Saddam Hussein-in qızı vəhhabilərin qələbəsinə sevinir

Raghad Saddam Hussein

-
İraqın devrilmiş lideri Saddam Hussein-in qızı Raghad Hussein İraq Şam İslam Dövlətinin (İŞİD) son hücumlarından məmnun olduğunu bildirib.

Raghad Hussein atasının 2006-cı ildə edam edilməsindən sonra sürgündə yaşadığı İordaniyada «Al-Quds» qəzetinə danışıb.

O deyib ki, İŞİD-in Saddam Hussein-in doğma şəhəri olan Tikriti ələ keçirməsinə görə çox sevinir:

«Bu qələbələri gördüyümə çox şadam. Bu atam və əmim Izzat al-Durin-in döyüşçülərinin qələbəsidir».

Raghad onu da deyib ki, «indi rahatam. Bir gün İraqa qayıdıb atamın qəbrini ziyarət edəcəyəm. Bəlkə bu, tezliklə olmayacaq, ancaq olacaq».

İraqın baş naziri Nuri al-Maliki 2006-cı ildə vəzifəyə gəldiyində ilk işi olaraq Raghad Hussein-in və Izzat al-Durin-in axtarışda olduğunu bildirmişdi. Al-Durin siyahıda birinci, Raghad isə 16-cı sırada yer alır.

İordaniya kral ailəsi Saddam Hussein-in devrilməsindən sonra onun ailə üzvlərinə İordaniyada sığınacaq verib.

İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən İraq Şam İslam Dövləti adlı sələfi (vəhhabi) terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir.