Birinci qarın gətirdiyi problemlər [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıya qar yağdı

-
Abşeronda dəm qazından zəhərlənən qadınla bağlı çağırışa təcili yardım həkimləri gedə bilməyiblər. Həkimlər yolların qarlı və sürüşkən olmasını səbəb gətiriblər. Qadını Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri xəstəxanaya çatdırıb.

Bu, yanvarın 31-də qarla bağlı yayılan ilk xəbərlərdən biridir. Gün ərzində bundan sonra da müxtəlif yerlədə yük və sərnişin maşınlarının yollarda qalması barədə xəbərlər yayılıb.

«ELƏ YERLƏR VAR ORA TEXNİKA GEDİB ÇIXA BİLMİR»

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar qış hazırlığına bir neçə gün əvvəldən başlayıblar və hazırda gücləndirilmiş iş rejimində işləyirlər:

Bakı - 31 yanvar 2014


«Nazirliyin nəzdində və bölgələrdə xüsusi qərargahlar yaradılıb, yol-istismar idarələri də bu işə cəlb olunub. Bakıda yolların qardan təmizlənməsinə 100-dən çox texnika cəlb olunub. «Azəryolservis»in bütün texnikası rayonlarda və xüsusən də dağlıq ərazilərdən keçən yollarda iş aparırlar ki, Bakı Beynəlxalq Avtovağzalından çıxan avtobuslar mənzil başına vaxtında çata bilsinlər».

Namiq Həsənov şəhərdaxili sərnişindaşımanın iş rejimində problemlərin olmadığını bildirir. Deyir, səhər saatlarında Yeni Yasamal massivində və Bakı-Sumqayıt yolunda yaranan problemlər də artıq aradan qaldırılıb:

«Əsas çətinlik ona görə yaranır ki, hava şaxtalı və küləkli olduğu üçün təmizlənən yollar bir qədər buzla örtülür. Elə yerlər də var ki, ora heç texnika gedib çıxa bilmir. İnsan həmişə təbiətin şıltaqlıqları qarşısında aciz qalır. ABŞ, Rusiya və Rumıniya kimi ölkələr bu problemlərlə üz-üzədirlər. Bizdə hələ ki elə böyük problem yoxdur. Qış qarajında əlavə xeyli texnika var. 25 min kubmetrdən çox qum ehtiyatımız var».

SIĞINACAQLAR 24 SAAT İŞLƏYƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarlı, şaxtalı hava şəraiti ilə bağlı müvəqqəti sığınacaqlar yaradıb.

Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, sığınacaqlardan 5-i Bakıda , 1-i Sumqayıtdadır:

Bakı - 31 yanvar 2014


«Həmin sığınacaqlar yanvarın 31-i saat 12-dən fəaliyyətə başlayıb. 24 saat ərzində növbəlilik əsasında fəaliyyət göstərəcək sığınacaqlar yatacaq və isti yeməklə təmin olunub. Bundan başqa bütün sığınacaqlarda həkimlər olacaq».

İŞIĞIN SÖNDÜYÜNÜ DEYƏNLƏR ÇOXDUR

Yağan ilk qar Bakı və ətraf qəsəbələrin bəzi yerlərində elektrik enerjisi və qazın kəsilməsi ilə müşayiət olunub. Müşfiqabad qəsəbəsindən Ədalət Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, ötən gecədən sönən işıqlar hələ də yanmır:

«Dəfələrlə işıq idarəsinə zəng eləyirik, deyirlər iki saata düzələcək. İki saat olub 5 saat, hələ də işıqlarımız yanmır. Deyirlər qarın yağması ilə bağlı xətlərdə problem yaranıb. Necə olurdu sovet dövrü, daha sonra «Barmek» dövründə qarlı havalarda belə problemlər olmurdu, indi olur. Nə bilim, başım çıxmır, ayrılan bu qədər pullar hara gedir, necə xərclənir».

«Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev elektrik enerjisi təchizatında problemlərin mərkəzdə deyil, daha çox kənarlarda müşahidə olunduğunu söyləyir:

«Yanvarın 30-dan yaranan problemlərin hamısı həll olunub. Hazırda Sulutəpədə bəzi yerlərdə problem qalır, ancaq iş gedir, təxminən yarım saata həll olunacaq».

Bakı - 31 yanvar 2014

DAVAMİYYƏT ZƏİFLƏYİB

Hava şəraitinin dəyişməsi orta məktəblərdə davamiyyətinə təsir edib. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehovun dediyinə görə, davamiyyət 30-40 faiz aşağı düşüb.

Bakı sakinlərindən birinci qarın onlara hansı problemlər gətirdiyini də soruşduq. Qarın yağmasına sevinənlər də oldu, başını tutub problemlərinin üstünə birinin gəldiyinin deyənlər də.

BÜTÜN PROBLEMLƏR ÜZƏ ÇIXDI

- Qar yağmalıdır, qar yağanda hava təmizlənir, əkin-biçinə də xeyirdir. Evdə də hər şey qaydasındadır, sağ olsun prezidentimiz, öpürəm onu.

- Mənim üçün hər şey yaxşıdır, amma camaat üçün necədir, bilmirəm.

- Nəqliyyatla bağlı problemlər var, başqa heç nə...

- Birinci qar bütün problemlərimizi üzə çıxardı. İşıqpulu verə bilmirik, maaşımız aşağıdır.

– Qardaş, ölmüşük, ağlayanımız yoxdur.

Ekologiya Nazirliyinin Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 1-də arabir qar yağacaq, yollar buz bağlayacaq.