Abel Məhərrəmova açıq məktub

Sahilə Ibrahimova

-
Abel müəllim, forslana-forslana gəzən varlı qızların, çirki pullarla alınan bahalı avtomobillərdə oturan ərköyün oğlanların yanından əynindəki nimdaş pencəklə keçən azmaaşlı universitet müəllimlərinə dayaq olmanızı istəyirəm...


Sahilə İbrahimova


ABEL MƏHƏRRƏMOVA AÇIQ MƏKTUB


Tələbələrin məlum etirazından başlanğıc götürən silsilə xəbərlərdən son dərəcədə təsirlənən biri olaraq Sizə açıq məktub yazmağı qərara aldım.

Açıq danışmaqla keçmiş tələbə, gənc yazıçı, nəhayət vətəndaş olaraq çiynimdəki yükdən, vicdan əzabından qurtulmaq, günah yükümü bölüşmək istəyirəm.

Bir neçə il öncə qəbulunuza düşmək istəyən tələbələrin siyahısını tutan qaraqabaq işçilərinizə dözə-dözə nəhayət sizinlə görüş imkanı əldə etdim.

Tarix fakültəsinin “Etnologiya” üzrə magistr tələbəsi olaraq “dərsdə iştirak etməyib” sayının çoxluğu səbəbindən barəmdə "universitetdən xaric olunsun" qərarı verilmişdi.

Qəbul saatı axşam 7-ə nəzərdə tutulsa da, gecikirdiniz.

Arada kimsə “daha gəlməyəcək, yəqin bundan sonra gəlməz" deyir, tələbə sayı azalır, sizi gözləyənlər seyrəlirdi.

Daha inadkar tələbələr, rayondan gələnlər isə yerlərindən tərpənməməkdə qərarlı idilər.

Nəhayət səsiniz eşidildi, “narahat olmayın, hamını qəbul edəcəm” dediniz.

Həftənin ikinci günü idi, Milli Məclisin iclasında yubanmışdınız.

Zala doluşduq. Hazırda rüşvət üstündə cəza çəkən, tələbələr arasında M.İmansız kimi tanınan dekan müavini əlindəki siyahı ilə sizə yaxınlaşdı.

Ona “kağızınızı özünüzdə saxlayın, məndə siyahı var” deyib kresloya tərəf getdiniz.

Tələbələr bir-bir, ik-iki sizə yaxınlaşıb kəsir səbəblərini bildirir, kimi sevinə-sevinə, kimi məyus-məyus zalı tərk edirdi.

Abel Məhərrəmov


Ağır iş gününün sonu, uzun növbə sonrası olduğundan görünür, onsuz da balaca üzüm yorğunluqdan daha da balacalaşmış, solğunlaşmışdı.

Çünki üzümə diqqətlə baxıb, qəribə tərzdə “mən sənə nə deyim?”deyə sual etdiniz. Dinmədim. “Get, diplomunu alacaqsan” dediniz.

Çantamı götürmək üçün yerimə qayıdanda dostumun məsləhəti ilə sizə “Varlı kişinin portmanatı” adlı kitabımı hədiyyə etdim.

Təəccübləndiniz, sevindiniz, təbrik etdiniz. Səmimi idiniz. Həmən gün sizə dərslərdə iştirak etməməyimin səbəbini demədim. İndi isə o otağa gələnə qədər olanları danışmaq istəyirəm.

Magistraturanın ikinci kursunda həmişə dərsə
gəlmək imkanım olmurdu. İşləyirdim. Ailəmin yeganə maddi dayağı olduğumdan nə işimi itirə bilərdim, nə də təhsilimi yarımçıq qoymaq istəyirdim.

Bu, qeyri qanunidir. Lakin eybi yox, qoy oxumaq naminə kiçik bir qanunsuzluq da mən eləyim deyib özümə haqq qazandırırdım.

Bakalavriaturadan məni tanıyan müəllimlər magistraturada dərsə gəlməməyimə göz yumur, nahar fasiləsində, qatıldığım dərslərdən tez getməyimə şərait yaradırdılar.

Tanımadığım müəllimlərlə isə çətin olurdu.

Qrup yoldaşlarımın məsləhəti ilə daha rahat yol seçdim. Rafael Süleymanovla danışıb ondan mənə kömək eləməsini istədim. İmtahanları özüm versəm də, tanımadığım müəllimlərlə danışıb “qayıb”larsız ötüşməmə o, yardımçı olurdu. Mən də arada ona “hədiyyə” alırdım. Halal maaşımla oxuyuram, imtahanlara hazırlaşıram deyib özümü sakitləşdirirdim.

İndi bunları yazmaq çox çətindi. Kaş bu cür oxumağı özümə, bu cür köməyi Rafael müəllimə yaraşdırmazdım deyə düşünürəm. Hər dəfə ona köməyinin haqqını hədiyyə ilə ödəyəndə çəlimsiz bədəninə baxıb kasıblığına və bakalavrdan tanıdığım dürüst müəllim obrazının yox olmasına üzülürdüm.

Məni son model telefonlu, dəblə geyinən, həmişə gülümsəyən qayğısız, arxalı qız kimi görürdü.

Yəqin o da özünə bu cür təsəlli verirdi – oxuyanın haqqını yemirəm ki. Artıq hədiyyəsiz mənə yardım etməyəcəyini bilsəm də, əmin idim ki, tələbə öhdəliklərini lazımınca yerinə yetirənin haqqını yeməyib, yeməz.

Bütün səylərə baxmayaraq bir fəndən “iştirak etməyib” limitini keçdim və adım universitetdən xaric olunanlar siyahısına düşdü.

Rafael müəllim yanınıza gəlməyimi istəmirdi. Növbəti hədiyyə ilə bunu özü həll edəcəkdi. Mənsə hər şeyə rəğmən, özümdə cəsarət tapıb sizinlə görüşmək istədim.

Bundan sonra mənə qarşı kobud rəftarı onun yox, mənim günahım idi. Onu “hədiyyə”yə mən və mənim kimilər öyrətmişdi.

Adı rüşvət qalmaqalında hallanan günün səhəri ürək tutmasından vəfat edən Rafael Süleymanovun yaxşı müəllim olduğunu bilirsiz.

Bunu hamı bilsin istəyirəm.

Sona qədər ona haqq qazandırmayanlar olacaq.

Qınamağa davam edəcəklər.

Lakin Rafael Süleymanovların mükəmməl müəllim obrazını biz – siz, mən, hamımız məhv etmişik.

Yaranmasına yardımçı olmuşuq, ikiəlli çalışmışıq.

Olanlara baxmayaraq, mən hələ də fəxr edirəm ki, Bakı Dövlət Universitetinin Tarix fakultəsinin məzunuyam.

Bu fakultə təkcə Universitetin yox, Azərbaycan tarixinin gedişatında əhəmiyyətli rol oynayıb.

Abel müəllim, forslana-forslana gəzən varlı qızların, çirki pullarla alınan bahalı avtomobillərdə oturan ərköyün oğlanların yanından əynindəki nimdaş pencəklə keçən azmaaşlı universitet müəllimlərinə dayaq olmanızı istəyirəm.

Simalarını dəyişməmələri üçün çalışmanızı istəyirəm.

Bunu bacaracağınıza inanmaq istəyirəm.

Qoy hələ qərarları kövrək, fikirləri tam oturaqlaşmamış tələbələr ehtiyacla sınağa çəkilən, əqidəsindən dönmək məcburiyyətində qalan müəllimlərlə qarşılaşmasınlar.

Bununla yanaşı, universiteti şubası ilə yer süpürən, yeriyən qızıl dükanına bənzəyən bəzi mənəviyyatsız qadın müəllimlərdən, tələbələri 50, 100, 200 AZN kimi görən dələduzlardan təmizləmənizi umuram.

Abel müəllim, mən çoxdan anlamışam ki, dünya ədalətli deyil. Əminəm, siz də bunu bilirsiz.

Və təəssüf edirəm ki, dünyanı ədalətsiz yerə çevirənlər arasında mən də varam. Siz də təəssüf edirsiz. Bunu da bilirəm!

Mən dünyanı eybəcərləşdirənlər arasından çıxmaq üçün əlimdən gələni edirəm.

Gələcək işlərinizdə uğurlar diləyi ilə,
BDU-nun Tarix fakultəsinin məzunu,

Sahilə


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.)