Mən artıq məhv edilmişəm. Məhv edilməyim sovet cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanıb və “nailiyyət” adlandırılıb.
-
"Mən artıq məhv edilmişəm.
Məhv edilməyim sovet cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanıb və “nailiyyət” adlandırılıb".
"İstəyirəm diqqətinizə çatdırım ki, yazmaqdan məhrum edilmək mənim üçün diri-diri basdırılmağa bərabərdir..."
Mixail Bulqakov
SSRİ HÖKUMƏTİNƏ MƏKTUB
Mixail Afanasyeviç Bulqakov
(Moskva, Piroqovskaya, 35-a, ev 6)
Mən SSRİ Hökumətinə aşağıdakı məktubla müraciət edirəm:
Əsərlərimə qadağa qoyulduqdan sonra, yazıçılıq fəaliyyətimlə tanış olan xeyli sayda vətəndaş mənə eyni bir məsləhəti verməyə başladı:
“Kommunistsayağı pyes” yazmalı (sitatları dırnaq arasında göstərirəm), eləcə də SSRİ Hökümətinə tövbə məktubu ilə müraciət edib bədii əsərlərimdə dilə gətirdiyim əvvəlki baxışlarımdan imtina etməli və bundan sonra kommunizm ideyasına sadiq poputçik-yazıçı* kimi işləyəcəyimə təminat verməliyəm.
Məqsəd: təqiblərdən, kasıblıqdan və bunun nəticəsində qaçılmaz ölümdən yaxa qurtarmaqdır.
Mən məlum məsləhətə qulaq asmadım. Mənim kimi adam, çətin ki, özünü SSRİ Hökumətinə xoş gəlsin deyə yöndəmsiz, üstəlik də sadəlövh siyasi tryukdan başqa bir şey olmayan yalançı məktub yazsın. Kommunistsayağı pyes yazmağa isə heç cəhd də etmədim, çünki əvvəlcədən məndə belə bir pyesin alınmayacağını gözəl bilirdim. Yazıçı iztirablarıma son qoymaq arzusu məni içimdə yetişmiş bu həqiqət dolu məktubla SSRİ Hökumətinə üz tutmağa vadar etdi.
2
Qəzetlərdən kəsdiyim parçalardan ibarət albomumu gözdən keçirərkən, on il müddətində SSRİ mətbuatında əsərlərim haqqında 301 rəy saydım . Onlardan cəmi üçü müsbət idi, yerdə qalan 298-i isə nifrət və təhqirlə dolu idi.
Həmin 298 rəy mənim yazıçı həyatımın bu dəqiqə nə halda olduğunu göstərir.
Mətbu nəşrlərdə “Turbinlər ailəsinin həyatı” pyesimin qəhramanı Aleksey Turbini “it oğlu” adlandırıblar, pyesin müəllifini, yəni məni isə “qocalmış it həvəskarı” kimi qələmə veriblər. Mənə “bir düjün qonaq yediyini qaytarandan sonra” qalıqları yığan “ədəbiyyat süpürgəçisi” ayamasını yapışdırıblar.
Belə yazıblar:
“...Siz mənim canım, ifadəmə görə bağışlayın, bu Mişka Bulqakov üfunət basmış zibillərin içində eşələnən bir yazıçıdır... Soruşuram səndən, bu nədir ay üzdəniraq... Mən hələ mədəni dildə deyirəm, götür o kitabı çırp təpənə... İtə büstqalter nə qədər lazımdırsa, biz bu ölkənin sakinlərinə də Turbinlər ailəsi bir o qədər lazımdır... Bizə nə bu it oğlundan. Bizə nə Turbindən, arzum budur nə xeyrini, nə bəhərini görəsən...” (“Jizn iskusstva” N44-1927-ci il).
Bundan başqa “Əvvəl necə vardı eləcə də qalmış, yeni burjuaziya nəslinin tör-töküntüsü, işçi sinif və onun kommunist ideallarının üstünə yapışmış zəhərli, ancaq artıq gücünü itirmiş tüpürcək olan Bulqakov” haqqında yazırlar. (“Komsomolskaya pravda” 14/X-1926-cı il).
Söz yayıblar ki, guya mən “hansısa dostumun kürən arvadı ilə qeyri-rəsmi əlaqədə olub onun qapısında sülənməkdən" həzz alıram (A. Lunaçarskiy, “İzvestiya” 8/X-1926-ci il ) və ona görə də “Turbinlərin ailəsinin həyatı” pyesim it iyi verir (1927-ci ilin may ayında, Təbliğat və təşviqat idarəsində keçirilmiş iclasın stenoqramından) və s, və ilaxır...
Deyim ki, bu sitatları şikayətlənmək, yaxud hansısa polemikaya girmək üçün gətirmədim. Mənim məqsədim xeyli ciddidir.
Mən təkcə sənədli-sübutlu SSRİ mətbuatının bütövlükdə mənə qarşı olduğunu sübut etməyə çalışmıram, elə mətbuatla bərabər teatr repertuarlarına nəzarəti təmin edən təşkilatın da, ədəbi yaradıcılığımı sürdürdüyüm bütün bu illər ərzində yekdillik və müdhiş bir həvəslə bu ölkədə Mixail Bulqakovun əsərlərinə yer olmadığını sübut etdiklərini deyirəm.
Və bəyan edirəm ki, SSRİ mətbuatı tamamilə haqlıdır.
3
Nəhayət bu məktubun yekun nöqtəsi mənim “Al qırmızı ada” panfletim olacaq.
SSRİ tənqidçiləri bir ağızdan bu pyesin “zəif, dişsiz, miskin” və “inqilaba qarşı həcv” olduğunu bəyan etdi.
Bu məsələdə yekdillik olsa da, birdən-birə və təəccüb doğuracaq bir istisna ortaya çıxdı.
P. Noviçkovun “Repert. Bül.”ün 22-ci sayında (1928-ci il) çıxmış rəyində deyilirdi ki, “Al qırmızı ada” – bədii yaradıcılığı boğan, kölə təfəkkürlü, yaltaq-yapalaq dramaturji qəliblər yaratmaqla məşğul olan, aktyor və yazıçıları şəxsiyyətsizləşdirən Böyük İnkvizitorun məşum kölgəsinin canlandırıldığı “maraqlı və incə parodiyadır”. Həmçinin həmin bu “Al qırmızı ada”da “məşum, qaranlıq güclərin tərbiyə etdikləri yaltaq və məddah kölələr...”dən söhbət gedir. Deyilir ki, “əgər belə qara qüvvələr mövcuddursa, tanınmış dramaturqun qəzəbinə, amansızlığına, iti ağlına haqq qazandırmaq lazımdır”.
Sizdən soruşuram, bəs hansı həqiqətdir?
Son nəticədə “Al qırmızı ada” “fərsiz, dişsiz, miskin pyesdir” yoxsa “ustalıqla işlənmiş panflet”?
Həqiqət Noviçkovun rəyində ortaya çıxır. Pyesimin nə dərəcədə incə mətləblərə toxunduğundan danışmaq istəmirəm, amma qəbul edirəm ki, pyesimdə həqiqətən də məşum bir kölgə canlandırılır və bu, Baş Repertuar Komitəsinin kölgəsidir. Bax, kölələri, məddahları və qorxaq “nökərləri” tərbiyə edən odur. Yaradıcı fikri öldürən odur. Sovet dramaturgiyasını dağıdıb sonuna çıxan odur.
Mən bu fikirlərimi dalda-bucaqda pıçıltı ilə deməmişəm. Mən onları dramaturji panfletlərimdə ifadə edib, sonra bu panfleti səhnəyə qoymuşam. Sovet mətbuatı Baş Repertuar Komitəsinin fikrinə şərik olub “Al qırmızı ada”nı inqilaba qarşı həcv adlandırdı. Bu, qeyri-ciddi sayıqlamadır. Bir çox səbəbdən pyesdə inqilaba qarşı həcv olmamasını deyə bilərəm, amma yer azlığından o səbəblərdən yalnız birini göstərirəm: inqilab hədsiz əzəmətli olduğu üçün ona qarşı bir həcv yazmaq mümkünsüzdür. Bu yazdığım pamfletdir, həcv deyil, Baş Repertuar Komitəsi isə inqilab deyil.
Ancaq alman nəşri “Al qırmızı ada”nın “SSRİ-də mətbuat azadlığına ilk çağırış” (“Molodaya qvardiya” N1 -1929) olduğunu yazmaqda çox haqlıdır. Mən bunu boynuma alıram. Necə olursa olsun, hansı hakimiyyətin dövründə olursa olsun, senzura ilə mübarizə, eynilə mətbuat azadlığına çağırış mənim yazıçı borcumdur. Mən bu azadlığın alovlu pərəstişkarıyam və əminəm ki, onun lazımsızlığını sübut etmək xəyalına düşən yazıçı, kütlə qarşısında suya ehtiyacı olmadığını iddia edən balıq kimi görünür.
4
Bax bu da mənim yaradıcılığımın daha bir cəhətidir və həmin cəhət bəs edir ki, əsərlərimin SSRİ-də mövcudluğuna son qoyulsun. Amma yaradıcılığımın bütün başqa cəhətləri satirik povestlərimdə ortaya çıxan ilkin cəhət ilə bağlıdır: bizim məişətimizin saysız-hesabsız eybəcərliklərinin təsvir olunduğu, qara və mistik boyalar (mən mistik yazıçıyam), yazı dilimə hopmuş zəhər, inqilabi prosesə şübhəylə yanaşmağım, mənim geridəqalmış ölkəmdə baş verənlər və bütün bunlara qarşı qoyulmuş Böyük Təkamül sevgisi, hamısından əsası isə - hələ inqilabdan çox-çox əvvəl müəllimim M. E. Saltıkov-Şedrinə dərin əzab verən xalqımızın qorxunc cəhətlərinin təsviridir.
Neynəyəsən ki, başı M. Bulqakovun satirasının“şər-böhtan”la dolu olduğunu sübut etməyə qarışan SSRİ mətbuatı, bütün bunları ciddi şəkildə qeyd etməyi ağlına belə gətirməyib.
Mətbuatda cəmi bircə dəfə, mən yenicə məşhurlaşmağa başlayanda, təkəbbürlü təəccüblə qeyd edilmişdi:
“M. Bulqakov bizim əsrin satiriki olmaq istəyir” (“Kniqoşa” N6-1925-ci il.)
Təəssüf ki, burdakı “istəmək” feili yanlış olaraq indiki zamanda işlədilib. Onu nəqli keçmişə keçirmək lazımdır: M. Bulqakov SSRİ-də (qadağan edilmiş sahələrə nüfuz edən) əsl satiranın ağla belə gəlmədiyi bir dövrdə satirik olmuşdur.
Bu kriminal fikri çap etdirmək şərəfi mənə müəssər olmayıb, bütün çılpaqlığı ilə V.Blyumun məqaləsində göstərilib. (“Ədəbiyyat qəzeti”, N6) və bu məqaləni ən gözəl və dəqiq şəkildə bir formulda birləşdirmək olar:
SSRİ-da yazıb-yaradan hər hansı satirik sovet quruluşuna təhdiddir.
Bu halda mənim kimi birisinin SSRİ-də yaşaması mümkündürmü?
5
Və, nəhayət, gözdən salınmış pyeslərimdə - “Turbinlər ailəsinin həyatı”nda, “Qaçış” və “Ağ qvardiya” romanlarımda rus ziyalıları israrla cəmiyyətimizin ən yaxşı təbəqəsi kimi təqdim edilir.
Bununla belə, əsərlərimdə “Hərb və sülh”də də qarşımıza çıxan, vətəndaş müharibəsi illərində taleyin hökmü ilə ağ qvardiyanın düşərgələrinə atılmış ziyalı-zadəgan ailələrinin də təsviri var. Belə təsvirlər kökləri ilə ziyalılığa bağlı olan bir yazıçı üçün tamamilə təbiidir.
Lakin, əsərin müəllifinin elə qəhrəmanları kimi ağlar və qırmızılar arasında bitərəf qalmağa böyük səy göstərməsinə baxmayaraq, bu cür təsvirlər axırda “düşmən, ağ qvardiyaçı” damğasına gətirib çıxarır ki, hamının anladığı kimi, belə yazıçı SSRİ-də özünü işi bitmiş birisi hesab edə bilər.
6
Bununla ədəbi portretimi yekunlaşdırıram. Bu siyasi portretdir. Bilmirəm orda hansı böyük cinayət izləri axtarmaq mümkündür, amma mən bir şeyi xahiş edirəm: onun hüdudlarından kənarda nə isə axtarılmasın. Bu portret böyük vicdan hissi ilə çəkilib.
7
Mən artıq məhv edilmişəm.
Məhv edilməyim sovet cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanıb və “nailiyyət” adlandırılıb.
R. Pikel mənim məhvimə işarə vuraraq (“İzvestiya”, 15/IX-1929-ci il) aşağıdakı liberal fikirləri dilə gətirir:
“Biz bununla, heç də Bulqakov adının sovet dramaturqlarının siyahısından çıxarılacağını demirik”.
Və sözlərlə darmadağın edilmiş yazıçıya hələ bir təsəlli də verir ki, “söhbət onun keçmiş dram əsərlərindən gedir”.
Lakin, tezliklə Baş Repertuar Komitəsinin timsalında, R. Pikelin liberalizminin heç nəyə əsaslanmadığını gördük.
Belə ki, mən 1930-cu ilin 18 martında Baş Repertuar Komitəsindən köhnə yox, yeni pyesim “Kabala mömin” (“Molyer”) lə bağlı qısa bir məktub aldım, məktubda yazılmışdı: TAMAŞAYA İCAZƏ VERİLMƏDİ.
Qısası, iki sətirlik məktubla mənim kitab anbarlarındakı əsərlərim, fantaziyam, peşəkar teatr mütəxəssisləri tərəfindən saysız-hesabsız rəylər almış – uğurlu pyeslərim dəfn olundu.
R. Pikel yanılır. Mənim təkcə köhnə əsərlərim deyil, indiki və gələcək əsərlərim də məhv olub. Və mən şəxsən öz əllərimlə iblis haqqında romanımın qaralamasını, komediyamın qaralamasını və ikinci romanım “Teatr”ın əvvəlini sobaya atıb yandırmışam.
Mənim əsərlərimin bəxti bağlanıb
8
Sovet Hökumətindən xahiş edirəm mənim siyasi xadim deyil, ədəbiyyatçı olduğumu və bütün yaradıcılığımı sovet səhnəsinə bəxş etdiyimi nəzərə alsın.
Sovet mətbuatında şəxsim haqqında yayımlanmış iki rəyə diqqət çəkmək istəyirəm.
Onların hər ikisi mənim yaradıcılığımın barışmaz düşmənləri tərəfindən qələmə alınıb və buna görə çox dəyərlidirlər.
1925-ci ildə yazılmışdı:
“Qarşımızda hətta poputçik də olmağa yaramayan bir yazıçı dayanıb”. (L. Averbax, “İzvestiya” 20/IX-1925-cı il).
1929-cu ildə isə:
“Onun istedadının olması mürtəceliyi qədər göz önündədir” (R. Pikel, “İzvestiya”, 15/IX-1929 )
İstəyirəm diqqətinizə çatdırım ki, yazmaqdan məhrum edilmək mənim üçün diri-diri basdırılmağa bərabərdir.
9
SSRİ HÖKUMƏTİNDƏN XAHİŞ EDİRƏM MƏNƏ ARVADIM LYUBOV YEVGENİYEVNA BULQAKOVANIN MÜŞAYİƏTİ İLƏ TƏCİLİ SURƏTDƏ SSRİ HÜDUDLARINI TƏRK ETMƏK ƏMRİNİ VERSİN.
10
Vətəninə faydasız bir yazıçı kimi, sovet hakimiyyətinin insanpərvərliyinə sığınaraq xahiş edirəm, məni azadlığa buraxasınız.
11
Əgər yazdıqlarım inandırıcı gəlmədisə və beləcə SSRİ-də ömürlük sükuta məhkum ediləcəyəmsə, onda Sovet Hökumətindən məni ixtisasıma görə işlə təmin etməsini və ştatlı rejissor qismində işə göndərməsini xahiş edirəm.
Mən işə götürülməyim haqqında məxsusi, aydın, qəti əmr verilməsini xahiş edirəm, çünki peşəkar mütəxəssis kimi SSRİ-yə faydalı ola biləcəyim yeganə sahədə iş axtarmaq cəhdlərim iflasa uğrayıb.
Mənim adıma o qədər qara yaxılıb ki, səhnə haqda virtuoz biliklərə sahib birisi kimi adımın bütün aktyorlara, rejissorlara, həmçinin teatr rəhbərlərinə yaxşı bəlli olmasına baxmayaraq, işçi kimi xidmətlərimi təklif etdiyim hər yerdə şəxsimi böyük qorxu və ehtiyatla qarşılayıblar.
Mən SSRİ-yə, bütün şərəfimlə, hər cür zərərli fəaliyyətdən uzaq, Şekspir pyeslərindən başlayaraq müasir dövrümüzəcən istənilən pyesi vicdanla səhnəyə qoyacaq peşəkar rejissorluq və müəlliflik xidmətlərimi təklif edirəm.
Mən laborant-rejissor kimi I Bədii Teatrda K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenkonun rəhbərliyi altında fəaliyyət göstərən ən yaxşı teatr məktəbinə göndərilməyimi xahiş edirəm.
Əgər rejissor təyin etmək mümkün deyilsə, onda ştatda çalışan statist (səhnədə sözsüz rolları oynayan şəxs) təyin olunmağımı xahiş edirəm. Əgər statist də mümkün deyilsə, səhnə işçisi vəzifəsinə təyinatımı xahiş edirəm.
Əgər bu da mümkün deyilsə, Sovet Hökumətindən xahiş edirəm mənimlə necə bilir elə də davransın, amma bundan öncə mənim beş pyes müəllifi, SSRİ-də və onun hüdudlarından kənarda tanınan bir dramaturq kimi bu dəqiqə, - kasıb, evsiz-eşiksiz və məhvə məhkum olduğumu nəzərə alsın.
Moskva,
28 mart 1930
Çevirdi: Namiq Hüseynli
________
*Bolşevik partiyasının üzvü olmayan, amma onu dəstəkləyən yazıçı