-
İçkili sürücü maşın sürməsə də cərimələnə bilər. Hətta evində olsa da. Bunu Naxçıvan sürücüləri deyirlər. Onlar yol polisindən gileylənib söyləyirlər ki, polislər, əsas oldu-olmadı, cərimə üsuluna əl atırlar. Ən çox yayılan üsul «sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə» cərimə tətbiqidir. Sürücülərin sözünə görə, diqqət çəkən orasıdır ki, avtomobil sürməsələr də cərimə protokolu yazılır. İşdənkənar vaxtlarda evdə, çayxanada, dost məclisində, ya hər hansı yeməkxanada içkili olduqları təsdiqlənərsə, dərhal «sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə» adıyla cərimə tətbiqi başlanır.
«İÇKİLİ ADAMLARI İZLƏYƏN XÜSUSİ ADAMLAR VAR»
Sürücülər belə protokolların necə yazıldığını da deyirlər. Onların iddiasına görə, kənd və qəsəbələrdə yol polislərinin spirtli içki qəbul edənləri izləyən xüsusi adamları var. İçkili şəxslərin avtomobili varsa, məlumat dərhal yol polislərinə çatdırılır. Beləcə, polislər içkililəri evlərindən çağırıb şöbəyə aparırlar...
«MƏHKƏMƏDƏ DEDİLƏR... HƏM CƏRİMƏNİ, HƏM DƏ FAİZLƏRİ ÖDƏMƏLİSƏN»
Culfa rayon sakini Sahib Quliyev deyir ki, içkili olmadığı halda yol polisi əməkdaşları «sərxoş» adı qoyaraq, onu şöbəyə aparıblar. O, bir müddət sonra məhkəməyə də çağırılıb:
«Yol polisləri gecə saat 1-də gəlib məni evdən çağırdılar. Dedilər, otur maşına, bir az fırlanaq. Maşına oturan kimi, sürdülər polis şöbəsinin həyətinə. Mənə dedilər ki, sən sərxoş maşın sürmüsən. Tələb etdim ki, içkili olub-olmadığımı yoxlasınlar, aparatları işləmədi. Dedim gedək həkimdən müayinədən keçək, dedilər, lazım deyil. Həmin gün gündüz vaxtı maşını həyətdə saxlayıb 50 qram araq içmişdim. «İşverənlər» polislərə məlumatı gec çatdırmışdılar deyə, onlar evə gələndə spirtin təsiri çıxmışdı bədənimdən. İki gün sonra bir də zəng vurdular ki, sən sərxoş maşın idarə etmisən, gəl bura. Dedim ki, sərxoş idarə etmişəmsə, həkimdən müayinədən keçirməli və maşınımı cərimə meydançasına qoymalı idiniz. Üstündən 4 ay keçəndən sonra məni məhkəməyə çağırdılar ki, gəl, cəriməni ödə. Məhkəmədə dedilər, 4 aydır sənə protokol yazılıb, həm cəriməni, həm də faizləri ödəməlisən. Hamısı bir yerdə 780 manatdır».
POLİS BARIŞIQ TƏKLİF EDİR?
Sahib Quliyev deyir ki, Culfa rayon DYP əməkdaşları cərimənin yarısını ödəmək şərti ilə ona barışıq təklif edirlər:
«Rəis deyir ki, cərimən 780 manat olub, gətir 300-ünü sən ödə, qalanını biz ödəyərik. Dedim ki, bu qanunidirsə, sən niyə mənim əvəzimə ödəməlisən? Əgər polis məni yolda saxlayıb görürsə ki içkiliyəm, sonra həkim də təsdiqləyirsə, cərimə ödəməyə hazıram. Sərxoşun maşınını niyə özünə verirdin? Bu nə oyundur çıxarırlar, – anlaya bilmirəm. Sərxoşdumsa vaxtında tədbir görəydilər, daha 4 ay sonra yox. Sənədlərim özümdə, maşınım da həyətdə. Protokolu necə yazıblar, xəbərim yoxdur. Naxçıvan belə yerdir. Maşının varsa, içə bilməzsən. Fərq etməz bu vəziyyətdə avtomobil idarə edirsən, ya etmirsən».
«YOX YERDƏN 150 MANAT CƏRİMƏLƏDİLƏR»
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən bir başqa Naxçıvan sakini deyir ki, avtomobilini həyətində saxlayıb qohumlarından birinin toyuna gedib. Toyda içdiyi 100 qram araq onun başına bəla açıb:
«Toydan çıxarkən, taksiyə oturub evə getmək istəyirdim. Yol polisləri qolumdan tutub oturtdular maşınlarına, apardılar məni həyətimizə. Maşının açarını və sənədlərini istədilər. Verdim. Polislərdən biri maşınımın sükanı arxasına keçdi, onun yanında oturdum. Məni narkoloji xəstəxanaya apardılar. Həkim yoxladı və içkili olduğum barədə rəy yazdı. Sonra maşınımı gətirib cərimə meydançasına saldılar. Üzümə durdular ki, sən içkili maşın idarə edəndə səni saxlamışıq. Halbuki taksiyə minib evə getmək istəyəndə tutublar. Yox yerdən 150 manat cərimələdilər. Etiraz etmək istədim, dedilər, səni eşşək balası kimi döyərik...».
NAXÇIVAN POLİSİ: «BURADA ELƏ BIR ŞEY OLA BİLMƏZ»
Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsi Post Patrul Xidmətinin rəisi Ceyhun Abbasov sürücülərin səsləndirdiyi iddiaları bir cümləylə cavabladı:
«Mənim bu barədə məlumatım yoxdur».
İdarənin növbətçi bölməsindən həmin iddiaların əsassız olduğunu bildirdilər:
«Burada elə bir şey ola bilməz».
Culfa rayon Dövlət Yol Polisi şöbəsindən isə Sahib Quliyevin iddialarına aydınlıq gətirmək istəmədilər.
«POLİS İSTƏDİYİ ŞƏXSİ GÜDƏ BİLMƏZ...»
Hüquqşünas Müzəffər Baxışov bildirir ki, sürücü avtomobili yalnız sərxoş vəziyyətdə sürərsə cərimələnə bilər:
«Qanunvericilik avtomobili sərxoş vəziyyətdə sürməyi qadağan edir. Bu, normal bir qaydadır. Ancaq sürücü avtomobilini həyətdə saxlayaraq, gedib yeməkxanada spirtli içki qəbul edirsə və bu vəziyyətdə avtomobilini idarə etmirsə, onu cərimələmək olmaz. Sözügedən şəxs avtomobilini sərxoş halda sürsə və polislər bu vəziyyətdə onu saxlamayıb, evdən çağıraraq cərimələsə də, bu, qanunaziddir. Yəni bu hal sübut olunmalıdır. İnsanların güdülməsi üçün məhkəmə qərarına ehtiyac var. Polis istədiyi şəxsi güdə bilməz, axı. Burada insanları qorxutmaq məqsədi də ola bilər. Bu hallarda hüququ pozulan şəxs hüquq-mühafizə orqanların müraciət etməlidir».