Kreml: Kiyevin atəşkəsi ultimatumdur

Petro Poroshenko Donetskdə

-
Kreml bəyan edib ki, Ukrayna prezidenti Petro Poroshenko-nun atəşkəs təklifi sülh təklifi yox, separatçılara tərksilah olunmaları üçün verilən ultimatumdur.

Kreml atəşkəs təklifində danışıqların başlanacağı barədə heç nə deyilmədiyini bildirir.

Moskvanın daha bir bəyanatında Kiyevdən Novoşaxtinsk sərhəd yoxlama-buraxılış postunun atəşə tutulması və bir gömrük zabitinin yaralanması səbəblərinin araşdırılması tələb olunur.

Ukrayna prezidenti Petro Poroshenko iyunun 20-də Donetsk vilayətinə ilk səfəri zamanı birtərəfli atəşkəs elan edib.

Ukrayna Daxili İşlər Nazirliyinin saytında bildirilir ki, qiyamçı qüvvələrin hücumunun baş verəcəyi təqdirdə onlara qarşı yalnız cavab xarakterli əməliyyat keçiriləcək.

Poroshenko Donetskdə, həmçinin, sülh planını açıqlayıb.

Prezidentin şəxsi saytında dərc olunan sülh planı bütün tərəflər üçün təhlükəsizlik təminatını, ağır cinayət törətməyənlərin cinayət məsuliyyətindən azad olunmasını və girovların sərbəst buraxılmasını nəzərdə tutur.

Poroshenko planının digər bəndlərində Ukrayna-Rusiya sərhədi boyunca 10 kilometr enində bufer zonasının yaradılması, qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılması, onlara Ukrayna ərazisini tərk etmələri üçün təminatlı dəhliz verilməsi təklif edilir.

RUSİYA YARAQLILARA TANK VERİR

Bu arada Obama administrasiyası bildirib ki, Rusiya Ukraynanın şərqində mərkəzi hökumətə qarşı vuruşan separatçılar üçün əlavə tankların verilməsinə hazırlaşır.

Donetsk separatçılarının zirehli texnikası



«Bizdə olan informasiyaya görə, dünən Rusiyanın cənub-qərbindəki dislokasiya yerindən əlavə tanklar hərəkətə gətirilib» – deyə adının çəkilməsini istəməyən administrasiya nümayəndəsi bildirib.

Ukrayna rəsmiləri iyunun 20-də Avropa İttifaqı və G7 ölkələrinin diplomatlarını Rusiyanın separatçıları ağır texnika ilə təchiz etdiyi barədə məlumatlandırıb.
Ağ evin rəsmisi bu məlumatların müstəqil mənbə tərəfindən təsdiq olunub-olunmaması barədə heç nə deməyib, lakin bildirib ki, «Birləşmiş Ştatlar faktları öz vasitələri ilə dəqiqləşdirməyə çalışır».

ABŞ rəsmisinin dediyinə görə, hərbi sursat və avadanlığın bəzisi Ukrayna ordusu tərəfindən istifadə edilsə də, Rusiya ordusunda bunlardan istifadə olunmur. Separatçılar bundan istifadə edərək hərbi texnikanı guya döyüş meydanlarında qənimət götürdüklərini deyə bilərlər.

RUS QOŞUNU SƏRHƏDDƏ GÖZLƏYİR

Rəsmi həmçinin bildirib ki, Rusiyanın xüsusi qüvvələri sərhəd boyunca mövqelərində qalıblar və separatçılara dəstək verirlər. Rusiya Ukrayna ilə sərhəddə yenidən çox sayda hərbi qüvvə cəmləşdirib.

Bundan əvvəl, mayın 19-da Vladimir Putin Rusiya qüvvələrinin sərhəddən çəkilməsini əmr etmişdi.

Rus tankları



Ağ evin sözçüsü Josh Earnest iyunun 20-də bəyan edib ki, Vaşinqton sərhəd boyunca Rusiya qüvvələrinin dislokasiyasını izləyir və Ukraynanın şərqində hər hansı Rusiya qüvvələrindən istifadəni qəbul etməyəcək:

«Təəssüf ki, Kreml rəsmilərinin bəyanatlarına rəğmən, Ukrayna ilə sərhəddə Rusiya hərbi qüvvələrinin cəmləşdirilməsi barədə sübutlar artmaqdadır. Biz regiona gətirilən Rusiya hərbi birləşmələrinin guya sərhəddə təhlükəsizlik missiyası yerinə yetirdiyini inandırıcı saymırıq. Rusiya Müdafiə Nazirliyinin Ukraynanın şərqində hərbi sipər yaratmaq məsələsini müzakirə etməsi barədə xəbərlərdən narahatıq. Biz vəziyyəti yaxından izləyirik və Ukraynanın şərqində Rusiya qüvvələrindən hər hansı ad altında istifadə olunmasını qəbul etməyəcəyik».

DÖYÜŞLƏRDƏ 4 MİN SEPARATÇI İŞTİRAK EDİB

Xəbər verilir ki, iyunun 20-də gecə şiddətli döyüşlər baş verib. Bu döyüşlərdə 7 Ukrayna əsgəri öldürülüb və qiyamçılar tanklardan istifadə ediblər.

Xəbərlərdə deyilir ki, döyüşlər Donetsk vilayətinin Krasnı Liman və Yampil məntəqələri ətrafında cərəyan edib.

Rusiyameylli separatçıların tank əleyhinə qumbaraları var.

«Reuters» agentliyi bildirir ki, bu döyüşlərdə 4 minədək separatçı iştirak edib. Ukrayna 300 qiyamçının məhv edildiyini bildirsə də, bu xəbər dəqiqləşdirilməyib.

Qiyamçıların baş komandanı Igor Girkin (Strelkov) deyib ki, separatçılar texnika sarıdan böyük itkilərə məruz qalıblar.

Qiyamçıların üzərinə təzyiq məqsədilə ABŞ Ukraynanın şərqində qiyam yaradan 7 şəxsə sanksiya tətbiq edib.

Bunlar özünü «Luqansk Xalq Respublikası»nın lideri elan etmiş Valery Bolotov, Donbas Xalq Ordusunun komandanı Igor Girkin (Strelkov), Ukrayna Pravoslav Vətəndaşları İttifaqının lideri Valery Kaurov, Sevastopolun qubernator əvəzi Sergei Menyailo, özünü Slavyansk şəhərinin meri elan etmiş Vyacheslav Ponomaryov, «Donetsk Xalq Respublikası»nın başçısı Andrey Purgin və «Donetsk Xalq Respublikası» Ali Sovetinin sədri Denis Pushilin-dir.

Bu sanksiyaların təbiəti barədə açıqlama verilməyib.

Sanksiyalar həmçinin neft və qaz kimi sənaye sektorlarına şamil edilməyib. Belə bir akt Moskvanı daha çox qəzəbləndirə bilərdi.