Yarımçıq tikili partlayıb, 4 nəfər xəsarət alıb [Fotolar]

Yarımçıq tikilidə partayışdan sonra

-
BETON TAVAN ÇÖKÜB

Binəqədi rayonunda, metronun «Azadlıq prospekti» stansiyasının bir neçə metrliyində baş vermiş partlayış nəticəsində 5 nəfərin yaralandığı məlum olub.

Lent.az-ın məlumatına görə, hadisədən sonra 4 qadın və 1 kişi yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin saytındakı ən son məlumatda isə 4 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, partlayış ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmisində baş verib.

Partlayış təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub.

Yanğın söndürülüb. Əməliyyat saat 12:24-də başa çatıb.

FHN-NİN MƏLUMATI

Fövqəladə Hallar Nazirliyinin saytında bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verib.

Partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***
«Bakıda partlayış baş verən əraziyə Təcili Yardımın 7 briqadası göndərilib».

Bunu apa-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Z.Vahidova bildirib ki, 3 nəfərə yerindəcə yardım edilib:

«Onlardan ikisi qadın, biri isə kişidir. Həmin üç nəfəri artıq xəstəxanaya yerləşdirmişik. İki qadın 1 saylı kilinik xəstəxanaya, 24 yaşlı Tərlan Kazımov Travmatologiya İnstitutuna yerləşdirilib».

Bizimlə bölüş

Hadisə ilə bağlı sənin də məlumatların və görüntülərin varsa, bizimlə bölüş.

Sms - 050 744 10 17

E-mail - efir@azadliqradiosu.az
****
13 saylı marşrutun Mübariz adlı sürücüsü hadisəni belə təsvir edib:

«Avtobusu dayanacaqda saxlamışdım. Birdən baş verən partlayışdan avtobusların şüşələri qırıldı. Bir qadın sərnişinin qolu sındı, təcili yardım apardı».

Həmin avtobusun üstünə mişar daşı düşüb.

Partlayışdan ziyan görmüş binanın sakini Rahib Qasımov jurnalistlərə deyib ki, sakinlər yarımçıq tikilidə qaz sızmasından narahatlıqlarını bir neçə dəfə ərazidəki fəhlələrə bildiriblər. Bir neçə dəfə binada xüsusi aparatla yoxlama aparıldığının da şahidi olublar.

****

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, birmərtəbəli yarımçıq tikilinin dibindən qalxan alov getdikcə güclənir. Partlayışın qaz sızmasından yaranması ehtimalları eşidilir.

Təcili yardım 3 nəfərin xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirib.

Hadisə yerinə aparan yollar bağlanıb. Yaxınlıqdakı, təxminən 30-40 metr məsafədəki mağazalara da ziyan dəyib.

Sakinlərdən biri Naza Həsənova: «İşdə idim, uşaq zəng etdi ki, partlayış olub. Mənzilimin pəncərələri qırılıb».

****

Partlayış nəticəsində yaxınlıqdakı «Şahənşah» şadlıq sarayının pəncərələri qırılıb. Tikiliyə yaxın çayxanaya, binadakı bir neçə mənzilə ziyan dəyib.

«ELƏ BİLDİM YER YARILDI»

Şahidlərdən biri AzadlıqRadiosunun müxbirinə hadisəni belə təsvir edib:

«Elə bir səs gəldi ki, elə bildim yer yarıldı. Başımı sükanın arxasında gizlətdim».

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın, onlarla təcili yardım maşını, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Təkrar partlayış ehtimalı istisna olunmadığından jurnalistlər hadisə yerindən uzaqlaşdırılır. FHN əməkdaşları sahəni mühasirəyə alıb.

****
Fevralın 13-də metronun «Azadlıq prospekti» stansiyası yaxınlığında yarımçıq tikilidə güclü partlayış baş verib. Tikili «Şahənşah» şadlıq sarayı ilə üzbəüz yerləşir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis işçiləri arasında binanın partladılması barədə ehtimallar eşidilsə də, hələlik partlayışın səbəbləri bəlli deyil.

Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları gəlib. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.