Lənkəranda taksi sürücüləri: «Benzin qalxanı belimiz sınıb»

Yusif Abdullayev

-
Benzinin qiymətinin qalxmasına etiraz edən Lənkəranın bir qrup taksi sürücüsünün dekabrın 3-də bu şəhərin avtovağzal ərazisində aksiya keçirtmək cəhəti alınmadı. Polis etiraza yığışanları dağıtdı. Bir neçə taksi sürücüsünə xəbərdarlıq edildi. Biz də bundan sonra Lənkəran şəhərində taksi sürücülərin toplaşdığı yerlərə baş çəkdik. Bu yerlərdən biri də mərkəzi bazar hesab olunur. Taksi sürücüləri ilə söhbət heç də asan olmadı. Sürücülərin bəziləri danışmağa ehtiyat edirdilər. Deyirdilər ki, onlara ciddi xəbərdarlıq edilib.

Bazarın ətrafında onlarla taksi maşınları gözə dəyirdi. Bu taksi maşınları əsasən «Jiquli» və «QAZ-24» markalı köhnə maşınlardan ibarətdir.

«VARLI ADAMLARIN TAKSİDƏ NƏ İŞİ VAR?»

«Jiquli» markalı maşınlardan birinin sürücü Yusif Abdullayev bildirdi ki, taksi sürücüləri indi özlərinin ən çətin dövrlərini yaşayırlar:

«Ömürboyu taksi olub burda. Ancaq imkan vermirlər. Kimisə görməlisən, baxmalısan. Sahə müvəkkili ilə tanış olmalısan. Avtostansiyasının içində qəti saxlamaq mümkün deyil. Yenə imkan verilmir. Hazırda benzin bir az da bahalaşıb. Onun da təsiri ancaq taksi sürücülərinə dəyir. Çünki həmin qiymətdir, həmin qara camaatdır, taksiyə minənlər. Varlı adamların, milyoner adamların taksidə nə işi var? Hamısının altında maşınları, əməli-başlı yaşayırlar. Kasıb camaatdır ki, bazarlıq eləyib evinə aparsın. O da ki, bir kisə un alır, qoyur maşına aparsın, bir manat verir. Bir manatın da ki, 70 qəpiyini benzinə verəndə, burdan Sütəmurdova deyək, ən yaxın kəndir. Sütəmurdova apardığımız mal bizi heç qane eləmir».

Sürücü danışa-danışa ətrafa diqqətlə baxır. Narahatlığını hiss etməmək mümkün deyil. O deyir ki, taksi dayanacaqları da yoxdur. Bu baxımdan istənilən vaxtı onları ərazidən çıxarda bilirlər.

«GÜNDƏ 5-6 MÜŞTƏRİ APARA BİLƏRİK»

«Gün ərzində 5-6 müştəri apara bilərik. Onu da ki, 5 manatdan 70 qəpikləri çıxanda evimizə 2 manat, yaxşı halda 3 manat pul aparırıq».

Yusif Abdullayev deyir ki, benzin bahalaşsa da, taksidə xidmət haqqı dəyişməyib, bahalaşma ən çox onlara zərbə vurub. Onun bildirdiyinə görə, taksidən qazandığı pul ancaq yeməyə çatır:

«Nə işıqpulu, nə qazpulu, nə supulu - Bunların heç birisinə çatmır. Ancaq göy-göyərti, çörək, birdə ki, balıq tapsaq, o olur. Ala bilməyəndə boş gedirik evə. 5 baş ailəyəm, oğlum evlənib, yoldaşı, uşağı, 3 baş da özümüz - evdə 6 baş ailəyik. Yoldaşım pensiya alır. İşsizəm, iş yoxdur. Ancaq taksi fəaliyyəti ilə 2-3 manat qazanırıq, 5 manat olanda əlimizi göyə qaldırırıq. İş yox. Bəzi yerlərdə yalandan fabrik açılıb, onlar da ki, nə maaş verirlər. Camaat da məcburdur kreditə, borca bir maşın götürüb, 1-2 manat qazansın».

«KİMƏ MÜRACİƏT EDƏK?»

Avtovağzal ətrafında toplaşan taksi sürücüləri isə deyir ki, benzin bahalaşandan sonra müştəri yoxdur. Dayanacaqda saatlarla gözləyib günlərini keçirdirlər. Sürücülərdən biri vəziyyətin ağır olduğunu deyir:

«Benzin bahalaşıb, vəziyyət çox çətindir. 9 baş ailəyəm, mən çox çətin yaşayıram. Yollar da olub xaraba. İndi də benzin bahalaşıb, vəziyyətimiz pisləşib. Biz nə eləməliyik? Kimə müraciət edək? Hansı ölkəyə müraciət edək? Necə yaşayaq bu həyatda? 2-3 saat işləyirəm. İş olmur ki, səhərlər olur. Vəziyyətim yaxşı olsaydı, maşını təmir edərdim də. İndi də hər şey baha. Gündəlik 5-6 manat qazancımız olur. Onunla 9 baş ailə yaşaya bilər?».

«BENZİN QALXANI BELİMİZ SINIB»

Digər bir sürücü də deyir ki, onları insan yerinə qoyan yoxdur. Belə olmasaydı, əhalinin rəyini nəzərə almadan benzinin qiymətini qaldırmazdılar:

«Bizim işimiz nə gündədir? Benzin qalxanı belimiz sınıb? Tərpənməmişik burdan. Gündə bir manat pul qazan bilmirik? Bu necə iş, bu neçə dövlət, bu necə yaşayış? Camaatla bir maraqlansınlar, nə var nə yox? Elə dərhal benzini qaldırmaq olar. Bir bax millətin vəziyyəti necədir. Millət pis gündə yaşayır. Bu işləməkdir? Dövlət bir maraqlansın millət işləyə bilir, ya yox? Biz evə bir dənə çörək aparmalıyıq, yoxsa yox?».

Söhbət əsnasında ətrafdakı taksi sürücüləri başımıza toplaşırlar. Onlardan biri artıq heç nədən qorxmadığını deyir:

«Mən qorxmuram, heç nədən qorxmuram. Benzini qaldırıb 70 qəpiyə. Necə camaata deyək ki, 2 manat bizə pul ver? Camaat söyür bizi, Allah anda olsun. Saat 7-də çıxmışıq, saat 3-4, üç manat pul, necə qazanım? Hökumət bizə bir çarə qılsın».

Lənkəran şəhərində mindən çox taksi maşının olduğu deyilir.