Marquez Stalinin «qadın kimi incə əlləri» haqda (Xatirə)

Meksika - Gabriel Garcia Marquez, 30 sentyabr 2013

-

Marquez yazır ki, Moskvadakı dükanları görəndə adam rusların nüvə silahına malik olduğuna, göyə raket buraxdığına şübhə edir...


Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez 30 yaşında ikən - 1957-ci ildə müxbir olaraq Moskvada Gənclik və Tələbələr Festivalına qatılıb. O, Sovetlər Birliyində gördüklərini "SSRİ: Koka-kolanın bircə reklamının da olmadığı 22 400 000 kvadrat kilometr ərazi" essesində təsvir edir.


"SOVET TEXNİKASININ SON NAİLİYYƏTİ"

Marquez yazır ki, Stalin uzun müddət SSRİ-ni dəmir pərdələrlə dünyadan təcrid etdiyi üçün, sovet adamları özləri də bilmədən xarici turistlər qarşısında komik vəziyyətə düşürdülər.

Yazıçı Moskvanın 120 kilometliyindəki kolxozda gördüklərini xatırlayır. Keçəl kolxoz sədri əcnəbilərə kollektiv təsərrüfatın nail olduğu uğurlardan, artıqlaması ilə yerinə yetirilən planlardan danışmağa başlayır.

Nahardan sonra qonaqları fermaya aparıb "sovet texnikasının son nailiyyətləri"ni nümayiş etdirirlər. Söhbət mexanikləşdirilmiş sağımdan gedirdi.

Marquez yazır ki, halbuki bu, sadəcə, şlanqının bir ucu inəyin əmcəyinə, o biri ucu isə sorucu qurğuya taxılan bəsit aparat idi. Kranı açırdın və orta əsrlərdə sağıcının əllə gördüyü işi həmin aparat tutmağa başlayırdı:

"Bu, işin nəzəri tərəfi. Praktikada isə - bu bizim səfər zamanı şahidi olduğumuz ən naqolay vəziyyətlərdən biri idi - mexanikləşdirilmiş sağım ustası qurğunu inəyin əmcəyinə lazımınca qoşmağı bacarmadı, onun bu uğursuz cəhdləri 15 dəqiqəyəcən davam etdi, axırda... inəyi dəyişməli oldu. O, nəhayət ki, məqsədinə çatanda, biz hətta əl çalmağa hazır idik, özü də rişxəndsiz-filansız, sadəcə ona görə ki, çətinlik

Sovet koxozu, yer vətəndaş müharibəsində ələ keçirilmiş tankın köməyilə şumlanır, 1929

arxada qalmışdı".

Qonaqlardan biri, amerikalı nümayəndə kolxoz sədrinə deyir ki (Marquez yazır ki, amerikalı fikrini mübaliğəli şəkildə ifadə etsə də, dediyində müəyyən həqiqət vardı), Amerikada inəyi fermanın bu tərəfində sağırlar, o biri tərəfindən hazır yağ çıxır. Kolxoz sədri onun eyhamını başa düşmür. Amma sədr sonradan etiraf edir ki, doğrudan da SSRİ-də istehsal edilən hidravlik sağım qurğusunacan, bəşəriyyətin, südün mexaniki sağımından xəbərsiz olduğunu düşünürmüş.

Marquez yazır ki, Moskvadakı dükanları görəndə adam rusların nüvə silahına malik olduğuna, göyə raket buraxdığına, böyük səhraları əkinə yararlı sahələrə çevirməsinə şübhə edir. 40 il ərzində əsas diqqətini ağır sənayenin inkişafına yönəldən SSRİ dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilsə də, gündəlik tələbat mallarının istehsalı axsayır. Yazıçı qeyd edir ki, insanların geydiyi yöndəmsiz ayaqqabılar, paltarlar da bunu göstərir.

"DÜNYANIN ƏN BÖYÜK KƏNDİ"

Marqeuz yazır ki, "Moskva dünyanın ən böyük kəndidir və insanın adət etdiyi ölçülərə uyğun deyil". Yaşıllığın yoxluğu isə insanı boğur, sıxır. Yazıçı qatarla keçib gəldiyi Ukraynadakı kənd evləri ilə Moskvadakı nəhəng binaları müqayisə edir və qeyd edir ki, paytaxtdakı binalar elə həmin kənd evlərinin titanik ölçülərəcən böyüdülmüş formasıdır.

Marquez festivalın özünün də nəhəng bir tədbir olduğunu qeyd edir. Qonaqlara 14 min tərcüməçi xidmət göstərirdi. Əcnəbilərə hər cür şərait yaradılmışdı. Onlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərdilər. Yemək, tibbi xidmət də öz yerində. İnsanlar küçədə xaricilərə yanaşıb onlara rəngbərəng şarlar
hədiyyə edirdilər.

Amma təcrübəli jurnalist olan Marquez öz müşahidələri əsasında bütün bunların bir tamaşa olduğu qənaətinə gəlir. O, sovet adamlarının gerçək həyatı ilə tanış olmaq istəyir. Amma elə ki o, rastlaşdığı moskvalılara onların evində qonaq olmaq arzusunu hiss elətdirirdi, onlar sözləşiblərmiş kimi bundan yayınırdılar: "Yəqin ki hökumət insanları təlimatlandırmışdı ki, xariciləri evlərinə buraxmasınlar".

Marqeuz sovet mətbuatı və televiziyasının dövlətin nəzarətində olduğunu, buna görə də insanların öz ölkələrində baş verənlərdən az məlumatlı olduğunu qeyd edir:

Stalinin dəfni, 3 avqust 1953


"Bir dəfə "Pravda" nüsxələri ilə dolu bir köşk gördüm. Ön səhifədə səkkiz zolaqdan ibarət, başlığı yekə hərflərlə verilmiş məqalə vardı. Düşündüm ki, yəqin müharibə başlayıb. Başlıqda deyilirdi: "Kənd təsərrüfatı haqda hesabatın tam mətni".

"STALİNİN İNCƏ ƏLLƏRİ"

Marquez Moskvada Lenin və Stalinin saxlandığı mavzoleyi ziyarət etməyə bir neçə dəfə cəhd edir. Amma "2 kilometrlik növbələr" buna mane olur. Nəhayət səfərin sonunda yazıçı hövsələsini basıb istəyinə çatır. Onu ən çox Stalinin "qadın kimi incə əlləri" təəccübləndirir. Bu, qəddar liderin törətdikləri ilə təzad təşkil edirdi. Yazıçı Stalinin mavzoleydə "vicdan əzabı çəkmədən son yuxuya getdiyini" yazır. Onun fikrincə, Stalin bütöv bir nəsli kommunizm ideyasına qurban vermişdi. Buna görə də ölkəni ətraf aləmdən təcrid etmişdi ki, içəridə törətdiklərini heç kim görməsin.

Marquez mətbuat konfransında sovet naşirlərinə sual verir ki, ölkədə detektiv romanlar yazmaq qadağandırmı? Onlar belə bir qadağanın olmadığını deyirlər. Və birdən Marquez anlayır ki, yazıçılara belə əsərləri yazmaq üçün material verəcək cinayətkar mühit, sadəcə, Sovet İttifaqında mövcud olmayıb: "Bir dəfə mənə belə dedilər: "Bizdə yalnız bir qanqster olub. o da Beriyadır, amma indi onu hətta Sovet Ensiklopediyasından da rədd ediblər". Beriya haqqında ümumi və qəti rəy beləydi, özü də bu mövzuda diskussiya-filan ola bilməzdi. Amma onun cinayətləri detektiv əsərlər üçün süjetə çevrilməyib. Stalinin zərərli saydığı elmi fantasika janrına isə süni peykin onu sosialist reallığına çevirməsindən cəmi bir il əvvəl icazə verilib".

Hazırladı: Rövşən Qəmbərov