Aksiyada tutulan gənclərdən birinin səhhətində problem yaranıb

Orxan Eyyubzadə

-
Müsavat Gənclər Təşkilatının həbsdə olan üzvü 20 yaşlı Orxan Eyyubzadənin anası Rəhimə Eyyubzadə oğlunun səhhətindən narahatdır.

Rəhimə Eyyubzadənin AzadlıqRadiosuna dediyinə görə, yanvarın 3-də Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında görüşərkən oğlunun səhhəti iki dəfə pisləşib:

«Qısa vaxtda iki dəfə təcili yardım çağırıldı. Yüksək temperaturu var idi, böyrək ağrılarından şikayətlənirdi. Hər dəfə də ona ağrıkəsici iynələr vurulur. Ona iynə vurulmasına etiraz etdim, dərman verilməsini istədim, dedilər dərmanlara icazə verilmir. Həbs olunana qədər tam sağlam olub, böyrəklərindən şikayətçi olmayıb. Mənə dedi ki, dekabrın 29-da aksiyada tutulandan sonra Səbail polisində əllərini arxadan bağlayıb, böyrəklərinə zərbələr vurublar. Bundan sonra böyrəklərində ağrılar başlayıb. İnanın, mənimlə 10 metr yeri güclə gəzdi. AXCP üzvü Türkel Əlisoyun da vəziyyəti yaxşı deyil, o da işgəncələrə məruz qalıb».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bu deyilənləri yalanlayıb:

«Bu diqqəti özlərinə çəkmək üçün deyilən sözlərdir. Əslində, Orxan Eyyubzadə idarəyə aparılanda özünü yaxşı aparmayıb, polisin qanunu tələblərinə əməl etməyib. Onun qolunun bağlanılıb döyülməsi barədə deyilənlərin isə heç bir hüquqi əsası yoxdur. Ciddi nəzarət olduğundan Polis idarəsində belə hallar heç vaxt baş verə bilməz».

Dekabrın 29-da Qarabağ müharibəsi əlili Zaur Həsənovun ölümünə etiraz aksiyasında saxlanan Orxan Eyyubzadə 18 sutka həbs cəzası alıb. Daha üç aksiyaçıya 15-17 sutka arası cəza verilib.