Soçi Olimpiadası: «Xizəksürmə mərkəzlərinin tikintisində az qala, 20 fəhlə ölüb»

Soçidə Olimpiya kəndi

-
AzadlıqRadiosunun iki əməkdaşı – fotoqraf Abbas Atilay və videoreportyor Cavanşir Ağamaliyev Soçidən qayıdıblar. Gündəlik işi axarında onlardan biri ilə – Abbas Atilayla görüşüb səfər təəssüratını paylaşmasını istədik:

- Abbas, Rusiya gələn ilin fevralında Socidə keçiriləcək Qış Olimpiya Oyunlarına necə hazırlaşır?

- Texniki baxmdan necə hazırlaşdığını deyə bilmərəm, amma tikintidə çalışan fəhlələrlə söhbət etdik. Əsasən mühacir olan fəhlələr bizə söylədilər ki, dağda inşa olunan xizəksürmə mərkəzlərində çalışanlardan indiyədək az qala 20 adam ölüb. Onlar tacik, özbək və Türkiyədən gələn fəhlələr olub.

- Yəni peşə təhlükəsizliyinə əməl edilməyib?

Soçi dağları

- Həmin mərkəzlərə baş çəkdik və fəhlələrin necə təhlükəli şəraitdə çalışdıqlarını öz gözümüzlə gördük. Onu da öyrəndik ki, mühacir fəhlələr əməkhaqqı problemi yaşayırlar. Məsələn, 5-6 ay işlədirlər, sonra heç bir əməkhaqqı ödəmədən onları deportasiya edirlər.

- Abbas, bəs Soçi sakinləri Olimpiya oyunlarını necə qarşılayırlar? Olimpiadaya hazırlıq onların həyatına necə təsir göstərir?

- Birmənalı demək olmaz. Bəziləri olimpiadanı çox mənasız sayır, digərləri deyirlər ki, Rusiya Qış Olimpiya Oyunlarını niyə Sibirdə keçirmir? Axı orada ilin 6-7 ayı qış olur. Belə bir ekspert rəyi eşitdik ki, olimpiadanı Soçiyə ona görə salıblar ki, burda yeyinti hallarına münbit şərait var.

- Soçi yenidən qurulur?

Soçidə olimpiya obyektlərinin inşası

- «Eurovision» mahnı yarışması zamanı Bakıda nə cür yenidənqurma işləri gedirdisə, biz Soçidə də bunları gördük. Ağacları kəsib yerinə beton tökürlər. Bunlar tanış mənzərələrdir. Çəmənlikləri dağıdıb yerində beton park salırlar. Körpülər də tikirlər. Amma Bakıdakı ilə müqayisədə zövqsüz körpülərdi. Oraya jurnalist qrupu tərkibində getmişdik. Qrupda xaricilər də vardı. Güman edirəm ki, olinmpiada ərəfəsində xarici mediada Soçidəki vəziyyətlə bağlı neqativ ruhlu məqalələr oxuyacağıq. Adi məmurlar –polis, informasiya bürolarında çalışanlar adamlarla çox kobud davranırdılar. Bizim də videoaraşdırmamız olacaq.

AzadlıqRadisounun izləyiciləri tezliklə bunu saytımızda izləyə biləcəklər.