-
İndi yemək qızana qədər bacımı cırnatmalıyam.
- Aba, - hərdən onu atamın qoyduğu adla çağırırıq. – sən canın düzünü de, sevgilin var?..
Ayxan Ayvaz
EVİMİZDƏN GECƏ REPORTAJI
Gecənin bir yarısı evə ayaq basanda sükutla qarşılaşıram. Yalnız açıq qalmış televizor kirimişliyi aradan götürür. Bacım, qabağında bir yığın kağız nəsə çəkir, qardaşım əlində mobil telefon qurdalanır.
- Gəl çıx da, sülüh. – əynimi dəyişən kimi bacımın giley dolu səsi gəlir. Dinməz-söyləməz keçib çarpayının qırağında otururam.
- Acsan?
- Yox, Gülbəs, toxam. – məzələnirəm.
Qulağında karandaş mətbəxə keçir, peçin altını yandırır. Hamama keçib əl-üzümü yuyur, güzgüdəki əksimə baxıb gülümsəyirəm. İndi yemək qızana qədər bacımı cırnatmalıyam.
- Aba, - hərdən onu atamın qoyduğu adla çağırırıq. – sən canın düzünü de, sevgilin var?
Dəsmalla əlimi qurulaya-qurulaya qardaşıma sarı çevrilib qımışıram. Özünü məşğul göstərsə də, eynəyinin arxasındakı bic gözlər onu ələ verir. Bu oyuna olan gizli marağı üzündən oxunur.
- Səy-səy danışma!
- Zarafatsız, - gülüşümü boğmağa çalışıram, - çağır bir tanış olaq, çay içək.
Görək kimdir, nəçidir, məqsədi, məramı nədir?
- Açıl başımdan! – milçək qovan sayaq əlini havada yelləyir.
- Öldürərəm domaranı! – qardaşım yerindən dik atılır, üzlü qonaq tək söhbətə qoşulur. – Nə sevgili? Vallah, ikisini də doğrayaram!
Gülbəs gələcəkdə baş verəcək bu cinayəti gözünün qabağına gətirib eymənir. Dodağını büzüşdürür, anam demiş, qardaşıma yanmışlıq verir:
- Qurddan qiyamətə qalan deyilsən ki? – eynən bakılılar kimi danışır. –Tak şto, məndən aralı dur. Əl çək! Mən özüm bilərəm.
- Gözünü çıxarıb ovcuna verərəm! Buna bax! Bapbalaca boyu var, dam dolusu toyu var.
Vəssalam, başladılar.
Onların evdə əbədi hökm sürən davaları var. Heç cür ulduzları barışmır. Bir-birilərini sancmaqdan ötrü ürəkləri gedir. Bacım bütün günü kürt toyuq kimi evdə oturan, günü-günə satan bu adamın ayıbına kor olmasını istəyir. Özünü “süddən çıxmış ağ qaşıq” hesab edən qardaşım isə boynuna qoyulan günahları əlinin tərsi ilə geri eləyir.
Mən indi deyişən, bir-birinə atmacalar yağdıran bu iki adama baxıb gülümsəyirəm. Ancaq özümü əsəbi göstərməliyəm:
- Yetərin, sən Allah! Evə gəlməyinə peşmansan!
Qardaşım bacımla deyişməsinə ara verib sözümü kəsir:
- Evə baş salırsan ki? – danlanmaq sırası mənə keçir – Avara olub gedibsən. Nədir dərdin, a bala? Əl çək də, bu avaraçılığından. Qoşulubsan özün kimi bir neçə avaraya, o küçə sənin, bu küçə mənim...
Sözünün ardı gəlmir, telefonu az qala eynəyinə yapışdırır. Deyəsən, yazışdığı qızlardan biri qardaşımın istədiyi kimi mətləb üstünə gəlib. İndi rahat nəfəs almaq olar. Deyişməyə, höcətləşməyə həvəsim yoxdur. Şükür, Gülbəsin də başı qarışıqdır. Təzədən kağızlara tərəf əyilib qələmi sazlamağından belə başa düşürəm ki, bayaqkı zarafatımı unudub. Siz bilmirsiniz, onun arı kimi sancan iynəli sözlərindən xilas olmaq hələm-hələm oğulun işi deyil. Qəfil cırnatdığım yadına düşsə, vəssalam… Gerisini düşünməyə belə qorxuram. Ən yaxşısı, dil-dil ötməsin deyə onu dağın başına qoymaqdır.
- Gülbəs, bu gün dostlarım səni yaman tərifləyiblər. Deyirlər, çox istedadlı qızdı.
Susur.
- Vallah, ciddiyəm. Hamı deyirdi, gözəl rəsmlər çəkəcəyi indidən görünür. Gözlərindən bilinir, necə istedadlı olduğu. Hələ bir dostum da dedi ki, gələcəkdə böyük rəssam olacaq.
Ağzını açıb bir kəlmə deməsə də, hiss eləyirəm, oxum hədəfə dəyib. Axı çarpayıda uzanıb telefondan ayrılmayan rəqibinin bu tərifləri eşitməsi onun üstünlüyünə yazılır. Qohumların, qonum-qonşunun gözü qabağında günü-gündən qanad çalıb yüksəkliklərə ucalan bacımın yanında hələ də heç kimin ürəyindən tikan qoparmayan qardaşım eynən sürüdən ayrı düşmüş quzunu xatırladır. Vaxt itirmədən ağ bayraq qaldırıb Gülbəsin liderliyinə boyun əysə,
bəlkə həyat da onun üzünə gülər, qınaqlardan, danlaqlardan canı qurtarar.
Bacım mətbəxin işığını yandırıb yemək çəkir. Üzündə təbəssüm gözünə düşən saçını geri eləyib mənə səslənir:
- Bir azdan çay da olacaq.
Hə, mənim şirin dilim ilanı da yuvasından çıxarar. Çox deyinməyinə, baş aparmağına baxmayın, məni çox istəyir. Yeri gəldi-gəlmədi dilini çıxardır, anasının son beşiyini acılayır: “Səndən zəhləm gedir, alkaş!”
- Urra! – qardaşım əllərini havaya qaldırır.
Gülbəs gülümsünür:
- Sənə çay yoxdur, Oğuz!
Qardaşımla bir-birimizə baxıb qımışırıq.
Bacım ağır-ağır, ehtiyatla mənə yaxınlaşır. Boşqabı masaya qoyanda saçını sığallayır, yanağından bir çimdik qoparıram. Deyəsən, bunu əvvəlcədən duyub. Bayaqkı tərifləri vecinə almadan əlindəki qaşıqla dizimə, qarnıma vurmağa başlayır. Özümü müdafiə etmək əbəsdir. Gərək, bağışlanmağım üçün quyruq bulayım.
- Qapında itin olum, vurma! Bir də eləməyəcəyəm!
Eynəyinin üstündən gözləri mənə dikilir. Məmnun-məmnun gülümsəyir, qalib ədası ilə kağız-kuğuzun olduğu yerə gedir.
- Qorxaq! Zəif! Qızbüvü!
Qardaşımın bu sözlər qarşılığında gülməsi onun qələbəsini təsdiqləyir. Bir azdan ortaya sükut çökür. Bu səssizlik hardan çıxdı belə? Qaradinməz oturmaqdan zəhləm gedir.
- Ölülər elə bilir, dirilər hər gün halva yeyir!
Söhbət yaratmağa çalışıram. Kirimişlik çəkilib getmir.
- Su çanağı su yolunda sınar!
Hərə öz işindədir.
Qabağımda buğlanan bozbaşa baxıb ərincək-ərincək qaşığı götürürəm. Ən sevdiyim yemək olsa da, iştahsız və yorğunam. Amma mütləq axırına çıxmalıyam. Yoxsa Gülbəs kafelərin birində yediyimi düşünəcək.
İkisi də susub, televizor isə qırıq val kimi eləcə baş aparır.
- Gülbəs, sənə sözüm var.
Yeməyi geri eləyib ciddi-ciddi bacıma baxıram.
- Nədir? – əsəbiliklə soruşur və təzədən kağıza tərəf əyilir.
- Elçibəyin portretini çəkərsən bir gün.
- İçmisən, ə?
- Yox, ay qız.
- Gülbəs, - qardaşım özünü araya salır. - iylə gör, içibmi?
Bizim evdə belə hallar tez-tez olur. Bacım eynən yol polisləri kimi mənim içib-içmədiyimi yoxlayır. Onları təəccübləndirən danışığım mütləq araq şüşəsinin hünəri olmalıdır.
- Ho elə… - gözlərini qıyıb ağzıma baxır. Yadıma uşaq vaxtı anamın danışdığı əhvalat düşür: “Siz balaca olanda dədən bacınla sənin saçını dibindən kəsdirərdi. Gürcülər elə bilirdi, ekiz qardaşlarsınız”. Hələ bunu sübut edən şəklimiz də var. Tez-tez albomları vərəqləyəndə əlimə keçir. Şəkil Vaqe parkı*nda çəkilib. Arxada atamla anam təbəssümlə obyektivə baxır. Biz üç uşaq onların qabağında sıra ilə düzülmüşük. Qardaşım eynən müti əsgər sayaq farağat dayanıb. Bacım jaketimdən tutub dartışdırır, üzündə narazılığa bənzər bir ifadə var. Mən sanki özümü onun caynağından xilas etməyə çalışıram. İkimiz də bir almanın yarısıyıq.
- Yox, Oğuz, - qardaşıma sarı çevrilir. - içməyib alkaş!
Gülə-gülə aralanır.
- Nə yaxşı?! – guya şaşırır. – Böyük qardaşam, sözümə qulaq as da. İçmə deyəndə, içmə!
- Nə içmək? Bir də içməyəcəyəm. İçmək getdi işinin dalınca. – Allah bilir, onlara neçənci dəfədir söz verirəm.
Hər nə isə, ən əsası xatasız-bəlasız yaxamızı çəkə bildik. İndi həmişəki kimi Oğuzun aramsız sualları başlayacaq, mən ərincəkliklə, ağzımı büzə-büzə cavablayacağam. Sonra Gülbəsin rus dilindən tapşırığını həll edəcəyəm. Qabağıma çay qoyulacaq, bütün bunları can-başla, sidq ürəklə gördüyümdən danışacağım əhvalatlara qulaq asacaqlar. Yalandan təəssüflənəcək, kədərlənəcəklər.
- Kənddən zəng eləyən yoxdur? – Oğuz sözümü ağzımda qoyub hər zamankı kimi soruşur.
- Yox. Niyə ki?
- Heç...
Gülbəs söhbətə qoşulur:
- Əvvəl kimsə öləndə zəng edib xəbər verərdilər.
Sükut.
- Televizorda ciddi nə var? – çevirəni əlimə alıb soruşuram.
- Heç nə... – ikisi də birdən cavab verir. – Ciddi şeydən bezmədin?
Dəxlisiz cavab:
- Həyat ciddi adamları sevmir.
Üçümüz də gülürük.
Gülbəs kağız-kuğuzunu yığışdırıb mətbəxə girir, kirli qab-qaşıqlar onun balaca əllərinin arasında görünür. Üst-üstə qalaqlanan boşqablar, stəkanlar köksünə sığınıb.
- Qapını aç!
Eynəyinin yuxarısından mənə baxır, gözünün biri qıyılır. Uşaqlıqdan tənbəl olduğumu yaxşı bilir. Bir işin qulpundan yapışmayan, günortaya qədər yatan bu adamı heç cür anlamır.
Oğuzla öz çarpayımızda uzanıb televizora baxırıq. Hamamdan qab-qaşığın suyla təmasından yaranan səsini eşidirik. Qardaşım narahatlıqla yerində qurdalanır.
- Ört, ə, o qapını!
Bu evdə mənim işim qapıları, pəncərələri açıb-örtməkdən ibarətdir. Yarıtmazlığımdan tez-tez lağ olunuram. Qırdığım nəlbəkinin, stəkanın sayısını unutmuşam.
Bacım təmiz qabları yerbəyer eləyəndən sonra telefona baxır, səhər tezdən dura bilməyi üçün zəngli saatı qurur. Öz-özünə donquldanır:
- Donuz! Eşşək! Zibil! Çor dəymiş! Sarsaq! Alçaq!
Deyəsən, Oğuzun qapını örtmək əmri xoşuna gəlməyib.
- Nədir, az? Döyülmək istəyirsən?
Qardaşım sözlərin sahibi olduğunu həmən ələ verir. Gülbəs sevincək mənə baxır. İndi gecənin bir vaxtı qonşuları bura tökəcəklər. Hələ bunun betəri var: başı şallı arvadların bir-birinin sözünü kəsə-kəsə bizə ağıl verməsinə qulaq asmaq.
“Ay bala, üç uşaqsız, başınızı aşağı salıb işləyin, pul qazanın. Hamının başına belə şeylər gələ bilər. Siz keçmişdə itirdiklərinizə baxmayın, gələcəyi fikirləşin”. - eyni sözləri eşitməkdən artıq boğaza yığılmışıq. Bircə qonşular duyuq düşmədən səslərini kəssəydilər. Ancaq belə əli-qolu bağlı oturmaqdan da heç nə çıxmır. Gərək etirazımı bildirim. Kim bilir, bəlkə evə pul gətirdiyimə görə sözümün təsiri olar.
-Bəsdirin! – yuxuya gedən adamlar kimi mızıldanıram. - Qoyun yataq!
- Mən neyləyirəm ki? - Oğuz deyir – o dığırba başladır həmişə.
Kəndimizdəki arvadlardan eşidib “dığırba” sözünü. Tez-tez işlədir ki, yadından çıxartmasın.
- Mənnən dalaşma, ay it! Əl çək...
Gülbəs təzədən güllə kimi açılanda qulaqlarımı tuturam. Bir də nə görsəm yaxşıdır?! Oğuz qulaqcıq taxıb. Söhbəti yekunlaşdırmaq üçün əla üsuldur. Varam belə oğula! Eşq olsun! Yəqin indi bacımın deyinməsi ona səssiz filmin bir kadrını xatırladır.
Hərə öz çarpayısında uzanır. Yatmamış pəncərənin qabağında bir siqaret çəkməli, bədirlənmiş aya baxıb nə haqdasa uzun-uzadı öz-özümə danışmalıyam. Gülbəs yuxusu gəldiyi üçün işığı keçirməyimi istəyəcək. Oğuz bir xeyli telefonda qurdalanacaq. Ta ki göz qapaqları ağırlaşana qədər.
Otağa keçib işığı söndürürəm. Qardaşım hələ yatmayıb. Qaranlıq içəridəki əşyaların rəngini itirir. Ehtiyatla öz çarpayıma doğru gedirəm. Oğuzun yorğun səsi gəlir:
- Akquli, - işi düşəndə məni belə əzizləyir. - xoşbəxt adamlar tez yatır, hə?
Gəl, indi gecənin gird yarısı buna cavab ver. Nəsə deməliyəm, yoxsa əl çəkməyəcək.
- Səhər işə gedəndə bədbəxt adamlar da tez yatır.
Deyəsən, cavabım yetərli olur. Qaranlığın içində yalnız onun telefonundan üzünə yansıyan işıq görünür. Ancaq növbəti sual çox çəkmir:
- Mən tənha adamam? Tənhalıq yəni...
Cümləni tamamlaya bilmədiyindən gülür. Mən də ona qoşuluram. Həm də yaxşı bilirəm, bu suallar hansısa qızı yoldan çıxartmaq üçün düşünülüb.
- Sən o qədər tənhasan ki, monastırda yaşamalısan!
Bu dəfə gülmür. Qaranlıqda iç çəkişimizi dinləyirik. Qapı, pəncərə deşiklərindən soyuq içəri dürtülür. Yerimiz qızana qədər gözləməliyik.
Mən hələ bir xeyli yorğanın içində qurcuxacağam. Gülbəs artıq Allah bilir, neçənci yuxudadır. Yanımdakı çarpayıdan xəfif xorultu səsi gəlir. Bir az yaxına gəlirəm, diqqətlə onu gözdən keçirirəm. O, beşikdəki körpəni xatırladır. Elə bil div yuxusuna gedib. Oyatsan adamı şişə taxar! Yorğanı başına elə çəkib ki, yalnız balaca, yumru sifəti görünür. Atam da belə yatardı.
Qardaşım susub. İndi onun sualları üçün darıxıram. Deyəsən, telefonu bir kənara qoyub, üzünə düşən işıq görünmür.
- Qonquz, - uşaq vaxtı atam onu belə səsləyərdi. – Qonquz!
Yox, səsimə səs vermir. Qaranlıqda fısıltısını eşidirəm. Onun xasiyyətini də Allah kəssin! Bir çırtıltı olan kimi oyanır, dodaqaltı mızıldanır. Arada sayıqlamağı var. Özünü yuxuda futbolçu görür yəqin. Tez-tez qaranlıqda səsi gəlir: “At da topu”. Deyəsən, çağırdığı adam heç vaxt ona pas ötürmür. Qardaşım hər dəfə bu cür sayıqlayanda gülüşümü boğub ona qulaq kəsilirəm. Əsəbi, qaşları çatılmış görkəmdə qaranlığın içində fısıldayır. Anam da belə yatardı.
Saat çıqqıltısı sükutu doğrayır. Yorğanı üstümdən atıb ayağa qalxır, kor adamlar kimi siqaret axtarıram.
2013