QISMƏT. Thomas Pynchon: entropiyanın məntiqi

QİSMƏT

-

Bizim dilimizə bircə cümləsi də çevrilməyən Pychon-un yaradıcılığına düşünürəm ki, məşhur “Entropiya” hekayəsini çevirməklə başlamaq olar (burda rusca oxu), filmə də baxarıq, nolasıdı ki...



QİSMƏT


THOMAS PYNCHON: ENTROPİYANIN MINTİQİ

Enerjinin saxlanma qanunu hamıya məlumdur: enerji heçdən yaranmır, yox olub itmir, yalnız bir şəkildə başqa şəklə düşür.

Bu, termodinamikanın birinci qanunudur.

Entropiya qanunu da deyilən termodinamikanın ikinci qanunu isə bütün zamanlarda, ən müxtəlif müstəvilərdə maraqlı sualların yaranmasına səbəb olub.

Bu qanuna görə, hər cür fəaliyyət nəticəsində, kainatda istifadəyə yararlı enerjinin müəyyən qismi istifadəsiz hala gəlir, yəni istifadəyə yararlı enerji daim azalır.

Sadələşdirək, avtomobillə səyahət edərkən, yanacaq çənindəki yanacağın bir hissəsi kinetik enerjiyə, hərəkət enerjisinə çevrilir, qalanı isə sürtünmə və s. sayəsində başqa hala keçib ətraf mühitə axır.

Demək. həmişə qapalı sistemlərdə enerji israfı, enerji itkisi, entropiya baş verir. Hər şey maksimumdan minimuma, kosmosdan xaosa, doğumdan ölümə tərəf irəliləyir.

İndi əgər bu yazını oxuyarkən çay içirsinizsə və başınız yazını oxumağa qarışıb, çayınız soyuyubsa, kənar enerji olmadan çayın təzədən isinməsi qeyri-mümkündür.

Dünyaca ünlü universitetlərdəki alimlər bəşəriyyətin gələcəyini təhlükə altında qoyan iqtisadi böhranları, işsizliyin artmasını, gəlir bölgüsündəki qeyri-bərabərliyi, ekologiyanın çirklənməsini, terrorun günü-gündən adiləşməsini, idarəetmə modellərinin natamamlığını daim müzakirə edərkən, tez-tez entropiya qanununa müraciət edirlər. (ardı aşağıda)

Thomas Pynchon-un nadir fotolarından. İndi isə 76 yaşındadır...



Belə ki, entropiya artıq çoxdandır ki, təkcə termodinamikanın sahəsi olmaqdan çıxıb.

Entropiya qanunu ilə informasiya problemlərinə yanaşan futuroloq-alimlər – məsələn, John Wheeler – düşünürlər ki, informasiya maddədən və enerjidən daha vacibdir, belə ki, qlobal mənada entropiyanın qarşısının alınması üçün başlıca yol faydalı informasiya çoxluğu yaratmaq və informasiyanın yayılması sahəsində işbirliyi qurmaqdır.

Bu rakursdan baxanda, bizim mediada tez-tez təkrarlanan “analoqu olmayan inkişaf”, “informasiyalı cəmiyyət” kimi təyinlər, fikrimcə, gerçəkliyi qətiyyən əks etdirmir.

Çünki diqqət edilməli məqam informasiyanın necə gəldi, harda gəldi, nə cür oldu yayılmasından getmir, söhbət informasiyanın faydalılığından və bu faydalı informasiyanın kompaktlığından gedir.

Bu mənada deyə bilərik ki, bizdə informasiya ilə bağlı resurslar kor-təbiidir, məhduddur.

İstənilən sahədə proqres üçün o sahədə olan referansların, faydalı informasiya mənbələrinin çoxluğu və sistemliliyi vacibdir.

Gəlin elə ədəbiyyatı götürək, ədəbiyyatla bağlı öz dilimizdə faydalı informasiya mənbələrimiz nə qədərdi?

Kor-təbii nəşriyyat sistemi, əndrabadi qonorar mexanizmi, yolaverdi ədəbi fəaliyyətin həyat tərzimizə çevrilməsi, təki birtəhər iş getsin deyə ucuz işçi qüvvəsinə canatım və s. entropiyanı – aşınmanı sürətləndirir.

Çağdaş futurologiya isə deyir ki, yalnız faydalı bilgi entropiya ilə tərs mütənasibdir.

Amerika yazıçısı Thomas Pynchon “Entropiya” hekayəsi ilə müəyyən qədər sadalamağa çalışdığım məsələləri ədəbiyyat müstəvisinə köçürdü və entropiya terminini metaforaya çevirərək XXI əsr haqqında ötən əsrdə peyğəmbərcəsinə proqnozlar verdi.

Təkcə, adı çəkilən hekayəsində yox, ümumən bütün romanlarında çağın problemlərinə və gələcəyinə dair narahatlıqlarını Pynchon mənsub olduğu “qara yumor” xəttinin diliylə mükəmməl ifadə edib. Romanlarında tünd boyalarla işləyən Pynchon kəskin sarkazmını, öldürücü ironiyasını ən müxtəlif mövzulara tətbiq edilib.

Belə ki, tənqidçilər onun haqqında deyirlər ki, Pynchon-un əsərlərində demək olar ki, ədəbiyyatın toxunduğu bütün böyük mövzular işlənib.

Pynchon mistifikatordu.

Özünə ustad bildiyi Nabokovdan öyrəndiyi gözlənilməzliyi, müəmmanı, eniqmatizmi təkcə əsərlərinə yox, qəribədir ki, elə həyatına tətbiq edib. İndiyə qədər onun haqqında heç yerdə düz-əməlli məlumat yoxdur, aldığı mükafatların heç birinin təqdimetmə mərasimində iştirak etməyib.

Bir dəfə isə mükafatlandırma mərasiminə öz yerinə şoumen göndərib, sonralar şayiə yayılıb ki, o şoumen elə Pynchonun özüdür, lakin bu da tam təsdiqini tapmayıb.

Selincervari gizlənməyi xoşlayan, mətbuatda görünməyi sevməyən Pynchon haqqında indi də əfsanələr dolaşır. Dünyaca məşhur “Time” jurnalının üz qabığında görünməkdən imtina edəndən sonra isə şöhrəti və haqqındakı əfsanələr lap çoxalıb. Bu adda adamın ümumiyyətlə olmadığını deyənlər də var.


Thomas Pynchon-un yaradıcılığını təkcə entropiya metaforası ilə məhdudlaşdırmaq olmaz, davam etsək, təxminən belə səciyyələndirmə apara bilərik: nəticəsi olmayan axtarış, bölünmüşlük, parçalanmışlıq, müəmma, terror, silah alveri və s.

Bütün yazdıqlarını ironiyaya tabe etdirsə də, qara yumorla yazsa da, onun yaradıcılığını nəsildaşları John Barth-dan, Barthelme-dən fərqləndirən əsas cəhət eyni zamanda hədsiz stixiyalı dili, yüksək bədiiliyidir.

Postmodernist nəsrin nəhənglərindən hesab edilən Pynchon-un şedevri “Cazibənin göyqurşağı” (Gravitys Rainbow) romanı hesab edilir. Roman ən çox oxunan 10 əsər siyahısındadır, eyni zamanda romanın ilk cümləsi bütün zamanlarda yazılan ən təsirli giriş cümlələrindən sayılır. (Təxminən belədir: “Göy üzündən bir fəryad qopdu.”)

Romanda İkinci Dünya Müharibəsindən sonra Almaniyadakı “Zona” adlı bir yerdə, cazibə qüvvəsinə tabe olmayan “V-2” raketini axtaran qəribə adamlardan bəhs olunur. Müəyyən qədər ağlımıza Tarkovskinin məşhur filmi “Stalker”i (1979) gəlsə də, bu roman məlum filmdən 6 il əvvəl çap olunub.

Məşhur rejissor Paul Tomas Anderson bu il elan etdi ki, o, Thomas Pynchon-un “Inherent Vice" (təxminən “Daxili qüsur”, yaxur “Təbii qüsur” kimi çevirmək olar.) adlı romanına film çəkir.

Bizim dilimizə bircə cümləsi də çevrilməyən Pychon-un yaradıcılığına düşünürəm ki, məşhur “Entropiya” hekayəsini çevirməklə başlamaq olar, filmə də baxarıq, nolasıdı ki...