«Görünür ki, içimizdə olan cinayətkarı vaxtında görə bilməmişik». Prezident İlham Əliyevi Lənkəran səfərində müşayiət edən Daxili İşlər naziri Ramil Usubov avqustun 11-də keçmiş polis əməkdaşı, polkovnik-leytenant bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilən Hacı Məmmədovun məhkəmə prosesində baş verənlərə münasibət bildirərkən belə deyib. Jurnalistlərin «Cənab nazirin öz əməkdaşının cinayət əməllərindən xəbəri olmayıbmı» sualına isə nazir belə cavab verib: «Bütün siqnal və ehtimallara reaksiya verilməlidir və verilib, araşdırmalar aparılıb. Bu cinayətlərin istintaqı birbaşa prokurorluqda gedirdi və bununla prokurorluq məşğul olurdu».
Cənab Usubov deyib ki, hər hansı bir polis əməkdaşına şübhə var idisə, yəqin ki, bu məsələ ilə bağlı tədbirlər həyata keçirilib. «Mən bu hadisə ilə bağlı öz fikrimi hələ hadisə ilk dəfə açılanda bildirmişəm, demişəm ki, bundan çox təəssüf hissi keçirirəm. Ancaq bu, o demək deyil ki, kimlərsə bu hadisəni əsas götürüb Azərbaycan polisini və onun rəhbərliyini ləkələsin».
Hacı Məmmədovun məhkəmədə ifadə verərkən «hələ azadlıqda yeddi akula var» bəyanatına münasibət bildirən nazir bildirib ki, indi məhkəmədə hərə bir söz deyir və hər deyilən sözə həqiqət kimi baxmaq olmaq: «Hərənin öz marağı var. Bir adam ki, öz yaxın dostunu, çörək yediyi adamları öldürüb, ondan nə desən gözləmək olar. Məsələyə bu dərəcədə ciddi reaksiya verməyə dəyməz».
Ramil Usubov bildirib ki, Daxili İşlər Nazirliyində on minlərlə insan fəaliyyət göstərir: «Nazir çalışır ki, bütün polis əməkdaşları qanuna hörmətlə yanaşsınlar və xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirsinlər, amma bu da sirr deyil ki, çoxminli kollektiv içərisində bəzən elələri də olur ki, cinayət də törədir, cinayətə meylli də olur».
Ancaq nazir hesab edir ki, əsas olan belə məsələlərə nazirliyin, rəhbərliyin münasibətidir. «Birmənalı surətdə nazir kimi mən də, nazirliyin kollegiyası da, rəhbər heyəti də belə hallara qarşı qəti barışmaz mübarizə aparmışıq və mübarizə aparmaq əzmindəyik. Təsadüfi deyil ki, ötən il biz Daxili Təhlükəsizlik İdarəsi yaratdıq, bu idarənin əsas məqsədi ondan ibarətdir ki, cinayət törətmiş əməkdaşların aşkar olunmasında nazirə kömək etsinlər ki, bu da edilir. Çoxlu əməkdaşları öz təşəbbüsümüzlə ifşa edib, prokurorluq orqanlarına vermişik, törətdiyi kütləvi cinayətlərə görə, DİN orqanlarından azad etmişik. Elə son 7-8 ayda neqativ əməllərə yol verdiyinə görə, 20 nəfərə qədər əməkdaş işdən kənarlaşdırılıb. Bu da bir daha onu göstərir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, sağlam, mənəviyyatlı, qanuni fəaliyyətə üstünlük verən əməkdaşlarının olmasını istəyir, belələri olmayanda isə, çərçivədən kənar çıxanlara qarşı birmənalı şəkildə mübarizə aparılır», - deyə o, fikrini yekunlaşdırıb.