Azərbaycanda ali təhsil: Rentgen deyil, adi gözlə baxanda... (1-ci yazı)

Tibb Universitetinin tələbələri

-
– Məncə güclü peşəkar olmayacağam, ona görə istəməzdim öz ixtisasım üzrə işləyim...

– Təhsil bahadır, amma nə edək? Təhsilsiz iş tapmaq olmur!...

– Əsgər getməkdənsə, qalıb 4 il oxuyur, gəncliklərini keçirirlər...

– Universitet 1-ci kursdan həvəsi öldürdü...

Müxtəlif universitetlərdə oxuyan tələbələrin düşüncələridir. İndi Azərbaycanda nə az-nə çox – təxminən 150 min tələbə var. Kimi inşaatçı-mühəndis, kimi memar və ya hüquqşünas, kimi də iqtisadçı, yaxud proqramçı olmaq istəyir. Sadalanan və başqa ixtisaslar üzrə hər il ali məktəbləri azı 30 min tələbə bitirir. Bu o deməkdir ki, hər il bazara 30 min yeni mütəxəssis gəlir.

«AZƏRBAYCANDA, HƏLƏ Kİ, «QARA QIZIL» PARILDAYIR»

«Azərbaycan 2020: Gələcəyə baxış» inkişaf konsepsiyasının hədəflərindən biri təhsildir. Konsepsiyanın əsas məqsədi neftdən asılılığı azaltmaq və neftdənkənar sektoru irəlilətməkdir. Konsepsiyada ayrıca bu məqsədlər də vurğulanır:

- mütəxəssislərə artan tələbatı ödəmək üçün ali məktəblərdə araşdırma və yeniliklərə şərait yaradılacaq;
- dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndiriləcək;
- «beyin axını»nın önünü kəsən tədbirlər görüləcək.
​Xüsusi reportajlar - 18 mart 2014

Xüsusi reportajlar - 18 mart 2014

Canlı müzakirə


Prezident İlham Əliyev çıxışlarının birində «qara qızıl»dan asılılığı azaltmaq hədəfini ön plana çəkib:


«Bir neçə il əvvəl qara qızılı insan kapitalına çevirməklə bağlı etdiyimiz elan bu gün reallaşır. Bunun nəticəsində iqtisadiyyatımızın bütün istiqamətlərində bir canlanma və inkişaf görürük».


Təsəvvür edirsiniz, bir telefon şirkətinin illik qazancı neft satışından illərlə toplanan vəsaitdən daha çoxdur. Yaxud bir tələbə elə oxuduğu universitetin zirzəmisində sosial şəbəkə yaradaraq, milyonlara sahib olur. Eynən «facebook» sosial şəbəkəsi kimi...

Dünyada neftdənkənar sektora aid belə parlaq örnəklər çoxdur, amma Azərbaycanda, hələ ki, yalnız «qara qızıl» parıldayır və göz qamaşdırır...

YENİ SİSTEMƏ KÖHNƏ PALTARLA?

Bakı Dövlət Universitetinin müəllimləri çağauyğun avadanlıqla təchiz olunmuş laboratoriyaların birində öz aralarında universitet təhsilini dartışırlar. Onlardan biri fikrini belə izah edir:


«Bütün dünyada belə bir qayda var ki, universitetin qapısı hamının üzünə açıqdır. Qapı açıqdır, amma yalnız giriş qapısından söhbət gedir. Çıxış qapısı bağlıdır. Burdan ancaq qabiliyyətli tələbə çıxa bilər».


Qapalı qapının açarı tələbə kimi girdiyin qapıdan mütəxəssis kimi çıxa bilməkdədir.

İsmət Əhmədov

Amma bu açarı tapmağın yolu təkcə tələbədən, ya da müəllimdən keçmir.

BDU-nun müəllimi İsmət Əhmədovun fikrincə, tələbənin qabiliyyəti və inkişafı öz yerində, standartlar da yüksəlməlidir:


«Təhsil standartlarını düzgün işləyib, yüksəltmək lazımdır. Bizim indi mövcud olan standartlarımız çağdaş dünyanın təhsil standartlarına cavab vermir».


«Mən deyə bilmərəm ki, biz tələbəyə 100 faiz bilik veririk. Amma veririk» – Tibb Universitetinin Anatomiya kafedrasının dekanı Vaqif Şadlinski belə deyir və dərhal onu da sözlərinə artırır ki, universitet biliyini 100 faiz qavrayan tələbə də yoxdur:


«Çünki biri qonşunun hesabına gəlib, biri kiminsə qohumudur, biri haradansa testləri oğurlayıb, ya tapıb girib, o birinin də qarnı acdır, gecələr işləyir. Belə tələbəmiz də var».


BDU-nun müəllimi Arzuman Həsənov mütəxəssis yetişdirərkən bir məqama diqqət çəkir:

«Tələb və təklifə uyğun tələbə hazırlamalıyıq. Yəni hara nə lazımdırsa, onu biz hazırlamalıyıq. Onda biz maliyyə də əldə etmiş olarıq, təsadüfi tələbə sayı da azalar».

Naiq Nəbiyev

BDU-nun bir başqa müəllimi Naiq Nəbiyev indiki təhsillə sovet dövrünü müqayisə edir:


«Yeni sistemə köhnə paltarla gedirik. Sovet hökumətində bir plan vardı ki, tələbə 5 ilə universiteti bitirməli və bitirənlər də işlə təmin olunmalıdır. Amma dünyada belə deyildi».


TÜRKİYƏDƏ MÜƏLLİMLƏRİN MAAŞI AZƏRBAYCANDAN 4 QAT ÇOXDUR

Təhsil ekspertləri, özəlliklə iqtisadçılar mütəxəssis yetirilməsini əngəlləyən səbəbləri belə sıralayırlar:

1. Təhsilə yetərli vəsait ayrılmır;
2. Universitetlərin maddi-texniki bazası çağın tələblərinə uyğun deyil;
3. Professor-müəllim heyətinin elmi-metodoloji səviyyəsi aşağıdır.

Yeni ilin gəlməsinə, bir həftə qala-qalmaya, AzadlıqRadiosunun əməkdaşları Bakı Dövlət Universitetinə baş çəkiblər. Təbii ki, yolka çevrəsində şənlənib şəkil çəkdirən tələbələri görüb gənclərin sevincini paylaşıblar. Amma... onların bircə addımlığında – bankomat önündə növbəyə düzülən müəllimlərinin qayğılı siması da gözlərindən qaçmayıb...

Rəna Umudova

Müəllimlərdən biri – Rəna Umudova, nəhayət, pulunu alıb, saya-saya gəlir. Coğrafiya kafedrasının dosenti çalışan Rəna xanımın və onu qədər müəllimlik stajı və elmi dərəcəsi olanların orta maaşı 500 manat civarındadır:


«36 ildir elmi dərəcə ilə işləyirəm. Savadım da çatır hər halda. İndiki ümumi vəziyyətə baxanda maaşlarımız nədənsə bir az geri qalır».


Çox uzağa getməyək, Rəna Umudova qonşu Türkiyədə işləsəydi 4 dəfə çox – azı 2 min manat alardı. «BDU-dakı əməkhaqqı universitetlər arasında ən yüksəkdir» – universitet rektorunun müşaviri belə deyir. İstər təhsilhaqqı, istərsə dövlət büdcəsindən ayrılan vəsaitin azı 85 faizi əmək haqlarına gedir. Bütün universitetlərdə vəziyyət belədir. Bunun da tək səbəbi var – bütövlükdə təhsilə ayrılan vəsait azdır.

«QIRIQ-SALXAQ KÖRPÜLƏR, BİR DƏ TUNELLƏR...»

««Qara qızıl»ı insan kapitalına çevirməkdə çətinliklərimiz çoxdur...» – iqtisadiyyat eksperti Qubad İbadoğlunun fikridir:

Qubad İbadoğlu


«Digər tərəfdən böyük xərcləmələr büdcə vasitəsilə həyata keçirilib. Bu günədək 45 milyard manatın xərcləndiyini demək olar. Həmin məbləği büdcədən yollara, infrastruktur layihələrinə xərcləmişik. İndi onun istismar xərclərini ödəmək məcburiyyətindəyik. Büdcəyə müəyyən vəsaitlər ödənilməsi üçün ən vacib iş qeyri-neft sektorunun inkişafı olmalı, kommersiya layihələri həyata keçirilməlidir. 10 ildən sonra bu pullar olmayacaq. Qalansa o qırıq-salxaq körpülər, bir də tunellər olacaq».


BDU-nun müəllimi Arzuman Həsənov:


«Bu gün tələbə dərsdən əlavə tədqiqat aparmaq əvəzinə gedib haradasa işləyir. Eləcə də müəllimlər. Düzdür, onlar elmi-tədqiqatla məşğul olur, amma o qədər də yox. Yəni istər tələbəyə verilən təqaüd, istərsə müəllimin aldığı əməkhaqqı Avropa, Amerika standartlarına uyğun deyil. Bunu düşünmək lazımdır. Vacibdir bu məsələ».

Arzuman Həsənov

Düşündürücü bir fakt: Təhsil ekspertləri universitetlərin ümumi gəlirinin cəmi 15 faizinin buranın saxlanmasına xərcləndiyini söyləyirlər. Bu xərcə maddi-texniki baza da daxildir.

Tibb Universitetinin tədris-terapevtik klinikasının baş həkimi buradakı avadanlığı göstərir. Tələbələr müxtəlif insan fiqurlarından hazırlanmış robotlar üzərində praktik vərdişlər qazanırlar. Məsələn, bu mexanizmə hər hansı xəstəliyin proqramını yükləyirsən. Robot-insanın bədənində həmin xəstəliyin əlamətləri yaranınca, tələbə bu xəstəliyin müayinə və müalicəsinə başlayır. Düzgün diaqnoz və müalicə qoyulduqda, «elektron maket» bunu göstərir və sözügedən xəstəliyin simptomları itir. Baş həkimin, eyni zamanda müəllimin fikrincə, tələbələr praktik vərdişlər qazanarkən hansı səhvlərə yol verdiklərini öyrənir və beləcə, gələcəyin peşəkarı kimi yetişirlər.

«PRAKTİKA... QƏLİZ MƏSƏLƏDİR»

Müxtəlif universitetlərdə oxuyan tələbələr praktik vərdişlərin önəmi barədə sualı belə cavablayıblar:

Tələbələr müxtəlif insan fiqurlarından hazırlanmış robotlar üzərində praktik vərdişlər qazanırlar

- Praktik vərdişlərlə daha rahatdır. Kitab oxumaqdansa belə görəndə biliyimiz möhkəmlənir.

- Biz əməliyyatlara girə bilmirik, amma belə olsa, daha yaxşı öyrənə bilərik.

- Praktika mütləq olmalıdır, o da bizdə qəliz məsələdir.

- Alqoritm nəzəriyyəsini, məncə, Qafqaz Universitetində iki semestr boyunca kompüterdə keçirlər. Bu, çox vacib fəndir. Bizə bu fənni bir semestr, həm də kompütersiz keçiblər. Üstəlik, müəllim tədrisin aparıldığı dili – rus dilini bilmirdi.

Təkcə tələbələr deyil, müəllimlər də praktik vərdişlərin aşılanmasına diqqəti çox-çox artırmaq zərurətini dilə gətirirlər. BDU-da coğrafiya fakültəsinin müəllimi Rəna Umudova:


«Çöl praktikası da olmalıdır. Qabaqlar uzaq məsafələrə getməyə imkan olurdu. Ancaq indi yoxdur».


Ardı burada