Bank sektorunda nələr baş verir?

Mərkəzi Bank

.
Dr. Vüqar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri

2013-cü ili krediti bumu ilə başa vuran bank sektoru yeni ilin ilk aylarının soyuğuna tab gətirə bilmədi: kommersiya bankları, demək olar, bütün istiqamətlər üzrə fərdi kredit xəttlərini dondurdular. Mərkəzi Bank (MB) nikbin görünsə də, kommersiya banklarının görüntüsü bəlli deyil. Bəzi banklar kreditlərin verilməsinin məhdudlaşdırılmasından sonra hətta öz filallarının bağlanması barədə də qərar qəbul ediblər.

Azerbaijan -- Expert Vugar Bayramov, Baku, undated


Təbii ki, vəziyyəti qiymətləndirmək çətin deyil: 15,0 milyard manata yaxın kredit qoyluşları 20,4 milyard manatlıq bank aktivlərin 73,5%-ni təşkil edir və deməli kreditləşmənin məhdudlaşdırılması eyni zamanda bank fəaliyyətinin limitləşdirilməsi deməkdir. Kütləvi kredit təkilf etməyən və ya edə bilməyən banklar, praktik olaraq, əsas fəaliyyətlərini həyata keçirə və deməli, ciddi gəlir əldə edə bilmirlər. Mövcud status-kvo pozulmasa qısa müddətdən sonra riteyl bankçılıq ilə məşğul olan banklar ciddi ziyanla üzləşəcəklər.

Təbii ki, sual yaranır: bank sektorunda nələr baş verir? Niyə, eyni gündə və bəlkə də eyni saatda bütün banklar istehlak kreditlərinin mədudlaşdırılması ilə bağlı qərar qəbul etdilər?

Əvvəlla,
güman ki, kredit qoyluşlarının məhdudlaşdırılması MB 2014-cü il üçün nəzərdə tutulan inflyasiya hədəflərinə çatmaq üçün edilir. Doğrudur, MB kommersiya banklarına kütləvi kreditləşmənin məhdudlaşdırılmaması ilə bağlı göstəriş vermədiyini qeyd edir. Əslində mövcud qanunvericilk də MB-ə belə səlahiyyət vermir. Amma aydındır ki, baş bankda istənilən tövsiyə kommersiya bankları üçün heç bir halda qərardan az təsirli deyil.

“Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında” xüsusi olaraq qeyd edilir:

“2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri anti-inflyasiya tədbirlərini həyata keçirəcəkdir.

Anti-inflyasiya siyasəti yürüdülərkən inflyasiyanın tələb və xərc amilləri diqqətdə saxlanacaqdır. Pul siyasətinin makroiqtisadi siyasətlə koordinasiyası çərçivəsinin daha da inkişaf etməsi, monetar idarəetmənin empirik əsaslarının gücləndirilməsinə xüsusi diqqət veriləcəkdir”.


Deməli, ötənilki “istehlak krediti bumun”dan ehtiyatlanan MB artıq 2013-cü ilin sonlarında inzibati alətlərdən istifadə edilməsini nəzərdə tuturdu. Keçən ilin dekabrında enerji daşıyıcılarının qiymətlərinin artırılması iqtisadi baxımdan özünü bu ilin fevral və mart ayında yerli istehsal olunan digər məhsulların qiymətində göstərməli idi.
Bir yandan tənzimlənən qiymətlərdəki artım, digər tərəfdən istehlak kreditlərinin kütləviləşdirilməsi hesabına pul dövriyyəsinin şişməsi 2014-cü ildə birrəqəmli inflyasiyaya nail olmaq hədəfinə çatmaqda Mərkəzi Banka problem yaradıb.

Bu baxımdan, bir tərəfdən tənzimlənən qiymətlərdəki artım, digər yandan istehlak kreditlərininin kütləviləşdirilməsi hesabına pul dövriyyəsinin şişməsi MB-ı əsas hədəfinə çatmaqda problemlə üz-üzə qoyub.

2014-cü ildə birrəqəmli infilyasiyaya nail olmaq MB üçün eyni zamanda bu bankın İdarə Heyətindəki tarazlığı qorumaq üçün əhəmiyyətlidir. İstehlak kreditləşməsindəki kütləvi artım da inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq məqsədinə nail olmağı sual altına alır.

Digər tərəfdən, pul dövriyyəsinin şişməsi də müşahidə edilir. Bu isə infilyasının tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdırır. Belə ki, pul kütləsinin həcmi (M2 pul aqreqatı) 2012-ci ilin sonunda 13,8 milyard manat olmuşdusa bu rəqəm ötən il ərzindən 16%-dən çox artaraq 16,4 milyard manatadək yüksəlib.

Banklardan kənarda nəqd pul (M0 pul aqriqatı) 2013-cü ilin yekununda 10,6 milyard manata çatıb. 2012-ci ildə M0 pul aqriqatının 9,3 milyard manat olduğunu nəzərə alsaq ötən il ərzində 13%-ə yaxın artımın olduğu aydınlaşır. M2 pul aqreqatının infilyasının proqnozlaşdırılması üçün əsas indikator olduğunu nəzərə alsaq o zaman vəziyyət təsəvvür etmək çətin olmaz.

Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, dövriyyədə olan nəqd pul kütləsinin pul bazasına nisbəti 93.6% olub. Beləliklə, pul dövriyyəsi ilə bağlı rəsmi rəqəmlər göstərir ki, ötən illərin bumu pul dövriyyəsinin tənzimlənməsi məsələsini gündəmə gətirməklə yanaşı pul artıqlığı infliyasının cilovlanmasını çətinləşdirib.

Bu baxımdan, MB bankların pul təklifini idarə etməklə pul dövriyyəsini tənzimləmək və inflyasiyanı məhdudlaşdırmağa çalışır.

İkincisi,
MB istehlak kreditlərinin kütləviləşməsinin bank sektorundakı mövcud tarazlığı pozmasından narahatdır. Belə ki, ötən il bank sisteminin aktivlərində 22%, kredit qoyuluşlarında isə 25% artım olub. Dövr ərzində regionlara yönəlmiş kreditlərin həcmi 31%, özəl sektora kreditlər isə 25% artıb.
...ötən illərin bumu pul dövriyyəsinin tənzimlənməsi məsələsini gündəmə gətirməklə yanaşı pul artıqlığı infliyasının cilovlanmasını çətinləşdirib.

Bankların kredit portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi 79%-ə yüksəlib. İstehlak kreditlərinə yüksək tələbat müsahidə olunub, istehlak kreditləri 37%-ə yaxın artıb. Praktiki olaraq, ötən ilinin yekunlarını qiymətləndirən MB öz pul kredit siyasətində də istehlak kreditləşməsinin tənzimlənməsini hətta dolayı deyil, birbaşa hədəfləyirdi.

MB öz siyasətində qeyd edirdi ki, “Bank sekorunda artımın keyfiyyət parametrləri izlənəcək və sektorial diversifikasiya ümumi iqtisadiyyatın inkişaf trayektoriyasına uyğunlaşdırılacaqdır. Bu çərçivədə ayrı-ayrı kredit məhsullarının, o cümlədən istehlak kreditlərinin artım dinamikasının risk təhlillərinə xüsusi önəm veriləcək. İstehlak kreditləri üzrə risklərin preventiv tənzimlənməsi mühüm prioritet olacaqdır.

Ümumən, bankların kredit aktivliyinin iqtisadi tsikldə optimal rolunun təmin olunması daim qiymətləndiriləcəkdir. Formalaşmış kredit portfelinin keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə tədbirlər gücləndiriləcəkdir. İsehlak kreditləri üzrə yüksək “leverecləşmə”nin qarşısının alınması məqsədilə əhalinin ödəniş qabiliyyəti və istehlak kreditləşməsi arasında tarazlığın qorunması üçün yeni tənzimləmə tələbləri müəyyənləşdiriləcək. Kreditləşmədə “borcun gəlirə” nisbəti əmsalı tətbiq ediləcək və Mərkəzi Bank tərəfindən bu əmsal üzrə maksimum hədd müəyyən ediləcəkdir”.

Əslində, MB rəsmi pul-kredit siyasətində elan olunan hədəflərini reallaşdırmağa çalışır: kredit təklifi məhdudlaşdırılır, sərt qaydalar müəyyənləşdirlir və riteyl müştərilərin sayı azaldılır.

Üçüncüsü,
MB kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması tövsiyəsini verməklə onları biznes kreditlərinin həcmini artırmağa çağırıb. MB “Banklarda kreditlərin verilməsi qaydaları” 2008-ci ildə qəbul edilmiş və 2010-cu ildə dəyişikliklər edilən sənədə əsasən kommersiya banklarına gəlirliyi olmayan müştərilərə kreditlərin verilməsini qadağan edir.

Bu qaydanın mövcud qanunvericiliə nə dərəcədə zidd olub-olmaması problemin başqa tərəfidir. Məsələ ondadır ki, MB bu qaydaya əsaslanaraq bankları biznes kreditlərinin verilməsinə istiqamətləndirə bilir. Problemli kreditlərinin həcmində müşahidə edilən artımlar da MB-a məhz bu vasitədən istifadə imkanları verir.
Mərkəzi Bank istehlak kreditlərinin kütləviləşməsinin bank sektorundakı mövcud tarazlığı pozmasından narahatdır.

Yenə də 2014-ci il üçün təsdiq edilən pul-kredit siyasətinə diqqət yetirəndə bəlli olur ki, bu da MB-ın əsas hədəflərindən olub.

Sənəddə qeyd edilir ki, “bazel-3 standartlarının yerli şəraitə adaptasiyası təmin ediləcək, “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması davam etdiriləcəkdir. Maliyyə dərinliyinin artırılmasına yönəlmiş siyasət çərçivəsində bankların biznes modelinin yeni strateji inkişaf hədəflərinə uyğunlaşdırılması, faiz dərəcələrinin azalmasının təşviqi həyata keçiriləcəkdir”.

Biznes kreditlərinin artırılmasına nail olmaqla MB həm “istehlak böhranından” qaçmağa çalışır, həm də kredit faizlərini tənzimləməyə ümid edir.

Başqa tərəfdən, 2013-cü ilin yekunlarına görə, kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat (ümumi kredit portfelinin cəmi 9.8 %) kənd təsərrüfatına isə 733.3 milyon manat – ümumi portfelin 4.8 % qədər kredit verib.

Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı olmayıblar. İndiki halda, biznes kreditlərinin istehlak kreditləri ilə müqayisədə daha aşağı fazilə təklif olunması MB-a bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması təssüratı yatarmağa imkan verəcək. Beləliklə, bank sektorunda mövsümü olsa da struktur dəyişiklikləri aparmağa çalışan MB-ın hədəfində istehlak kreditlərini biznesləşdirməkdir.

Dördüncüsü,
MB vaxt keçmiş kreditlərinin həcminin kəskin artmasından ehtiyatlanaraq prosesi tənzimləməyə çalışır. Sözügeden bankın rəsmi məlumatına görə, 2013-cü ildə vaxtı keçmiş kreditlər 792.8 milyon manat və ya portfelin 5.1 faizini təşkil edir. Əslində, vəziyyət ürəkaçan deyil: problemli kreditlərinin həcmi artır və bu da bank sektorunda yeni defolt təhlükəsi yarada bilər.
...vəziyyət ürəkaçan deyil: problemli kreditlərinin həcmi artır və bu da bank sektorunda yeni defolt təhlükəsi yarada bilər.

Aydındır ki, vaxtı keçmiş kreditlərinin həcminin artması son 2 ildə istehlak kreditləşməsində müşahidə edilən bum ilə əlaqədar idi. Təbii ki, çayxanalarda öz plastik kartlarını paylayan bir sıra kommersiya banklarının müəyyən müddətdən sonra “vaxtı keçmiş kredit” problemi ilə üz-üzə qalması heç də təəccüblü deyildi. Qısa müddətli istehlak kreditlərinin orta müddətli biznes kreditləri ilə əvəz olunması MB-a problemli kreditlər məsələsini bir müddət arxa plana keçirmək imkanı verəcək.

Beşincisi,
istehlak kreditlərinin məhdudlaşdırılması eyni zamanda korporativ maraqlar ilə əlaqələndirilə bilər. Bu riteyl bankçılıqda mövcud oyunçuların yeni oyunçularla əvəzlənməsinə gətirib çıxar bilər. Bununla da, “ərköyün oyuçular” meydandan sıxışdırılib çıxarıla bilər.

Altıncısı,
inzibati metodlardan istifadə etməklə MB ilin sonunadək “axsayan banklar” problemini həll etməyə çalışır. Kommersiya banklarının 2013-cü ilin sonunadək öz minimum nizamnamə kapitallarının 10 milyon manatda 50 milyon manatadək artırılması tələbi 1 il müddətinə uzadıldı. Ötən 2 ildə problemli bankların birləşdirilməsi və ya statusların dəyişdirilməsi məsələsini həll edə bilməyən MB 2014-cü ildə bu məsələyə nöqtə qoymağa çalışır. “Sərt qaydalar ilə oyun” MB-ə imkan verəcək ki, sözügedən bankları “üzüyola banklara” çevirə bilsin.

Hələlik, nəinki müştəriləri, hətta kommersiya banklarını da bir sual düşündürür: kütləvi kreditləşmə nə zaman bərpa ediləcək?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.