Futbol üzrə 15-ci ölkə çempionatı başlayır

15-ci ölkə çempionatında 14 komanda çıxış edəcək

Avqustun 5-də futbol üzrə 15-ci Azərbaycan çempionatı başlayır. Bu arada Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) legionerlərlə bağlı qərar çıxarıb. Bu qərar nəylə bağlıdır və ona münasibət necədir?


Azərbaycanın futbol klublarında legionerlərlə – başqa ölkələrdən dəvət olunan futbolçularla bağlı məsələ neçə illərdir müzakirə olunur. Sonuncu dəfə AFFA-nın may ayında keçirilən konfransında da qərara alınmışdı ki, klub komandalarında əvvəlki kimi beş yox, üç legioner oynasa gərginlik aradan qalxacaq. Yəni legionerlərin sayı azaldıldı. Bu məsələyələ məşğul olmaq üçün AFFA-nın tərkibində bir komissiya da yaradıldı. Komissiyanın qərarı avqustun 3-ü axşam oldu. Sənədləri araşdırılan 30 legionerdən 16-na milliləşdirilmiş oyunçu statusu verildi. Qalan 14 nəfər isə yenə legioner sayılacaq.


Komissiyanın üzvlərindən olan AFFA-nın baş katibi Fuad Əsədov deyir ki, FİFA-nın qərarına uyğun olaraq Azərbaycanda yaşayan və ölkə vətəndaşlığını qəbul edən 16 futbolçunun milli komandada iştirakı məqsədəuyğun sayıldığından bundan sonra onlar legioner sayılmayacaqlar: «Bu günə qədər yığma komandanın tərkibində oynayan legioner futbolçuları legioner saymırıq. Yerdə qalanların sənədləri qanunauyğun olmalıdır. Komissiya milli yığma komandanın mənafeyinə uyğun qərar çıxarıb, lazım gəlsə, bu futbolçular yığmaya dəvət olunacaqlar».


Cənab Əsədov deyir ki, legionerlərin sayının azaldılması yerli futbolçuların inkişafı üçündür. Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev isə həmin 16 nəfərin böyük bir hissəsini yığmaya dəvət etmək fikrində deyil. Baş məşqçi onlardan cəmi birini – Sergey Sokolovu milli komandada görmək istəyir: «Qalanlarını yox. Onsuz da millini bu qərar çıxmamışdan formalaşdırmışam».


Cənab Diniyev yerli futbolçularla işləməyə üstünlük verdiyini deyir. Ondan fərqli olaraq «Xəzər-Lənkəran» komandasının baş məşqçisi Ağasəlim Mircavadov bildirir ki, AFFA-nın son qərarı futbolu inkişafdan qoyacaq: «Bu qərara çox mənfi yanaşıram. Bizim futbolçular zəifdir və onları inkişaf etdirmək üçün çoxlu maliyyə lazımdır. Ukrayna futbolunda 8 legionerə oynamaq imkanı verilir. Ukrayna futbolu görün necə inkişaf edir, bizimki necə...»


«Futbol+» qəzetinin şərhçisi Kənan Həsənov isə deyir ki, legionerlərə münasibət fərqli olsa da, təcrübə göstərir ki, kənardan gələn futbolçuların oyunu yerli oyunçulara təsirsiz ötüşmür: «UEFA kubokunda «Karvan» birinci mərhələni adlaya bildi. Çünki oyunçuların çoxu legioner idi. Heyətində yerli oyunçular olan «Bakı», «Qarabağ» isə məğlub oldu». Onu da deyək ki, bu dəfə 15-ci ölkə çempionatında 14 komanda çıxış edəcək.