İlham Əliyev ötən il 131 obyektin açılışında iştirak ediib

İlham Əliyev Saatlıda. Avqust 2013


-
28 yanvar medianın icmalı

SƏMƏD SEYİDOV "AZADLIQ" QƏZETİNƏ MÜSAHİBƏSİNİ YARIMÇIQ KƏSİR

Avropa Şurası Parlament Assambleyasının sessiyasını izləmək üçün Strasburqa ezam olunmuş “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi orda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan müsahibə almaq istəyib. Qəzet yazır ki, S.Seyidov ikinci sualdan sonra müsahibəni yarımçıq kəsərək uzaqlaşıb.

- Azərbaycan hökumətinə olan tənqidlərə cavabınız nədir?

- Bəzi beynəlxalq təşkilatlar, qurumlər və dövlətlər bu məsələdən öz maraqları naminə istifadə edirlər, insan haqqları məsləsi siyasiləşməməlidir

- O zaman niyə insan haqqlarını pozub, həmin qurumlara, dövlətlərə Azərbaycanın əleyhinə iş aparmaq imkanı verirsiz?

- Əzizim, siz mənim fikirlərimi təhrif edirsiz, mən deyirəm ki, insan haqqları məsələsi siyasiləşməməlidir.


MEHMAN ƏLİYEV: “ASAN XİDMƏT QƏRBİN LAYİHƏSİDİR”


“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat” qəzetinə müsahibə verib:

- Mehman bəy, daha öncəki müsahibələrinizdən birində demişdiz ki, “Qərb Azərbaycanla işləyir, təkamül prosesi gedir, mən də bu təkamülün içindəyəm”. Həqiqətən də belədir?

- Əlbəttə. Məsələn, “Asan xidmət” yaradılıb. Bunun aşağı səviyyəli korrupsiyanın qarşısının alınmasında xidməti var. Hər şey sadələşir. Alqı-satqı sahəsində xeyli sadələşdiriblər. Ya da su çəkmək məsələsində də xeyli sadələşmə var. Bu, Azərbaycan hakimiyyətinin öz qərarları deyil, Qərbin layihələridir. Qərb bunu gətirib də, pulunu da verib, bunları da həyata keçirib. QHT sektorunda da xeyli işlər görülüb. Yüz faizlik olmasa da, müəyyən işlər görülür. Doğrudur, azad seçkilərdən çox şey asılıdır. Burada isə ciddi problemlər var. Amma Qərb bu sahədə də çalışır, vuruşur, təkliflər verir. Bizimkilər isə burcudurlar. Amma geri çəkilmək yoxdur. Bizim Avropa Birliyinə inteqrasiyamız real prosesdir, iş gedir.

2013: MÖHTƏŞƏM İL

“Azərbaycan” qəzeti yazır ki, 2013-cü il bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə yadda qaldı. “Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası daim Prezident İlham Əliyevin diqqətində olub. Bunu dövlət başçısının regionlara etdiyi səfərlər də bir daha təsdiq edir. 2013-cü ildə Prezident İlham Əliyev Qəbələ (2 dəfə), Hacıqabul, Mingəçevir, Qobustan, Sumqayıt (2 dəfə), Şirvan, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz, Şabran, Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lənkəran, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Gədəbəy, Quba (2 dəfə) və Qusarda səfərdə olub. Ümumilikdə götürdükdə isə dövlət başçısı bölgələrə 39 dəfə səfər edib... Prezident regionlara etdiyi səfərlərdə 131 sosial obyektin açılışında iştirak edib.

DÖVLƏT QURUMLARI HƏR İL ON MİLYONLARLA VƏSAİTİ HARA XƏRCLƏYİB?

“Bizim Yol” qəzeti yazır ki, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrasının başa çatmasına iki ildən bir qədər az vaxt qalıb. Lakin bu proqram üzrə hökumət indiyədək hansı işlərin görməsi barədə heç bir hesabat təqdim etməyib. Ümumiyyətlə, sənədin icra mexanizmi bəlli deyil. Yalnız o göstərilir ki, həmin vəsait hesabına fermerlərə subsidiyalar verilir, yanacaq 50 faiz ucuz satılır. Bu günün mənzərəsi ondan ibarətdir ki, 2008-ci ildə proqram qəbul olunandan sonra kənd təsərrüfatı məhsullarının istehsalı daha da azalıb, ölkə idxaldan daha çox asılı vəziyyətə düşüb.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmova görə, dünya praktikasında o ölkənin ərzaq təhlükəsizliyi təmin olunmuş sayılır ki, daxili istehsal tələbatın minimum 80 faizini ödəsin: «Beynəlxalq təşkilatların qoyduqları həddə görə, bir ölkə ərzaq təhlükəsizliyindən sığortalanmaq üçün insanların fiziki durumunu təmin edəcək normaya uyğun tələbatın 80 faizini daxili istehsal hesabına ödəməli, habelə 20 faizi həddində ehtiyat fondu olmalıdır. Bu norma minimum ərzaq təhlükəsizliyi deməkdir. Hansısa ölkədə bu normadan aşağıdırsa, həmin dövlətin ərzaq təhlükəsizliyi yoxdur».



BAKIDA VƏ ABŞERONDA ƏN AZI 3 MİLYON AĞAC

Ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev www.yap.org.az saytına müsahibə verib:

“...Yaşıllaşdırma istiqamətində mühüm addımlar atılır. Ağacların qanunsuz qırılmasına görə cəza tədbirləri görülür. Ölkə ictimaiyyəti bu təşəbbüsə çox fəal şəkildə qoşulur. Məlumdur ki, dövlət başçısı İlham Əliyev qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilməsini qarşıya ən ümdə məqsəd kimi qoymuşdu... Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Nəzərdə tutulan tədbirlər bu sahədə də mövcud problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Dövlət başçısı bildirir ki, ekoloji problemlərin həlli istiqamətində görülən işləri ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılacaq. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı İlham Əliyev ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinin hər il diqqət mərkəzində olduğunu önə çəkərək bildirdi ki, kompleks tədbirlər görülür.

ODUN İKİ FUNKSİYASI

“Media Forum” saytı Oqtay Qorçunun yazısını dərc edib. Yazıdan bir hissəni dərc edirik:

...Belə qarışıq zamanda, oddan od törəyən çağda ortalığa biri də çıxdı. Prometeyin məşəlindən od alan xilaskar əzizlərinin həyatı uğrunda canını verdi, oda atılıb özünü Prometey nurunda yaxdı. O nə üsyançı, nə də qiyamçının qisasçı övladıdır; o heç əsgər də deyil, hansısa təşkilatın da üzvü olmayıb. Onun adı Taylerdir, böyük dünyanın iki od arasında qalanda çıxış yolunu irəli atılmaqda görən balaca sakini. Bu kiçik xilaskarın canındakı həyat atəşi onu çevirib odlu-alovlu tarixçənin qəhrəmanına.

Tayler Duhen altı nəfəri yanan evdən çıxarandan sonra yenə cumub alovun içinə. Bu dəfə öz canını od alıb. Dayısını xilas eləməyə macal tapmayıb qəhrəman...

...Bizdə isə Taylerin yaşıdı olan uşaqların atası övladlarının gözü baxa-baxa özünə od vurur. Odun belə yandırmağı da var...