Əliyevlərin «ulu öndər qalmaqalı». Bu dəfə Moldovada

Azerbaijan -- Leyla Aliyeva (Center) president`s daughter with her sister Arzu (left) and her mother Mehriban Aliyeva (right), undated

-

Xarici ölkədə Heydər Əliyevin adının əbədiləşdirilməsi və təbliği üçün başlanmış daha bir nəhəng və şöhrətpərəst layihə qalmaqala səbəb olub.

Söhbət Moldovanın türkdilli Qaqauz rayonunda tikintisi planlaşdırılan Heydər Əliyev İdman Kompleksindən gedir.

NIRAS (Obyektiv Təhqiqat Jurnalistikası Təşkilatı) və «BBC Media Action»ın Danimarka Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə hazırladıqları araşdırmada deyilir ki, tənqidçilərin fikrincə, kompleksin tikintisi layihəsinin arxasında böyük korrupsiya sxemi dayanır.

Yazıda bildirilir ki, üç il bundan əvvəl Azərbaycan hökuməti Moldovanın Qaqauziya rayonunda 22 minlik əhalisi olan Çadır-Lunqa şəhərində idman kompleksi tikəcəyini bəyan edib.

AXI BİZ QARDAŞIQ…

Əvvəlcə, ideya moldavanların xoşuna gəlmişdi. Lakin sonradan tikinti üçün torpağın qanunsuz ayrıldığı bəlli olub. Belə ehtimal etmək olardı ki, ilk baxımdan göründüyü qədər də xeyriyyəçi olmayan bu layihədə yerli icra başçısının xüsusi bir marağı var.

Adıçəkilən kompleks layihəsinə 5 minlik futbol stadionu, tennis kortları, futbol məşq meydançaları, 400 yerlik ağır atletika zalı, 200 otaqlıq otel və sair daxildir. Çadır-Lunqa kimi kiçik bir yer üçün bu, çox ambisiyalı səslənirdi.

48 yaşlı yerli sakin Stepan Marin Qaqauziya qubernatoru Mihail Formuzal 2011-ci ildə bu layihəni elan edəndə, bir xeyli sevindiyini bildirir. Axı şəhərin heç bir idman obyekti yox idi.

«Biz Azərbaycan xalqı ilə qardaşıq, türkük və bir-birimizə kömək etməliyik» – deyibmiş Marin.

Təhqiqatda xatırladılır ki, son illərdə keçmiş KQB generalı Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün Moldova da daxil, bir çox ölkələrdə heykəllər ucaldılıb. Məsələn, 2011-ci ildə Heydər Əliyev Fondu Gürcüstanda idman kompleksinin açılışını edib.

5 milyon dəyərində növbəti layihə isə Moldovanın Çadır-Lunqa qəsəbəsində tikilməliymiş.

Məqalədə bildirilir ki, tikintidən sonra stadion qubernator Formuzal-la əlaqəli olan Azərbaycan tikinti şirkətinin mülkiyyətinə keçməli imiş. Bu şirkətə həmçinin böyük torpaq sahəsi almaq lisenziyası da verilib. Bəlli olub ki, bu kompleksin sahibliyinə Çadır-Lunqanın heç bir dəxli olmayacaqmış.

BÜTÜN YOLLAR HEYKƏLƏ APARIR

Azərbaycan hökuməti kompleksin tikintisini maliyyə, informasiya texnologiyaları, sənaye və turizm sahəsində ixtisaslaşmış və 106 milyon dollar dəyəri olan «Ataholdinq»ə həvalə edib. Bu şirkətə şirkətlər zənciri vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevin iki qızı – LeylaArzu sahibdirlər.

Leyla, Arzu və Mehriban Əliyevalar.

«Azərbaycan investoru bütün xərcləri özü çəkəcək. Güman ki, şirkət bu işə öz vəsaitlərini qoyacaq, lakin Azərbaycanın dövlət büdcəsindən də vəsait ayrıla bilər. Bilmirəm. Heç nə deyə bilmərəm» –Mihail Formuzal may ayında deyirdi.

Lakin Çadır-Lunqa merinin müavini Liubovi Zaharia deyib ki, problemlər kompleks tikintisi üçün yer axtararkən başlanıb.

«2011-ci ilin iyulunda heç kim təsəvvür edə bilməzdi ki, idman kompleksinin tikintisi üçün torpaq ayırmaq bu qədər çətin olacaq» –Zaharia deyir.

KORRUPSİYA ÜÇÜN ƏKİN SAHƏSİ

Kompleksin tikintisi üçün ayrılmış 10 hektarlıq ərazi əkin torpaqları olduğundan onun statusunu dəyişmək lazım idi. Moldova qanunlarına əsasən, əkin torpaqlarından qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadə olunursa, federal hökumətə hər hektar üçün 87 min dollar kompensasiya ödənməlidir.

Məqalədə deyilir ki, Çadır-Lunqanın şəhər şurası isə bu pulu azərbaycanlılardan istəməkdənsə, bu ödənişdən azad olunmaq üçün parlamentə müraciət edib. İcazə barədə qərar parlamentdə 2013-cü il martın 22-də yekdilliklə qəbul olunub. Torpağın statusu dəyişdirilib və ondan «sənaye, nəqliyyat, telekommunikasiyalar və xüsusi məqsədlər» üçün istifadəyə icazə verilib.

YEGANƏ İŞTİRAKÇI – YEGANƏ QALIB

Bundan bir il əvvəl isə yerli bələdiyyə həmin bu 10 hektarın lizinq hüquqları üçün auksion keçirib. Bununla belə, auksion sonradan ləğv olunub, çünki hələ onda torpağın statusu dəyişdirilməmişdi. İkinci auksion 2013-cü ilin noyabrında keçirilib.

«Ataholdinq MD» bu auksionun yeganə iştirakçısı və qalibi olub.

Bundan sonra holdinqlə Çadır-Lunqa şəhər Bələdiyyəsi arasında 49 illik lizinq sazişi imzalanıb. Bu sazişə əsasən, kompleksin yalnız tikintisi üçün şirkət ildə 20 min 470 dollar ödəməlidir.

Lakin sonradan səs çıxıb ki, bu sazişin bir maddəsinə görə, tikintinin 80 faizi başa çatdıqdan sonra «Ataholdinq» torpağın sahibinə çevrilə bilər.

Merin müavini Liubovi Zaharia deyir ki, yerli hakimiyyət nümayəndələri də daxil olmaqla yüzədək insanın qatıldığı iclasda «əhali» layihəni tam dəstəkləyib.

Əslində, belə bir iclasın keçirildiyini də isbat etmək mümkün deyil. Bu barədə yeganə əldə olan məlumat şuranın internet saytındakı xəbərdir.

Qaqauziya qubernatoru Mikhail Formuzal Heydər Əliyev İdman Kompleksinin çertyojlarını Baş nazir Vlad Filat-ə göstərir - 2011.

HÖKUMƏTİ VƏ XALQI ALDADIBLAR

Təhqiqatda deyilir ki, martın 4-də Dövlət Dəftərxanasının Qaqauziyanın paytaxtı Komratdakı ərazi idarəsi lizinq sazişinin qanunsuz akt kimi ləğv edilməsinə göstəriş verib.

Burada əsas irad bundan ibarət olub ki, parlament tərəfindən verilmiş icazə torpaqdan hər hansı özəl şirkətin deyil, ictimaiyyətin maraqları üçün istifadəni nəzərdə tutub.

Dövlət Dəftərxanasının Ərazi İdarəsinin rəisi Olga Cirma hesab edir ki, bu məsələdə hökuməti aldadıblar. Belə ki, Çadır-Lunqa bələdiyyəsi torpağın özəlləşdiriləcəyi və bu işdə «Ataholdinq»in marağı olacağı barədə məlumat verməyib.

Bununla belə, Çadır-Lunqa bələdiyyəsi göstərişi rədd edib və bundan sonra Dövlət Dəftərxanası məhkəməyə baş vurmalı olub. Dinləmələrə mayın 25-də başlanıb.

«ATAHOLDING» – ATANIN HOLDİNQİ

Qeydiyyat Palatasının sənədlərinə görə, «Ataholdinq» 2012-ci il mayın 7-də qeydiyyatdan keçib. Şirkətin yeganə təsisçisi olan «JSC Ataholdinq» 553 dollarlıq ilkin kapitalı ilə Azərbaycan vətəndaşı Zeynalov Teymur Ağababa oğlunun adına qeydiyyatdan keçirilib.

Öz növbəsində «JSC Ataholdinq» üç ofşor şirkətinin mülkiyyətidir. Onlardan biri – «Hughson Management Inc.» Panamada qeydiyyatdan keçib və səhmlərin 51 faizinə sahibdir. Panama Şirkətlərin Qeydiyyatı İdarəsinin sənədlərinə görə, «Hughson Management Inc.» 2006-cı il iyulun 12-də təsis edilib və prezident İlham Əliyevin qızları Leyla və Arzunun mülkiyyətidir.

12 MƏNZİLLİ EVİN 13-CÜ MƏNZİLİ

Müəlliflər yazırlar ki, şirkətin direktoru Teymur Zeynalov Qaqauziyadakı investisiya planları barədə şərh verməkdən boyun qaçırıb.

Lakin şirkətin Moldovadakı filialı «Ataholdinq MD»nin məsələsi daha dolaşıqdır.

Rəsmi sənədlər şirkətin Çadır-Lunqada, Lomonosov küçəsi 12, mənzil 13 ünvanı ilə qeydiyyata alındığı göstərir. Lakin bu ünvanda heç bir ofis yoxdur və bu, sadəcə balaca mənzillərdən ibarət yaşayış binasıdır. Üstəlik, bu binada cəmi 12 mənzil var ki, bu da mənzil 13-ün varlığını mümkünsüz edir.

Lakin rəsmi sənədlərə görə, bu binada 13-cü mənzil hər halda var, amma o, 13.7 kvadrat metrlik qeyri-yaşayış sahəsidir, sahibləri isə «Ataholdinq MD» yox, Liubov və Mikhail Fomuzallar-dır.

Təhqiqat müəllifləri bildirirlər ki, cənab Formuzal nə üçün Azərbaycan investoruna öz mənzilində qərargah verdiyi barədə suala aydınlıq gətirməyib.

Mikhail Formuzal

«TARİXİ» TİKİNTİ HƏLƏLİK DAYANDIRILIB

2011-ci ilin oktyabrında verdiyi bəyanatda Formuzal deyirdi ki, idman kompleksinin tikintisini Qaqauziyada yerləşən şirkətlər aparacaq.

Təhqiqat materiallarına görə, Qaqauziyanın bir neçə tikinti şirkətinin rəhbərləri isə qubernator Formuzal tərəfindən yaradılmış Vahid Qaqauziya Partiyasının üzvləridirlər.

Anti-korrupsiya eksperti Ianina Spinei deyir ki, bu işdə ən azı maraqlar toqquşması var.

«Birincisi, iki rəsmi – İlham Əliyev və Mihail Formuzal idman kompleksini tikəcək şirkət vasitəsilə bağlıdırlar və belə görünür ki, vəsait Azərbaycanın dövlət büdcəsindən gələcək. Bu iki şəxsin hər biri mənfəət əldə edə bilər. İkincisi, idman kompleksinin sahibi Çadır-Lunqa şəhəri yox, özəl şirkət olacaq. Moldova parlamenti yerli hakimiyyəti torpaq üçün 870 min dollar kompensasiya ödəməkdən azad edib, lakin bu, Azərbaycan şirkəti üçün edilməyib» – deyir Spinei.

Bütün hallarda nə qədər ki, torpaq barədə məhkəmə çəkişməsi gedir, kompleksin tikintisinə başlanmayacaq.

«Çadır-Lunqa sakini Marin məyus olub» - deyilir məqalədə. Buldozerlər ərazini tikinti üçün düzləyəndə o, arvadına deyibmiş ki, «biz tarixi bir hadisənin şahidi oluruq».

«Hərçənd, təəssüf ki, kompleks Çadır-Lunqa camaatının mülkiyyəti olmayacaq» – deyib Marin.

Lakin iş başlayan kimi də dayanıb.

Azərbaycan hökuməti informasiya əldə etmə azadlığı haqqında qanunları pozaraq təhqiqatın suallarını cavablandırmaqdan boyun qaçırıb.