Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkilləri onun iyulun 3-də atasının 40 mərasimində iştirakına icazə verilməsi üçün Baş Prokurorluğa müraciət ediblər.
Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov bildirib.
Jurnalistin atası, 84 yaşlı Həbibula Mirqədirov mayın 24-də - evində axtarış aparıldığı günün ertəsi günü vəfat etmişdi. Həmin vaxt Rauf Mirqədirova atasının dəfn və yas mərasimində iştirak etməsi üçün 3 gün icazə verilmişdi.
«Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. Həmin gün aeroportda həbs olunub. O Ermənistanın xeyrinə casusluqda ittiham olunur.
Aprelin 21-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Jurnalist ittihamları təkzib edir.