Marquez xəstəxanaya düşdü

Gabriel Garcia Marquez, 30 sentyabr, 2013


Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel García Márquez xəstəxanaya yerləşdirilib.

Bu xəbəri Meksikanın Səhiyyə Nazirliyinin adının açıqlanmasını istəməyən iki rəsmisi “Reuters” agentliyinə təsdiqləyib.

Yerli media yazır ki, 87 yaşlı yazar sətəlcəm olub.

Əvvəlcə ailəsi Marquez-in xəstəliyi barədə məlumatı gizli saxlamaq istəyib.

Amma xəbər mətbuatda ajotaj yaradandan sonra Kolumbiyanın Meksikadakı səfiri Xose Qabriel Ortis açıqlama verib.

"Marquez-in ailəsinin icazəsi ilə" jurnalistlərə deyib ki, yazıçı sadəcə qrip olub. O, həyat yoldaşı Mersedeslə birgə Los Ancelesə - oğlunun evinə, nəvələrini görməyə gedibmiş. Orada qrip olub və amerikanlar ağciyərində iltihab prosesi başlamasın deyə hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər.

"Onun vəziyyəti yaxşıdır, həyatına heç bir təhlükə yoxdur, tezliklə xəstəxanadan çıxıb oğlunun Los Ancelesdəki evinə qayıdacaq" - deyə səfir bildirib.

Kolumbiyalı yazıçı 30 ildən çoxdur ki, Meksikada yaşayır.

O, ispandilli ədəbiyyatda “Don Kixot”un müəllifi Servantesdən sonra ən böyük yazar sayılır. Onun “Yüz ilin tənhalığı” əsəri dünyanın 30-can dilinə çevrilib və 50 milyon nüsxə satılıb.

Bu il martın 6-da 87 yaşı tamam olanda Marquez jurnalistlər qarşısına çıxmışdı. Əhval-ruhiyyəsi yüksək idi.

Yazıçının son illərdə demensiya xəstəliyindən əziyyət çəkdiyi deyilir. Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.

1999-cu ildəsə yazıçı xərçənglə mübarizədən qalib çıxmışdı.