SOCAR özünü «yandırmaq istəyən» qazmaçı köməkçisi ilə bağlı məlumat yayıb

-
Dekabrın 29-da «Abşeron» Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Bəhruz Əliyev ARDNŞ-in qarşısında özünü yandıracağını elan edib.

B.Əliyev minval.az saytının redaksiyasına göndərdiyi məktubunda yazır:

«Azərbaycandakı haqsızlıqlara dözə bilmədim. Ölkədə haqsızlıq baş alıb gedir. Atam 11 il xəstə yatdı. 2006-cı ildə atamı itirdim. 2006-cı ildən isə anam xəstədir. Özüm ailəliyəm, üç övladım var.

Atam xəstə olduğu 11 il ərzində 52 min manat borca düşdük. Özüm ARDNŞ-də fəhlə işləyirdim. Ayda cəmi 250-300 AZN maaş alırdım. Bundan banklara və mülki şəxslərə olan borcumuzdan az-az qaytarırdım. İndi məni ixtisara salıblar... Hər kəs öz işindədir, məmurlar heç kimin problemi ilə maraqlanmır».

ARDNŞ-in yaydığı məlumatda deyilir ki, Bəhruz Əliyev bu gün də ARDNŞ-in işçisidir, ixtisara salınması haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib:

«Onun guya «ixtisara salınması» haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-in binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur».

Dövlət Neft Şirkəti bəyan edir ki, B.Əliyevin işlədiyi «Kompleks qazma işləri» trestində aparılan struktur dəyişiklikləri nəticəsində işçilərin ixtisarı nəzərdə tutulmayıb.