Gənc yazar tənqidlərə əsgərlikdən münasibət bildirdi.
-
Guya məni açıq-saçıqlıqda ittiham edənlər özləri əsərdəki şeyləri etmirlərmi? Gerçək həyatımız kifayət qədər açıq-saçıqdır, ayaqyolu ilə mətbəx arasında bir divar var...
O ki qaldı əsərimin tarixdə qalıb-qalmayacağına, mən bütün yazılanların mənasız olduğuna və əvvəl-axır məhv olub gedəcəyinə inanıram, əbədi yaşayacaq əsərlər yalnız dinə söykənən əsərlərdir...
Gənc yazar Şəhriyar del Gerani tənqidçilərin onun “İntihar hörüyü” romanı haqda “Oxu zalı”nda keçirilmiş müzakirə zamanı səsləndirdikləri fiikirlərə münasibət bildirir.
- Şəhriyar, bildiyimə görə, hərbi xidmətdə olsan da, romanının Azadlıq Radiosunun “Oxu Zalı”nda keçirilmiş müzakirəsindən xəbərdarsan. İlk olaraq yazıçı Əkrəm Əylisli sənin romanın haqqında məqalə yazdı, "əsəri oxudum, peşman olmadım" dedi. Bildirdi ki, bu əsər əslində “boğazdan yuxarı” əxlaq və mənəviyyat təəssübkeşlərinə etiraz, qisasdır? Doğrudanmı əsər elə cəmiyyətdəki əxlaqi aşınmaya etiraz olaraq yazılıb?
- Mən romanı yazdıqdan sonra əsgərliyə gəlmişəm, onun sonrakı taleyinin necə olduğunu bilmədim, yoldaşlardan birinə verdim ki, satışını təmin etsin. Bundan sonra əsər Milli Kitab Mükafatında ən yaxşı gənc yazarın kitabı nominasiyasında birinci yerə çıxdı. Təəssüf ki, hərbi xidmətdə kitabım haqqında yazılan məqalələrlə əhatəli tanış ola bilməmişəm. Mən yalnız İradə xanımın və Seyfəddin bəyin yazılarını oxuya bilmişəm. Əkrəm Əylislinin o fikri ilə tam razıyam, bu romanı yazmazdan əvvəl içimdə bir qəzəb, hirs vardı ki, romana töküb çap etdirdim. Romanda həqiqətən belə etirazın olduğunu təsdiqləyirəm.
- Tənqidçi Nərgiz Cabbarlı əsəri baş tutmamış roman adlandırdı. O, müəllifin üslubunun olmadığını, əsərin müxtəlif dillərdən götürülüb calaq edilmiş sözlərlə dolu olduğunu vurğulayır? Buna münasibətin necədir?
- Əvvəla, mən özüm filologiya fakültəsini bitirmişəm, Azərbaycan dilini də kifayət qədər bilirəm, amma mən orda öz dil biliklərimi göstərmək istəməmişəm, ədəbiyyat yaratmaq istəmişəm. Tənqidçi onsuz da tapdalamağa bir quyruq tapmalıdır, amma o quyruq da gərək bir quyruq ola, heç olmasa bir tülkü quyruğu ola ki, ayağının altına gələ. O bu romanı “Gün var əsrə bərabər” romanıymış kimi oxuyub və orda bir struktur, dil, üslub axtarıb, mənsə öz romanımı post-modern stilində yazmışam, burda üslubu və dili dağıtmağa çalışmışam. Üslub nəyə görə lazımdır ki?
- Bloqçu Əli Novruzov sənin romanın haqqında yazır ki, ola bilsin müəllif yazıçı populyarlığı, tanınma, pərəstişkar kütləsi istəyir, ona görə də kitabının üz qabığını və səhifələrini zorlama, intihar, seks səhnələri ilə doldurub...
- Mənə tanınmaq lazım deyil, nəyə görə tanınmışlığa can atım? Mən məlum hadisə ilə bağlı kifayət qədər tanınmışam.
- İranda tutulmağa görəmi?
- Fərqi nədir ki, nəyə görə? Deyək ki, mən avtoritetəm, tanınmışam. Küçənin ortasında birinin başını kəsmişəm, hamı deyib ki, bu haqsızlıq edib, amma həm də şairliklə məşğulam. Bu, məzmunsuz ittihamdır. Əvvəla, romanda olanları heç açıq-saçıqlıq adlandırmazdım. Guya məni açıq-saçıqlıqda ittiham edənlər özləri əsərdəki şeyləri etmirlərmi? Gerçək həyatımız kifayət qədər açıq-saçıqdır, ayaqyolu ilə mətbəx arasında bir divar var. Bunlar elə bilirlər evin başına hicab keçirmək, pilləkanlara yubka geyindirmək lazımdır.
- Seyfəddin Hüseynli “İntihar hörüyü”ndə baş qəhramanın “qadın aclığına”, bütün qadınlara qarşı aqressivliyinə diqqət yönəldir. Bu haqda nə düşünürsən?
- Seyfəddin Hüseynlinin tənqidi samballı tənqid idi. O, romanı psixoloji cəhətdən açıb izah edib. O yazır ki, burda həm qadın aclığı, həm də qadın toxluğu var. Qadına qarşı aqressiya əsərdə görünə bilər, amma elə deyil. Burdakı baş qəhrəman, sadəcə, fiqurdur, cəmiyyətin bir üzvüdür ki, öz hisslərini göstərir, orda məni axtarmaq və ittiham etmək yersizdir. Bu, hər gün rast gəlinən insanlardan birinin həyatının alt qatıdır.
- Tənqidçi İradə Musayeva “İntihar hörüyü” haqqında məqaləsində soruşur: Doğrudanmı bu cür açıq-saçıq səhnələrsiz, cismani qovuşma emosionallığının az və ya yox olduğu ədəbiyyat maraqsızdır? Maraqlıdır, nəyə görə əsərdə həyat, insanlar, münasibətlər, təsvirlər – hər şey eybəcər göstərilir? Hər kəs əxlaqsız, riyakar, təmənnalı və qorxaqdır. Əsəri yazarkən doğrudanmı bədbin ovqatda idin?
- İradə xanımın yazısında xeyli sayda mükəmməl məqamlar var. Məsəlçün o deyir ki, müəllif bu qədər iyrəncliyi yazmaqla bərabər heç kəsi qınamır. Əslində gözəl tapıntıdır. O ki qaldı əsərdəki bədbin ruha, bu şair, yazıçı təbiətindən gəlir. Mən belə olmalıyam. Əlbəttə ki, həyatımda kifayət qədər şən, fərəhli şeylər var. Yazar kimi isə mən öz həyatımı yazmamışam, öz həyatım mənim üçün çox maraqsızdır. Öz həyatımı yazsam, heç kim iki vərəqdən artıq oxuya bilməyəcək. Yaradıcı həyatımda isə mən tamam fərqli əhval-ruhiyyədə çıxış edə bilərəm. Bunlar fərqli şeylərdir.
- Cavanşir Yusifli “İntihar hörüyü”ndə Patrik Züskindin “Ətriyyatçı”sından təsirləndiyini, Əli Novruzov özünü Nabokova oxşatmağa çalışdığını, Seyfəddin Hüseynli isə romanda Tarantinonun kinolarının havası olduğunu yazır. Sirr deyilsə sən özün bu romanı yazarkən hansı müəllifləri çox mütaliə edibsən, hansı əsərlərdən təsirlənibsən?
- Açığı, mən gözlədim ki, orda mənim Bekketdən təsirləndiyimi deyəcəklər. Həmin vaxt mən Bekketin “Molloy” və “Malon ölür” romanlarını oxuyurdum. Amma Cavanşir Yusiflinin iddiasının əksinə olaraq “Ətriyyatçı” romanını həqiqətən oxumamışam. Mən hamının can atdığı əsərlərdən qaçıram, istəyir lap ən yaxşı əsər olsun.
- Amma sən Bekketin kitablarının istər Azərbaycanda, istər dünyada çox az oxunduğunu bilirsənmi? Adamlar onu oxuyanda depressiyaya düşür...
- Bilirəm. Onu oxuyub başa düşmək çətindir. Gözləyirdim onun adını çəksinlər, çəkən olmadı. Amma Əsəd Qaraqaplan romanımı oxuyan kimi Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanının havasında olduğunu dərhal söylədi və bundan sonra həmin romanı da oxudum, gördüm ki, kim belə deyirsə, çox haqlıdır. Selincerin təhtəlşüuru ilə mənimki olduqca oxşardır.
- Elnarə Tofiqqızı sonuncu yazısını sənin kitabın haqqında yazdı, bundan az sonra dünyasını dəyişdi. O yazır ki, Şəhriyarın bu kitabı hələ nəsrə hazırlaşan şairin kitabıdır, o, şair kimi daha uğurlu olduğunu düşünürdü. Onun fikrinə görə, əsərdə vulqarizmin (jarqon, tabu) çox istifadəsi bir qayda olaraq qeyri-peşəkarlara xas bir ədəbi priyomdur? Bu haqda nə düşünürsən?
- Nə vaxtsa Elnarə xanımın vəfatından sonra mənim romanım haqda yazdığı yazısına münasibət bildirəcəyimi ağlıma gətirməzdim. Allah ona rəhmət eləsin. Heç indi də onun fikrinə münasibət bildirmək istəmərəm. Sadəcə olaraq onun bu romanda yenə də şair kimliyi ilə çıxış etməyimin çox doğru təsbit olduğunu bildirmək istərdim. Həqiqətən də şeir kimi yazılıb. İradə xanım hətta ordan poetik cümlələri seçib, çıxarışlar etmişdi.
- Demək olar ki, tənqidlərin çoxu roman haqqında mənfi rəy bildirirlər. Amma müsbət fikirlər deyən də tapıldı. Romanın haqqında özün nə düşünürsən? Səncə, Azərbaycan ədəbiyyatı tarixində iz qoyacaqmı?
- Seyfəddin Hüseynli ilə İradə Musayevanın yazılarında razılaşdığım kifayət qədər məqamlar var. Bir şeyi görürəm ki, adamların çoxu adətən romanın əsas mahiyyətinə, dərininə varmır, üzdən gördüklərini, yəni açıq-saçıqlığı, aqressivliyi qeyd edirlər. Mən özüm romanımı böyük bir hadisə saymıram, onun haqqında yüksək fikirdə də deyiləm, amma bir məqam var ki, mən romanı yazdıqdan dərhal sonra əsgərliyə getmişəm, onun irəliyə çəkilməsi üçün heç bir səy göstərməmişəm, o özü sanki bir canlı varlıq kimi, yaxşı bir oğlan kimi, özünə yol açıb, özü müsabiqəyə girib, yer tutub, özü-özünə bir rəy qazanıb, özü-özünü təqdim edib. O ki qaldı tarixdə qalmağına, mən bütün yazılanların mənasız olduğuna və əvvəl-axır məhv olub gedəcəyinə inanıram, əbədi yaşayacaq əsərlər yalnız dinə söykənən əsərlərdir. Məsəlçün götürək Nizami kimi mənasız bir adamın əsərlərini, o, dinə söykəndiyi üçün hələ də yaşamaqdadır, ya da deyək Nəsimini o da hansısa bir dini təlimə söykənmişdi, mənə görə başqa cür tarixdə qalmaq mümkün deyil.
Söhbətləşdi: Namiq Hüseynli