Nigar Köçərli: «Belə başa düşürəm ki, «Qanun»dan sonra növbə «Ali və Nino»nundur»

Nigar Köçərli

-
«Ali və Nino» kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Nigar Köçərlinin özü AzadlıqRadiosuna məlumat verib:

«Bu səhər zəng vurublar və işimizi araşdıracaqlarını, tezliklə məni istintaq idarəsində görmək istədiklərini deyiblər. Belə başa düşürəm ki, «Qanun»dan sonra növbə «Ali və Nino»nundur».

Nigar Köçərli bunu öz vətəndaş mövqeyi ilə əlaqələndirib:

«Mən bunu öz «facebook» hesabımda yaydım. Müxtəlif fikirlər səsləndi. Kimisi bildirdi ki, hansısa oliqarxın nəşriyyat açmaq planı var, kimisi dedi ki, bu, siyasi sifarişdir. Bunlar mənə təbii ki, xoş deyil. 2003-cü ildən bəri fəaliyyətdəyik. İnsanları kitaba cəlb edirik, vergilərimizi hər zaman vaxtında və düzgün ödəmişik. Bu ola bilər mənim vətəndaş mövqeyimlə əlaqədardır. Bu günə qədər heç kimə rüşvət verməmişəm. Görünür, «Ali və Nino» kiməsə maneə olur».

Ötən ilin sonlarından «Qanun» nəşriyyatında da Vergilər Nazirliyi yoxlamalar aparıb. Bu ilin fevralında nəşriyyat 150 min manat cərimə olunub.