Almaniyanın ikinci böyük kitab dükanı müflis oldu

-

Almaniyanın ikinci böyük kitab dükanları şəbəkəsi olan “Weltbild” özünün müflisləşdiyini elan edib.

Kitab şəbəkəsinin sahiblərinin çoxu Katolik Kilsəsinin yeparxiyalarıdır və onlar şəbəkənin erotik kitablara çox yer ayırmasından onsuz da narazı idilər.

Milad bayramında “Weltbild”in gəliri gözləniləndən xeyli aşağı olanda və şəbəkənin normal fəaliyyəti üçün 60-160 milyon avro arası əlavə sərmayə tələb ediləndə sahiblər “yox” deyiblər.

Bundan başqa “Weltbild” dünyanın ən nəhəng on-line satış şəbəkəsi olan Amazon.com-a da rəqabətdə uduzur.

“Weltbild”in illik gəliri 1,6 milyard dollardır. Avropanın ən böyük media və kitab ticarəti şəbəkələrindəndir. Almaniyada, eləcə də Avstriya və İsveçrədə dükanları var. Bu dükanlarda ümumilikdə 6800 nəfər çalışır.

Müflisləşən şəbəkə fəaliyyətini davam etdirsə də, təcili yeni sərmayəçilər axtarır.