Tələbənin kəsiri qalarsa...

Foto: Arxiv

-
«Kəsir üçün pul ödəməyək» – 2 mindən çox «Facebook» istifadəçisinin dəstəklədiyi səhifə belə adlanır. Səhifə «event» (tədbir) siyahısındadır. «Kəsir üçün pul ödəməyək» deyəndə tələbələr qeyri-rəsmi pul ödənişini – rüşvəti deyil, onlardan tələb olunacaq rəsmi ödənişi nəzərdə tuturlar.

Təhsil Nazirliyi bu ilin yanvarından imtahanlardan kəsiri olanlara pul ödənişini tətbiq edir. Nazirlik bildirir ki, akademik borcu qalan tələbələr mövcud altqrupda, yəni əvvəlki kursda dərslərini davam etdirirsə, buna görə pul ödəmir. Amma əgər yeni qrup yaradılarsa və ya yay məktəbləri təşkil olunarsa, bu zaman ödəniş tələb olunacaq.

«Kəsir üçün pul ödəməyək» səhifəsində akademik borcu ödəmək üçün altqrupda oturmaq xəbərindən sevindiklərini bildirən tələbələr «yeni qrup» və «yay məktəbi» məsələsindən rahatsız olublar.

«KƏSİRİN OLMASI TƏQAÜDSÜZ QALMAQ DEMƏKDİR»

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Aygün Rəşidova deyir ki, bu xəbər tələbələri çaşdırıb:

«Mən ödənişsiz oxuyuram. Demək, kəsirim olarsa, pul ödəməyə məcbur qala bilərəm. Axı, bəlkə yeni qrup yaradıb məni bu qrupda oturmağa və pul ödəməyə məcbur edəcəklər. Kəsiri olmaq o deməkdir ki, mən təqaüd də almayacağam. İşləyə də bilməyəcəyəm ki, kəsirim var, imtahana hazırlaşmalıyam. Kreditin pulunu haradan alıb ödəyəcəyəm? Deyirlər ki, bir kreditə 25 manat ödəməliyik».

Aygün Rəşidovanın fikrincə, bu, tələbələri narazı salacaq.

İLLİK TƏHSİLHAQQI 60-A BÖLÜNƏCƏK

Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, akademik borcu qalan tələbələr üçün yeni qrup yarandıqda və ya yay məktəblərində tədris təşkil olunduğu halda ödəniş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 4.3.-cü bəndinə uyğun həyata keçirilir:

Təhsil Nazirliyi


«Həmin bənddə deyilir ki, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb edilən kreditləri yığa bilmədiyi halda tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Bu halda ödənişin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölməklə və alınan nəticəni tələbənin götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirmək olar».

30-DAN ÇOX TƏLƏBƏ...

Yeni qrupun təşkili qaydalarını izah edən nazirlik bildirir ki, mövcud qaydalara görə, tələbəyə müəllim seçmək imkanı da yaradılır:

«Bir müəllimi seçən tələbələrin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir».

TƏLƏBƏ FƏRDİ HAZIRLAŞA BİLMƏZ

AzadlıqRadiosunun «Tələbəyə fərdi hazırlaşaraq kəsirini düzəltmək imkanı veriləcəkmi» sualını Təhsil Nazirliyi belə cavablandırıb:

Foto: Arxiv

«Tələbə həmin fəndən dərslərdə iştirak etməli, onun mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Mövcud qaydalarda akademik borcu qalan tələbənin kəsirini düzəltmək üçün fərdi qaydada hazırlaşaraq imtahana buraxılması nəzərdə tutulmayıb».

«KREDİT ÖDƏNİŞLİDİR, AMMA...»

Özəl təhsil müəssisəsi olan Xəzər Universitetinin Jurnalistika Departamentinin rəhbəri Cabir Məmmədli deyir ki, onlarda kəsirin düzəldilməsi ödənişlidir. Amma bu, dərhal tətbiq olunmur:

«Xəzər Universitetində keçid balı 60-dır. Əgər tələbə 57-59 balla kəsilibsə, ona imkan verilir ki, həmin fənnin qiymətinin 1/3-ni ödəyərək təkrar imtahana girsin. Tələbə 56 və ya daha aşağı bal toplayıbsa, kəsildiyi fənni yenidən götürüb pulunu tam ödəməlidir».

Cabir Məmmədli deyir ki, beləcə, tələbə daha məsuliyyətli olmağa məcbur qalır:

«Bununla bağlı universitetdə iki rəsmi qurum – daimi (Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzi) və bir də sırf imtahanlarla bağlı şikayətləri araşdıran qurum fəaliyyət göstərir. İmtahanla bağlı hər hansı şikayət olarsa, həmin komissiyanın vəzifəsidir ki, onu araşdırsın və tələbəyə rəsmi cavab versin. Məsələn, tələbə iddia edirsə ki, imtahanda ona təqdim olunmuş suallar semestr ərzində keçirilmiş mövzularla uyğun deyil və ya imtahan vaxtı hər hansı xoşagəlməz halla üzləşib (sakitliyə riayət olunmayıb, imtahan vaxtından əvvəl bitib və s.) – həmin qurum bu məsələni araşdırıb çözməlidir. Təbii ki, hər iddia da doğru olmaya bilir».

Etibar Əliyev

«TƏKCƏ TƏLƏBƏNİN GÜNAHI DEYİL, AXI»

Təhsil eksperti Etibar Əliyev kəsirlərə qarşı ödəniş sanksiyasını məqbul saymır. Onun fikrincə, bu qayda Boloniya Prosesinə ziddir:

«Əvvəla, tələbənin qeyri-kafi qiymətləndirilməsi təkcə onun günahı deyil. Bu, proqramın ağırlığı ilə də ola bilər, dərsliklərlə və ya dərsin keyfiyyəti ilə də bağlı ola bilər. Əgər tələbə kəsilibsə, onu məcburi şəkildə dərslərə cəlb etmək doğru deyil. Bəlkə tələbə özü hazırlaşıb həmin kəsiri verə biləcək. Tələbədən hər hansı vəsait tələb olunması Təhsil haqqında qanunla da daban-dabana ziddir. Çünki bu, qanunda və digər normativ sənəddə öz əksini tapmayıb».

Etibar Əliyevin fikrincə, ödəniş sanksiyası heç də tələbənin məsuliyyətini artırmır:

«Ödənişin tətbiqindənsə, sovet qaydaları tətbiq olunsun. Əvvəl 3 kəsirə görə tələbə ali məktəbdən xaric edilirdisə, qoy indi 4 kəsirə görə çıxarılsın. Bunun effekti daha çox olar».

Rəylər, baxışlar öz yerində. İndilik, gerçək olan budur ki, kəsiri olan tələbə altqrupda fənni ödənişsiz dinləyəcək, amma «yeni qrup» və «yay məktəbi»ndə əlini cibinə atmağa məcbur qalacaq.