Mixail Şoloxov: əsl lakey, yoxsa əsl kişi?

Mixail Şoloxov

-

1940-50-ci illərdə Şoloxovun ədəbi katibi işləmiş F.Şaxmaqonov bir dəfə Stalinə münasibətdə yazıçının özünü niyə o dərəcədə sərbəst və hətta ehtiyatsız apardığının səbəbini soruşanda Şoloxovun cavabı qısa olmuşdu:

"Sürünənləri kimsə saya salmır!"



Andrey Vorontsov


ƏDƏBİ PROZEKTOR*


*Qeyd: Prozektor – morqda çalışan tibb işçisidir, cəsədlərin patoloqoanatom tərəfindən müayinəsi və dəfn üçün hazırlanması onun əsas vəzifələrindəndir.


Nəhayət ki, "Sakit Don" romanının müəllifi bəlli oldu: bu – İosif Vissarionoviç Stalindir. Benedikt Sarnovun "Stalin və yazarlar" kitabının 3-cü cildində oxuyuruq: "…Şoloxovun "Sakit Don"un müəllifi olmadığını, o, heç şübhəsiz ki, bilirdi. Həm də əgər yoldaş Stalin kimin müəllif olmadığını "heç şübhəsiz bilirdi"sə, deməli, həqiqi müəllifin də kimliyindən xəbərdar idi.

Şoloxovun əleyhdarları isə son 85 il boyu müəllifin kimliyi xüsusunda dəqiq bir adam tapıb, göstərə bilmirlər. Hətta müəllifin naməlum ədəbi qulu olduğu, illərlə Şoloxovun evinin zirzəmisində oturub, eynilə "alim pişik" kimi, yazıb-pozduğu da iddia edilir.

Şoloxovun əleyhdarlarının son ümid yeri – Lyubyanka (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Moskvadakı mərkəzi ofisinin yerləşdiyi meydan - A.Y.) idi: onlar xüsusilə məxfi sənədlərdən birində: "Sakit Don"un müəllifi – imyarekdir (adıbilinməz, adsız biridir – A.Y.)" cümləsinin yazıla biləcəyinə bel bağlayırdılar. Bu isə bir daha göstərir ki, əsl müəllifin təyini – Buratinonun Axmaqlar diyarında "Möcüzələr məkanı" axtarışları qədər mənasızdır.

Buna görə də mənim Sarnovun qalın kitabını səbirsizliklə vərəqləməmin səbəbi anlaşılandır. Hər halda Stalin – etibarlı mənbədir və yetərincə məlumatlı insan olub. Lakin yenə də oxum daşa dəyir. 276-cı səhifədən başlayan "Stalin və Şoloxov" fəslini oxusam da, "Sakit Don"un "gerçək" müəllifinin kimliyini öyrənə bilmədim.

Bəlkə şəxsən Stalinə aid sənədlərdən öyrəndiyi bu dövlət sirrini söyləməsin deyə, Benedikt Sarnovun ağzına hökumət dairələri möhür vurub və bunun səbəbi o sirrin açılma vaxtının hələlik yetişməməsidir?

Bəlkə buna görə o da, Şoloxov əleyhdarlarının Qoqolun qəhrəmanı Poprişinin icadlarına bənzəyən əndirəbadi tapıntılarını bir-bir təkrarlamağı uyğun görür və buna görə bildirir ki: “Bəlkə "Sakit Don"un müəllifi məsələsini Stalin Şoloxovun "ipini" əlində tutmaq üçün quraşdırıbmış? Ola bilər, çünki Stalin sərt iplər hörməkdə usta idi”.

İosif Stalin


Sarnovun nəhəng və kompilyativ (bir neçə kitabdan və ya mətndən mənimsənmiş, orijinal olmayan – A.Y.) əməyinə mən belə qiymət verərdim: ilk baxışda qəribə görünsə də, Şoloxov əleyhdarlarının poprişinsayağı məntiqinə tamamilə uyğun şəkildə Sarnov bildirir ki, "Sakit Don"un müəllifi – elə Stalinin özüdür. Bəli, bəli, məhz Stalindir, əks halda, o, (annotasiyada deyildiyi kimi) "plagiat haqda şayiələrə tək həmlədə son qoymaz" və bu nəhəng kitabın müəllifliyini gənc Şoloxova aid eləməzdi.

Həqiqətən də, SSRİ-nin rəhbəri romançı kimi çıxış edə bilməyəcəyi üçün bu rolun ifası üçün statist (təcrübəsiz – A.Y.) birini seçməliydi. O vaxtlar Mixail Şoloxov heç kimin tanımadığı, əyalətdə yaşayan bir yazıçıydı. Həm də roman antisovet ruhlu idi və şəxsən Stalindən başqa kimin cürəti yetərdi ki, Sovet quruluşu əleyhinə yazdığı romanı hələ bir çap da etdirsin?! Ümumiyyətlə götürəndə, bəli, Stalin bunu özünə rəva görə bilməzdi, buna görə də müəllif roluna başqasını "təyin eləmişdi".

Heç bilməzsiniz bu Şoloxov əleyhdarlığı necə əyləncəli işdir! Orada hər şey mümkündür! Çünki o oyunda hər hansı qayda-qanun keçmir! Yox, nəfsimi cilovlaya bilməyəcəyəm! Mən də bu oyuna öz mayamı, yerpulumu yatırır və təntənəli şəkildə elan edirəm ki, "Sakit Don"un gerçək müəllifi Yelan stanitsasının kazakı Mixail Stepanoviç Kuznetsovdur!

Onun barəsində bir qədər sonra söz açacağam.

Vaxtilə "Literaturnaya qazeta"nın səhifələrində yazmışdım ki, "Sakit Don"un ilk iki kitabının Şoloxo-vun xəttiylə yazılan və tapılan əlyazmaları da onun əleyhdarlarının mövqelərini zərrəcə dəyişdirmədi. Maddi sübut kimi onlara bu əlyazmanı göstərmək ona bənzəyirdi ki, dəli birisinə onun dəliliyi ilə bağlı arayış təqdim edirsən. Halbuki onlara təsir edən üsul, deyək ki, elektrik cərəyanı ilə müalicədir.

Mənim tutduğum bədbin mövqe zamanla özünü doğrultdu. Onların - ədəbiyyat aləminin poprişinlərinin - illərdən bəri əsas iddiası o idi ki, romanın əlyazması ortada yoxdur, hətta əlyazma olsa belə, onun üzünü köçürməyi istənilən sarsaq bacarardı.

Mən bu xüsusları bilsəm də, unutmuşdum və bu cür adamları illər uzunu ciddi qəbul edən "ziyalı cəmiyyətimiz"in yerinə, bu adamları "mavi ekrana" çıxaran TV rəhbərlərimizin əvəzinə əsl xəca-lət hissi keçirirəm. Eyni məntiqlə "İdiot" da daxil olmaqla, Dostoyevskinin romanlarının başqa birisi tərəfindən yazıldığını iddia eləyən dırnaqarası mütəxəssislərə də maneəsiz şəkildə efir vaxtı vermək mümkündür, çünki Dostoyevski öz romanlarını eyni zamanda stenoqrafisti də olan arvadına diqtə elədiyi üçün onun da əlyazmaları bu gün əlimizdə deyil.

Sarnova qayıdaq: o, Şoloxov əleyhdarlarının əlyazmalarla, onların axtarışıyla və bunlar ətrafında illər uzunu qoparılan dava-mərəkə barədə öz kitabında bircə kəlmə də yazmır, hətta bütün bunlar heç olmayıbmış kimi davranır! Tamamilə əminəm ki, Sarnov bu sözügedən "Stalin və Şoloxov" fəslini çox əvvəllər, hətta romanın əlyazması tapılandan öncə yazıbmış və bu cür spekulyasilar, qurama fikirlər ilkin variantda da varmış. İndiki dönəmdə, yanlışa yol verməmək üçün o, həmin qismləri mətndən çıxarıb və əlyazma məsələsinə isə… ümumiyyətlə toxunmayıb.

Bu yanaşma anlaşılandır, əgər o, bu barədə, yəni Şoloxov əleyhdarlarının, psixiatrlar demişkən, qəliz və ziddiyyətli sayıqlamalarından ötəri söz açsaydı, özünün yazdığı 276 səhifəlik mətnin üstündən qalın xətt çəkmiş olacaqdı. Sarnov bu məsələlərlə bağlı çox nadir hallarda "özündən nə isə" artırır və həmin dəqiqə onun bu xüsuslarda nə qədər kompetensiyasız (səriştəsiz, səlahiyyətsiz – A.Y.) biri olduğu adamı heyrətə gətirir.

"Sakit Don"un müəllifliyinə Stalinin niyə məhz Şoloxovu "təsdiqləməsinə" Sarnov belə aydınlıq gətirir: "Ona təmiz anketə sahib yazıçı lazım idi… Seçimin M.A.Şoloxovun üzərində durmasının əsas səbəbi də bu idi… M.A.Şoloxovun həm tərcümeyi-halı, həm də anketi daha uyğun idi".

"Sakit Don"un ilk kitabı "Oktyabr" jurnalının səhifələrində çap olunanda VAPP-ın (1920-ci ildə təsis edilən Ümumrusiya Proletar Yazarları Assosiasiyasının (ÜRYA) – A.Y.) 1928-ci ilin aprelində keçirilən qurultayının nümayəndəsi Şoloxovun təqdim etdiyi anketin mətniylə Sarnovun şəxsən tanış olduğuna dərin şübhələrim var. Həmin anketin siyasi məqamlarla bağlı bəndlərinə Şoloxov belə cavab veribmiş: "Partiya üzvlüyünüz (əgər partiya və ya ÜLKGİ üzvüsünüzsə) – Üzv deyiləm"; "Hansı həmkarlar ittifaqının üzvüsünüz – Üzv deyiləm"; VAPP üzvlüyündən başqa hər hansı ictimai məsuliyyət daşıyırsınızmı – Yox "; "VAPP təşkilatlarında hansı fəaliyyətlə məşğulsunuz – Heç bir".

Sovet dövrünün dəyərləriylə yanaşsaq, bu anketdə daha ciddi məqamlara sən deyən aydınlıq gətirilməyib. Məsələn, Şoloxovun vaxtilə buxar dəyirmanı işlədən atasının mülkünü hökumət müsadirə eləmişdi. Qaynatası stanitsanın keçmiş atamanı idi, Sovet hakimiyyəti qurulanda həbsə atılmış, azadlığa çıxandan sonra isə kilsədə psalomçu ("Zəbur" surəsi oxuyan – A.Y.) işləyirdi. Ərzaq müfəttişi işlədiyi vaxt aclıq çəkən kazaklara qoyulan vergi yükünü qismən azaltdığı üçün Mixail Şoloxovun özünə 1922-ci ilin avqustunda bir il icbari iş kəsildiyi üçün o, komsomol sıralarından xaric edilmişdi.

Əlbəttə ki, bütün bu məqamlardan "aidiyyəti təşkilatlar" xəbərdar idilər və hələ 1926-cı ildə, yəni onun öz qəhrəmanı Qriqori Melexovun prototipi olan və Moskvada yaşayan Xarlampi Yermakova yazdığı məktub QPU-nun (Dövlət Siyasəti İdarəsinin – gizli və siyasi nəzarət təşkilatının – A.Y.) əlinə keçmişdi. Onda bunun harası "uyğun" bioqrafiya oldu ki?!

Bundan başqa, Stalinin hansı tarixi şəraitdə Şoloxovu "Sakit Don"un müəllifi "təyin etməsi"nə də diqqət yetirilməlidir. Oktyabr inqilabının 10 illiyi ilə bağlı sözügedən romanı "Oktyabr" jurnalında çap etdirmək barədə qərarını A.S.Serafimoviç 1927-ci ilin noyabrında açıqlamışdı. Həmin vaxt ölkədə Ümumrusiya Kommunist (bolşevik) Partiyasının XV qurultayına gərgin hazırlıq işləri gedirdi.

Trotskiçi–Zinovyevçi müxalifət ilə Stalin arasındakı mübarizənin ən qızğın vaxtıydı, hətta müxalif qüvvələr noyabrın 7-də Moskvanın və Leninqradın küçələrində etiraz nümayişləri də keçirmişdilər… Onda Stalinin boş vaxtı haradaydı ki, Don kazakları barədə roman üçün düşüb, müəllif axtaraydı?!

Sarnovun aşağıdakı qənaətə niyə gəldiyini də anlamış deyiləm: "O ki qaldı "Sakit Don"un müəllifliyi barədə müzakirələrə, 1929-cu ilin martında "Pravda" qəzetində çap olunmuş "Redaksiyaya məktub" başlıqlı yazı ilə bu məsələ həmişəlik qapanıb, getmişdi. Bu isə bir daha göstərir ki, məsələyə başqa birisi yox, şəxsən Stalin özü qarışmışdı".

Şoloxovun şəkli sovet markası üzərində


Əgər məsələ "həmişəlik qapanıb, getmişdisə", bəs onda sonrakı, 1930-cu ilin əvvəllərində Qolouşev verisiyası necə təkrar ortaya atılmışdı?! O vaxt "Federasiya" nəşriyyatı "Rekviyem. Leonid Andreyev barədə xatirələr toplusu"nu çap etmişdi və həmin kitaba L.N.Andreyevin teatr tənqidçisi S.S.Qolouşevə ünvanlanmış məktubu da salınmışdı. Sənəddən məlum olurdu ki, hələ 1917-ci ilin sentyabrında Qolouşev "Sakit Don" adlı əsərini "Russkaya volya" qəzetində çap olunmaqdan ötrü Andreyevə göndəribmiş, lakin o, buna razılıq verməyib.

Bu məsələ ilə bağlı şayiələr və sözgüləşdirmələr bir neçə ay sonra yenidən qızışdı, səbəbi isə S.Qolouşevin "Sergey Qlaqol" təxəllüsü ilə "Narodnıy vestnik" qəzetinin 24 sentyabr 1917-ci il tarixli sayında "Sakit Dondan" başlıqlı oçerkinin ortaya çıxması oldu. Bu səviyyəsiz oçerkin bir abzasından məlum olurdu ki, güllələnməkdən canını qurtarmaq məqsədiylə Şoloxov sözügedən romanın "üzünü köçürməyə" razı ola bilərmiş. Ancaq şayiə şayiə olaraq da qalır, elə buna görə də "Qolouşevin versiyası" ta Şoloxov ölənə qədər ən müxtəlif yozumlarda varlığını qorudu…

1934-cü ildə isə NKVD-nin Veşenski şöbəsinin rəisi Menşikov "Sakit Don"un yeni "müəllifini" tapdığını elan elədi: bu şəxs - 1929-cu ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası sıralarından xaric olunmuş, trotskiçi Yelankin idi və bununla əlaqədar ona qarşı cinayət işi açıldı. Belə bir məsələni necə "tamamilə unudulmuş" saymaq olar?! Görünən odur ki, Stalinlə bağlı qənaətlərində Sarnov təkrar yanılıb.

Əlbəttə, o arada Sarnov Şoloxov əleyhdarlarının "məşhur iddialarını" təkrarlasa da, əlyazmalarla bağlı məqamdan diqqəti bilərəkdən yayındırır: "Sakit Don"da Şoloxov özü də nəyi bilib, nəyi bilmədiyini etiraf eləyib, buna rəğmən, kazak stanitsasının (özü kazak olmaya-olmaya və əslən oralı olmadan) müharibəyə qədərki məişətini, daha sonra isə davaları - Birinci dünya savaşını və Vətəndaş müharibəsini hədsiz etnoqrafik dəqiqliklə və bütün çalarlarıyla təsvir edir, halbuki bütün bu tarixi hadisələrin heç birində o, yaşının azlığı ucbatından iştirak edə bilməzdi".

Əvvəla, səkkiz yaşına qədər Şoloxov kazak (kazak oğlu) sayılıb, anası da kazak qızı olub. Həmin vaxt onun adı-soyadı Kuznetsin oğlu Mixali Stefanov kimi gedirmiş - halbuki Yelanski stanitsasının kazakı Stefan Kuznetsov heç də yazarın doğma atası olmayıb. Gələcək yazıçının Mixail Aleksandroviç Şoloxov və oralara "gəlmə" olması faktı yalnız 1913-cü ildə öz təsdiqini tapıb, çünki Stefan Kuznetsov vəfat edəndən sonra yazarın doğma atası Aleksandr Mixayloviç Şoloxov onun anası Anastasiya Danilovna Kuznetsova (Çernikova) ilə dini nikaha girmək üçün izn ala bilib.

Digər tərəfdən Şoloxovun yaxın qohumları və doğmaları "Sakit Don" romanındakı surətlərin prototipləridirlər: məsələn, romandakı Aksinya Astaxova yazarın anası Anastasiya Danilovadır, Stepan Astaxov isə həmin qadının birinci əri, qvardiyaçı-kazak Stefan Kuznetsovdur. Sarnovun dediyi kimi, Soloxovdan başqa heç bir yazıçı həyatda bu insanları şəxsən tanımayıb və tanıya da bilməzdi. Əlyazma barədə mübahisələrlə müqayisədə bu real şəxslərlə bağlı olan və sonradan romanlaşan detallar, habelə Şoloxovun "nəyi bilib, nəyi bilməyəcəyindən" daha böyük əhəmiyyətə malikdir.

Mənim qənaətimə görə, şoloxovşünaslıqda iki önəmli kitab var. Bunlar "Sakit Don: prototiplər barədə hekayətlər" və "Mixail Şoloxov. Bioqrafik səhifələr" dir. Q.Y.Sivovolovun qələminə məxsus bu araşdırmalar 1991 və 1995-ci illərdə Rostov-Don şəhərində çap olunmuşdur. "Düzdəki atəş" ("Şoloxov") adlı romanım üzərində işləyərkən mən bu mənbələrdən xeyli dərəcədə yararlanmışam. Daxili İşlər Nazirliyinin ehtiyatdakı polkovniki olan Sivovolov əslən Don çayının yuxarı qismindəki Kargin stanitsasındandır və illər uzunu "Sakit Don" personajlarının canlı prototiplərinin, artıq dünyasını dəyişənlərin isə qohum və tanışlarının hekayətlərini qələmə alıbdır. Belə prototiplər sırasına Stefan Kuznetsov, Xarlampi Yermakov, Aleksey Drozdov (Qriqoriy Melexovun ikinci prototipi), Pavel Drozdov (Pyotr Melexov), Anna, Dmitri və Anastasiya Popovlar (Listnitskiy ailəsi), Pavel Kudinov, Aleksey Kovalyov (Alyoşa Şamil) və onlarla başqaları daxildir. Bunlar hamısı 1922-ci ilə qədər, yəni Don mahalını tərk edənə qədər, Şoloxovun əhatəsində olan insanlardır. Bundan əlavə, Sivovolov tam əminliklə yazır ki, romanda təsvir olunan bütün yerlər və onların o zamankı adları M.Şoloxovun Yuxarı Donda olduğu yerlərlə birbaşa bağlıdır.

Üçüncü məqam – Şoloxov əleyhdarlarının "vazke-çilməz" sualıdır və Sarnov onu bir daha təkrarlayır: yaşının azlığı ucbatından Şoloxov iştirakçısı ola bilməyəcəyi davaları - Birinci dünya savaşını və Vətəndaş müharibəsini necə qələmə alıbdır?

Bu suala cavab kimi yazarın 6 aprel 1926-cı ildə Qriqori Melexovun əsas prototipi sayılan Xarlampi Yermakova yazdığı məktubu göstərmək olar. Məktubda Şoloxov ondan soruşur ki, may-iyun aylarında Yermakov öz xutorundan başqa yerə gedəcək, ya yox, çünki 1919-cu ilin hadisələriylə əlaqədar ondan bəzi təfərrüatlar öyrənmək arzusundadır... Həm də bu bilgilər Yuxarı Donda vaxtilə baş verən qiyamla bağlı olub.

Rusiya - "Sakit Don" abidəsi, Don çayının sahili


Həqiqətən də, həmin iki ayı və sonrakı dövrü Şoloxovun tez-tez Bazkada yaşayan Yermakova baş çəkdiyini Sivovolov təsdiqləyir. "Sakit Don"dakı veteran surətlərin protipləriylə də Şoloxovun məhz bu cür əlaqə saxladığı hər hansı şübhə doğurmur. "Sakit Don"un müəllifliyinə iddialı olanların bənzər bilgiləri romandakı surətlərin prototiplərindən nə vaxt və necə aldıqlarına dair şəxsən mənim əlimdə heç bir bilgi yoxdur.

O ki qaldı bayaq adıçəkilən Stalinə, o, istəsəydi, hər hansı şəxsdən istənilən məsələ barədə bilgilər ala bilərdi. O cümlədən də QPU-nun həbsə atdığı Xarlampi Yermakovdan.

Lakin məni ən çox sarsıdan Sarnovun aşağıdakı cümlələri oldu: "Şoloxov Babelə tamamilə zidd bir şəxs idi, çünki başqa xəmirdən yoğrulmuşdu və bununla yanaşı, o da öz-özlüyündə elə Babel qədər unikal insan idi. Senzuraçılar və redaktorlar ilə qarşılıqlı münasibətlərdə o, daim əsl lakey (nökər, naib – A.Y.) üzüyolalığı sərgilədiyi üçün bunu onun güzəştləri kimi yox, tam və qeyd-şərtsiz təslimçiliyi kimi dəyərləndirmək daha doğru olardı".

Bəlkə bu fikirlər "Sakit Don"un üçüncü kitabının nəşri ərəfəsində Şoloxovun senzuraçılarla apardığı üç illik və dönməz mübarizəsiylə bağlı söylənib? O vaxt Şoloxov şəxsən Stalinə müraciət etmiş və hər hansı düzəlişlər edilmədən əsərin nəşrinə nail olmuşdu! Həmin hissə "Oktyabr" jurnalında çap edilərkən starover (xaçpərəstlərin pravoslav cərəyanı daxilində dini ayinlərin icra şəklində qədim dəb və üsullara üstünlük verən təriqətin tərəfdarı olan – A.Y.) qocanın komissar Melkinin amansız davranışları barədə hekayətini redaktor mətndən çıxartmışdı və Şoloxov çıxarılan hissənin jurnalın sonrakı sayında ayrıca dərcində israr eləmişdi.

"Sakit Don"un 1953-cü ildə işıq üzü görən başıbəlalı nəşrinə gəldikdə isə, mətndə 400-ə yaxın düzəliş edilsə də, əsərin həmin versiyası sonralar heç vaxt təkrar nəşr olunmamışdı. Həmin nəşri indi sadəcə ayrı-ayrı kitabxanalarda və özəl kolleksiyalarda tapmaq mümkündür.

Bununla bərabər, hələ 1946-cı il üçün bütöv halda və parçalar şəklində 118 dəfə çap olunan romanın ümumi tirajı beş milyonu ötmüşdü. Şoloxov sırf maddi sıxıntılar ucbatından 1953-cü ildə çıxan "Sakit Don" mətninin redaktorlar və senzuraçılar tərəfindən bərbad kökə salınmasına göz yummuşdu, çünki əvvəlki dörd ildə kitabları heç çap olunmamışdı. Həm də bu, onun çox kiçik güzəşti sayılmalıydı.

Şoloxovla müqayisədə "Stalin və yazarlar" trilogiyasının bir çox qəhrəmanları (Qorki, Mayakovski, Zoşşenko, Demyan Bednıy, Aleksey Tolstoy, Pasternak, Erenburq, Pilnyak və digərləri) daha çox güzəştlərə getmişdilər. Təkcə elə Pasternakın "Stalinianası" barədə nələr deməzsən?! Ancaq nədənsə Sarnov belələrini nə lakey adlandırır, nə də satqın (təslimçi)!

Sarnovun Şoloxovla qarşı-qarşıya qoyduğu İsaak Babelin redaktor və senzorlarla özünü necə apardığına dair hər hansı bilgi sahibi deyiləm. Bircə onu bilirəm ki, 1918-ci ilin ortalarında Qorkinin təsis etdiyi "Novaya jizn" qəzeti bağlanana qədər Babel onun səhifələrində bolşeviklər əleyhinə xeyli sərt oçerklərlə çıxış edirdi. Həmin qəzet qapanandan sonra Babel qəfildən ÇK-nın (Fövqəladə Komissiyanın – A.Y.) əməkdaşına çevrilir və ta həbs olunana qədər həmin təşkilatın tərifini göylərə qaldırmaqla uğraşır.

Onu da bilirəm ki, Don mahalında törədilən kütləvi repressiyalara qarşı etiraz edən Şoloxov 1930-cu illərdə iki dəfə Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində dünya yazarlarının antifaşist konqreslərində iştirakdan imtina edibmiş, halbuki Babel qələm dostları və davamçıları həbsə atılanda belə, xarici ölkələrə bu cür səfərlərdən bircə dəfə də imtina eləməyib.

Rusiya - yazıçı Isaak Babel, KQB (NKVD) arxivi, 1939


Haradasa oxumuşdum ki, Lubyanka zindanına atılan Babel bir çox məşhur yazara, ilk növbədə də Şoloxova, qara yaxmağa başlayıbmış, halbuki Şoloxovun Babel barədə iftira və böhtan yaydığına dair əlimizdə heç bir fakt yoxdur. Kimsə deyə bilər ki, axı, Şoloxov həbsə atılmamışdı. Ancaq bu, ona görə baş verməmişdi ki, hələ 1938-ci ilin oktyabrında tanış bir çekistdən (ÇK əməkdaşından – A.Y.) özünün həbsə atılacağı xəbərini öyrənən Şoloxov bəziləri kimi ah-uf eləməmiş, əl-qolunu yanına salıb gözləməmişdi ki, nə vaxt gəlib, onu aparacaqlar.

Rostovun NKVD işçilərinin sayıqlığını azdıraraq, haqqın, ədalətin bərpası üçün əlinə silah alıb, birbaşa Moskvaya, Stalinin yanına yollanmışdı. Şoloxov da, onu yolda müşayiət edən Pyotr Luqovoy da üstlərindəki silahı kimi isə qorxutmaq üçün yox, həbs olunacaqları təqdirdə çox düşünüb-daşınmadan işə salmaq üçün özləriylə götürmüşdülər. Luqovoy onsuz da Yejovun vaxtında zindanda yatmışdı və təkrar ora düşməyə əsla razı olmazdı. Şoloxov isə o cəhənnəm əzablarına Luqovoyun hekayətləri sayəsində yetərincə yaxşı bələd idi.

Bu iki nəfər əsl kişi idi və özlərini kişi kimi, mərdi-mərdanə aparırdı. Yejovu və Rostov NKVD-si rəhbərlərini Stalinin qarşısında ifşa edəndən sonra onlar bununla kifayətlənmədilər, Stalindən haqsız yerə repressiya qurbanına çevrilən yüzlərlə insanın sərbəst buraxılmasını da tələb elədilər. Təəssüf ki, həmin vaxt onların əksəriyyəti artıq həyatda deyildi…

Mən tam əminliklə deyə bilərəm ki, Stalinlə və Siyasi Büro üzvləriylə görüş əsnasında Şoloxov, Poqorelov və Luqovoy "Veşenski işi"nin NKVD tərəfindən quraşdırıldığını sübuta yetirdikləri üçün daxili işlər komissarı Yejov vəzifəsindən təcili uzaqlaşdırılmışdı. Lakin məhz "Veşenski işi"nin Stalinin Yejova qarşı etimadsızlığında son təkan olduğuna hər hansı şübhə yeri ola bilməz, çünki "donluların" Kremldə qəbulundan sonra Yejov öz vəzifəsində cəmi üç həftə işlədi və istefaya göndərilənə qədər də Stalin bir daha onu qəbul eləmədi.

Bu yerdə onu da vurğulamalıyam ki, Şoloxovun həyatda qalmaq uğrunda apardığı mübarizə sadəcə 1938-ci ilin oktyabrında diqqəti çəkir. 1932-33-cü və 1936-37-ci illərdə onun Rostov partiya təşkilatının rəhbərliyi və çekistləriylə qarşıdurmasının səbəbi ya öz həmyerlilərini aclıqdan və repressiyalardan qorumaq idi, ya da həbsə atılan dostlarının qeyd-şərtsiz azadlığa çıxması. Onun Stalinə ünvanladığı məktublar açıq, sərt və son dərəcə cürətli üslubda yazılmışdı və bu cür məktublar yazmağa o vaxt ölkədə Bulqakovla Şoloxovdan başqa heç kəsin cəsarəti yetmirdi. Fərq onda idi ki, Bulqakov ancaq öz taleyi ilə bağlı belə məktublar yazırdı, Şoloxov isə ancaq başqaları barədə.

O, ilk (və sonuncu!) Sovet yazarıydı ki, NKVD-nin istintaq sisteminin təkcə öz dostlarına və qohumlarına deyil, bütün dustaqlara münasibətdə yolverilməzliyini mərdi-mərdanə Stalinə bəyan eləmişdi: "Yoldaş Stalin! Məhbusun nəzarətsiz-filansız müstəntiqlərin külli-ixtiyarına verilməsi kimi anlaşılan istintaq üsulu kökündən yanlışdır. Bu üsul həmişə yanlış nəticələrə aparıb çıxarıbdır və belə də davam edəcəkdir. Müstəntiqlərin tabe olduqları şəxsləri ancaq bir məsələ narahat edir: dindirilən şəxsin ifadəsi alındı, ya yox, istintaq irəliləyirmi və sair… Dustaqlara tətbiq olunan alçaldıcı işgəncə sisteminə son qoyulmalıdır. 5-10 gün boyu, fasiləsiz istintaq aparılmasına yol vermək isə insafsızlıqdır".

1930-cu illərdə sərgilədiyi bənzərsiz dəyanətli davranışlarıyla Şoloxov bəlli mənada Sovet yazıçılarının nüfuzunu qorumağa nail olmuşdu. Bəlkə buna görə Benedikt Sarnov məhz onu "lakey kimi güzəştlərə getməkdə" və "tam və qeyd-şərtsiz təslimçilikdə" suçlayır?!

Bu cür yanaşmanın ardında mən iki səbəb görürəm: ya Sarnov Şoloxova onun ədəbi yaradıcılığıyla hər hansı əlaqəsi olmayan və amansız bir kin bəsləyir, ya da xalq arasında deyildiyi kimi, ağzına gələni atır.

Ümumilikdə götürəndə, "Stalin və yazarlar" mövzusuyla bağlı da mən bir məqama toxunmaq istədim. Yeseninin "Anna Snegina" poemasında belə misralar var:

Qarşıma çıxan hər kəs sərt təbəssümlə
Baxır mənim üzümə, bir də ki gözlərimə:
"De, kimdir axı, Lenin?"
Ona pəsdən deyirəm: O – elə sizsiniz!"

Mixail Bulqakov, 1936


Məncə, eyni fikri daha böyük inamla Stalin barədə də demək olar. Onun bu ölkəyə 30 ildən çox müddətdə rəhbərlik eləməsi heç də təsadüfi deyildi. Mütləq hakim – bir mənada mütləq güzgü kimidir. Stalinin əxlaqı başına topladığı adamların əxlaqından əsla seçilmirdi. Əgər onlar vəhşi instinktlərini büruzə verirdilərsə, Stalin də onlar kimi davranır və bununla "Hüdudsuz hakimiyyətin əxlaqsızlığı da hədd-hüdud tanımır" prinsipini təsdiqləyirdi. Əgər həmin şərtlərdə insanlar özlərinin ən nəcib duyğularını sərgiləyirdilərsə, onda Stalin də onlara eyni hisslərlə qarşılıq verirdi.

O, Bulqakovun cəsarətinə və alicənablığına böyük dəyər verirdi. Ən azından 1949-cu ilə qədər Stalin hər xüsusda Şoloxova da güzəştə getmişdi, hərçənd bundan ötrü o, hər dəfə Siyasi Büronun müvafiq qərarlar çıxarmasına nail olurdu. Əgər Stalin Şoloxovun "Sakit Don"un gerçək müəllifi olmadığını bilsəydi, onun irəli sürdüyü tələblərə zərrəcə məhəl qoymazdı və bunun cavabında bir dəfə öz oğlu Vasiliyə dediyi sözləri təkrarlayardı: "Yoxsa sən özünü Stalin sanırsan? Bil ki, Stalin nə sənsən, nə də mən!"

1940-50-ci illərdə Şoloxovun ədəbi katibi işləmiş F.Şaxmaqonov bir dəfə Stalinə münasibətdə yazıçının özünü niyə o dərəcədə sərbəst və hətta ehtiyatsız apardığının səbəbini soruşanda Şoloxovun cavabı qısa olmuşdu: "Sürünənləri kimsə saya salmır!"

Bəlkə də Stalinin müxtəlif yazarlara fərqli yanaşmasının ardında dayanan və Benedikt Sarnovun öz kitabında açmağa çalışdığı yeganə sirr də elə budur.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar