, toylarımızı bu bağda edərdik. Bu bağın genişliyi, kənarından axan çay gələn qonaqlara zövq verirdi. Burdan ayrılmaq istəmirdilər. Toy günü yaxınlaşdıqca uzaqda yaşayan (Bakıdan, Naxçıvandan) dostlar, tanışlar gəlməyə başladılar. Bakıdan Əbülfəzin dostları, yoldaşları bir gün qabaq gəlmişdilər. Birinci dəstədə Kamil Vəli Nərimanoğlu, Cəfər Qiyasi, Oqtay, İsfəndiyar, Cəlil müəllim, Məhəmməd, Aydın, Ələsgər və sair. İkinci dəstədə Vasim Məmmədəliyev, Rafik müəllim, Qara Tağızadə, Əbülfəz Hüseyni, Vaqif Bayatlı və başqaları gəlmişdilər. Toy 28 sentyabr 1979-cu ildə səhər saat 11-də başladı. Musiqinin səsi artıq bütün kəndə və yaxın kəndlərə yayılmağa başladı. Ziyafət başlayana qədər cavan oğlan, qızlar musiqi altında oynayırdılar. Yaxın kəndlərdən dəvət olunan qonaqlar - Dırnısdan, Danaqurddan, Əylisdən, Ordubaddan gəlməyə başladılar. Ziyafət saat 13-də başladı. Yeyib içənlər bir tərəfdə, ağsaqqallar yaxındakı otaqda yerləşdirilmişdi. Mərasimi, toyu açmaq üçün mənə həvalə olunmuşdu. Mən gələn qonaqları, qohumları ailəmiz adından təbrik edib salamladım. Toy mərasimini aparmaq üçün Əbülfəzin yaxın dostu, silahdaşı, tələbə yoldaşı, ailəyə məhrəm olan, tanınmış ərəbşünas Vasim Məmmədəliyevə həvalə etdim. O da öz növbəsində birinci sözündə toya gələnləri salamladı. Özünə köməkçi kimi 2 nəfəri götürdü. Toy 2 gün davam etdi. Toyda Əbülfəzin bütün müəllim, tələbə yoldaşları iştirak edirdi. Uzaqdan gələn qonaqlar toyda 2 gün iştirak etdilər. 2 gündən sonra işdə olanlar sağollaşıb getdilər. İşləməyənlər bir neçə gün də qaldılar. Bu təbiətin gözəl yerindən ayrılmaq istəmirdilər. Beləliklə, bəyin ailəlik dövrü başlandı. O gündən sonra bizim ailədə hər kəs onu müəllim, Əbülfəz yox, Bəy deyə çağırdı. Bəy işindən qalmamaq üçün 1 aydan sonra Bakıya öz işinə qayıtdı. O dövr respublikamızın qırmızı bayraqlar aldığı dövrləri idi. Kənd təsərrüfatı üzrə planlar kağız üzərində dolurdu. Kolxoz, sovxoz, fabrik, zavodlarda qırmızı bayraq almaq üçün yarışlar gedirdi. Hamı çalışırdı ki, qırmızı bayraq alsın. Amma sənaye aşağı səviyyədə idi. SSRİ üzrə çox aşağı idi. Əsasən də yeyinti sənayesi üzrə. Bəzi respublikalar dövlətin yardımı ilə datasiya ilə dolanırdı. Bu da gələcəkdə dövlətdən bir yerdə partlayışa səbəb olacaqdı. Bu illərdə (1976-77-ci illər) bir dəfə Bəylə Qafqaz respublikalarının iqtisadiyyatı haqqında söhbət edirdik. Mən öz mülahizələrimi, bu respublikları gəzib dolaşan adam kimi fikirlərimi onunla bölüşürdüm. O, bu respublikaların içərisində Azərbaycanın ehtiyat resurslarına görə, o birilərindən kifayət qədər yaxşı olduğunu, amma buna baxmayaraq onlarla müqayisədə kasıb yaşadığımızı söylədi. Mən Ermənistanın hər yerini gəzmişəm. Hər rayonunda olmuşam. İstər kəndtəsərrüfatı, istərsə də başqa sənayedə çox ağır vəziyyətdədirlər. Xüsusən də kənd təsərrüfatının vəziyyəti çox pisdir. Əkmək-biçmək üçün torpaqları yoxdur. Onlar indi hər dərədə, hər dağın dibində bir elavator qurub daş, çınqıl, qum hazırlayıb başqa respublikalara, Ukraynaya, Rusiyanın mərkəzi rayonlarına satırlar. Bunlar 10-15 ildən sonra Azərbaycandan, ya da Gürcüstandan torpaq tələb edəcəklər. Ya da ki Yaponiya dövləti kimi yeni-yeni icad etdiyi elmini (elektrik cihazları buraxmaq) satıb dolanmalı, yaşamalıdır. Bəy dedi ki, qələt edirlər, Yaponiya kimi ola bilməzlər. Bu birilərə gəlincə, qaşlarını qaldırıb mənə baxdı. Bu haqda bir söz demədi. Mən əlavə edib dedim ki, qağa, bunların çınqılı, qumu, sabah satılmadı, alan olmadı. Mütləq bir oyun oynaycaqlar. Artıq mən hiss edirəm ki, bizim təşkilatda işləyən ermənilər Rusiyanın Şimali Qafqazına - Pyatiqorski, Kislovodskiyə köçürlər. Onların bu gedişində nə isə var. Siz indidən bu barədə düşünməlisiniz. Bəy ilə nadir hallarda belə söhbətlərimiz olardı. Bəy həmişə mənə deyərdi ki, sən çox siyasətə qoşulma. Mən ki bu meydana atılmışam, həmişə məni təqib edirlər, yenə də tuta bilərlər. Sən gərək ailəyə iqtisadi cəhətdən köməklik edəsən. Sən, Almurad qoymayasınız ailə dağlısın, kiməsə möhtac olsun. Öz işinizdə olun. Anam da, dayım da daha yaşlaşıb. İndi siz ailəyə rəhbərlik etməlisiniz. Mənim tutduğum yol çox çətin və uzun yoldur. Buna çox uzun ömür lazımdır. Bəy Əlyazmalar İnstitutunda işlədiyi bu 3 ildə keçmiş həmdaşları ilə toplaşıb, onlarla çayxanalarda, bağlarda öz fikirlərini, dərdlərini bölüşürdü. Bəy öz işinə çox ciddi yanaşırdı. Öz üzərinə götürdüyü bütün işlərin öhdəsindən gəlirdi. İnstitutda bütün yoldaşlarının, rəhbərliyin hörmətini qazanmışdı. Hər yerdə onun yaxşı bir alim, ərəbşünas kimi adı hallanırdı. Buna görə də DTK-nın işçiləri çaş-baş qalmışdı. Amma DTK öz işində idi. Hər yerdə onu izləyirdilər. Ehtiyatlı olmaq lazım gəlirdi. Bu dövrdə Bəy öz işi ilə əlaqədar rayonlarda ezamiyyətdə olurdu. O, özünə əqidə dostları tapır, onlarla tanış olur, bu insanların köməyi sayəsində rayonlarda gələcəyi üçün özəklər, qurumların yaradılmasını tövsiyyə edirdi. Bu özəklərin yaradılmasının hamısı gizli şəkildə olurdu. Beləliklə, Bəy öz iş metodunu əvvəlki illərə nisbətən çox ehtiyatlı aparırdı. İndi də 1977-79-cu illərdə ailədə olan dəyişiklikləri qısaca da olsa, göstərmək istəyirəm. Ailəmizin başçısı, rəhbəri, kralı dayımız Fərrux kişi, əmimiz Mehdiqulu kişi və Almuradın həyat yoldaşı Qəndab Allah rəhmətinə getmişlər. Dayımız və əmimiz qocalıb xəstələnib 1976-77-ci il arasında rəhmətə getmişdilər. Almuradın yoldaşı Qəndab isə kor bağırsağının partlaması nəticəsində rəhmətə getmişdi. Onun üç körpə uşağı anasız qaldı. Uşaqları böyütmək, saxlamaq yenə də əzabkeş anamın üzərinə düşdü. Sonralar Aygünü xalası, Ayturanı anam, Hürrünü isə yoldaşım Firuzə və qızlarım 10 yaşına çatana kimi Bakıda saxladılar. Ayturan 8 yaşına kimi kənddə anamın yanında qalmışdı. Almuradın və Bəyin ailələri 1986-cı ildə Bakıda bir yerə toplaşanda uşaqları da başqa ailələrdən alıb yanlarına gətirdilər. Ailələr Yasamaldakı mənzildə yaşayırdı. Bəyin təklifi ilə anam da soyuq vaxtlar şəhərə gəlib onlarla bir yerdə yaşadı. İstilər düşəndə kəndə gedərdi. Beləliklə, xeyirlə şər qüvvələr bir-birini əvəz edirdi. Bununla da, əziz oxucular, oxuduğunuz sətirlərdə qeyd olunanlar Bəyin 1980-ci ilə qədər həyatı ilə bağlı xatirələrim idi. Bəy evlənəndən sonra Bakıya gəldi. Ailəsi isə Kələkidə anamın yanında Almuradın ailəsi ilə birgə kənddə yaşayırdılar. Bəy öz işində Əlyazmalar İnstitutunda işləyirdi. Həmin dövrdə Bəy çox yaxşı işlədiyi üçün vəzifəsini artırırdılar. O burada şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdi. Orada işləyə-işləyə neçə-neçə aspirant tələbələrə rəhbərlik edir və onların elmi rəhbəri olmuşdu. Getdikcə Bəyin ətrafına gənc alimlərin toplanması, söhbətləri DTK işçiləri tərəfindən izlənirdi. Kimlərlə gəzib dolaşırdısa, hamısını qeydə alırdılar. Buna görə Bəyi institutdan uzaqlaşdırmaq məqsədi ilə onu bir illik Moskvaya elmi işi üçün ezamiyyətə yolladılar. 1981-82-ci illərdə Bəy Moskvada oldu. Bəy orada kitabxanalarda öz biliyini artırmaqla bərabər, Azərbaycana (türk dünyasına daxil olan) tarixi araşdırmalar aparardı. Bəy Moskvada olan müddət orada olan azərbaycanlı tələbələrlə, orada yaşayan ziyalılarla tanış olur. söhbətlər edir, onlara Azərbaycanın gələcəyindən, tarixindən söhbətlər edirdi. Millətin gələcəyində gənclərin üzərinə düşən vəzifələrdən, işlərindən söhbət edirdi. Azərbaycanın bir müstəqil dövlət kimi mövcud olmasına gənclərin hazır olmasının əhəmiyyətindən, vətəndaşlıq borcunun yerinə yetirmələrinin vacibliyindən söz açardı.
Bununla yanaşı, o, gəncələrimizin arasında millətçiliyin təbliğatını gücləndirirdi. 80-ci illərdən sonra millətin oyanması özünü açıq surətdə göstərirdi. Hər bir müəssisədə, təşkilatda, institutlarda gənclər arasında bu meyllər açıq-aydın nəzərə çarpırdı. Bəyin ezamiyyət müddəti qurtardı. O, elmi işini qurtarıb Bakıya öz işinə qayıtmışdı. Bu müddətdə Bəyin qayınatası qəflətən ölmüşdü. Bəy bir neçə iş yoldaşları ilə kəndə gəlmişdi. Yas yerinə hər yerdən gəlib gedənlər Bəyə baş sağlığı verirdilər. Bəy qayınatasının ayına kimi kənddə qaldı. Bu müddət ərzində Naxçıvanın hər yerindən Bəyi görməyə və baş sağlığı verməyə gəlirdilər. Bəziləri qonaqlar dağılandan sonra qalıb Bəylə gizli şəkildə siyasi söhbətlər edirdilər. Bu söhbətlər çox vaxt bizim evdə olurdu. Bəyin qızı olmuşdu - Çilənay. Ailənin istirahətini pozmamaq üçün bizim ev dərdləşmək, söhbətləşmək üçün əlverişli idi. Ona görə ki səhərə kimi söhbət edirdilər. Bəyin yas yerində etdiyi söhbətlər Quran ayələrindən tərcümələri, açıqlamaları gələn qonaqları valeh edirdi. Mollaya fikir verilmirdi. Gələnlər dinimizin tarixindən danışmağı Bəydən xahiş edirdilər. Bəy də verilən suallara dəqiq cavab verir, başa salırdı. Bəy Bakıda vacib işləri olduğu üçün cumaları verib Bakıya döndü. Bu axır illərdə Bəy kəndə Kələkiyə çox gec-gec gəlirdi. İşinin çoxluğu ona kəndə gəlib dincəlməyə imkan vermirdi. Bakıda olanda da onun istirahəti olmurdu. Həmişə mənzil adamla dolu olardı. 1980-87-ci illərdə Bəy çox gərgin həyat keçirmişdi. Həm Əlyazmalar İnstitutunda elmi işləri üzrə, həm də gizli, cəmiyyət arasında iş aparması onu zəiflətmişdi. Sağlamlığını yoxlamaq üçün heç bir vaxt həkim müayinəsindən keçməmişdi. Bədənində olan ağrıları heç vaxt biruzə verməzdi. Bir yeri ağrıyanda deyərdi ki, bu bir balaca ağrıdır, çıxıb gedər. Beləliklə, oktyabr ayında onu bərk ağrılar tutur. O zaman bizim ailəmiz hamısı kənddə idi. Mən də iş yerimdə idim. Almurad da kənddə iş yerində idi. Bakıdakı mənzilimizdə institutda oxuyan oğlum Saməddin və Hürrü ilə qalırdı. Məktəbə gedib gəlirdilər. Bəy yaşadığı mənzilə isə axşamlar gedirdilər. Bəylə həmişəki kimi görüşürmüş, çıxıb öz işlərinə gedirmişlər. Bəyin xəstələnməsi barədə uşaqlara bildirməyiblər. Qonşusu Ramiz həmişə axşamlar Bəylə işdən gələndən sonra söhbətləşər, nərd oynayarmış. Ramiz baxıb görər ki, Bəyin vəziyyəti ağırdır. Tez təcili yardım çağırır. Bəy yenə də deyər ki, fikir vermə. Qonşu Bəyin sözünə baxmaz. Təcili yardımı çağırtdırır. Təcili yardım gəlib yoxlayır və deyir ki, durun sizi xəstəxanaya aparırıq. Bəy deyir ki, lazım deyil. Həkim ağrıkəsici iynə vurur, dərman verib gedər. Bu dərmanların təsirindən ağrıları kəsər. Həmin axşam Hürrü yanında qalıb. Onun 10-12 yaşı var idi. Səhər açılır, yenə də Bəyin ağrıları başlayır. Yenə də qonşu təcili yardıma zəng edir. Bu vaxt kənddən yoldaşım Firuzə qatarla Ordubaddan gəlir. Saat 12-də, birə işləyəndə evə çatır. Firuzənin dediklərindən: «Mən vağzaldan taksi ilə evə çatdım. Çantaları evin içinə qoymuşdum ki, telefon zəng çaldı. Dəstəyi götürdüm. Zəng edən Hürrü idi. Dedi ki, əmimin vəziyyəti ağırdır, tez gəl. Qapını bağlamamış, ayaqqabımı çıxartmamışdım. Tez 3-cü blokdan çıxıb 7-ci bloka qaçdım. Mənzilə, Bəy yatan otağa girdim. Bəy məni görən kimi «Xoş gəldin bacı, daha kim gəlib kənddən» dedi. Dedim mən gəlmişəm. Bəy dedi ki, ağrılar məni öldürür. Qonşu Ramiz də gəldi. Tez təcili yardım çağırdıq. Təcili yardım gəldi. Bəyi liftə qoyub aşağı blokun qapısına endirib maşina mindirib həkim soruşdu ki, hara? Bəy də dedi ki, yaxınlıqdakı Respublika Xəstəxanasına sür. Mənimlə Ramizi onunla getməyə qoymadılar. Biz də bir taksi tutub onların arxasınca getdik. Respublika Xəstəxanasına çatdıq. Qəbul otağına girdik. Bəyi qəbul otağında qeyri millətdən bir qadın həkim qəbul etdi. Həkim sənədləri yazıb qəbul edincə gördüm ki, Bəyin rəngi dəyişdi. Dedim qardaş nə oldu? Dedi ki, dincəldim, ağrılar kəsdi. Bu vaxt qadın həkim baxdı və dedi ki, tez əməliyyat otağına qaldırın, vəziyyəti ağırdır. Bəyi liftə qoyub bir-iki tibb bacısı yuxarı qaldırdı. Mən qonşu Ramizlə pilləkanlarla yuxarı qalxdıq. Mən yuxarı qalxana kimi həkimlər bəyə baxıb hərəsi bir diaqnoz verirlər. Bir mədəsi, digəri isə korbağırsağıdır. Bu mübahisədə Bəy məni görən kimi 2 telefon nömrəsi yazıb verdi. Nömrənin birini tam yazıb verə bilmədi, yarımçıq idi, birini isə tam yazmışdı. Bəyi analizə vermək istədilər. Çağırıb dedim ki, yubatmayın. Bəyin vəziyyəti qəbul otağında dəyişdi. Ağrılar orada sakitləşdi. Mən bunu deyən kimi tez əməliyyat otağına apardılar. Telefon nömrəsini qonşu Ramizə verib dedim ki, bu nömrəyə zəng elə, kim olsa, vəziyyəti ona de, tez gəlsin, Bəyi burada tanıyan yoxdur. Mən də burada gözləyirəm. Ramiz getdi. Bəyi apardıqları otaqdan tibb bacılarının biri girib, biri çıxırdı. Mənim ürəyim çox döyünürdü. Tibb bacılarından Bəyin vəziyyətini soruşdum. Dedi ki. əməliyyata başlayıblar. Saat 3-4 olardı. Mən evə zəng elədim, evdən heç kim cavab vermədi. Həkimlər Bəyin birinci mədə tərəfdən kəsib mədənin sağ-salamat görüb, bir də kor bağırsaq tərəfi kəsiblər. Həkim sonralar deyirdi ki, mən bildim ki, kor bağırsağı partlayıb, ona görə də partlamış zir-zibili təmizlədik ki, içəridə heç bir çirk, irin qalmasın. Yaxşı ki, partlama qəbul otağında olub. İki saatdan çox olmayıb. Əməliyyat tez başa gəldi. Partlamış çirk-irin qana keçməyib. Əməliyyat 2-3 saat çəkdi. Tibb bacıları gəlib dedilər ki, həkimlər işlərini qurtardılar, bir-iki saata kimi palataya keçirəcəyik. Mən qapıya qaçır, gah da çöl tərəfə gələn qapıya qaçıb gələn bir kimsənin olub-olmadığını öyrənmək istəyirdim. Əməliyyat otağının qapısını kəsdirib Bəyin vəziyyətini öyrənmək istədim. Deyilən sözlərə gah inanır, gah da inanmırdım. Saat 5 olardı. Bir də gördüm ki, Yaşar Əliyev gəldi. Gördü ki, koridorda dayanıb ağlayıram. Soruşdu ki, nə olub? Tez dedim ki, əməliyyat qurtarıb. Bunu demişdim ki, Yaşar müəllimdən bir boğuq səs çıxdı: «Əbülfəz, qorxma gəlmişəm!» Yaşar, Yaşar deyib çığırdı. Bu səsə, çığırtıya bütün palatalarda olan həkimlər, tibb bacıları koridora tökülmüşdülər. Yaşar həkimlər toplaşan yerə gəlib bərkdən qışqırmağa başladı: «Bilmirsiniz, siz kimi əməliyyat etmisiniz? O Əbülfəzdir. Azərbaycanın lideridir. Onun başından bir tük əskik olsa, hamınız məsuliyyət daşıyırsınız». O hirsindən yerində dayana bilmirdi. Oara-bura qaçır, hey çığırırdı: «Əbülfəz, mən buradayam. Yaşaram, Yaşar» deyirdi. Bundan sonra həkimlər, tibb bacıları arasında məsuliyyət hiss olunmağa başladı. Tez yataq palatasına girib Bəy üçün hazırlanmış çarpayını yoxladı. Ora salınmış ağları çıxarıb kənara atdı. Bu yataqların hamısını dəyişin. Çarpayını təzədən özü düzəltdi. Hər əşyanı komendantdan təzə alıb gətirmişdilər. Bəyi bir-iki saatdan sonra palataya gətirdilər. Artıq qaranlıq düşmüşdü. Bəyi çarpayıya uzadıb vəziyyətini soruşdum. O dedi ki, yaxşıyam. Həmişə işlətdiyi sözü işlətdi: «Bunlar balaca işlərdir». Hamımızın üzünə gülüş gəldi. Palatada yatan xəstələr də güldülər. Artıq oğlum Saməddin də, qonşu Ramiz də gəlib çıxmışdılar. Hamımız rahat nəfəs almağa başladıq. Mənim yorğunluğumu görüb dedilər ki, sən get evə, Yaşar müəllim, Saməddin yanında qalsın. Mən Ramizlə evə gəldik. Artıq qaranlıq idi. Saat 8-ə işləmişdi. Evə gəldim. Qapını nə cür açıq qoymuşdum, o cür də açıq idi. Çantalar da içəridə, döşəmənin üstündə. Bir sutka idi ki, çörək yeyib, su içməmişdim. Tez çay qoydum. Yuyunub rahatlanandan sonra telefonla qızlarıma zəng vurdum. Hadisəni onlara da danışdım. Bir az da onları töhmətlədim. Dedim ki, bəlkə mən gəlməmişdim, siz niyə əminizlə əlaqə saxlamamısınız? Dedilər ki, zəng edirik, cavab verən olmur. Səhərə kimi bütün şəhərə - tanışlara, qohumlara, Bəyin əməliyyat olunması xəbəri çatmışdı. Firuzə deyir ki, sabaha kimi gözümə yuxu gəlmədi. Bəy üçün toyuq supu, müxtəlif şirələr yığıb hazırladım. Səhərin açılmasını gözlədim. Səhər-səhər vaxtlı durub hazırladıqlarımı çantalara yığıb piyada xəstəxanaya getdim. Hələ xəstəxananın qapısı açılmamışdı. Qapıçı ilə birtəhər dil tapıb bir xalat çiynimə salıb beşinci mərtəbəyə qalxdım. Saməddin məni qapıda qarşıladı. Vəziyyəti soruşdum. Dedi ki, əmim yaxşıdır, yatıb. Narahatçılıq yoxdur. İndi ana sən qal, mən dərsimə gedim. İnstitutdan icazə alıb tez gələcəm. Soruşdum ki, Yaşar müəllim bəs nə oldu? Həkimlər ona dedi ki, get bir qədər dincəl. Xəstə artıq yaxşıdır. Bir şey lazım olsa, zəng vuraram, qardaşı oğlu burdadır, arxayın olun. Saat 3-də getdi evə. Mən yavaşca palataya girib Bəyin çarpayısının yanındakı stulda oturub balaca tumboçkanı açıb gətirdiklərimi ora yığıb tez çay hazırladım. Bəy çox şirin yatmışdı. Onun oyanmasını gözlədim. Növbə dəyişirdi. İşin başlanmasına bir neçə dəqiqə qalırdı. Bəyin həkimi gəlib çıxdı. O paltarını dəyişmədən bəyin vəziyyətini soruşdu. Öz otaqlarına keçib paltarını dəyişib ağ xalatla palatalardakı xəstələrə baş çəkib Bəy yatan palataya gəldi. Bəy oyanmışdı. Xəstələrin yanında olanları palatadan kənarlaşdırdılar. Həkim xəstələrə baxıb kimə nə lazımdır yazıb baş tibb bacısına verib qapını açdı. Mən tez soruşdum ki, Bəyin vəziyytəi necədir? O da dedi ki, Allaha şükür ki, lap yaxşıdır, tibb bacısına nə lazımdır demişəm. İynələrin vuracaq, dərmanlarını atacaq, ondan sonra toyuq supu verərsiniz. Bir neçə gün sistem vurulacaq. Hələ ki yaxşıdır, arxayın olun. Bəyin əl-üzünü yumaq üçün su hazırladım, yataq vəziyyətdə əl-üzünü yudum. Bir balaca stəkan toyuq supu da içdi. Sonra çay istədi. Dedim ki, həkim çox su içməyə icazə vermir. Çay hazırlayım içərsən, lazım olsa bir az da kompot da. Toyuğun suyundan da bir qurtum içərsən. Hələ birinci gündür, ehtiyatlı ol. Bəy mənə dedi ki, sən burdan get evə, qoy uşaqlar qalsın burda. Dedim ki, mən evdən indi gəlmişəm. Sənin yanında Saməddin qalmışdı. Hə deyib razılığını bildirdi. Həkimlərin xəstələrlə görüşü qurtarmışdı. İndi xəstələrin yanına gələnlər xəstəxanaya buraxılırdı. Bəyin yanına Yaşar müəllim gəldi. Bəydən hal-əhval tutdu. İşə tələsdiyindən onunla görüşüb tez getdi. Gələcəyəm deyib həkimlə də görüşüb getdi. Saat 3-dən sonra Bəyi görməyə çoxlu adam gəlmişdi. Onların bəzilərini tanıyır, bəzilərini isə tanımırdım. Həkim birinci gün olduğu üçün çox adamın gəlməyinə icazə vermirdi. Gələnlərin soxu koridorda məndən Bəyin vəziyyətini soruşub gedirdilər. Bəyə de ki, filan müəllim gəlmişdi. O günü axşama kimi mən orada qaldım. Qızlar gəldilər, əmilərini görüb bir az söhbət edib getdilər. Mən yenə də axşam növbəsini oğlum Saməddinə verib saat 9-da evə getdim. Bəy xəstəxanadan çıxana kimi gündəlik nə lazım idisə, hazırlayıb xəstəxanaya aparırdım». Mən isə Bəyin xəstələnməsini 2 gündən sonra eşitdim. Tez Bakıya gəldim. Vəziyyəti öyrənib xəstəxanaya yollandım. Birtəhər palataya düşdüm. Həmin gün Bəyin xəstəxanaya düşməsinin 3-cü günü idi. Bəylə öpüşüb görüşüb əməliyyat apardıqları gündən danışırdıq. Palatada Bəydən başqa 2 nəfər də xəstə var idi. Onlar da başqa-başqa xəstəliklərdən əməliyyat olunmuşdular. Hamısının əhval-ruhiyyəsi yaxşı idi. Mən orada olduğum müddətdə həkim də gəldi. Mənimlə görüşdü. Bəyin vəziyyəti haqqında onunla söhbətləşdik. Həkim dedi ki, nə yaxşı tez əməliyyat apardıq, yoxsa qanına zəhərlənmə keçə bilərdi. Hər şey vaxtında qurtardı. 5-6 günə kimi evə buraxacam. Bəyi sarğı otağına apardı. Bəyin tikişinin yerinə baxıb dərmanlayıb sarğısını dəyişib tibb bacısı qolundan tutub yataq otağına gətirdi. Bəyə sistem köçürməyə hazırlaşırdı. Bəy mənə dedi ki. get evə, arxayın ol, axşamçağı gələrsiniz. Daha özüm durub gəzirəm. Mən daha xəstəxanada qalmayıb evə qayıtdım. Yaxşı ki, evimiz xəstəxanaya yaxın idi. Hər saat gedib gəlmək olurdu. Birimiz gedir, birimiz gəlirdik. Bəyin xəstəxanada yatdığı dövrdə yanına iş yoldaşları, ziyalı dostları, həmkarları, şairlər, alimlər gəlirdi. Bəxtiyar müəllim, Xudu Məmmədov və başqaları xəstəxanya Bəyin yanına gəlib gedirdilər. Bəyin vəziyyəti artıq yaxşı idi. Özü gəzir, özünə çay töküb içir, acanda çörək götürüb yeyirdi. Həkim dedi ki, bu yaxınlarda Bəyi evə buraxacam. Lap yaxşı olsun, vaxtını deyəcəm. Amma Bəy xəstəxanada darıxırdı. Bir neçə gün də keçdi. Həkim dedi ki, səhər paltarlarını gətirin çıxaracam. Amma palatada olan xəstələr, tibb bacıları deyirdilər ki, bir-iki gün də saxlayın, biz Bəyə çox öyrəşmişik. Həm də Bəyin yanına gələn şairlər, alimlər, ziyalılarla biz söhbətlər edib, tanış olmuşuq. Tibb bacıları lap yalvarırdılar. Mən də bir gün Bəyi xəstəxanadan gec çıxartdım. Bəyə dedim ki, həkimlə danış, de, hələ ağrılarım var, bir gün də qalım. Bəy də həkimlə danışar, həkim də razı olar. Deyər ki, istəyirsən bir həftə də saxlayım. Bəy deyər ki, yox, darıxıram. Yaxşı 2 gün də müalicə yazaram. Sonra gedərsən. Buraxaram evinizə. Elə də oldu. Artıq xəstəxanada Bəyi hamı tanıyırdı. Bəyin yanına gələnlərə yaxşı, hörmətlə yanaşırdılar. Bizim ailənin üzvlərini xəstəxanada işləyən həkimlər, tibb bacıları tanıyırdılar. Həkim dediyi vaxt, gəlib çatdı. Saat 8-də mən Bəy yatan palatadaydım. Həkimin gəlməsini gözləyirdim. Həkim gəldi, iş saatı başlamışdı. Həkim xəstələrini yoxlayıb qurtarandan sonra Bəyin sənədlərini yazıb gətirib verdi. Görüşüb dedi ki, istədiyin vaxt gəl yoxlayaq. Bəy geyinib hazır vəziyyətdə palatada durmuşdu. Yatan xəstələrlə görüşüb onlara sağlamlıq arzuladyıb «Allah sizə yar olsun!» dedi. Biz ikimiz palatadan çıxanda orada olan həkimlər, tibb bacıları Bəylə görüşüb çıxışa kimi yola saldılar. Saat 10-da biz Yasamaldakı mənzilimizdəyik. Biz gəlincə Firuzə divanda Bəy üçün yataq hazırlamışdı. Bəy yerinə uzanıb dincəlirdi. Firuzə hazırladığı çaydan-çörəkdən yeyib içib yatdı. Beləliklə, o, ailəsi, anam kənddən gələnə qədər bir həftə bizim mənzildə qaldı. Bu müddət ərzində Bəyin görüşünə çoxlu ziyalı dostları, ən yaxın tələbələri gəlirdilər. Onların arasında ən çox Kamil Vəliyev, Vasim müəllim, Rafik müəllim, Abbas, Süleyman, Hüseyn və başqaları. Onlar uzun-uzadı bəylə söhbətləşirdilər. Qoymurdular ki, Bəy darıxsın. Bir müddətdən sonra Almurad Bəyin ailəsini, anamı kənddən gətirdi. O gündən sonra Bəy Almuradın ailəsi ilə birlikdə o mənzildə yaşadı. Axır zamanlara kimi. 3 ay olardı ki. bəyin bir oğlu olmuşdu - Ərturqut. İndi Bəyin bir oğlu, bir qızı var idi. Bəylə xəstəlik vərəqəsini almaq üçün xəstəxanaya getdik. Xəstəxanaya çatanda bir dəstə qərənfil aldı. Dedi ki, birinci xəstə qəbul edilən otağa gedək. Orada Bəyi qeyri-millətdən olan yaraşıqlı bir qadın həkim qarşıladı. Salamlaşandan sonra gülləri məndən alıb həkimə verdi. Həkimə təşəkkürünü bildirdi. Həkim qadın Bəydən sağlamlığını soruşdu. Bəy dedi ki, lap yaxşıyam. Həkim dedi ki, yaxşı ki, vaxtında burada olmusunuz. Mənim harayım olmasaydı olsun ki, əməliyyatı yubadardılar. Ondan sonra vəziyyətiniz çox çətin olardı. Əməliyyatı vaxtında apardılar. Sonra həkim soruşdu ki. sizə nə lazımdır? Bəy də dedi ki, iş yerinə verməyə xəstəxana vərəqəsi lazımdır. Qadın həkim dedi ki, həkiminlə lazım olan hər şeyi yazıb hazırlayaram, adam yolla gəlib aparsınlar, özün gəlmə. Liftlə bizi yuxarı mərtəbəyə çıxartdı. Bəy əməliyyat aparan həkimlə görüşdü. Ona öz təşəkkürünü bildirdi. Xəstəxanada yatması barədə xəstəxana vərəqəsi almaq barədə ona da dedi. O da dedi ki, hər şeyi yazıb hazırlayarıq, gəlib apararlar. Sonra qolundan tutub sarğı otağına aparıb orada Bəyi yoxladı. Sonra bir neçə iynə, dərman yazıb resepti verdi. Orada olan tibb bacıları, həkimlərlə xudahafizləşib xəstəxanadan çıxdıq. Bəy 1 ay evdə qalandan sonra öz iş yerinə işləməyə gedir. Noyabr ayı idi. Soyuqlar düşürdü. Bəy çox qan itirmişdi. İş yeri də çox soyuq olurdu. Ona görə də işlərinin çoxunu evdə görürdü. Səhərə kimi yazıb oxuyurdu. Vacib iş olanda, tədbirlər olanda iş yerinə gedərdi. Həmin aylarda o, evdə gecələr səhərə kimi işləyərdi. Bəzi vaxtları yaxın dostları gələr, səhərə kimi söhbətləşərdilər. Dekabr ayı girmişdi. Ermənistandan azərbaycanlıların məcburi qovulması başlandı. Bunları gündəlik televizor vasitəsi ilə əhaliyə xəbər verirdilər. Bunlara baxan anam Zəngəzur dağlarından qarın içində şaxtalı küləkdə qaçqın vaxtını xatırlayır, əllərini dizinə vurub ağlayır, sızıldayırdı. Ay bala, bizim başımıza gələn müsibətlərdir. 1918-ci ilin dekabr ayında bizim kəndi də odladılar. Cavanlarımızı, qocalarımızı qırdılar, yerdə qalanları da bax bu cür dağlarda donan dondu, salamat qalan da o uca dağlardan Ordubada aşdıq. Mən dözə bilmirəm bunlara baxanda. Anam 90 yaşını keçmişdi. O, 1918-ci il erməni-müsləman davasının iştirakçısı olmuşdu. Onun həmin müsibətlərdə ayağını, barmaqlarını don vurub kəsmişdi. Həmin yaraları hələ də sağalmamış, onu daim incidirdi. Anam 4 müharibənin iştirakçısı olmuşdu. 1905-1906-cı illər, 1918-ci il, Böyük Vətən Müharibəsi 1941-45-ci illər, bir də bu müharibədi ki, 1987-ci ildən başlamışdı. O bu illərdə anasını, bacısını, qardaşlarını, ərini itirmişdi. Anam bu müharibələrin acılarını, dəhşətlərini, qırğınlarını öz gözləri ilə görmüş, şahidi olmuşdu. Bu əzabkeş anam həmişə qayğılar içərisində yaşamış, çalışmış vuruşmuş, heç kimə möhtac olmadan atasız dörd yetimə baxmışdı. O, biz qardaşlara həm ata, həm də ana olmuşdu. Bizləri cəmiyyət üçün namuslu, qeyrətli, millətini sevən insanlar kimi ərsəyə gətirmişdi. O bu millət, xalqımız üçün Əbülfəz Bəyi yetirmişdi. Anam axşamlar biz bir yerə yığılanda hey deyirdi ki, ay bala, ermənilər bu milləti qıracaqlar, onlar üçün bir tədbir görün. Ermənilər yoxsa azğınlaşacaqlar. Türkləri köməyə çağırın, onlar türklərdən çox qorxurlar. Mən burada yanğıya dözə bilmirəm. İstilər düşəndə bayramdan sonra məni kəndə aparın. Öz daxmamda yaşayıb ölüm. Məni burada saxlamayın. Ab-havası da ağırdır. Ayağımdakı ağrılar məni narahat edir. Don vurduğu yerlərdə yaralar əmələ gəlib, çox incidir. Həkim də baxdı dedi ki, bu sağalan deyil. Gedim kəndə, öz hazırladığım otlardan, dərmanlarla sağladacam. Biz də deyirdik ki, ay ana, bayramı burada Bakıda birlikdə keçirək. Aparacağıq, darıxma. Anam isə bizi hey tələsdirirdi. Gedib bayramı kənddə keçirəcəm deyirdi. Orada mənim oğlum, nəvələrim, gəlinim var, muğayat olacaqlar. Öz evim, daxma mənim üçün hər yerdən yaxşıdır. Mən dözümlü qadınam. Anamın sözündən çıxmayıb martın əvvəlində bayrama 15 gün qalmış onu kəndə aparmağı qərara aldıq. 1988-ci ilin fevral ayı çıxmışdı. Havalar isinmişdi. Bakı-Naxçıvan qatarına bilet alıb həmişə onun yanında olan sevimli nəvəsi Ədalətlə yola saldıq. Qatara mindirib yerin rahatlayandan sonra dedi ki, bala, mənimlə həmişə əlaqə saxlayın, bu il öləcəm. İbrahim, Almurad kənddə idi, arxayın idim. Yanında olacaqdılar. Anam bizə dedi ki, siz də özünüzdən muğayat olun. Bayramdan sonra sən də, Əbülfəz də uşaqları kəndə yollayın. Anamla görüşüb öpüşüb hamımız qatardan yerə düşdük. Qatar axırıncı fitini çalıb yerindən tərpəndi. Vəziyyət sakitləşmirdi. Qaçqınların birinci partiyası Bakıya gəlib Azərbaycanın rayonlarına dağılmışdı. Onları yerləşdirmək prosesi gedirdi. Mərkəz yeni-yeni qanunlar çıxarır, hər iki tərəfi sakitləşməyə yollar axtarır, ancaq bir iş görə bilmirdi. Nümayişlər, mitinqlər gedirdi. Ədalət anamı aparıb kənddə İbrahimlə Almurada təhvil verib qayıtmışdı. Sağ-salamat gedib çıxmışdılar. O zaman Bakı-Yerevan qatarında vəziyyət çox da yaxşı deyildi. Ona görə çox nigaran idik. Mart ayından sonra hər iki tərəfdə bir az sakitləşmə oldu. Təbliğat davası gedirdi. İstər Moskvada, istərsə də respublikalarda. Aprel ayı girmişdi. Şəhərdə hamı öz işi ilə məşğul idi. Zavod, fabrik öz iş rejimində işləyirdi. Havalar da pis deyildi. İstilər düşürdü. Telefon xətləri də işləyirdi. Aprel ayının 16-da, axşam saat 10-da kənddən zəng gəldi. Telefonu mən özüm götürdüm. Ordubaddan zəng etmişdilər. Kənddə telefon yox idi. Dedilər ki. anan rəhmətə gedib. Dondum, telefon əlimdə qaldı. Telefonun səsi kəsildi. Yoldaşım dedi ki, nə olub belə ağardın? Dedim ki, anam rəhmətə gedib. Özümə gəlib bəy olan mənzilə qaçdım. Bilirdim ki, evdədir, şəhərdən evə onunla bir gəlmişdim. Hadisəni Bəyə danışdım. Kəndə getmək üçün hazırlaşmaq, bilet almaq lazım idi. Artıq qatar getmişdi. Getməyimiz qaldı sabahkı qatara. Bəy yaxın dostlara, tanışlara zəng vurub sabah 17-də axşam qatarı ilə gedəcəyimizi dedi. Bakıdan Naxçıvana sutkada bir dəfə qatar gedirdi. Başqa nəqliyyat yox idi. Sabahısı ailənin Bakıda olan bütün üzvləri yığışıb qatarla yola düşdük. Ordubada səhər çatdıq. Vağzalda bizi kənd maşınları gözləyirdi. Gedib kəndə çatdıq. Evdə, həyətdə olan qohumlar ağlaşmağa başladılar. Nəvələri, gəlinləri bir yerə toplaşıb birlikdə doyunca ağlayıb durub hərə öz yerinə getdi. Səhər-səhər idi. Yas yerinə gələn az idi. Yoldan gələnlərə bir çay verib nəfəsimizi aldıq. Yas mərasimi başlamışdı. Saat 11 olardı. Uzaq kəndlərdən avtobuslarla baş sağlığı verməyə çoxlu arvad-kişi gəlirdi. Bakıdan, ayrı-ayrı rayonlardan çoxlu teleqramlar alırdıq. Sayı-hesabı yox idi. Onların çoxu isə Bəyin adına idi. Cümə günü Bakıdan Bəyin çoxlu dostları gəlmişdi. Rafik, Kamil, Abbas, Süleyman, Hüseyn, Məmməd, Ələsgər, Cabbar, Fərhad və çoxlu tələbə dostları gəlmişdi. Anamızın cumalarını layiqincə verdik. Amma sağlığında onun bizə çəkdiyi əziyyətin heç 50 faizini də qaytara bilmədik. O bir bizim yox, bütün türk xalqının anası oldu. Anamız XX əsrdə Azərbaycanda türk xalqına bir lider, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda həmişə vuruşan, döyüşən, işıqlı gələcəyə aparan bir oğul bəxş eləyib əbədi gözlərini yumdu. Allah rəhmət eləsin! Qəbrin nurla dolsun, Ana! Amin! 1988-ci il başlanmışdı. Bəy əməliyyatdan sonra özünü yaxşı hiss edirdi. İşə vaxtında gedib gəlirdi. Onun sağlamlığını öyrənir, hər gün vəziyyətini soruşurduq. Soyuqdan, küləkdən qorunmasını dönə-dönə tapşırırdıq. Bəy də öz növbəsində həmişə işlətdiyi sözü deyərdi: «Bunlar balaca işlərdir, çox fikir verməyin. İrəlidə böyük işlər durur. Onların üzərində işləmək, mübarizə aparmaq lazımdır». Bəy gündüzlər iş yerində, işdən sonra evdə daim yanında çoxlu tanışları, əqidə yoldaşları ilə söhbətlər aparır, gələcək işləri haqqında, xalqı oyatmağa, onlarla təbliğat aparmaq üçün rayonlara işçi qrupu yollamaq, erməni millətçiliyinə qarşı mübarizəyə qalxmağa hazır olmaq istiqamətində gərgin iş aparırdı. Onun ağır günləri, illəri başlayırdı. Artıq erməni millətçisi Zori Balayanın Ocaq kitabı iki xalqın, iki millətin arasında çaxnaşma salmışdı. Qorbaçovun erməni iqtisadçısı Aqanbekyanın Dağlıq Qarabağı ayırıb Ermənistana verilməsi haqqında təklifi Azərbaycanın yatmış xalqını oyatdı, ayağa qaldırdı. Azərbaycan xalqının içərisindən səsini çıxarmayanlar, indiyə kimi gizli gəzənlər, yaşayanlar artıq görünməyə, səslərini ucaltmağa başladılar. Azərbaycanda o dövrdə bir neçə cəmiyyətlər yaranmışdı - Çənlibel, Yurd, Varlıq. Bu cəmiyyətlərin Azərbaycan gənclərinin, ziyalılarının bir yerə toplanmasında, birlikdə mübarizə aparmalarında, həmin illərdə milləti ayağa qaldırmaqda böyük rolu olmuşdu. Bu haqda qəzetlər, jurnallar çox yazıb, xalqa məlumat vermişdi. Mən bəyin bu dövrdə başına gələn hadisələri, tarixi məqamları nəql edəcəm. Yanvar ayı qurtarmışdı. Aylar bir-birini əvəz edirdi. Günbəgün, aybaay hadisələr getdikcə ağırlaşırdı. Bəyi bu dövrdə hərtərəfli izləyirdilər. O, çoxlu izdihamlı yerlərə çıxmırdı. Məsləhət belə idi. Yeni siyasi xadimlər axşamlar Bəyin yanına evə gəlirdilər. Ondan gələcək nümayişlərə hazırlıq işlərinin təşkili, institutlarda, fabrik və zavodlarda gənclər arasında təbliğat işləri, iş bölgüləri haqqında məsləhətlər alırdılar. Bəy həmin günlərdə gecələr yatmırdı. Həm işləyir, həm də uzaqdan gələn qonaqlarla söhbət edir, səhər işıqlaşana kimi çox gərgin işlərlə məşğul olurdu. Yazıb oxuyurdu. Artıq Ermənistandan azərbaycanlıların qovulması, çıxarılması başlanmışdı. Ermənistanda zəlzələ baş verdi. O dövrdə minlərlə azərbaycanlı qışın şaxtalı, boranlı vaxtı çöllərdə, dağlarda, meşələrdə öldü, ölməyənlər isə Azərbaycana üz tutdular. Sumqayıt hadisələri baş verdi və i.a. Bu hadisələrdə ermənilərin vəhşiliklərinə, dəhşətlərinə dözməyən Azərbaycan xalqının səbr kasası artıq daşmışdı. 1988-ci ilin 19 fevralında ÜmumAzərbaycan nümayişi, mitinqi - buna Azadlıq mübarizəsi də demək olar - başladı. Azadlıq meydanı aşıb daşırdı.
Bəy uzun illər apardığı gizli mübarizəsini açıq şəkildə həmin soyuq fevral günlərində bütün Azərbaycan xalqının qarşısında bəyan etdi. 1988-ci ilin 17 noyabrında yenidən ÜmumAzərbaycan nümayişi, fasiləsiz böyük mitinqlər başladı. Azadlıq meydanında çadırlar qurulmağa başdandı. Milyonlarla insan gecə-gündüz meydanda qalırdı. Bəy Azadlıq uğrunda apardığı mübarizəni meydanda xalqına, millətinə bəyan etdi. Xalq, millət şifahi şəkildə, dillərdən eşitdiyi liderini indi tanımağa başladı. Mən o zaman nümayişçilərin arasında bu sözləri eşidirdim - Uzun illər təqib olunan, üzünü görmədiyimiz liderimiz artıq görünməyə başlayıb. Hamı onun dediklərini eşitməlidir. Bəyin bütün çıxışları gurultulu alqışlar altında keçirdi. Bəy gecə-gündüz meydanda qalırdı. Evə gəlmirdi. 20 gün müddətində bir-iki dəfə evə gəlib yuyunub qayıtmışdı. Evdə deyirdi ki, meydanda milləti başsız qoymaq olmaz, həmişə orada olmaq lazımdır. Bu minvalla Bəy meydan dağılınca orada oldu. Bu dövrdə mitinq günləri onun üçün evdən çay, xörək hazırlayıb aparıb tribunada ona verirdilər. O isə qazanı alıb orada olan yoldaşları ilə bölüşdürüb qabları qatytarırdı. Orada palatkalar qurulmuşdu. Palatkalar səhərə kimi adamla dolu olurdu. Çay, xörək, papiros paylayanlar nümayişçiləri korluq çəkməyə qoymazdılar. Günü-gündən meydan dolurdu. Bunu görən imperiya qüvvələri meydanı dağıtmaq üçün bütün zirehli maşınlarla meydanı mühasirəyə aldılar. Həmin hadisə dekabr ayının 4-də səhərə yaxın oldu. Azğınlaşmış imperiya ordusu dəniz tərəfdən hücuma keçib dəyənəklə, göz yaşardıcı qazla, süngü ilə, buldozer, tırtıllı maşınlarla hücuma keçdilər. Palatkaları dağıdıb milləti çıxışdıra-sıxışdıra buldozerlə kürüyə-kürüyə çıxış yola, oradan da avtobuslara doldurub türmələrə tərəf apardılar. Bəyi bu vaxt gənc qızlar, oğlanlar mühasirəyə alıb ona vurulan zərbələrin qabağını alırdılar. Səhər artıq meydana gedən bütün yollar bağlanmışdı. Hər tərəfə qara lenta vurulmuşdu. Deyirdilər ki, meydanda olanları gecə qırıblar. Liderləri tutub aparıblar. Mən ora-bura qaçdım. Getməyə yol tapammadım. Marşrutlar işləmirdi. Metroya qaçdım. Metroda gözətçi qoymuşdular, camaatı buraxmaq istəmirdilər. Axır ki, birtəhər metronun «İnşaatçılar» stansiyasından enib «28 May» stansiyasında çıxdım. Bütün millət meydana axırdı. Mən də onların içində meydana tərəf irəliləyirdik. Gəlib gördük ki, meydan hər tərəfdən zirehli maşın, hərbi əsgərlərlə kəsilib. Meydana heç kəsi buraxmırdılar. Adamlar getdikcə çoxalırdı. Hərə bir söz danışırdı. Kimi deyirdi ki, meydanın qanını yuyurlar, kimisi də deyirdi ki, meyitləri bir yerə yığırlar. Həmin anlarda müxtəlif şayiələr danışırdılar. Mən isə özlüyümdə fikirləşirdim ki, Bəy necə oldu, hara apardılar? Bu vaxt bir qız ayaqqabısının bir tayı əlində ayaqyalın izdihama yaxınlaşıb meydanda olan əhvalatları danışdı: «Orada döyülən, yaralanan çox oldu. Ölən görmədim. Yaralıları təcili yardım maşınları ilə apardılar. Ayaq üstə olanları avtobuslara doldurub oradan uzaqlaşdırdılar. Kənara çıxan avtobuslardan tökülüb qaçanlar oldu. Mən mindiyim avtobus da gəlib vağzalarası dayanacaqda dayanıb qapını açıq qoyub dedi ki, tökülün qaçın. Mən basabasda ayaqqabımı itirdim. Bir yerə gedə bilmədim. Səhərə kimi bağda qaldım. Səhər adamla dolu avtobusları Bayıl tərəfə aparırdılar. Axırını bilmədim nə oldu. Mən yavaşca qızın yanına yaxınlaşıb ondan Əbülfəz müəllimi soruşdum. Bir-iki addım kənara çəkilib söhbətləşdik. Dedi ki, müəllimi yaxşı tanıyıram. Əbülfəz müəllim bir neçə tanınmış liderləri əvvəldən gələn avtobusla yola saldı. Lap axırdakı bizim avtobusla özü getdi. Onu bütün tələbələr dövrəyə alıb zərbə, xətər toxunmağa qoymadı. Mən bir az toxtadım. Artıq millətin ağzını Bakı Sovetinə tərəf yönəltdilər. Millət prezident binasına qarşı axışırdı. Sabir bağının yanında Baksovetə gedən yolu bağlamışdılar. Düzgün, aparıcı qüvvə yox idi. İndi də dedilər ki, Daxili İşlər Nazirliyinə doğru gedək. Millət o tərəfə axışdı. Gəlib DİN-də dayandılar. Bir neçə şüarlar səsləndirdilər. Sonra dedilər ki, metronun «Nizami» stansiyasının tərəfə, oradan da Ermənikənd tərəfə getmək lazımdır. Cürbəcür şüarlar sələndirirdilər. İzdiham Azad Qadın heykəlinin yanına toplandı. Burada hər iki tərəfdən yoldan hərbi maşınlarla, tanklarla izdihamın qabağını saxladılar. Heç kimi heç bir yana buraxmadlıar. Orada çox gözləməli olduq. Adamlar get-gedə azalmağa başlamışdı. Mən Bəydən çox nigaran idim. Saat 3, 4 olardı. Gəlib evə çıxdım. Bütün türmələrdən xəbər almışdım. Bəydən xəbər yox idi. Almuradı Bakıdan aralı Səlyan tərəfdə olan Xələc türməsinə göndərdik. Almurad gedib gəlib dedi ki, ora Bakıda tutulanlardan heç kimi aparmayıblar. Səhərin açılmasını gözlədik. Hər yerdən xəbər gəlir, Bəyin harda olduğunu soruşurdular. Mən qızın söylədiklərini ailəmizə söyləyib onları arxayın salmağa çalışdım. Səhər açılanda hər türmənin qabağına adam göndərdik. Mən özüm isə Bayıl türməsinə getdim. Bu vaxt türmənin qabağı adamla dolu idi. Hamı itkin düşmüş qızını, oğlunu axtarırdı. Türmənin şöbə müdirlərindən biri dedi ki, heç səs-küy salmayın, bura gətirilənlərin siyahısı tutulur, gətirib oxuyacağıq, hamınız burda olun. Orada gözləməli olduq. Xeyli vaxtdan sonra əlində bir siyahı olan zabit siyahını oxumağa başladı. 6-7 adamdan sonra Bəyin adını oxudu. Əliyev Əbülfəz Qədirqulu oğlu. Ürəyim sakitləşdi. Bir neçə də tanış var idi. Onların da adamları orada idi. Türmənin həyətindən çıxıb evə tələsdim. Gəlib evə çatanda saat 2 olardı. Hamını muştuluqladım. Bəyin sağ-salamat olmağını qohumlara zəng vurub dedim. Almurad da bir neçə tanışla gəlib çıxdı. Onlar Bəyi soruşmaq üçün maşınlarla türmələri axtarmağa getmişdilər. Sağ-salam olmasına hamımız arxayınlaşdıq. Bu bəladan, ölümdən qurtulmasına görə, Allaha şükür etdik. Ailəsi dualar oxudu, nəzirlər dedi. Mən Bəyin mənzilindən evə gəldim. Almurad da Ədalətlə işinin dalınca getdi. Saat 6-7 olardı. Qaranlıq düşmüşdü. Dekabr ayı qaranlıq tez düşür. Telefon zəng vurdu. Götürdüm ki, Bəyin yoldaşı Həlimə xanım idi. Dedi ki, əmi tez gəl, bizə adamlar gəlib, əsgərlərdir. Mən tez 7-ci bloka cumdum. Liftlə yuxarı 7-ci mərtəbəyə qalxdım. Qapını açıb içəri girdim. Qapını açan mülki paltarda olan adam idi. Salamlaşıb baxıb gördüm ki, Bəy yatan otağın qapısında 2 nəfər əsgər əlində avtomat, bir də mülki paltarda gözündə eynək bir nəfər qoltuğunda portfel durub. Onlarla da görüşdüm. «Xoş gəlmisiniz» dedim. Özümü çox toxtaq aparırdım. Azərbaycanlı mülki paltarda olan mənə adını, familiyasını, dərəcəsini dedi və haradan gəlməsini, prokurorun sanksiyasını göstərdi. O, Bəyin otağının qapısının açılmasını tələb etdi. Axtarış aparılacaq. Dedim ki, qapının açarları bizdə deyil, Bəydədir. O biri otaqları axtarın, dedim. Qarşımdakı isə bizə bu otaq lazımdır dedi: «Buranı açmayınca, buradan getdi yoxdur». Həqiqətən də o açarları özü ilə aparmışdı. Dedim ki, vurub sındırım. Dedilər ki, yox, sındırmaq olmaz.
Qapının ortasında şüşə var idi. Dedim ki, qapının hər tərəfinə baxın, şüşənin qapıya bərkidilmiş yapışqanlarını çıxardım, qapını açaq. DTK-dan gələn azərbaycanlı Moskvadan gələn DTK nümayəndəsinə dedi. Qapının hər tərəfini yoxladılar. Qapıya əl vurulmadığını yəqin edəndən sonra açmağa icazə verdilər. Aç görək. Mən bir bıçaq, bir kəlbətin verib dedim ki, siftə sən sök, mən də sənə kömək edəcəm. O mənə baxıb gülürdü. Sən bizim sistemdə işləməmisən. Dedim ki, yox. O da dedi ki, bu işləri bizim işçilər bilir. Qərəz, şüşəni çıxarıb dedim ki, qapını dalan içəridən əlini sal aç, açılacaq. Moskvadan gələn bizim hərəkətlərimizə sakit-sakit baxırdı. Qapı açıldı. Birinci onları içəri saldım. Başladılar axtarmağa. Birinci Bəyin stolunun üstünü yoxladı. Orada olan şəkillərdəki şəxslərlə maraqlandılar. İlk şəhid olan ağdamlı Bəxtiyarla Əli olduğunu söylədim. Azərbaycanlı Moskvadan gələnə izahat verirdi. Sonra Xudu Məmmədovun şəklini götürüb soruşdu. Ona da izahat verdim. Sonra Heydər Əliyevin şəklini göstərib soruşdu ki, bu kimdir? Onda H.Əliyevi işdən çıxartmışdılar. Təqaüddə idi. Dedim ki, qohumdur. Azərbaycanlı tez dilləndi ki, bu niyə sizin qohumunuz olur, bu filankəsdir. Dedim ki, nə olsun filankəsdir, qohum ola bilməz? Rus dilində dedi ki, çıxart at getsin. Dedim ola bilməz. O şəkillərə dəymədi. Başladı rəfdəki kitabların arasındakı əlyazmaları, ərəb əilfbası ilə yazılan qovluqları yığmağa. Azərbaycanlı dedi ki, gəl bir çay içək, əgər varsa, Bu biri otağa keçib bir çay içdik. Rus bizi çağırdı. Burda olun, bir yana getməyin. Yəqin ki, o bizimkindən yüksək vəzifədə idi ki, belə əmrlər verirdi. Azərbaycanlıya dedim ki, yaxşı, bu uşaqlı evə bu silahlı əsgərlər nədir gətirmisən? Dedi ki, biz gələndə heç kim görməyib. Bu vaxt qapı döyüldü. Gələn Almurad idi. Dedim ki, bu da qardaşımdır, getmişdi Bəyi axtarmağa. Almurad dedi ki, Bəy Bayıldadır, heç hara getməyin. Almurada göz elədim ki, dinmə. Rus ərəb ələifbası ilə bütün yazıları qovluğa yığdı. Elə yazılar var idi ki, onlar tələbələrin kurs işləri idi. Rus onları da götürürdü. Əsgərlər Ədalətdən (Cocudan) divardan asılmış Atatürkün şəklini soruşanda o da dedi ki, bu bizim deduşkamızdır, babamdır. Əsgərlər «Oy polkovodeç» deyirlər. Ədalət də cavab verir ki, hə. Biz gülüşdük. Xülasə, DTK-nın nümayəndəsi Bəyin yoldaşından soruşdu ki, Bəy sizə pul verir? Həlimə xanım da cavabında dedi ki, hə, bu yaxınlarda maaşını almışdı, 70 manat verdi ki, uşaqlara yemək, çörək alarsınız. DTK-nın nümayəndəsi gülümsəyərək əlavə edib dedi ki, maaşı demirəm, deyirəm ki, kisədə çoxlu pul gətirib verməyib? Hamımız gülüşdük. O da bizimlə bərabər. Xülasə, rus dedi ki, hə qurtardıq. Bir də hər tərəfə göz gəzdirin. Mən dedim ki, apardığınız yazıların siyahısını yazın verin. Almurad razı olmadı və dedi ki, bunlar düz adamlardır, nə aparıblarsa, gətirib verəcəklər. Onlar bizimlə xudahafizləşdilər. Çağırılmamış qonaqları gülə-gülə yola saldıq. Gedəndə bizimki, yəni azərbaycanlı DTK nümayəndəsi dedi ki, mən sənin kimi gülərüz adama rast gəlməmişəm, çox sağ olun, gülə-gülə qarşılayıb, gülə-gülə də yola saldınız. Əlimi sıxıb yoluna davam etdi. Blok qaranlıq idi. Onlar gedəndə həyətdə heç kim yox idi. Evdə axtarılan axtarışla eyni vaxtda Bəyin işlədiyi Əlyazmalar İnstitutunda da axtarış aparılıb. Bəyin oturub işlədiyi stolun üstündə, içində olan əlyazmaları, sənədləri götürüb aparmışdılar. Onlar apardıqları sənədləri bir də geri qaytarmadılar. Bəylə birlikdə meydandan aparılıb tutulanları bir neçə gündən sonra buraxdılar. Amma Bəy və digər 15 nəfərə 1 ay müddətinə məhkəmə iş kəsdi. Qara Şəhərdəki cəzaçəkmə müəssisəinə yolladılar. Bununla da, meydan hərəkatı dağıdıldı. Bəy Qara Şəhərdə 1 ay cəza evində olduğu müddət biz hər gün onun yanına görüşə gedir, onun sağlamlığını qorumaq üçün yun paltarlar aparır, evdən göndərilən yeməkləri verirdik. Dekabrın axırına kimi Bəyin cəza müddəti qurtardı və o yeni ili evində qarşıladı. 1989-cu il başlamışdı. Bəyin cəza evində olduğu müddətdə Moskvadan gələn müstəntiq ondan izahat almaq, danışdırmaq üçün 1 aylıq cəza evinə gedib gəlir. Bəy onunla bir xeyli rusun tarixindən, rusların indiki dövründə yaşamlarından danışıb. Rus demokratiyasından, rusun yeni dirçəlişindən danışıb. Müstəntiq gedib sonra bir dəfə də gəlib. Bəy yenə ona Rusiyanın indiki vəziyyətindən danışıb deyib ki, gedin Rusiyanın vəziyyətini düzəldin, sonra gələrsiniz danışarıq. Müstəntiq o gedən gedib, bir də oralara gəlməyib. Evdən, iş yerindən özü ilə apardığı yazılı kağızları da geri qaytarmadı. Heç bilmədik ki, hansı kağızları aparmışdı. Bəy də gələndən sonra heç onları tələb etmədi. Dedi ki, onlar boş yazılar, elmi araşdırmalar, qeydlərim olub. Bəy işə gedir. Gündəlik hadisələr onun başını qatır. Dünya mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələrdə hadisələrin mahiyyəti Beynəlxalq ictimaiyyətə düzgün çatdırılmır. Bəy bu haqda çox düşünür. Özlərinin isə mətbu orqanları yox idi. Hamısı hakimiyyətin əlində idi. Gizli şəkildə Şəhriyarın, Bəxtiyarın, Xəlil Rzanın, Məmməd Arazın şeirlərini çap etdirib xalqın arasında paylayırdılar. Mitinq olanda Azərbaycan haqqında olan şerləri vərəq-vərəq paylayıb oxuyurdular. Məmməd Əmin Rəsulzadənin vəsiyyətini danışırdılar. «Bir kərə ucalan bayraq, bir daha enməz» vəsiyyətini yerinə yetirmək lazımdır, deyirdilər. Bakı şəhəri hər tərəfdən imperiya ordusu tərəfindən mühasirəyə alınmışdı. Tankla, topla, tüfənglə şəhəri mühasirədə saxlayırdılar. 1989-cu ildə danışıqlar, sessiyalar, mitinqlər bir-birini əvəz edirdi. Onların hamısı qəzetlərdə, jurnallarda, radio, televiziyada səsləndirilirdi. Sonralar isə o dövrün hadisələrindən, tarixindən qalaq-qalaq kitablar yazıldı. Mən bunların üstündən keçirəm. Bəyin haqqında, onunla bir yerdə olduğumuz məqamlara keçirəm. Həmin illər demək olar ki, xalq hərəkatı idi. Hamı mübarizə etmək üçün ayağa qalxmışdı. Xalqı təşkilatlandırmaq üçün ona siyasi təşkilat lazım idi. Ona görə də Bəy təşkilat yaratmaq üçün başqa respublikalar kimi (Pribaltika respublikaları) siyasi təşkilatı - Xalq Cəbhəsini yaratmaq ideyasını irəli sürdü. Bu ideyanı bütün cəbhədaşları bəyənir. 16 iyulda AXC-nin təsis konfransı çağırıldı. Konfrans bir ağızdan Əbülfəz Elçibəyi AXC sədri seçdi. Bəy o gündən böyük bir yükün altına girmiş oldu. Bütün rayonlarda AXC-nin şöbələri yaradılırdı. Bütün təşkilatlar Bəyin ətrafında sıx birləşirdilər. Onlar imperiyaya qarşı birlikdə mübarizə aparırdılar. 1989-cu ilin mitinqlərinə daha ayrı-ayrı adamlar yox, AXC rəhbərlik edirdi. Xalq Azadlıq uğrunda mübarizəyə, Qarabağı müdafiəyə çağırılırdı. Bəy keçirilən bütün sessiyalarda, iclaslarda iştirak edir, tövsiyyələrini irəli sürürdü. Təşkilatın mətbuat orqanı yox idi. Bəy «Nə olursa-olsun, mətbuat - qəzet çıxarmalıyıq» deyirdi. O bu məsələni Nəcəf Nəcəfova tapşırdı. O zaman mitinqlər gedirdi. Havalar soyuq idi. Bəy tez-tez qrip olurdu. Əksər vaxtlar mitinqlərdə çox qala bilmir, evə gəlirdi. Səsi batmışdı. Dekabr ayı girmişdi. Nəcəf Nəcəfov hər gün Bəyin yanına gələr, qəzetin çıxması haqqında məlumat verər, çatışmayan halları deyər, söhbətləşib gedərdi. Rəhmətlik o günlərdə çox gərgin işləyirdi. Mən yenə də Bəyin yanında idim. Səhər saat 10 olardı. Nəcəf müəllim gəldi. Üzü gülürdü. Əlindəki qəzeti açıb Bəyə göstərdi. Böyük hərflərlə «AZADLIQ» yazılmışdı. O qəzeti Bəyə uzatdı və təbrik etdi. Bəy də onu qucaqlayıb təbrik etdi. Sonra mənimlə görüşdü. Mən də onu təbrik etdim. Bu vaxt Bəy yataq otağına keçib əlində bir balaca qutu gətirib Nəcəf bəyə uzatdı. «Bu sənə birinci muştuluğum olsun. Qutudakı diktofondur. Bu sizə lazımdır, jurnalistlər üçündür, bu məndən sənə yadigar olsun» deyib onu bir də təbrik etdi. Qəzeti açıb baxırdıq. Mən Nəcəf bəyə dedim ki, a bəy, bu «AZADLIQ» sözünün hər tərəfi ağdır, yazısı yoxdur, təmizdir. O gülümsəiyb dedi ki, bu yer gələcəkdə qəzetimiz milli ordenlərlə təltif olunsa, orada onlar yazılacaq. Üçümüz də gülümsədik. O bir çay içib işə yollanlı. Mən Bəylə evdə qaldıq. «AZADLIQ»ın birinci nömrəsini oxumağa başladı. Sonra da verib mənə oxu dedi. Heç hara aparma, burada qalacaq, kitabxanada. Beləliklə, həmin gündən «AZADLIQ» qəzeti 200 min tirajla çıxmağa başladı. Ondan sonra xalq həmin qəzetlə məlumatlandırılırdı. Qəzet çox tez bir zamanda təşkilatın aparıcı qüvvəsinə çevrildi. «AZADLIQ»ın işıq üzü görməsində Nəcəf bəyin böyük zəhməti və yaradıcılığı olmuşdu. 1989-cu il qurtarmaq üzrə idi. Respublikada vəziyyət, siyasi durum getdikcə çox ağırlaşırdı. Respublika hərbi rejim altında idi. Buna baxmayaraq, xalqın etiraz mitinqləri günü-gündən genişlənirdi. 1990-cı il girmişdi. 20 Yanvar faciəsi yaxınlaşırdı. Bəy bu dövrdə gecə-gündüz AXC qərargahında mitinqlərdə, sessiyalarda iştirak edirdi. AXC daxilində olan narazılıq, liderlərin mövqelərindəki ziddiyyətlər təşkilatın strukturlarına böyük əks mövqelər salırdı. AXC-də liderlik davası gedirdi. Buna baxmayaraq, Bəy onları həmişə birliyiə dəvət edir, xalqı bu bəladan uzaqlaşdırmaq istəyirdi. Amma yenə də bəzi AXC-nin özünü lider sayanları Bəyin işlərinə əngəllər törədirdilər. Onlar lazım olduğu anlarda xalqa olduğu kimi rəhbərlik edə bilmirdilər. Bəy gecə-gündüz millətin, xalqın içərisində gəzir, mitinqlərə rəhbərlik edir, o zamankı rəhbərlərlə söhbətlər edir, Moskvadan gələnlərlə mübahisələr edir, məsələni dinc yolla həll etməyə, xalqı qırğına verməməyə, demokratiya yolu ilə həll etməyə çağırırdı. Azğınlaşmış imperiya məmurları isə üzdə hə deyib, arxadan Azərbaycana ordu yeritdilər. 20 yanvar faciəsi baş verdi. Bu barədə hərtərəfli yazılıb. Mən Bəyin o dövrdə harada olduğunu qısaca da olsa, yaddaşımda qalanları qeyd etmək istəiyrəm. Yanvarın 18-19-u prezident binasının qarşısında gecəli-gündüzlü mitinqlər gedirdi. Bizim ailənin hamısı o günlərdə mitinqlərdə iştirak edirdi. Saat 3-də mən evə gəlib evdəkiləri, nahara gələnləri mitinqə yolladım. Bir neçə cavan uşaq və qohumlardan da var idi. Dedim ki, gedin, oranı boş qoymayın. Mən dincələndən sonra Bəy olduğu yerə zəng vurub onun AXC qərargahında olub-olmadığını soruşdum. Ədalət dedi ki, əmimlə burdayıq. Hava qaralmağa başlayırdı. Axşamdan xeyli keçmiş güllə səsləri gəlməyə başladı. Avtomat və başqa silahların səsi gəlirdi. Mən qaçıb Bəyin ailəsini və uşaqlarını yığıb gətirdim öz mənzilimə. Qardaşım İbrahim də yoldaşı və nəvəsi ilə bizdə idi. Saat 11-12 olardı. Avtomatların səsləri şəhərin hər yerindən gəlirdi. Güllələr qaranlıq havada işıq saçırdı. Metronun «İnşaatçılar» stansiyasının yanında bizim evlərin yanında da atəş açılırdı. Hamımız balkondan baxırdıq. Şəhərin hər tərəfindən o cür atəş səsləri eşidilir, güllələrin işıqları görünürdü. Mən dedim ki, qorxmayın, boş güllələrdir. Camaatı qorxutmaq üçün atırlar. Bu vaxt Şərifzadə küçəsi tərəfdən bronirovonnı maşından binaya tərəf güllə atmağa başladılar. Tez uşaqları içəri doldurub pəncərənin də qabağında oturmağa qoymadım. Güllələr binaya dəyib qorxulu səslər çıxarırdı. Evdə olan arvad-uşağa çölə çıxmamağı tapşırdım. Özüm həyətə enib bir neçə adamla, mən Novella, yoldaşı, bir neçə qonşu cavan uşaqlarla yaxında olan dayanacağa getdik. Ora adamların çox olan yer idi. Dayanacağa çatanda Yasamal bazarı tərəfdən iki zirehli maşının gəldiyini gördüm. Maşınların üstündə avtomatlı əsgərlər var idi. Əsgərlər sağa-sola atəş açırdılar. Maşınlar sürətlə gəlirdi. Onlar yaxınlaşanda biz binanın arxa tərəfinə keçdik. Avtomatlardan atılan güllələr bizdən yan keçirdi. Vəziyyəti belə görəndə dedilər ki, yəqin ki, metronun «20 Yanvar» stanasiyasında camaatı qırıblar. Bizim binadan qonşu uşaqlar, cavanlar metronun «20 Yanvar» stansiyası tərəfə qaçdılar. Onlar orada olanlara kömək etmək istəyirdilər. Mən evə qayıtdım. Qərargaha zəng etdim. Telefonlar artıq işləmirdi. Cavab verən olmadı. Hər tərəfi, bütün yolları artıq əsgərlər tutmuşdular. Saat 2-3 olardı. Telefonlar bağlanmışdı. Heç bir yerə çıxış yolu tapmaq mümkün deyildi. Vəziyyət çox təhlükəli idi. Arabir hərbi maşınlar Şərifzadə küçəsi ilə gedirdi. Evin işıqlarını da söndürmüşdük. Amma bizim ev telefonumuz işləyirdi. Tez-tez zəng vurub gah bizim dildə, gah da rus ləhcəsində Bəyin harada olduğunu soruşurdular. Bu sorğular çox yerdən tanımadığım adamlardan gəlirdi. Axırda mənimlə bir yerdə işləmiş, çoxdan bir-birimizi görmədiyimiz rusdilli bir nəfər zəng vurdu. Hal-əhval tutdu. Burada olan vəziyyəti ona dedim. O axırda Bəyin harada olmasını soruşdu. Tez fikrim dəyişdi. Hə, Bəyi deyirsən? Dedim ki, Bəy gündüz saat 3-dən vertolyotla Yevlağa uçub. Oradan da Naxçıvana uçmalıdır. Orada vəziyyət xarabdır. Yevlaxdan xəbər gəldi. Axşam üstü hava duman olduğu üçün hələ Naxçıvana gedə bilmir. Evdə tək qalmışdım. Arvad-uşaq hamısı Baksovetdə idi. Səhərə yaxın böyük oğlum zəng etdi ki, sağ-salamatıq. Bizi heç bir yerə qoymurlar. Millət bütünlüklə mühasirədə idi. Oğlum Ədalət isə çox pis gündə gəlib çıxdı. Üst-başı toz-torpaq, əli-üzü cızılmış halda. Ondan Bəyin harada olduğunu soruşduq. Ədalət başına gələnləri danışdı: «Qərargahı dağıtmamışdan əvvəl Bəyi tanımadığım dostları (adlarını da dedi) apardılar. Ondan sonra bir az arxayın olduq. Mən də qərargahda iki nəfər gözətçi kimi qalmışdıq. Elə ki rus qoşunları yaxın məhlələri tuta-tuta gəldi, biz binanın baş pəncərəsindən atılıb sürünə-sürənə kənar məhlələrdən, dalanlarla yuxarıya gəlib çıxdıq». Səhərin açılmasına az qalırdı. Saat 5 olardı, 6-ya işləyirdi. Şəhər qara bayraqlarla bəzənmişdi. Millət hər yerdən prezident binasının qarşısına axışırdı. Avtomatlı əsgərlər, tanklar milləti hər tərəfdən əhatəyə almışdılar. Ölənlərin adlarını oxuyurdular. Xalqı yaralılara qan verməyə çağırırdılar. Partiya biletini atanlar, cıranlar «Bu partiya, dövlət bizə lazım deyil» deyirdilər. Şəhidlərin adlarını tez-tez oxuyurdular. Şəhid olanların siyahısı get-gedə artırdı. Axşam bizimlə qonşu oğlanın da adı səsləndi - Fuad. O metronun «20 Yanvar» stansiyasına çatanda atışma gedirmiş. Yaralıları bir kənara çəkəndə atəş açılır. Düşmən gülləsinin biri ona da dəyir. Səfər isə metronun küncünə qısılıb salamat qalmışdı. Fuad isə yoldaşlarına kömək edəndə şəhid olur. Onu bütün şəhidlər kimi Şəhidlər Xiyabanında dəfn etdilər. Allah rəhmət eləsin! O günlərdə Bəyi çox atrarırdılar. Marşal Yazovun əmri belə idi. AXC liderlərini tutmaq, qalanlarını da məhv etmək. Ona görə də çox ciddi axtarışlar gedirdi. Həm aşkar, həm də gizli şəkildə. O müddət ərzində bizim telefona Həştərxandan, Saratovdan zəng vurub deyirdilər ki, bura yaralılar gətiriblər. Bakıda xəstəxanalarda yer yoxdur. Mən bunları cəbhə liderlərinə çatdırırdım. 20 Yanvardan 3-4 gün keçmişdi. Yoxlamağa adam yollamışdılar. Gedib gəlib demişdi ki, xəstəxanalarda xəstələri qəbul etmək üçün hazırlıq işləri görülüb, amma heç bir yaralımıza rast gəlmədik. Bu telefon zəngi bir neçə dəfə təkrar olundu. Axırda bilindi ki, provakasiyadır. Bəy 4-5 gündən sonra «Azadlıq» radiosu ilə xalqa və dünyanın bütün demokratik təşkilatlarına müraciət etdi. Bəy bununla bildirdi ki, AXC yaşayır və son damla qanımıza qədər demokratiya uğrunda mübarizə aparacağıq. Azərbaycan xalqının mübarizəsi doğru yoldadır və bu yoldan heç vaxt dönməyəcək. 20 Yanvarda şəhid olan soydaşlarımıza bütün Azərbaycan xalqı matəm saxladı. 40 gün gecəli-gündüzlü matəm içində olduq. Vacib işlərdən başqa heç kim işə çıxmadı. Bunu görən dünya ictimaiyyəti Azərbaycan xalqının mərdliyini, dəyanətini bir daha hiss etdi. Bu faciədən 40 gün sonra xalq öz işinə qayıtdı. İşlər öz ahənginə düşürdü. Siyasi proseslər yenə də davam edir, gündə bir qanun qəbul edilir, sessiyalar, mitinqlər, yeni-yeni cəmiyyətlərin yaranması gündəlikdə olur. AXC-nin təşkilat işləri qüvvətlənməyə başlamışdı. May ayı girmişdi. Hələ fövqəladə vəziyyət götürülməmişdi. Hər tərəfdə imperiyanın tankalrı, topları, ordusu dayanmışdı. 28 May yaxınlaşmışdı. Azadlıq günümüzdə şəhidlərimizi ziyarət etməliydik. Bunu isə sakit keçirmək, heç kimə maneçilik etməmək işini hazırlamaq lazım idi. 28 May Azadlıq günümüz idi. Yaxşı yadımdadır, o günü hamı keçmiş parlament binasının qarşısında mitinqə yığılmışdı. Bəy orada üzünü bütün mitinq iştirakçılarına tutub dedi: «Əziz xanımlar və bəylər! Öndərimiz Məmməd Əmin Rəsulzadənin gənclərə tapşırdığı vəsiyyətini bu gün yerinə yetirməliyik. «Bir kərə ucalan bayraq, bir daha enməz!» deyib əlindəki bayrağı parlament binasına vaxtı ilə götürüldüyü yerə taxdı. Bəy ora çıxanda mən də, hamı da qorxu içində idi. Fikirləşirdik ki, bu saat güllələr açılıb Bəyi vuracaqlar. Çox həyəcan keçirirdim. Bəy oradan enəndən sonra hamı rahatlandı. Bu bayrağı 70 ildən sonra yerinə vurmaq Əbülfəz Elçibəyə nəsib oldu. Bununla bütün gənclərimiz, millətimiz fəxr edir. Üçrəngli bayrağımızı bir daha enməyə qoymayacaqlar. Azərbaycanın kiçik bir ailəsindən çıxmış bir gəncin bu bayrağı yenidən 70 ildən sonra parlament üzərinə qaldırması M.Ə. Rəsulzadənin vəsiyyətini yerinə yetirməsi bizim ailəyə nəsib oldu. Onunla fəxr edirik. Xalqımızla birlikdə bayrağın bir daha enməsini qoymayacağıq. Beləliklə, Azadlıq bayramımızı 70 ildən sonra şəhidlərimizin ziyarəti ilə bir gündə, 28 Mayda keçirdik. AXC getdikcə genişlənir, möhkəmlənir, üzvlərinin sayı getdikcə artırdı. Rayonlarda təbliğat-təşviqat işləri aparılır. Qabaqdan gələn seçkilərdə iştirak etmək, qurultaya hazırlıq işləri gedirdi. Beləliklə, 1990-cı ilini axırına kimi Bəy və ailəmiz haqqında olan xatirəlirimi qeyd etdim. 1989-cu ilin sonunda xalqımız Naxçıvan Muxtar Respublikasının Xalq cəbhəsinin çağırışlarına qoşularaq, Araz boyu çəkilmiş 167 km-lik hərbi qurğuları, tikanlı məftilləri söküb dağıtdılar. Bu hadisə 1989-cu ilin dekabr ayının 30-31-də baş verdi. Həmin məsələni bir neçə dəfə Naxçıvan cəbhəçiləri Bəylə məsləhətləşdilər ki, sərhəddi dağıtmaq nə vaxt əlverişlidir, qan tökülməsin. Bəyin təklifi ilə belə qərara gəldilər ki, bu iş ancaq yeni il axşam,ı dekabrın 31-də ola bilər. O günü bütün ölkələr bayram edir, qan tökülməsinə icazə verməzlər. Biz də bunu azərbaycanlıların həmrəylik günü elan edib, sərhədəlrimizi açıb o taylı-bu taylı bayramımızı edək. Bu söhbət bir həftə olardı ki, davam edirdi. Naxçıvanda gedən mitinqlərdə səsləndirilirdi. Bəyin bu təklifini bütün cəbhəçilər bəyənib, bütün rayon cəbhəçilərinə, onların sərhədlərinə xəbərlər, məktublar göndərildi. AXC-nin sədri adından 31 Dekabr 1989-cu il bütün azərbaycanlıların həmrəylik günüdür. Hamı sərhəd boyu onlara ayrılmış sərhəddə olmalıdır. Saat 9-da işə başlanmışdı. Bütün rayonların kəndlərinin cavan, qoca cəbhəçiləri - hamı bir nəfər kimi onlara bölünmüş sahədə hazır idilər. Belə demək olar ki, Naxçıvan əhalisinin 70 faizi sərhəd boyu düzülmüşdü. Saat 9.00-da hamı bir nəfər kimi əlində olan baltası olan balta ilə, qayçısı olan qayçı ilə bu işə başladılar. Bizim kəndə Ordubad - Dəstə arası düşmüşdü. 40-50 nəfərlik dəstə idi. Onlara rəhbərlik edən qardaşım Almurad və oğlum Bünyad idi. Başqa-başqa dəstələr də öz sahələrini sökürdülər. Almuradın dediyinə görə, birinci məftilləri kəsəndə çox həyəcan keçirdik. Çünki əli avtomatlı rus əsgərləri dayanmışdı. Qorxurduq ki, silahsız adamlarımıza atəş aça bilərlər. Dirəklərin bir-ikisini yıxandan sonra əsgərlər çəkiilib kənarda dayandılar. İndi hamı rahat işləməyə başladı. Ümumi rayon üzrə cəbhəçilərə rəhbərlik edən Ordubad rayon AXC-nin sədri Fərəc Quliyev idi. Sərhəd dağıldı. Hamı - 100 illərin həsrətində olan insanlar Araz çayının suyunda yuyunur, suyundan içir, bayram edir, əhval-ruhiyyə yaxşılaşır, tonqallar yandırılır, çalıb oxuyurdular. Saat 6-ya kimi sərhədin dağılması qurtardı. Almurad deyirdi ki, biz səhər-səhər kənddən çıxanda hələ də imperiyapərəstlər dalımca deyirmişlər: «Bir-iki saatdan sonra bu cəbhəçilərin meyitlərini qarşılayacaqsınız». Kənd əhlinin çoxu bizi gözləyirdi. Maşınımız kəndə Kələkiyə çatanda hamımız birağızdan «Yaşasın Azadlıq!» ura, ura səsi ucalırdı. Hamı sevinirdi. Tək-tük adamların, qatı kommunsitlərin hələ də rəngi açılmırdı. Yeni illə Həmrəylik bayramı bir-birini əvəz etdi. Bir həftə camaat, xalq dağılmış sərhəd dirəklərinin məftillərini daşıyıb təmizləməklə məşğul oldu. O dirəklərin birini də gətirib kəndin girəcəyinə basdırdılar. Tikanlı məftili də üstündə. AXC-nin imperiya üzərində qələbəsi kimi. Cəbhəçilərin meyitlərini gözləyənlər isə sərhəd dağılandan sonra birinci İrana - qohumlarını axtarmağa, alver etməyə, Məşhədə ziyarət etməyə getdilər. Cəbhəçilər isə İrana gedib-gəlməkdən kənarda qaldılar. 31 dekabr sərhəddin sökülməsini AXC-nin sədri Elçibəyin tapşırığı ilə Naxçıvan MR-in XC-nin rəhbərliyi həyata keçirdi. Həmin hadisələrdə AXC-nin liderlərindən heç kim olmayıb. Orada Naxçıvan XC-nin İdarə Heyəti və rayonlar üzrə sədrləri, rəhbərləri iştirak edib. İşlərə rəhbərliyi də onlar ediblər. Bu işi başqaları öz adına çıxa bilməz. Eşq olsun onlara! 1991-ci il Azərbaycanda, eləcə də SSRİ-nin digər respublikalarında siyasi durum mürəkkəbləşirdi. Hər gün o respublika olmazdı ki, orada mitinqlər, sessiya olmasın. Azərbaycan Respublikasında da gərgin vəziyyət yaranmışdı. Bir tərəfdən ermənilərin sərhəd rayonlarımıza hücumu, Qarabağda vəziyyətin gərginləşməsi, iqtidarla-müxalifət arasında ziddiyyətlərin artması, Mütəllibovun komandasını möhkəmlətmək üçün AXC-yə qarşı «Qardaşlıq», «Tövbə» cəmiyyətlərinin yaradılması, Azərbaycanı bölgələrə bölmək, xalqı, milləti parçalamaq, bir-birindən ayırmaq məqsədi daşıyırdı. Bunu görən AXC seçkilərə getmək, parlamentdə öz yerini tutmaq, gələcəkdə prezident seçkisini tam demokratik keçiriliməsi uğrunda çalışırdı. Bəzi respublikalar SSRİ-dən ayrılmaq uğrunda mübarizə aparırdılar, yeni-yeni təkliflər irəli sürürdülər. Buna görə AXC də keçiridyi mitinqlərdə, sessiyalarda təkliflərini verirdi. O zaman AXC-nin öz qüvvəsini bütün dünyaya bildirmək üçün 1991-ci ilin iyun ayının 13-17-də birinci tarixi qurultayını çağırdı. Qurultayın məramnaməsi, nizamnaməsi, məqsədi yazılı şəkildə bütün dekmokratik yolda çalışan qüvvələrə, respubliklara, ölkələrə göndərildi. AXC ölkənin hər yerində tanınmağa başladı. AXC-nin birinci qurultayına təbriklər gəlirdi. AXC-nin birinci qurultayından sonra rejimə qarşı 23 avqustda mitinq keçirildi. Bu mitinqdə mütəllibovçular cəbhəçiləri polislərlə birlikdə döymüş, bir çoxlarını, o cümlədən də liderlərini yaralamışdılar. Əbülfəz Elçibəyin başını yaralamışdılar. AXC-nin orada yerləşən (Sovetski küçəsi) qərargahını dağıtmış, binanın şüşələrini qırmışdılar. Bəyin döyülməsi, yaralanmasını bizim ailənin üzvləri Azadlıq radiosu ilə Kələkidə və iş yerində eşitdik. Mən iş yerimdən axşama gəlib çıxdım. Artıq Bəyin başı partlamış yerinə tikiş qoyub sarıqlı vəziyyətdə evə gətirmişdilər. Bəy çox qan itirmişdi. Həkimlər çox qan itirdiyinə görə, Bəyə işə çıxmağı məsləhət bilmədilər. Evdə Bəyi müalicə elədilər. Bir neçə həftə dincəlməyi məsləhət gördülər. Bakıda ailədən yalnız qızlarım burada idi. Səadətlə Səlimə əmisinin sağalmasına, yeyib-içməsinə, sağalana kimi yanında olmuşdular. Gəlib gedən qohumları, qonaqları qəbul edib yola salırdılar. İki həftədən sonra yaxın ailəvi dostu olan Mamed (biz ona Basqal Mamed deyirdik) heç kim bilmədən (iqtidar tərəfdən) Bəyi Basqala apardı. Tam sağalınca orada qalıb dincəldi. 1991-ci ilə SSRİ-nin dağlıması ili demək olar. Dövlət çevrilişi (QKÇP), Qorbaçovun istefa verməsi, demokratların hakimiyyətə gəlməsi, Pribaltika repsublikalarının SSRİ-nin tərkibindən çıxması başlanan mübarizələrin doğru olmasına bir daha sübutdur. Bəy sağalıb işə qayıtdıqdan sonra AXC sentyabr 4-6-8-də mitinqlər keçirdi. Prezident seçkilərini dayandırmaq, tam demokratik seçkilərin keçirilməsi təklifi irəli sürülürdü. Buna baxmayaraq, Mütəllibov alternativ olmadan öz namizədliyini irəli sürdü. Ali Sovetin dəstəyi ilə 1991-ci ildə 8 sentyabrda saxta səs toplayaraq, (98,5 %) yenidən prezident seçildi. Qorbaçovun köməyi ilə Azərbaycanda parçalanma, narazılıq baş verdi. Naxçıvan Muxtar Respublikası isə seçkilərə getmədilər. Onlar da öz etirazlarını bildirdilər. AXC ətrafında sıx birləşməyə, hamılıqla təşkilatı dəstəkləmək çağırışları ilə mitinqlər başlandı. AXC-nin yaranmasının ilk illərindən Naxçıvan XC fəal iştirak edib. AXC sıralarının artmasında, siyasi kadrların yetişməsində, milli ruhlu, vətənpərvər cəbhəçilər yetişdirirdi. 1991-ci il çox qalmaqallı, çəkişmələr, dartışmalar, dialoqlar, danışıqlar, qurultaylar, seçkilər ili kimi keçdi. Bəli, 1991-ci il çoxlu qanunlar qəbul edilmişdi. Çoxlu qanunların ləğv edilməsi, yeni qurumların, şuraların yaranması, ilin sonunda 21 dekabrda SSRİ-nin dağılması, 25 dekabrda isə M.S.Qorbaçovun SSRİ prezidentliyindən istefa verməsi ölkəni dərəbəylik halına gətirib çıxarmışdı. Bəzi respublikalarda müstəqillik qanun aktları tərtib edilmişdi. Azərbaycan respublikası da oktaybr ayında özünü müstəqil dövlət elan etdi.
1991-ci il çox qarmarışıq il kimi yadda qaldı. Həmin il Azərbaycan XC əzildi, döyüldü. Mübarizə apardıqca möhkəmləndi. Millətinin, xalqının hörmətini qazandı. Millət, xalq həmişə AXC-ni müdafiə etməyə hazır olduğunu bildirirdi. Qurum ölkədə ən nüfuzlu təşkilat olduğunu göstərdi. Öz sıralarını getdikcə genişləndirməyə, Dünyada tanınmağa başladı. Artıq xarici səfirliklər AXC liderləri ilə hesablaşmağa başladılar. AXC-nin Milli Məclisdə 25 deputatı var idi. Onlar AXC-nin qəbul etdiyi qanunları MM-də müdafiə edir, qanuniləşdirirdilər. Milli Ordunun yaranması təklifini MM-nin rəhbərliyinə bildirdilər. Bu məsələnin zəruri olduğunu MM-də dəfələrlə bildirmişdilər. Bu barədə qanun qəbul edilməsini MM-dən xahiş edirdilər. AXC tərəfindən verilən qanunların bəzisi 1991-ci ildə qəbul edildi. Bəzi təkliflər isə 1992-ci ilin sessiyasına qaldı. Dartışmalar davam edirdi. Qarabağda vəziyyət isə gərgin olaraq qalırdı. Qarabağda olan Azərbaycan kəndləri gülləbaran edilir, əhalisi zor gücü ilə yurd-yuvalarından qovulurdu. 1992-ci il girmişdi. Vəziyyət olduqca ağır idi. Həm Naxçıvan MR-də, həm də Qarabağda. Ermənistanın sərhəd rayonlarında ermənilərin həmlələri davam edirdi. AXC könüllü dəstələrlə birgə erməni hücumlarına qarşı vuruşurdular. Bakı şəhərində keçirilən mitinqlərdə Mütəllibovun istefası səslənirdi. «Mütəllibov istefa versin!», «Milli Şura yaradılsın!», «Seçkilərə kimi Milli Şura hakimiyyəti idarə etsin!» Sessiyada məsələ qoyuldu. Mütəllibov istefa verib yerinə Milli Şuraya rəhbərlik etmək üçün Milli Məclis sədri Yaqub Mahmudova tapşırıldı. Yeni prezident seçkilərinə qədər həmin dövrdə Xocalı faciəsi baş verdi. Bu faciə Mütəllibovun istefasını gücləndirdi. Mütəllibov aparatdan uzaqlaşdırıldı. Bu, müxaifətn və xalqın mitinqlərinin tələbi, təzyiqi nəticəsində baş tutmuşdu. Artıq gündəlik məsələ - hamı bir nəfər kimi Qarabağı müdafiə etməyə, xalqı səfərbərliyə çağırmağın üzərində qurulurdu. AXC bu dövrdə hakimiyyətdə və cəbhə bölgələrində ön sırada gedirdi. Bütün cəbhə bölgələrində cəbhəçilər vuruşurdu. Hakimiyyətin 70 faizi Xocalı faciəsindən sonra cəbhəçilərin əlində idi. Xocalı faciəsindən sonra mart-aprel aylarında Milli Məclis prezident seçilməsini gündəliyə saldı. Axır ki, martın 25-də Ali Sovetin sessiyası çağırıldı. Sessiyada təcili prezident seçkilərinin keçirilməsini bəzi deputatlar irəli sürdülər. Ancaq Demokratik Blok bu təklifə razı olmurdu. Belə tez prezident seçkilərinin keçirilməsi, ancaq çoxlu mübahisədən sonra iyun ayının 7-ə təyin edildi. 1992-ci ildə bir tərəfdən müharibə, bir tərəfdən prezident seçkisinin keçirilməsi vəziyyəti daha da ağırlaşdırırdı. Aprel ayının 9-da AXC-nin təcili sessiyası çağırıldı. Bu sessiyada Əbülfəz Elçibəyi Azərbaycanın prezidentliyinə namizədliyini irəli sürdülər. Bunu görən mütəllibovçular, Rusiyaya xidmət edən nökərlər daxildə qarmaqarışıqlıq salırdılar, hər yerdə təxribat yaradırdılar. İstər cəbhə xəttində, istərsə də daxildə və eləcə də AXC-nin daxilində qısqanclıq, vəzifə hərisliyi, parçalanma və vəzifə bölgüsü və ilaxır oyunlar gedirdi. Mütəllibovçular yenidən Mütəllibovu hakimiyyətə gətirmək (Rusiyanın əli ilə) prosesləri gedirdi. Aprel-may aylarında Rusiya hərbçiləri ermənilərlə birlikdə Azərbaycanın sərhədlərinə müdaxilə edirdilər. Havadarları ilə təxribatlar yaratmaq, sərhəd rayonlarımıza hücumlar təşkil etməklə məşğul idi. İstər Naxçıvan tərəfdən, istərsə də Qarabağdan ermənilər hücuma hazırlaşırdılar. Mayın 8-də rus hərbçilərinin köməyi ilə ermənilər Şuşanı zəbt etdilər. Bu hadisə AXC-ni sarsıtmaq, onun liderlərini aradan götürmək məqsədi güdürdü. Buna görə də, AXC seçkilərdə iştirak etməmək üçün qərar qəbul etdi. Mayın 14-də zorakılıq yolu ilə Mütəllibovu ikinci dəfə hakimiyyətə gətirdilər. O günlər xalqın çox böyük etiraz mitinqləri keçirilirdi. Mütəllibovun sessiyadakı çıxışı, hədə-qorxusu milləti AXC ətrafında daha da cəmləşdirirdi. AXC qərargahının qarşısındakı bağa millət, xalq yerləşmirdi. Gecəli-gündüzlü Ali Sovetə hücum şüarları qulaq batırırdı. O günləri mən də iştirak edirdim. Hamı Bəyin çıxışını, qərarını, əmrini gözləyirdi. Bir sutkadan sonra 15 May saat 10-11 olardı. Bəy balkona çıxıb Ali sovetin qarşısına getmək üçün marşrutları elan etdi. Yürüş etməyi və orada mühüm obyektləri tutmağı tapşırdı. Qabaqda bayraqlar iki xırda maşınla yüz minlərlə xalq Rəşid Behbudov prospektindən hərəkətə başladı. Mən deyərdim ki, əhalinin həpəkət sırası prospekt boyu N.Nərimanov prospektinə kimi 7-8 km olardı. 10 metr eni olan prospektlər sanki bir sel dalğası kimi aşıb-daşırdı. Evlərin balkonlarından uşaqlar, qocalar salamlayır, gül dəstələri atırdılar. «Uğurlar olsun», «Qələbəyə doğru», «Qələbə bizimlədir» deyib qışqırırdılar. Yürüş iştirakçılarının qabaq hissəsi Ali Sovetin binasının qarşısına çatanda «Moskva» mehmanxanasından və Ali Sovetin binasının qarşısında avtomat səsləri gəldi. Bunu görən əhalinin bir çoxu divarların, çəpərlərin dibinə sığındı. Buna qarşı cəbhəçilərdən cavab atəşi açdılar. Cəbhəçilərdən bir neçəsi Ali Sovetin binasının damından içəri, bir dəstəsi də «Moskva» mehmanxanasının içərisinə girib orada olan təhlükə yaradanları zərərsizləşdirib nümayişçilərin binanın qabağına, meydana toplanmasına imkan yaratdı. Ali Sovet binasının qapıları AXC-nin liderlərinin üzünə açıldı. Binadan AS işçilərindən heç kim olmadığını bildirdilər. Oradan da prezident binasına yürüş etmək çağırışları edildi. Bir dəstə yürüşçülər ora getdilər. Beləliklə, Mütəllibovun bir sutkalıq hakimiyyət dövrü qurtardı. Bəy o gecə bütün Azərbaycan xalqına müraciət etdi. O, 15 maya xalqımızın qələbəsi kimi qiymət verdi. Beləliklə, AXC hakimiyyətin bir hissəini əlinə aldı. Mayın 18-də sessiya çağırıldı. Sessiyada AXC liderlərindən biri olan İsa Qəmbərovu Ali Sovetə sədr seçdilər. Prezidentliyə namizədliyini geri götürmüş namizədlər yenə də namizədliklərini irəli sürdülər. Onlardan N.Süleymanovun namizədliyini qəbul etdilər. Bəyə qarşı alternativ namizədlər 4-ə çatdı. Hərə öz platformasını xadqa bildirir, qızğın təbliğat işləri aparılırdı. Millətə, xalqa yalan vədlər verirdilər. Heç ağlasığmaz vədlər verirdilər. Xalqı təbliğat vasitəsi ilə döndərirdilər. Köhnə kommunistlər rəhbər işlərdə işləyirdilər. Onlar bu işlərdə canfəşanlıq edirdilər. Xalqı başqa-başqa vədlərlə ələ alırdılar. Buna baxmayaraq, AXC bunların yalan olduğunu xalqa çatdırırdı. Seçki günü gəlib çatmışdı. Seçkilərin demokratik keçirilməsi üçün hər seçki məntəqəsində, hər bir təşkilatda nəzarət komitəsi təşkil etmişdilər. Seçkilərdə seçicilərin mütəşəkkil iştirak etməsini təmin etmək, yaxşı şərait yaratmaq üçün məntəqə sədrlərinə ciddi tapşırıqlar verilmişdi. Təbliğat aparılırdı. 7 iyun seçkilərin səsvermə günü gəlib çatdı. Son 75 ildə ilk dəfə idi ki, seçkilər azad, demokratik keçirilridi. Azərbaycanda səsvermənin müddəti elan edildi. Hamı səsvermənin nəticələrini gözləyirdi. Mərkəzi Seçki Komissiyası iyunun 13-də toplanan səslərin nəticələrini rəsmən açıqladı. Əbülfəz Elçibəy 59,4 % (1.829.448 nəfər) səs çoxluğu ilə Azərbaycanın prezidenti seçildi. Bu münasibətlə dünyanın dövlətləri demokratik yolla seçilən prezidentə təbrik teleqramları vururdular. Hər rayondan, ayrı-ayrı alimlərdən, şairlərdən, fəhlə və qulluqçulardan, hərbi döyüş bölmələrindən təbrik teleqramları gəlirdi. Prezidentin andiçmə mərasimi 16 iyun 1992-ci ilə təyin edildi. Bəy bu dövrdə axşamdan xeyli keçmiş evə gələr, səhərlər saat 9-da işə gedərdi. Bu bir həftədə onunla söhbətləşməyimiz az olurdu. Bəy işinin çoxluğundan çox yorğun olurdu. Yadımdadı, andiçmə günü Bəyi andiçmə yerinə aparmağa İsgəndər Həmidov iki maşınla binanın qabağına gəldi. O, bir neçə cangüdənlə gəlmişdi. Bəy maşina oturandan sonra maşının biri qabaqda, o biri də arxasınca yola saldıq. Andiçmə çox təmtəraqlı olmadı. Buna Bəy də icazə verməmişdi. Andiçmə mərasimi cəmi bir saat davam etmişdi. O, Qurani-Kərimə əl basaraq, üçrəngli bayrağımızı öpərək and içib, çıxış edərək millətə sadiq olacağını söyləyib və orada iştirak edənlərə təşəkkürünü bildirib. Bununla da, mərasim qurtarıb. O gündən Bəyin prezidentlik dövrü başladı. Elçibəyin prezidentlik dövrü hərtərəfli kitablarda, qəzet və jurnallarda yazılıb. Bu haqda bir daha yazmağı rəva bilmirəm. Ailəmiz həmin vaxtlarda onunla çox az təmasda olurdu. O da ki həftədə bir-iki dəfə 15-20 dəqiqə söhbətlərimiz olurdu. O da çox vacib iş olanda. Çox vaxt ayda bir dəfə görüşmək olurdu. Bəy prezident keçməklə Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləmiş oldu. Ağdərə, Goranboy, Xanlar, Laçının bir hissəi erməni işğalçılarından təmizləndi. Xalqda əhval-ruhiyyə yüksəlmişdi. Oktyabr ayının axırına kimi bu irəliləyişi görən Azərbaycan xalqının daxili və xarici düşmənləri birləşib bu işə təxribatlar yaratmağa, təbliğat aparmağa başladılar. Bu haqda da yazılıb, öyrənilib. Mən isə istərdim ki, Bəylə bağlı xatirələrdən söz açım. 1960-cı ildə Bəy Kəlbəcərə mən işlədiyim yerə gəlmişdi. Orada onu sürücümüz vilis maşınla gəzdirərdi. Bəy maşınla gəzəndə gələcəkdə prezident olacağından danışarmış. Səlyan Əvəz isə deyərmiş ki, prezident olanda mənə nə iş verəcəksən? Bəy də səni yollar naziri qoyacam deyərmiş. Bu söhbətlərdən 32 il sonra Bəy prezident oldu. Əvəz, Bəyi təbrik etməyə gəlmişdi. Bəy həmin dövrdə rezidensiyada qalırdı. Dedim ki, səhər-səhər o işə getməmiş getmək lazımdır. Biz durub Bəyin yaşadığı yerə getdik. Gözətçilər, oranın komendantı məni tanıdıqları üçün içəri buraxdılar. Oturub bir çay içib Bəyi gözlədik. Bəy çay içməyə gələndə bizi orada gördü. Əvəzlə görüşüb öpüşdü. Kəlbəcərin vəziyyətinin nə cür olduğunu soruşdu. Əvəz vəziyyətin necə olduğunu Bəyə danışdı. Bəy də dedi ki, dediyimiz dedikdi ha, indi nə deyirsən? Bəyin yadında qalmışdı. Əvəz dedi ki, Bəy, sən dediyin işi (söz verdiyi yollar naziri) mənim işim deyil. Çox sağ ol. Mənə bir təzə maşın ayırsınlar. Xəstəxana maşını işlədirəm. Çox köhnəlib, onu dəyişsinlər. Bəy oradan harasa zəng edib dedi ki, Kəlbəcər xəstəxanasına bir maşın ayırın, verin sürücü gəlib aparsın. Soruşdu ki, sonra nə istəyirsən? Başqa şey lazım deyil ki, gözün Kəlbəcərin üstündə olsun. Əvəz baş üstə dedi. Bəy işə getdi, biz də öz işimizə yollandıq. İyul-avqust ayları Bəylə bir də bağda görüşüb söhbət etdik. İşinin çoxluğu ona bizimlə çox görüşməyə imkan vermirdi. O gəlib bağda dincələ də bilmirdi. Həmişə iş yerində olurdu. Bağa az-az gələrdi. O aylarda cəbhə xəttində çox böyük irəliləyişlər oldu. Goranboy, Ağdərə, bütün rayonların cəbhə xətlərindən şad xəbərlər gəlirdi. Milli Ordumuz Xankəndə yaxınlaşırdı. Mən bağda olan dövrdə bağda Bəyin, bir də İsa bəyin ailəsi var idi. Hər tərəfdə gözətçilərə rast gəlinirdi. Bir gün gözətçilərin biri - rəhbərləri ilə söhbətdə o mənə dedi ki, burdan bağdan xoşun gəlir, necədir? Dedim ki, bağ bağ kimi çox gözəldir, amma mənim üçün darıxdırıcıdır. Ona görə ki, hər tərəf gözətçilərlə doludur, cəza evinə oxşayır. Mən həmişə azad, geniş dağlarda, bağlarda gəzib dolaşmağa, dost-tanışla, qohumlarla bir yerdə olmağa alışmışam. Bura mənim üçün heçdir. Bir istirahət günü Bəy bağa gəlmişdi. Avqustun əvvəlləri idi. Bəy, bağın təsərrüfat müdiri, bir də mən gəzməyə çıxdıq. Təsərrüfat müdiri bizi inəkləri, atları saxladığı yerə apardı. Bəy oraları gözdən keçirib iradlarını söylədi. Atlar xoşuna gəldi. Çünki uşaqlıqdan at minib gəzmişdi. O zamanlar yadına düşdü. Təsərrüfat müdirinə dedi ki, atın birini yəhərlə gətir, minim görüm necə atdır bunlar? Təsərrüfat müdiri də tez atın birini yəhərləyib gətirdi. Bəy atın hər tərəfini əli ilə tumarlayıb atı mindi. At demə ki, dəli xasiyyətli imiş. Bəy atın üstündə at götürüldü. Yaxşı ki, meydança çox geniş idi. Sahəsi böyük idi. At iki dəfə meydançanı fırlandı. Çox pis hərəkətlərlə özünü bağın kənarındakı ağacların altına verdi. Bəy də buna imkan vermirdi. Atın sürətlə qaçmağı məni də həyəcanlandırdı. Hey çığırırdım ki, yüyənini bərk saxla. Axır ki bir neçə dəfə meydançanı fırlanandan sonra at sakitləşdi. Yoruldu və gəlib biz durduğumuz yerdə dayandı. Bəy atdan enib atı təsərrüfat müdirinə verdi. Ata baxan dedi ki, hələ indiyə kimi heç bir prezident at minən olmayıb, məndən başqa. Mən də ki həmişə atların yanında oluram, onlara baxıram. Mənə öyrəşiblər. Mən minəndə bu cür dəlilik etmirlər. Xülasə, yaxşı at minəndi bizim prezidentimiz. Sonralar məlum oldu ki, bu atı qəsdən Bəyə veriblər ki, ona xətər toxunsun. Bəy bu təxribatdan da sağ-salamat qurtardı. Avqust ayının ortalarında mən kəndə Kələkiyə getdim. Bəyi oktyabra kimi görmədim. Kələkidə qaldım. Noyabrda Bakıya şəhərə gəldik. Vəziyyət yenə də ağırlaşmışdı. Cəbhə xəttində bütün sərhədlərdə ermənilərin hücumları davam edirdi. Naxçıvanda, Qazaxda, Qubadlı, Zəngilan, Ağdam bölgələrində yenə də cəbhə boyu qruplaşma, ayrı-ayrı dəstələr yaranmağa başlamışdı. O qüvvələr döyüş zonalarında təxribatlar törətmək, qazanılmış qələbələri heçə endirmək istəyirdilər. Noyabr ayında mən Bakıda olanda Bəy Türkiyədə səfərdə idi. Bəyi Türkiyədə prezident Turqut Özal başda olmaqla bütün türk xalqı çox böyük təmtəraqla qarşılamışdı. O bir həftəyə kimi Türkiyədə qalıb Türkiyənin müəssisələrində, hərbi düşərgələrində, görməli yerlərində olmuşdu. Bəylə birlikdə prezident Turqut Özal da gəzmişdi. Bəy həm də Atatürkün mavzoleyini, M.Ə.Rəsulzadənin qəbrini ziyarət etmişdi. Bəyi türk xalqı öz prezidenti kimi qarşılamış, Vətənə yola salmışdı. Bunu görən daxili və xarici düşmənlər qıcıqlanırdı. Noyabr ayında Bəyə və Xalq Cəbhəsinə qarşı Naxçıvanda, Şərurda Sirus Təbrizli və Nemən Pənahlı mitinqlər keçirir, cəbhəni xalqın gözündən salmağa çalışırdılar. 1992-ci ilin dekabrı idi. Cəbhə xəttində gərginlik artmışdı. Cəbrayıl, Qubadlı bölgələrində, şəhərdə çörək qıtlığı yaradırdılar. Buna baxmayaraq, həmin çətinlikləri aradan qaldırmaq üçün hamı çalışırdı. Əhalinin iqtisadi cəhətdən vəziyyəti bir az yüksəlmişdi. Bəzi respublikalarla müxtəlif sahələrlə bağlı müqavilələr bağlanırdı. Xarici və daxili düşmənlər isə bu irəliləyişlərə müdaxilə edir, xalqı çaş-baş salırdılar. Artıq 1993-cü il girməkdə idi. AXC hakimiyyəti dövrünün 7-ci ayı tamam olurdu. Bəyin bu 7 aylıq AXC hakimiyyət dövrü göstəricilərlə zəngin idi. Bu müddətdə ermənilərin zəbt etdiyi kəndlər, rayonlar geri qaytarılmış, iqtsadiyyat dirçəlmiş, yeni konstitusion qərarlar verilmiş, məcburi köçkünlər evlə təmin olunmuş, rayonlarda onlar üçün torpaq sahələri ayrılmış, elm, mədəniyyət haqqında qanunlar qəbul olunmuş, neft müqavilələri bağlamaq üçün qanun layihələri hazırlanmışdı. Maliyyə, qızıl, ehtiyat fondları hazır olmuşdu. Vicdanlı, vətənpərvər, işgüzar kadrlar keçmiş məmurları əvəz edirdi. Təsərrüfatda, sənayedə sahibkarlığa yardım idarəsi yaradılmışdı. Hərtərəfli - istər sənaye, istərsə də k/t yeniləşir, yeni strukturlar yaradılırdı. Yenə də qeyd etmək istəyirəm ki, bütün bunları gözləri götürməyən xalq düşmənləri hər vəchlə dövlətə, hakimiyyətə arxadan zərbə vururdular. Dostlar bu gün dönük çıxdı Əqrəb sifət oldu mənə, Bunlardansa xallı şahmar arzulayaram. Nizami Gəncəvi. 1993-cü il girmişdi. Həmin il Azərbaycanın quruculuq ili elan edildi. Quruculuq ilində Azərbaycanda ən mühüm işlərin görülməsi nəzərdə tutulurdu. K/t-da, istərsə də sənayedə böyük islahatlar aparmaq lazım gəlirdi. Bəy müstəqil Azərbaycan dövlətini MDB-yə daxil olan respublikalardan fərqli olaraq ən birinci dövlət kimi görmək istəyirdi. O, yeni-yeni qanunların qəbul edilməsini, əhalinin güzəranının tezliklə yaxşılaşdırılmasını, ordu quruculuğunun həyata keçirilməsini və vahid bir ordu halına salınmasını, məhkəmə sisteminin Avropa stantdartlarına uyğunlaşdırılmasını, bütün strukturlarda islahatlar aparmağı qarşısına məqsəd qoymuşdu. Ancaq yaxın cəbhəçi iş yoldaşları, vəzifə hərisləri cəbhə xəttində Azərbaycanın dövlət quruculuğuna qarşı yeni-yeni təxribatlar törədirdilər. İmperiya məmurlarının təsiri ilə Elçibəyə qarşı sui-qəsdlər hazırlayır, onu aradan götürmək istəyirdilər. Bu işləri törədənlərin çoxu vaxtı ilə AXC-nin içərisində Bəylə bir yerdə işləmiş insanlar idi. İndi AXC-dən ayrılaraq özləri üçün havadarlar axtırar, qruplar yaradır, mitinqlər keçirir, cəbhə bölgələrində təxribatlar törədirdilər. Bunların hamısı qəzetlərdə, kitablarda, tariximizdə həkk olunub. Həmin dövrdə yalan, böhtan, iftiralar da az yazılmayıb. Bunları əsli türk qanı olanlar düzün düz, əyrinin əyri olduğunu görür, dərk edirdilər. O aylarda Bəylə ailəvi görüşlərimiz çox az olurdu. Çünki Bəy çox vaxt xarici ölkələrdə səfərlərdə, cəbhə bölgələrində, qonaqlarla məşğul olurdu. Söhbətlərimiz, görüşlərimiz bir elə də olmurdu. Mart ayı girmişdi. Vəziyyət getdikcə gərginləşirdi. Daxili vəziyyəti gərinləşdirmək üçün ölkədə çörək qıtlığı yaradırdılar. Cəbhədən ayrılmış adamlar - Nemət Pənahov, Etibar Məmmədov, Surət Hüseynov, Rəhim Qazıyev və onların əlaltıları ölkədə hərc-mərclik salır, ayrı-ayrı rayonlarda mitinqlər təşkil edir, cəbhə xəttindəki ordu hissələrini geri çəkirdilər. Cürbəcür bəhanələrlə eyni zamanda, Naxçıvan MR-də isə vəziyyət daha da ağırlaşırdı. Onların bu işlərinə Rusiya havadarlıq edirdi. AXC hökuməti var gücü ilə dövlətin gücünü artırır, iqtisadiyyatını artırmaq üçün yeni kontraktlar bağlamaq üçün layihələr hazırlayıb müzakirəyə çıxarırdılar. Xarici dövlətlərlə sazişlər bağlamağa hazır olduqlarını bildirirdilər. Artıq sərhədlərimizi öz sərhəd qoşunlarımız müdafiə edirdi. İstər quru sərhədlərimiz, istərsə də dəniz sərhədlərimiz döyüşsüz, qırğınsız müstəqil dövlətimizin əlində idi. 200 il rus sərhədçilərinin əlində olan torpaqlarımız, sərhədlərimiz işğalçı Rus imperiyasının qoşunlarından təmizləndi. Bu tarixə kimi görünməyən iş Elçibəyin, Azərbaycan xalqının qələbəsi idi. Bütün dünyanın demokratik dövlətləri bu qələbənin tez bir müddətdə itkisiz, qırğınsız başa çatdırılmasını alqışlayırdı. Bunu sonradan başa düşən Rusiya dövləti, hərbçiləri hər vəchlə cavan, müstəqil Azərbaycan dövlətinə, onun rəhbəri Əbülfəz Elçibəyə gizlin, aşkar bəhanələr araya atmaq, ona qarşı sui-qəsd etmək, yenidən Azərbaycana qoşun yeritmək və həmişəki kimi bizi öz asılılığına salmaq məqsədi güdürdü. Buna görə də mart ayının axırlarında erməniləri qızışdıraraq, onları hərbi texnikalarla təchiz edərək öz ordusu ilə birlikdə Kəlbəcərə hər tərəfdən, Ermənistandan, Basarkeçərdən hücum etdilər. Eyni zamanda Ağdərə tərəfdən də hücuma keçdilər. Kəlbəcəri işğal etməyə başladılar. Ermənistanın hərəkətini, işğalçı siyasətini dünya ölkələri pislədilər, repressiyanı dayandırmağa çağırdılar. Kəlbəcərin işğalı günləri Bəy çox həyəcan keçirdi. Bir neçə gün vəziyyəti ağırlaşdı. Çörək, çay yeyib içmədi. Bu vəziyyətdə qaçqınların köçürülməsinə, onların rayonlarda yerləşdirilməsinə görə, gecə-gündüz iş yerindən ayrılmadı. Buna görə bütün ölkələrə - BMT-yə bu haqsızlığın qarşısının alınmasına görə, bəyanat göndərdi. «Kəlbəcər tezliklə erməni işğalçılarından təmizlənsin və geri qaytarılsın». BMT-nin qətnaməsinə görə, işğalçılar mayın axırına kimi Kəlbəcərdən çıxarılacaq, qaçqınlar öz yurd-yuvalarına qaydıcaqlar. Ən nüfuzlu təşkilatlar belə qətnamələr çıxararaq öz etirazlarını bildirdilər. Türkiyə prezidenti Turqut Özal 13 apreldə Bakıya gəldi. O Bəyə böyük ürək-dirək verdi və dedi: «Türk xalqı həmişə sizin yanınızdadır! Tezliklə Ermənistanın bu işğalçı siyasəti dünya dövlətləri tərəfindən pislənərək Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarılacaq». Turqut Özalın 3 günlük Bakı səfəri olduqca yaxşı keçdi. O bir neçə müəssisədə, ADU-da olaraq çıxışlar etdi. Bakını çörəklə təmin etmək üçün tezliklə buraya min tonlarla buğda gətirildi. Bakı-Ankara arasında iqtisadiyyatı yüksəltmək üçün sazişlər bağlandı. Milyonlarla dollar yardım edildi. Bunu görən təcavüzkar birləşmələr Rusiyanın yardımı ilə Gəncədə yerləşən rus hərbi hissələrinin texnikasını orada olan əlaltılarına təhvil verib getdilər. Gəncədə mitinqlər gedirdi. Mitinqin təşkilatçıları Nemət Pənahov, Şadman Hüseynov canfəşanlıq edir, gecə-gündüz dəridən-qabıqdan çıxırdılar. Elçibəyə qarşı iftiralar, hədə-qorxu dolu çıxışlar edir, orada olan xalqı tutduqları yoldan azdırırdılar. Surət Hüseynovu, Heydər Əliyevi xalqın xilaskarı kimi qələmə verirdilər. Bunlara qoşulan imperiya nökərləri, işdən çıxarılmış kommunistlər mitinqə toplanıb nalayiq sözlərlə çıxış edirdilər. Xalqı aldadıb, ağlagəlməyən vədlər verirdilər. Vəziyyət Gəncədə kriminal həddə gəlib çatmışdı.
Ora gedib-gələn komissiyalar, ağsaqqallar deyirdilər ki, Surət Hüseynov AXC hakimiyyətinin istefaya getməsini tələb edir. Bəy artıq görürdü ki, təklənməyə başlayıb. Bunu görən Bəy Rusiyada nüfuzu hələ də qalmaqda olan, daxildəki kommunistlərin keçmiş rəhbəri kimi Heydər Əliyevi bir ağsaqqal kimi Naxçıvandan Bakıya dəvət etdi. H.Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Bir neçə gündən sonra Elçibəy H.Əliyevi bir ağsaqqal kimi ora göndərdi. Əmin-amanlıq yaratmaq, barışıq tədbirləri görmək əvəzinə H.Əliyev S.Hüseynovu qızışdırıb Elçibəyin istefasını tələb etməyi ona təklif etdi. Gəncədə olduğu vaxt o, S.Hüseynova bir neçə təkliflər verdi. Bunlardan biri o idi ki, mən Gəncədən çıxan kimi Bakıya yürüş et. Sənin qarşına heç bir ordu, əsgər çıxmayacaq. Ona görə o öz postundan uzaqlaşacaq. Bəzi tapşırıqlar da verib o geri döndü. Ayın 13-də Milli Məclis sessiya çağırıb H.Əliyevin S.Hüseynovdan gətirdiyi təklifləri müzakirə etdi. İsa Qəmbər istefa verdi. Onun yerinə Bəyin təkidi ilə H.Əliyev MM-in sədri seçildi. Bu sessiyada Bəyin və keçmiş iş yoldaşlarının hamısının birlikdə istefasını tələb etdilər. S.Hüseynov sabah-birisi gün Bakıda olacaq, qan töküləcək və sair hədyanlar səslənirdi. Güc strukturları verilən əmrləri yerinə yetirmirdilər. Bəy onların dönük çıxmalarını, özünə qarşı əqrəbsifət olmalarını gördü. Dönük çıxan, əqrəbsifət olan cəbhə silahdaşları, dostları xallı şahmarı rəhbər seçdilər. O, MM sədri seçiləndən sonra zəhərli dilini yağlı dil edib işə saldı. Yan-yörəsinə özü istədiyi adamları gətirməyə, vədlər verməyə başladı. Bəy kriminal vəziyyətin yetişməsini görüb heç bir qarşıdurma olmasın, qan tökülməsin deyə fikirləşirdi. Bunu onun özündən başqa heç kim bilmirdi. Nə etməli? O hər an götür-qoy edirdi. Axırda o öz doğma kəndinə - Kələkiyə getmək qərarına gəlır. O zamanki AXC-nin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevi Bəy çağırır, vəziyyəti danışır, bu gecə buradan getmək lazımdır deyir. Hər şey hazır idi, təyyarə uçmaq vəziyytəində durmuşdu. Bəy 5 nəfərlə Bakı aeroportundan gecə saat 2-də Naxçıvana uçdu. Bu xəbəri, Bəyin Bakını tərk etməsini biz saat 10-da eşitdik. Çünki o axşam iş yerində olmuşdu. Bəylə gedənlərin biri oğlum Ədalət olmuşdu. Bəyin Naxçıvana getməsini H.Əliyevin komandası bilib, çox təəssüfləniblər. Çünki səhərə yaxın Surətin komandası prezident rezidensiyasını Bəy yaşadığı yeri atəşə tutub onu öldürəcəklər. Bəyin öldüyünə görə, komissiya da yaradılıbmış. Komissiyanın rəhbəri İmam Msutafayev, üzvləri təyin edilib. Həm də eşitdiyimizə görə, «Azərbaycan» qəzetində Bəyin ailə üzvlərinə başsağlığı hazırlanıb, çapa da verilibmiş. Deyilənə görə, qəzetin bir neçə nüsxəsi də çap olunubmuş. Xəbər veirilib, çapı dayandırıblar, çıxan nüsxələri də yandırıblar. Bəy artıq Naxçıvan aeroportundan Kələkiyə gedirdi. Təssüflənən komanda qurduqları sui-qəsd baş tutmadığı üçün Bəyin Türkiyəyə qaçdığını, özü ilə bərabər çoxlu mal-dövlət, qızıl, varidat apardığını, xalqı başsız qoyaraq qaçdığını, ölkədən çıxıb getdiyini və sair şayiələri, iftiraları televizor, radio vasitəsi ilə səsləndirib yayırdılar. Surətin komandası ayın 18-də Bakıya gəlib çıxdı. H.Əliyev gedib onu komandası ilə birlikdə qarşılayıb Prezident Aparatında görüşdülər. Bəyin 1 il bundan əvvəl dediyi söz yerinə düşdü. «Bu gün seçdiyiniz prezidenti 1 ildən sonra çıxaracaqsınız». Bəyin 1 illik prezidentlik müddəti qurtardı. Bəyin 1 illik prezidentlik dövründə gördüyü işlər bunların 5 ildə gördüyü işlərdən çox-çox dəyərli olmuşdu. Azərbaycanın müstəqil dövlətlər sırasına çıxarılması, Azərbaycanın üzərində 180 il hökmranlıq edən Rus imperiyasının ordularının ölkədən çıxarılması, yeni-yeni reformaların həyata keçirilməsi yadda qalan işlər idi. Bəy Kələkiyə gedəndən 2 gün sonra ailəsi haqqında fikirləşirdik. O zaman Bəyin ailəsi bağda idi. Tez gedib bağdan onun ailəsini, uşaqlarını evə gətirdik. Sənədlərini götürüb hamısına bilet alıb oğlum Saməddinlə yola saldım. Onları Binə aeroportundan yola salıb arxayın evə qayıtdıq. Saməddin dedi ki, biz Naxçıvan aeroportuna çatdıq. Tez bir taksi tutub yola düşdük. Sürücü soruşdu ki, hara gedirik? Dedim ki, Dırnısa. Sürücü bizə danışdı ki, deməzsən ki, Elçibəy Kələkiyə gəlib, yollar bağlıdır. Dedim ki, nə olar, öz kəndinə gəlib, sür maşını. Bu minvalla sağ-salamat gedib Kələkiyə çatdıq. Sürücü maşından düşəndə bildi ki, biz kimik. Elçibəyin 3 illik prezidentlik müddəti açıq türmə şəklində Kələkidə qurtardı. Mən sonralar bir qardaş kimi Bəydən H.Əliyevlə Bakıdakı görüşü haqqında soruşdum. Bəy söhbətlərində deyirdi ki, mən H.Əliyevlə 3 dəfə görüşmüşəm. Bir dəfə Türkiyədə Turqut Özalın yas mərasimində, 2 dəfə də Bakıda. Bakıdakı görüşümüzün birincisi onun qardaşı Həsən Əliyevin ölən vaxt olub. Mən 2 dəfə yas yerində olmuşam. Oğlanlarına başsağlığı vermişəm və demişəm ki, yasın keçirilməsinə nə lazımdır mənə deyin. Oğlu və qohumları minnətdarlıqlarını bildirib köməklik edibsiniz deyiblər. «Heydər niyə gəlməyib» deyə soruşanda mənə xəbər verdilər ki, Bakıda onun təhlükəsizliyini qorumaq lazımdır. Bəy isə onlara deyib ki, sizə Bakıda heç kəs toxuna bilməz. H.Əliyev qardaşının yasına gəldi. Bu müddətdə fürsətdən istifadə edib o Bəylə görüşmək istəyib. Bəy də deyib ki, nə vaxt istəyirsə gəlsin, mən görüşməyə hazıram. Oğlum Ədalət deyir ki, əmim işə getmişdi, saat 11-12 olardı. Xəbər veriblər ki, H.Əliyev qapıdadır, Bəyi görmək istəyir. Onu içəri dəvət ediblər. H.Əliyevlə bərabər köməkçisi Bəylər də yanında idi. Salamlaşıb görüşüb evə dəvət etdim. Əmimə zəng edib «Heydər Əliyev sizi gözləyir» dedim. Əmim gələnə qədər onlara çay təklif etdim. Əmim gəldi və onlarla görüşüb o biri otağa keçdilər. Söhbət 8-10 saat davam etdi. Söhbət vaxtı yemək və çay verildi. Bəydən soruşdum ki, söhbət nə barədə olub? Bəy gülümsəyib dedi ki, bir elə söhbət gizli olmayıb. Heydər qohumlarından, qardaşlarından çox gileylənib. Deyib ki, mən Moskvada olanda heç bir qohum mənim dalımca gəlməyib, soruşmayıb, eləcə də tanış-dost. Bir-iki nəfər istisna olmaqla. Mən də ona öz taleyimdən söhbət elədim. Axırda dedi ki, mən oğlumdan, qızımdan çox nigaranam, onlar Moskvada bir girov kimi qalıblar, bilmirəm neyləyim. Bəy də Heydərə deyib ki, sabahdan onları - uşaqlarını gətir Bakıya, mənə verilən evimdə yaşasınlar. Elə beləcə söhbətlər olub. Bundan başqa, Bəy nə danışdıqlarını açıqlamadı. Ədalətin dediyinə görə, H.Əliyev gedəndə Bəyə öz təşəkkürünü bildirdi, hamı ilə görüşüb getdi. Bəy deyirdi ki, H.Əliyevlə 2-ci görüşləri Turqut Özalın yas mərasimində oldu. H.Əliyev Bəyə Bakıya zəng vurub ondan xahiş edir ki, ona Türkiyəyə yasa getməyə icazə versin. Bəy də ona icazə verib. Biz də yasa getmək üçün Bakıdan Ankaraya uçduq. Gedib orada H.Əliyevi gördük. Dedi ki, bütün gecəni avtomaşınla yol gəlmişəm. Yas mərasimində iştirak edib Bəy Bakıya qayıdır. H.Əliyev isə Naxçıvana qayıtmalı idi. Bəy Bakıya qayıdandan sonra Dəmirəllə onun barəsində nə danışdıqlarını gəlib Elçibəyə danışıblar. Üçüncü görüş isə Bəyin hakimiyyət dövrünün axırıncı günlərində, Bəy onu Naxçıvandan çağırıb Gəncəyə yollayanda olub. Oğlum Ədalət onları rezidensiyada qarşılayıb. Ədalətin dediyinə görə, o, bu dəfəki görüşə qardaşları Aqil, Cəlal, Rəsul ilə gəlmişdi. Bu dəfə onlara bir çay verdim. Çay içincə əmim gəldi. Söhbətləşdilər. Söhbət çox uzun çəkmədi. Bəy Heydərə təklif etdi ki, gəl axşamlar burada qal, yat. Heydər də dedi ki, qardaşımgildə qalacam, arxayın ol. Bəli, Bəylə Heydərin üç görüşü belə olub. Əziz oxucular! Bəyin bir illik Prezidentliyi dövründə çox da geniş olmayan, görüşlərimi, söhbətlərimi siz oxuculara çatdırdım. 1993-cü ilin 18 iyunundan sonra Əbülfəz Elçiğəy öz doğma kəndi Kələkidə böyük qardaşımın evində idi. Amma Azərbaycan televiziyası bütün xalqa bağırırdı ki, Ə.Elçibəy harasa naməlum səmtə gedib. Dövlət televiziyası tək xalqımıza deyil, eləcə də xarici dövlətlərə də məlumat verirdi. Heydər Əliyev isə televiziya ilə xalqa müraciət edərək milləti çaş-baş salmaq üçün Ə.Elçibəyin hansı xarici ölkəyə uçduğu barədə məlumatsız olduğunu söylədi. Həmin gündən başlayaraq o yalan, iftira danışmağa başladı. H.Əliyev yaxşı bilirdi ki, Ə.Elçibəy Kələkidə idi. Ona çoxdan Naxçıvandan köhnə agentləri xəbər vermişdilər ki, Ə.Elçibəy öz doğma kəndindədir. O xalqı, milləti aldadaraq televiziya ilə bəyan etdi ki, bu gündən mən prezident səlahiyyətlərini öz üzərimə götütürəm. Onun bu çıxışına Ə.Elçibəy reaksiya verərək bütün xalqa, eləcə də Milli Məclisə məlumat verdi ki, mən heç bir yerə getməmişəm, Azərbaycan torpağındayam, öz doğma kəndim Kələkidəyəm. Mən demokratik yolla seçilmiş prezidentəm, heç bir xarici ölkədə deyiləm, ölkənin prezidenti Azərbaycanın hər guşəsində oturub ölkəni idarə edə bilər. Bəyin bu bəyanatından sonra vəzifə düşgünləri iftiralara, böhtanlara başladılar. Demək olar ki, iyun ayından Ə.Elçibəy üçün böhtanlar ili başlandı. Ayba-ay, ilbə-il böhtanlar, yalanlar, iftiralar Ə.Elçibəyin üzərinə yağış kimi yağmağa başladı. Elçibəy Kələkiyə gedəndən sonra Ordubad rayon Xalq Cəbhəsi Kələkinin yolarında postlar düzəltdilər. Kələkiyə gedib-gələn tanımadıqları adamları yoxlayırdılar. Bu postlara Ordubad Rayon Polis İdarəsinin rəisi İlqar Səid oğlu rəhbərlik edirdi. O həm polis rəisi, həm də komendant işləyirdi. O qorumaq üçün təşkil olunmuş dəstəyə rəhbərlik edirdi. Bu 1 ildə Bəyə qarşı sui-qəsd təşkil edən təşkilatçılar, müəyyən adamlar tutulub, xəbərdarlıq edilib danışıqlar əsasında polisə təhvil verilmişdi. Daxildə və xaricdə təxribatlar yaradanların qarşısını almaq üçün Türkiyə dövləti Bəyin mühafizəsi üçün dövlət səviyyəsində Kələkiyə birinci ili 10 nəfər yüksək çinli hərbçi yollamışdı. Türkiyə dövləti ilə əlaqə saxlamaq üçün hava rabitəsi də təşkil olunmuşdu. Hərbçilər hər gün hava xətti ilə öz dövlətləri ilə əlaqə saxlayır, Kələkidə olan vəziyyət barədə öz ölkələrinə, dövlət rəsmilərinə məlumat verirdilər. Həmin apartla dünyanın hər yerinə danışmaq olurdu.
Hərbçilər gələndən sonra Kələkiyə gələn təxribatçılar, hücumlar səngiməyə başladı. Türkiyə dövlətinin böyük sevgi ilə Bəyi qoruması böyük Türk xalqının, türk millətinin Bəyə qarşı sevgisi, məhəbbəti idi. Edilənlərin başqa adı ola da bilməzdi. Bunu görən qonşu dövlətlərin nökərlərinin başlarına sanki Allah yuxarıdan böyük bir daş salırdı. Hər bir vəchlə uydurmalar, böhtanlar yazıb yayırdılar. Buna qarşı isə demokratik ölkələrin müxbirləri həqiqəti olduğu kimi dünyaya yayırdılar. O ölkə olmazdı ki, oranın müxbirləri Kələkiyə gəlməsin. Bunu görən yeni iqtidar müxbirlərin gəlib-getməsinə imkan vermədilər. Onları Naxçıvan aeroportunda tutub geri qaytarırdılar. Ya da müxbirləri Naxçıvana aparıb bir-iki gün saxlayıb incidib buraxırdılar. Bəy belə bir vəziyyətdə Kələkidə yaşayırdı. Bəyin Kələkidə yaşadığı 4 il 4 aylıq dövrü 1993-94-cü illər ən gərgin və ən ağır illər idi. Həmin illər Kələki hər tərəfdən - hətta daxildən də yeni iqtidarın saysız-hesabsız agentləri ilə mühasirədə idi. Pullu-pulsuz agentlər gündəlik məlumatları Mərkəzə ötürürdülər. Onların bəziləri yalan, bəziləri də doğru məlumatlar idi. Kələkinin daxilində olan agentlər kənardan kəndə gələn şəxslər, jurnalistlər barədə, Bəyin kimlərlə görüşdüyü, kimlərlə söhbət etdiyi barədə hər axşamçağı ştablarına hesabat verirdilər. Bəy bu vəziyyətdə, şəraitdə gələn qonaqları qəbul edir, onlarla söhbətlər aparır, həqiqətləri uzaq ölkələrdən gələn jurnalistlərə danışırdı. Bu ağır illərdə Bəyin cəbhədəki köməkçiləri Kələkidə olardılar. Nəcəf Nəcəfov, Əli Kərimov, İbrahim İbrahimli, Qüdrət Həsənquluyev, Mirmahmud Mirəlioğlu tez-tez gələr və Kələkidə həftələrlə qalardılar. Onların deputat statusları olduğu üçün gəlib-getmələrinə çox mane ola bilmirdilər. 1993-95-ci ildə iqtidar tərəfindən iki-üç dəfə Kələkiyə hücum planı hazırlanmışdı. Bu hücumlar demokratik dövlətlərin, xüsusilə də Türkiyənin təzyiqi nəticəsində dayandırılmışdı. Həmin hadisələr zamanı Heydər Əliyev respublikadan kənarda olardı. Bu da bir siyasət idi. Gələndən sonra isə deyərdi ki, mənim bunlardan xəbərim yoxdur. O, özünü bu cür oyunlardan kənara çəkərdi. Bir dəfə də Kələkiyə hücum planı hazırlamaq üçün qara polkovnik deyilən Fətulla Hüseynov Naxçıvana gəlir. O şəraitlə tanış olur, planlar cızır. Naxçıvanda ona deyirlər ki, sən bu işə qoşulma, xalq, millət tərəfindən lənətlənərsən. O da götür-qoy edir, görür ki, doğrudan da bu iş haqsızlıqdır, planı həyata keçirməkdən əl çəkir. Deyilənlərə görə, F.Hüseynov əgər bu işi görmüş olsaydı, yəni Kələkini Bəylə birlikdə dağıtsaydı, H.Əliyev ona Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini verəcəkmiş. O illərdə bir dəfə də Culfadan Kələkiyə hücum planı hazırlanmışdı. Piyada əsgərlər dağ yollarla, tanklar isə maşın yolu ilə Kələkiyə hücuma keçirlər. Hücumda 8-10 tank olur. Bu tankların 2-i Dəstə başına ancaq gəlib çıxmışdı. Qalanları yolda qalıb işləməmiş, xarab olmuşdu. Piyada gələnlər isə dağlarda arxada qalıb komandirləinə deyiblər ki. bizi Kələkiyə aparsanız, silahları sizə çevirəcəyik. Tankistlər (sürücülər) isə qəsdən tankların seplərini sındırıb onları yoldan kənara çəkmişlər. Bu hadisəni Kələkidə olan türk hərbçiləri öz dövlətlərinə məlumat verirlər. Türkiyədən də Bakıya hərbi nazir xəbər verir, Cavabında isə türkiyəli nazirə belə bir hadisə olmayıb. Türkiyə dövləti məlumatların təcili yerində yoxlanılması üçün bir qrup deputat komissiyası göndərir. Bundan xəbər tutan Naxçıvanın hərbi komendantlığı əməliyyatın təcili dayandırılması əmrini verir. Yəqin ki, yuxarıdan əmr alandan sonra. Türkiyədən gələn komissiya hələ Naxçıvana çatmamış yollarda olan tankları gecə səhərə kimi dartıb poliqonlara aparıblar. Dəstədə olan iki tankı da yolun kənarında gizlədirlər. Komissiya Dəstəyə kimi yoxlayıb. Onlar Dəstə başında olan tankları da görüblər. Əhali ilə söhbətlərindən öyrəniblər ki, deyilənlər doğrudur və həmin hadisələr həqiqətən də olub. Sübuta yetirmək üçün Naxçıvana qayıdıblar. Orada nə danışılıb, nə deyilib, bütün bu danışıqlar iki dövlət arasında olan danışıqlar olub. Həmin hadisələr barədə orada iştirak edən əsgərlər, sürücülər, praporşiklər hadisə sovuşandan sonra danışırdılar. Belə bir şayiə yayılmışdı ki, guya Kələkidə böyük bir ordu, hərbi sursat var, camaatı, kolxozçuları taxıl əkməyə, bağları becərməyə, suvarmağa imkan vermirlər. Kələkiyə gedib-gəlmək mümkün deyil. Orada olan geoloji idarə dağlarda iş apara bilmir. Hər tərəf top-tüfəngli, avtomatlı əsgərlərlə doludur. Bu sözlərin, danışıqların kənar rayonların camaatı, respublikanın digər bölgələrinin əhalisi, xalq doğru olduğuna inanırdı. Amma Kələkiyə gəlib-gedən görürdü ki, kənddə belə bir vəziyyət yoxdur və deyilənlər ağ yalan, böhtandır. Ona görə Azərbaycanın Milli Məclisi bir qrup deputatdan ibarət deputat komissiyası yaratdı. Komissiyada demblokun deputatlarından da var idi. Onlar Kələkiyə gəldilər. Naxçıvan MR-nin baş prokuroru İ.Nəcəfov, daxili işlər naziri İsayev və başqaları bu komissiyanın içərisində idi. Sürücülü, gözətçili 50 nəfər olardı. Onlar saat 10, 11-də Kələkiyə gəlib çıxdılar. Bəy bizə tapşırdı ki, Bakıdan gələnlərə erkək kəsin, xörək bişirin, kabab, çay verin. Onları ac yola salmayın. Biz də həmin işləri gördük. Komissiya kəndə gəldiyi ay orucluq ayı idi. Bakıdan gələn komissiyanın sədri Rəhimov idi. Gələnlərin çoxu tanış idi. Cahangir Qəhrəmanov, Hacı Sabir, Mikayıl Mirzə, Ordubadın polis rəisi və başqaları idi. Vənənddən yuxarı bütün kəndlər Kələkiyə toplanmışdı. Azacıq qar yağmışdı. Hava yumşaq idi. Gözəl hava idi. Çox soyuq deyildi. Açıq havada toplantı keçirildi. Toplantıya Demblokdan olan deputatlar N.Nəcəfov və Arif Hacıyev rəhbərlik edirdilər. Onlar gələn nümayəndələrə dedilər ki, qalın burada, bu dağı-daşı, taxıl zəmilərini, bağlarını gəzin, görün burada tank, top, hərbi sursat, əsgər haradadır? Bu iftiraları, böhtanları sizin Milli Məclis hər gün xalqa yalan danışır. Baxın gəzin görün ki, quldur dəstələri haradadır? Xalqın bu çıxışları komissiya üzvlərini heyran edirdi. Ağsaqqallardan biri Qurani-Kərimi gətirib komissiya üzvlərini müqəddəs kitaba and verib dedi ki, buradan Bakıya qayıdanda bütün Azərbaycan xalqına burada gördükləriniz barədə doğru məlumat verəcəksiniz. Tədbir, mitinq qurtardı. Xörək, yemək hazır idi. Mən Cahangir müəllimə dedim ki, buyurun gedək çörək yeməyə, hər şey hazırdır. Hacı Sabirə də dedim ki, buyurun çörək yeməyə. Hacı Sabir də dedi ki, mən səfərdəyəm, mənə oruc tutmaq olmaz deyib Cahangir müəllimlə qabağa düşüb evə qalxdı. Gələn qonaqlar, sürücülər də bizim arxamızca gəldilər. Bəylə Rəhimov, bir də bir nəfər iş otağında qaldılar. Qalan hamı yemək yeyilən otağa keçdi. Çöldə yaxşı kabab bişirilirdi. Kəndə gələn qonaqların hamısı süfrə başında oturdular. Cahangir müəllim dedi ki, Murad, mən bu ocağın başında isti-isti kabab yeyəndən sonra stolda oturacam. O sonra stolda oturub Hacı Sabirlə yeməyə başladı. Stolun üstündə soyutma da var idi. Qonaqlar ətdən yeyib, çaydan içdilər. Mikayıl Mirzə çölə çıxıb yavaşca mənə dedi ki, kababı yeyə bilmirəm, bir az su ver. Mən tez başa düşüb bir çappa stəkan süzüb ona verdim. M.Mirzə çöldə vurub içəri keçib xörək, kababdan yeməyə başladı. Cahangir müəllim yavaşca dedi ki, bir-iki şiş kabab lavaşın arasına bük, götürüm Rəhimova da aparım. Elə o cür də etdik. Yeyib-içib qonaqları təntənə ilə yola saldıq. Gələn qonaqlardan İ.Nəcəfov, İsayev çörək yemədilər. Mənə dedilər ki, biz orucuq. Sonradan bildim ki, onlara bizdən aşağı kənddə, Vənəddə qonaqlıq veriblər. Komissiya üzvləri həqiqətləri Bakıda MM-də, eləcə də H.Əliyevə danışıblar. Deyiblər ki, orada ağsaqqallar bizə Qurana and veriblər ki, həqiqətləri televiziya vasitəsi ilə xalqa çatdırmalıyıq. Hakimiyyət və MM buna razı olmayıb. Onları gələcək seçkilərdə yaxına belə buraxmadılar. Komissiyanın hesabatını isə yarımçıq, özlərinin xeyrinə danışdılar. O zaman hakimiyyət məmurları xalqı, milləti belə aldadırdılar. 1993-94-cü illərdə Elçibəylə bağlı baş verən bütün hadisələrdə hakimiyyət tərəfindən çox haqsızlıqlar edilirdi. Fəal cəbhəçilərin hamısını müxtəlif bəhanələrlə tuturdular. Elçibəyin yaxın qohumlarını, Bəyə salam verənlərin hamısını gözüm çıxdıya salırdılar. Oğlumun birini Bakıda tutub 3 gün sonra buraxdılar. İkinci oğlum Bünyadı Kələkidən Dəstəyə gedəndə üstünə böhtan atıb tutdular. Dedilər ki, guya Dəstənin məscidini dağıtmağa gedirmiş. Sonradan baxıb gördülər ki, bu iftira ilə onu tuta bilməyəcəklər, digər maddə ilə qanunsuz silah gəzdirməklə ittiham irəli sürüb 3 il iş verdilər. Üçüncü oğlumu isə bir müddət sonra həbs etdilər. Həmin illərdə kəndə azərbaycanlı, eləcə də dünyanın başqa-başqa ölkələrindən jurnalistlər gəlirdilər. Çoxu gizli yollarla gəlib kəndə çıxırdılar. Azərbaycanın müxalifət qəzetlərinin müxbirləri tez-tez gələrdilər. Bəzi vaxt onları tutub geri qaytarardılar. Buna baxmayaraq, müxalifət qəzetinin jurnalisti Natella xanım qorxuya, hədəyə baxmayaraq, şəhid ailəsi kimi tez-tez gələrdi. Onu Naxçıvanın bütün polisləri tanıyırdı. Elə vaxt olurdu ki. o səhər gələr, axşam qayıdardı. Kələkidə olan həqiqətləri, Bəyin müsahibələrini qəzetlərdə işıqlandırardı. Natella xanımı bütün kənd uşaqlı-böyüklü tanıyırdı. Həmin illərdə Bəyə sadiq olan, onu qardaş kimi sevən cəbhəçi qadınlar daima Kələkiyə gələrdilər. Onlar bəyi darıxmağa qoymazdılar. Ələlxüsus Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova başda olmaqla Əzizə ana, Toma, Gültəkin, Sevil, Xanım hər ayda 2-3 dəfə Kələkidə olardılar. Eləcə də Türkiyədən Sevgi xanım, Amerikadan xanım, Naxçıvandan Gültəkin həkim daim Bəyin görüşünə gələrdilər. Gəlib-gedənləri saymaqla başa gəlməz. AXC-nin Məclisinin heyət üzvləri Arzu, Natiq, Yaşar, Rövşən, Cahandar, Ülvi və başqaları həmişə Kələkidə olardılar. Bəyin sürücüsü Xəlil aylarla Kələkidə qalardı. Bəzi istəkli dostlar da ayda bir-iki dəfə böyük çətinliklə gəlib kəndə çıxardılar. Bu çətin dövrdə mən, Almurad kənddə olardıq. Uzaqdan, xarici ölkələrdən jurnalist gələn qonaqları qəbul edirdik. Çünki bəy bizə tapşırmışdı ki, istər dost olsun, istərsə də qeyri, bura gələn qonaqları çaysız, çörəksiz yola salmayın. Biz də Bəyin tapşırığını yerinə yetirərdik. Gələn adamların hamısına hörmət edib yola salardıq. Bu illər iqtidarın təşkil etdiyi hərbi əməliyyatlar demokratik dövlətlərin təzyiqləri nəticəsində baş tutmamışdı. O halda iqtidar başqa metodlara əl atmağa başladı. Bəyin yaxın dostlarını, fəal cəbhəçiləri bir-bir aradan götürmək, işdən çıxartmaq, hədə-qorxu gəlmək, sui-qəsd yaratmaq ittihamları ilə şərləyib tutmağa başladılar. 37-ci illin repressiyaları təkrar olunurdu. Onların bəziləri xarici ölkələrə getdi, bəzilərini öldürdülər, bəziləri də tutuldu. Öldürülənlərin ən dəhşətlisi Azərbaycanın Milli Qəhrəmanı, Şərur-Naxçıvan cəbhəsində ermənilərə qarşı gecəli-gündüzlü müdafiədə dayanan Şahmərdan Cəfərov olmuşdu. Onu xaincəsinə gecə yolda mühasirəyə alıb güllələdilər. Ağır yaralardan sonra o şəhid oldu. AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyev, Naxçıvan XC-nin sədri Asəf Quliyevi və bir çoxlarını tutub zindana saldılar. Bu repressiyalar tək Naxçıvanda deyil, Azərbaycanın bütün rayonlarında aparılırdı. Bununla da, Elçibəyi təkləmək, xalqdan təcrid etmək istəyirdilər. Bu metod axır illərə kimi davam edirdi. Həyata keçirilən repressiyalar iqtidarın Elçibəyə qarşı üçüncü təbliğat maşını idi. Milli Məclisdə Elçibəyi tanıyan, tanımayanlar ona görünməmiş iftiralar, böhtanlar yağdırırdılar. Bu barədə utanıb çəkinmədən qəzetlərdə, jurnallarda məqalələr yazırdılar. Hətta iş o yerə çatmışdı ki, bizim ata-babamızı erməni kimi qələmə verirdilər. O dövrdə Azərbaycanın ziyalı təbəqəsi bu yazıları nifrətlə qarşılayırdılar. İqtidarın rəhbərliyi ilə yazılan bu yazılara dözməyən gənc, milli ruhlu şairimiz Ramiz Rövşən bu şeri yazdı: «Sənə bir daş atar, yerindən duran, Səni sevdiklərin daşqalaq eylər. Bir əlində daş var, birində Quran, Daş atan bilirmi nə günah eylər?! Bəli, hərə bir daş atdı, tanıyan, tanımayan, Atılan bu daşların, böhtanların altında Allahtəala göndərdiyi öz elçisini sağ-salamat saxladı. Bəyə yağdırılan bu çirkin yağışlar yapışmadı. İslatmadı onu. O bir dəfə silkələnəndə pak olur və sakit olurdu. Sakit dayanırdı. Sanki bir dərya kimi. Nizami Gəncəvinin belə bir kəlamı var: Dəryaya min çay axar Silkələnib sakit durar, Arxa bir su gələndə Qışqırıb haray qoparar. Bəli, Elçibəyə axan bu çirkablar, bulanıq sular Bəyi heç də narahat etmirdi. Bir dəfə silkələnməklə üstünə axan bulanıq sular təmizlənir, dərya kimi paklanır, sakit dayanır və deyərdi ki, hər şeyin zamana ehtiyacı var, bunların hamısı boş şeylərdir, səbr etmək lazımdır, Allahın məsləhəti belədir. Elçibəy Allahın ona bəxş etdiyi təmizliyi, paklığı özündə saxlayırdı. O dövrdə dünyanın hər yerindən gələn nümayəndələr - istər dövlət tərəfindən, istərsə də qeyri təşkilatlardan Bəylə söhbətləşər, ondan müsahibələr götürərdilər. Gedəndə Bəydən yadigar olaraq bir şey aparmaq üçün ondan saqqalından, ya da ki saçından bir tükünü xahiş edib alar, yazdıqları, qeyd götürdükləri dəftərçələrinin arasına qoyub aparardılar. Elçibəyin Kələkidə yaşadığı 1-2-ci illəri çox ağır, qarmarışıq illər oldu. O illərdə Bəyin qohumu, mənim qaynım, Naxçıvan Dövlət Universitetinin müəllimi Aydın Qasımovu da tutdular. Dedilər ki, A.Qasımov guya H.Əliyevə sui-qəsd hazırlayıb. Bu, başdan-başa yalan, iftira, böhtan idi. Həsən Tokunu Elçibəyə sui-qəsd etmək üçün öyrədib, hazırlayıb Türkiyədən Naxçıvana, oradan da Kələkiyə yollamışdılar. Bu izi itirmək üçün Həsən Tokunu Naxçıvandan Aydın Qasımovla Kələkiyə göndərmişdilər. Bəy Həsən Tokunu heç yaxına da buraxmamışdı. Həsən Toku bir həftəyə kimi Kələkidə qaldı. Həmişə bir yerdə söhbət edirdik. Özünü tələbə kimi qələmə verirdi. Sonra buradan çıxıb getdi. Burada işi baş tutmadı. Sonra Aydın Qasımovu tutmaq üçün bu tələni qurdular. (Bu mənim fikrimdir - M.M.) Mən bu məsələni bir neçə yerlərdə bəzi yoldaşlara danışdım. Dedilər ki, sən düz demirsən. Nə isə, Aydın Qasımova 12 il iş verdilər. Ona görə ki, o Bəyin qohumu idi. Çox savadlı adam idi, aradan götürmək lazımdır. Haq-nahaq belə oldu. Bəy Bakıdan Kələkiyə gedəndən 2-3 ay sonra mənim Bakıdakı mənzilimə hücum ediblər. Gecə saat 2-də hadisə belə olub. Guya Elçibəy gəlib qardaşı Muradgildədir. O günlərdə yoldaşım Firuzə, dayım oğlu Bahadur, kənddən Bakıya getdilər. Böyük oğlum Saməddin və qızlarım da evdə olurlar. Agentura xəbər verir ki, Bəy öz cangüdəni İlqarla, qardaşı oğlu Ədalətlə gəlib qardaşı Muradgildədir. Yasamal Rayon Polis İdarəsi əməliyyat hazırlayıb. 12 nəfər polis, qalanları isə hərbçilər evi mühasirəyə alıb, 12 nəfər bizim bloka doluşub hər mərtəbədə qapıları açmamaq üçün bir hərbçi gözətçi qoyaraq, heç kimi xaricə və daxilə buraxmayraq evə gələrlər. Evimizdə hamı yatmış olub. Bizim qapını döyüblər. Böyük qızım Səadət durub soruşub ki, kimsiniz? Deyiblər ki, Ədaləti aparmağa gəlmişik, o əsgərlikdən qaçıb. Qızım deyib ki, o əsgərliyini qurtarıb, özü də əmimlə kəndə gedib, burda yoxdur. Deyiblər ki, yox açmalısan, inanmırıq, yoxsa qapını sındıracağıq. Bu səs-küyə çıxan qonşuları çölə çıxmağa qoymayıblar. Telefonu da bayırdan açıblar. Qərəz, qızım qapını açıb. O vaxt yoldaşım da yuxudan ayılıb. Polislər 10 nəfəri də içəri doluşub. Başlayıblar otaqları axtarmağa. Mənzilim 5 otaqlı idi. Kəllə otaqda oğlum Saməddinlə dayım oğlu yatıblar. Polisin biri çığırır ki, burdadırlar, gəlin. Hamısı otağa cumur. Onlar yerlərindən qalxırlar, paltarlarını geyinib qurtaranda heç bir şey soruşmamış əllərini bağlayıb çölə çıxarıb gətirdikləri örtülü maşına mindirirlər. Onların 4-ü isə mənzildə qalıb otağı yenidən axtarmağa başlayırlar. Yoldaşımın 2 dəfə ürəyi gedir. Dərman, su verib ayıldırlar. Axtarış isə davam edir. Yenə də axtarışlarını dayandırmırlar. Servantda olan bütün qabların içinə kimi axtarırlar. Yoldaşım da deyir ki, ay bala, nə axtarırsınız, deyin, mən yerini deyim. Polislər deyib ki, silah, qızıl axtarırıq. Yoldaşım deyib ki, oğul axtarın, tapanda mənə də deyin. Bir şey tapa bilmirlər. Yorulub dururlar. Sonra bir də axtarmağa başlayırlar. Qapının ağzındakı şkafı açırlar. Üzərində Heydər Əliyevin şəklini görürlər. Başlayırlar gülüşməyə. Deyirlər ki, bunlar bir adamlardırlar, bizi yorurlar. Şkafın içindəki ayaqqabı karobkalarının içərisinə kimi axtarırlar. Bir şey tapa bilməyib uşağın oyuncaqlarının içərisindən tapançanı götürüb gedirlər. Həmin oyuncağın o zaman pistonu var idi. Alıb qoyardım sandığa. Atanda tapança kimi səs çıxarırdı. Oğlum Saməddin və dayım oğlunu aparıb Yasamal Rayon Polis İdarəsinə salıblar.
Səhər açılanda bütün şəhər baş verənlərdən xəbər tutdu. Eyni zamanda, xarici jurnalistlər də bu barədə məlumat verdilər. Hamı işə qarışdı. Elçibəyin qardaşının evinə bu gecə polis tərəfindən hücum edilib. Jurnalistlər evə gəlib yoldaşımdan və qızımdan müsahibələr götürüb getmişdilər. Baş verənlərlə bağlı Rusiya prezidenti Boris Yeltsin, Türkiyə prezidenti, baş nazir Süleyman Dəmirəl Heydər Əliyevdən soruşurlar ki, bu nə olan şeydir? O da deyir ki, mənim xəbərim yoxdur, maraqlanaram. Bir sutkadan sonra dayım oğlunu gətirib qaranlıqda evə təhvil verib gedirlər. 3 sutkadan sonra da oğlum Saməddini yenə də o cür 2 nəfər gətirib evə təhvil verib gediblər. Sonralar evdə axtarış aparanlar Almuradı görəndə üzr istəyib deyiblər ki, bizi bağışlayın, biz kimik ki. Bizə dedilər, biz də axtarış apardıq. Apardqları oyuncaq tapançanı ekspertizaya veriblər. Ekspertiza da rəy verib ki, yaxından adamı vursa yaralayar. O sözə görə, uşağa qarşı ittiham irəli sürdülər. Artıq uşaq böyümüşdü. 20 yaşı var idi. Bu maddə Ədalətin üstündə qaldı. O vaxt bu ədalətsiz hücumlar Elçibəyin yaxın qohumlarına edilirdi. Bəzilərini tutmaqla, bəzilərini isə yaxın-uzaq qohumlarını, dostlarını işdən uzaqlaşdırırdılar. Bunlar fiziki hücumlar idi. Təbliğat hücumları isə iqtidaryönlü qəzetlərdə milli mentalitetimizə yaraşmayan şəkildə yazılar dərc edirdilər. Qanunların aliliyini qorumalı olan Milli Məclisdə böhtançı deputatlar peyda olmuşdu. Onların vasitəsi ilə Elçibəyə qarşı böhtanlar yağdırırdılar. Bu böhtanlar bir-iki gündən sonra MM-də sabun köpüyü kimi əriyib gedirdi. Yalan baş tutsa da, ayaq tutub yeriməz. Bəli, həmin atılan böhtanlar ayaq tutub yerimirdi. Onları danışanlar xalqın, millətin nifrətinə səbəb olurdu. Elçibəyin Kələkiyə getməsindən 3 il sonrakı müddətdə artıq yağdırılan İftiralar, böhtanlar, hədyanlar nisbətən səngiməyə, azalmağa başladı. Bu tarixi hadisələri, həmişə Elçibəyin yanında olmuş, Bəyin Kələkidə olduğu vaxt salnaməsini yazan köməkçisi Oqtay Qasımov olmuşdu. 4 il 4 ay o Bəyin yanında qalmışdı. Həmin dövrün arxiv materiallarını, Bəylə bağlı dəqiq araşdırmaları da o aparmışdı. Yəqin ki, gələcəkdə Bəy haqqında xatirələr kitabını da buraxacaq. Bununla bərabər, Elçibəyin mətbuat katibi Ədalət Tahirzadənin kitablarında Bəy haqqında geniş məlumatlar oxuculara çatdırılıb. Onlar yenə də Elçibəy haqqında yeni kitablar nəşr etməyə hazırlaşırlar. Mən ailəmiz adından onlara təşəkkürümüzü bildirirəm. Bu 3 illik Bəyin gərgin, yorğun illərində o həm də xəstələndi. Ona heç bir yandan tibbi yardım olunmadı. Kənd həkimimiz var idi. O həmişə Bəyin yanına gələr, onun müalicəyə ehtiyacı var deyərdi. Dərmanlar yazardı. O dərmanlarla Bəyin xəstəliyi yüngülvari sovuşub gedərdi. Bu 3 illik dövrdə Dırnıs bəyləri həkimlə birlikdə axşamlar gələr, Bəylə söhbətləşərdilər. Elə vaxtlar olardı ki, səhərə yaxın durub gedərdilər. Onlardan Əmiraslan müəllim, Əhəd həkim, əmioğlu MirKazım ağa, Nizami müəllim, Mürsəl, Rəfael daim axşamlar Bəyin yaşadığı evə gələrdilər. Onlar gəlmədiyi günlərdə Bəy darıxırdı. Gəlməyəndə gileylənərdi ki, harada qaldınız? Həmin dövrlərdə Həmidə xanım Vənənddən yoldaşı ilə gələrdi. Gündüzlər rayonun başqa-başqa kəndlərindən Bəyin görüşünə gələrdilər. Bayram günləri məktəb şagirdləri dəstə-dəstə, hətta Naxçıvandan institutdan tələbələr qrup halında Bəyi görməyə gələrdilər. Bakıdan tanınmış yazıçı Əkrəm Əylisli bir neçə il yay vaxtı Kələkiyə gəlib Bəylə görüşüb 2-3 gün qalıb öz kəndi Əylisə gedərdi. Həmin vaxt Bəyin yaxın dostu Basqal Həsən ildə 2-3 dəfə onun yanına gələrdi. O qardaşı Əmirağa ilə gəlib gedərdi. Eyni zamanda, Bəyin tələbəlik yoldaşı və ailəvi dostu Abbas Musayev də ailəsi ilə yayda məzuniyyətə Orudabada gələrdi. Bunları qeyd etməkdə məqsədim birdir - Bəyin ən ağır illərində onun dostları, silahdaşları bir an belə tək qoymadılar, yad etdilər. Elə vaxtlar olurdu ki, bəziləri həftələrlə, günlərlə kənddə qalır, onunla söhbətləşirdilər. Türk dövləti tərəfindən vəzifəli şəxslər, jurnalistlər gəlib gedirdilər. Ümumiyyətlə, bu dövrdə Bəyin görüşünə açıq, gizli yollarla yüzlərlə tanış, dost gələrdi. 1993-cü ilin iyunundan başlanan repressiyalar Naxçıvan MR-də, istərsə də respublikanın başqa-başqa rayonlarında kütləvi şəkildə yox, arabir davam edirdi. Bəyin mühafizəsinə rəhbərliyi rayon polisi tərəfindən siyahıya alınmış Ordubad Xalq Cəbhəsinin sədri, AXC MM-nin üzvü İlqar Səid oğluna tapşırılmışdı. Bütün cangüdənlər öz qohumlarımız və kənddən olan cəbhənin üzvləri idi. Mirhadı, Ədalət, Zülfüqar, Yusif, Aydın, M.Asif, X.Şahin, X.Müstəqim, X.İbrahim, Əli, Ə.Maşallah, Ə.Əkbər və başqaları Kələkiyə gələndən mühafizə dəstəsində idi. Siyahı tərtib olunandan sonra başqaları daha ora götürülmədi. Türkiyə dövləti Azərbaycan iqtidarının xahişini nəzərə alaraq, (Tansu Çillər bakanlıqdan çıxandan sonra) Kələkidə olan türk subaylarını apardı. Amma hava rabitəsini bəyin köməkçisi Oqtay Qasımova tapşırdı. Bununla Kələkidə məxfi kəşfiyyat məlumatlarını verən adamların sayı azalmağa başladı. Bu illərdə Bəyin işlədiyi qərargah, gələn nümayəndələri qəbul etidyi yer keçmiş geoloji kəşfiyyat idarəsinin yeri idi. Hakimiyyət iddia etməyə başladı ki, oradan çıxmalısan. Bildirildi ki, oradakı işçilərə, geoloqlara işləmək üçün imkan vermirsiniz. Orada rəis işləyən vaxtı ilə cəbhəçi olub, indi ikiüzlülük edib şikayət edib ki, mən orada iş apara bilmirəm, işçilərim qorxur, işləyə bilmirlər. Belə bir şikayət yazılıb nazirliyə göndərilir. Amma halbuki Bəy Kələkiyə gələndə ona deyir ki, bu evlər, bu tikililər sizə qurbandır. Onsuz da bizim işçilər hamısı Şərurda, Culfada, Şahbuzda iş aparırlar. Ayda bir dəfə hesabat verməyə gəlirlər. Orada qalmağa da, işləməyə də yer çoxdur. O adamlar cəmi bir həftə burda olurlar. Bu minvalla o, hər iki tərəfə işləyirdi. Bunlara da belə adam lazım idi. Nə isə, get-gəldən sonra Bakıdan, Naxçıvandan gəlib evi boşaldıb getdilər. Bəy də dedi ki, bu da sizin eviniz, görək sonra nə bəhanə edəcəksiniz. Bəy iş otağını dayım qızının evinə - Xumargilə köçürtdü. Bakıya gəlincə orada qaldı və işlədi. Gələn qonaqlarını qəbul etdi. Gələn qadınlar elə o evin bir otağında qalırdılar. Xumar xanım gələn qadınlara hörmət edir, onlarla dostlaşır, rəfiqə olurdu. Kələkiyə gələn elə bir xanım olmazdı ki, o, Xumar xanımın qonağı olmasın. İstər cəbhəçi, istər jurnalist, istərsə də qeyri-təşkilatdan olan xanım olsun. Hətta xaricdən gələn xanımlar da Xumar xanımın evində qalıb onunla dil tapıb tez bir zamanda dost, rəfiqə olardılar. Xumarın bacısı Qumrunun da o illərdə Bəylə bağlı çox zəhmətləri olub. Bəyin görüşünə gələn qonaqlara çay-çörək hazırlamaq, onlara qulluq etməkdə böyük xidmətləri olmuşdu. Həm də o ağır illərində onlar Bəyə mənəvi dayaq olmuşdular. Biz qardaşların dayı qızları bizlərə bacıdan artıq olublar. Bacı çox şirindir, heyf ki, Allah tərəfindən biz qardaşlara bacı qismət olmayıb. Qardaşım İbrahimin və mənim evim isə gələn kişi qonaqlar üçün ayrılıb. Vaxt olub ki, gələn kişi qonaqlar həftələrlə qalıblar. Ə.Kərimov, N.Nəcəfov, O.Qasımov, F.Qəzənfəroğlu, Q.Həsənquluyev, İ.İbrahimli, A.Mollazadə, C.Həsənli, Türkiyədən gələn qonaqlar və başqa yerlərdən qonaqlar qalar, işləyərdilər. Onların zəhmətini çəkən isə Firuzə, Mədinə, Qızxanım olub. Qonaqpərvərliyinə, gülərüzlülüyünə görə qonaqlar onlara hər zaman təşəkkürlərini bildirərdilər. Bəyin adına-sanına görə gələn qonaqların qulluğunda ailəmizdən başqa kənd əhli də durardı. Gələn qonaq çox olanda onlardan aparıb evlərində yerləşdirib rahatlandırıb çay-çörək verib yola salardılar. Bu Bəyin tapşırığı, vəsiyyəti idi. 24 iyunda Bəyin ad günündə Türkiyədən, Naxçıvandan, Bakıdan çoxlu qonaqlar, jurnalist və qadın təşkilatından gələnlər olmuşdu. Bəy Kələkidə olanda axır illərdə Novella dəstəsi ilə, Müsavat qadınlar təşkilatından, AMİP-dən, ADP-dən, jurnalist Mehriban Vəzir, Natella və başqaları həmişə gələrdilər. Mehriban, Natella, Novella xanım Xumar xanımla Bəyin doğulduğu yerə maşın tutub gedərdilər. Oranı ziyarət edib qayıdardılar. Sonra isə gəlib Kələkidə ziyafətdə iştirak edərdilər. Bəyi tanıyan Azərbaycan qadınlarının ona qarşı çox böyük hörmətləri olub. Bəyi qardaş kimi, seviblər. Onun Kələkidə olduğu müddət bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, Bəyi heç vaxt tək qoymayıblar. Həmişə döyüşə-döyüşə gəlib görüb ziyarət ediblər. Bəyin də həmişə Azərbaycan qadınlarına böyük istəyi, sevgisi olub. Onlara həmişə xoşbəxtlik arzulayıb. Bəyin bu 3 illik repressiya həyatında cənublu qardaş-bacılar da gəlib onunla görüşür, söhbətləşirdilər. Cənubdan olanlar imkan düşən kimi gələr Bəylə görüşər, söhbətləşərdilər. Orada olan vəziyyət haqqında da Bəyə məlumat verərdilər. İran rejiminin əlindən yaxa qurtarıb gələn də olmuşdu. Rejimin əlindən qaçıb Türkiyəyə, oradan da Avropaya gedirdilər. Onlardan biri həmişəlik Kələkidə qaldı. Anası da gəlib hərdən qalırdı. O, Çingiz Göytürk idi. Bəy onunla məşğul olurdu. Elçibəyin ona çox hörməti vardı. Kənddə bibi nəvəsi Aydın Məmmədova tapşırmışdı. Çingiz anası ilə Aydıngildə qaldı. İqtidarın təzyiqlərinə görə, düz 3 il qalandan sonra Bəy ona məsləhət gördü ki, Türkiyəyə getsin. O gedib bir müddət Türkiyədə qaldı. Ara düzələndən, vəziyyət yaxşılaşandan sonra son vaxtlarda Aydının qızı Sevinclə evlənib ailə qurdu. Çingizin toyunun həm Kələkidə, həm də Bakıda cəbhəçi dostları ilə birlikdə etdilər. İndi Çingiz Göytürk Finlandiyada yaşayır. Cənublu emiqrantlar kimi Aydının, xanımının, Bəyin onun üzərində böyük zəhmətləri olub. Çingizə 3 il müddətində öz doğma balaları kimi baxıb, qayğısına qalıblar. Bu ağır günlərdə Ordubad rayonunun alimlərini, ziyalılarını yaddan çıxartmaq olmaz. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev başda olmaqla, 25-30 ordubadlı alimlər, ziyalılar Bəyi görməyə gəlmişdilər. Bu, iqtidar tərəfindən təşkil olunmuşdu. Onlar gələndə axşam çağı idi. Bizim evdə Bəylə sabah açılana kimi söhbət etdilər. Əsas söhbətlər respublikanın siyasi durumu haqqında gedirdi. Yaxşı ziyafət təşkil etmişdik. Səhərə kimi yeyib-içib Bəyin kefini açırdılar. Onların Kələkiyə gəlməsi Bəyi Bakıya dəvət etməklə bağlı idi. Bu haqda söhbəti səhərə saxladılar. Çünki bu məsələ barədə söhbət Bəyin iş otağında oldu. Bilmədim nə danışıblar, nə deyiblər, söhbətlər qurtarandan sonra tanışlar hamısı ruh yüksəkliyi ilə görüşüb öpüşüb getdilər. 1994, 95, 96-cı illər Bəyin Kələkidə yaşadığı ən ağır, ən məşəqqətli illəri oldu. Bu illərdə iqtidar və onun komandası fəal cəbhəçiləri məhv edirdilər. O cəbhəçiləri ki, onlar həmişə cəbhə xəttində ermənilərlə üzbəüz vuruşan, yaralanan, ölənlər olmuşdular. Onları təqib edir, tutur, Vətəndən qovurdular. Bir sözlə, mənəvi cəhətdən repressiya edirdilər. Necə ki, 20 Yanvar hadisələrində Yazovun, Bakatinin bir şüarı var idi - Unçitojit Narodnıy Front Azerbaydjana. İndi də iqtidar AXC-ni məhv edirdi. Ümumiyyətlə, cəbhəçi sözü bu hakimiyyətin, məmurların xoşuna gəlmirdi. Döyülüb, söyülüb, öldürülüb, məhv edilsələr də AXC yenə də öz təşkilatını möhkəiləndirirdi. Elçibəyin ətrafında sıx birləşdilər. Öz mübarizələrini apardılar. Bəyin Kələkidə olduğu demək olar ki, ən yaxşı ili olan dördüncü ili həm təşkilat işləri, həm də elmi yaradıcılıq ili kimi qeyd etmək olar. Bu il yarımda Bəy Bütöv Azərbaycan haqqında kitabını yazmağa başladı. Yaz-yay aylarında bağ evində Madar düzündəki taxtadan düzəldilmiş evdə yazırdı. Bura kəndin kənarı olduğu üçün sakit bir yer idi. Orada əkilmiş tut ağaclarını və başqa ağacları suvarar, diblərini boşaldar, orada olan alaq otlarını təmizlər, sonra da gəlib hazırlanmış çayını içib işinə başlardı. Elə vaxt olardı ki, axşamlar da orada qalıb səhərə kimi yazı yazar, kitablarla məşğul olardı. Eyni zamanda da görüşünə gələn jurnalist və qonaqları orada qəbul edərdi. Kitabın yazılmasında, ərsəyə gəlməsində, çap olunmasında Arif Rəhimovun, Çingiz Göytürkün əməyi olmuşdu. 1997-ci ildə Bəyin Kələkidə yaşadığı həyatın 4 il 4 ayı tamam olmuşdu. 1993-cü il iyunun 18-dən 1997-ci ilin oktyabrın 29-a kimi o Kələkidə yaşadı. Sonuncu il demək olar ki, onun üçün ən sakit il oldu. Sonuncu il Bakıdan gələn qonaq və dostlar çox olmuşdu. Axırıncı ildə dönə-dönə gələn Seyid Əli (əmi oğlu deyirdik), aptek Zakir, Əli, Basqal Mamed, Həsən, Arzu, Natiq, Ülvi, Cahandar, Rövşən, Qara Tofiq, Novella xanım, Mehriban Vəzir, Xanım Xəlilova ailəsi ilə birgə, Türkiyədən Rəşid ailəsi ilə birgə, Atilla, Cənubdan Əhməd bəy gələrdilər. Dördüncü il Kələkiyə azad, maneəsiz gedib-gəlmək olurdu. Həmin il çayda çox böyük sel oldu. Bəy o zaman dedi ki. Bu sudan, seldən qorxmayın, mən buradan gedəndən sonra böyük dağıntı olacaq, sel gələcək. Onda ehtiyatlı olun. 1997-ci ilin oktyabr ayı girmişdi. Novella xanım kəndə gəlib Bəyə dedi ki, məni səninlə danışmağa göndəriblər. Deyirlər ki, sənin adına olan prezident binasının yanında olan evi ver Heydər Əliyevin ailəsinə (uşaqlarına). Haradan istəyirsən, o qiymətdə ev götürə bilərsən. Bu danışıq bir gün davam etdi. Bəy dedi ki, ev boşdur, heç içinə də girməmişəm, görməmişəm də, getsin yaşasınlar. Dedilər ki, yox, razılıq məktubun olmasa, olmaz. Bəy razılıq verdi. Novella xanım Almuradı, Bünyadı götürüb Bakıya getdilər. Üç yerdən mənzil göstəriblər. Bünyadla Almuradın Karl Marks heykəlinin yanından yuxarı 8-ci mikrorayona girən yerdə İstanbul evlərindən xoşlarına gəlir. Birinci mərtəbədən mənzili Bəyin ailəsinin adına sənədləşdirirlər. Bəli, nə isə, bunlardan bir həftə sonra Kələkiyə AXCP-dən olan deputatlar Mirmahmud ağa, Qulamhüseyn, Nizami gəldi. Oktyabrın 28-30 idi. Danışdılar ki, Bəyi Bakıya aparmağa gəlmişik. Onlar mənimlə də söhbət etdilər. Sabah Bəyi aparmalıyıq. Hazırlıq işləri görüldü. Xəbər yaxın kəndlərə - Dırnısa, Unusa yayıldı. Sabahısı gün ayın 30-da saat 2-3-də Bəylə bir neçə cangüdəni ilə kənddə olan qocalarla, xəstə olanlarla evlərinə gedib görüşüb vidalaşıb çıxırdıq. Qoca qadınlar, xəstə yatanlar ağlayırdılar. «Allah yar olsun, a Bəy! Bizi tək qoydun, sağ-salamat get» deyirdilər. Biz kənddəki evləri gəzib gəlincə, bağ ağzınacan, yan-yörəsi də dolmuşdu. Hətta rayondan da polislər gəlmişdi. Bəy, mən, Bakıdan gələn deputatlar bir qədər yuxarı yerdə durmuşduq. Bəy mitinqi (yola salma mərasimini) açaraq sözü deputat yoldaşlara verdi. Onlar danışandan sonra Bəy danışdı. Bəy Kələkidə olduğu müddətdə ona əziyyət çəkənlərdən və hər kəsdən halallıq istədi. Dedi ki, ola bilər ki, mənim üstümdə incidilibsiniz, əziyyət çəkmisiniz, bunların hamısını bağışlayın. Mən gedirəm, hələlik. Bütün ora toplaşan millət «Elçibəy, Elçibəy» deyə-deyə avtomatlıların yanına gəlib Bəyi öpür, qucaqlayır, ağlayır, maşına minməyə qoymurdular. Bəy birtəhər aralanıb maşına oturdu. Mən də maşınla gəldim. Dırnıs kəndinə gedib şəhidləri ziyarət edib qayıdanda maşınların qabağını kəsib kəndin camaatı, bəyləri karvanı saxladılar. Bəy yerə düşdü, onun ayağının altında qurban kəsildi, dualar oxundu. Bəy qısaca onlarla da halallaşıb maşına minəndə kənd əhli «Elçibəy, Elçibəy» deyib arxamızca su atdılar. Bəy mənə dedi ki, sən getmə, qayıt kəndə, orada ailənin, uşaqlarının yanında qal. Sonra onları da götürüb hamınız bir gələrsiniz. Mən Dırnısdan qayıtdım. Bəyi Vənənd kəndində də o cür qarşıladılar. Bəy deyib ki, Ordubada sürün. Ordubadda da şəhidləri ziyarət edib Naxçıvan aeroportuna gediblər. Bəyi aparan maşınların arxasınca polis maşınları gedirmiş. Naxçıvan aeroportunda da Bəyi qarşılayıblar. Vaxt az olduğu üçün orada az dayanıb. Bəy və mühafizəçiləri təyyarəyə minib Bakıya yola salınır. Bəyi Bakı hava limanında böyük, möhtəşəm izdiham qarşılayır. Bütün Bəyin pərəstişkarları, cəbhəçilər, onu sevənlərin hamısı hava limanında olub. Onlarla yanaşı, hava limanında çoxlu sayda yerli və xarici jurnalistlər də olub. Bəy Binə hava limanından maşınla AXC-nin şəhərdəki qərargahına gəlir. O qərargahda cəbhəçilərə və ora yığışan bütün insanlara 4 il 4 aylıq bütün millətdən uzaq düşməsi barədə qısa məlumat verir, onları salamlayır. Hava qaranlıq olduğu üçün (saat 10.00) şəhidləri ziyarət etmək sabahısı günə qalır. Bəy cəbhənin binası yerləşən Xaqani, 33 ünvanından birbaşa 4-5 il əvvəl yaşadığı Yasamaldakı mənzilimizə gəlir. Dincini alır, yuyunur, rahatlanır. Ailəmizdən orada olan qızlar Səlimə və Səadət idi. Onlar Bəy üçün səhər naharı hazırlayıb əmilərinin oyanmasını gözləyirdilər. Binanın həyəti getdikcə adamla dolmağa başlayır. Bəy yuxudan ayılıb qızlarla görüşüb oturub onun üçün hazırlanan yeməkdən yeyib çay içib həyətə düşür. Bütün binanın sakinləri ilə, qonşularla salamlaşıb görüşüb onu gözləyən maşına minib Şəhidlər Xiyabanına sürdürmüşdü. Onunla ziyarətə gələnlərlə birlikdə şəhidlərin məzarlarını ziyarət etmiş, sonra fəxri Xiyabana gələrək müəllimi, elmi rəhbəri Ziya Bünyadovun qəbrini də ziyarət etmişdi. Oradan cəbhəçilərlə birlikdə AXC-nin qərargahına gəlmişdi. Bəy Bakıda rahatlanandan sonra mən kənddə olan ailə üzvlərimizi götürüb şəhərə gəlməyə hazırlaşırdım. Mən Bəyin uşaqlarının birinci rübü oxuyub qurtarmalarını gözləyirdim. Həmin dövrdə Bəyə Bakıda Səadət, Səlimə, Almurad, Bünyad, Saməddin baxırdı. Bəy kənddən gedəndən sonra noyabrın 1-də qar yağdı. Noyabr ayında Bəyin ailəsi və biz Bakıya yığışıb gəldik. Soyuqlar düşdü. Kənd əhli deyirdi ki, Bəy gedəndən sonra kəndin xeyir-bərəkəti, şənliyi azalıb. Bəy kənddən gedəndən sonra ələxüsus sürücülərin qazancı azalmışdı. Onlar Kələkiyə gəlib-gedənləri aeroport-kənd arası aparıb gətirir, çörək pulu qazanırdılar. İndi başa düşdülər ki, Bəyin burada olması onlara nə qədər xeyir verirmiş. Bəziləri hətta Bəylə bağlı bəzi yerlərə xəbərçilik etdikləri üçün peşimançılıq çəkirdilər. Bəy 4 il 4 ay öz doğma kəndi Kələkidə yaşadığı müddətdə çərşənbələri - Novruz bayramını keçmiş illərdə keçirdiyi bayramlardan daha təntənəli surətdə keçirərdi. Çərşənbə günləri kəndin hündür, uca dağlarının başına maşın təkərini qaldırıb 3-4 yerdə dağın zirvəsində od qalanardı. Çünki oradan Azərbaycanın həm Şimalı, həm də Cənubu görünərdi. Bütün bunlara əvvəlcədən hazırlıq görülərdi. Qalanan od gecə saat 12-ə kimi alovlanardı. Bəy cavanlarla birlikdə kəndin orta meydanında tonqalın dövrəsində şənliklər keçirərdi. Bu şənliklərdə kəndin ansamblı çalar, hamını şənləndirərdilər. Həmin ansambla rəhbərliyi Sultan Cəfərov edirdi. Ansambl kosa-kosa oyununu da oynayar, şerlər oxuyardılar. Şənlikdə Əhməd Cavadın da şeirini oxuyardılar. «Çırpınırdı Qara Dəniz, yol ver türkün bayrağına». Bu mahnı çox gözəl alınardı. Mahnı birinci dəfə Bəy Kələkidə olan vaxt oxunub. Sonra isə Azərbaycanın başqa bölgələrinə yayılıb. Hətta bəzi toylarda da səslənirdi. Bəy Bakıya gələndə Sultan da onunla paytaxta gəlmişdi. O, Bəy getdiyi toylarda iştirak edərdi, Həmin el şənliklərində Bəy mütləq onu oxutdurardı. Bəy Novruz bayramlarında elimizin adətinə uyğun olaraq, kəndin qoca, ağsaqqal adamları ilə səhər-səhər gedib görüşər, bayramlarını təbrik edər, sonra evə gələrdi. Çünki qonşu kəndlərdən Bəyin görüşünə, bayramını təbrik etməyə gəllənlər çox olurdu. Ev görüşü qurtarandan sonra kənddə bağda bayram şənliyi başlayardı. Xan bəzəmək, Kosa-kosa oyunları başlanardı. Saat 3-4-ə kimi şənlik davam edərdi. Axırda Sultanın oxuduğu mahnıya qulaq asıb (yol ver türkün bayrağına) hamı birlikdə oxuyardı. Son illərdə bu artıq bir ənənə halını almışdı. Bəy Kələkidə olduğu müddətdə kənddə yeni ailə quranların toy məclislərində iştirak edirdi. Hətta yaxın kəndlər Dırnıs, Unus, Pəzmərinin də toy məclislərində iştirak edirdi. Bu kəndlərdə yeni ailə quranlar onu məclislərinə dəvət edərdilər. O, yeni ailə quranlara Allahdan xeyir-dua diləyər, xoşbəxtlik arzulayardı. Bəy 4 ildə Kələkidən bir dəfə Dəstəbaşına enmişdi. Orada iqtidar tərəfindən qoyulmuş postda olan Naxçıvan, Ordubad, Culfadan olan polislərlə görüşmüş, söhbət etmiş və onların komandirinə tapşırmışdı ki, mənim üstümdə buradan gələn-gedən əhalini incitməyin, rəislərinizə, nazirinizə deyin ki, mənimlə işi olan qoyun gəlsin mənimlə danışsın, milləti, xalqı incitməyin. O, postda olan polislərlə söhbətləşib kəndə qayıtmışdı. Bəy Kələkiyə qayıdandan sonra Naxçıvan, Ordubad, Culfa polis idarələrinə həyəcan siqnalı verilmişdi. Dəstəbaşı postuna yeni qüvvələr gətirilir. Postun birini də Dəstə başından yuxarı kəndə Vənənddə qoyurlar. Yuxarı kəndlərdən Bəylə bağlı gündəlik məlumat almaq üçün öz adamlarını bu işlərə cəlb edirlər. Bundan sonra Bəylə bağlı məlumatlar hər gün mərkəzə çatdırılırdı. Bəy bu adamları yaxşı tanıyırdı. Onların yanında hər şeyi açıq danışırdı. Bu adamların çoxu tutduqları əməllərdən peşiman olmuşdular. Bəy o adamları görəndə keflərini soruşar, tutduqları işlərdə xalqa həqiqəti danışmağı tövsiyyə edərdi. Bəyin ömrünün bu 4 ili çox böyük hadisələrlə müşayiət olundu. Elçibəyin həmin illərdə yaşadığı hadisələr, qarşılaşdığı olaylar həyatının ən zəngin tarixi hadisələrindən oldu. 1998-ci il girmişdi. Bəyin mühacirətdən qayıdış ili demək olar ki, müxalifətin oyanma, canlanma dövrü başlandı. AXCP-nin formalaşması, təşkilatlanması respublikada onu ən aparıcı qüvvəyə, partiyaya çevirdi. Bəyin Bakıya qayıdışı ilə ümumilikdə bütün müxalifət patiyalarında canlanma baş verdi. Hərə öz partiyasını ön cərgəyə, demokratiya yoluna çıxartmaq üçün canı dildən çalışır, qəzet, jurnallar buraxırdılar. Bir sözlə, mətbuatda söz azadlığı, demokratiya uğrunda mübarizə aparılırdı. Gələcək prezident və parlament seçkilərinə hazırlıq işləri görülürdü. AXCP bu partiyaların ön sırasında gedirdi. Bəy 1998-ci ildə bütün müxalifəti birliyə çağırdı. O, parlament və prezident seçkisinə birlikdə getməyi məsləhət görürdü. Bu illərdə mitinqlər keçirilirdi. İqtidar mitinqlərdən ehtiyat edəpək onları şəhərdən kənarda keçirməyi tələb edirdi. Birinci mitinqi Motodromda keçirməyə icazə verilmişdi. Orada keçirilən mitinq son illərdə ən güclü mitinq olmuşdu. Bəyin müxalifəti birliyə çağırmaq təşəbbüsü ilə keçirilən sonrakı mitinqlərdə bəzi partiyaların iştirak etməməsi, xalqın, millətin birliyini zəiflətməyə başladı. Bundan istifadə edən iqtidar sonra keçirilən mitinqdə (Qələbə meydanında) azğınlaşmış hakimiyyət məmurları AXCP-ni, Boz Qurdu hədəfə aldı. Mitinq qurtarar-qurtarmaz iştirakçıların içərisinə iqtidar tərəfindən hazırlanan adamlar başıpozuqluq salmağa başladılar. Bəyin mühafizəçilərindən 5 nəfər sürücü ilə birlikdə, bir də Boz Qurdçulardan tutub həbs etdilər. Onlar 3 aydan sonra buraxıldılar. 2 nəfərinə iş kəsildi. Onların biri oğlum Ədalətə, bir nəfər də Boz Qurd partiyasından Qələndərə iş kəsdilər. Onlara yalnız ona görə iş verdilər ki, biri oğlum Ədalət Bəyin köməkçisi və cangüdəni, digəri isə İsgəndər Həmidovun katibi idi. Bəli, iqtidarın hələ də Bəyə, onun qohumlarına və yaxınlarına qarşı repressiyası davam edirdi. Ədalət üçüncü oğlum idi ki. tuturdular. Yalan, gerçək prokuror, məhkəmə deyirdi ki, tapşırıq yuxarıdandır, biz neyləyək. Biz bilirik ki, burada dövlət əleyhinə bir cinayət işi yoxdur. Sürücü Əmirağanı da onlardan sonra buraxdılar. Bundan sonra müxalifətin birləşməməsi üçün ixtilaflar saldılar. Məhz bu səbəbdən onlar seçkilərə ayrı-ayrılıqda getdilər. Bunlar hamısı Bəyə qarşı qısqanclıq, paxıllıq idi. Müxalifətin bu birlikdən qaçması, Bəydən kənarlaşmaları onlar üçün bir xeyir vermədi. Hələ indiyə kimi də bu əzabın içində çabalayırlar. Nə qədər ki, onların arasında birlik bərpa olunmayıb, yeni bir müxalifət gələnə kimi bu cür də olacaq. 1999-cu il başlanmışdı. Bəy bu illərdə tez-tez xəstələnir, qrip olurdu. Soyuqlar düşəndə ona tez soyuq dəyirdi. Bədəni zəifləmişdi. İstirahətə ehtiyacı var idi. Həm də həkim müayinəsindən keçməli idi. Ona görə 2000-ci ildə mart ayında Türkiyədəki dostlarının təkidi ilə Ankaraya uçdu. Bir aya kimi ən məşhur Gülhanə klinikasında müalicə olundu. Həkimlərin hərtərəfli yoxlamasından sonra o, Bakıya qayıtdı. Bəylə bibinəvəsi Əli Mürsəl oğlu bərabər idi. Son illərdə Əli Mürsəl oğlu Ədalət tutulandan sonra həmişə Bəyin yanında olardı. Bəy Bakıya qayıdandan sonra Yasamaldakı həmişə yaşadığı mənzildən ailəsi Naxçıvandan gəldiyi üçün Karl Marks heykəlinin yanındakı 9 mərtəbəli binaya köçdü və orada yaşadı. Bu illərdə biz ailəvi Bakıda olanda qış vaxtları oktyabrdan aprelə kimi vaxtaşırı Bəyin yanına gedib gecə saat 2-yə kimi söhbət edər, dərdləşərdik. Bəzi vaxtlar istirahət günləri saat 2-dən sonra Bəyin yanına gedərdim. Bazar günləri onun görüşünə çoxlü qonaqlar, qohumlar gələrdi. Çox ciddi söhbətlər olmazdı. Hal-əhval tutub, 1 saata kimi oturub gedərdim. 1998-ci ildən sonra, yəni AXCP-nin 2-ci qurultayından sonra Bəyin partiyaya sədr seçilməsini bəzi cəbhəçi və müxalifət qəzetləri əngəlləməyə çalışırdılar. Ona qarşı olan qısqanclıqlar böyüməyə, açıq şəkildə biruzə verməyə, məqalələr, yazılar çap etdirməyə başladılar. «Yeni Müsavat», «Azadlıq», «Bu gün» və başqa qəzetlərdə tanınan və tanınmayan xanım müxbirlərin məqalələri çap olunurdu. Bir gün yenə də həmişəki kimi Bəyin yanına getmişdim. Bəy təzə alınmış qəzetlərə baxırdı. Qəzetlərin başlıqlarına baxır, bir-bir yana qoyurdu. «Yeni Müsavat» qəzetində Rauf Arifoğlunun məqaləsini oxuyurdu. Oxuyub qurtarandan sonra mənə dönüb mənə incimiş halda nə var, nə yox, dedi. Dedim ki, nə olub, nə yazıblar ki, incimisən? Qəzeti göstərib dedi ki, al oxu. Oxudum gördüm ki, bizim üçün mənasız, böhtanlı sözlərdir. Dedim ki, fikir vermə, cavab yazacaqlar, bir vaxtlar siz Kələkidə olanda o sizi müdafiə edən yazılar yazırdı, indi də belə yazır. Bəy dedi ki, bu, axır vaxtlar çox şitini çıxarıb, Allah cəzasını verəcək. Bəy çətin vaxtlarda bu sözü işlədərdi. Bir ay çəkmədi ki, R.Arifoğlu iqtidar tərəfindən tutulub cəzalandırıldı. Ona məhkəmə iş kəsib cəza evinə yolladı. Mən bir tanınmış müxbir yazısından danışdım. Buna oxşar müxbirlər, jurnalistlər çox olub, hamısı da cəzalarını alıblar. Bəy Türkiyədə müalicə alıb gələndən sonra özünü yaxşı hiss edirdi. Hər gün işinə gedib-gəlir, AXCP-nin qarşıdan gələn parlament seçkilərinə hazırlaşması və seçiklərdə iştirak etməsini bildirirdi. Bəyin 1999-cu ildə qızı Çilənaya elçi gəldi. Bəy Çilənaya elçi gəlməsini bütün ailəyə bildirdi. Hamının razılığı olandan sonra öz razılığını bildirdi. Nişan qoyma vaxtını təyin etdilər. Çilənay xarici dillər institutunda fransız dili üzrə oxuyurdu. Bəli, qıza üzük gətirib el adəti üzrə Aqil Səmədzadəyə nişanladılar. Toy gününü 1999-cu il oktyabrın 20-ə təyin etdilər. Biz o dövrdə kənddə idik. Kənddə olan qohumlara dəvətnamələr gəldi. Mən ailəmlə Bakıya oktyabrın 15-də gəldim. Dəvətnamələr paylanmışdı. Toyun təşkili Almurada və Mirmöhsümə tapşırılmışdı. Danışıq belə olmuşdu ki. birinci gün oğlanın adına, sonra da bir gün qızın adına toy məclisi keçirilsin. Qonaqların sayı çox olduğuna görə, ən böyük salonlu şadlıq evi tutulmuşdu. «Bahar» şadlıq evi. Toy başlanmışdı. Bəy mənə dedi ki, mən toyda iştirak etməyəcəyəm. Toya ailəmiz tərəfindən sən rəhbərlik edəcəksən. Bəli, toy başlandı. Toyda Bəyin bütün ziyalı dostları, tanışları, bütün müxalifət partiyalarının nümayəndələri, Türkiyədən gələn qonaqlar iştirak edirdi. Toy mərasimini açmaq üçün söz mənə verildi. Mən yaxından-uzaqdan toya gələnləri Bəyin, ailəmizin adından salamlayıb hamısına təşəkkürümüzü bildirdim. Toy məraismi çox təmtəraqlı alqışlar, təbriklər altında keçirildi. İkinci gün də toy bu cür keçdi. Gəlini bəyin evinə yola salandan sonra saat 2-yə işləmiş mən, Xumar, Firuzə xanımlar Bəyin yaşadığı mənzilə gəldik. Bəy tək oturub qəzet oxuyurdu. Mənzilə daxil olub onu təbrik etdik. Yenidən süfrə açıb biz 4 nəfər səhər açılana kimi yeyib-içib Bəyi təbrik edirdik. O arada Seyfəddin də gəlib təbrik edib getdi. Bəy mənə, yoldaşım Firuzə və Xumar xanımlara üzünü tutub dedi ki, indi özümü çox rahat hiss edirəm. Çünki artıq Çilənaydan arxayınam. Çilənayın sahibi var, bundan sonra hər bir işinə, davranışına, dolanışığına, hərəkətlərinə öz sahibi cavabdehdir. Bu barədə arxayın oldum, hər şey ola bilərdi. Hava işıqlaşırdı. Biz vidalaşıb Yasamala mənzilimizə gəldik. Bəy də öz yaşadığı evində qaldı. Bir ay olardı ki, onun ailəsi Həlimə xanımgil uşaqlarla birlikdə təzə aldıqları evə köçmüşdülər. Bəy isə hələ də köhnə kirayənişin olduqları 3 otaqlı mənzildə yaşayırdı. Onun kirayənişin yaşadığı mənzildə şəraiti pis deyildi, amma yaxşı da demək olmazdı, ortabab idi. Suyu, qazı həmişə olurdu. Həmin evi bütün tanışlar tanıdığı üçün Bəy evi dəyişmirdi. Həmin mənzildə tanınmış olardı. Bəy Türkiyədən gələndən sonra bir dəfə Amerikaya səfər etdi. Onunla birlikdə Amerikaya Oqtay Qaısmov və Əli Mürsəloğlu da getmişdi. Səfər zamanı Bəyin Amerikada yaşayan azərbaycanlılarla görüşü olmuşdu. Bəy Amerikada çoxlu mühazirələr, çıxışlar etmişdi. Onlarla gedən çəkiliş qrupu Azərbaycan dövləti tərəfindən təşkil olunmuşdu. Amma çəkilən çıxışlar, mühazirələr, keçirilən görüşlər bir dəfə də olsun, televiziyada xalqa, millətə göstərilməyib. Bu günə qədər də göstərilməyib. Hələ də gizli şəkildə saxlanılır. Bəlkə də məhv ediblər. Bu barədə heç bir məlumatımız yoxdur. İqtidarın müxalifət partiyalarının içərisində ən çox qorxduğu, ehtiyat etdiyi AXCP və onun lideri Əbülfəz Elçibəy idi. Ona görə həmişə çalışırdılar ki, AXCP-ni nüfuzdan salsınlar, partiyanı daxildən parçalasınlar. İqtidar bu istiqamətdə daim iş aparırdı. Bunlara baxmayaraq, Bəyin nüfuz dairəsi getdikcə genişlənir, qüvvətlənirdi. Bəyin Amerikaya çox uğurlu səfəri, orada ona göstərilən yüksək səviyyəli münasibət, müvəffəqiyyətli görüşləri Azərbaycanın bəzi müxalifət qəzetlərinin redaktoralarını, radio-televiziya icmalçılarını, eləcə də müxbirləri, jurnalistləri qıcıqlandırırdı. Onlar paxıllıqlarını saxlaya bilməyib yenə də Bəyə qarşı böhtanlar, iftiralar atırdılar. Bu qəzetlərdən «Azadlıq», «Bu gün», «Üç nöqtə», «Bizim əsr», «Mərkəz», «Ulus» və s. qəzetlərin redaktorlarından tutmuş müxbirlərinə kimi Bəyə qarşı böhtanlarla dolu məqalələri qəzetlərində çap etdirirdilər. Əlim gəlmir ki, onların adlarını bu yazımda göstərim. Oxucular özləri yaxşı bilirlər. Bu hücumların, iftiraların, böhtanların qarşısında dağ da olsaydı, əriyərdi, amma Bəy hər bir çətinliklərə səbrlə, təmkinlə dözdü. Bəy deyirdi ki, bu adamlar sonradan tutduqları işlərdən peşiman olacaqlar, amma onda gec olacaq. Həmin dövrlərdə bizim ailənin üzvləri onun sağlamlağını, özünü qorumasını düşünürdü. Bəyin cangüdənlərinin əksəriyyəti kəndimizdən onunla gələn qohumlar idi. Onlar - M.Hadi, M.Aydın, MirAsif, M.Nəcəf (sürücü), Ş.İlham, Şahin, Əli Mürsəloğlu, Ədalət, Vüqar, Zirəddin, X.İbrahim, Əmirağa. Onlara rəhbərliyi isə İlqar Səid oğlu edirdi. O, cangüdənlərin komandiri idi. Bu şəxslər həmişə işlərində ciddi olmuşdular. Bəyin sürücüsü Xəlil daim onun təhlükəsizliyinə çalışırdı. O, Bəydən bir addım da olsa, geri qalmazdı. Xəlil bir neçə dəfə Bəyi təhlükədən qurtarmışdı. Təhlükə törədənlərin qarşısını almışdı. Bunu yazmaqda məqsədim odur ki. ailəmiz onlara arxayın olurdu. Bəy ailəsi üçün «Vorovski»də alınan mənzildə doğmaları ilə istirahət günləri olardı. O evin təmirə ehtiyacı var idi. Bəy çox vaxtı iş günləri kirayə tutulmuş mənzildə qalardı. O mənzildə görüşə gələn qonaqlarla məşğul olardı. Bu mənzil Bəyə işləmək üçün əlverişli idi. Mən vaxt tapanda Bəylə həmin mənzildə görüşərdik. Biz onunla görüşəndə həmişə lap tələbəlik dövründən qucaqlaşıb bir-birimizi sıxardıq. Əzələlərimizi ovuşdurardıq. Kürək, boyun, qol əzələlərinin qulunclarını qırardıq. Bu biz qardaşlarda bir adət-ənənə halını almışdı. Bununla biz bir-birimizin sağlamlığını yoxlayırdıq. Ancaq son illərdə Bəyin bədəni çox zəifləmişdi. Mən ona hey deyirdim ki, qardaş, özünə fikir ver, sağlamlığını qoru. O isə deyərdi ki, çox xırda işlərə fikir vermə, hər şey ötüşüb keçəcək, yaxşı olacaq. Söhbət vaxtı deyərdi ki, mənim ən qaranlıq illərim sovuşub, amma qabaqda bir qaranlıq ilim də var, o il yaxınlaşır. Bu illərin qaranlıqlarından qurtarsam (60-65 yaş arası) yaxşı olacaq. Allah bilən yaxşıdır, Allaha təvəkkül. Bu söhbəti əvvəllər də o mənə etmişdi. İkinci dəfə idi ki, o bunları mənə söyləyirdi. Mən də ona ürək-dirək verirdim. Deyirdim ki, Allah qoysa, bir xəta-zad üz verməz, inşaallah. Artıq may ayı girmişdi. Görüşəndə Bəy məndən sorşuardı ki, kəndə nə vaxt gedəcəksən? Deyirdim ki, mayın axırına kimi - 20-25-də. Kəndə gedəndə gəlib görüşəcəyik. Bəy aprel-may aylarında arabir xəstələnirdi. Soruşanda da deyirdi ki, soyuq dəyib, ötüb keçər. Biz artıq kəndə getməyə bilet almışdıq. Biz «Vorovski»dəki evə gedib Bəyin ailəsi ilə vidalaşdıq. Onlarla vidalaşıb Bəyin işdən gəlməsini gözlədik. Bəy kirayədə yaşadığı mənzilinə getmişdi. Mən, Firuzə durub ora getdik. Bəy gəlib yuyunub oturub çay içirdi. Əli Mürsəloğlu bizi qarşıladı. Oturub biz də çay içdik. Kəndə getməyimizi Bəyə bildirdik. Bəy dedi ki, kəndin lap yaxşı vaxtıdır. Sağ-salamat gedin. Mənə Qaşqarın baldırğanından yığıb yollayarsınız. Hələ oranın baldırğanı çıxmaz. Çıxanda yığın yollayın. Gecə saat 3-ə kimi söhbət etdik. Həmişə mənim yuxum tez gələrdi. Amma indi heç yuxum gəlmirdi. Bəydən ayrılmaq istəmirdim. Bəy özü dedi ki, qardaş, səhər gedəcəksiniz, gedin bir az dincəlin. Nəcəf (sürücü) gəlib sizi aeroporta aparar. Görüşmək vaxtı gəldi. Bəy məni qucaqladı, buraxmaq istəmirdi, mən də onu. Özümüzdən asılı olmayaraq, biz aralanmırdıq. Firuzə ilə də qucaqlaşıb görüşdü. Onunla da belə oldu. Bəy Firuzəyə dedi ki, sən bizim ana, bacı kimi qayğımıza qalmısan, əziyyətimizi çəkmisən. Dalısını demədi. Sizə yaxşı yol dedi. Firuzə dedi ki, qağa, gələn ay gələcəyəm, həkimə tapşırdığını gətirəcəm, gəlib yenə də görüşərik. Mənimlə bir də qapıda görüşdü. Bu, bizim sağlığında onunla sonuncu görüşümüz, söhbətimiz oldu. Biz heç birimiz bunu bilmirdik. Tanrıdan başqa. Evə gələndən sonra hazırlaşmağa başladıq. Yol tədarükünü çantalara yığıb qurtardım. Sənədlərimi kostyumun cibinə qoyanda döş cibimdə bir yüzlük dollar gördüm. Fikirləşdim, yadıma düşdü ki, Bəylə qapının ağzında ikinci dəfə görüşəndə pulu döş cibimə qoyub. Nə isə. Sübh tezdən Nəcəf gəlib mənimlə yoldaşım Firuzəni götürüb aeroportdan Naxçıvana yola saldı. Mən kəndə gedəndən sonra Bəy arabir xəstələnir, amma yenə də işə gedirmiş. İyun-iyul ayları təbiətin ən gözəl vaxtları idi. Kəndimizin ab-havası getdikcə dəyişir, gözəlləşir, dağlarımız yam-yaşıl dona bürünür. Bu il də çox gözəl keçirdi. Ağacların çiçəkləri solmuş, meyvələri görünürdü. Bu il meyvə bol olacaqdı. Biz Bakıdan gələndən sonra belə bir söhbətimiz oldu. Ədalətin cəza müddəti iyul ayında bitirdi. Fikirləşirdik ki, Bəy onunla birlikdə kəndə gəlib bir həftə gəzib dolaşar. Bu arzu ilə yaşayırdıq. Kənddən arabir Bəylə telefonla danışırdıq. Kefini, vəziyyətini xəbər alırdım. O da deyərdi ki, yaxşıyam, nigaran qalmayın. May-iyun aylarını bu cür keçirdik. Firuzənin müalicə vaxtı idi. Bakıya gəlib həkimindən ikinci kurs müalicəsini götürməli, məsləhət almalı idi. İyun ayının 20-i olardı. Bəy tapşırdığı, anadan olduğu yaylaqdan onun üçün kəklikotu, dağ nanəsi, türşəng, quzuqulağı, baldırğan yığıb Bakıya yola saldıq. Həmin günlərdə xəstəliyi əziyyət verdiyi üçün bağa dincəlməyə gedir. Bir neçə gün öz bağında qalır. Oranın şəraiti yaxşı olmadığı üçün yaxın dostlarının Rafikin bağında dincəlirmiş. Bu müddətdə Ədalət də əfv edilib cəza evindən buraxılır. Firuzə Bakıya gələnin ertəsi günü Bəyin harada olduğunu soruşur. Deyirlər ki, bağdadır. Oranı çox adam tanımırdı. Şahmərdan deyir ki, bibi, səni mən apararam, hazırlaş. Axşamçağı Şahmərdan gəlib maşınla Firuzəni bağa aparır. Firuzə gətirdiklərini özü ilə bağa aparır. Onun dediyinə görə, Bəy onu görən kimi durub gəlib qarşılayıb. Qucaqlaşıb bacı-qardaş kimi öpüşüb. Oturub bir xeyli söhbət ediblər. Apardığı baldırğandan birini Bəyə verib. Bəy də yavaş-yavaş soyub yeməyə başlayıb. Çox söhbət ediblər. Axşam olub qaranlıq düşəndə durub ayrılmaq vaxtı gəlir. Bəy Firuzəni qucaqlayıb dinməyib. Qapıya qədər onunla gəlib. Bir də orada qucaqlayanda gözündən yaş gəlib. Yana çevrilib ki, Firuzə görməsin. Sonra vidalaşıb ayrılıblar. Firuzə Bəylə görüşüb gələndən 3-4 gün sonra Bəyin ağrıları şiddətlənir. Türkiyədən gələn təyyarə ilə onu Türkiyə dövlətinin sərəncamı ilə müalicə olunmaq üçün Ankaraya aparırlar. Bəylə birlikdə Əli Mürsəloğlu da gedib. Biz Bəyin Türkiyəyə getməsini Kələkidə olanda «Azadlıq» radiostansiyasından eşitdik. Bildirilirdi ki, Elçibəy müalicə olunmaq üçün Türkiyəyə yola düşüb. Firuzə Bakıdan gələndən sonra mənə Bəydən danışdı və ağladı. Dedi ki, Bəyi çox yaxşı vəziyyətdə görmədim. Bəy xəstəxanaya düşəndən sonra yanına çox gedib-gələn oldu. Gələnlər bizə deyirdilər ki, bir-iki həftəyə gələcək. Mən özü ilə bir dəfə telefonla danışdım. Birinci ongünlükdə dedi ki, lap yaxşıyam, nigaran qalmayın. Gedib-gələnlər də bizi lap arxayın salırdılar. Sonrakı həftələrdə isə Əli Mürsəloğlu və Bəşirlə telefonla danışdıq. Deyirdilər ki, vəziyyəti yaxşıdır. Mən Bakıya Almurada zəng vurub dedim ki, gəl Naxçıvana, buradan Bəyin yanına Türkiyəyə gedək. O da zəng vurub dedi ki, Ədalətlə sənədlərini düzəldib Bakıdan uçacaqlar. Mənim sənədim yox idi. Dedilər ki, Naxçıvandan gedim. Dedilər ki. bir aya kimi pasport almaq olar. Bəylə görüşüb gələn adamlar deyirdilər ki, özü deyir ki, gəlməsinlər, lazım deyil, özüm gələcəyəm. Bəy istəmirmiş ki, yaxın qohumları onun xəstəliyini, ağrılarını bilməsinlər, görməsinlər. Bəy bunu orada olan bibi nəvələrimizə Əliyə, Bəşirə tapşırıbmış. Bizim ailənin üzvləri Bəyin axır günlərində yanında ola bilmədik. Bunu indiyə kimi özümə və ailə üzvlərimizə bağışlaya bilmirəm. Bu səhlənkarlığı, vəziyyətin belə alınmasını, hər danışılan sözə, deyilənə inanmağımızı heç cür özümə bağışlaya bilmirəm. Bir də maliyyə cəhətdən imkanın olmaması da getməməyimə səbəb oldu. Əgər maliyyə olsaydı, deyirlər ki, iki günə xarici pasport almaq olardı. Yenə də bütün günahların hamısı özümüzdə olub. Bəyin son günlərində yanında ola bilməmişik. Allah onun ruhunu şad eləsin! Amin. Əziz oxucular! Bunu da bilməlisiniz ki, Bəy Türkiyədə Gülhanə klinikasında müalicə olunduğu vaxt, yəni 2000-ci ilin iyul ayının 22-də ilk nəvəsi dünyaya gəldi. Bəyi telefonla xəstəxanada muştuluqladılar. Uşağa ad qoymasını xahiş etdilər. Bəy də oradan təbrik edib uşağa adını «Elturan» adının verilməsini təklif etdi. Uşağa babası Bəyin təklifi ilə Elturan adı qoyuldu. Bir aydan sonra, yəni avqust ayının 22-də Bəy ömrünü başa vurdu. O, nəvəsinin üzünü görə bilmədi. Yəqin ki, Ulu Tanrıdan taleyinə belə yazılmışdı. Allah Elturanı qorusun. Gələcəkdə babasının vəsiyyətlərini yerinə yetirməkdə ön sırada dursun, mübarizə aparsın. Amin! 22 avqust 2000-ci il. Bütün Türk dünyası böyük bir insanı itirdi. Ona ağladı, yas saxladı. Türk dünyası carçısını, onun azadlığı uğrunda mübariz bir insanı, sözünü açıq, ürküsüz, qorxusuz deyən bir liderini itirdi. Bu, Əbülfəz Elçi bəy idi. Onun ölümü bütün türk dünyasını sarsıtdı. Ağlatdı, sızıldatdı, göynətdi, ürək yarası vurdu və qeyb oldu. Mən onun ölüm xəbətini Kələkidə eşitdim. Bütün kənd əhli bilirmiş. Mənimsə xəbərim yoxdur. Mən Unus kəndindən yas yerindən gəlirdim. Gördüm kənddə hamı mənə bir cür baxır. Evə, həyətə gəldim. Bir uşaq, qardaşım nəvəsi dedi ki, Murad baba, babamı bura gətirəcəklər, yoxsa Bakıya? Mən həyəcanlı halda «Nə olub?» deyə soruşdum. Uşaq dedi ki, televizorda deyirlər ki, babam ölüb. Bu vaxtı balkonda ağlaşma, şivən, qışqırıq qopdu. Millət üstümə töküldü. Boynumu qucaqlayan kim, şivən qoparan kim, başını yolan kim. Mən bir an özümü itirdim. Elə bil üzərimə su tökdülər. Üzümə sillə vurdular, gözlərimi açdım. Boynumu, başımı ovdular, bir az özümə gəldim. Artıq həyət, küçə kənd əhli ilə dolmuşdu. Xəbər verdilər ki, Bəyi Kələkiyə yox, Bakıya yola salacaqlar. Bu barədə Türkiyə kanalları xəbər verirdi. Mən oğlum Bünyadı çağırıb dedim ki. maşınlara xəbər ver, bizi Naxçıvana aeroporta aparsınlar. Bir vilis QAZ-69 küçədə hazır idi. Bünyad 6 nəfərlə maşina oturub 2-ci reysə çatmaq üçün yola düşdülər. Bizə də Dırnıs kəndindən RAF yolladılar. Ən yaxın qohumlar 15 nəfər maşina əyləşdik. Baxdım gördüm ki, Bəyin oğlu Turqut yoxdur. O qardaşım İbrahimgildə idi. Tez adam yolladım. Dedim ki, elə et ki, qardaşım bilməsin. İbrahim bir neçə gün idi ki, bir az xəstə kimi idi. Tez özünü götür gəl. Denən ki, Murad əmin çağırır. Bir azdan Turqut gəldi. Qohumlara dedim ki, Turquta bildirməyin. Maşın adamla dolu idi. Çağırıb onu yanımda oturdub yola düşdük. Ona heç bir şey demədilər. Artıq biz aeroporta Naxçıvana çatdıq. Turqutu Naxçıvana şəhərə yolladım. Dedim ki, get əmin qızıgilə, bir az da şəhəri maşınla gəz gəl. Sürücüyə də tapşırdım ki, baş verənlər barədə ona heç bir söz deməsin. Biz bilet alanacan şəhərdə ol, əlaqə saxla. Artıq vağzal adamla dolu idi. Həmişə Naxçıvanda bilet çətin tapılırdı. Həmin gün də bilet almaq lap çətinləşmişdi. 2-ci reys artıq uçmuşdu. Bizdən əvvəl gələn 6 nəfər artıq uçmuşdu. Zalda hamı televizora baxırdı. Türkiyənin birinci kanalı Bəyin ölümü haqqında məlumat verirdi. Bilet almaq üçün kassirə xəbər verdik. Kassir dedi ki, 2-3 nəfərə, yaxın qohumlara bilet verə bilərəm. Mən də dedim ki, burada olan 20 nəfərin hamısı yaxın qohumlardır, bileti də hamıya verin. Mənə dedilər ki, rəis səni kabinetinə çağırır. Mən dayım qızı Xumarla birgə 2-ci mərtəbəyə qalxdıq. Bizi vağzalın inzibati orqanı müşayiət edirdi. Rəisin otağına daxil olduq. Rəis qəmgin halda bizi qarşıladı, yer göstərdi, çay təklif etdi. Ona öz təşəkkürümüzü bildirdik. Rəis dedi ki, mənə Bakıdan xəbər veriblər ki, sizi 3-cü reyslə yola salım, qalanlarını da 4-cü reyslə. Ən yaxın adamlarınızdan 15 nəfərin sənədlərini yığın verin bu reyslə yola salaq. Köməkçisinə tapşırdı ki, bunları yola sal. Saat 5-də artıq minik başlamışdı. Şəhərdən, Şərurdan, Şahbuzdan, Cənubdan Elçibəyi sevənlərlə vağzal ağzına kimi dolu idi. Bizdən başqa 5 nəfərə də bilet verib yola saldılar. Mən tez sürücüyə zəng etdim ki, Turqutu şəhərdən əmisi qızıgildən gətirsin. Bizdən sonra bilet alıb minənlər Bakıya ayaq üstdə gəldilər. Yəqin ki, port komandiri razılıq vermişdi. Sonra sərnişinlər deldilər ki, bir saatdan sonra Bakı aeroportundayıq. Biz hələ Naxçıvanda olanda Bəyin tabutu Bakıda idi. Bizdən əvvəl gələn Bünyadgil onları aeroportda qarşılayıblar. Biz bir maşın tutub 15 nəfər şəhərə yola düşdük. Sürücü ünvanı soruşdu. Tez dedik ki, Elçibəygilə. Maşın həyətə çatanda çadırlar qurulmuşdu. Maşından düşən kimi arvad-uşaq, cavan-qoca şivən qopartdı. Turqut bir də orada ayıldı ki, atası rəhmətə gedib. O da «Vay ata» deyib bizə qoşuldu. Mən qardaş deyib çığırdım. Çadırda, həyətdə olanlar da bizə qatışdılar. Mən evin içinə girib özümü tabutun üstünə atdım, qardaş deyib hönkür-hönkür ağlayırdım. Mənimlə gələnlər də mənə qoşulub şivən qoparırdılar. Kimsə tabutun yanında deyirdi ki, qoyun doyunca ağlasınlar. Özündən gedən də, dərman içən də oldu. Mir Mahmud ağa mənim qolumdan tutub dedi ki, sakitləşin. Toxtaqlıq verirdi. Yavər həkim də bir az ürək sakitləşdirmək üçün dərman verib dedi ki, artıq sizi gözləyirik, bacılara, qardaşlara de ki, sakit olsunlar. Tabutu məscidə aparacağıq. Mən bacılara, qardaşlara dedim ki, sakitləşin. Bir azdan tabutu məscidə aparacağıq, ağlayın, vidalaşın. Çadıra çıxıb Almuradı gördüm. O məni gözləyirdi. İkimiz bir yerdə qucaqlaşıb ağladıq. Bütün çadırda, çöldə olanlar bizə qarışıb ağladılar. Sakitləşəndən sonra molla fatihə verdi. Hamı gəlib mənə baş sağlığı verirdi. Mir Mahmud ağa xəbər verdi ki, tabutu məscidə aparırıq. Şeyxülislam Allahşükürlə məsləhət görüblər ki, uzaq ölkədən gəldiyi üçün tabutu yenə də məscidə aparmaq lazımdır. Namazı qılınsın, qusulu verilsin deyə. Göy məsciddən xəbər gəldi ki. hər şey hazırdır. Tabutu saat 1-2-də məscidə apardıq. Mən tabutla getdim. Almurad çadırda qaldı. Gəlib-gedlənlər baş sağlığı verməyə. Tabutu yuyucuların yerinə apardılar. Mən dözəmmədim. İçəri girmək istədim, amma qoymadılar. Çöldə stul qoyub yanımda 5-6 nəfər tanışlar oturduq. Yuyub qurtarandan sonra yenə fatihə verildi. Vidalaşma vaxtı gəldi. Mir Mahmud ağa məni çağırıb dedi ki, gəl vidalaş. Mən özümə toxtaqlıq verib içəri girdim. Aman Allah, məni qəhər götürdü. Qardaşımı qurşaqdan yuxarı çılpaq gördüm. Özümü onun üstünə saldım. Boynunu qucaqlayıb gözlərindən öpdüm. Sonra saqqalından, o üzündən-bu üzündən öpdüm. Sonra başımı sinəsinə qoyub hönkür-hönkür ağladım. Bu, mənim son öpüşlərim idi. Məni qardaşımın üstündən ayırdılar. Çölə çıxardılar. Məscidin həyətində xeyli adam var idi. Hər şey hazır olandan sonra tabutu çölə həyətə çıxardıb namazını qıldılar. Mollalar, məscidin axundları türk mollarının oxuduqları duaları oxudular. Çünki onlar meyid üçün hər şeyi düzgün, qaydasında edirdilər. Tabutu götürüb evə gətirdik. Səhərə kimi çadırda, çöldə və evdə yatan olmadı. Ev ağzına kimi arvad-uşaqla dolu idi. Tabutun yanında oturmağa yer yox idi. Səhərin açılmasını gözləyirdik. Səhəri biz ah-vayla açdıq. Avqustun 23-ü idi. Perezident Aparatından komissiya təşkil olunmuşdu. Komissiyanın sədri Murtuz Ələsgərov idi. O, Mir Mahmud ağaya demişdi ki, Bəyə Fəxri Xiyabanda yer veriblər, orada basdırılsın. Azərbaycanın bütün rayonlarından camaat maşınlarla, təyyarə ilə, qatarla Bəylə vidalaşmaq üçün Bakıya gəlirdilər. Küçələr, xiyabanlar, bağlar, bütün yollar əhali ilə dolu idi. Bütün xalq bir ağızdan deyirdi ki, Bəyi Şəhidlər Xiyabanına aparacağıq. Bu çağırışı görən hakimiyyət Mir Mahmud ağanı məsləhətə çağırdı. Ona dedilər ki, artıq Fəxri Xiyabanda yer hazırlanıb. Bütün xalq isə birağızdan Şəhidlər Xiyabanı qışqırırdı. Bunu görən hakimiyyət bütün yolların bağlanması əmrini verdi. Polis, hərbçi və başqa güc nazirliklərinin qüvvələri ilə yollar kəsildi. Marşrut ancaq Elmlər Akademiyasından idi. Cənazə Milli Elmlər Akademiyasının binasında qoyulub, orada da fəxri qarovul vidalaşma mərasimi olacaqdı. İnsan axını ora doğru axmağa başladı. Azadlıq meydanına yığılan adamlara da xəbər verdilər ki, yollar bağlanılıb, tabutu ora gətirmək mümkün deyil, Akademiyanın parkına gəlin. Bəygilin evinin hər tərəfi adamla, maşınla, avtobuslarla dolu idi. Hamı birağızdan «Elçibəy, Elçibəy» deyib qışqırırdı. Səsdən qulaq batırdı. Artıq vaxt gəlib çatdı. Tabutu evdən çıxartmaq lazım idi. Komissiyanın üzvləri məni çağırıb dedilər ki, saat 2-3-də Akademiyanın binasında olmalıyıq. Tabutu çıxartmaq lazımdır. Tabutu qabaqdan mən və Almurad ikimiz, arxa hissədən Turqut qohumlarla götürüb çölə, bayıra çıxarmaq üçün evə girdik. Tabutu birinci yaxın qohumlar - qardaş, oğul götürməlidir. İçəri girib analardan, bacılardan xahiş etdim ki, kənara durun, imkan verin tabutu götürək. Hamı kənara çəkildi. Tabutu götürüb həyətə çıxdıq. Səsdən qulaq batırdı. Millət «Elçibəy, Elçibəy» deyib qışqırırdı. İnsanları yara-yara 10-15 metr getmişdik. Tabutu bizdən aldılar. Hamı istəyirdi ki, bir addım da olsa, tabuta girsin götürsün. Avtobuslar olan yerə gəlib çatdıq. Tabutu aparmaq üçün maşın ayrılmışdı. Orada olan hökumət adamları qabağı saxlayıb dedilər ki, tabutu maşina qoymaq lazımdır. Hamı bir ağızdan qışqırdı ki, biz Bəyimizi, liderimizi 1000 km də olsa, çiynimizdə məzarı olan yerə aparacağıq. O cür də oldu. Millət ayrılmış yolla hərəkət etdi. Yaxın yolları polislər maşınlarla kəsmişdilər.
Çox uzun bir yol seçmişdilər. 35-40 km olardı. Bir marşrutla prospektin hər iki tərəfində insan axını gedirdi. Bu insan axını indiyə kimi Bakıda olmayıb. İzdiham öz sevimli liderini, öndərini, rəhbərini yola salmağa gedirdi. Hava çox isti idi. Mən tabutun arxasınca irəliləyirdim. Mir Mahmud ağa məni belə yorğun, üzülmüş görüb dedi ki, gəl maşına qoyum səni, kəsmə yolla Akademiya binasının bağına kimi aparsın. Orada bizi gözlə, biz çox uzun yolla gələcəyik. Məni sürücü kəsmə yolla Olimpin yanından aparıb Akademiyanın bağının yanında qoydu. Bağın içi, kənarı yollar adamla dolu idi. Mən insanları yara-yara Akademiyaının qapısının yaxınlığına çatdım. Bir az gözlədim. Artıq tabut yaxınlaşırdı. Səs getdikcə gurlaşırdı. «Elçibəy, Elçibəy». Turqutu gətirən maşın da gəlib çıxdı. O, sürücü Əmirağa ilə gəlib çıxdı mənim yanıma. Mən onun əlindən tutub insanları yara-yara qapıya sarı irəlilədim. Arxadan Əmirağa çığırırdı: «Yol verin, Bəyin Ağdamda tank satan oğlu budur gəlir». Bəziləri soruşurdular ki, bu nə sözdür? Bəziləri də başa salırdılar ki, bir vaxtlar qəzetlər yazırdılar ki, bəs Bəyin oğlu Ağdamda tank alveri edirdi. Bu, həmin oğlandır. Hamı birağızdan deyirdi ki, Allah onu yazana lənət eləsin, bu qədər də böhtan olar bu kişiyə deyiblər? Qərəz, mənə qapıya qədər yol verdilər. Qapı içəridən bağlı idi. Çöldən də polis durmuşdu. Əmirağa bizi polisə təqdim etdi. Polis rütbəli idi. O içərini səslədi. Qapını açıb məni və Turqutu içəri buraxdılar. Soruşdular ki, qohumlar hamısı gəlibmi? Koridorda məni Vasim Məmmədəliyev qarşıladı. Qucaqlayıb qəhərləndi. Başsağlığı verdi. Bizi əsas zala apardılar. Salon millətlə dolmuşdu. Arabir lojalarda yer var idi. Qabaqdan iki cərgə boş idi. Onları mərhumun qohumları üçün saxlamışdılar. Artıq mərhumun tabutunu 2-ci qapıdan içəri buraxdılar. Qohumlar, ailəsi, yoldaşı, qızı, kürəkəni, Almurad gəlib çıxdılar. Onlardan sonra Türkiyədən gələn qonaqlar gəldilər. Birinci sırada bəyin ailəsi oturdu. Arxada qonaqlara yer verdilər. Tabutu önə gətirdilər. Fəxri qarovul durdu. Birinci mən, Turqut, Almurad, Aqil, sonra isə başqaları qarovulda durdu. Zalda «Elçibəy, Elçibəy, ondan başqa böyük yox» deyirdilər. Hökumət adamları içəri daxil oldular. Onlar da fəxri qarovulda durdular. Sonra Heydər Əliyev və Murtuz Ələsgərov durdular. Heydər Əliyev Almuraddan soruşdu ki, sizin qohumlar hansılardır? O da əlini uzadaraq birinci sırada oturanları təqdim etdi. O, bir-bir başsağlığı verə-verə gəldi və mənimlə də görüşüb başsağlığı verdi. Məndən sonra İsa Qəmbər, Allahşükür Paşazadə və başqaları dayanmışdı. O, İsanı görcək qayıtdı. Zalda qışqırıq səsləri ucalırdı. «Elçibəy, Elçibəy, ondan başqa böyük yox» və başqa sözlər qışqırırdılar. H.Əliyev zalı tərk etdi. M.Ələsgərov birinci çıxış etdi. Komissiyanın sədri o idi. O danışanda zalda imkan vermirdilər. Çıxışını qurtardı. Çıxış da elə bir çıxış deyildi. Birinci sözü Vasim Məmmədəliyevə verdi. O bizim ailəni yaxşı tanıyırdı. O, hərtərəfli çıxış etdi. Hamı sakit qulaq asırdı. Türkiyədən gələn qonaqlardan Turan Yazqan, Mösun Yazıçı oğlu, Vəli Paşa və başqaları çıxış etdilər. Natiqlər bütün türk dünnyasına başsağlığı verirdilər. Hamı saata baxır və vaxtı gözləyirdi. Bayırdan çığırtı səsləri ucalırdı. Çünki getdikcə bütün rayonlardan adamlar bura gəlirdilər. Elməlr Akademiyasının yan-yörəsində insan əlindən tərpənməyə yer yox idi. Binaların, divarların üstü, Akademiyanın bağçası, evlərin balkonları adamla dolu idi. İnsanlar ucadan «Elçibəy» deyib çığırırdılar. Əziz oxucular, o ərəfədə mənim ürəyim xarab oldu, zaldan bayıra çıxardılar. Mənimlə yanaşı oturan AlpArslan Türkeşin qızı və nəvəsi idi. Mənə ürək dərmanı verdilər. Dərman qəbul edib çölə çıxdım. Ona görə də içəridəki çıxışları yaxşı eşitmədim. Həmin sözlər yaddaşımda qalmadığı üçün yaza bilmirəm, bağışlasınlar. İçəridən çıxışların qurtardığını xəbər verdilər. Kütlə Fəxri Xiyabana axmağa başladı. Mən də onlarla Xiyabana sarı yollandım. İnsan əlindən sərbəst hərəkət etmək mümkün deyildi. Nərimanov prospektində iynə atsan, yerə düşməzdi. Tabutu gətirənlər «Elçibəy» deyib qışqırırdılar. Nərimanov prospektində tabutu qabağa, kütləni isə arxaya keçirib hərəkət etdilər. Onlar Xiyabana yaxınlaşdılar. Xiyabanın içərisinə daxil olanda kütlə daha da sıxlaşmağa başladı. Hamı istəyirdi ki, qazılan qəbirə yaxınlaşsın və Bəyi məzara qoyanda ora bir ovuc torpaq atsın. Mən milləti yarıb keçə bilmirdim. Artıq içəridə idim. Bir qadın məni tanıyıb qolumdan tutub qışqırdı ki, Bəyin qardaşıdır, ona yol verin. Onun köməkliyi ilə qazılan qəbrin üstünə çıxdım. Bu anda tabutu açıb qəbirə yaxınlaşdırdılar. Aman Allah, heç kimə qardaş dağı göstərməsin. Mən bir qəbirə, bir də qradaşımın cəsədinə baxıb məzarın içinə endim. Axundlar qəbrin qırağının baş tərəfindən düzülmüşdülər. Şeyx Allahşükür Paşazadə axundların birinə dedi ki, sən başla. O axund mənə dedi ki, qəbirdən çıx. Çünki məni tanımırdı. Kənardan qışqırdılar ki, niyə çıxsın, o qardaşıdır? Axund mənə dedi ki, bağışla. Mən də ona dedim ki, qayda-qanunu bilirsənmi? O da bəli dedi. Qardaşı qardaşın qucağına verdidər. Bu görüş son görüş idi. Qucağımdan torpağa uzatdım. Bağlanmış ağları açdım. Başının altına yumşaq torpaq qoydum. Əlimi sinəsinə qoyub başımı başınıın üstünə əydim. Axund dediyi sözləri təkrar edib sinəsini tərpədirdim. Hava çox isti idi. Külək yox idi. Hər tərəf örtülü idi. Göz yaşlarım tərə qarışıb qardaşımın başını qoyduğu torpağı islatdı. Axundun duası çox çəkdi. Göz yaşımın suyu bulaq kimi tökülürdü. Tapşırıq qurtardı. Mənə əl uzadıb qəbirdən çıxartdılar. Qəbiri qazanlar öz işlərinə başladılar. Hərə bir ovuc torpaq atırdı qəbirə. Bəziləri ağlayaraq dua oxuyurdular. İnsanlar sakitləşmişdilər. Qəbirin örtüyü qurtardı. Fatihə verildi. Sonra Vasim müəllim Bəyin tələbəlik dövründən tutmuş evlənmək vaxtına kimi xatirələrini danışdı. O bizim ailəmizin xeyir işlərində iştirak etmişdi. Ailə üzvlərinin hamısını yaxşı tanıyırdı. Çıxışından sonra Mir Mahmud ağa Bəyin vəsiyyətini xalqa oxudu. Bir neçə adamlar çıxış edəndən sonra söz ailə üzvlərinə verildi. Almurada buyur dedilər. Almurad da mənə dedi ki, sən danış. Mən Vasim müəllimin yanına keçdim. Məni qəhər basdı. Danışmaq çox çətin idi. Amma yenə də özümü toplayıb danışdım. Bütün xalqımıza ailəmiz adından minnətdarlığımızı bildirdim. Orada olan türk nümayəndələrinə və bütün türk xalqına ailəmiz adından təşəkkürlərimzi çatdıraraq bütün türk millətinə başsağlığı verməyi xahiş etdim. Onlar da baş əyib başsağlığı verdilər. Çıxışlar qurtardı. Şeyx Allahşükür Paşazadə xalqa müraciət edib dedi ki, qırxına kimi bütün Azərbaycan məscidlərində Bəyə ehsanlar veriləcək, dualar oxunacaq. O, bunu axundlara tapşırdı. Oradan Bəyin evinə getdik. Artıq çadırlar hazır idi. Çay, su, yüngül yeməklər stolun üstündə hazır vəziyyətdə idi. Fatihə verildi. Dualar qurtarandan sonra hamı avtobuslara, maşınlara minib hamı yas yerinə yollandı. Xiyabandan adamlar maşınlarla qayıdırdılar. Çünki insnalar yorğun, üzgün idilər. Yol da uzaq idi. Onlar gəlib çadırlarda yerləşdilər. Axundlar dualar oxuyurdular. Hamı eşitmək üçün səsgücləndiricilər quraşdırılmışdı. Hamı dəstə-dəstə gəlib başsağlığı verib gedirdi. Uzaq rayonlardan gələnləri çadırlara dəvət edib onlara çay, su, yemək verib yola salırdıq. Azərbaycanın bütün rayonlarında Bəyə ehsanlar verilirdi. Mənə və Almurada Kələkidən hey zəng vurub çağırırdılar ki, nə zaman gələcəksiniz? Mən oğlumla xəbər yolladım ki, bizim gəlməyimiz hələ mümkün deyil. Qardaşım İbrahim kənddə idi. Ona Bəyin ölümünün birinci günü xəbər verməyiblər. Çünki xəstə idi, yatırdı. İkinci günü nəvəsindən soruşur ki, Turqut hanı, görmürəm? Nəvəsi də deyir ki, Bakıya gedib, babam ölüb. İbrahim qışqırıb özünü itirir. Qonşular tökülüb gəlirlər, dərman, iynə qəbul etdirirlər. Özünə gəlir, durub bizə gəlir. Onların evi kəndin başında, bizimki aşağısında idi. Evlər bir-birindən aralı idi. Gəlib görür ki, həyət, ev, küçə adamla doludur. Ona başsağlığı verirlər. İbrahim orada bir də özünü itirir. Ürəyi xarab olur. Üzünə su tökürlər, ayılır. Ağlamağa başlayır, bizim dalımızca danışır. Niyə məni Bakıya aparmayıblar? Oturub məclisi idarə edir. Hər şey qaydasına düşür. Bağçada və evdə gələn camaata ehsan verməyə yer düzəldirlər. Böyük qardaş olduğu üçün xəstəliyini unudub gələn qonaqları qəbul edir, məclisdə ağsaqqallarla bir yerdə olaraq başsağlığı verənlərə razılığını bildirir. Bakıda yasın 3-ü idi. Məclisdə türk nümayəndələri də iştirak edirdi. Kamil Vəli Nəriman oğlu mənə dedi ki, türklər gedirlər və səninlə görüşmək, vidalaşmaq istəyirlər. Qonaqlar hamısı çadırın kənarında ayaq üstdə durub məni gözləyirdilər. Yaxınlaşıb görüşdüm. Onlar mənə başsağlığı verib toxtaq olmağı, sağlamlığımı qorumağı bildirərək öz adlarından, bütün türk xalqı adından ailəmizə başsağlığı verib bir-bir qucaqlayıb sağollaşıb ayrıldılar. Mən də onların qismində bütün türk zabitlərinə, əsgərlərinə ailəmiz adından başsağlığı verəsiniz deyib məmnuniyyətlə ayrıldıq. Axşam oldu. Almuradla söhbət edirdik. Söhbət zamanı yenə də kənddən zəng gəldi. Bizi çağırırdılar. Dedilər ki, bütün Naxçıvan xalqı - Şərur, Şahbuz, Əbrəqunus, Babək, Sədərək, Ordubadın əhalisi qadınlı-uşaqlı Kələkiyə axını başlayıb, gələn sizi soruşur, biriniz gəlin. Biz ailə üzvləri ilə belə bir məsləhət etdik ki, 1-ci cüməni verib mən, yoldaşım və bir neçə yaxın qohumlar kəndə yola düşək. Sənədləri yığıb bilet almaq üçün uşaqlardan birinə verdik. 1-ci cüməni verib Kələkiyə yola düşdük. Saat 12-də Kələkiyə çatdıq. Aman Allah, kənd camaatı məni görəndə boynumu qucaqlayıb «Hanı qardaşın?» deyib şivən qoparır, ağlayırdılar. Ara sakitləşəndən sonra əzaya gələnlər bir-bir mənimlə görüşüb başsağlığı verirdilər. Bağça, həyət gəlib-gedənlərlə dolu idi. Mən bağın baş tərəfində qardaşım İbrahimi gördüm. O mənə əyri-əyri baxırdı. Mən ona yaxınlaşıb özümü saxlaya bilməyib qəhərləndim. O nə isə demək istəyirdi. Amma deyə bilmədi. Biz bir-birimizin boynunu qucaqlayıb ağlayırdıq. 10-15 dəqiqə sonra bizi ayırdılar. Stola oturub camaatla başımla salamlaşdım. İbrahim artıq mənimlə barışmışdı. Mənə çay təklif etdi. Yoldan gəlmisən, iç, yorğunluğun götürülsün, dedi. Həftənin 2-ci günü olduğuna görə, 2-ci cümə yaxınlaşırdı. Yaxın kəndlərdən gələn adamlar başsağlığı verib bir çay içib qalxırdılar. Rayonlardan gələn adamları məcburi ehsana oturdub yeməmiş buraxmırdılar. Hər şey qayda-qanunla yoluna verildi. Bağçada səsgücləndirici mikrofon qoyulmuşdu. Gələn hacılar, axundlar, ziyalılar mərsiyələrini, çıxışlarını, xatirələni danışıb gəldiyi bölgənin adından bizə başsağlığı verirdilər. 2-ci cümənin başlanmasına az qalırdı. Ehsan üçün hazırlıq işləri görülürdü. Mal-qoyun alınmışdı. Kəsilib hazırlanırdı. Çünki bu cümədə bütün Naxçıvanın bölgələrinin adamları, ziyalıları, axundları, tələbələri, bölgə cəbhəçiləri, Bəyin əqidə yoldaşları iştirak edəcəkdilər. Ona görə də hər şey öz qaydasında olmalı idi. Hətta Cənubdan və Türkiyədən də qonaqlar gəlməli idilər. Yaxın yerlərdən gündəlik gəlib-gedən çox idi. 2-ci cümə günü kənddə avtobus, maşın əlindən tərpənmək mümkün deyildi. Qadınlar 2-ci mərtəbədə evdə və balkonda, digər qonaqlar isə aşağıda həyətdə yerləşdirilmişdi. Hətta qonşu evlərin də həyətlərində yerlər düzəldilmişdi. Səsgücləndirici qurğular saat 12-də hazır oldu. Axundlar Quran oxuyurdular. Bölgələrdən gələn mərsiyəxanlar mərsiyə oxuyurdular. Şərur, Əbrəqunus, Culfa mərsiyəxanları növbə-növbə oxuyurdular. Ağlaşma səsi bütün kəndi bürümüşdü. Qırxına kimi bütün cümələr bu cür təkrar olundu. Cənubdan gələn qonaq dedi ki, 2 avtobus adam gəlirdik, o taydan buraxmadılar, qoymadılar gəlsinlər. Biz 5 nəfər Bakı adından keçib gəlmişik. Türkiyədən də qonaqlar gəlmişdilər. Hər iki dövlətdən gələn qonaqlar çıxış etdilər. Onlar bütün kəndə və ailə üzvlərinə başsağlığı verdilər. Mən də öz növbəmdə minnətdarlığımı bildirdim. Qonaqların bəziləri Bakıya, bəziləri isə öz Vətənlərinə qayıtdılar. Cümələri geridə qoyandan sonra biz qırxa hazırlıq işləri görməyə başladıq. Kənd yeri idi. Hər şey kənardan alınır, gətirilirdi. Uzaq yerlərdən başsağlığı verməyə hər gün gələn-gedən var idi. Bakı ilə hər gün danışırdıq. Almuradın vəziyyətini, yas mərasiminin nə cür getdiyini soruşurdum. O da məndən nə çatışmadığını xəbər alırdı. Mən də hər şey öz qaydasındadır, qırxa hazırlaşırıq dedim. Qırx gəlib çatdı. Günlər tez-tez gəlib keçirdi. Qırxda da Naxçıvanın bütün bölgələrindən adamlar yasa gəlmişdi. Quran xətm edildi. Mərsiyələr deyildi. Gələn əqidə, tələbə yoldaşları xatirələrini danışdılar, çıxışlar etdilər. Sonda mən çıxış etdim. Xatirələrimdən danışanda balkonda, evdə, həyətdə oturan bütün insanlar ağlaşmağa başladılar. Mən özüm də kövrəldim, tutuldum. Axundlar dedi ki, sən bizi də kövrəltdin, ağlatdın. Mən öz adımdan, ailəmiz adından bütün xalqımıza, ziyalılarımıza, axundlarımıza, əsgərlərimizə, əqidəsindən asılı olmayaraq, bütün millətimizə, məhbəsdə yatanlara, bu qırx gün zəhmət çəkənlərə, göz yaşı tökən, saçını yolan ana-bacılara, müəllimlərə, şer oxuyan kiçik uşaqlara da dərin minnətdarlığımı bildirdim. Onlara bir daha belə bir liderin vaxtsız getməsini Allah göstərməsin dedim. Amin. Bəyin qırxı veriləndən sonra Bakıya zəng vurdum. Vəziyyəti, qırxı nə cür yola verdiklərini soruşdum. Havalar soyumağa, yağış yağmağa başlamışdı. Almurad dedi ki, hər şey öz qaydasında keçdi. Qəbir üstə getdik, əhali çox idi. Çadırlarda yer tapılmırdı. Əlavə çadırlar qurduq, ehsan verdik, həmişə olduğu kimi, arxayın ol. Hər şey arxada qaldı. Qardaşımın yoxluğu ailəmizi və bütün milləti sarsıtmış, məyus etmişdi. Noyabrın axırına kimi kənddə qalıb gəlib-gedənləri yola salırdım. Qardaşım İbrahim dedi ki, soyuqlar düşüb, uşaqları da götürüb Bakıya get, mən buradayam. İbrahimin icazəsi ilə Bakıya gəldik. Tapşırdı ki, mənim əvəzimdən Turqutun üzündən öpərsən. O Turqutu çox istəyirdi. Çünki həmişə onun yanında qalırdı. Onlarda olardı, böyük əmisi olduğu üçün onun sözündən çıxmazdı. Mən İbrahimin tapşırığını yerinə yetirdim. Bakıya gələndən sonra ailəlikcə qəbir üstünə getdik. Qəbir gül-çiçəklə örtülmüşdü. Dövrə vurub ağlaşdıq. Dualar oxuduq. Axund Quran oxudu. Fatihə verdi. Hamımız baş daşını öpüb məzarın üzərinə gül dəstələri qoyduq. Bizim ailə Bakıda olduğu vaxt hər cümə qəbir üstə gedirik. Qəbrin yanı həmişə adamla dolu olur. Gültəkin ananı, Əzizə ananı, Zəhra xanımı, Sevil, Gültəkini həmişə orada görmək olar. Onlar gündəlik qəbrin üstündəki çiçəkləri dəyişdirib təmizliyinə baxardılar. Gəlib-gedən ziyarətçilərə Bəy haqqında məlumat verərdilər. Dualar, yasin oxuyurdular. Bəy Fəxri Xiyabanda basdırılandan oranın ab-havası dəyişib. Bura indi yüzlərlə, minlərlə insanlar ziyarətə gəlir. Çünki oranı ziyarət yeri hesab edirlər. Ora tez-tez tanınmış ziyalılar gedib Bəyin qəbrinin üstünə tər güllər qoyurlar. Bəyin qəbri orada olandan sonra həmişə Quran ayələri oxunur, qəbirlər arası sulanır, təmizlənir, dəstə-dəstə məktəblilər gəlib şer söyləyirlər. Bəy Xiyabana gələndən sonra ora Azadlıq gətirib. Ölkənin hər yerindən bura gəlib onu ziyarət edir, dualar oxuyur, «Allah rəhmət eləsin, qəbri nurla dolsun» deyir, qəbrinin üstündə şəkil çəkdirib gedirlər. Bəyin qəbrinin üzərində üç rəngli türk bayrağı dalğalanır. Bu bayraqların altında onun ruhu daimi yuxuya gedib, gəlib-gedənləri salamlayır, «Allah sizə yar olsun» deyir. 31 dekabr, Novruz, orucluq, qurban və başqa bayramlarımızda bayraqdar Elman Türkoğlu götürdüyü türk bayraqları altında minlərlə insan Bəyi ziyarət edir, dualar oxuyur və birağızdan deyirlər: «Şəhidlər şəhidindən şəhidlərə salam gətirmişik». Beləliklə, hər il Bəy bu şəkildə ziyarət edilir. Şəhidlərimizə Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun. Amin. Kələkidə də hər il Bəyin ad günü və ölüm günü bu qayda ilə keçirilir. Tanrı bütün millətə yar olsun! Amin.