92-ci ilin yayında

-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


Nəcəf Talıbov


92-ci ilin yayında


1

- Gedirsən sərhəd rayonuna, ezamiyyətə! Üç günlük! Ay qız! Bunları yazma! Sənə demirəm!

Baş redaktor ayaqlarını qarşıdakı kreslonun üstünə qoyub, nəzərlərini əlindəki kağızlara dikmişdi. Başını qaldırıb bilgisayarın arxasında əyləşən Nigara işarə etdi:

- Davam elə! « İqtisadiyyatımızın belə bir vəziyyətdə ... vəziyyətdə... olduğu halda...». Ey! Səninləyəm! Müxbirlərimin hamısı Qarabağdadır! Təkcə o qız qalıb! Adı nədir ey... həmişə ticarətdən yazan...

Cəmi bir ay idi redaksiyada işləyirdim. Həmişə ticarətdən yazan qızın da adını bilmirdim. O, redaksiyada çox az olurdu, olanda da məni adam yerinə saymırdı.

- «... büdcə gəlirlərinin... gəlirlərinin...»... Əslində, sənin yerin deyil ey! Beynəlxalq missiyadır! Beş-altı dövlətin nümayəndələri var! SNN-in-mienenin müxbirləri də üstəlik! Hərəsi sənin kimi əlli jurnalistə dəyər! Ancaq... «... kəskin azaldığı bir dövrdə...». Az! Səninləyəm! Yaz!

- Yazdım!

- ... Ancaq, necə deyərlər, «В безрыбье и рак рыба»... Müxbir dərdindən səni göndərirəm... Yuxarıdan tapşırıblar ki, missiyada bizim də nümayəndəmiz olsun! Get! Amma özünü adam kimi apar! Yanlarında hətərən-pətərən danışma!

2

Deyilən vaxtda missiyanın yerləşdiyi ünvanda oldum. Missiyanın üzvləri ilə görüşdüm: hərbi dənizçi, orta boylu bir kişi, yaşlı qadın və cavan bir ingilis. Adlarını dedilər, amma o dəqiqə unutdum.
Elə həmin axşam sərhədə yola düşdük.

3

Keçmiş rayon partiya komitəsi binasının qarşısında dayandıq. Bizi gözləyirmişlər – avqust ayının istisinə baxmayaraq kostyum geyinmiş orta yaşlı, saçları gicgahdan ağarmış kişi bizi qarşıladı:
- Xoş gəlmisiniz! – Sonra rus dilində salamladı. Və bundan sonra bütün danışıqlar rus dilində getdi.
- Yəqin ki, yoldan sonra bir az dincəlmək pis olmazdı... Həm də nahar vaxtıdır. Bir az gec də olsa...
- Ehtiyac yoxdur. Yolda yüngülvari yemişik. – Dənizçi dedi. – Vaxt ikən gedib işimizi görsək yaxşıdır.
- Onda... onda... Səfəriniz barədə paytaxtdan məlumat veriblər. Daha doğrusu, sərhədyanı bölgədə vəziyyətlə tanışlıq üçün gələcəyinizi bildiriblər, amma konkret proqramınızı bilmirik. Sizə nə köməklik edə bilərik?
- Bələdçi verin. Sərhədə getməliyik. – Qadın soyuq tərzdə dedi. Və bir erməni kəndinin adını çəkdi.
-Yaxşı. – Kostyumlu kişi binaya girdi.
Sağ tərəfdə böyük bağ var idi, çinar, cökə ağacları... bir də yuxarı hissəsinə «Şərəf lövhəsi» yazılmış beşmetrlik bir divar. Şəkilsiz.
Heç iki dəqiqə keçməmiş 30-35 yaşlı, qıvrımsaç, yarı hərbi geyimli bir nəfər bizə yaxınlaşdı:
- Yəqin ki, qonaqlarımız sizsiniz. Salam, xoş gəlmisiniz. Adım Farizdir.
Salamlaşdı, əl tutdu. Kişilərlə.
-Nə vaxt yola düşə bilərik?
- İndi.
- Onda gedək...

4

Köhnə, bir qədər də baxımsız küçələr... Eyni vəziyyətdə evlər... Bəzi yerlərdə qalmış «Sov.İKP-yə eşq olsun» kimi şüarlar... Tək-tək sakinlər...
Rayon mərkəzindən çıxıb qərbə üz tutduq.
Bir-iki kəndin yanından keçdik. Növbəti kənd isə yolumuzun üstündə idi. Çıxacağında qum kisələrindən və beton özül bloklarından qurulmuş post var idi. İki əsgər yanaşdı, bizə salam verdilər, Farizlə hal-əhval tutdular. Yola düşəndə isə xəbərdarlıq etdilər:
- Ehtiyatlı olun. Yola atırlar.
Fariz tərcümə elədi.
- Kim atır?
- Ermənilər.
- Nə bilirsiniz ki, ermənilər atır? – Qadın söz atdı.
- Yolun sol tərəfi – çayın o biri sahili onların ərazisidir.
- Nə olsun ki? Bəlkə sizinkilər keçib oradan atırlar?
Fariz qəribə tərzdə qadına tərəf çevrilib diqqətlə ona baxdı:
- Niyə?
Qadın etinasız halda çiyinlərini çəkdi.
Fariz əl çəkmədi:
- Xanım, azərbaycanlılar nəyin xatirinə erməni ərazisinə keçib oradan öz torpaqlarından keçən maşınlara atəş açmalıdırlar?
Qadının sifətində istehza görsəndi:
- Erməniləri günahlandırmaq xatirinə...
Dənizçi zabit yerində qurcuxdu, qadına baxdı, amma dinmədi. İngilis balaca boyludan sakitcə nəsə soruşdu.
- Hələ ki hər bir şeydə günahlandırılan bizik... – Fariz aramla dedi. – Sizin məntiq standartınızın erməniləri yaxşı tanımanız amilinə əsaslandığını nəzərə alsaq, azərbaycanlıların niyə günahlandırılmalarının səbəbi aydın olar.
İngilis balaca boyludan yenə nəsə soruşdu. Onun dinmədiyini görüb Farizin daş kimi ağır ifadəsini, çətinliklə də olsa ingiliscəyə tərcümə etdim.
Sakitlik çokdü.
Yolun kənarında tək-tük ağaclar görsənirdi.
Birdən dənizçi qollarını açıb gərnəşdi, sonra arxa oturacaqdakılara çevrilərək gözlərini ovxalaya-ovxala soruşdu:
- Ашот, это ты? А это кто?
Deyəsən, bu məşhur lətifəni hamı, o cümlədən ingilis də gözəl bilirmiş: gülüşdülər. Bircə qadın gülmədi.

5

İçərisində iki qadın və 5-6 balaca uşaq olan köhnə «Jiquli» yanımızdan sürünə-sürünə keçdi. Üzü tüklü, yaşlı sürücü, qadınlardan biri və uşaqların hamısı maraqla bizi süzdülər.
Yaxındakı evin arxasından arıq sifətli, hərbi geyimli oğlan görsəndi:
- Maşını sağa çəkin! Mağazanın arxasına!
Tərcümə etdim. Sürücü maşını kənara – üzərində «Qarışıq mallar» yazılmış dükanın arxasına sürdü.
Dənizçi arıq oğlandan soruşdu:
- Bizi komandirin yanına apara bilərsiniz?
- Komandir mənəm.
Dənizçi oğlanın poqonlarına baxdı. Oğlan əlavə etdi:
- Zabit deyiləm. Sıraviyəm. Amma rota komandiriyəm.
- Ermənistanda bütün dəstələrə zabitlər komandirlik edir... – Qadın söhbətə qoşuldu.
- ... və bizim sərhədyanı kəndlərə də zabitlərin başçılığı ilə hücum edirlər...
- Kimin nə etdiyini deyə bilmərəm, amma ermənilərin hərbi hazırlığı və kadr təminatı azərbaycanlılarınkından yüksəkdir. Mənə elə gəlir ki, bu, hərbi ənənəyə əsaslanır.
- Xanım, hərbi ənənənin mövcudluğu heç zəruri də deyil.
- Yəni, hərbi keçmişi olmayan xalq vuruşa bilər?
- Eh, ay xanım, bayaqdan mənimlə tarixdən danışırsınız, amma iyirminci əsrin sonlarının ən böyük paradokslarının üçüncüsünü unudursunuz...
Ortaboylu artıq aramsız olaraq ingilisə tərcümə edirdi. Dənizçi, az qala ağzını açıb Farizlə qadını dinləyirdi. Mən də ki, heç, tarix müəllimimi və özümü söyürdüm.
- Nə paradoks?
- Əlbəttə, bunu mən kəşf etməmişəm. Qat-qat ağıllı adamlar deyiblər. Dövrümüzün birinci paradoksu – rusların sərxoşluqla mübarizə aparmasıdır...
Dənizçi əlini-əlinə vurub uğundu.
- İkinci – almanların sülh istəməsidir...
- Bəs üçüncü?
- Yəhudilərin vuruşmasıdır...
Artıq qadından başqa hamı gülürdü.
- Nə olsun ki? - Qadın pörtmüş halda dedi.
- O olsun ki, siz az qala dünyanın ən döyüş qabiliyyətli ordusu sayılan İsrail ordusunun hərbi ənənəsinin olmasını dilinizə gətirə bilməzsiniz. Bu xalqın axırıncı müharibəsi iki min il əvvəl olub... Belə ki, siz hər şeyi hərbi ənənəyə bağlamayın.
Qadın əməllicə əsəbiləşmişdi. Fariz də sakit görsənmirdi.
- Onda özünüzün hərbi uğursuzluqlarınızı nə ilə izah edə bilərsiniz?
Fariz dərindən köksünü ötürdü və dedi:
- Şahın... yox, kralın nəyə görə öz qalası tərəfindən atəşfəşanlıqla qarşılanmamasının on yeddi səbəbini bilirsiniz?
- Həddinizi aşmayın!
- Aşmıram. İstəyirsiniz, sadalayım...
Dənizçi gülə-gülə, barışdırıcı tərzdə dedi:
- Birinci səbəb - barıtın olmaması...
- Bəli. – Fariz razılaşdı. – Bizim misalda isə birinci səbəb – ermənilərin arxasında rusların durmasıdır – VƏSSALAM!!! AYDINDIR?
Sakitlik çökdü. Balaca fasilədən sonra Fariz davam etdi:
- Artıq həm Gürcüstanda, həm Azərbaycanda Rusiya əlini qana batırıb... Zaqafqaziyada öz təsirini saxlamaq üçün Rusiya öz marionetkasından – Ermənistandan istifadə edir.
Artıq ətrafımıza kənd camaatı yığışmağa başlamışdı: iki-üç əsgər, əllərində ov silahı olan beş-altı kişi... Hamısı da maraqla qulaq asırdılar.
Qadın və uşaq gözə dəymirdi.
Hava isti idi. Alnımdan süzülən tər damlası, müxbir olduğumun yeganə atributu olan – əgər bunu atribut saymaq mümkün idisə - bloknotumun üstünə düşdü.
- Məncə, mübahisə və ya müzakirə etməyə lüzum yoxdur, - dənizçi yenə də barışdırıcı tərzdə dedi, - bizim öz missiyamız var. İlk növbədə onu yerinə yetirməliyik.
- Eşidirəm sizi! – Fariz başını qaldırdı.
- İş burasındadır ki, biz buraya gəlməkdən öncə Ermənistanda olmuşuq... – Dənizçi furajkasını çıxartdı, əlini saçlarına çəkdi. – Sizinlə üzbəüz olan erməni kəndində...
Fariz diqqətlə dənizçini dinləyirdi.
- ...Və o kənddə azərbaycanlıların ermənilərə məxsus yaşayış evlərini yandırdıqlarını eşitmişik... – Qadın əlavə etdi. – «Aşağı kənd» adlandırılan ərazidə. Beş-altı evi...
Fariz Yadigarın üzünə baxdı. O, başı ilə təsdiq etdi.
- Elə bu?
- Azdır bəyəm? – Qadın tulladı.
- Mən elə bilirdim ki, siz sərhəd bölgəsində vəziyyətlə tanış olmaq üçün gəlmisiniz. Mənə belə demişdilər. Yəni həm Ermənistan, həm də Azərbaycan tərəfdə... Amma təkcə ermənilərin şikayətlərini araşdırmağa gəlmənizdən xəbərim yox idi...
- Yox! Elə deyil! – Orta boylu dedi. – Həm o tərəfdə, həm bu tərəfdə vəziyyətlə maraqlanırıq! Əvvəlcə Ermənistanda olduğumuz üçün birinci onların məlumatını əldə etmişik. Siz bu barədə sözünüzü deyin, öz arqumentləriniz və ya təqdim etməli məlumatınız varsa, buyurun, biz onları da dinləməyə hazırıq.
Kənd camaatı öz aralarında nəyisə müzakirə etməyə başladı. Yadigar onlara tərəf baxıb, əlini qaldırdı. Səslər kəsildi. Deyəsən, Yadigarın əməlli hökmü var imiş.
- Ermənilər sizə düz deyiblər...
Qadın qəribə nəzərlərlə dənizçini süzdü.
- Gördüyünüz kimi, erməni kəndi 3-4 kilometrdə yerləşir. Lakin 5 il əvvəl kütləvi həyətyanı sahələr paylanılan zaman, onlar bir neçə ailəyə bizim kəndə bitişik ərazidə torpaq verdilər.
- Azərbaycan ərazisində?
- Yox, Ermənistanın torpaqlarında, amma bizim kəndə bitişik yerdə. Adını da qoydular «Aşağı kənd». – Yadigar əlini qərbə uzatdı. Sonra isə əlavə etdi. - Bizim kənd az qala sərhəd xəttinin üstündə yerləşir.
- Siz də onları yandırdınız?
Yadigar qadının sözünə məhəl qoymadı, üzünü dənizçiyə tutdu:
- İki il əvvəl ermənilərin silahlı qüvvələri bizim kəndlərə hücum etməyə başlayanda, bu kəndə gətirilmiş sovet ordusu hissəsi məktəbdə və qismən də kəndin kənarındakı evlərdə mövqe tutdu. Atışmalar zamanı həmin mövqelər ilk növbədə zərər çəkdi.
İndiyədək sakit durmuş ingilis sual verdi, orta boylu da tərcümə etdi:
- Necə yəni, Azərbaycan tərəfdə Sovet qoşunu dururdu, Ermənistan tərəfdə erməni?
Fariz ingilisə baxdı:
- Bu barədə xəbəriniz yox idi?
İngilis çiyinlərini çəkdi, başı ilə «yox» dedi.
- Bəli, bu kənddə Sovet qoşunu yerləşmişdi. Ermənistan tərəfdən isə silahlı erməni dəstələri.
Dənizçi Farizə «Üzr istəyirəm» deyib, özününküləri on addım kənara çəkdi, beş dəqiqəyə yaxın nəsə qızğın mübahisə etdilər. Arada bir dənizçi səsini qaldıraraq qadının üstünə kəskin şəkildə çəmkirdi.
Bizə yaxınlaşdılar. Qadın pörtmüşdü.
- Məsələ aydındır. Erməni evlərinin zərər çəkməsi tərəfinizdən təsdiq olunur...
- ...Boynunuza aldınız!... – Qadın dinc durmadı.
- Bəs sizin necə? Nəsə şikayətiniz-zad var?
Fariz köksünü ötürdü:
- Şikayət? Nə şikayətimiz olacaq?!
Yadigar əvvəlcə Farizə baxdı, onun razılıq verdiyini görüb söhbətin davamını elədi:
- Deməli, ermənilər beş-altı evin yandırıldığından sizə şikayət ediblər, eləmi?
- Hə.
- Bəs azərbaycanlıların tam bir kəndini yandırdıqlarını deməyiblər?
- Nə kənd? Harada?
- İkicə kilometr aralıda...
Dənizçi gözlərini döydu, qadına baxdı. O da çiyinlərini çəkdi.
- Gedək! – Yadigar komanda verdi.
- Hara?
- Yandırılan kəndimizə! Ermənilər beş-altı evin yandırılmasını sizə deyiblər, amma qulaqlarının dibində səksən yeddi evdən ibarət qonşu kəndin erməni dəstələri tərəfindən məhv edildiyini, körpə uşaqdan tutmuş qocalara qədər kənd sakinlərinin öldürüldüyünü deməyi «unudublar»!!!
Qadın dənizçiyə «Yorulmuşam. Bəlkə...» dedi, amma dənizçi onun sözünü yarımçıq kəsdi:
- Gedirik! Hamımız!
Və qadına yaxınlaşıb astadan, lakin kəskin şəkildə nəsə dedi.


6

Kəndin evləri yolun sağına və soluna düzülmüşdü. Və hamısı yandırılmışdı. Boş pəncərə-qapı yerləri, çökmüş tavanlar, ot basmış həyətlər, taybatay açıq darvazalar, uşaq beşiyi, yük maşınının qaralmış kuzovu, kola ilişmiş yaylıq, qab-qacaq sınıqları...
Ot asfaltı dağıtmağa başlamışdı. Evlərin bəzilərinin divarlarında da sarmaşıqlar bitmişdi. Yoldan evlərə sarı gedən cığırlar zorla seçilirdi.
İrəlidən – yolun sağında pəncərələrinə və qapısına qum kisələri yığılmış evdən səs gəldi:
- Dayanın!!!
- Özümüzük! – Yadigar dilləndi.
Kisələrin arxasından əsgər boylandı:
- Komandir, yolun solu ilə gedin, atəşə tuta bilərlər!
Hasarın dibinə sığındıq.
İngilis aramsız olaraq fotoaparatını şaqqıldatdı. Dənizçi də bir-iki kadr çəkdi.
- Qabaqdakı evlər də belə... bu gündədir?
- Hə. Sadəcə, bir az çox yanıblar.
- Kənddə yenə postunuz var?
- Ortada - hə! Sonra isə yoxdur. – Əsgər cavab verdi. – Çünki qorumağa da bir şey qalmayıb, oradakı evlər tamam dağıdılıb. Bircə müşahidə məntəqələrimiz qalıb.
Yadigar tərs-tərs əsgərə baxdı.
- Bəs qarşıda nə var? Ermənistan tərəfdə...
- Erməni kəndi. – Əsgər Yadigara baxdı. Sonra ehtiyatla əlavə etdi. – İki kilometrlikdə...
Hasarın dibində bir neçə kitab gözümə dəyir. Əyilib baxıram: dərsliklərdir. Hamısı da aşağı siniflər üçün. Pis gündədirlər, deyəsən, bir neçə dəfə sahiblərini dəyişiblər, əldən-ələ keçib, hər şagird də ilin sonunda ürək sözlərini son səhifələrə yazıb.
Bayaqdan mumlamış qadın dilləndi:
- Erməni kəndi necə, o da yandırılıb?
- Yoox!!! – Əsgər təəccüblə cavab verdi.
- Orada heç atışma da olmayıb. Niyə soruşursunuz ki?
- Deyirsiniz ki, biz oranı yandırmış olarıq, sizə də deməyi unudarıq? – Fariz əlavə etdi. Yamanca şey imiş!
- Nə isə, polemika yeri deyil! Gedirik erməni kəndinə! – Dənizçi komanda verdi.
Bayaqdan «yorulmuş» qadın birinci yola düzəldi.
- Kapitan! – Fariz dənizçiyə üzünü tutdu. – Sizin geyiminizdən və görünüşünüzdün bəllidir ki, bura adamları deyilsiniz. Dənizçi furajkanız da bir kilometrlikdən tanınır. Amma, sizə xəbərdarlıq etməyi özümə borc bilirəm: hər şey ola bilər!
- Deyirsiniz ki, bizi ... atəşə tuta bilərlər?
- Hə. Üstəlik, bunda bizi günahlandıra bilərlər. Bizlərdən kiminsə ora getməsi isə lap ağılsızlıq olar. – Fariz qadına tərəf göz süzdürdü.- Zəmanətimiz yoxdur. Təklif edirəm ki, kəndin sonunadək sizi müşayiət edək, müxbirimiz sizinlə getsin...
Bir balaca narahatlıq hiss etdim, amma özümü o yerə qoymadım.
Kənarda daha bir qalaq kitab görürəm. Maraqlıdır: hamısı şahmata dairdir, çoxu da rus dilində.
- ... sizlərdən biriniz isə bizimlə qalsın...
-... ki, sonra ermənilər tərəfindən öldürüldüyümüzü təsdiq edə bilsin, hə? – Qadın onun sözünü tamamladı.
- Hə.
Bayaqdan danışanlara baxan əsgər alayarımçıq rus dilində söhbətə qarışdı:
- Əgər yerli camaata rast olsanız, qorxusu yoxdur. Amma hərbçilər olsa...
- Siz onların yerli camaatını görübsünüz burada? – Orta boylu soruşdu.
- Hə. Üzümlüklərdə işləyirlər, heyvan otarırlar...
- Sizdən qorxmurlar?
- Nəyimizdən qorxmalıdırlar ki? Bəlkə onların evlərini yandırmışıq, adamlarını öldürmüşük? Hələ keçən həftə yaşlı bir erməni lap yaxın gəlmişdi, sonuncu evdə yandırılmış ailə haqqında danışdı, öz saqqallılarının qarasınca söyləndi...
- Nə ailə? Hansı ailə?
- İki il əvvəl bu kənddən bir ailəni – südəmər uşağı, qadınları, qoca kişini ermənilər yandırıblar.
Dənizçi qadına baxdı, sonra Farizə sarı çevrildi:
- Fotoşəkilləri var?
Fariz başı ilə hə dedi.
- Bizə verə bilərsiniz?
- Hə. Videogörüntüsü də var. Südəmərin də, qadınların da, qocaların da. Amma bu xanıma göstərməyin.
Qadın Farizə baxdı.
- Ürəyi sıxılar... – Fariz əlavə etdi.
- Mən elə şeyləri çox görmüşəm...
- Bir söz demirəm, ola bilsin ki, əsəbləriniz möhkəmdir. Amma bizim əsgərlərdən biri uşağın cəsədini götürəndə, ürəyi sıxıldı, ona görə deyirəm.
- Sumqayıtda... – Qadın əsəbi şəkildə nəsə demək istədi, amma bu dəfə dənizçi özündən çıxdı:
- Bəsdir, xanım! Beynimizi artıq yemisiniz bu beş gündə moizələrinizlə! Gördüklərimiz ilə sizin şanlı tərifnamələriniz uyğun deyil. Qəti!!!
- Siz də unutmayın ki, qayıdanda hesabatımızı mən tərtib edəcəyəm! Mən!!!
- Siz də unutmayın ki, hər birimiz onu imzalamalıyıq!!!

7

Xoşbəxtlikdən, çox uzağa getməyə ehtiyac qalmadı: erməni kəndinin yaxınlığında iki qadın və bir kişi üzümlükdə işləyirdilər. Özləri yaxınlaşdılar. Dənizçi salamlaşdı, cavab verdilər. Məni də qəribə nəzərlərlə süzdülər.
Beş dəqiqədən sonra hər şey aydın oldu: erməni kəndinə heç nə olmamışdı.
Qayıdırıq.
Yanmış kəndin içi ilə. Buradakı evlər yerlə-yeksan edilib. Divarlar qap-qaradır. Həyətlərdən birində, meyvə ağacına mismarlanmış əl-üz yuyan görürəm. Haradansa, yadıma cizgi filmi «Moydodır» düşür. Amma bu əlüzyuyan filmdəkinə oxşamır, tənəkədən düzəldilib, özü də əldə. Altında çirkab su üçün vedrə də var, böyrü üstə.
İsti idi.
Bir evin darvazasının üstündə avtomat güllələrinin açdığı deşiklər var.
Darvazanın yanında, divarın dibində, yerə basdırılmış kötüklərin üstünə taxta parçası mismarlanıb, olub skamya. Üzərində bir ayağı qopmuş gəlincik var. Oyuncaq ayı isə yerdədir. Ayının boğazına solmuş bant bağlanıb.
On beş dəqiqədən sonra ilk gəldiyimiz kəndə çatırıq.

Məktəbin yanında, ağacın kölgəsində əyləşirik.


8

- Mən indiki Ermənistanın Qərbi Azərbaycanın ərazisində yaradılmasından danışmaq istəmirəm. Bu – tarixi faktdır. Kalininqrad – Köniqsberq nə dərəcədə rus torpağıdırsa, Ermənistan da eləcə erməni torpağıdır. Eləcə də Dağlıq Qarabağ. Hələ bu yaxınlaradək ermənilərin Qarabağda yerləşməsinin yüz əlli illiyinə həsr olunmuş abidə var idi...
Fariz aram-aram, kiçik fasilələr verərək danışır.
- Harada?
- Dağlıq Qarabağda...
- Görməmişəm... – Qadın dilləndi.
- Haradan görə bilərdiniz ki? Ermənilər birinci onu söküblər – ətraf mənzərəni, necə deyərlər, korlayırmış...
Məktəbin, demək olar ki, salamat pəncərəsi qalmayıb. Bəzi pəncərələrə isə faner vurulub.
Bloknotumu çıxarıb qeydlər edirəm. İngilis gözucu mənə baxır.
Hərbi geyimli qadın çay gətirir. Stəkanların hərəsi bir biçimdədir. Qadın üzrxahlıq edir:
- Vallah, bağışlayın, mürəbbə tapa bilmədim...
İngilisə tərcümə edirəm. Gülümsəyir. Çay süfrəsinin fotoşəklini çəkir.
Dənizçi çayı nəlbəkiyə tökür.
- Bəlkə, proqramımızın qalanı ilə məşğül olaq?
- Hə! – Qadın dillənir. Onun çayına əl dəyməyib. – Bizə məlum olan fakta görə, üç gün əvvəl siz... o kəndin adı nə idi? – Soruşur. Orta boylu erməni kəndinin adını çəkir. - ... həmin kəndin yaxınlığındakı mövqedən bir erməni əsgərini əsir götürmüsünüz. Və öldürmüsünüz...
Dərin bir sakitlik çökdü.
Qadın Farizin, sonra isə Yadigarın üzünə baxdı.
Dənizçi sanki nəsə gözləyir. Orta boylu ilə ingilis pıçıldaşırlar.
- Əsir götürmüşük, düzdür, amma onu biz öldürməmişik.
- Sağdır?
- Yox.
Qadın əllərini yelləyir:
- Bunu necə başa düşək? Əsir götürmüsünüz, öldürməmisiniz, amma sağ deyil...
Fariz olduqca aram-aram, hər bir sözü xüsusi vurğulayaraq sözə başladı:
- Xanım, əsir götürdüyümüzü ermənilər sizə deilər?
- Hə. Gecə onların mövqelərinə basqın etmisiniz, üç nəfəri öldürmüsünüz, birini də əsir götürmüsünüz...
- Başqa bir şey deməyiblər?
- Nə deməlidirlər ki?
Fariz köksünü ötürdü. Başı ilə Yadigara işarə etdi. O da Fariz kimi ağır tərzdə, rus dilində sözləri xatırlaya-xatırlaya danışmağa başladı:
- Ötən həftə dediyiniz mövqenin qarşısında...
Dənizçi nəlbəkidən bir qurtum çay içdi.
- ...ermənilər iki nəfər azərbaycanlını – bir oğlanı və bir qadını...
Orta boylu az qala sinxron tərcümə etməyə başladı. Sözün düzü, mən onun ingilis dilini belə səlis bilməsini hiss etməmişdim...
- ... boğazlarından zəncirlə bağlayaraq, çılpaq şəkildə qamçı ilə döyməyə başladılar...
Çay dənizçinin boğazında qaldı. Qadın gözlərini döydü. İngilisin nəzərləri Yadigarın üzündə qaldı.
Çay gətirən hərbçi qadın əlində podnos yaxınlaşdı, amma hamımızın quruduğunu görüb dayandı, yavaşca iki addım geri çəkildi.
- Axşam kəşfiyyatçılarımla sərhədi keçib geniş bir dövrə vurduq, arxadan həmin mövqeyə yaxınlaşdıq...
- Tuta bildiniz oranı? – Bu müddət ərzində birinci dəfə sual verdim.
Yadigar başını yellədi:
- Yox. Mövqe boş imiş. Və ermənilər oranı mühasirəyə alaraq tələ qurubmuşlar. Və bizi gözləyirmişlər...
Dənizçi əli ilə stolun üstünə tökülmüş çayı silirdi. İngilisin əlində haradansa çıxartdığı diktafon var idi. Orta boylu sol qulağının sırğalığını ovxalayırdı.
- Biz ermənilərin arxasına çıxmışdıq. Lap beş metrliklərində idik. Astadan necə danışdıqlarını eşidirdik. Bizim əsirlərin dalınca gəlib-gəlməyəcəyimizdən mərc edirdilər.
- Erməni dilini başa düşürsünüz?
- Əlbəttə... Sərhəd kəndində yaşayırıq, onlar azərbaycanca, biz ermənicə sərbəst danışırıq...
- Hə, sonra? – Dənizçi soruşdu.
- Sonra... Sonra üçüncü erməni üstlərinə çəmkirdi, kimdənsə qadının meyitinin altına qoruyucusu çəkilmiş əl qumbarasını qoyub-qoymadığını soruşdu. O da təsdiq etdi.
Hərbçi geyimli qadının podnosu əlindən düşdü.
- Bəs sonra nə etdiniz? – İngilis pozuq rus dilində soruşdu.
- Gözlədik. Qarşımızdakılar tək deyildilər. Sağda və solda daha iki dəstə erməni var idi. Səhərə yaxın mərcə girənləndən biri bizim gəlməyəcəyimizi dedi, uduzduğunu bildirdi. O biri dəstədəkilər də yerlərini tərk etdilər. Bir hissəsi kəndə sarı yola düşdü, qalan dörd nəfər isə mövqeyə getdilər. Daha yarım saat gözləyib mövqeyə girdik...
Dənizçi əlini əlinə vurdu:
- Mən gözləyə bilməzdim...
Kənardan kiminsə hıçqırtısı gəlirdi. Deyəsən, çay gətirən qadın idi.
- Cəmi dörd nəfər idilər... Birisini diri tutduq.
- Bəs əsirlər?
- Qadının meyiti blindajda idi. Uzun qara saçları var idi. Bədəni də qançır-qançır. Əsirin dediyinə görə, əsgərlərdən biri silahın qundağı ilə gicgahına vurub öldürmüşdü.
- Bəs oğlan?
- Onu həmin axşam arxaya – hərbi hissənin qərargahına aparıbmışlar.
Fasilə yarandı.
Yadigar davam etdi:
- Hər ikisi Qarbağdan imişlər. Ermənilər öz əsgərlərini müntəzəm oraya göndərir, hərbi əməliyyatlarda iştirak etdirirlər...
Bayaqdan susmuş birdən-birə soruşdu:
- Deyə bilərsinizmi, niyə sizinkilər belə çox əsir düşürlər?
Onun sözündəki kinayəni, məncə ən hissiyyatsız adam da hiss edərdi.
- Ona görə ki, müharibə bizim torpaqlarda gedir. Böyük Vətən Müharibəsi zamanı alman ölüm düşərgələrinə milyonlarla mülki SSRİ vətəndaşının düşməsi də məhz o səbədən idi.
İngilis orta boyludan soruşdu: «Böyük Vətən Müharibəsi hansıdır? İkinci dünya müharibəsi?», orta boylu da «hə» dedi.
Yadigar davam etdi:
- Qumbaranı zərərsizləşdirib qadının meyitin götürdük , əsirlə bərabər geri qayıtdıq. Və qayıdanda minaya düşdük. Əsir yerindəcə öldü. Bir əsgərimiz də ağır yaralandı, sonrası gün dünyasını dəyişdi. Daha iki nəfər isə yüngül zədə aldı. Dünən ermənilər əsirlərini istədilər, bizsə əvəzində qarabağlı oğlanı. Axşamüstü dəyişdirdik.
- Oğlan sağdır? Onu görə bilərik?
- Yox. Eşidəndə ki, erməni əsiri minaya düşüb, ölüb, ermənilər qarabağlını öldürüb verdilər. Və beləcə də dedilər: «Biz meyiti meyit ilə dəyişdiririk».
Dənizçi Farizdən bir siqaret istədi.
- Oğlanın meyiti hələ soyumamışdı...
Stolun üstündəki bloknotuma baxdım. Ağappaq idi.

9

- Hə, gəlmisən, qoçaq? Bəs niyə belə tez?
Redaktorum həmişəki kimi ciddi idi. Mənimlə.
- Reportajın hanı? Bir göstər görüm?
Duruxdum.
- Nə oldu? Reportajın hanı?
Gözümün qabağına yanmış evlər, ot basmış həyətlər, taybatay açıq darvazalar, uşaq beşiyi, yük maşınının qaralmış kuzovu, kola ilişmiş yaylıq, yera atılmış kitablar, boğazına bant bağlanmış oyuncaq düşdü. Yandırılmış qoca, kösövə dönmüş qadınlar, körpə uşaq cəsədi... sifətində qamçı izi olan əsir qadının cəsədi... qarabağlı oğlanın başındakı və sinəsindəki güllə yerləri... sındırılmış qolları...
- Yaza bilmədim... Bacarmadım...
Redaktor üzümə baxdı, sonra yanındakı kişiyə tərəf çevrildi:
- Baxın də... Görün kimlərlə işləyirik...
Otaqdan çıxdım. Öz-özümə dedim:
- Onları yazmağı heç kəs bacarmaz...


***

Artıq qaranlıq idi. Qadın mehmanxanada inzibatçıya müraciət edərək, hara iləsə şəhərlərarası telefon danışığı sifariş verdi.
Telefon zəng çaldı. Qadın dəstəyi götürdü, kiminləsə salamlaşdı, oradan-buradan danışdı. Sonra isə mümkün qədər etinasız halda dedi:
- Onların dedikləri təsdiqini tapdı. «Aşağı kənd»dəki altı ev yandırılıb. Gözlərimlə gördüm. Erməni əsirinin də meyitini veriblər... Yox, görmədim... Dünən qaytarıblar.
Sonra bir az qulaq asıb dəstəyi yerinə qoydu.

İyul, 2013