Məhbus anası: «Bükülünü oğlumun cibinə qoymaq istəyəndə...»

Əbdül Əbilov

-
Həbsdə olan gənc fəal Əbdül Əbilovun anası Nurcahan Əbdülova bu günlərdə Baş Prokurorluğa çağırılıb. Gənc fəalın anası deyir ki, təxminən bir ay öncə oğlunun həbsi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb. Onun sözlərinə görə, baş prokurorluğa da fonddan göndərilən müraciət əsasında çağrılıb.

31 yaşlı Əbdül Əbilovu ötən il noyabrın 22-də Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb və daha sonra həbs müddəti uzadılıb. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanır. Əbdül Əbdülov narkotik maddə alverində şübhəli bilinir. Ailə üzvləri və dostları sosial şəbəkələrdə hakimiyyətin əleyhinə fəaliyyət göstərdiyinə görə, onun şərlənərək həbs olunduğunu düşünürlər. Onlar bu zaman Əbdül Əbdülovun «Yaltaqlara dur deyək» səhifəsinin yaradıcısı və yönəldicisi olmasını əsas götürürlər.

«MEHRİBAN XANIMA BİLDİRDİM Kİ...»

Nurcahan Əbilova deyir ki, müraciətinin müsbət həll olunacağına ümid etdiyindən Baş Prokurorluğa sevincək gedib. Amma prokurorluq əməkdaşları ilə görüşəndən sonra olan-qalan ümidi də qırılıb:

- Mehriban xanımın qəbulunda olanda ona da dedim ki, oğlum şərlənib. Axı o, narkotik maddə alverçisi deyil, facebook-da yaratdığı «Yaltaqlara dur deyək» səhifəsinə görə həbs olunub. Mehriban xanıma bildirdim ki, əgər bu qəbahətdirsə, bağışlasın onu. O da dedi baxarıq. Aprelin 7-də çağırdılar prokurorluğa. Prokurorluqda dedilər ki, artıq gecdir, istintaq başa çatıb, heç nə edə bilmərik. Dedim, istintaq başa çatanda nə olar, bilirsiniz haqsız tutulub. Mehriban xanım istəsə, buraxdırar onu. Xahiş etdim ki, buraxın, çıxıb gedər Azərbaycandan. Dedilər ki, axı adam öz vətənini atıb getməz... Dedim, madam, bu ölkədə haqq söz deyəni həbs edirlər, nəyə lazımdır burada yaşamaq? Niyə «türmələr»də çürüməlidir mənim oğlum?
- Əbdülün xasiyyəti necə idi? Ola bilərmi onun hansısa işlərindən siz də xəbərsiz qalmısınız?

Mənə prokurorluqdan dedilər ki, onun haqsızlığını necə sübut edə bilərsən? Mən necə sübut edim, axı. Sübut budur ki, o heç siqaret də çəkmirdi. Evdə axtarış aparılanda, bükülünü oğlumun cibinə qoymaq istəyəndə özüm əllərindən almışam. Qapının ağzındakı gödəkcənin cibinə qoymaq istəyirdilər, imkan vermədim. Polislər yorğanı qaldırıb altına qoymaq istəyəndə özü də görüb. İndi bunları necə sübut edim onlara? O tutulanda da hamı təəccüblənmişdi. Cinayət işində yazılıb ki, guya Əbdül yoldan 5 kilo narkotik tapıb. Şahidlər də durub üzünə. Sonra guya həmin şahidlər gəlib evə, həmin narkotiki pul verib ondan alıblar. Bu cür ifadə yazıb, zorla qol çəkdiriblər. Mənə deyir ki, ana, mənim bu yazılan ifadədən heç xəbərim yoxdur.

- Oğlunuz hansı şəraitdə tutulub?

- İşdən evə gələndə blokda giriblər onun qoluna. Sonra gətiriblər evə və başlayıblar axtarışa. Biz ayıq olduq deyə, evə bir şey ata bilmədilər. Sonra aparıblar «bandotdel»ə. Orada da cibindən narkotik «tapıblar». Əgər bu var idisə, evdə ciblərini axtaranda niyə çıxmadı? Mənim oğlum günahsızdır. Əbdül nazirlərdən birinin bacısının ailə sürücüsü idi. Əgər oğlum narkoman idisə, belə adamı bu cür ailədə sürücü işləməyə qoyardılar?.

- Əbdül nə vaxtdan sosial şəbəkələrdə fəallığa başlamışdı?

O, həyatda çox haqsızlıqlarla üzləşib. Məmur qohumlarından biri maşınını əzmişdi, günahkar bunu çıxarmışdılar. Mən ayağımdan əməliyyat olundum, bizdən 7 min manat rüşvət aldılar. Buna görə dözə bilmirdi. Başqa haqsızlıqlarla da üzləşirdi. Gəlib evdə deyirdi. Özləri məcbur etdi ki, bu yolu seçsin. Mənə nəsə yazması haqda heç nə danışmırdı. Hərdən mənə çağırıb deyirdi ki, ana gəl-bax, haqsızlığa səsini ucaldan gəncləri şərləyib həbs ediblər. Mən də deyirdim ki, sən uzaq ol, baxma belə şeylərə. Bilirdim ki, heç bir partiyanın üzvü deyil. Güman etmirdim tutalar. Bilmirdim ki, yazır. Tutulandan sonra bildim. Müstəntiqinə dedim, niyə tutubsunuz? Dedi ki, «sən bilmirsən oğlun nələr yazırdı? O, internetdə «Yaltaqlara dur deyək» səhifəsi yaradıb, hökumətdəkiləri yaltaq kimi qələmə verir». Elə bu səbəbdən tutdular. İlham Əliyev özü deyib ki, hər kəsin sərbəst söz demək hüququ var. Niyə baxan yoxdur?

«PAYLAŞDIQLARI ÖZÜNÜN FİKİRLƏRİ DEYİLDİ»

«Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək» Mərkəzinin rəhbəri Şəhriyar Əbilov da Əbdülün şərlənərək həbs olunduğunu düşünür:

- Əbdül həm də mənim qohumumdur. O, «Yaltaqlara dur deyək» səhifəsində paylaşımlar edirdi. Paylaşdıqları özünün fikirləri deyildi. O, yalnız mitinqlərdən videolar paylaşır, paylaşılanları təkrarlayırdı. Əbdülün heç normal təhsili də yox idi ki, bu cür fikirlər formalaşdırsın və onları yaysın. Onun 9 illik orta təhsili var. Əbdül, sadəcə, haqsızlıqla barışmaq istəmirdi. Həkimlər onun iki uşağının doğulmadan ölümünə səbəb olmuşdu. Bu və ya digər sosial problemlər onu məcbur edirdi ki, öz içindəkiləri bu yolla çatdırsın. Həmin səhifə bu gün də fəaliyyət göstərir və orada daha sərt yazılar çıxır.

- Əbdülün hər hansı gənclər təşkilatı ilə əlaqəsi vardı?

- Yox. Həbs edəndən sonra kompüterini də aparıb bir həftə «bandotdel»də saxlamışdılar. Bilmək istəyirdilər ki, kiminlə əlaqəsi var, kim yazacaq ona. Onlar da görüb ki, heç kimlə əlaqəsi olmayıb bu adamın.