Çağdaş dünya ədəbiyyatının ən ünlü simalarından biri, çex-fransız yazıçısı Milan Kundera-nın romanı Bakıda çap edildi ("Qanun" nəşriyyatı).
"Varlığın dözülməz yüngüllüyü" əsərini Aslan Quliyev Azərbaycan dilinə çevirib.
Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir.
İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir.
İnsan daim seçim qarşısındadır və bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.
Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsəri yaradıcılığında xüsusi yer tutur.
Obyekt yenə də insan və onun hissləridir.
Yazıçı romanı vur-tut, dörd nəfərin – Tomaş və Tereza, Səbinə və Fransın üzərində qurub. Və əlbəttə ki, insan hisslərinin çözümündə, bir növ, vasitə rolunu oynayan Karenin adlı bir itin.