Günel Mövlud. Avropaya əxlaqsız yer kimi baxanlara

Günel Mövlud

-

Əgər siz çox şıq paltar, hündür daban ayaqqabı geyinmiş, üz-gözünü modelsayaq makiyaj eləmiş qız, qadın görürsünüzsə, çox böyük ehtimalla, o təxminən bizimkilərdəndir...


Günel Mövlud


AVROPAYA ƏXLAQSIZ YER KİMİ BAXANLARA

«Berlin qeydləri» silsiləsindən…

(ikinci yazı)


Avropa barədə ikinci mif bundan ibarətdir ki, burda böyük-kiçik, ağsaqqal-ağbirçək yeri bilən yoxdur, ailə dəyərləri iflasa uğrayıb, Avropada hamı əxlaqsızdır.

Avropanın yaxşı tərəflərini götürüb, pis tərəflərindən imtina etməliyik deyənlər də məhz bunları nəzərdə tuturlar.

Guya Avropa nəhəng bir striptiz səhnəsidir, burada əxlaqsızlıq baş alıb gedir, ümumiyyətlə, çox adamda belə bir təəssüratı var ki, Avropanın hansısa ölkəsində təyyarədən düşən kimi, onları hər qarşısına çıxan adamla yatmağa hazır, lüt qadınlar qarşılayacaq…

Səkkiz aylıq Berlin həyatında çox açıq-saçıq geyinmiş, üzünü ifrat boyamış, hərəkətlərindən yüngül həyat tərzi yaşadığı məlum olan qadınlara demək olar ki, rast gəlmədim.

Yerli qızlar, hündür, sarışın, gözəl xanımlar həddən artıq təvazökar, sadə geyinir.

Üzlərini demək olar ki, boyamırlar. Əgər siz çox şıq paltar, hündür daban ayaqqabı geyinmiş, üz-gözünü modelsayaq makiyaj eləmiş qız, qadın görürsünüzsə, çox böyük ehtimalla, o təxminən bizimkilərdəndir.

Siz küçədə, yolda, nəqliyyat vasitələrində səs-küylü, hərəkətli, qeyri-ciddi davranan insanları çətin ki, görəsiniz.

Əksəriyyətin üzündə qayğılı, işgüzar ifadə olur. Hamı işə tələsir. Ya da yorğun-arğın işdən qayıdır.

Hamı sakit və təmkinlidir. Axşamlar küçələrdən gələn səs-səmir zəif olur. Çünki, Berlinə turist kimi gəlmiş, sosial yardım alıb, işləmək qayğısından uzaq insanları çıxmaq şərti ilə, hamı sabah işə getməlidir.

Amma elə ki həftənin cümə günü bitdi, vəssalam. İstənilən orta statistik azərbaycanlını şoka salacaq libaslar, üzlər, davranışlar başlayır və düz iki gün davam edir.

Həftəiçi təmkinlə, ciddi işə gedib-gələn adamların əyləncə vaxtı başlayır.

Almaniyada pivə festivalı


Paltarlarını, üzlərini min tərzə salıb, barları, pabları gəzir, içki içir, küçələrdə oxuya-oxuya dolaşır, qışqırır, bir sözlə, həftənin bütün gərginliyinin, ciddiliyinin, ağırlığının əvəzini çıxırlar.

Küçələrdə içki şüşələri qalaqlanır, bütün şəhəri səs-küy götürür.

Metro vaqonları, avtobuslar içkili, kefləri saz halda gülüşən, rəqs edən dəstələrlə dolur. Amma nə qədər sərxoş olsalar, nə qədər hoqqalardan çıxsalar da, biri bir balaca sizə toxunsa, ya da narahat etdiyini hiss eləsə, mütləq üzr istəyər.

Bütün bunlar cəmi iki gün davam edir. Bazar axşamı yenə hamı erkəndən yatır ki, birinci gün növbəti gərgin iş həftəsinə başlasın.

Böyük-kiçik bilməmək, hamilə ya da uşaqlı qadınlara, böyüklərə nəqliyyatda yer verməmək söhbətlərinin də doğru olmadığını gördüm.

Şəxsən mənə dəfələrlə yer veriblər. Amma bir dəfə imtina edirsənsə, daha səni bizdəki kimi zorla məcbur edib, otuzdurmurlar.

Yaşını, fiziki məhdudiyyətini, hamiləliyini, ya da hansısa problemini görən adam o dəqiqə ayağa qalxır, gülümsəyərək sənə yerini təklif edir, oturmursansa, qayıdıb özü əyləşir.

Əlillər üçün nəqliyyatın ayrıca xidmətləri var.

Məsələn, avtobus sürücüsü əlil arabası ilə avtobusa minmək istəyən adam görəndə, özü enir, adamı mindirir, sonra yoluna davam edir.

Dayanacaqlarda, metro stansiyalarında yerdə görmə qabiliyyətini itirmiş insanların əsa ilə rahat hərəkət etməyini təmin edən xüsusi çıxıntılar var.

İnsanların fiziki məhdudiyyəti olanlara münasibətləri çox gözəldir.

Hamı onlara gülümsəməyi özünə borc bilir. Elə əlillər də çox pozitivdirlər.

Alman məktəbində qızlara körpəni necə yedizdirmək dərsi keçilir.


Bir neçə dəfə küçədə qəfildən əlil adamla üz-üzə gəlmişəm, azərbaycanlılığıma salıb, üzünə gülümsəməyi unudanda, onlar mənim üzümə gülümsəyiblər.

Ailə dəyərlərinin guya iflasa uğraması, hamının ancaq öz şəxsi həyatını yaşamağı da yalan söhbətdir.

Buradakı alman tanışlarımızın çoxu valideynlərindən ayrı yaşayır.

Amma az qala hər həftəsonu səhər yeməyini yemək, ünsiyyətdə olmaq üçün valideynlərinin evinə gedirlər.

Eləsi var, sübh tezdən oyanıb, qatara minir ki, özünü Berlindən iki saatlıq məsafədə yaşayan valideynləri ilə səhər yeməyini yeməyə çatdırsın.

Varlı valideynlər gəliri az olan uşaqlarının cibinə arada pul qoyur. Xususilə anaları – lap bizdəki kimi.

Gəliri çox olanlar özləri valideynlərinə bahalı hədiyyələr alır. Pul vermələrinə ehtiyac yoxdur, çünki ömrü boyu işləyib, vergi ödəyəndən sonra təqaüdə çıxan yaşlılar hamıdan yaxşı yaşayırlar.

Daha bir stereotip var ki, Avropada ağsaqqal-ağbirçəyə hörmət yoxdur. Boş söhbətlərdir.

Avropada gənclik hamıya hörmət edir, yaşlılara isə lap çox hörmət qoyur.

Böyük-kiçik məsələsində Avropa ilə bizim bircə fərqimiz var. Burada ağsaqqal-ağbirçək də gənclərə hörmət edir.

Özündən kiçiklə bərabər hüquqlu şəxs kimi danışa bilirlər. Lazımsız məsləhətlər, avara-avara ağılöyrətmələrə əl atmırlar.

Küçədə, nəqliyyat vasitələrində öpüşən, qucaqlaşan cütlükləri görəndə söymürlər, əksinə, gülümsəyirlər. Çünki özləri də gənc vaxtlarında doyunca öpüşüblər. Ekstravaqant geyimli, saçlarını, üzünü qəribə hallara salan qızları, oğlanları görəndə də gülümsəyirlər. Çünki özləri də gəncliklərində bu geyim, davranış azadlıqlarından bol-bol bəhrələniblər. Ona görə də, gənclərə nifrət eləmirlər. Onların həyatlarını cəhənnəmə döndərmirlər.

Əlbəttə ki, boşanmalar çoxdur. Bir tanışımız bu yaxınlarda dedi ki, biz bir çevrə idik. Az qala on nəfər. Aramızdan cəmi bir nəfər nikahını saxlaya bildi. Qalanlarınh amısı boşanıb. Amma bu boşanmaların da bizdəki boşanmalardan fərqi çoxdur. Məsələn, ev sahibəmiz də ərindən boşanıb. Bir oğluvar. Keçmiş həyat yoldaşı ilə gözəl münasibətləri var.

Həftəsonları birlikdə uşaqlarını ticarət mərkəzlərinə, kinoteatra, restoranlara aparırlar, hədiyyələr alırlar.

Hərdən qadın axşam yeməyi hazırlayıb, keçmiş ərini dəvət edir. Uşağın ad günü gecəsi atası gəldi, keçmiş ər-arvad birləşib, uşaq üçün tort, hədiyyələr, səhər yeməyi hazırladılar. Evi bəzədilər. Səhərə qədər əlləşdilər. Uşaq gözünü açanda, sevinə-sevinə ona ad günü mahnısı oxudular, birlikdə səhər yeməyi yedilər və şəhərə gəzməyə, uşağın ad gününü qeyd etməyə çıxdılar. Normal boşanmış alman ailəsi, dediklərinə görə, belədir.

Küçələrdə, tədbirlərdə uşaqlarını min bir diqqətlə, qayğıyla qucağında gəzdirən, əzizliyən cütlüklər görürük. Qadının da, kişinin də uşağa diqqəti eynidir. Daha bizdəki kimi, kişi qabaqda gedib, qadın da qucağıuşaqlı onun arxasınca qaçmır.

Qafqaz insanına, xüsusilə də qadınlara ən çox maraqlı görünə biləcək şeylərdən biri də, burda kişilərin həddən artıq təmkinli, qadın sarıdan gözütox olmağıdır. Burada qadına, qıza gözlərini zilləyən, sözatan, nəyəsə eyham vuran kişiləri mən heç görmədim.

Kişilər qadınlara qarşı olduqca ehtiyatlı davranırlar. Ağır yükü olan qadına kömək etmək istəyi belə qadın haqlarının tapdanmağı, qadını zəif tanımaq kimi qəbul oluna bilər. Yaşıdın olan xanıma yer vermək də həmçinin.

Maraqlı müşahidələrdən biri də, hündür, sarışın, yaşılgöz alman kişilərinin yanında balacaboy, qıyıqgöz, qaradərili, türkdilli qadınları görməkdi.

Alman kişilərinin bir qismi var ki, həddən artıq emansipasiyaya uğramış Avropa qadınları ilə evlənmək istəmirlər.

Alman kişisi bir qayda olaraq, mühafizəkarvə evcanlı, ailəcənlıdır. Qadınlar isə işləmək, karyera qurmaq, ictimai həyatda iştirak etmək istəyirlər.

Buna görə də, çox hallar olur ki, alman kişi başqa millətdən, bəzən də başqa irqdən olan mehriban, üzüyola, sakit, evdar qadınla evlənir və özünü çox xoşbəxt hiss edir.

Həyat yoldaşını təmiz evdə, açılmış süfrə arxasında, hazır yemək və qayğı ilə gözləyən, uşaqların qayğısının çox hissəsini öz üzərinə götürən qadın bir çox alman kişinin arzusudur.

Almanların ən gözəl cəhətlərindən biri tolerantıqlarıdır. Onları təccübləndirmək, əsəbiləşdirmək demək olar ki, mümkün deyil. Nə geyinirsən, geyin, necə hərəkət eləyirsən, elə. Nadir hallarda sənə irad tuta, üzlərinə narazılıq ifadəsi verərlər. Təbii ki, elədiyin hərəkətlə kimisə incitmirsənsə, kimisə narahat etmirsənsə.

Almanlar tolerantdılar, amma laqeyd deyillər. Halı pisləşən, nəsə problemi olan adama tez diqqət yetirir, kömək etməyə çalışırlar. Sən bu köməkdən imtina edirsənsə, çəkilirlər.

Ardıvar…

P.S. Avropa barədə ötən yazıya müxtəlif rəylər gəldi. İradlar da həmçinin. İradlardan ən çox qəbul elədiyim bu idi ki, yazıda Almaniyanın mədəni həyatı, mətbuat, siyasət barədə məlumatlar yoxdur və yazıda daha çox məişət söhbətləri yer alıb.

Avropa barədə üçüncü yazıda Berlinin yaradıcı həyatı, muzeylər, kinoteatrlar, mətbuat və s. barədə olacaq.

Hərçənd, ət, kartof-soğan söhbətlərinə verilən reaksiyaların və olan marağın ciddi məlumatlarla da bağlı olacağına inanmıram…