Günel Mövlud
DEYİNGƏN ARVADIN ŞEİRİ
Mən səni tanıdım,
payız keçdi, qış gəldi,
soyuqlar oldu
Yay gəldi,
sümüyüm qızmadı,
qanım az, özüm arıqlar oldum
Hər fürsətdə içdik,
sağlıqlar oldu,
süfrə dolu araqlar oldu
Evləndik,
heç tək qalmadıq,
elə hey dostlar oldu, qonaqlar oldu
Gəzməyə getmədik,
əylənmədik, mənimki mətbəx oldu,
bıçaqlar oldu
Saçımı ütdüm,
əlimi kəsdim
qollarımda elə hey yanıqlar oldu, suluqlar oldu
Şam yandırmadıq,
işığında sevişmədik,
günümüz yol oldu, uzaqlar oldu
başqa şəhərlərə köçdük,
öz şəhərimizdə həbslər oldu,
türmə dolu dustaqlar oldu
məndən heç xoş söz demədilər sənə, sevgilim
eşitdiyin söyüş oldu,
qınaq oldu, danlaqlar oldu…
Hamısı bir yana
sən nə çox balıq yeyirsən?
Mən səni tanıyalı
əlimdə nə qədər balıqlar öldü,
balıqlar öldü….