Naxçıvanın «NAZ-Lifan» avtomobilləri beynəlxalq sərgiyə çıxarılır

Naxçıvan Avtomobil Zavodu 2008-ci ildə fəaliyyətə başlayıb.

-
Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobil modellərinin Bakıda keçiriləcək beynəlxalq sərgidə təqdimatı nəzərdə tutulur. «Şərq Qapısı» qəzetinin məlumatına görə, ilin sonuna nəzərdə tutulan sərgiyə Naxçıvan Avtomobil Zavodu «NAZ-Lifan» markalı avtomobillərin «330», «630» və «X-70» modellərini təqdim edəcək. Öncəki modellərdən fərqlənən həmin avtomobillərin sürət qutuları avtomatikdir. Həmin avtomobillər həmçinin Azərbaycan üzrə naviqasiya sistemi ilə təchiz olunacaq.

Naxçıvan Avtomobil Zavodu 2008-ci ildə fəaliyyətə başlayıb. Burada yığılan «NAZ-Lifan» avtomobillərin dəyəri 8400-15200 manat arasında dəyişir. Ötən 4 il müddətində 1898 ədəd «NAZ-Lifan» markalı minik avtomobili istehsal olunub, bunlardan 1795 ədədi satılıb.

Naxçıvanda fəaliyyət göstərən taksilərin əksəriyyəti «NAZ-Lifan» avtomobilidir. Satışın ilk vaxtlarında Naxçıvandan olan taksi sürücüləri həmin avtomobillərin onlara zorla satıldığını iddia edirdilər. Taksi sürücüləri «NAZ-Lifan» avtomobillərinin həm də keyfiyyətsiz olduğundan tez sıradan çıxdığını iddia edirdilər.

Ancaq Naxçıvan rəsmiləri belə iddiaları yalanlayırdılar.