Stalin hansı kitabları oxuyurdu? (Siyahı)

Iosif Stalin

-

İosif Stalin: "Gündə 500 səhifə – mənim üçün normaya çevrilib".


Roy Aleksandroviç Medvedev


STALİN NƏLƏR OXUYURDU?


Peşəkar inqilabçı-bolşeviklərdən çox azı inqilaba qədərki dövrdə şəxsi kitabxanaya malik idi.

Ancaq inqilabdan və Sovet hökuməti Moskvaya köçəndən sonra Kremldə mənzil alan bolşevik liderlərin, demək olar ki, hamısı öz mənzillərini və iş otaqlarını hansısa süs əşyaları və xüsusi mebellə bəzəməyə can atmaq əvəzinə, kitab kolleksiyası toplamağa başladılar.

1922-ci ilin sonlarına doğru artıq Leninin və Trotskinin, Buxarinin və Zinovyevin, Molotovun və Demyan Bednının böyük kitabxanası var idi.

Kremldəki mənzili Stalin 1918-ci ildə almışdı, Vətəndaş müharibəsi illərində vaxtının çoxusunu ən müxtəlif (cənub, şərq, şimal-qərb və qərb) cəbhələrində keçirdiyi üçün o, sistemsiz şəkildə də olsa, çoxlu kitab oxuyurdu. Ancaq mənzilindəki kitabların sayı sən deyən çox deyildi.

Yalnız 1925-ci ildə Stalin özünün şəxsi və sözün həqiqi mənasında iş kitabxanasını yarada bildi. Həmin ilin mayında o, öz köməkçisi və katibi İ.Tovstuxaya bu işlə məşğul olmağı tapşırdı və Baş katibin kitabxanaçısı ştatının yaradılması barədə göstəriş verdi.

Kitabxanasında hansı kitabları görmək istədiyi barədə Tovstuxanın sualına Stalin şagird dəftərindən cırılmış bir vərəqdə, yəni yazılı cavab verdi.

Həmin böyük siyahının fotokopiyası tarixçi B.S.İlizarov tərəfindən "Yeni və ən yeni tarix" jurnalında çap olunmuşdu.
Stalinin yazdığı qeydlərin əsas hissəsi aşağıda təqdim olunmuşdur:

"Kitabxanaçıya məktub. Mənim məsləhətim (və təkliflərim):

Stalin dini seminariyanın tələbəsi olarkən


1. Kitablar müəlliflərinə görə yox, aşağıdakı mövzulara görə təsnif olunmalıdır:

a) fəlsəfə
b) psixologiya
c) sosiologiya
ç) siyasi iqtisad
d) maliyyə
e) sənaye
ə) kənd təsərrüfatı
f) kooperasiya
g) Rusiya tarixi
ğ) digər ölkələrin tarixi
h) diplomatiya
x) xarici və daxili ticarət
ı) hərbi iş
i) milli məsələ
j) qurultay və konfranslar
k) fəhlələrin durumu
q) kəndlilərin durumu
l) komsomol
m) xarici ölkələrin inqilab tarixi
n) 1905-ci il inqilabı barədə
o) 1917-ci ilin Fevral inqilabı barədə
ö) 1917-ci ilin Oktyabr inqilabı barədə
p) Lenin və Leninizm barədə
r) Rusiya Kommunist (bolşeviklər) partiyası və İnternasional barədə
s) RKP-də müzakirələr barədə (məqalə və broşürlar)
ş) həmkarlar ittifaqları
t) bədii nəsr u) bədii tənqid ü) siyasi jurnallar
v) təbiət və elm barədə jurnallar
y) cürbəcür sözlüklər
z) xatirə ədəbiyyatı.

2. Bu təsnifatda sadalananlardan a) Leninin b) Engelsin c) Kautskinin ç) Plexanovun d) Trotskinin e) Buxarinin ə) Zinovyevin f) Kamenevin g) Lafarqın h) Lüksemburqun i) Radekin əsərləri ayrıca yığılsın.

3. Bütün yerdə qalanlar isə müəlliflərə görə bir tərəfdə toplansın (hər cür dərsliklər, xırda jurnallar, ateist mövzulu makulatura və sair).

İ.V.Stalin".

Göründüyü kimi, bu sənəd yüksək peşəkarlıq və dəqiqliklə tərtib olunub. Hətta fotokopiyadan da bəlli olur ki, Stalin bu siyahı üzərində azı 20-30 dəqiqə çalışıb.

1925-ci ilin yayında Stalinin kitabxanası bu plan əsasında qurulmağa başladı və bir neçə il davam elədi. 1930-cu illərdə isə Stalinin kitablarının sayı hər il yüzlərlə ədəd artmaqdaydı. Onun kitabları arasında rus və sovet ensiklopediyaları, xeyli sayda (xüsusilə də rus dili və alınma sözlərlə bağlı) sözlüklər, müxtəlif mövzularda sorğu kitabları vardı.

Rus klassik ədəbiyyatının, demək olar ki, hamısı Stalinin kitabxanasında bir arada toplanmışdı. Həm ayrı-ayrı kitablar, həm də "Seçilmiş əsərlər" şəklində.

Bunların içində Puşkinin əsərləri və Puşkinə həsr olunmuş kitablar daha çox idi. SSRİ-də çap olunan və onu maraqlandıran mövzular üzrə bütün yeni nəşrləri Stalinə göndərirdilər. O, müəlliflərin özlərindən də xeyli kitab alırdı.

L.Spirinin şahidliyinə görə, ömürünün sonuna doğru Stalinin kitabxanasındakı kitabların sayı 20 mini ötürdü və bunların 5.500-nün üzərinə "İ.V.Stalinin kitabxanası" möhürü vurulmuşdu.

Stalin cəbhədə, 1918


Onların çox az qismini Stalin Kremldəki iş otağında saxlayırdı. Kitabların böyük qismi onun Kremldəki mənzilində qurulan nəhəng şkaflardaydı.

Baş katibin kitablarının xeyli hissəsi isə onun Zubalovodakı yay evindəydi.

1935-ci ildə Kuntsevoda Stalin üçün yeni yay evi inşa olundu və köhnə istirahət evindəki kitabların hamısı buraya daşındı. Müharibə bitəndən sonra rəhbərin Kuntsevodakı yayevi genişləndirildi və burada bir mərtəbəsi zirzəmi qatı olmaqla, ayrıca kitabxana bloku tikildi.

Buradakı uzun rəflərə rəndələnməmiş taxta lövhələr döşənmişdi və kitablar bəlli sistem üzrə qruplaşdırılmışdı. Stalin öz kitabxanaçılarını tez-tez dəyişdirirdi və onların sonrakı taleyi heç kəsə bəlli olmurdu.

Ölkənin cənubunda rəhbərə məxsus yay evlərində də iri kitab kolleksiyaları vardı. Bunlar əsasən sorğu kitabları, bədii nəsr, habelə ən müxtəlif nəşriyyatların göndərdiyi siqnal nüsxələri idi. Kaluqa şosesi üstündə, Moskvadan yüz kilometr aralıdakı "Dalnaya" yay evində isə onun kiçik bir kitabxanası vardı.

Oradakı böyük iclas zalında 250-300 nəfərin iştirakıyla tədbir keçirmək mümkün idi və divarlar döşəmədən ta tavana qədər ən qiymətli taxta çeşidləriylə üzlənmişdi.

Lakin Stalin nəinki burada toplantı keçirmiş, hətta Moskvadan aralıdakı bu yay evinə ayaq da basmamışdı. Buna rəğmən, o, qızı Svetlanaya öz ilk əri Qriqoriy Morozovla "bal ayı"nı orada keçirməyə izn vermişdi.

Özü evdə olmadığı vaxtlarda kürəkəninə Kremldəki mənzilində yaratdığı zəngin kitabxanadan faydlanmağa izn vermişdi. Orada toplanan kitabların bolluğu və mövzu rəngarəngliyi gənc Morozovu heyrətə gətirmişdi. Həm də bir çox kitablarda Stalinin öz əliylə etdiyi qeydlər göstərirdi ki, o, bunların çoxusunu oxuyub.

Həqiqətən də, Stalinin kitabxanası sadəcə kitablar saxlanan yer və ya onun kabinetinin sadəcə yaraşığı deyildi. Oradakı kitabların böyük əksəriyyətini Stalin ən azından vərəqləyir, bir çoxunu isə dərin maraqla oxuyurdu.

Bunların bəzilərini isə o, dəfələrlə oxumuşdu. Qiraət zamanı əlində və ya masasında mütləq ya bir, ya da bir neçə ədəd, həm də müxtəlif rənglərdə karandaş olurdu. Bir çox ifadələrin, abzasların altından o, bunlarla xətt çəkir, qeydlər edir, öz fikirlərini yazırdı.

Hələ Karl Marks deyirmiş ki: "Kitablar – mənim qullarımdır" və buna görə də oxuduğu bütün kitabların səhifələrini qara-qura qeydlərlə doldururmuş, səhifələrin ətəyini qatlayırmış, gərəkli yerləri asan tapmaq üçün oraya nə isə qoyurmuş.

Stalin də eyni şəkildə davranırmış, buna görə də yüzlərlə kitabın səhifələrində onun qiraət prosesinin aşkar izlərinə rast gəlmək mümkündür.

Sovet dövrünün posteri


1920-ci illərdə bir oxucu kimi Stalinin tərcihləri

Həm köhnə dövrə aid, həm də yeni nəşrlərdə, oçerklərdə Stalinin təhsil səviyyəsi və intellekti barədə şişirtmələrə vaxtaşırı rastlansa da, bir çox müəlliflər bu səviyyənin xeyli aşağı olduğunu vurğulamağa çalışırlar.

Heç şübhəsiz ki, 1920-ci illərdə Stalin daha çox cürbəcür sənədləri, şikayətləri və imzasız məktubları, Mərkəzi Komitənin və digər idarəetmə orqanlarının qərar layihələrini, plan və icmalları oxumağa məcbur idi.

Ölkədəki vəziyyətlə bağlı o, NKVD-dən vaxtaşırı və geniş şərhlər alırdı. Siyasi Büronun digər üzvləri də bu cür icmalarla tanış olurdular, lakin bunlardan bəziləri sadəcə bir nüsxədə tərtib edilməklə, yalnız Stalinə ötürülürdü.

Kommunist İnternasionalının İcraiyyə Komitəsindən də Stalinin ünvanına çoxlu sayda sənəd daxil olurdu. İmzalayacağı sənədlərlə Stalin böyük diqqətlə tanış olur, çox vaxt onlarda düzəlişlər edir, açıqlanan fikri dəqiqləşdirirdi. Bu dərəcədə məşğul olmasına rəğmən, o, kitab, qəzet və jurnallar oxumağa da gündə ən azı 2-3 saatını ayırırdı.

O, gündə bir neçə kitabı vərəqləyər, ya da oxuyardı. Yazı masasının üstündəki təzə kitablar bağlamasını ziyarətçilərinə göstərərək, bir neçə dəfə demişdi:

"Gündə 500 səhifə – mənim üçün normaya çevrilib".

Beləliklə, bir ildə o, minə yaxın kitabla tanış olurdu. Ona görə də kiçik bir məqalədə Stalinin bir oxucu kimi bütün maraqlarını araşdırmaq imkansızdır. Buna baxmayaraq, Baş katibin qiraət məsələlərində nələrə üstünlük tanıdığını qismən açıqlamaq mümkündür.

1920-ci illərdə Stalin daha çox başqa ölkələrdə baş verən inqilabların və inqilabi hərəkatların tarixi barədə, xüsusilə də Çinin tarixi və iqtisadiyyatı barədə kitablar oxuyurdu, çünki orada genişmiqyaslı və güclü fəhlə-kəndli inqilabı, demokratik inqilab baş vermişdi.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının tarixinə dair bütün yeni araşdırmalarla tanış olurdu.

L.Spirinin apardığı hesablamalara görə, Stalinin kitabxanasındakı nəşrlərin yarısı hərb sənətinə və savaş tarixlərinə aid imiş.

1950-ci illərin ortalarında Sovet İttifaqı Kommunist Partiyası nəzdindəki Marksizm-Leninizm İnstitutunun özəl kitabxanasının müdiri işləyən və 1957-ci ildə Stalinin şəxsi kitabxanasındakı nəşrləri adıçəkilən İnstitutun fonduna qəbul edən Y.Şarapov deyirdi ki, qədim assuriyalılar, yunanlar və romalılarla bağlı inqilabdan əvvəl çap edilmiş kitabların səhifələrində Stalinin etdiyi saysız-hesabsız qeydlər var imiş. Onun kitabxanasına bu nəşrlər məhz 1920-ci illərdə daxil olubmuş.

Öz köməkçisi və kitabxanaçısı vasitəsiylə Stalin müvəqqəti istifadə üçün xeyli kitab və jurnal sifariş edirmiş, buna görə də Ümumittifaq Kommunist (bolşevik) Partiyasının kitabxanasından və əsas dövlət kitabxanalarından onun üçün Kremlə bağlamalarla kitablar daşınırmış.

Stalinin sifariş etdiyi bəzi kitabları bəzən uzun-uzadı axtarmaq lazım gəlirmiş.

Rəhbərin istifadəsinə verilən bütün kitablar, müvəqqəti istifadə olunanlar da daxil, Stalinin katibi tərəfindən qeydiyyatdan keçirilirmiş.

Bu cür siyahı və reyestrlər bəzən hədsiz uzun olurmuş. Müəlliflərin şəxsən göndərdiyi və nəşriyyatlardan kuryerlərin daşıdığı kitabların siyahısı isə ayrıca tutulurmuş.

Sözügedən reyestrlərin bəziləri hələ də qalmaqdadır və onlarla bağlı şərhlər Rusiyanın çağdaş solçu mətbuatında çap olunubdur.

Məsələn, tarixçi Mixail Vilçan arxivlərdən birində "1926-cı ilin aprel-dekabr aylarında İ.V.Stalinin mənzilinə göndərilən ədəbiyyatın reyestri"ni tapıb.

Bu siyahıda yüzlərlə nəşrin adı var. Tarix, sosiologiya və iqtisadiyyat, habelə bədii nəsr burada üstünlük təşkil edir. Həmin reyestrdə ruh və hipnoz, əsəb sistemi və zöhrəvi xəstəliklər, idman və cinayət aləmi, ölülərin dirildilməsi və dövlətin ölüm hökmü tətbiq etmək hüququ barədə kitablara rast gəlinir.

Hətta orada E.Brandt adlı bir müəllifin yəhudilərin dini ayin (mərasim) xarakterli cinayətləri barədə antisemit kitabçanın da adı var. Dəqiq elmlərə həsr olunmuş xüsusi ədəbiyyatı Stalin nə oxuyur, nə də sifariş verirdi, ancaq elmi-populyar kitablara böyük maraq duyur, onların qiraətinə xeyli vaxt ayırırdı. Belə kitablardan birini – B.Andreyevin "Təbiətin ram olunması" adlı əsəri Stalin nəinki oxumuş, hətta oğlu Yakova 20 yaşı münasibəti ilə hədiyyə edərkən, onu mütləq oxumasını məsləhət görmüşdü.

1930-cu illərin əvvəllərində də Stalin SSRİ-də nəşr olunan yeni bədii əsərlərin və qalın ədəbi jurnalların hamısını oxuyurdu. Buna görə yazıçıların özləriylə də vaxtaşırı görüşməyi uyğun bilirdi.

Qorki və Stalin


Bu cür görüşlər adətən ciddi şəkildə hazırlanır və Maksim Qorkinin Malaya Nikitskaya küçəsindəki mənzilində keçirilirdi. Bu iri malikanə tədbirlər üçün əlverişli idi və inqilabdan qabaq tacir Ryabuşinskiyə məxsus olmuşdu.

"Sakit Don" romanının üçüncü kitabının və "Oyanmış torpaq" romanının taleyini müzakirə eləmək üçün Stalin və Qorki 1932-ci ilin əvvəllərində Mixail Şoloxovla məhz bu malikanədə görüşmüşdü. Romanın ilk iki kitabını bəyəndiyini deyən Stalin bəzi məqamlarla bağlı iradlarını müəllifə açıqlamışdı. Halbuki həmin dövrdə Stalin Andrey Platonovun və Mixail Bulqakovun yeni əsərlərinin çapına yasaq qoymuşdu.

30-cu illərin başlanğıcından etibarən Sovet İttifaqında çoxsaylı siyasi repressiyalarının həyata keçirilməsinə başlandı. 1935-ci ildə güclənən bu repressiyalar 1936-cı ildə, Moskvada Kamenev-Zinovyev qruplaşmasıyla bağlı qurulan ilk "açıq" məhkəmə prosesləri əsnasında öz pik nöqtəsinə çatdı.

Stalinin 1937-ci ildə ölkənin və partiyanın başına açdığı müdhiş, kütləvi terror bəlası 1938-ci ilin sonlarına qədər sürdü. Bir neçə milyon insan həbsə atıldı, qətlə yetirildi. Bunların arasında elmin ən müxtəlif sahələrini təmsil edən minlərlə alim və SSRİ Yazıçılar İttifaqının minə yaxın üzvü var idi.

Bu isə həm də milyonlarla kitabın "qətlə yetirilməsi" demək idi. "Vətən xaini" damğası vurulan şəxslərin kitabları da bütün kitabxanalardan müsadirə olunurdu. Belə nəşrlərin adları minlərlə, kitab nüsxələri isə milyonlarla hesablanırdı.

Hətta "xalq düşmənləri"nin adlarının müsbət mənada hallandığı mətnlərə və ön sözlərə malik kitablar da məhvə məhkum idi. Sovet hakimiyyətinin mövcud olduğu ilk 20 ildə işıq üzü görən qəzet və jurnal kolleksiyaları da məhv olundu.

Nikolay Buxari. 1938-ci ildə güllənib.


Sovet İttifaqında, düzdür, meydanlarda kitab tonqalları qalanmırdı, ancaq bununla belə, ölkədə məhv edilən nəşriyyat məhsullarının sayı nə orta əsrlər İnkvizisiyası dövründəkindən az idi, nə də 1930-cu illərin ortalarında faşist Almaniyasında yandırılanlardan.

Özəl kitab kolleksiyalarının sahibləri də "xalq düşmənlərinin" kitablarını məhv etməyə məcbur idilər, çünki o illər heç kəs şəxsi kitabxanasında Trotskinin "Seçilmiş əsərləri"ni və ya Zinovyevlə Buxarinin məqalələr toplusunu saxlamağa cürət eləmirdi. Təkcə Stalindən başqa, heç kəs…

Onun kitabxanasında isə Trotskinin, Buxarinin, Zinovyevin və başqalarının əsərləri rəflərdə durmağına davam edirdi. Bununla bağlı tarixçi B.İlizarov maraqlı bir faktı misal gətirir. Həbs olunmazdan bir qədər əvvəl Lev Kamenevin "Məşhur adamların həyatı" seriyasından N.G.Çernışevski barədə qalın bir kitab çap edilmişdi. O, bu kitabı yazmağa uzun illərini həsr eləsə də, oxuculardan tək-tük adamlar bu əsəri oxumağa imkan tapmışdılar. Kitabın 40 min ədəd nüsxəsi az vaxt ərzində məhv edilmişdi.

Sonradan Stalin Kamenevin bu kitabıyla maraqlananda ona "NKVD-nin USOQUQB kitab anbarı"ndan yeganə, bəlkə də müəllifə aid nüsxəsi təqdim olunmuşdu. Anbar möhürünə malik həmin nüsxə ta Stalin ölənə qədər onun kitabxanasında qalmışdı. Bununla əlaqədar B.İlizarov yazır ki: "Stalin öz əməlləriylə 1930-cu illərin ortalarında ölkədəki yeganə azad oxucu olmağı bacarmışdı".

Bəzi müəlliflərlə bağlı məhv hökmü çıxaran Stalin digərlərini hamının gözündə, həm də bəzən lap göylərə qədər qaldırırdı. Məsələn, Stalinin sifarişinə əsasən "Birinci Pyotr" romanını yaradan və baş qəhrəmanına ulu rəhbərə xas özəlliklər verən Aleksey Tolstoy belələrindən idi.

Mixail Şoloxov


Repressiyalardan qoruduğu Mixail Şoloxovun rahat yazıb-yarada bilməsi üçün Stalin hər cür şərait yaratmışdı. Ulu rəhbər Boris Pasternakdan da öz qayğı və diqqətini əsirgəmirdi. Məşhur tarixçi Yevgeni Tarleni o, sürgün cəzasından azad eləmişdi.

Alimin Napoleon barədə kitabını böyük maraqlı oxuyan Stalin əsəri ənənəvi tənqiddən də qorunmuşdu. Onun Napoleonun şəxsiyyətinə hədsiz maraq bəslədiyi aşkar idi.

Kitab hələ çapa hazırlandığı zaman Stalin həmin nəşrin baş redaktoruna bildirmişdi ki, Tarlenin kitabının ilk oxucusu özü olacaqdır. Bir sıra tarixçilər əmindirlər ki, 10 iyun 1937-ci il tarixdə həmin kitabla bağlı mətbuatda çıxan kəskin tənqidi məqalələrin yazılmasını da Stalin özü təşkil eləmişdi. O, bu resenziyalara etiraz etməklə həm ölkə ictimaiyyətinə, həm də müəllifə özünü əsl kitab sərrafı kimi tanıtmaq istəmişdi. Bu cür üsul və fəndlərdən Stalin dəfələrlə yararlanmışdı.

Ümumittifaq Kommunist (bolşevik) Partiyasının tarixi barədə dərsliyin mətninin hazırlanması prosesini də Stalin daim nəzarətdə saxlayır, variantları diqqətlə oxuyub, redaktə edirdi.

Başlıca məqamları, dəyərləndirmələri daha da qabartmaqdan ötrü o, bəzən hansısa cümlənin və ya bütöv bir abzasın üstündən xətt çəkir, öz versiyasını ora yazırdı. ÜK(b) P tarixinin bu cür yığcam və sadə dildə təqdimatına o, böyük əhəmiyyət verir, bunu yeni dini təlimin bir növ "İncil"i hesab edirdi. Onun qənaətinə görə, 1937-ci ilin kütləvi repressiyalarından sonra partiya sıralarına yazılan və bu qurumun tarixini öyrənən yeni kadrların hər hansı xüsusda tərəddüdə qapılması heç məsləhət deyildi.

1930-cu illərin lap sonlarına doğru Stalinin qiraət etdiyi kitablar arasında diplomatiya və hərb sənətinə həsr olunanların sayı xeyli artır. O, "Diplomatiya tarixi"nin birinci cildini və Y.Tarlenin Taleyrana həsr olunmuş kitabını böyük diqqətlə oxuyur.
1940-41-ci illərdə Bədii Ədəbiyyat Nəşriyyatı "Pələng dərisi geymiş pəhləvan" poemasının yeni tərcüməsini nəşrə hazırlayırdı. Bu kitabın əvvəlki nəşrlərinə yaxşı bələd olan Stalin təzə tərcüməni oxumaqla qalmamış, ona bəzi düzəlişlər də eləmişdi.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar