-
Moskvada Biryulevoda Yeqor Sherbakov adlı gəncin qətlində şübhəli bilinən əslən Azərbaycandan olan , 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalovdur.
Bunu RİA “Novosti” agentliyinin məlumatına görə, Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi bildirib.
Maraqlıdır ki, qətldə şübhəli bilinən Orxan Zeynalovun adını və keyfiyyətli çəkilmiş şəklini “Life News” adlı rus nəşri polisdən qabaq verib.
Mənzilində bir otağı Orxan Zeynalova kirayə verən Aleksey Pronkin ““Life News” –a deyib ki, “biz videonu və internetdə fotonu görəndə zarafatla Orxandan soruşduq ki, bu, o deyil ki? O bizimlə birlikdə güldü və öz otağına keçdi. O, otaqda xeyli qaldı. Sonra otaqdan çıxdı və dedi ki, bir-iki günlüyə mal dalınca gedir.”
Pronkin deyib ki, Orxan gedəndən sonra onlar daha keyfiyyətli videonu görüblər və bu dəfə Orxanı tanıyıblar.
Aleksey Pronkinin dostu olan Rüstəm Məmmədov deyib ki, o hərdən Orxanla birlikdə içirmiş. Onun fikrincə, Orxan içkili olanda özünü adekvat aparmırdı, aqressiv olurdu. Rüstəm Məmmədovun fikrincə, Orxan içkili vəziyyətdə adam öldürə bilərdi.
Rüstəm Məmmədov onu da deyib ki, Orxan Moskvaya 10 il olar ki, gəlib.
Rusiyanın Newsru.com saytının polisdə olan mənbəsi bildirib ki, Orxan Zeynalov Moskavaya bir neçə il qabaq gəlib. O, bir neçə tərəvəz dükanı olan öz əmisinin və ya dayısının yanında işləyirmiş. Orxan Zeynalov tərəvəzləri daşımaqla məşğul imiş.
İstintaq materiallarına görə, oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Sherbakov öz sevdiyi qızla evə qayıdırmış, onda bir xarici əvvəlcə qıza sataşıb, Yeqor qızı müdafiə edəndə isə ona bir neçə bıçaq zərbəsi endirib. Sherbakov “təcili yardım” gələnə kimi keçinib.
DİN-in Moskva üzrə Baş İdarəsinin rəisi Anatoli Yakunin deyib ki, hazırda Zeynalovun axtarışı ilə Moskvanın ən yaxşı müstəntiqləri məşğuldur.
O həmçinin bildirib ki, Azərbaycanda da Orxan Zeynalov qətlə görə axtarışdadır. Yakunin, məlumatlara görə, belə bir ifadə işlədib ki, o, “axtarışdadır və yenə qətlə görə”.
Bu o deməkdirmi ki, Orxan Zeynalov Azərbaycanda da qətl törədibmiş?
Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Azadlıq Radiosuna deyir ki, “Azərbaycanda Orxan Zeynalov adında adam qətlə görə axtarışda yoxdur.”
Və hətta Ehsan Zahidov Rusiyanın Orxan Zeynalovla bağlı Azərbaycana müraciət etməsinin də həqiqətə uyğun olmadığını deyir:
“Rusiyanın Daxili İşlər Nazirliyi Orxan Zeynalovla bağlı indiyə kimi bizə müraciət etməyib. Sözsüz ki, müraciət etsələr, bu müraciətə baxılacaq”.