Şeyxülislam: ««Qurani-Kərim»in azərbaycanca oxunması müzakirə mövzusu ola bilməz»

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə

-
Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun din mərasimlərində “Qurani-Kərim”in azərbaycanca səsləndirilməsi təklifinə münasibət bildirib.

“ANS Press”in məlumatına görə Allahşükr Paşazadə “Quran”ın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib. O deyib: “Qurani-Kərim”in Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz”.

Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında deputat Gövhər Baxşəliyeva demişdi ki, din-dövlət münasibətlərində tənzimlənmə işi aparılmalıdır:

“Din xadimlərinin təkmilləşməsi aparılmalıdır. Onların savadları, bilikləri artırılmalıdır. Ümumi dini-mədəni səviyyəsi aşağı olan insanlar bu sahədən uzaqlaşdırılmalıdır. Onlara Azərbaycançılıq prinsipləri əsasında tədris keçirilməlidir. Bu istiqamətdə müntəzəm, gərgin iş aparılmalıdır”.

Parlamentin sədri Oqtay Əsədov bu təklifə cavabında bildirmişdi ki, ölkədə keçirilən mərasimlərdə “Qurani-Kərim” insanlara həm də Azərbaycan dilində oxunmalıdır:

“Quranı-Kərim” Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlər zamanı surələr Azərbaycan dilində oxunur. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilimizdə deyilsin ki, hamı başa düşsün. Oturub dini işçilər arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var, dini mərkəzlər var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik ki, “Qurani-Kərim”dəki sözlər Azərbaycan dilində deyilsin, insanlar onu başa düşsünlər”.