-
Tənqidçi Nərgiz Cabbarlı yazıçı Cavid Zeynallının "Leyla" romanı haqda:
Düzdür, oxucu müəllifin ardınca getməyinə gedir və bu, müəllifin uğurudur. Amma... İnandırmaq məsələsində bu alınmır...
Son illər yaranan əsərlərdə diqqəti çəkən ümumi bir çalar, xarakterik bir xüsusiyyət var: yaşanan hisslər də, faciələr də, duyğular da sadəcə sözlə “deyilir”. Yaşanmır və yaradılmır...
Mətndə diqqəti çəkən ilk cəhət onun dili və bənzətmələridir. Mətnə məqamı düşdükcə orijinallıq gətirən də budur, yeri gəldikcə bəzi məqamlarda onu ağırlaşdıran da...
"Oxu zalı"nda "Leyla" romanının müzakirəsi başlandı. Əsərdən parça
Nərgiz Cabbarlı
“LEYLA” DAHA CİDDİ ƏSƏR KİMİ YAZILA BİLƏRDİ...
Yazıya istər-istəməz “Leyla”nın müəllifi, dolayısıyla həm də əsas personajı olan jurnalist Rəcəbin bir fikirlə başlamalı oldum.
O, romanın yazılma prosesi haqqında danışarkən deyir:
“...bir də gördün dütdülü tənqidçinin biri, yaxud qoca-qaxsaq yazıçı hansısa müsahibəsində romanımın rəvan, kolaritli dilindən, bənzətmələrin uğurundan danışdı”...
Bu cümlə əslində, (əlbəttə ki, “dütdülü” ayamasını çıxmaq şərtilə), həqiqətə yaxınlığı ilə (yazıçı-tənqidçi münasibəti də bu yaxınlığa daxildir) marağımı çəkdi və iki məqama diqqət yetirməyin vacibliyini bir daha xatırlatdı.
Birincisi, ən yeni nəsil yazarlarının mətnə, o cümlədən də onun personajlarına öz “mən”lərini həddindən artıq hopdurmaları qənaətinin dönə-donə təsdiqlənməsi faktına... İkincisi isə hər bir qələm adamının öz əsərinin səviyyəsi, zəif və güclü yönləri, bir sözlə, öz istedadının dərəcəsi haqqında hamıdan daha yaxşı bilməsi qənaətinə. Hər zaman belə düşünmüşəm ki, hər kəs öz “qabı”ndakı ətrafdakılardan daha yaxşı bilir. O artıq başqa məsələdir ki, bunu bildiyini etiraf edir, ya yox...
Bu da növbəti təsdiq... Açıqlamasını bir qədər sonra edərik.
İndisə borc bilirəm deyim ki, əsər oxunaqlı idi. Təbii ki, seçilən mövzu da, qoyulan problem də, həyatına diqqət yönəldilən “qəhrəman“ da yazıçının “xüsusi məqsədi”ni (və ya əsl məqsədini) faş edirdi. Və bu son illərin tək ədəbiyyatda deyil, jurnalistikada da, televiziya məkanında da ortaya qoyduğu tələblə bağlıdır: əsas olan diqqət çəkməkdir, bunun üçünsə istənilən vasitə yararlıdır.
Əsərin müəllifi də eyni yola üz tutub. Asan yolla (şou ilə!!!) diqqət çəkməyə. Amma əsas olan bu deyil. Əsas olan odur ki, müəllif “ucuz qalmaqallar mühitinin” ulduzunun təsvir etmək istədiyi faciəsinə oxucunu inandıra bilir, yoxsa yox?! Bir az macəra, bir az detektiv çalarlar qatdığı əsərdə oxucu məmnuniyyətlə onun ardınca gedir – süjet elə qurulub ki, ilk səhnədəncə kriminal havası öz təsirini göstərir, oxucu marağını aldada bilir. Düzdür, oxucu müəllifin ardınca getməyinə gedir və bu müəllifin uğurudur. Amma... İnandırmaq məsələsində bu alınmır.
Ümumiyyətlə, son illər yaranan əsərlərdə diqqəti çəkən ümumi bir çalar, xarakterik bir xüsusiyyət var: yaşanan hisslər də, faciələr də, duyğular da sadəcə sözlə “deyilir”. Yaşanmır və yaradılmır.
Halbuki zirvələr fəth edən, hansısa kriminal dünyanın və ya “yüksək klanın” hansısa fiqurunun “ayağını tapdadığına” görə öz övladından, şöhrətindən, əldə etdiklərindən məhrum olan birinin faciəsi sözdə belə ağrıdıcıdır. Amma nə o psixoloji situasiyanın, nə o ovqatın, nə o çıxılmazlığın dərinliyi və ağırlığı “ağlamaq”, “sarılmaq” və “göz yaşı tökmək” mərtəbəsindən yuxarı (və ya aşağı) qalxa (və ya enə) bilmir. Halbuki bunun üçün problem də, mövzu da yetərincə real imkan və şərait yaradırdı. Bu səbəbdən də əsərin əsas personajı olan Leyla nə bir obraz, nə də bir xarakter kimi maraq doğurmamış qalır. Lap elə primitiv bir şou adamı kimi...
Rəcəb isə əksinə. Bəlkə də məhz müəlliflə (müəllif “mən”i ilə) yaxınlıq baxımındandır ki, o daha canlı, daha kaloritli, daha ziddiyyətli, çoxyönlü bir xarakter kimi yadda qalır. Eyni zamanda həm xəyanət edir, həm sevir, həm ilk məhəbbəti ilə yenidən yaxınlaşmaq istəyini duyur, həm yeri gəldikcə, məqamı düşdükcə “başqa əlləri öpür”, həm səxavətli və vicdanlıdır, həm məqamı düşdükcə vicdansızcasına da davrana bilir... Əsas olan odur ki, bu xarakter bütün kələ-kötür yanları, özü ilə ziddiyyətləri, daxili qarşıdurmaları ilə maraq doğurmağı bacarır.
Əsərdə yamaq kimi görünən hadisələrin varlığını (məsələn, özü ehtiyac içində olan bir jurnalistin sırğa tapması, həm də bunun məhz bahalı dərmanlar almalı olduğu gün baş verməsi, yaxud yataqxananın zirzəmisində silah gizlətməsi və tez-tez heç kimin gözünə görünmədən – yataqxanada!!! - onu yoxlaya bilməsi və s.) çıxsaq, əsər həm də həyata yaxınlığı ilə diqqəti çəkir. Və əslində, müəllif sanki özü də fərqində olmadan bir şou-biznes ulduzunun həyatından deyil, kimlərinsə əlində vasitəyə çevrilən mətbuatımız və jurnalistlərimizin gerçək faciəsindən bəhs etməyin bir addımlığında dayanıb qalır. Halbuki əsərin əsas ideyası məhz bu olmalı idi. Çünki ortaya çıxan mətn diqqəti bu istiqamətə daha çox yönəldir. Müəllif məqsədi başqa olsa da... Və əgər bu olardısa – müəllifin problemə yaxınlığı da nəzərə alınarsa – daha uğurlu bir mətn yaranardı.
İndi isə yuxarıda qeyd etdiyimiz iki məqama bir daha qayıdaq.
Həqiqətən də Rəcəb haqlıdır. Çünki mətndə diqqəti çəkən ilk cəhət onun dili və bənzətmələridir. Mətnə məqamı düşdükcə orijinallıq gətirən də budur, yeri gəldikcə bəzi məqamlarda onu ağırlaşdıran da. Sanki müəllif işlədikcə tez-tez qələmi saxlayaraq “görüm daha hansı bənzətməni edirəm”, “daha hansı bir obrazlı ifadə tapıram” deyə baş sındırıb. Nəticədə də onun bəzən ehtiyac olmayan yerdə peyda olmasının fərqinə vara bilməyib.
Məsələn, bəzən müəyyən personajların dilində müəllifin özündən gəlmə bədiilik həddindən artıq bayağı görünür və məsələ cümlənin bədiiliyinin uğursuzluğunda deyil. Əsla! Cümlə uğurludur. Bənzətmə dəqiqdir. İfadə forması maraqlıdır. Amma yerində deyil, hansısa obraza sözün birbaşa anlamında yüklənib. Tutaq ki: “indi boğazına qəhər tıxlanıb”, “içindəki qurğuşunun ağırlığından yaxa qurtara bilmirsən”, “o günəşli, nizamlı həftələri indi uğursuz günlər qarabaqara izləyir”,“kimdi o, anandınmı, bacındınmı, könül verib xəyal qurduğun sevgilindimi?”
Bu ifadələr bir qocanın dilindən Rəcəbin ünvanına söylənir. Bir məsləhət, bir danşıq dili üçün həddindən artıq bədii deyilmi?! Halbuki bu müəllif mətni olsaydı, qətiyyən ağırlıq etməzdi...
Necə ki, aşağıdakı təsvirlərdə bu cür “yerinə düşmə” təmin edilir: “Uşaqların nimdaş paltarları, kədərli gözlərində əclaf təbəssümlə gülümsəyən səfalət və yoxsulluq azmış kimi, işğalın on altıncı ilində ailəyə müsibət üz verdi”. Və ya “göy üzünün bəti-bənizi qaralmışdı, adama elə gəlirdi axıb gedən sərgərdan buludlar sap-sap selləmə yağışı uzaq-uzaq ellərə aparırdılar”.”Və ya “Humayın sonrakı taleyi yaxşı gəldi: həyət-baca becərdi, ərini sevib mənim adımı, xatirələrimi boyat çörək kimi toyuq-cücəyə yedirtdi”. Və ya qəhrəmanın “içindəki nigaranlığı arıtlaya-arıtlaya gülümsəməyi”...
Amma bəzən müəllifin ifadə və təsvir orijinallığına xüsusi köklənməsi əks nəticəyə də səbəb ola bilir: “Ürəyimə şübhə tikən iynəni yenidən sapladım”. Və ya “elektrik naqilləri ac yalquzağa dönüb soyuq oktyabr axşamının üstünə uluyurdu”... Və ya “tale üzümə güldü, bəxtimə sevindi”.... Göründüyü kimi, obrazlı ifadə üçün təxəyyül həddindən artıq “incidilib”.
Əsərin ən əhəmiyyətli qüsuruna gəlincə, iki dünya, iki zaman, iki məkan paralelliyidir ki, burada da əslində, çox böyük uğur əldən verilib. Əgər jurnalist Rəcəblə müəllif Cavid Zeynallını eynləşdirən mətn (adlar, situasiyalar, proseslər və s.) yolları eyni nöqtəyə aparıb çıxarmasaydı, daha yaxşı olardı.
Yəni Rəcəbin yazdığı roman “Leyla” deyil, başqa bir roman olsaydı, qəhrəmanı müəllifin qəhrəmanından fərqli yaradılsaydı və s. və s. o zaman bu qədər təkrarlanmalarla, bu qədər yorucu eyniyyətlə deyil, nəticə, situasiya çoxvariantlılığı ilə üz-üzə qalacaqdıq.
Bu isə daha maraqlı nəticə olardı. Ən azından Rəcəbin simasında müəllifi görmək bir qaçılmazlığa çevrilməzdi.
Və sonda... Əsərin təhlili ilə bağlı daha çox xırdalığa getmək olardı. Buna ehtiyac duymadan deyək ki, müəllifin potensialı, indiyə qədər qələmə aldıqları bir qənaət verir :“Leyla” daha ciddi əsər kimi yazıla bilərdi...
Amma bu dəfə də Şou qalib gəldi. Müəllif isə məhz ona Tabe olduğundan Uduzdu.
"Oxu zalı"nda bütün roman müzakirələri (Arxiv)